"Musiqi dünyası" № 1 (78) 2019
Article №4; 8067 - 8078 pр.
Tariyel MƏMMƏDOV. Dədə Şəmşir: şəxsiyyət və ənənə
Text PDFSon illərdə etnomusiqişünaslıqda elmi özünüifadə janrlarının rəngarəngliyinin artdığını görürük. Klassik nümunələrlə - monoqrafik, tarixi-etnoqrafik, folklor-etnoloji, hermenevtik-autentik tədqiqatlarla, polifunksional narrativ tipli və ya onlara qarşı qoyulan fənnlərarsı səviyyədə krossmədəni sistemli-genetik elmi tutumlu nəşrlərlə yanaşı, quruluş tərzinə və detallaşma səviyyəsinə görə kifayət qədər rəngarəng olan, lakin ümumilikdə klassik akademik elmi nümayiş etdirən ciddi analitik mətnlərə nisbətən daha sərbəst olan fraqmentar tipli müxtəlif elmi düşüncələr daha artıq populyarlıq kəsb edir.
Oxucunun diqqətinə təqdim olunan mətn bütün vizual nəşr məkanını əhatə edir. Tezis şəklində sxematik ifadə olunmuş fikirlər – qeydlər başlığa çıxarılmış mövzunun tam əhatə olunmasına iddia etmir, yəqin ki, daha çox elmi düşüncə janrında əsərlərə yaxındır. Bunun nə qədər doğru olduğunu müəllifin deyil, oxucunun öhdəsinə buraxırıq.
Birinci tezis. Şəxsiyyət.
İnsan – biososial varlıq, əməyin, həyatın ictimai formasının, ünsiyyət və şüurun subyektidir.
Şəxsiyyət – özündə sosial-psixoloji xüsusiyyətləri inteqrasiya edən, öz ictimai əhəmiyyətli cəhətlərə və funksiyalara malik müəyyən sosial qrupun nümayəndəsinə çevrilən insandır. İnsan şəxsiyyət səviyyəsinə yalnız o zaman yüksəlir ki, müəyyən status əldə edərək, özü-özünü idarə etmək və öz maraqlarına və ehtiraslarına hakim ola bilmək qabiliyyətinə yiyələnir. İnsan, hər şeydən öncə, sosial-psixoloji bacarıqları: ağlı, iradə gücü, müşahidə qabiliyyəti, davranışı, ictimai vəziyyəti və bununla bağlı əxlaqi-estetik, ictimai mövqeyi, dünyagörüşü tələblərinin təsiri altında formalaşaraq şəxsiyyətə çevrilir.
Əlbəttə ki, folklorşünaslar, tarixçilər, filosoflar, etnoqraflar, etnomusiqişünaslar tərəfindən şəxsiyyətin tədqiq olunması tamamilə yeni süjetlərə aid etmək olmaz. Bu və ya digər fənnin tarixində (həm xarici, həm də yerli) şəxsiyyət probleminə baxışlarda bir neçə yüksəliş mərhələsini izləmək olar. Xalq dastançısının şəxsiyyətinə ciddi diqqət verilməsi rus və sovet folklorşünaslığının müəyyən xüsusiyyətini təşkil edir. Xarici etnologiyada və folklorşünaslıqda “insan-cəmiyyət” problemi ilə bağlı maraq əsas araşdırma sahəsinə daxildir. Yerli etnologiya, tarix, ədəbiyyatşünaslıq, folklorşünaslıq bu istiqamətdə əhəmiyyətli tədqiqatlarla təmsil olunur: S.Mümtaz, El şairləri: Bakı, 1927; Ə.Hümmət, El şairləri: Bakı, 193 ; Şirvanın qadın şairləri, Bakı, 1994; A.Nəbiyev, Azərbaycan xalq ədəbiyyatı, Bakı 2006; M.Qasımlı, Folklor və ədəbiyyat araşdırmaları,1 kitab, Bakı, 2017 və s.
XX əsrdə Azəərbaycanın ən görkəmli aşıqlarından və Göyçə dastançılıq sənəti məktəbinin parlaq nümayəndələrindən biri Dədə Şəmşir – Şəmşir Qurban oğlu Qocayevdir (1893-1980).
Aşıq Şəmşir ənənəvi istiqamətli şəxsiyyətdir. Dastançı aşığın yaradıcılığının formalaşmasına ekoloji və sosial mühit, fərdi-psixoloji və ictimai səciyyələndirmə (sorğular, emosiyalar, qavrama xüsusiyyətləri, sosial rol və statuslar), ənənənin obyektivləşdirilməsinin xüsusiyyətləri (dil əsası, üslub), ənənəvi məlumat konteksti və s. və əlbəttə ki, atası aşıq Qurbanın və dahi aşıq Ələsgərin rəhbərliyi altında keçirdiyi şagirdlik dövrü təsir etmişdir.
Təəssüf ki, mən bu hörmətli saz-söz ustadı ilə şəxsən tanış deyildim, lakin onu da deməliyəm ki, 1978-1984-cü illər ərzində folklor-etnoqrafik sahə işləri zamanı aşıq sənətinin bir çox görkəmli nümayəndələri ilə təmasda olaraq, aşıq havalarının toplanması, yazıya alınması və sistemləşdirilməsi üzərində uğurla işləmişdim. Bu aşıqlardan Hüseyn Saraclı (1916-1987), Əkbər Azaflı (1933-1990), Kamandar (1929-2000), Mahmud (1935), İmran (1928-2000) və başqa aşıqların, başqa sözlə, dastançı-ustadların adlarını çəkə bilərəm.
Yalnız xoşbəxt təsadüf nəticəsində Kəlbəcər şəhərinin tarix-diyarşünaslıq muzeyinin direktoru Şamil Əsgərov mənə Aşıq Şəmşirin şəxsi yazılarını təqdim etdi və bununla da mən öz şəxsi fonotekamı Dədə Şəmşirin hekayəti, sözü, oxuması və çalğısı ilə zənginləşdirdim.
Bu yazılardan istifadə edərək, mən ənənəvi aşıq havalarını bu görkəmli aşığın ifasından notlaşdırmağa nail oldum.
Bunların arasında “Ovşarı”, “Səməndəri”, “Dübeyti”, “Vaqif gözəlləməsi”, “Göyçəgülü” və “Bayramlı” havaları qeyd oluna bilər (Bax: Tariyel Məmmədov, “Azərbaycab klassik aşıq havaları”, Bakı, 2009).
İkinci tezis – Ənənə.
Ənənəvi musiqi mədəniyyəti, bilavasitə Azərbaycan xalq-professional aşıq yaradıcılığı nümunələrinin toplanması, yazıya alınması və qorunması metodikasının işlənilməsi daim aktual olan bir məsələdir. Ümumilikdə şifahi bədii mədəniyyət sahələrinə artan maraq, milli etnomusiqişünaslığın elmi apparatının təkmilləşməsi, çoxsaylı və əhəmiyyətli tədqiqatlar nəticəsində meydana gələn nəşrlər, təcrübədən yaranan elmi müddəalar bu problemin genişliyini və çoxcəhətliliyini qabarıq nümayiş etdirir.
Son yüzillikdə Azərbaycanda musiqi folklorunun janr rəngarəngliyini əks etdirən bir sıra not məcmuələri nəşr olunmuşdur. Xalqın mənəvi mədəniyyətini özündə əks etdirən bu sənədlər elmi tədqiqat və tədris prosesində mühüm əhəmiyyətə malikdir. Bununla belə, bədii irsinin bu səciyyəvi sahəsində “ağ ləkələr”, hələ araşdırılmamış cəhətlər qalmaqda davam edir. Bu da təbiidir, çünki musiqi folkloru onu doğuran və yaşadan mühitlə, onun yaranmasına və ənənələrin ötürülməsinə təkan verən şəraitlə sıx bağlı olub, özünəxas dinamik həyatını davam etdirir, insanların şüuruna və düşüncəsinə təsirini artıraraq, onların fəaliyyətini emosional cəhətdən zənginləşdirir.
Hər bir dövrdə müasir və gələcək nəsillər üçün böyük dəyərə malik olan qeyri-maddi mənəvi irsin, eləcə də musiqi folkloru mətnlərinin toplanması, yazıya alınması, saxlanılması və qorunması baxımından özünəməxsus tələblər irəli sürülür. Bütün bunlar elm sahələrinin metodoloji bazasının texniki təminatından, xalq müdrikliyinin, istedadının, yaradıcılıq təcrübəsinin qiymətli incilərinin öyrənilməsi ilə bağlı tədqiqatçılar tərəfindən irəli sürülən məsələlərin aktuallığından asılıdır. Buradan da önə çəkilən problemlərin ierarxiyası diqqəti cəlb edir. Bu problemlərə XXI əsrin başlanğıcından nəzər salınmalı, onların həll olunmasının zəruriliyi və fəal həyata keçirilməsi yolları bu günün tələblərinə cavab verməli, etnomusiqişünaslığın – Azərbaycanın müasir musiqi folklorşünaslığının mütərəqqi nailiyyətlərini və ümumilikdə dünya təcrübəsini özündə əks etdirməlidir.
Azərbaycan xalqının rəngarəng və zəngin mədəniyyət xəzinəsində nota yazılmış abidələr xalqın özünü dərketmə formalarından biri kimi diqqəti cəlb edir. Bu, etnik yaddaş, ənənəvi və müasir cəmiyyət üçün əbədiyyət mənbəyi, “ikinci həyat” modeli, qədim dövrlərdən bizə çatan, insan şüurundan asılı olmayan əlamətlərin məğzini açan bir mirasdir. Ümumiyyətlə, not yazıları irsi və bilavasitə Azərbaycan aşıqlarının yaradıcılığı ilə bağlı not nümunələri dövrlərin özünəməxsus əlaqəsi, tarixi qərinələrin dərinliyindən gələn şifahi ənənələrin yazılı təsviri, keçmiş və çağdaş mədəniyyətlərin dialoqu və qarşılıqlı təmasıdır, desək yanılmarıq. Beləki, bu əlaqənin bir cəhəti ənənəvi havaların təfsirçisi olan aşıqla bağlıdırsa, digər cəhəti onun təmsil etdiyi mədəniyyəti öyrənən tədqiqatçıya aiddir.
Yüzlərlə, minlərlə ifaçı nəfəsindən keçən aşıq havaları ən müxtəlif xarakterli, rəngarəng yozumlarda səslənir. Əlbəttə ki, onlardan hansısa birini əsas kimi götürərək, digərlərini nəzərdən salmaq düzgün deyil. Əksinə, aşağıdakı amilləri nəzərə alaraq, bu ifaçılıq təfsirlərini müqayisə etmək olar:
- aşığın şəxsiyyətindən asılı olaraq, havanın ənənəyə yaxınlıq dərəcəsinin müəyyənləşdirilməsi;
- ideya-bədii məzmunun daha dərin və parlaq təcəssümü;
- musiqili-poetik dilin bu və ya digər cəhətlərinin işlənilmə səviyyəsinin üzə çıxarılması bu qəbildəndir.
Bununla belə, variantların tükənməzliyi hər bir havanın ümumi yaradıcılıq prosesinin tərkib hissəsi kimi yaşamasına mane olmur.
Dədə Şəmşirin ifasında “Ovşarı” ənənəvi havası bu qəbildəndir:
Bəd övladı əzəl başından tanıram,
Çör-çöp yığar, yad ocağın yandırar.
Səhər durar ar-namusun gözləməz,
Suyu tökər, öz ocağın söndürər.Söyüd bar gətirsə, bağça, bağ olmaz.
Zibil təpə olsa, küllük dağ olmaz,
Ulğun cuşa gəlsə, köpük yağ olmaz,
Yel əsəndə alçaqlara yendirər.Abbas deyər bu sözləri sərindən,
Arxı vurun suyu gəlsin dərindən,
Söz bir olsa, dağ oynadar yerindən,
El bir olsa, zərbi kərən sındırar.Görkəmli saz-söz ustadı Aşıq Şəmşirin klassik ifasında “Ovşarı” ənənəvi aşıq havasına müraciət edərkən, nəzərə almaq lazımdır ki, müəyyən bir sistemin, dünya modelinin daşıyıcısı olan havaların notlaşdırılması, Qərbi Avropa not yazısında şifrələnməsi, bəzən onların təhrif olunmasına gətirib çıxarır. Şübhəsiz ki, bu qrafik kod səslənən havaların rəngarəng palitrasının bütün çalarlarını əks etdirməyə qadir deyil. Bununla belə, klassik aşıq havalarının qrafik fiksasiya olunmamış ifaçılıq üsulları xalqın ənənəvi mədəniyyətinin unikal fenomeninin obraz səciyyəsinə təsir etmir.
Beləliklə, notlaşdırılmış material heç bir halda dəyişilməz, not sətrində birdəfəlik donub qalmış yaradıcılıq sənədi deyil. Havanın hər bir yeni fiksasiyası yeni bir mətn əmələ gətirir və şifahi orijinalın adekvat qrafik təsviri kimi, mətnin dəqiq ifadəsi kimi qəbul oluna bilməz. Notlaşdırılmış klassik havalar çoxsaylı variantlarda öz həyatını davam etdirərək, öz ifaçılarının – aşıqların iştirakı ilə daim yeniləşən bir prosesə çevrilir.
Verilmiş not yazısında musiqi-poetik mətnin ayrılmaz tərkib hissəsi kimi, Azərbaycan dilində sözlərin tələffüzündə özünü göstərən dialekt formaları saxlanılmışdır. Folklor mənbələrinin nota yazılması təcrübəsində və nəşrlərdə xalq danışıq dili ilə bağlı düzəlişlərə çox təsadüf olunsa da, bizcə, bu, səslənən mətnə ziyan vuraraq, havaların bədii dilinin leksik, morfoloji, fonetik və məzmun sisteminə xələl gətirir. Not yazılarının rahat qavranılması üçün sistemdən kənar ünsürlər – nidalar, müraciətlər, sözlərin təkrarlanması, mətndaxili və xarici əlavələr, nəqəratlar kvadrat mötərizəyə alınmışdır. Havaların bəndləri rum rəqəmləri ilə göstərilir.
Aşıq havası tam şəkildə (öz real səslənməsində), bədii əsər, dinamik, emosional zənginlikdə, fərdi-müəllif əsəri kimi verilir. Dədə Şəmşir fenomeni də burada özünü göstərir.
Mənim şəxsi müşahidələrimə görə Dədə Şəmşirin böyüklüyünü aşağıdakı amillərlə (notlaşdırılmış havalardan istifadə edərək) təyin etmək olar:
1) Onun ifaçılıq prosesində yaratdığı hər bir dastan yenidən söylənilən bir hekayət olub, onun dastanın qollarına öz baxışlarını əks etdirir;
2) Onun dastan söyləmələri yüksək erudisiyası ilə, poetik rəngarəngliyi və fəlsəfi-ibrətamiz hekayət tərzi, hər bir epizodun məntiqi tamamlanması, yüksək ifaçılıq sənətkarlığı ilə fərqlənir;
3) Onun ifaçılıq ustalığının səciyyəvi cəhəti ritmik, qafiyələnmiş üsullarda və təsvir formalarından ibarətdir;
4) O, bütün Azərbaycan xalqının məhəbbətini qazanaraq, daim xalqın yaddaşında yaşayacaq;
5) Onun böyüklüyü müəllifin şəxsi dahiliyi ilə deyil, həm şifahi ötürülən irs, həm də kitab mədəniyyəti (ədəbi-poetik) sahəsində yaratdığı şedevrlərin təkrarolunmazlığı, vahidliyi ilə müəyyən olunur;
6) Onun vətənpərvərliyi, milli ruhun gücü və tərbiyəsi (onun Böyük Vətən Müharibəsi dövründəki, etnik şüurun, etnik identifikasiyanın və mentalitetin qorunması istiqamətində fəaliyyətini xatırlayaq) mühüm əhəmiyyətə malikdir.