"Musiqi dünyası" № 3 (80) 2019
Article №10; 8234 - 8242 pр.
Gulnaz İsmayılova. Fidan Qasımovanın yaradıcılığında azərbaycan bəstəkarlarının kamera-vokal əsərləri
Text PDFAzərbaycan və SSRİ xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenli, dünya şöhrətli vokalçı, professor Fidan Qasımova Azərbaycan opera sənəti tarixində özünəməxsus ifa tərzi ilə yaddaşlarda əbədi iz buraxan nadir istedad sahibidir. O, əfsanəvi sənəti ilə Azərbaycan vokal musiqisinə ölçüyə gəlməyəcək töhfələr vermiş, iştirakçısı olduğu bir çox beynəlxalq müsabiqələrdə böyük uğurlar qazanmışdır.
Akademik ifa mədəniyyəti, incə zövq, vokal ifaçılığının mürəkkəb nüanslarından geniş istifadə, ən çətin əsərləri boğaza güc vermədən rahatlıqla səsləndirmək bacarığı, əsərdəki yeni üslubu dərhal mənimsəyərək dolğun çatdırmaq kimi amillər Fidan Qasımovanın vokal ifaçılığının özünəməxsus keyfiyyətləridir.
Tək Azərbaycanda deyil, dünya miqyasında müğənninin nadir səs çalarını, səhnə mədəniyyətini, zahiri gözəlliyini, fitri istedadını, fərdiliyini vurğulayan mütəxəssislər F.Qasımovanın ifasından heyrətləndiklərini gizlətməmiş, xarici mətbuatda onun sənəti “Xəzər sahilindən olan möcüzə” kimi yüksək dəyərləndirilmişdir.
Bir-birindən nüfuzlu beynəlxalq müsabiqələrin qalibi olan Fidan Qasımova vokal musiqi sənətinin hər sahəsində - istər opera, istərsə də kamera ifaçılığında eyni dərəcədə sənətkarlıq nümayiş etdirmişdir. Səsinin zəngin vokal və texniki imkanları ona həm opera, həm də kamera müğənnisi kimi çıxış etməyi nəsib etmişdir. Opera sənətində onun yaratdığı unudulmaz obrazlar qalereyasında C.Verdi (“Riqoletto”, “Traviata”, “Aida”), C.Puççini (“Toska”, “Bohema”, “Turandot”, “Çio-Çio-San”), J.Bize (“Karmen”), P.Çaykovski (“Yevgeni Onegin”), Ş.Quno (“Faust”), Ü.Hacıbəyli (“Koroğlu”), F.Əmirov (“Sevil”) və digər bəstəkarların operaları ilə yanaşı, müğənninin zəngin repertuarında kamera-vokal əsərlər də özünə möhkəm yer alıb.
Hazırkı məqalədə biz başlıca istiqamət kimi Fidan Qasımovanın kamera-vokal yaradıcılığını əsas götürərək, onun ifaçılığında kiçik vokal formalara nəzər yetirməyi qarşımıza məqsəd qoymuşuq. Öz vokal yaradıcılığında opera partiyalarının əsrarəngiz ifası ilə vokal musiqi tariximizə layiqli töhfələr verən müğənninin Azərbaycan kamera-vokal musiqi ifaçılığının inkişafında da mühüm rolu olmuşdur. Ötən əsrin 70-ci illərindən bəri Azərbaycan bəstəkarlarının yaradıcılığında meydana çıxan bütün vokal əsərlərin ilk ifaçısı demək olar ki, məhz F.Qasımova olmuşdur. Fidan Qasımova Azərbaycan bəstəkarlarının kamera-vokal əsərlərinin ilk və bənzərsiz interpretasiyası ilə bu əsərlərin müvəffəqiyyətli təqdiminə nail olmuşdur.
Körpəlik çağından ailə dostları, o dövrün böyük sənətkarı maestro Niyazi və Tofiq Quliyevin yaradıcı mühitində böyüyən gənc Fidanın musiqiyə həvəsi tükənməz idi. Sənətə gəlişi maestro Niyazinin adı ilə bağlı olan bu gənc qız Bülbül adına orta ixtisas musiqi məktəbini bitirdikdən sonra Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuş, parlaq istedadı və zəhməti sayəsində eyni vaxtda iki ixtisas (skripka və vokal) üzrə təhsil almışdır. Lətif ifası ilə musiqi kəlməlırını dəqiq çatdıran nadir soprano sahibinin səs tembrini Niyazi “parıltılı tünd mirvari daş” ilə müqayisə edirdi.
Hələ iyirmi yaşında ikən gənc qız Maestronun təkidi ilə Konservatoriyanın 50 illik yubileyi münasibətilə keçirilən tədbirdə Asəf Zeynallının “Ölkəm” romansını elə uğurla ifa edir ki, səsinin əsrarəngiz ecazkarlığı ilə musiqisevərləri sözün həqiqi mənasında sehrləyir. Dinləyicilərin sürəkli alqışlarından şövqlənən Fidan yeni-yeni yaradıcılıq uğurlarına sürətlə doğru yüksəlirdi. Təsadüfi deyil ki, görkəmli bəstəkar Qara Qarayev sənət yoluna təzəcə qədəm qoymuş Fidanın səsini fleytanın incə səsinə bənzədirdi. Azərbaycan vokal sənətinin körpə fidanının ilk səhnə triumfları bax beləcə başlanır.
Məşhur operalardan ən çətin ariyaların ifaçısı olan Fidan eyni zamanda Qərbi Avropa, rus və Azərbaycan bəstəkarlarının kamera-vokal əsərlərini də ustalıqla ifa edirdi. Çox keçmir ki, o, A.Stradella, İ.S.Bax, G.F.Hendel, P.İ. Çaykovski, S.Raxmaninov, Ü.Hacıbəyli, Niyazi, Q.Qarayev, F.Əmirov, A.Məlikov və başqa müəlliflərin kamera-vokal əsərlərinin ifaçısı kimi tanınır. Ötən əsrin 70-80-ci illərində Fidan Qasımovanın parlaq ifası, səsinin geniş diapazonu artıq klassik musiqidən başlamış müasir dünya bəstəkarlarının əsərlərinədək geniş bir dövrü əhatə edirdi. XIV-XVIII əsr bəstəkarlarının ən gözəl sənət incilərini xüsusi məlahətlə səsləndirməklə ilahi gözəlliyi tərənnüm edən Fidan Qasımova ilə axı kim rəqabət apara bilərdi.
Azərbaycan opera sənətinin digər parlaq ulduzu, öz doğma bacısı Xuraman Qasımova ilə bərabər tədricən sənətin zirvələrinə yüksələn Fidan böyük zəhmətlə daim öz üzərində çalışır. Ulu Tanrının vergisi olan məlahətli səsindən və ilahi gözəlliyindən bacarıqla istifadə edən müğənni öz sənət yolunu düzgün müəyyənləşdirir. Diqqətlə, səbrlə bütün incəliyinə qədər işləmək onun əsas yaradıcılıq amilinə çevrilir.
Fidan Qasımovanın kamera ifaçılığında Azərbaycan vokal incilərindən ayrıca söz açmaq lazımdır. Vokal musiqi tariximizin gözəl səhifələrini təşkil edən “Puşkin mövzusu” müğənninin vokal musiqi yaradıcılığında geniş yayılmış mövzulardan biridir. XIX yüzillikdə rus bəstəkarları ölməz şairin yaradıcılığından faydalanaraq romansdan tutmuş operaya qədər bir çox janrlarda şah əsərlər yaratmışlar. Başlanğıcını M.İ.Qlinkadan alan ənənəni rus bəstəkarları ilə yanaşı, Azərbaycan bəstəkarları da bizim günlərədək yaşatmaqdadır.
Azərbaycan bəstəkarlarının vokal yaradıcılığında Puşkin mövzusuna aid Qara Qarayevin “Mən sizi sevirdim” və “Gürcüstan yüksəkliklərində”, Ağabacı Rzayevanın “Oxuma, gözəl”, Soltan Hacıbəyovun “Quşcığaz”, Ədilə Hüseynzadənin “Qızılgül”, İsmayıl Hacıbəyovun “İstək atəşi qan içində yanır” romanslarını və Fikrət Əmirovun tenor, bariton və orkestr üçün “Qış yolu” vokal poemasını sadalamaq olar. Bu əsərlər içərisində Fidan Qasımovanın repertuarında Qara Qarayev və İsmayıl Hacıbəyovun sənətkarlıqla yaratdığı “Musiqi puşkinianası”nı xüsusilə qeyd etmək lazımdır.
Azərbaycan vokal lirikasında sanballı yer tutan “Mən sizi sevirdim”, “Gürcüstan yüksəkliklərində”, “İstək atəşi qan içində yanır” romanslarını “musiqi puşkinianasının” - A.S.Puşkinin sözlərinə yazılmış böyük vokal toplunun inciləri saymaq olar. Təqdirəlayiqdir ki, ilk dəfə məhz Fidan Qasımovanın ifasında bu romanslar sənətə vəsiqə qazanmışlar. Müğənni adı qeyd olunan Azərbaycan bəstəkarlarının “puşkinyönlü” yaradıcılıq axtarışlarına maraqla yanaşmış, bizim bəstəkarlıq musiqimizin özəl cəhətlərini öz ifasında olduqca dolğun açıqlamışdır. Həm də qeyd edək ki, Qara Qarayevin iki romansı, eləcə də İsmayıl Hacıbəyovun “İstək atəşi qan içində yanır” romanslarının ilk ifaçısı Fidan Qasımova olmuşdur.
Q.Qarayevin özəl lirikası haqqında çox deyilib, danışılıb və yazılıb. Fidan Qasımova öz ifasında Qarayev lirikasını, musiqisinin lirik səmimiyyətini varlığından keçirərək canlandırmışdır. Puşkinin ölməz misralarının rus musiqi sənətində geniş işlənməsi və çoxmənalı yozulması azərbaycanlı vokal ifaçını nə qorxudur, nə də çəkindirir. Özü də onun ifasında bu romanslar orientalizmdən - yəni rus və Avropa bəstəkarlarının “şərqçiliyindən” tamamilə uzaqdır. Romanslar Qarayevin “yüksək” lirikasına aid olub, “orientalist-şərqçi” yozumlardan, hətta milli “bəzəklərdən” də uzaqdır.
Qarayevin yüksək duyğulu musiqisi qeyri-adi dərəcədə A.Puşkinin şeir duyğuları ilə eyniləşir. Daha doğrusu, rus şairinin klassik saf şeiri azərbaycanlı bəstəkarın musiqisində klassik saflıqla tam uyuşur. Fidan Qasımova öz nəcib ifası ilə Puşkin-Qarayevin ölməz iç duyğu dərinliklərini və onların gözəgörünməz mənəvi gücünü sanki işıqlandırır. Bununla yanaşı, müğənninin ifasında Q.Qarayevin romansları həm də monoloq ifadəliliyi və açıqlamalarının parlaq nümunələridir. Onlar sanki “birnəfəsə” səslənir və bununla musiqinin iç gəlişməsində “gərilmələr” yaranır.
İsmayıl Hacıbəyovun vokal yaradıcılığında görkəmli rus şairləri A.S.Puşkin və S.Yeseninin şeirlərinə bəstələnmiş iki romans bu janra aid Fidan Qasımovaya həsr olunmuş növbəti əsərlərdəndir. Bir vacib cəhəti də qeyd edək ki, hazırkı romanslarda müğənninin vokal və texniki imkanları bəstəkar tərəfindən tam mənada nəzərə alınmışdır.
XIX-XX əsrin rus romantik ədəbiyyatının görkəmli nümayəndələri A.S.Puşkin və S.Yesenin poeziyasına maraq göstərən İsmayıl Hacıbəyov bununla Azərbaycan vokal musiqisində öz başlanğıcını müəllimi Qara Qarayev yaradıcılığından götürən qeyri-milli mövzunu davam və inkişaf etdirmişdir.
A.S.Puşkinin “İstək atəşi qan içində yanır” şeiri rus vokal lirikasında dəfələrlə işlənməsinə, müxtəlif rus bəstəkarları tərəfindən çoxsaylı romans nümunələrinin yaranmasına baxmayaraq, İ.Hacıbəyovun söz açdığımız romansı bu mətnə yazılmış özündən əvvəlki heç bir romans ilə müqayisə oluna bilməz. Öz vokal əsərinin quruluşunda aydınlıq və həmahəngliyə üstünlük verən müəllif onun musiqisini təbii axarlı və həlimliklə “yoğrula bilən” təbii dövrələmələrdən quraşdırıb.
Məlumdur ki, İsmayıl Hacıbəyov həmin romansın ifası zamanı Fidan Qasımovadan bir vokal ifaçı kimi “brilliante”, “bravura” tərzli “con brio” ifa tələb edib. Bu vokal üsullar melodiyanın genişlənərək xüsusən kulminasiyaya doğru gedişatında (II oktavanın “gis” səsi) bütün zənginliyi ilə dolğun nəzərə çarpır. Sözsüz ki, İsmayıl Hacıbəyov vokal formaları çox gözəl duyurdu və əvvəldən sona qədər romansın bir janr kimi tələb etdiyi bütün qanunauyğunluqlarına (quruluş, məqam özülü, harmonik dili, ritm, faktura və s.) tam mənada riayət etmişdir.
Eyni fikir S.Yesenin şeirinə yazılmış “Mavi axşam çağı” romansına da aiddir. Yeri gəlmişkən, yuxarıda qeyd olunan romanslar kimi, bu vokal əsər də müğənniyə həsr olunmuş və onun tərəfindən ilk dəfə olaraq səsləndirilmişdir.
Hər iki romansda rus dilinin özəl söz tərkibi – leksikası, ifadəliliyini tam şəkildə duyaraq, onları nəzərə alan İsmayıl Hacıbəyov romansın vokal partiyasında və fortepiano müşayiətində XX əsr Avropa musiqisində geniş vüsət tapan yazı üslubundan bəhrələnilmişdir. Bu mənada Yeni Vyana məktəbinin nümayəndələri ilə (Şönberq, Berq, Vebern) anlam bağlılığı özünü göstərir. Məsələn, hüdudları kifayət qədər məhdud olan romansda olduqca cüzi, lakonik ifadə vasitələri ilə çox şeyin ifadə olunması əsl sənətkarlıqdır. Şeirin cəmi bir neçə sətrinə müraciət edərək romans bəstələyən müəllifin yaratdığı obrazlar aləminin zənginliyinin tam açılması Fidan Qasımova tərəfindən peşəkar bir şəkildə həyata keçirilmişdir.
Müğənni Azərbaycan bəstəkarlarının A.S.Puşkin və S.Yesenin poeziyası əsasında yazdığı romansları ilə Azərbaycan vokal musiqisinin məzmun və obraz dairəsini genişləndirmiş, onu yeni bədii tapıntılarla zənginləşdirmişdir.
Bu nümunələrlə yanaşı, görkəmli bəstəkar Arif Məlikovun türk şairi Nazim Hikmətin sözlərinə yazdığı iki vokal silsiləsinin, Sevda İbrahimovanın vokalizlərinin, eləcə də N.Rəfibəylinin şeirlərinə yazılmış romanslarının ilk ifaçısı da məhz Fidan Qasımova olmuşdur.
Arif Məlikovun N.Hikmətin şeirlərinə yazdığı birinci silsiləsinin (“Sən”, “Laylay”, “Təəssüratlar”, “Mən öz yarımı yuxumda gördüm”) ifasında Fidan Qasımova silsilənin baş qəhrəmanının daxili aləminin obrazlı təsvirinə tam nail olmuşdur. Arif Məlikovun ikinci vokal silsiləsinin (“Mavi gözlü pəhləvan”, “Mən yenə də dözülməz oldum...” “Bir ayaq saxlayın, mənə rəhm edin!”, “Yenə də sən”) vokal partiturasında hökm sürən ruh yüksəkliyi, təbiilik və şəffaflıq müğənninin ifasında akvarel boyaları kimi göz oxşayır.
Şair və bəstəkarı düşündürən yüksək insan amili - məhəbbət hissinin mahiyyətini, lirik-psixoloji düşüncələri Fidan Qasımova öz ifasında tam açmağa müvəffəq olmuşdur. Müğənni N.Hikmət - A.Məlikovun dramaturji fikrini bütün incəliklərinə qədər çatdıraraq, poetik mətninin dərin mənasını həm obrazlı-emosional cəhətdən, həm də gerçəkliyin lirik-psixoloji baxımdan yenidən mənalandırılması baxımdan ifadə etmişdir.
Fidan Qasımovanın ifasında adı yuxarıda qeyd olunan romanslardan hər biri Azərbaycan kamera vokal musiqi ifaçılığının əsl incisidir. Poeziya və musiqi müğənninin ifasında bir-birinə sıx qovuşub. Müğənninin ifa etdiyi vokal musiqi nümunələrinin janr müxtəlifliyi də göz qarşısındadır. Fidan Qasımova tək bu bəstəkarların yaradıcılığında mərhələ olmaqla yanaşı, müasir Azərbaycan kamera-vokal lirikasının zirvəsini təşkil edən nümunələrin ilk və bənzərsiz ifaçısı kimi vokal musiqi tarixinə adını həkk etdirmişdir.
Müğənninin müraciət etdiyi kamera-vokal musiqi nümunələrinin janr müxtəlifliyindən söz açarkən Azərbaycan xalq mahnılarına qədər geniş musiqi panoramı açılır. Körpəlik çağından Azərbaycan xalq mahnılarını sevə-sevə zümzümə edən müğənninin zəngin repertuarında Azərbaycan xalq mahnıları özünə möhkəm yer almışdır. Fidan Qasımova uzun illər boyu ustad-pianoçu Çingiz Sadıxovun müşayiəti ilə “Laçın”, “Qubanın ağ alması”, “Girdim yarın bağçasına”, “Evləri var xana-xana” və s. xalq mahnılarının özünəməxsus interpretasiyasını yaratmışdır.
Bu ecazkar pianoçunun müşayiəti altında geniş konsert proqramları ilə o, musiqisevərləri heyran qoymuşdur. Fidan Qasımovanın interpretasiyasında xalq mahnıları böyük ustalıqla, məharətlə ifa edilərək öz kamera ifası, yaratdığı musiqi obrazlarının füsunkar gözəlliyi ilə dinləyicilərə uzunmüddətli sevinc bəxş etmişdir.
Səhnədə bir-birini tamamlayan Fidan və Xuraman Qasımova bacılarının kamera-vokal ifaçılığı barədə isə ayrıca söz açmaq lazımdır. Azərbaycan Respublikasının xalq artisti, professor Xuraman Qasımova ilə birgə fəaliyyəti Fidan Qasımovanın yaradıcılığında ən yaddaqalan məqamlardandır. Onlar Azərbaycan və SSRİ xalq artisti, professor Fərhad Bədəlbəyli ilə bərabər illər boyu yaddaqalan konsert proqramları ilə çıxış etmişlər. Təsadüfi deyil ki, Fərhad Bədəlbəyli özünün məşhur “İki qadının duası” (“Ave Mariya”), xor, solist və simfonik orkestr üçün “ Anamız Azərbaycan” əsərlərini vokal sənətimizin bu sönməz ulduzlarına həsr etmişdir.
Azərbaycana beynəlxalq müsabiqə lauretı adını məhz Fidan Qasımova gətirib. O, vokal sənətinin beşiyi olan İtaliyada keçirilən Viotti Verçelli adına beynəlxalq müsabiqə laureatıdır (I yer, 1977-ci il). Fidan Qasımovanın Azərbaycan musiqi mədəniyyətimizin inkişafında böyük və tarixi rolu ən əsası odur ki, o, bizim vokal sənətimizi dünyaya tanıtdıran, onu dünya miqyasına çıxaran ilk ifaçıdır.
Öz sənətini böyük məhəbbətlə sevən Fidan Qasımova gözəl opera və kamera müğənnisi olmaqla bərabər, uzun illərdir ki, pedaqoji fəaliyyətlə məşğuldur. O, müəllimliyi səhnə fəaliyyəti ilə böyük məhəbbətlə uzlaşdırmağı bacarır. Bakı Musiqi Akademiyasının “Solo oxuma” kafedrasının professoru F.Qasımova istedadlı gənclərə xeyli vaxt sərf edir, yorulmadan yeni gənc vokalçılar nəslini yetişdirməklə məşğul olur. Onların arasında beynəlxalq müsabiqələrin diplomantları və laureatları az deyil. Yeri gəlmişkən qeyd edək ki, Fidan Qasımova Türkiyənin İstanbul Universitetinin Dövlət Konservatoriyasında 6 il professor vəzifəsində çalışan ilk azərbaycanlı qadın sənətkarımızdır.
Sonda bir məqamı qeyd etmək yerinə düşərdi. Səhnədə uğurlu addımlarından bəri mühüm dövlət tədbirlərində, ictimai əhəmiyyətli musiqi layihələrinin həyata keçirilməsində fəal iştirak edib yaddaqalan ifası ilə musiqi ictimaiyyətinin böyük rəğbətini qazanmış Fidan Qasımova üçün ən qiymətli mükafatı ona 2002-ci ildə Qasımova bacılarının yubiley tədbirində ümummilli lider Heydər Əliyev bildirmişdir: “Bizim zəngin mədəniyyətimiz qiymətli incilərə malikdir. Belə incilər çox azdır, əks təqdirdə onların qiymətini bilməzdilər. Onlardan ən qiymətliləri Fidan və Xuraman xanımdır!”. Ulu Öndər istedadlı bacıların səsini qızılla, ən qiymətli daşlarla müqayisə edərək onlardan da üstün tutmuşdur. Bülbül, Şövkət Məmmədova, Fatma Muxtarova, Firəngiz Əhmədova, Müslüm Maqomayev, Lütfiyar İmanovla yanaşı, bu gün zəngin tarixi olan Azərbaycan milli vokal sənəti Fidan və Xuraman Qasımovalar kimi müğənnilərimizin simasında ən yüksək zirvəsinə çatmışdır. Fəal yaradıcılıq sayəsində Fidan Qasımova Azərbaycanla yanaşı, dünyanın dörd guşəsində qastrol səfərləri ilə çıxış etmiş, böyük rəğbət qazanaraq, ölkəmizin vokal sənətini ləyaqətlə təbliğ etmişdir. 2015-ci ildə dünyanın ən nüfuzlu sayılan Kembric Universitetinin ensiklopediyasına Fidan Qasımovanın adı ən parlaq və ən məşhur, dünya musiqi mədəniyyətinin inkişafına xidmət edən musiqiçilərin siyahısına qızıl hərflərlə yazılmışdır. Fidan xanım bu ensiklopediyaya daxil olan ilk və yeganə Azərbaycan musiqi xadimidir.
Azərbaycan və dünya vokal musiqi sənətində ardıcıl və möhtəşəm uğurların sahibi, dünyaca tanınmış əsərlərin bənzərsiz interpretatoru, onlarca bəstəkarların həm irihəcmli, həm də kamera-instrumental əsərlərinə tükənməz istedadı ilə həyat verən müğənni, çoxsaylı solist, gənc vokalçılar və laureatlar nəsli yetişdirən Bakı Musiqi Akademiyasının “Solo oxuma” kafedrasının professoru, tələbkar və zəngin təcrübəli müəllim Fidan Qasımova uzun illərdir ki, öz bənzərsiz sənəti ilə pərəstişkarları sevindirməkdə davam edir. X
ƏDƏBİYYAT
1. Cudi R. Azərbaycan vokal məktəbinin görkəmli müğənnisi Xuraman Qasımova // “Musiqi dünyası”, №4 (45), 2010, s. 184-187.
2. Əkbərzadə Ş. “Koroğlu”nun Nigarıyla üzbəüz (Sənətkar özü və sənəti haqqında) // “Kommunist”, 10 yanvar 1990.
3. Анар. Две сестры – две звезды // “Musiqi dünyası”, №1, 2011, s. 34-36.
4. Дмитриев Л. Основы вокальной методики, М., 1968.
5. Исполнительское искусство зарубежных стран, в.1, М., 1962.
6. Корыхалова Н. Интерпретация музыки, Л., 1979.
7. Львов М. Из истории вокального искусства, М. 1964.
8. Назаренко И. Искусство пения, М., 1968