"Musiqi dünyası" № 1 (82) 2020

Article №2; 8349 - 8353 pр.
Rəna MƏMMƏDOVA. FİRƏNGİZ ƏLİZADƏ: MUSİQİYƏ BAĞLI SƏNƏTKAR
Text PDF

“Firəngiz Əlizadə, şübhəsiz, bizim dövrün lider bəstəkarlarından biri və Qərbdə müasir klassik musiqi sahəsində əhəmiyyətli müvəffəqiyyətlərə nail olan müsəlman dünyasının yeganə nümayəndəsidir”. Beynəlxalq Nəşriyyatın direktoru Doktor Hans Sikorskiyə məxsus olan bu fikirdə böyük həqiqət var.

Doğrudan da, Firəngiz Əlizadənin geniş və çoxaspektli yaradıcılıq fəaliyyəti təkcə bir məkana sığmır. O, müasir dünyada dərin münaqişə və ziddiyyətlərin hökm sürdüyü bir vaxtda Qərb və Şərq arasında musiqi körpüsü salan, öz əsərləri ilə sülhə və əminamanlığa çağıran, düşündürən nadir və təkrarolunmaz sənətkardır.

Firəngiz Əlizadə hamını öz ətrafında birləşdirməyi, yaradıcılığı ilə özünə cəlb etməyi bacaran şəxsiyyətdir.Təsadüfi deyil ki, onun əsərləri dünyanın müxtəlif ölkə və qitələrində ən məşhur musiqiçilər tərəfindən ifa edilir və müxtəlif musiqi kollektivlərinin repertuarına daxil edilməsi arzu olunur. Bu səbəbdən də bütün bəşəriyyətə, qlobal problemlərin şərhinə üstünlük verən sənətkarın əsərləri dünya musiqi ictimaiyyətində böyük rezonans doğurur və həmişə yüksək dəyər qazanır.

Firəngiz Əlizadə daima fəaliyyətdə olan sənətkardır. Hər zaman onun yeni əsəri, yeni uğuru, yeni layihəsi haqqında danışmağa, yeni söz deməyə imkan yaranır. Hamını öz fövqəlecaskar yaradıcılığı ilə maraqlandıran sənətkar haqqında müasir dünyanın ən məşhur və tanınmış musiqi xadimləri dəyərli fikirlər söyləyirlər. M.Rostropoviç, Q.Dubinski, D.Harrinqton, S.Qubaydulina, K.Qann və bir çoxları Firəngiz Əlizadənin bənzərsiz sənətini yüksək qiymətləndirərək, onun Azərbaycan, bütövlükdə isə Şərq musiqisinin dünya səviyyəsində tanınmasına böyük töhfə verdiyini göstərirlər.

Ölməz məlliminin, adını dəfələrlə böyük iftixar hissi ilə yad etdiyi Qara Qarayev məktəbinin ənənələrini layiqincə davam etdirərək Firəngiz Əlizadə müasir Azərbaycan musiqi mədəniyyətinin “qapılarını” dünyaya daha çox açan və bu yolda daima çalışan yorulmaz mübarizdir.

Firəngiz Əlizadə geniş yaradıcılıq fəaliyyətində yorulmadan çalışan, çalışdıqca da yeni zirvələrə cəhd edən cəsarətli sənətkardır. Şübhəsiz, əldə olunan hər bir zirvəyə doğru ucalan yol böyük zəhmət və məsuliyyət tələb edir. Məqalələrinin birində Firəngiz xanım çox dəyərli bir fikir söyləmişdir: “Mədəniyyət tarixində ancaq ən dahi adamların adı yaşayır. Bu adlar onların keçdiyi inkişaf yollarının qalxdığı zirvədir”. İnadla demək olar ki, Firəngiz xanımın adı da belə zirvələrdən biridir. O, qarşısına qoyduğu məqsədə - zirvəyə inamla irəliləməyi bacaran ustaddır.

Firəngiz Əlizadənin istənilən fəaliyyət sahəsini araşdırdıqda “ilk dəfə” kəlməsini işlətməyə ehtiyac yaranır. Belə ki, Firəngiz Əlizadə ilk dəfə olaraq:

- virtuoz piano ifaçısı kimi Azərbaycanda, hətta keçmiş SSRİ məkanında avanqard bəstəkarların (A.Şönberq, A.Berq, A.Vebern, C.Keyc) müasir əsərlərinin, o cümlədən, Azərbaycan, sovet və xarici ölkə bəstəkarlarının (C.Kramb, O.Messian, A.Şnitke, S.Qubaydulina, E.denisov, P.Vasks M.Quliyev, A.Dadaşov, F.Qarayev, R.Rüstəmzadə, O.Felzer v.b.) fortepiano əsərlərinin ilk ifaçısı olaraq tanınmışdır. Keçən əsrin 70-ci illərinin ikinci yarısından başlayaraq hazırladığı “İlk dəfə ifa olunur” silsilə konsert proqramı ilə çıxış etməsi musiqi həyatında geniş rezonans doğurmuşdur;

-Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyasında) “Müasir musiqi” və “Orkestr üslublarının tarixi” kurslarının tədrisini təşkil etmiş və bu kurslar üzrə ilk proqram və metodik vəsaitlər işləyib hazırlamışdır;

-Azərbaycan musiqi tarixində “Ağ atlı” rok-operasını yazmışdır;

- azərbaycanlı bəstəkar kimi əsərləri dünyanın müxtəlif ölkələrində ən mötəbər konsert salonlarında, ən qabaqcıl musiqi kollektivləri və ifaçıları tərəfindən rekord sayda səsləndirilmiş, ən məşhur nəşriyyatlarında çap edilmiş, səsyazma studiyalarında disklərə yazılmışdır;

-azərbaycanlı bəstəkar kimi dünyanın ən prestijli mükafatlarına layiq görülmüşdür. Təkcə bir faktı qeyd etmək istərdim - 2019-cu ildə “Aga Khan Foundation” Beynəlxalq fondunun ilk dəfə olaraq musiqi sahəsində təsis etdiyi “Aga Khan Music Award” mükafatının ilk laureatı kimi “Nəsimi passion” vokal-simfonik əsərinə görə Firəngiz Əlizadənin seçilməsi həm Azərbaycanın, həm də bütövlükdə dünya musiqi mədəni həyatında olduqca əlamətdar hadisəyə çevrilmişdir;

- Türkiyədə opera və balet teatrlarının açılışı azərbaycanlı bəstəkar olaraq onun əsərləri ilə baş tutmuşdur;

-Azərbaycan incəsənət xadimi kimi Kembric Universitetinin Bioqrafik mərkəzinin nəşri olan “XXI əsrin intellektualları” siyahısına daxil edilmişdir;

-Azərbaycanın təmsilçisi kimi YUNESKO xətti üzrə “Sülh Artisti” adına layiq görülmüşdür;

-Azərbaycanda və bütün postsovet məkanında Yaradıcılıq İttifaqına seçilən ilk qadın sənətkardır;

-qadın bəstəkar kimi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir;

-çoxsaylı layihələrin həyata keçməsində yaxından iştirak edən, bilavasitə bədii rəhbəri olan ictimai xadimdir və s.

Beləcə “ilk dəfə” siyahısını çox uzatmaq olar. Onun müxtəlif ölkələrdə oxuduğu mühazirələr, ustad dərsləri, müxtəlif sifarişlər üzərində yeni –yeni layihələrin yerinə yetirilməsi Firəngiz Əlizadənin yaratmaq ideyasının tükənmədiyindən və hər zaman da lider olmasından xəbər verir.

Bəstəkarın dünya şöhrəti qazanmış musiqi əsərləri haqqında mütəxəssislər müxtəlif araşdırmalar aparmış və onların musiqi dilinə, üslub xüsusiyyətlərinə, yeniliklərinə dair layiqli fikirlər söyləmişlər. Lakin Firəngiz Əlizadənin özünün bir musiqişünas kimi apardığı tədqiqatlar və yazdığı məqalələr də bəstələdiyi musiqi qədər yüksək elmi –bədii dəyərə malikdir.

Mədəni həyatda baş verən bütün əlamətdar hadisələrə laqeyd qalmadığını o bir musiqişünas nöqteyi-nəzərindən öz məqalə və çıxışlarında fərdi, özünəməxsus şəkildə bildirir. Onu maraqlandıran və diqqətini cəlb edən, narahat edən və düşündürən problemlər dairəsi həm genişdir, həm də aktuallığına və zəruriliyinə, həqiqiliyinə və səmimiliyinə görə qiymətlidir.

Yazdığı hər bir cümlədə və sətirdə sənətkarın dərin düşüncəsi və mükəmməl elmi biliyi, intellekti, həssas duyumu və yüksək zövqü qovuşaraq orijinal söz demək bacarığını da nümayiş etdirir.

XX əsrin 70-ci illərindən başlayaraq Firəngiz Əlizadənin cari mətbuat səhifələrində bir-birindən maraqlı məqalələrlə çıxış etməsi Azərbaycan musiqi tənqidi fikrinə yeni nəfəs gətirdi. Bu yazılarda müəllif Azərbaycan musiqisinin korifeylərinin portretlərinə “vurduğu” zərif naxışlarla parlaq, yeni təravət qatırdı. Məsələn, “Bizim müasirimiz – Qara Qarayev” (1978), “Yalnız Səninlə. Emin Mahmudov” (1981), “Fikrət Əmirovun 60 illiyinə” (1982), “Musiqinin mənbəyində. Ü.Hacıbəyovun 100 illiyinə” ( 1985), “İstedadın çoxcəhətliliyi. Ü.Hacıbəyovun 100 illiyinə” (1985), “Bəstəkar, pedaqoq, vətəndaş. M.Maqomayevin 100 illiyinə” (1986), “Oktyabrın yaşıdı. C.Hacıyevin 70 illiyinə” (1987), Nazim Rzayevə həsr edilmiş “Dirijorun portretinə ştrixlər” (1986), dirijor Rauf Abdullayevə həsr olunan “İstedad və inam” (1988), M.Rostropoviçin xatirəsinə “Zəmanənin dahi musiqiçisi” (2007), “Müəllim haqqında xatirələr” (2007) və s.

Korifey sənətkarlarla yanaşı, Firəngiz Əlizadənin məqalələrində gənc musiqiçilərin də yaradıcılığını diqqətlə izlədiyini görürük. O, yazılarında gənc istedadların əldə etdiyi uğurlara birlikdə sevinir və gələcəkdə onlara daha yüksək nailiyyətlər qazanmalarını diləyir. Məsələn, Fidan Qasımova haqqında “Müğənninin portreti” (1978), “Gənclərin yaradıcılığı:Fidan Qasımova” (1981), Fidan və Xuraman Qasımovaların uğurlarından bəhs edən “İkili portret” (1984), “Cahangir Qarayevin labirintləri” (1981), Əzizə Mustafazadəyə həsr etdiyi “İlk portret” (1985) bu qəbildəndir.

Bakının musiqi həyatında baş verən mədəni hadisələr, əlamətdar konsertlər də Firəngiz Əlizadənin diqqətindən yayınmır. Məsələn, “Bakı səhnəsində “Bohema” məqaləsində (1978) o, italyan operasının şedevrlərindən olan C.Puççininin bu əsərinin Opera və Balet teatrının səhnəsində qoyulmasını sevindirici hal kimi qiymətləndirir. Yaxud, “Ümidləri doğruldan Festival” məqaləsində (1983) Bakıda Birinci Caz musiqisi Festivalının yekunları haqda xoş təəssüratlarını bölüşür. “Görüş sevinci” məqaləsində isə (1985) dünya şöhrətli müğənni Müslüm Maqomayevin yeni konsert proqramını və müğənninin estrada ifaçılıq məziyyətlərini xarakterizə edir.

Məqalələri oxuduqca müəllifin müraciət etdiyi hər bir mövzuya dərindən yiyələndiyinin, geniş erudisiyasının, iti təfəkkürünün şahidi oluruq. Bu yazıların mükəmməl elmi bazaya istinad edən çox qüdrətli qələm sahibi, sözünü dürüst, bəzən də kəskin və sərt şəkildə deyə bilən cəsarətli musiqi tənqidçisi tərəfindən yazıldığı özünü aydın göstərir.

Azərbaycanın görkəmli musiqi xadimləri haqqında çox sayda yazdığı məqalələrlə bərabər, Firəngiz Əlizadə musiqi elminin aktual problemlərinin işıqlandırılmasına da çalışmışdır. Onun həmin dövrdə çox məşhur Moskva nəşrlərindən biri olan “Sovet musiqisi” jurnalında çap edilən “Üçüncü dalğaya inanıram” (1987, iyul) məqaləsində Azərbaycan simfonik musiqisinin təşəkkülü, inkişafı və perspektivləri ətrafında apardığı mülahizələri geniş diskussiyalara səbəb olmuşdur. Firəngiz Əlizadənin simfonik musiqinin tədqiqi istiqamətində mükəməl elmi araşdırması “Azərbaycan simfonik musiqisi” monoqrafiyasıdır. Bu tədqiqat işində Firəngiz Əlizadə ilk dəfə olaraq dünya simfonik musiqisinə böyük töfhə verən Q.Qarayev və F.Əmirovun simfonik əsərlərinin orkestr üslubunu araşdıraraq onların özünəməxsusluğunu və fərdi cəhətlərini aşkarlamışdır.

Firənfiz Əlizadə çalışdığı bütün yaradıcılıq sahələrində - istər bəstəkarlıq, istər ifaçılıq, istər pedaqoji, istər elmi, istərsə də ictimai və maarifləndirici fəaliyyətində hər zaman yüksək peşəkarlıq nümayiş etdirir. Bütün bu yaradıcılıq istiqamətlərində onun istedadının eyni dərəcədə təzahür etməsi Firəngiz Əlizadə fenomeninin unikallığından danışmağa əsas verir. Bununla bağlı Firəngiz Əlizadənin Vaqif Mustafazadə haqqında dediyi sözləri yada salmaq istərdim: “Gələcək – istedadındır, zaman daima onun üçün işləyir”. Bəli, zaman sənətdə yeni yol açan, ömrünü sənətə həsr edən fədaini ucaldır, əbədi olaraq tarixə qovuşdurur. Firəngiz Əlizadə fenomeni də zamanın və istedadın ucaltdığı zirvədir .