"Musiqi dünyası" № 2 (83) 2020

Article №7; 8449 - 8456 pр.
Sevinc ƏLƏSGƏROVA. İNCƏSƏNƏTİN MƏNƏVİ MƏZMUNU: MİLLİLİK VƏ ÜMUMBƏŞƏRİLİYİN NİSBƏTİ
Text PDF

Giriş. Dünya mədəniyyətinin hazırkı inkişaf mərhələsi insan fəaliyyətinin bütün sahələrində əsaslı dəyişikliklərlə səciyyələnir. İctimai həyatın mahiyyətini müəyyən edən maddi-iqtisadi, sosial-siyasi münasibətlərlə yanaşı mənəvi münasibətlər sistemində də köklü proseslər gedir. Lakin bu dəyişikliklər birmənalı qiymətləndirilmir, onların pozitiv-müsbət meyl və nəticələrinin təqdiri ilə yanaşı neqativ-mənfi fəsadlarına da diqqət yetirilir, hər iki meylin tərəfdarları arasında gedən mübarizə dövrümüzün ümumi məzmununa ciddi təsir göstərir, istər-istənməz nəzərə alınması lazım gəlir. Bu iki meyl anlayış tərtibatını da alıb—qloballaşma antiqloballaşma. Həmin terminlər müasir leksikona əsaslı surətdə daxil olub. İstər elmi ədəbiyyatda, istərsə də adi şüur səviyyəsində bu proseslərə fəal cavab verilir, bəşər mədəniyyətinin aparıcı qollarından biri olmaq funksiyasını hələ də saxlayan incəsənət də bu prosesdən kənarda qalmır.

Mənəvi mədəniyyətdə dəyərlər sistemi. Mənəvi mədəniyyət və ictimai şüurun bir sahəsi olmaqla incəsənət üstqurum hadisəsidir, çox güclü nisbi müstəqilliyinə baxmayaraq, o da cəmiyyət həyatında onun ictimai varlığında baş verən fundamental dəyişikliklərin təsirini öz üzərində hiss edir, zamanın çağırışlarına cavab verməyə, ilk xalq şairimiz Səməd Burğunun çoxmənalı ifadəsi ilə desək, “dəstədən geridə qalmamağa” çalışır, öz məzmun və formasında zəruri “təshihlər” edir. Həm də bədii yaradıcılığın bir növ “könüllülüyünə”, sənətkar azadlığının haqlı-haqsız mütləqləşdirilməsinə baxmayaraq, incəsənətin zamanla bu cür ayaqlaşması məcburi gedişdir, “Molla Nəsrəddini” ərsəyə gətirən klassik sənətkarımız Cəlil Məmmədquluzadə demiş, “deyib gəldiyi” oxucu-dinləyici-tamaşaçı kütləsini itirməmək qayğısı ilə birbaşa bağlıdır, estetik funksiyası ilə yanaşı öz üzərinə götürdüyü idraki-tərbiyəvi vəzifəsindən irəli gəlir.

Qeyd edək ki, cəmiyyətin ümumi tərəqqisinə mənəvi mədəniyyətin, o cümlədən ictimai-fəlsəfi və bədii-estetik fikrin güclü təsiri imkanına həm dünya, həm də Azərbaycan ictimai fikir tarixində həmişə lazımi diqqət yetirilmişdir. XX əsrin əvvəlinin görkəmli ictimai-siyasi xadimlərindən biri, böyük maarifçi Əhmədbəy Ağaoğluna görə, “Almaniyanı Kantın imperativ kateqoriyaları ilə Şellinq və Hegelin fəlsəfi nəzəriyyələri vücuda gətirdi. Rusiyada “tolstoyizm” adı ilə məmləkətin hər tərəfinə yayılmış bir məzhəb vardır. Bugünkü bolşevizm cərəyanının fikri cəhətləri bir alman mütəfəkkiri Karl Marksın beynindən çıxmışdır” [1, s.114].

Bu baxışı davam etdirib göstərə bilərik ki, müasir elmi fikrimizin nümayəndələri də mənəvi mədəniyyətin belə “yaradıcı” funksiyasına müstəsna əhəmiyyət verirlər. Məsələn, prof. Ə. Abbasov yazır: “Fəlsəfə, sadəcə olaraq, “millət” fenomen-məfhumunun nə olduğunu, hansı praktiki və nəzəri əhəmiyyət daşıdığını, mütərəqqi inkişafda, sivilizasion gedişatda xüsusi rol oynadığını anladıb-öyrətməklə kifayətlənmir, o, millətin özünü yaradır” (kursiv bizimdir: S.Ə.) [2, s. 6].

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev güclü şəxsiyyətin böyük ideoloji təsir imkanına malik olduğuna işarə edərək deyir ki, «tarixdə kiçik bir qrupun, hətta bircə adamın bütöv bir xalqın vahid dünya duyumunu formalaşdırdığı hallara dair çoxsaylı misallar vardır» [3, s.222].

Lakin bununla biz ictimai ideologiya və incəsənətin müasir inkişaf meyllərinin yalnız bir cəhətinə, yəni cəmiyyətin ictimai varlığı ilə bağlılığına, daha doğrusu, həm ondan asılılığına, həm də fəal təsir göstərmək imkanına işarə etmiş oluruq. Əsas məsələ isə bunun bədii yaradıcılığa təsirinin, habelə incəsənətin ona əkstəsir dərəcəsini müəyyənləşdirməkdir. Həm də belə araşdırmamız incəsənət faktının, yəni bədii əsərin həm ideya-məzmununu, həm də bədii formasını əhatə etməlidir. Mənəvi dəyərlər baxımından bir qədər də dərinə varıb bəşəriyyətin bədii mədəniyyətinin uzun təcrübəsinə istinad etsək aydın görərik ki, bu problem bütün tarixi dövrlərdə millilik və bəşəriliyin nisbəti formasında fəlsəfi-estetik məna kəsb etmişdir.

İncəsənətdə ümumbəşəri məzmun. XY əsr Avropasının məşhur Niderland Renessansı boyakarlıq məktəbinin nümayəndələri, yaxud XIX əsr fransız realist bədii ədəbiyyatının öncülləri Stendal və O. Balzakdan başlayaraq Avropa realist incəsənəti həyati gerçəkliyin bədii təsvirini özünün kredosuna çevirməklə, cəmiyyətin ictimai varlığına yaxından bağlanmış, onunla ayaqlaşmaqla yanaşı inkişafına təsir göstərməyə, mənəvi təkmilləşməsində vasitə olmağa salışmışdır. Təsadüfi deyil ki, Azərbaycan maarifçiləri də incəsənətin sosial-dəyişdirici roluna müstəsna əhəmiyyət verərək, klassik ədəbiyyatımıza bu baxımdan çox sərt mövqedən yanaşmışlar. Bir qədər əvvəl istinad etdiyimiz Ə. Ağaoğlunun nəzəri: “Bizim əski ədəbiyyatda həyata aid böyük bir şey tapa bilməzsiniz. Zatən bilavasitə həyatı mövzu olaraq seçən, hekayə, roman, tragediya, komediya və sair kimi ədəbi şəkillər o dövr ədəbiyyatımıza, demək olar, tamamən yabançıdır. Hakim olan şəkillər qəsidə, həcv və qəzəldir. Doğrudur, ta əski fars üdəbasından bəri “Xosrov və Şirin”, “Fərhad və Şirin”, “Leyli və Məcnun”, “İsgəndərnamə” kimi bəzi romantik əsərlər mövcuddur. Fəqət bunların adları belə həyatdan çox uzaq olduqlarını göstərir” [1, 116].

Bununla belə, qeyd edək ki, M.P. Vaqif, Q.B. Zakir, M.F. Axundzadədən başlayıb, XX əsrin əvvəllərində C. Məmmədquluzadə və ətrafına topladığı mollanəsrəddinçilər, yəni Ö.F. Nemanzadə, M.Ə. Sabir, Ə. Haqverdiyev, Ə. Nəzmi, Ə. Qəmküsar, M.S. Ordubadi, M. Möcüz və b. şair, yazıçı və jurnalistlər, O. Şmerlinq, İ. Rotter, Ə. Əzimzadə kimi rəssamlar və başqaları öz yaradıcılıqlarında xalq həyatının dərin qatlarına nüfuz etməklə, milli həyat tərzimizin eybəcərliklərini aşkara çıxarıb inkar etmiş, daha çox bəşəri ideallara köklənən mənəvi-estetik dəyərlərin təsdiqinə yol açmağa çalışmışlar. Sovet dövrünün ideoloji totalitarlığına baxmayaraq, həyati gerçəkliyi, milli xarakterimizi kifayət qədər dolğun əks etdirən bədii əsərlərin də az olmadığını qeyd etməliyik. Səməd Vurğunun “Komsomol poemasın”da Gəray bəy, İsmayıl Şıxlının “Dəli Kür” romanında Cahandar ağa, Fərman Kərimzadənin “Qarlı aşırım” romanında və onun əsasında çəkilmiş “Axırıncı aşırım” filmində Kərbəlayi İsmayıl obrazları məhz Azərbaycan milli xarakterinin daşıyıcılarıdır. Həm də bu bədii obrazlar elə bir zaman kəsiyində yaradılmışdır ki, hakim ideologiya vahid sovet məkanında yaradılan incəsənəti “məzmunca sosialist, formaca milli” elan etdiyi mədəniyyətin mühüm tərkib elementi kimi qiymətləndirirdi.

Burada mədəniyyətin, o cümlədən incəsənətin bədii məzmununun millilikdən kənar edilməsi özündən daha vacib ideoloji əhəmiyyət daşıyan “vahid sovet xalqı” strategiyasının gerçəkləşməsinə xidmət etməli idi. Maraqlıdır ki, Sov.İKP-nin XXII qurultayının qəbul etdiyi yeni Proqramda da göstərilməsinə, yəni rəsmi doktrinaya çevrilməsinə baxmayaraq, estetiklər, ilk növbədə milli mədəniyyət nümayəndələri həmin tezisə fəal etiraz etdilər. Məsələn, G. Lomidze “Vəhdət və müxtəliflik. Sovet ədəbiyyatının milli spesifikliyi məsələləri” əsərində belə bir qəti mövqedən çıxış edir ki, millilik heç də bədii ədəbiyyatın yalnız formasına aid olmayıb, bədii əsərin mahiyyətini, daxili quruluşunu müəyyən edir [4]. M. Nurmatov “İncəsənətdə milli forma haqqında” polemik məqaləsində Şərqin görkəmli yazıçılarının, o cümlədən özbək ədəbiyyatı klassiklərinin öz əsərlərində mənsub olduqları xalqın zəngin həyatını, ideallarını, düşüncə və arzularını təsvir etdiklərini göstərərək [5, s. 111], belə bir qəti hökm verir: “Millətlərin və xalqların müasir incəsənətində millilikdən kənar bədii forma və bədiilikdən kənar milli forma yoxdur” [5, s. 110]. M. Nurmatova görə, “incəsənətdə öz məzmunu ilə dialektik vəhdətdə olan milli forma estetik idrakın, insanın gerçəkliyə estetik münasibətinin bir pilləsi kimi xidmət göstərmiş və göstərməkdədir” [5, s.114].

Bədii əsərin sərvət tutumunu müəyyənləşdirərkən ilk növbədə onun estetik idealının, bədii obrazların məna yükünün humanistlik dərəcəsini, Həqiqət, Xeyir və Gözəllik ideallarına nə dərəcədə xidmət etdiyini yəqin etməyə çalışırıq. Bu istiqamətdə araşdırmalar bizi bir-biri ilə dialektik vəhdətdə olan milliliklə bəşəriliyin qarşılıqlı nisbəti probleminə gətirib çıxarır. Bunu isə ilk növbədə sənət əsərinin mənəvi məzmununda, xüsusən də onun estetik idealında axtarmağımız lazım gəlir.

Bədii əsərin məzmununda qloballıq-bəşəriliyin digər mühüm təzahür sahəsi ən çox ədəbiyyatşünaslıqda “səyyar mövzular” kimi tanınan bədii süjetlərdir. Dünya xalqlarının mənəvi mədəniyyət tarixində layiqli yer tutan görkəmli sənətkarların yaradıcılığında belə problem-mövzulara az rast gəlmirik. Hesab edirik, bu cür mövzuların digər xalqlar üçün də doğma mənəvi sərvət əhəmiyyəti kəsb etməsi onların dərin ümumbəşəri ideallara söykənməsidir. Öz milli incəsənət tariximizdə, xüsusən klassik bədii ədəbiyyatımızın mövzu mündərəcəsində eyni mövzulara belə müraciətlər çoxdur. Bunların arasında mənəvi cəhətdən daha sıx bağlı olduğumuz Şərq aləmi də, qarşılıqlı əlaqələrimizin genişlənməsi nəticəsində getdikcə dərinləşən Qərb mədəniyyəti də var. Prof. S. Xəlilov “Fəlsəfə: tarix və müasirlik (Fəlsəfi komparativistika)” kitabının ““Faust” və “İblis”” adlandırdığı bölməsinə Milli Öndər Heydər Əliyevin “Hüseyn Cavidin “İblis”i heç də Götenin “Faust”undan geri qalmır. Ancaq biz belə inciləri lazımi qədər qiymətləndirə bilmirik” sözlərini epiqraf gətirərək yazır: “H. Cavidin “İblis” pyesi dünya ədəbiyyatında əsrlərdən bəri davam edən İnsan-İblis dialoqunun, mübarizəsinin yeni, parlaq, yüksək bir səhifəsidir” [6, s. 274].

Elə buna görə Milli Öndər mədəni-tarixi varisliyin qırılmasını, milli-mədəni dəyərlərin pozulmasını xalqımıza qarşı bağışlanılmaz xəyanət adlandırmışdır [7]. Halbuki təkcə dəyərli estetik sərvətlərin yaradılması deyil, onların layiqli səviyyədə dəyərləndirilməsi də elmi-nəzəri fikrimizin mühüm qayğılarından olmalıdır. Çünki, akademik R. Mehdiyevin göstərdiyi kimi, «çox mühüm ictimai tribuna, mənəvi ferment və milli şüurun yaradıcı katalizatoru olan bədii ədəbiyyat cəmiyyətdə xüsusi yer tutur» [8, s. 31]. Elə milli incəsənətimizin digər növləri də.

Zəmanəmizin səciyyəvi əlamətlərindən bəhs edən müəlliflər son onilliklər ərzində dünyamızın güclü dəyişikliklərə uğradığına diqqəti cəlb edərək, onun mahiyyətini daha dərindən dərk etməyə çağırırlar. Prof. Ə. Abasovun verdiyi qiymət: “Müasir dünya ölkələrinin əksəriyyətinin qarşılaşdığı təhdidlər unikaldır, onlar yeni dünyəvi fenomen—qloballaşma prosesinin (kursiv--bizimdir ) hər şeyi əhatə edən pressinqi altında formalaşır. Bəşəriyyət nəticələrini hələlik öncədən söyləmək çətin olan qloballaşma epoxasına qədəm qoymuşdur, lakin aydındır ki, dünya insanların bir nəslinin həyatı ərzində əhəmiyyətli dərəcədə daha qarşılıqlı əlaqəli və vahid olmuş və sürətlə unifikasiyalaşmağa davam edir; ümumbəşəri dəyərlərin mürəkkəb, ziddiyyətli və xeyli dərəcədə kortəbii formalaşma prosesi start götürmüşdür” [9, s. 27-28]. Həm də müəllif narahatlıqla qeyd edir ki, “maddi rifahın artan əhəmiyyətə malik olduğu dəyərlər sistemində insanın mənəvi tələbatlarının azalma təmayülləri aşkar görsənir” [9, s. 28].

Hesab edirik, qloballaşmaya spontal-kortəbii və ya təşkilatlanmış-sistemli müqavimət gətirdiyimiz iqtibasda qeyd olunan “pressinqlə”, yəni hərtərəfli qloballaşmanın yalnız maddi-siyasi deyil, mənəvi təzyiqi ilə də bağlıdır. Bu məsələnin, hesab edirik, bədii yaradıcılığın bütün tarixi dövrlərində həmişə aktual olan çox mühüm estetik qanunauyğunluq baxımından həll edilməsi həm nəzəri cəhətdən daha məntiqli olar, həm də konkret praktiki əhəmiyyət kəsb edər. Həmin qanunauyğunluq incəsənətdə ənənə və innovasiyanın qarşılıqlı nisbəti məsələsidir. Ümumfəlsəfi anlayışlardan istifadə etsək, bu, bədii yaradıcılıqda varislik və tərəqqinin, mühafizəkarlıq və yeniliyin nisbətinin araşdırılması anlamına gəlib çıxar.

Son dövrün elmi tədqiqatlarında ötən əsrin 70-ci illərindən fəal müzakirə olunan qlobal təkamülçülük yenidən gündəmə gətirilərək, onun ümumi təbii qanunauyğunluq səviyyəsində dərkinə diqqət yetirilir: “Qlobal təkamülçülük prinsipinə görə müasir təbiətşünaslıqda belə bir inam təsdiq olunmuşdur ki, Kainat və onun elementləri (planetlər, ulduzlar, qalaktikalar və s.) inkişafsız mövcud ola bilməz” [10, s. 24]. Təbiətşünaslığın elmi dünyagörüşü rolunu nəzərə alaraq, belə bir fikri mümkün sayırıq ki, qlobal təkamülçülük ideyası incəsənət xadimlərinin dünyagörüşünə də təsirsiz qalmır. Burada biz yalnız incəsənətin (bədii ədəbiyyat və kinonun, digər sənət növlərinin) fantastika janrlarını nəzərdə tutmuruq. Söhbət bütövlükdə sənətkar dünyagörüşündən gedir. Bu isə ilk növbədə həyat və onun inkişaf dinamikasının dərki, bizim maraq dairəmiz baxımından isə həmin idrak məhsulunun bədii həllindən gedir. Həyatın dərki baxımından bu, hər bir milli mədəniyyətin, onun ədəbiyyat və incəsənətinin məzmun etibarilə qloballaşma istiqamətində inkişafı anlamına gəlib çıxır.

Nəticə. Bir sözlə, ictimai həyatın bütün sahələrinin qloballaşması müasir dövrdə tərəqqinin ümumi istiqamətini təşkil edir. Lakin onun törətdiyi əkstəsiri də nəzərdən qaçırmaq olmaz. Müasir dünyaya yeni-yeni inteqrasiya olunmağa başladığımıza görə hələlik bunu bütün kəskinliyi ilə hiss etmirik. Lakin artıq kifayət qədər təcrübə toplayan Qərb dünyası, daha doğrusu, onun binəsib hissəsi və həmin kütlənin taleyinə acıyıb mənafeyini ifadə etməyə çalışan ideoloqlar artıq faciə həddinə çatan təzahürlərə diqqəti cəlb edir, ona müqavimətin ön sıralarında gedirlər. Fransız sosiopsixoloqu Jak Semlen ”Zorakılıqdan çıxış yolu” əsərində müasir dünyada inteqrasiyanın mənfi fəsadlarına diqqəti cəlb edir, zorakılığa müqavimət göstərməyə çağırır və çıxış yolunu belə göstərir: “Dünya sülh və ədalət şüarları arxasında gizlədilən zorakılıq və istismar vasitələri səltənətinə çevrilmişdir. İnama tələbat, yüksək dindarlıq məqsədlərə qayıdışı, məqsədlərin mənadan məhrum olan maddi aləmdə vasitələr üzərində qələbəsini ifadə edir” [11, s. 84].

Göründüyü kimi, müəllif həmin Fransada dərin kök salan ekzistensialist incəsənətin aradığı çıxış yolu ruhunda həll təklif edir və belə bir yekun qənaətinə gəlir: “Qeyri-zorakılıq yeni tarixin rüşeymlərini özündə ehtiva edir, o, bəşəriyyəti yeni istiqamətə yönəltməyə qadirdir. XXI əsr qeyri-zorakılıq əsri olacaq, yaxud o ümumiyyətlə olmayacaq” [11, s.85].

Azərbaycan əhalisinin hər on nəfərindən biri XXI yüzilliyə zorakılıq əzabı ilə daxil olub. Xalqımız onun zorakılıqdan azad əsrə çevrilməsində hamıdan daha çox maraqlıdır. Milli dövlətimizin ali məqsədlərinin ifadəsi olan Azərbaycan Respublikasının Konstitusiyası buna nail olmağın rəhnini “ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək” [1, s. 3] yolunda görür. Bütün tarixi ərzində milli, dini və sosial ədalətsizliyə müqaviməti ilə seçilən milli mənəviyyatımız, onun adekvat ifadəsi olan incəsənətimiz həmin amallara xidməti ilə zorakılıqdan azad dünya qurumasına mənəvi köməyini əsirgəmir.

Təki hamı belə olsun...

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT:

1. Hüseynov Ş. Əhmədbəy Ağaoğlunun dünyagörüşü. Bakı: Azərnəşr, 1997. – 107 s.

2. Abbasov Ə. Fəlsəfə millətləşmənin və müstəqil dövlətçiliyin zəruri əsaslarındandır (ön söz əvəzi) // Müasir fəlsəfə və Azərbaycan: tarix, nəzəriyyə, tədris. Bakı: Elm, 2011, s. 5-11

3. Əliyev İ. H. Azərbaycanıma inanıram. Bakı: Azərnəşr, 2007. – 376 s.

4. Ломидзе Г. Единство и многообразие. Вопросы национальной специфики советской литературы. М.: Сов. писатель, 1957. – 291 с.

5. М. Нурматов. О национальной форме в искусстве // Эстетика: категории и искусство. М.: Искусство, 1965, с. 108-118

6. Xəlilov S.S. Fəlsəfə: tarix və müasirlik (Fəlsəfi komparativistika). Bakı: AU nəşriyyatı, 2006. – 420 s.

7. Əliyev H. Ə. Milli-mənəvi dəyərlərin pozulması xalqımıza qarşı bağışlanmaz xəyanətdir. “Xalq qəzeti”, 2001, 14 avqust

8. Mehdiyev R.Ə. Fəlsəfə. Bakı: Şərq-Qərb, 2010. – 360 s.

9. Abasov Ə. Müasir Azərbaycana hansı fəlsəfə lazımdır? // Müasir fəlsəfə və Azərbaycan: tarix, nəzəriyyə, tədris. Bakı: Elm, 2011, s. 25-56 10. Məmmədov Ə., Məmmədov F. Qlobal təkamülçülük və XXI əsrin sosial-mənəvi həyatında onun rolu // Müasir mərhələdə sosial fəlsəfənin aktual problemləri: Məqalələr toplusu. Bakı: Təknur, 2011, s.23-42 11. Семлен Ж. Выход из насилия // Глобальные проблемы и общечеловеческие ценности. М.: Прогресс, 1990, с. 76-85 12. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı: Qanun, 2009. – 68 s.