"Musiqi dünyası" № 2 (83) 2020

Article №9; 8457 - 8462 pр.
Gülnaz Mədətova. ƏMƏKDAR RƏSSAM FƏRMAN QULAMOVUN YARADICILIĞINDA FƏLSƏFİ MOTİVLƏR
Text PDF

Fərman Qulamov bəşəri mahiyyəti ilə diqqəti cəlb edən əvəzsiz rəngkarlıq əsərlərində adətən reallığın fəlsəfi motivlətrinin verilməsində zaman və mühit, cəmiyyət və insan münasibətlərini işıq və qara kölgələrin vasitəsilə yerinə yetirmişdir. Belə tablolardan birində verilmiş obraz təsvirlər sadəcə insanların iştirakını deyil, eyni zamanda kölgələrlə ifadə olunmuş təsviri ifadələrin də canlı varlıq kimi tərənnümün verilərək cəmiyyətdəki fərqli münasibətlərin, istəklər və reallığın qarşılaşdırmasında uğurla həll edilmişdir.

Öndə gənc qız və kişi fiqurlarının bütün əhatəsini qara kölgələrin hərəkətli ifadələri əhatələnmiş, hətta bu ləkələr tablonun digər tərəflərinə doğru yayılmışdır. Bununla rəssam insan və onun əhatəsindəki istəklərə qarşı olan şər qüvvələri simvolizə edir. İnsani istəklər və reallıqlar arasındakı əks münasibətləri göstərmək üçün rənglərin kəskin təzadı ilə yanaşı, eyni zamanda obrazların üzərinə salınmış işıq ləkələri də əsərdə yüksək həssaslıq yaratmışdır. Mat zil qara kolgələr və ağ, narıncı, sarı kimi tonların parıltılı effektlərlə həll edilməsi qeyd olunanları təsdiqləyir.

Tablonun arxa fonu tünd yaşıl rəngin qalın yaxıları ilə həll edilmişdir ki, bu da bütün səhnənin ağır yüklü mənasını qabarıq şəkildə önə çəkir. Ağır yük burada bir zamanın, bir mühitin deyil, daha böyük zaman və məkan miqyasından çıxış edən bəşəri problemin simvollaşdırılmış tərənnümü kimi izah edilir. Rəssam mühit və insan sintezini onların tərs, təzadlı münasibətləri şəraitində təsvir etməkdə ləkələrin, ştrixlərin yaratdığı yüksək həssaslıqdan məharətlə istifadə etmişdir. Böyük qaraltı hər iki fiquru üzərində daşıyaraq onları naməlum bir yolculuğa götürür.

Gənc bir qız, əlində boğçası ilə onu həyatın ağırlıqları, hüquqsuzluğu ilə üz-üzə qoyan, dünyanın hər tərəfini həyatın sonu kimi göstərən atasının ədalətsizliyinin görütdüyü yola çıxmışdır. Burada rəssam gənc qızın üzərinə əyləşdiyi dəvə və yaxud atı real forması ilə deyil, qaranlıq kölgə kimi simvollaşdırmışdır. Arxada formal insn fuqurlarının biganə qalan tərənnümü də mövzunun mənasının dəyərini açıqlayır. Ədalətsizliyə biganə qalan bir cəmiyyət və bundan doğan insan toplusunun faciəsi...

İstedadlı rəssam kişi obrazının bütün ətrafını sarmış qara kölgəni taleyinə çarəsizcə boyun əymiş gənc qızı daşıyan vasitə kimi və bütün ətrafa dağıdılmış şəkildə verərək əzazilin və məzlumun xarakterikliyinə təsviri açıqlama vermişdir.

Oxşar məzmunlu digər bir tabloda da Fərman Quamov fərqli kompozisiya quruluşlarında yaxın bədii ifadə vasitələrindən istifadə etmişdir. Hətta qeyd edilən əsəri bundan əvvəlki tablodakı hadisənin davamı kimi qiymətləndirmək olar. Burada artıq məhkum edilmiş “qaranlığı” ilə qovuşan qadının istəksiz həyatının dramı ilə qarşılaşırıq.

Sənətkar burada meydanın mərkəzində atın formal görüntüsünü yenə də dağınıq kölgə kimi verərək, istəklərə qarşı çıxan, insani iradəyə qarşı gələn cəmiyyətin tipikləşdirilmiş səhnəsini yaratmışdır.

Arxa fon bir qədər açıq rəngdə verilərək səhnənin digər iştirakçılarının xarakterik çalarlarını daha qabarıq şəkildə önə çıxardır. Burada şər və xeyir qüvvələr deyil, vicdansız və çarəsizliyin qarşılaşması məqamını rəssam yüksək həssaslıqla canlandırmağı bacarmışdır.

Kompozisiya bir qədər geridə qalmış zamanın yazılmamış qanunlarını, ədalətsizliklərini əks etdirir. Femisnist ruhlu rəssamın qeyd edilən və ümumiyyətlə, oxşar tipli tablolarında qeyd edilən mövzunun həssas tərənnümündə onun bu ədalətsizliyi dünyanın mizan-tərəzisində bəlkə də çəkisi ən ağır hadisəsi kimi dəyərləndirməsi təzadlı rənglərin, çalarların, işıq-kölgə oyunlarının, ləkələrin, axaraq qaranlığa “hücum edən” işıq selinin və digər bədii vasitələrin yüksək sənətkar məharəti ilə həyata keçirilmişdir.

Qeyd edilən tabloda rəssamın bu həssas münasibətini insanları qaranlıq dünyaya məhkum edən, dünyanın ən gözəl rənglərindən məhrum öz daxili qaranlıqlarında boğmağa məcbur edən bir mühitin canlandırlmasında aydın şəkildə görürük. Tamaşaçı əsəri izləyərkən gənc qızı dünyanın zəriliyi, gözəlliyi kimi səmimiyyətlə tərənnüm etdiyi halda, kişi obrazının xarakerik eybəcərliyinin xaricə vurmuş simasını bir araya gətirərək nifrətini bəyan edən sənətkarın təəssüfü ilə rastlaşır.

Ətrafda dolaşan digər obrazların formal görüntüləri tablodakı boşluqları doldurmaq naminə heç nəyi ifadə etməyən təsvirlər kimi deyil, məhz cəmiyyətin mənfur ünsürləri kimi hadisəyə biganə qalaraq təklənmiş zərif dünyanın dramının daha ifadəli şəkildə çatdırılmasında əhəmiyyət daşıyırlar.

Fərman Qulamovun insan beyninin dərin qatında yatan, səbəbi məlum və yaxud qeyri-məlum hisslərin tərənnümünə həsr edilmiş əsərlərindən biri də “Fobiya” adlanır. Əsərin mərkəzində təbii ki, insan və onun ən böyük problemi olan qorxu hissinin tərənnümüdür. Mərkəzdə cılız vücuda sahib kişi obrazı özünün xarakterikliyi ilə diqqəti çəkir. Sanki o, real dünyadan ayrılmış beyninə təzyiq edən bir basqınn yaratdığı anormal mühitin içində özünə qaçmaq üçün çıxış axtarmaq çırpıntısındadır. Bunun üçün təzadlı rənglərin aqressiv qarışıqlığını rəssam sanki çalarların bir-birinə hücum etməsi kimi canlandırmışdır. Təzadlı rəng keçidləri narıncı, anidən partlayan bəyaz işıq, sarı, qırmızı, qızılı rəng ifadələrinin arasında dolaşan qara ləklərin, kölgələrin həlli ilə reallaşdırılmışdır. Getdikcə artmağa başlayan bu kölgələr obrazın həm arxa hissəsində, həm də önündə dayanmış, onu sanki mühasirəyə salaraq qaçmasına imkan vermir.

Qeyd edildiyi kimi bütün sifət cizgiləri, vücudu ilə qorxusunu ifadə edən kişi obrazı onu əhatə edən bu qorxu dünyasından xilas olmağa çalışır. Lakin bu dünya onun öz daxilindədir, öz içindən qaçmağa çalışan insan xarakteri, qurtuluşun daxilindəki qorxu ilə mübarizədə olduğunu belə anlamaqda acizdir.

Əsərdə formal olaraq verilmiş abstrakt ləkələrin ifadə etdiyi fiqurlar insan və yaxud digər bir canlı kimi verilərək qorxu hissinin obrazlaşmış təsviri ilə qarşılaşdırır hər kəsi. Rənglər sanki yuxarıdan axaraq yerə dağılıb hər tərəfi sarmağa başlayır. Bir azdan rənglərin ağır yaxılarına bürünmüş məkanın içində boğulacağını zənn edən obrazın qorxu dolu dünyasını rəssam həm də formaların miqyas fərqi ilə təbii şəkildə ifadə etməyi bacarmışdır. Belə ki, tablonun mərkəzində verilmiş obraz daha cılız, ləkələrlə nisbətdə daha yığılmış vücudu ilə özünün çarəsizliyini göz önünüdə canlandırır.

İstedadlı rəssam fobiyanın tərənnümündə xəstə psixologiyanı canlandırmaqla yanaşı, onun fəsadlarını, yıxılan bir dünyanı ifadə edir. Bu elə bir dünyadır ki, artıq sevinclər bitmiş, hisslər tükənmiş, yeganə var olan qüvvə insanın özünü inandırdığı, yoxdan var etdiyi qorxudur. Fobiyanın insan üçün yaratdığı ən böyük faciə onun Allahla olan rabitəsinin kəsilməsidir ki, rəssam bu məqamların həssas bədii ifadəsində dua etməyi bacarmayan, içində yaratdığı boşluğa “şərin” girməsinə imkan verən mənəvi gücsüzlüyü ətrafa dağılmış kölgələrin tərənnümündə elə bir şəkildə canlandırmışdır ki, onların materiyaya çevrilmə şansının belə olmadığı halda insan psixikasındakı ağır çəkisi tonların aqressiv, “istehzalı” ifadəsi ilə maraq doğurur.

İstedadlı rəssam Fərman Qulamovun “Emalatxanada” adlı bir neçə əsərində mücərrəd bədii ifadələrin, qarışıq təsvir vasitələrinin, improvizə edilmiş formaların bir yerə toplanmasına baxmayaraq, həm sənətşünaslar, həm də sənətsevərlər tərəfindən aydın qavranıla bilinəcək təsviri mahiyyət həmin tabloların dəyərini təsdiqləyir.

F.Qulamov hər bir nüansdan öncə burada sənətkar dünyasına hakim kəsilmiş rənglər aləminin harmoniyasını yüksək maraq doğuracaq dinamik çalarlarla həll etmişdir. Tabloda mövzunun vəhdətdə götürülmüş formasında sənət və sənətkar arasındakı əlaqləndirmə digər rənglərin element kimi iştirakı ilə həyata keçirilmişdir. Konkret formaların olmadığı əsərdə təsvir detalları rəssamın düşüncəsində onun təsəvvürünün formalaşdırdığı rənglər dünyasının harmoniyasında ifadə edilən havaya sıçramış, önə qoyulmuş, bir sözlə bütün ətrafa “dağılmış” rənglər aləmində öz dinamizmini təqdim edir.

Tabloonun yuxarı hissəsində tüd çalarda göy və qaranın ifadəsində bir zolaq vardır. Əslində ağırlığın buraya salınması mühitin sanki təzyiq altında qalaraq sıxışdırlması kimi izah edilə biıərdi. Lakin rəssam burada mühitin gərgin yarsdıcı prosesini, qarışan düşüncələri məhz ağırlığın yuxarı qatrında verilməsi ilə uğurlu şəkildə həll etməyi bacarmışdır.

Mərkəzdə rəssamın obraz təsviri bədii improvizələrələ həyata keçirilərək onun fərqli dünyasını əks etdirir. Aralıqda kiçik bir balığın sanki sualtında üzən forması, masa və onun üzərindəki əşyaların simvolik mahiyyəti, hətta tərənnüm dilmiş insan fiquru... bütün bunlar hər hansı bir material üzərində havada dolanır. Və qeyd edildiyi kimi bütün əşya, element, obyektlər öz varlıqlarını rənglərin dəyişən, axan, qarışan çalarları ilə həyata keçirilmişdir. Tabloda Fərman Qulamov yaradıcılığını şərtləndirən ən başlıca xüsusiyyət rənglərin arasından partlayış kimi sıçrayan işıq nüansı bi qədərə aşağı sol hissədə verilmişdir. Göz və beyinə əsaslanan işığın vizual qavrayış yaradan əsaslarına dərindən bələd olan sənətkar rəng ləkələri, müxtəlif simvolik detalların ayırd edilməsində bu nüasndan yüksək məharətlə istifadə etmişdir. Əsərdəki işıq sadəcə təvir detallarının ayırd edilməsində deyil, məkanın qeyri-adi atmosferinin fəlsəfi anlamına da aydınlıq gətirir. Bütün bunlar Fərman Qulamovun sənətkarın emalatxanadakı adi bir iş prosesini deyil, onun yaradıcı təxəyyülünü, düşüncəsini, fikirlərini, özünəməxsus rəng dünyasını canlandırmaq cəhdi və bu cəhdi uğurla həyata keçirdiyini sübut edir.

Rəssamın “Emalatxanada” adlı digər bir əsərində də tamamilə fərqli kompozisiya quruluşunda eyni məqsəddən çıxış etdiyini görə bilərik. Bundan əvvəlki əsərdə arxa fonun açıq çəhrayı çalarlarından fərqli olaraq, qeyd edilən nümunədə rəssamın üzünü çevirdiyi divar tünd göyün xüsusi işıq effektində bəzi hissələrdə bir qədər bənövşəyiyə keçid alması ilə ifadə edilmişdir. Sifət cizgiləri göstərilməyən rəssamın bir qədər real formada canlandırlması və kifayət qədər ciddi şəkildə obrazlaşdırlması onun yaradıcılıq prosesinin psixologiyasını tərənnüm edir. Tünd qara kresloda əyləşmiş olan obrazın yaşıl, qırmızı, sarı, mavi kimi əlvan, parlaq tonları bir-biri ilə təzad yaradaraq əsas və köməkçi detalların mahiyyətinə aydınlıq gətirir.

Fərman Qulamovun iki yaxın təsir gücünə malik eyni adlı “Gecənin sirri” tablosunda sənətkar işığın üzərinə çökmüş qaranlığın ağırlığını və bu ağırlığa güc gəlməyə çalışan həsas hisslərin həyəcanını ifadə edərək onun sirrini açmağa çalışmışdır.

Birinci tabloda olduqca mürəkkəb kompozisiya quruluşunda təqdim edilmiş bədii ifadə gecənin qaranlığına qarışaraq fərqli çalarlarda axan rənglərin dərin sükutunun içindəki “pıçıltılarını” hiss edirik. Burada rəssam forma və elementlərin kölgəli, rənglərin içindən ton fərqi ilə seçilən obyektlərin təsvirindən istifadə etmədən məqsədinə nail olmağa çalışmışdır. Arxa planda kiçik fraqment şəklində ifadə edilmiş çox da hündür olmayan binanın simvolik təsviri açıq hava məkanın ifadəsi ilə qarşılama təsəvvürü yaranır. Tablodakı ekspressiv təsir gücünü artırmaq üçün üzərinə kölgələr, tonal ləkələr atılmış qırmızı-narıncı rəngdən istifadə edilmişdir. Gecənin özü ilə gətirdiyi qorxunun həyəcan doğuran xəbərçisinin təsviri onun ağ libaslı gərgin obrazında önə çıxardılmışdır. Bir qədər aralıda dayanmış insanların bir-birinə sığınaraq qorxuya düşməsi həssas təsvir formasında ifadə edilmişdir. Bu ifadəlik fiqurların aralıqlarından axan qara rəng seli ilə daha da gücləndirilmişdir. İnsanların divara düşən tünd kölgələri, qara rəngin axan çalarlarının ətrafa dağılması əsərdəki qorxu dolu anları tamaşaçısına yaşadaraq onun sirrini öyrənmə marağı yaradır. Əsərin maraq doğuran ən başlıca xüsusiyyəti rəssamın təsvir edilmiş hadisənin məzmununu elə sirr olaraq da saxlamasıdır. Bütün bunlar bəlkə də bir illüzyadır. Var olmayanı həqiqət hesab edən, yanlış bir təsəvvürün yaratdığı gecə qorxusunu rəssam qaranlığın içindəki ağ kölgələrlə ifadə etmişdir.

Tablonun sol hissənin kiçik bir qismi daha açıq tonlarla, işıqlı bir tərzdə əks olunmuşdur ki, bu da əsas səhnənin tutqun çalarılarınn yaratdığı boğulmuş atmosferin daha qabarıq və təsirli ifadə olunmasında məqsdəuyğun bədii ifadə vasitəsi kimi dəyərləndirilir.

Digər əsərdə isə bu illüziya yaşıl, qəhvəyi, sarı kimi rənglərin yaxın çalarlarının qarışıq ifadəsində həll edilmişdir. Rənglərin arasından boylanan qorxu dolu nəzərlər ona var olmayanın, qeyri-reallığın qorxusunu yaşadır. Bu qorxu insanın öz daxilindəki qaranlığın içində, aciz xarakterin işıqsız düşüncəsində özünün görünməzliyini qoruyub saxlayır. Rəssam gecənin sirrini qaranlığın mühitlə bərabər insanın içinə çökən dünyasında ifadə etməyə çalışmışdır.

Sənətkar üçün gecənin sirri həqiqət və yalan arasındakı keçiddə dayanan insan qorxusudur. O, hansı tərəfə inanacağını bilmir, hisslərinin yolunu azaraq öz acizliyini yaşayır.

Fərman Qulamov məkan tərənnümündə detal, element istifadəsinə yer vermədən onun atmosfer təsəvvürünü yaratmağa çalışmışdır. Bunun üçün rəng keçidlərini təzadlı və yaxud sərt formalarla deyil, axaraq, yayılaraq bir-birini əvəz etməsində, hətta qarışaraq digər bir çalar yaratmasında yüksək həssaslıq əldə etmişdir. Bu xaosun içində naməlum istiqamətə baxan bir cüt gözün ifadəsi əsərin mahiyyətini açıqlayır.

Son olaraq qeyd etmək olar ki, Fərman Qulamovun fəlsəfi dünyagörüşü əsərlərində abstarkt ləkələrin, rəng münasibətlərinin təqdim etdiyi xarakterik ifadələrin qarşılaşdırlması ilə həyata keçirilərək, bütövlükdə təsvir edilmiş mühitin hər bir detalının tablonun əsas elementlərinə daxil edilərək bərabərhüquqlu ifadəçisi kimi çıxış etməsi rəssamın yaradıclıq stilini müəyyənləşdirir.

Ədəbiyyat

1. Fərman Qulamov – “Rəngkarlıq”, kataloq, 2009

2. Унковский А .А. «Живопись Вопросы колорита». Москва, 1980 г.