"Musiqi dünyası" № 3 (84) 2020
Article №1; 8457 - 8463 pр.
İmruz Əfəndiyeva. Böyük sənət yolunun ən sədaqətli yolçusu - Vasif Adıgözəlov
Text PDFAzərbaycan oğluyam
Odu Allah sanmışam
Anam torpaq, atam od
Mən oddan yaranmışam...
Musiqim Qarabağdır,
Sözlərimsə Naxçıvan.
Bu torpağda yaranmış
Koroğlunun cəngisi
Qıratın üzəngisi!
Bəxtiyar VahabzadəOdlar yurdunun böyük və təkrarsız vətəndaşı olan Bəxtiyar Vahabzadənin “Azərbaycan oğluyam” şeri sanki bu gün yazılıb,sanki bu gün döyüşdə uğur qazanan rəşadətli, mübariz əsgərlərimiz haqqında yazılıb.Açığını deyim ki, bu şeir əlli il bundan öncə yazılıb-amma o bu gün öz aktuallığını itirməyib.B.Vahabzadəni və V.Adıgözalovu bir çox yaradıcılıq telləri birləşdirir. Şairin sözlərinə bəstəkar yadda qalan, gözəl emosional və məlahətli romanslar yaradıb.
İnanın, Vasif müəllimin oratoriyalarından musiqi nümunələri - ariyalar, duetlər, xorlar, bu ilin iyul ayından başlayaraq bu günə qədər televiziyamızın və radiomuzun müxtəlif kanallarında tez-tez səslənir, çünki bu musiqi sizi mübarizliyə çağırır. Bu musiqidə vətən sevgisi, qəhrəmanlıq ideyası olduqca güclüdür. Bu aşağıdakı əsərlərdir: “Odlar Yurdu” (söz. R.Zəka Xəndan), “Qarabağ şikəstəsi” (söz. Teymur Elçin), “Çanakkale” (söz. M.Akif Ersoy, libretto Sabah Duru), “Qəm kərvanı” (söz. Rəsul Rza). Bu əsərlər haqqında ətraflı məlumat Эфендиева И.М «Васиф Адыгезалов» kitabında verilmişdir (Баку: «Шур», 1999 335 с., həmçinin bax: 2;)
V.Adıgözəlovun bu əsərlərində adi insan da böyük şəxsiyyət də milli tarixi missiya daşıyır... Millət o zaman güclü olur ki, adi insanı yüksəltsin, böyük şəxsiyyətini tanısın, ictimai yaddaşına, tarixinə yazıb örnəyə çevirsin.Bu dəyərli, gözəl sözləri akademik Nizami Cəfərov böyük dramaturqumuz, şairimiz Nəriman Həsənzadənin poemalarını təhlil edərkən yazıb (1;). Bu fikirləri V.Adıgözəlovun bütün əsərlərinə şamil etmək olar. Həqiqətən, bəstəkar əsərlərində “tarixiliyin müasirliyini” yüksək peşəkarlıqla təcəssüm edir, artıq bu onun üslubunun bir qoludur, bir sahədir və leytmövzudur. Bu “mövzu” daha parlaq onun oratoriya və kantatalarında, İkinci simfoniyasında, “Ölülər” və “Natəvan” operalarında, “Mərhələlər” simfonik poemasında və s. əks edilmişdir.
Ümumiyyətlə, Azərbaycan musiqi mədəniyyətində böyük bəstəkarımız Vasif Adıgözəlovun dəyərli əsərləri xüsusi, özünəməxsus yer tutur.Bəstəkarın bir çox əhəmiyyətli əsərlərində “insanda insanlığın tərənnümü” amili başlıca rol oynayır. Vaxtilə bu sözləri Anar yazıçı Rüstəm İbrahimbəyov haqqında demişdi. Biz isə bu gözəl sözləri Vasif Adıgözəlovun musiqisinin əhəmiyyətini, bədii dəyərini açmaq üçün istifadə edirik.
Bəstəkarın milli mənsubiyyəti, simfonik əsərlərinin məzmunu, qaldırdığı bəşəri problemlər, yaratdığı obrazlar, onun şəxsi musiqiyə mənsub olduğunun parlaq göstəriciləridir. Vasif Adıgözəlovun yaratdığı gözəl əsərləri nəinki Azərbaycan həmçinin dünya xalqlarının və xüsusilə Türk xalqlarının tərəqqisində, milli intibahında böyük rol oynayır.
Vasif Adıgözəlovun geniş yayılmış və xalq tərəfindən sevilən əsərləri dərin fəlsəfi ideyası, vətəndaşlıq qayəsi, emosionallığı, ehtiraslığı, milli ənənələrə bağlılığı, incə psixologizmi və şairanə lirizmi ilə seçilir.
Hər bir görkəmli bəstəkar kimi Vasif Adıgözəlov istər müştərək, qlobal konsepsiyalı oratoriya, simfoniya və yaxud opera olsun, istərsə də insan qəlbinin daxili aləmini arzularının bir ovqatını ifadə edən gözəl mahnı-bunların hər birində bəstəkar böyük və təkrarsız sənətkar kimi çıxış edir.
Maraqlıdır ki, sənət yolunun müxtəlif mərhələlərində görkəmli sənətkar müraciət etdiyi bütün janrları musiqi dili baxımından zənginləşdirmişdir.
Bu məqalədə biz bəstəkarın simfonik yaradıcılığını milli ənənələr kontekstində nəzərdən keçirəcəyik.
Musiqi ab-havasında boya-başa çatan Vasif Adıgözəlov öz uşaqlıq arzusuna çatır: o, dahi Qara Qarayevin bəstəkarlıq sinfinə, fortepiano ixtisası üzrə isə Simuzər Quliyevanın sinfinə daxil olur. Tələbəlik illərində yaratdığı simfonik orkestr üçün “Qəhrəmanlıq poeması” İkinci respublika gənclər festivalında 1-ci dərəcəli Diploma layiq görüldü. Hələ tələbə ikən Vasif Adıgözəlovun əsərləri P.Çaykovski adına Moskva Konservatoriyasında Azərbaycan İncəsənətinin nailiyyətlərinə həsr olunmuş konsertlərdə uğurla səsləndi.
Gözəl romantik və şairanə obrazlarla səciyyələnən “Birinci simfoniya” V.Adıgözəlovun diplom işi oldu. Bu simfoniya gələcəyə vəsiqə və eyni zamanda axtarışlar dövrünün yekunudur. Gənclik təravəti ilə alovlanan bu simfoniyanı ciddi dövlət imtahan komissiyası yekdilliklə yüksək qiymətləndirdi. Olduqca səmimi və ürəyəyatan musiqidə gənc müəllifin bacarığı, professionallığı dramaturgiyada özünü biruzə verir. Təzadlı mövzuları möhtəşəm səpkidə şərh etmək meyli onun yaradıcılıq təxəyyülündə simfonik başlanğıcın üstün mövqe tutmasını müəyyənləşdirmişdir. Və ən başlıcası odur ki, “Birinci simfoniya” milli musiqinin və klassiklərin ənənələrinə sadiq qalmaq münasibətini bir daha təstiq etmişdir. Bütün bu cizgilər Vasif Adıgözəlovun sonrakı simfoniyalarında daha yeni, emosional, bədii səviyyədə açıqlanacaqdı.
Vasif Adıgözəlov haqqında hörmətli professor, Əməkdar müəllim Ülviyyə İmanovanın sözlərini xatırlatmaq istəyirəm: “Vasif Adıgözəlov milli hissiyata malik olan insandır. Təbii ki, bu ifadəni geniş mənada qəbul etmək lazımdır. Bir tərəfdən bəstəkar müəyyən mühitdə, məşhur xanəndə ailəsində böyüyüb, onu muğam sənəti, folklorla bağlayan tellər var. Digər tərəfdən Vasif Adıgözəlov vətənpərvər sənətkar olduğuna görə onun yaradıcılığında Vətən, yurd, torpağ anlayışı çox vacibdir”. Bəstəkar öz musiqisində tez tez tariximizin keçmişini əks etdirir. Eyni zamanda o, müasir dövrümüzün də acılarını unutmur. Odur ki o hər zaman özünəməxsus vətənpərvərliyini müxtəlif əsərlərində əks etdirir.
Dediyimizin təstiqi kimi bəstəkarın “Çanakkala” oratoriyasını göstərmək olar.Vasif Adıgözəlov Türkiyə Cümhuriyyətinin tarixində çox böyük əhəmiyyət kəsb edən mövzuya müraciət edərək, onu qəlbinə yaxın olan bir mövzu kimi də istifadə edir. Məhz buna görə bu əsər təsiredici səslənir və Vasif Adıgözəlovu haqlı olaraq türk bəstəkarı kimi qəbul edirlər.
Bəstəkarın muğam, folklora olan münasibəti çox maraqlıdır. Ümumiyyətlə, Vasif Adıgözəlov bu mənbədən çox səmərəli istifadə edir. Belə ki, o, birbaşa muğamdan bəhrələnir, onu dəqiqliklə əsərlərində səsləndirir. Onu da əlavə etməliyik ki, muğamı gözəl bildiyinə görə bəstəkar onu çox sərbəst də istifadə edir. Bu bir muğamın başqa muğama keçməsi ilə bağlı ola bilər.
Şübhəsiz, V.Adıgözəlov böyük sənətkar və eyni zamanda ciddi təcrübəli insan olduğuna görə əsl yaradıcılıq potensialını bacarıqla çatdırır və bu onun bədii baxımından zəngin əsərlərin yaranmasına yönəlmiş olur. Bu yolda əldə olunmuş uğurları milli musiqimizin böyük və əhəmiyyətli uğurları kimi əbədi yaşayacaq.
Vasif Adıgözəlov 3 simfoniyanın, simfonik poemaların - “Qəhrəmanlıq poeması”, “Afrika mübarizə edir” və “Mərhələlər”, “Bayram üvertürası”nın, vokal poemaların, simfonik orkestr müşayiəti ilə 4 royal üçün yazılmış “Poema”, “Segah”-muğam simfoniyasının müəllifidir. Adı çəkilən əsərlərdən, hər bir bəstəkarın yaradıcılığında mühüm mərhələyə çevrilmiş, Azərbaycan simfonizminin mürəkkəb konseptual inkişafının müasir mərhələsində yeni bir səhifə açmışdır.
Vasif müəllim üçün simfoniyanın yaranması yeni insanın dünyaya gəlməsi ilə bağlıdır. Bu münasibətlə onu ideyaları sanki akademik B.V.Asafyevin simfoniya haqqındakı dərin düşüncələrini əks etdirir. “Hər yeni simfoniya yazarkən gerçəkliklə üz-üzə gəlir,ona olan münasibətini musiqidə əks etdirir və bununla da özünü kəşf edir”. Asafyevin dərin mənalı sözləri simfoniya janrının mürəkkəbliyini və bədii estetik əhəmiyyətini bütün çətinliyi il açır.
Neçə il əvvəl “İkinci simfoniya”-nın premyerasından sonra V.Adıgözəlovun dediyi sözləri xatırlatmaq istərdim: “Məhz simfoniyada şəxsiyyətin formalaşması prosesi digər janrlara nisbətən daha parlaq ifadə olur. Simfoniya dərin mənalı olmalı və təcəssüm etdirdiyi ideyanı bütünlüklə ifadə etməlidir. Bu janrın miqyası, tembrların dramaturgiyası, hissələrin təzadlı qarşılaşdırılması, müasir musiqi texnikasının vasitələrindən geniş istifadə etmək imkanı obrazın daxili inkişafına kömək edir. Mənim üçün yalnız hissələrin təzadlığı deyil, həm də onların arasındakı əlaqə vacibdir. Bu obrazın modifikasiyası üçün nişanə, dinamik inpuls verir”.
Patris Lulumbanın faciəli ölümündən bəhs edən “Afrika mübarizə edir” simfonik poeması V.Adıgözəlovun yaradıcılığında parlaq proqramlı əsərdir.Bu poemanın bədii əhəmiyyəti onun daimi aktuallığından irəli gəlir. Həqiqət uğrunda, xalqlar dostluğu naminə bütün bəstəkarlarımızın apardıqları mübarizəni də Vasif Adıgözəlov öz əsərində ifadə etmişdir. Q.Qarayevin, C.Hacıyevin, C.Cahangirovun ənənələrini davam etdirərək istedadlı sənətkar bu əsərini belə düşünürdü.
Hər bir yeni simfonik əsər - bəstəkarın yaradıcılığında yeni pillə, müasir və bədii-estetik vasitələrin, milli mədəniyyətin qədim ənənələrinin mənimsənilməsi deməkdir. Buna misal olaraq “Bayram üvertürası”-nı göstərmək olar. Bəstəkarın böyük ustalıqla yazdığı bu əsər tez-tez radio və televiziyada ifa olunur, Plenum və Qurultayların proqramlarına daxil edilir. Üvertüranın leksikası milli köklərinə,obrazların xüsusi təkrarolunmaz özəlliklərə də görə müasir və qeyri-adidir. Vasif Adıgözəlovun simfoniyalarında təstiq olunmuş üslub xüsusiyyətləri, “Bayram üvertürasında” yeni bədii-texniki vasitələrlə zənginləşir. Orkestr dilinin dramaturgiyasında müasir simfonizmin xüsusiyyətləri müasir ifadə vasitələri ilə yaradılır. Orkestr dilinin dramaturgiyasında müasir simfonizmin xüsusiyyətləri bariz nəzərə çarpır. Musiqi intonasiyaları inci kimi seçilmiş, minalanmış, yeni naxışlarla bəzənmişdir.
Milli ənənələrin faydasını, varisliyinin mahiyyətini qoruyan, XX əsrin müxtəlif məktəblərinə və təmayüllərinə yaxşı bələd olan sənətkar yeni yazı üslublarından geniş istifadə edir. Bu amil bəstəkarın gələcəkdə “Üçüncü simfoniyasında” çox gözəl təcəssümünü tapır. “Bayram üvertürasında” tembr dramaturgiyası, ayrı-ayrı tembrların “dialoqu” diqqəti cəlb edir. Hər bir tembr konkret musiqi obrazını təmsil edir, o sanki şəxsləndirmə funksiyasını daşıyır, bədii obrazın təcəssümü kimi qəbul olunur.
Beləliklə, parlaq musiqi tematizmi, yüksək professionallıq, bu janrda yazıb-yaradan klassiklərin – Qlinka, Qliyer, Şostakoviç ənənələrinin davam etdirilməsi Vasif Adıgözəlovun “Bayram üvertürasına” geniş şöhrət və dinləyici rəğbəti gətirdi.
Azərbaycan simfonizmində yeni səhifə açan “Üçüncü simfoniya” V.Adıgözəlovun yaradıcılığında yeni söz oldu. Həyatın mənası, onun daxili və qlobal ziddiyyətləri haqqında dərin fəlsəfi düşüncələr insanın mürəkkəb aləminin, onun mənəvi dünyasının rəngarəng çalarlarını açır, yüksək etik idealı ifadə edir. Milli təfəkkür “Üçüncü simfoniya”-nın konsepsiyasında müasir texnikanın yeni prinsipləri ilə orijinal surətdə uzlaşır. “Üçüncü simfoniya”-da və ondan sonra gələn əsərlərdə (xüsusilə oratoriyalarda) Vasif Adıgözəlov simfonizmin dramatik, konfliktli sferasına səy göstərir. Bəstəkar intellektual-psixoloji mövzunu bədii obrazların teatrallığı ilə birləşdirməyə nail olur.
“Üçüncü simfoniyanın” konstruksiyası – 4 hissəli silsilədir. Simfoniyanın giriş hissəsi asta tempdə başlayır və ekspresssiv orkestr dili ilə diqqəti cəlb edir: simli alətlərin (birinci, ikinci skripkalar, altlar) qeyri-adi səslənməsi sonor musiqisini xatırladır. Müxtəlif səs blokları, sonor düzümlərini yaradarkən, simfoniyanın 1-ci hissəsinin fəzasını zənginləşdirir.
Simfoniyanın girişi əsərin dramaturgiyasında “Proloq” funksiyasını daşıyır və məhz burada milli modelin bir gözəl nümunəsi kimi klarnetin solo ifasında ehtiraslı muğam improvizəsini eşidirik. “Musiqi təfəkkürünün kateqoriyası - sonorluq” (Y.N.Xolopovun fikri) və alleatorika üslubunun sintezi Proloqun inkişaf prosesinə orijinallıq gətirir.
Klarnetin solosu bilavasitə simfoniyanın 1-ci hissəsinə aparır və yeni olduqca kəskin, impulsiv mövzunun səslənməsi bizə sonata formasının başlanğıcından xəbər verir. Adətən, sonata formasının konsepsiyası Vasif Adıgözəlovun əsərlərində özünə məxsus keyfiyyətlərlə səciyyələndirir. Əsas partiyanın inkişafını 3 mərhələ təşkil edir və hər dəfə orkestr dilində yeni tapıntılar qeyd olunur: tembrların “dialoqu”, səslərin polifonik birləşməsi musiqiyə xüsusi rəngarənglik və təravət gətirir. Kino musiqisinə və müasir teatr tamaşalarına xas olan kadrların tez-tez dəyişdirilməsi ümumən simfoniyanın 1-ci hissəsində aparıcı rol oynayır. “Fortissimo”-dan sonra qəflətən sakit, şairanə və işıqlı köməkçi partiyanın səslənməsi metr ölçüsü, epiklik, ayrı-ayrı səslərin avazlanması muğamvari mövzunun yaranmasına imkan yaradır. Həmin mövzuda Vasif Adıgözəlov böyük ustalıqla 3 muğamın sintezini verir: Şur, Şüştər və Humayun. Mövzunun potensial qüvvəsi sanki tədricən açılır və onun məftunedici xarakteri özünü biruzə verir. “Yeni tematik impulsun” (V.Bobrovski) müdaxiləsi inkişaf prosesinə təravətlik bəxş edir. Maraqlıdır ki, işlənmə bölməsində əsas partiya “yumşalır” və tədricən köməkçi partiyanın obraz sisteminə daxil olur.
Simfoniyanın ikinci hissəsi (Allegro moderato) əsərin dramaturgiyasında mühüm rol oynayır. Skertso mənzərəli, kəskin obrazlarla səciyyələnir. Orkestr çalarlarının qatılaşdırılıb təravətlənmə dramaturji xəttin nəbzini mahiyyələndirən üsullar sırasındadır. Allegro moderato-da oyun lövhəsini yaradarkən bəstəkar musiqiyə sanki təzadlıq gətirir.
İkinci hissəyə (eynizamanda bütün simfoniyaya) nüfuz edən ostinato prinsipi inkişaf prosesini dinamikləşdirən aparıcı amildir.
Uzun müddətli ostinatolar, ifadəli faktura təzadları, üslubun zənginliyi - bu xüsusiyyətlər ikinci hissədə və sonralar silsilənin bütün hissələrində öz inkişafını tapır.
Simfoniyanın 3-cü hissəsi (Andante) cəsarətlə “meditasiya” adlandırmaq olar. Səsin personofikasiyası dramaturgiya funksiyası da müəllifin rejissor keyfiyyətlərinə dəlalət edir. Bildiyimiz kimi mövzuların bir rüşeymdən tədricən yaranması muğam melosunun təşəkkülü üçün də xasdır. Hərəkət prosesinə diskret cizgilər aşılayan 3-cü hissənin quruluşu ekspressiv intonasiya vahidliyi və xüsusi professionallıqla uzlaşdırılan muğam tematizmi həmin hissənin dramaturgiyasını zənginləşdirmişdir. Muğam tematizminin əsasını üçxanəli fraza təşkil edir və onun potensialı olduqca qüvvətlidir. Həmin tematizmin ikinci dəfə təkrarı “Çahargah” muğamının daha da aydın, aşkar səslənməsinə dəlalət edir. Bildiyiniz kimi “Çahargah” muğamının “Mənsuriyyə” şöbəsində “Mirzə Hüseyn Segahı” muğamının rəvan hərəkətli keçidi peyda olunur. Məhz buna görə lad boyası (re bekar-re diyez-re bekar) burada “Segah”-dan “Çahargah” və geri qayıtma prosesini göstərir.
Muğam tematizminin üçüncü dəfə səsləndirilməsi “Andante”-nin fəzasını genişləndirir, mövzunun yeni mərhələyə keçməsinə imkan yaradır. Bu mərhələdə xüsusi olaraq viola aləti ilə bas-klarnetin “dialoqu” diqqəti cəlb edir və bu bölmədə “harmoniyanın kontrapunkt konsepsiyası” (Y.N.Xolopov) melizmlərin ənənəvi tətbiqi, sakit registr qarşılaşdırmaları 3-cü hissənin ümumi xarakterinə bənzərsiz keyfiyyətlər aşılanır.
“Andante”-nin orta bölməsində yeni “ostinat sıraları” musiqiyə zəriflik gətirir və həmin “ostinat sıraları” fonunda meditativ mövzu səslənir. “Andante”-nin reprizası gözəl ifadəli və zəngin orkestr dili ilə səslənir.
Cəsarətlə demək olar ki, meditasiya 3-cü hissədə ümumiləşdirici funksiya icra edib, ifadəli təzad yaratmaqla yanaşı, həmçinin emosional obrazın ardıcıl inkişafından daha bir mövzu halqasıdır. Musiqi fikrinin tədricən açılması aparıcı intonasiya özəyinin formayaradıcı xüsusiyyətləri inkişafın professionallığı və dinamik mərhələlərə “bölünməsi” muğamdan gələn cəhətlərdir.
Simfoniyanın finalı - Allegro non troppo - əsərin dramaturgiyasını ümumiləşdirir, həyat lövhələri sanki müəllifin təxəyyül süzgəcindın keçib əks olunur. Dördüncü hissənin musiqisi bəstəkarın yüksək professionallıq səviyyəsini,yaradıcılığının mürəkkəbliyini təstiq edir. Bu hissədə bəstəkarın polifonik sənətkarlığı ən yüksən zirvəyə qalxır. Digər tərəfdən bu hissədə meditasiya prinsipi yeni boyalarla zənginləşdirir. Simfoniyanın finalında bəstəkar başqa hissələrin ritm intonasiyalarının səsləndirir.
Vasif Adıgözəlovun novator simfoniyaları bir çox görkəmli dirijorların repertuarına daxil olub. Müntəzəm olaraq, bu gözəl əsərləri müxtəlif konsert salonlarında radio və televiziyada eşidirik.
Məqaləmi gözəl ifaçımız, Azərbaycan Respublikasının Xalq artisti, professor Ramiz Quliyevin sözləri ilə tamamlamaq istərdim: “Vasif Adıgözəlov mənim üçün əsərlərini sevə-sevə ifa elədiyim,bütün dinləyicilər tərəfindən əsil məhəbbətlə qarşılanan bir bəstəkardır. Demək olar ki, öz vətənimizdə və səfərdə olduğum bütün xarici ölkələrdə onun böyük ustalıqla sənətkarlıqla qələmi aldığı əsərlərin təkrar-təkrar alqışlandığının şahidi olmuşam. Onun hansı janrlarda bəstələdiyindən asılı olmayaraq hamısı musiqi xəzinəmizin inciləridir”. Ona görə V.Adıgözəlov xalqdan “aldığını” xalqa layiqincə qaytara bilən istedad sahibidir.
Ədəbiyyat:
1) N.Cəfərov. “Tarixiliyin müasirliyi...və müasirliyin tarixiliyi”. Bakı: “Elm və təhsil”, 2011, -76 səh.
2) Ş.T.Rzayeva. “V.Adıgözəlov.Vətən sevgisi”. Bakı: “Azərbaycan”, 2017, -184 səh.