"Musiqi dünyası" № 1 (86) 2021
Article №10; 8696-8704 pр.
Pikə AXUNDOVA-TALIBLI. Muğam tədrisi və qeyri-xəttilik: ululuq və müasirliyin çarpazlaşması kimi
Text PDFArtıq bəlli bir müddətdir ki pedaqogikada “model” anlayışının istifadə olunmasına baxmayaraq hələ də dərin kök salmış xətti modellər yaradılmasına yönəlmiş istiqamətlər özünü biruzə verməkdədir. Sözügedən modellər təbii ki özündə birtərəfli inkişaf prosesini ehtiva edir. Lakin onu da qeyd etmək lazımdır ki, pedaqogika elmi bilavasitə insani münasibətlərlə bağlı olduğu üçün bu artıq məsələnin özəyində duran qeyri-xətti xarakterdən xəbər verir. Belə ki, pedaqoji prosesin qeyri-xəttiliyi artıq əldə olunmuş, illərlə yaranmış prinsipləri yetərsiz edir və proseslərin gedişat istiqamətlərində gözlənilməz dəyişikliklər üçün zəmin yaradır. Belə ki, inkişaf bifurkasiya anında istiqamət cığırlarının təsadüfi seçimi nəticəsində baş verir. Təsadüf özü-özlüyündə isə bir daha təkrarlanmır.
Lakin bütün bunlar sürətli, xətti proqnozlaşmadan uzaqlaşmaq mənasına gəlmir, belə ki, təfəkkürümüzün əsas standartı olan bu tip yanaşmanı qoruyaraq onun tədbiq olunma əhatəsini daha dəqiq bilməliyik.
Sadə xətti hadisələr müəllimin mənəvi və intellektual qüvvəsinin qənaətlə işlənməsinə zəmin yaradır. Lakin bu əsas tədris strategiyası üçün heç də yetərli deyildir. Buna görə də artıq uzun müddətdir ki, tədris prosesində ənənəvi yanaşmalara alternativ axtarışı davam edir və qeyri-xətti yanaşma tərzi yaradıcı metodoloji axtarışların ən uğurlu tapıntısıdır desək heç də yanılmarıq.
Məlum olduğu kimi qeyri-xəttilik prinsipi özündə qeyri-xətti təfəkkür tərzini ehtiva edir ki, bu da eyni zamanda nəzəri konstruksiyaların çoxmənalılığı ilə də ifadə olunur. Bu yanaşmanı tədris prosesinə şamil etmək olar: belə ki, bu prinsipə görə hansı bir hadisənin uğur daşıyıcısı olub-olmadığını birmənalı olaraq təyin etmək qeyri-mümkündür, başqa sözlə desək müəllim yetirməsi haqqında olan təəsuratdan tam əmin ola bilmir, o əminliklə tələbənin inkişaf tempini və istiqamətini müəyyən edə bilmir. Yalnız birlikdə, dialoq prosesində qarşıya qoyulan məsələlərin yaxınlaşan həll yollarını tapmaqla irəliyə doğru addımlamaq mükün olur.
Tədqiqat işimizin əsas təhlil istiqaməti olan muğam sənəti isə məlum olduğu kimi şifahi şəkildə tədris olunur və bilavasitə tədris prosesində dialoq prinsipinin əsas mövqeyə malik olması ilə xarakterizə olunur. Belə ki, müəllim tələbəyə muğam-dəstgahı hissə-hissə ifa edir, tələbə isə onu bəzən dəqiq, əksər hallarda isə variativləşmiş şəkildə təkrar edir. Burada yaranan proses qeyri-xəttiliyə yol açır. Təbii ki, müəllim tələbənin ifa olunmuş motivi və ya frazanı necə təkrar edəcəyindən xəbərsizdir. Bununla da ona yaradıcı təfəkkürünü istifadə etmək üçün maksimum şərait yaradır. Tələbənin keçilən muğama münasibəti, hissiyatı artıq müəllimin gələcək inkişaf üçün təxmin etdiyi istiqaməti dəyişə bilər.
Beləliklə, yaradıcı axtarışların yeni metodoloji konsepsiyasını özündə ehtiva qeyri-xətti yanaşma tərzi tamlığı ilə muğamların tədris prosesinə uyğundur.
Ümumilikdə bu yanaşma tərzinin təhlili və tədbiq olunma miqyasının çoxalan mürəkkəblik, polistrukturluq, paradoksal dinamika, funksional ambivalentlik, ani reaksiyanın əhəmiyyəti, alternativ seçimləri kimi bir sıra qolları mövcuddur ki, bütün bu məqamlar muğam-dəstgahların ifası, eyni zamanda tədrisi zamanı bir-birilə zəncirvarı şəkildə bağlı olur. (7,45)
Konseptual qeyri-xətti model özündə əsas elementlərin çoxobrazlı əlaqə üsullarını da ehtiva edir ki, bu məqamın bir qədər üzərində durmaq istərdik:
Belə ki, sinergetik paradiqmanın əsas tərkib hissələrindən olan fraktallıq məlumdur ki, muğam-dəstgahların dramaturji və intonasion inkişaf qatlarında öz mövcudluğunu qoruyub saxlayaraq əsasən Bərdaşt və Mayənin özək intonasiyalarının bütün dəstgah boyu bu və ya digər formada özünü təsdiq etməsi ilə izah olunur. Yuxarıda adı çəkilən “əsas elementlərin çoxobrazlı əlaqə üsulları” prinsipi də dəstgahın inkişaf prosesində mühüm rol oynayan bir növ açar intonasiyaların şöbələrarası əlaqə, o cümlədən hər yeni dalğanın təkan qüvvəsi və eyni zamanda tamamlayıcı funksiya daşıması amili ilə müqayisə oluna bilər.
Bundan əlavə sözügedən əsas elementlər yeni bifurkasiya qatları üçün də zəmin yaradır. Belə ki, yeni dalğaya təkan və yaxud koda funksiyası daşımasından asılı olmayaraq bu elementlər fərqli şöbələrdə, fərqli abu-hava yaradaraq yeni bifurkasiya qatını hazırlayır.
Sadalanan bütün məqamları bilavasitə muğam-dəstgahların tədris prosesinə də şamil etmək olar. Belə ki, hər bir ifaçıdan son dərəcə yüksək fantaziya və yeniliyə hazırlıq tələb edən variantlıqlar çoxluğu tədris prosesində də improvizələr üçün geniş şərait yaradır. Təbii ki, muğamların daxili quruluşunda mövcud olan qatlar tədris prosesində müəllim və tələbəni qeyri-xəttiliyə yol açan yeni kəşflər etməyə sövq edəcəkdir.
Bu məqamda bir qədər sabit və dinamik formaların qarşılıqlı əlaqə sisteminə toxunmaq istərdik: (7, 47) Belə ki, muğamların tədris prosesi strukturun qeyri-xətti inkişafının yeni elementlər halında aşkar olunmasına imkan yaradır. Başqa sözlə desək, fərqli əlaqə tiplərinin eyni məqsədə qulluq etməsini aşkarlayır. Burada aşkar olunmuş əlaqə tipləri sabit, onları yaradan inkişaf prosesi isə dinamik funksiyaya xidmət edərək məhz qarşılıqlı əlaqə nəticəsində eyni təkan nöqtəsindən öz başlanğıcını götürən və hər dəfə yeni bifurkasiya qatını hazırlayan musiqi materialı bütöv bir dramaturgiyanı yaradır. Burada vacib məqamlardan biri bifurkasiyaların məntiqi ardıcıllığı və yuxarıda qeyd olunan, eyni zamanda qeyri-xətti metoloji aspekti özündə ehtiva edən “çoxalan mürəkkəblik” prinsipidir. Əksər hallarda əgər bu inkişaf dramaturgiyasının məntiqi düzgün qurularsa onun qayıdışını da eyni bifurkasiya qatları vasitəsilə həyata keçirmək mümkün olur. Bəzən isə alternativ seçimi çoxalır və yaradıcılıq aktı zamanı təfəkkür fərqli bifurkasiyalar vasitəsilə qayıdışa yönəlir. Bu da bir daha qeyri-xətti əsasların muğam dramaturgiyasında, onun ifaçılığı və bilavasitə tədrisində nə qədər geniş yer tutduğunu sübuta yetirir.
Onu da qeyd edək ki, qeyri-xətti metodoloji yanaşmada tədris prosesinin qrup halında və ya individual şəkildə keçirilməsi də əsas şərtlərdən biridir. Belə ki, muğamın istər instrumental, istərsə də vokal tədrisi çox zaman məhz qrup halında aparılır. Bu isə öz növbəsində ümümi nəticənin xeyrinə, eyni zamanda da zərərinə işləyə bilər. Hətta bəzən tədris zamanı prosesdə iştirak edən üzvlər arasında yaradıcı əlaqə sayəsində yeni nəticələr əldə oluna bilər ki, bu eyni zamanda pedaqoq üçün də nəzərdə tutduğu tədris prosesinin istiqamətini dəyişə bilər.
Danılmaz faktdır ki, məhz polemika nəticəsində yaranabiləcək yeni fikir, yeni istiqamət xüsusən improvizə başlanğıcı daşıyaraq dəqiq çərçivələrdən uzaq olan və hər bir ifaçı və pedaqoqdan son dərəcə yaradıcı münasibət tələb edən muğam sənətində yeniliklərin yaranması üçün daha əlverişli şərait yaradır.
Beləliklə də məqsədlərə doğru gedən və qarşıda duran məsələləri maksimum yaradıcı formada həllinə yönələn bu tədris prosesi şəxsiyyətin formalaşması, onun professional hazırlığının təmin olunmasını olunması üçün mühüm bir bazaya çevrilir.
Əgər muğam kompozisiyasının inkişafında yuxarıda qeyd olunan “sabit və dinamik formaların qarşılıqlı əlaqəsi” ümumilikdə bütöv bir dramaturgiyanı yaradırsa, qrup halında həyata keçən tədris prosesində isə sabit və dinamik inkişaf amilləri kimi çıxış edən fərdlər bu prosesin müxtəlif dalğalarını yaradır və pedaqoq üçün ümumi tədris istiqamətini müəyyənləşdirməyə zəmin yaradır.
Qeyri-xətti metodoloji yanaşmanın bir sıra tərkib hissələrini araşdırıb muğam-dəstgahların tədris prosesi ilə qarşılaşdırsaq da zənnimcə bütün bu nəzəri təhlillərə pedaqoqun öz təcrübəsindən çıxış edərək irəli sürdüyü fikirləri əlavə etmək yerinə düşərdi. Belə ki, ustad tarzən, uzun illər pedaqoji fəaliyyətlə məşğul olaraq böyük bir ifaçı nəsli yetişdirən Vamiq Məmmədəliyev şəxsi praktikasına arxalanaraq aşağıdakı fikirləri yürütmüşdür: “Muğamların tədrisi hər bir tələbənin yaradıcı təxəyyülünə bağlı olduğu üçün burada yalnız improvizə qabiliyyəti yüksək olan ifaçı müəyyən nailiyyət əldə edə bilər. Elə tələbələr vardır ki, yalnız müəllimin göstərişləri ilə kifayətlənir.”
Ustadın “hər sözü hər tələbəyə demək olmur” cümləsində yuxarıda qeyd olunan və qeyri-xətti metodoloji yanaşmada mühüm əhəmiyyət kəsb edən pedaqoqun “tədris prosesinin hamı üçün eyni olmaması” fikri bir daha öz təsdiqini tapır (5,26) Belə ki, eyni bir muğam-dəstgahı fərqli tələbələrə fərqli üsullarla aşılayan pedaqoq hər fərdin individual keyfiyyətlərini nəzərə alaraq dərs prosesində istənilən yeniliyə açıq və hazır olmalıdır. Buna da səbəb qeyd olunduğu kimi muğamların şifahı şəkildə tədrisi və yaradıcı təxəyyüllə sıx bağlı olmasıdır.
Bundan əlavə, Vamiq Məmmədəliyevin qeyd etdiyi kimi muğamlar şifahi şəkildə öyrənildiyi üçün burada ifaçılıq tarixində mühüm iz qoymuş ustadların ifa üsullarından bəhrələnərək hər bir müəllim müəyyən bir tədris metodu seçir. Lakin yalnız qeyri-xətti təfəkkürə malik olan pedaqoq hansı ifa üsulunu hansı tələbəyə tədris etməyi özü üçün təyin edir. Bu amillər təbii ki, tədris prosesində daha aydın olur.
Vamiq Məmmədəliyev bir fikri də xüsusi vurğuladı ki, elə ifaçılar var ki, onlar təkrarlanmaq istəmədikləri üçün heç zaman müəllimliklə məşğul olmur. “Əsas olan odur ki, tələbəyə istiqamət düzgün verilsin, şöbələr, kadensiyalar tamlığı ilə çatdırılsın və yalnız yaradıcı təbiətə malik olan tələbə verilən istiqamət çərçivəsində özünü tapacaqdır.” O, eyni zamanda muğam ifasında təkrarçılığın əlehinədir və insanın önündə bu qədər geniş improvizə aləmi açan muğam sənətinin əsasında mövcud olan potensialdan geniş istifadəni tövsiyyə edir. Bifurkasiyalar üçün isə parlaq fantaziya, yüksək bilik və təcrübə mütləqdir.
Müsahibimiz həm də etiraf edir ki, bəzən müəllim də tələbədən öyrənə bilir. Belə ki, tədris prosesi zamanı tələbənin ixtiyari, yaxud qeyri-ixtiyari ifaya qatdığı müxtəlif çalarlar müəllim üçün dərsin gələcək yolunu müəyyənləşdirən faktora çevrilə bilər. Məhz bu halda qeyri-xətti metodoloji yanaşmadan söhbət gedə bilər.
Onu da qeyd edək ki, ənənəvi tədris prosesi dərsi əhatə edəcək ümumi məzmunun hissələrinin ardıcıl və fasiləsiz quruluşu üzərində qurulub. Bu hissələr arasında məntiqi əlaqə mövcuddur və müəyyən xətti “konstruksiya” nı özündə ehtiva edir. Məhz bu konstruksiyada biliklərin əldə olunması prosesi reallaşır. (8)
Məlumdur ki, bu tipli təlim prosesləri tədris müddətinin əsaslı qənaətinə səbəb olur, lakin əsas məqsəd formalaşmaqda olan şəxsiyyətin inkişafına deyil, informasiya əldə etməsinə xidmət edir. Bununla bərabər tədris prosesi özü-özlüyündə tələbənin daxili dünyası ilə çox zəif şəkildə əlaqədar olur və fərdi keyfiyyətlərin, eləcə də yaradıcı məqamların aşkarlanması şəraiti demək olar ki yox dərəcəsində olur.
Təhsilin yeni paradiqması isə tədris prosesinin tamamilə yeni modelini özündə ehtiva edir. Bu isə öz növbəsində təhsil alan hər bir fərdin biliklərin əldə olunması prosesinin subyektinə çevrilməsi üçün maksimum şərait yaradır. Ən əsası isə professional inkişafa gedən yolda özünün individual əhatə dairəsini təyin etməyə kömək edir. (8)
Beləliklə, tədris prosesində qeyri-xəttiliyin tədbiqi professional inkişafın tempinin sürətləndirilməsi, tədrisin təkamül prosesinə mane olan bir sıra məziyyətlərin aradan qalxmasına birbaşa xidmət edir.
Əgər indiyə qədər olan bir sıra araşdırma və təhlillərdə bifurkasiya prinsipinin muğam-dəstgahların daxili quruluşunda yetərində geniş şəkildə ifadə olunmasını təhlil etmişdiksə, təhlillərin bu yönümündə isə bu amilin muğamların tədrisi prosesində nə formada təzahür etdiyini bir qədər araşdırmaq istərdik:
Beləliklə, tədris prosesində qeyri-xəttiliyin tədbiqi bilavasitə polifurkasiya tendensiyası ilə sıx əlaqədardır. Furkasiya anlamı latın dilindən “bölünmə” mənasını ifadə edir və hər hansı bir axının iki bifurkasiyaya ayrılmasını özündə ehtiva edir. Lakin bu axın daha çox hissələrə ayrılarsa bu zaman polifurkasiyalar yaranır.
Çağdaş fəlsəfə, riyaziyyat, coğrafiya, tibb, sosiologiya, pedaqogika və s. elmlərdə tədbiq olunan “bifurkasiya” və “polifurkasiya” terminləri birbaşa yaradıcı təfəkkürə bağlı olan musiqi elminə və bilavasitə muğam sənətinə, eyni zamanda onun tədris prosesinə olduqca yaxındır.
Muğamın tədrisi prosesində furkasiyalar böyük əhəmiyyətə malikdir, belə ki bu tədris prosesi boyu tələbə muğamın qeyri-sabit, mürəkkəb, eləcə də qeyri-xətti təbiətini hiss edərək bu xaos içində onun əsas qanunauyğunluqlarına bələd olaraq özünün orientirini tapmağa çalışır. Bu o qədər önəmli bir məqamdır ki, hətta ilk baxışdan elə də əhəmiyyətli görünməyən bir akt ümumi dramaturji axarı dəyişə bilər. Başqa sözlə desək, ilkin şərtlərin əhəmiyyətsiz dəyişikliyi bütöv bir sistemi başqa vəziyyətə gətirib çıxarır. (8) Yəni, muğama dərindən bələd olaraq ona yaradıcı yanaşan ifaçı öz ifası zamanı məhz qeyri-xətti qatlar nəticəsində hətta ən kiçik görünəbiləcək detalın təkanı sayəsində açılan yeni bifurkasiya qatına keçid edəcəkdir.
Beləliklə sözügedən qeyri-xətti, qeyri-oridinar proses yeni imkanların yaranması üçün çox əlverişli bir şərait yaradır. Eyni zamanda yaranan bütün yeni qatlar istənilən ifaçını öz yaradıcı təfəkkürünü daha mürəkkəb, daha dərin sistemlərdə reallaşdırmağa çağırır və bütöv bir muğam dramaturgiyasını tamamilə fərqli boyalarda, fərqli formada qavramağa imkan yaradır.
Bu yanaşma tərzi hər bir ifaçının professional inkişafında krizis xarakterini aşkara çıxarır. Krizis vəziyyəti özü-özlüyündə bir çox filosofların fikrincə insanları baş verənlərin səbəb axtarışına sövq edir. Məhz bu axtarış nəticəsində də hər bir fərd özünüinkişaf prosesində krizisdən çıxış yollarını ayırd edir və bu təkamülün növbəti qatları üçün yeni cığırlar açır.
Onu da qeyd etmək lazımdır ki, sözügedən professional inkişaf prosesində məhz krizis anları sayəsində tələbə əslində onun üçün birmənalı xarakter daşıyan bir çox biliklərin qeyri-sabitliyini dərk edir, bunun nəticəsində isə qarşıda duran növbəti inkişaf mərhələlərinin variantlılığı daha da çoxalır.
Başqa sözlə desək, muğam-dəstgahlara yaradıcı yanaşma sayəsində hər bir ifaçı onun daxilində olan geniş variativ xüsusiyyətlər sayəsində daha dərin qatlara nüfuz edir. Bu bifurkasiyalar nəticəsində isə hər növbəti etap onun qarşısında daha maraqlı və zəngin palitralı bifurkasiya qığılcımları yaradır ki, bu da ümümulikdə istər ifaçılıq sənəti, istərsə də tədris prosesində tamamilə yeni cığırlara yol açaraq tələbənin daha çoxşaxəli professional inkişafına zəmin yaradır.
Beləliklə məhz qeyri-xətti yanaşma sayəsində ənənəvi sistemlər yeni imkanlar əldə edir. Bu isə öz növbəsində seçim alternativlətinin çoxalmasına gətirib çıxarır.
Seçimin variativliyi qeyri-xətti tədris prosesinin hər bir subyektinin qarşısında yeni cığırlar açır ki, bu da muğam sənətinin həm ifası, həm tədris prinsipləri ilə sıx paralellər aparmağa imkan yaradır.
Məzmun, üslub, forma baxımından hər bir ifaçının yaradıcı təxəyyülünün daha böyük inkişafı üçün zəmin yaradan bu amillər birbaşa muğamların tədris prosesinə də şamil oluna bilər və bununla da sinergetika və muğam sənəti, eləcə də onun tədrisi məsələləri bir daha şərq təfəkkürü və qeyri-xətti yanaşma tərzinin bir-birilə sıx əlaqədar olması faktını sübuta yetirir.
Qeyri-xətti tədris prosesi özü-özlüyündə hər bir tələbəni daha müstəqil düşünməyə vadar edir. Onları yeni axtarışlara sövq edərək dünyagörüşünü genişləndrir. Bundan əlavə hər bir fərdin müstəqil özünüdərk fəaliyyətini daha düşünülmüş formada həyata keçirərək aldığı bilikləri daha dərin qavramasına şərait yaradır.
Gələcək mütəxəssisin yaradıcı və tənqidi təfəkkürünün inkişafı, eyni zamanda onun mənəviyyatının zənginliyinə də yönələn qeyri-xətti tədris prosesi əldə olunan biliyin daha dərk olunmuş şəkildə qavranılmasını təmin edir.
Xüsusən şifahi şəkildə tədris olunan və bilavasitə həm pedaqoq, həm tələbənin improvizə qabiliyyətlərini aşkara çıxararaq inkişaf etdirən muğam sənəti qeyri-xətti paradiqmanın bir sıra tərkib hissələri ilə olduğu kimi tədrisi məsələləri ilə olduqca sıx əlaqədar olması faktını bir daha təsdiqləyir.
Beləliklə, qeyri-xətti yanaşma tərzinin bir çox müddəalarının şərq təfəkkürü və onun parlaq nümunəsi olan muğam sənətinin əsasında olduğu və eyni zamanda bu konsepsiyanın muğam-dəstgahların ilkin ifa üsulları ilə bənzərlik təşkil etməsi qədim tarixə malik muğam sənətini sinergetik prinsiplər əsasında təhlil etməyə zəmin yaradır.
Muğam kompozisiyasının sinergetik prizmadan təhlili onun tədqiqi sahəsində yeni cığırlar açaraq müasir elmi nailiyyətlər vasitəsilə bu qədim sənət növünün ilkin ifa üsullarını, dramaturji xəttini aşkarlayır və muğam dəstgahlara daha geniş aspektlərdən yanaşmaq üçün şərait yaradır. Bütün bu məziyyətlərin nəinki muğam dəstgahların ifası, eləcə də tədris prosesinə şamil olunması bir daha bu sənət növünün nə qədər unikal və universal keyfiyyətlərlə zəngin olmasından xəbər verir.
Beləliklə, araşdırmalarımıza kiçik yekun olaraq əldə olunan qənaətlərin muğam-dəstgahların tədqiqi sahəsində mühüm bir addım olacağını düşünürük. Belə ki, qeyri-xətti yanaşma tərzi muğam dəstgahların həm ilkin ifa üsullarını bərpa edir, eyni zamanda da innovasiyalar ilə uzlaşır. Başqa sözlə desək, o həm qədim, həm də innovativdir. Öz daxili strukturu və dramaturji inkişaf xətti ilə sinergetik paradiqmanın müddəlarını əsaslandırmağa zəmin yaradan muğam sənəti isə şübhəsiz ki, hələ bundan sonra da yaranacaq yeni musiqi janr və üslubları, eləcə də yeni elmi nailiyyətlərlə qarşı-qarşıya qoyularaq daha da şaxələnəcək və daha yeni tədqiqatlar üçün geniş zəmin yaradacaqdır.
Ədəbiyyat siyahısı:
1. Князева Е. Н., Курдюмов С. П. Синергетика: начала нелинейного мышления // Обществ. науки и современность. 1993.
2. Митина Л. М. Психология профессионального развития учителя. М.: Моск. психол.-социал. ин-т, 1998.
3. Мукушев Б. А. Синергетическое образование // Стандарты и мониторинг в образовании. 2006.
4. “Muğam aləmi” II Beynəlxalq Elmi Simpoziumunun materialları, 15-17 mart, 2011, Şərq-Qərb Bakı, 2011
5. Нелинейное мышление и его проявления в профессиональной деятельности учителя//Алёна Давиденко. Учёные записки ЗабГУ. 2016. Том 11, № 2
6. Azərbaycan xalq musiqisi (oçerklər). Bakı, Elm, 1981.
7. Зборовский Г.Е. Методологические подходы к исследованию трансформации линейной модели высшего образования в нелинейную // Вестник Нижегородского университета им. Н.И Лобачевского. Серия: Социальные науки. – 2017. №3(47), с. 44-50
9. Üzeyir Hacıbəyli. Azərbaycan xalq musiqisinin əsasları. Bakı, Yazıçı, 1985
10. Z. Məmmədov. Bəhmənyarın fəlsəfəsi. Bakı, 1983
11. Z. Məmmədov - Azərbaycanda XI-XIII əsrlərdə fəlsəfi fikir, Bakı, 1978
10.Пригожин И. Философия нестабильности // Вопросы философии. — 1991. — № 6 C.46-52
11. Смирнов А. Ишракизм// Новая философская энциклопедия, М, 2000
12. Энциклопедия азербайджанского мугама. Баку, 2012
13.Azərbaycan xalq musiqisi (oçerklər). Bakı, Elm, 1981.
14.Üzeyir Hacıbəyli. Azərbaycan xalq musiqisinin əsasları. Bakı, Yazıçı, 1985
15. “Muğam aləmi” II Beynəlxalq Elmi Simpoziumunun Materialları, 15-17 mart, 2011, Şərq-Qərb Bakı, 2011
16.Mehdiyev Ramiz. Fəlsəfə. Bakı, 2003
17.Е.Н. Князева, С.П. Курдюмов.Основания синергетики. Москва, Ком Книга, 2005
18. И.А. Евин. Искусство и синергетика. Москва, Ком, 2009