"Musiqi dünyası" № 1 (86) 2021
Article №2; 8637-8638 pр.
Zemfira SƏFƏROVA. Əbdülqadir Marağainin yaradıcılığında innovasiya özəllikləri
Text PDFXIV - XV əsrlərdə (1353-1435) Yaxın və Orta Şərqin musiqisində parlayan böyük bəstəkar, musiqişünas, şair, xanəndə və kalliqraf, həmvətənimiz Marağalı Əbdülqadirin yaradıcılığında innovasiya özəllikləri böyük əhəmiyyət kəsb etmişdir.
Ə.Marağai özündən əvvəl gələn ənənələri yekunlaşdırmış və eyni zamanda musiqi elminə çoxlu innovasiyalar gətirmişdir. İlk növbədə muğam elmində 24 şöbə haqda nəzəriyyə yeni idi və bu sahədə birincilik Əbdülqadir Marağaiyə məxsus idi. Qeyd edək ki, 12 muğamın və 6 avazın yaranma xüsusiyyətləri artıq Səfiyəddin Urməvidə (XIII əsr) müfəssəl işlənmişdi, lakin 12 klassik muğamdan törəmə və yaranması, inkişafı daha sonrakı dövrə aid 24 şöbənin əmələ gəlməsi, tədqiqi Əbdülqadir Marağainin adı ilə bağlıdır. Əbdülqadir Marağainin “Came əl-əlhan”, “Məqasid əl- əlhan”, “Fəvaid əşəra” risalələrinin hər birində 24 şöbə haqda fəsillər vardır. Ə.Marağai şöbələrin adlarını gətirir və bir-bir onların özəlliklərinin təhlilini verir. Biz də alimin verdiyi ardıcıllıqla şöbələrin adlarını və gətirdiyi bəzi özəllikləri təqdim edirik.
1) Dügah. 2) Segah. 3) Çahargah. 4) Pəncgah. 5) Aşara. 6) Novruzi-ərəb. 7) Mahur. 8) Novruzi-xara. 9) Bayatı. 10) Hisar. 11) Nühuft. 12) Üzzal. 13) Oruc. 14) Neyriz. 15) Mübərqə. 16) Rəkb. 17) Səba. 18) Humayun. 19) Zabul. 20) İsfahan. 21) Bəstə Nigar. 22) Huzi. 23) Nihavənd. 24) Mühəyyər.
Şöbələrin birincisi “Dügah”dır. “Dügah”ın iki pərdəsi “bud tanini”, yəni böyük ton intervalını yaradır – fa-sol. Sonra Əbdülqadir belə sual verir ki, nə üçün “Dügah”ın başlanğıcını do-dan yox, fa-dan etmişik, çünki fa-dan do-ya qədər melodiyanın daha gözəl ifası mümkündür. Yuxarı tərəfdən isə gəzişməyə imkan yaranır, oktavada “Dügah”ı iki tərəfdən kvarta intervalı əhatə edir.
İkinci şöbə “Segah”dır, üç tondan ibarətdir. “Tanini” intervalına bütöv ton əlavə etməklə əmələ gəlir, həm yuxarı tərəfdən, həm də aşağıdan birləşə bilər. Fa-lya koron (koron ½ bemol deməkdir, yarım bemol işarəsi ilə qeyd olunur.) O da “Dügah” kimi dairənin ortasında qurulur.
Üçüncü şöbə “Çahargah”dır. Bu “Segah”a bir mücənnəb, kiçik bütöv tonun birləşməsindən və ya “Dügah”a iki mücənnəb intervalının birləşməsindən əmələ gəlir. Onun pərdələri belədir: Do, re, mi, fa-dır və ya fa, sol, lya koron, si bemol. Mücənnəb (cim) kiçik ton (180 sent) deməkdir. Bu cür Ə.Marağai hər şöbənin yaranması üçün daha münasib, daha yeni yollar arayıb tapır və bu yeniliyi risalələrində təqdim edir.( Bu barədə daha ətraflı bilgi almaq istəyənlər mənim Əbdülqadir Marağai haqqında əsərlərimə müraciət edə bilərlər).
Ə.Marağai ilk dəfə risalələrində dövrünün musiqi formaları və janrlarının adlarını göstərmiş, quruluşunun təhlilini vermiş, özəlliklərini təqdim etmişdir. Məs. “Növbəti-mürəttəb”, “Bəsit”, “Naşidi-ərəb” və s.
Marağai qeyd edirdi ki, qədim müəlliflər “Naşidi ərəb”i elə bəstələyirdilər ki, iki ərəbcə beyt nəsrdə və iki beyt nəzmdə səslənirdi. Beləliklə, “Naşidi ərəb” həm sərbəst vəzndə, həm də ritmik cəhətdən müəyyənləşmiş musiqidən ibarət idi. Birinci hissə “Novruzi ərəb”də “Mühəmməs” ritmik dairədə, ikinci hissə isə “Hicaz”da “Rəməl” ritmində olurdu. “Haşidi ərəb”dən sonra “Bəsit”də musiqi bəstələnərdi. “Bəsit” tamamilə sərbəst formadır. Ərəb şeirləri əsasında “Saqili əvvəl” və ya “Saqili sani” və yaxud başqa ritmik silsilədə oxunur. Birinci “Soyt əl-vəsət” və ya “Taşiyə”dən ibarətdir. İkincidə “Taşıya” mütləq olmalıdır, “Soyt əl-vəsət” isə olmaya da bilər. Marağai qeyd edir ki, sultanlar arzulamışdılar ki, onu iki bozğəşt, yəni refren ilə ifa edək, onların göstərişinə görə bu belə də bəstələnirdi.
“Növbəti –mürəttəb” (ardıcıl silsilə deməkdir) 4 hissədən ibarətdir. Qayl, Qəzəl, Təranə, Forudəşt. O dövrün ən mürəkkəb formasıdır. Marağai Ramazan ayının hər günü üçün “Növbəti –mürəttəb” yazmışdır. O, kvadrat formasına uyğun olmasın deyə onu 5 hissədə bəstələmişdir. Marağai bu əsərləri Ramazan ayının hər günü üçün Sultan Yveysin fərmanına və müqaviləsinin şox sərt şərtlərinə əsasən yazmış və müsabiqədə parlaq qələbə qazanmışdı. Bu maraqlı və tarixdə qalacaq qeyri-adi müsabiqədə Marağai 100.000 dinarlıq mükafat qazanmışdı.
Ə.Marağainin ritm (iqa) və musiqi alətləri sahəsindəki ixtiraları, innovasiyaları, gətirdiyi yeniliklər musiqimizi əsrlər boyu təravətləndirmişdir. O, yeni ritmik silsilələr və musiqi alətləri icad etmiş, mövcud olanlardan da ona məxsus üsullarla istifadə etmişdir.
Alim son risaləsi olan “Fəvaid-əşərə”nin yeddinci fəslinin birinci hissəsini ritmin silsilələrinin izahına həsr edir. Burada Marağai qədim altı ritmdən əlavə (Səfiyəddin Urməvinin “Kitab ül-ədvar”da gətirdiyi ritmlərdən əlavə) öz dövrünün sultanlarının arzusu və sifarişi ilə yeni müasir ritmləri yaratdığını və onların əsasında yeni musiqi əsərləri yazdığını bildirir. Onun hər bir ritmik silsiləsinin xüsusi adı olmuşdur: “Zərb ül fəth” (49 zamanlı), “Zərb ül rabin”, “Devri şahi”, “Devri Adl” (ədalətli) (28 zamanlı), “Devri Qumriyyə” (8 zamanlı), “Dərbi cədid” (14 zamanlı), “Devri miateyn” (200 zamanlı).
Marağainin özünün icad etdiyi və yuxarıda adlarını çəkdiyimiz 7 üsuldan başqa əsərlərində devirlərini, yəni dairələrini gətirdiyi çoxlu üsullar mövcuddur ki, onları gətiririk:
Saqili əvvəl (16 zamanlı), Saqili Sani (16 zamanlı), Həfifi Saqil (16 zamanlı), Saqili Rəməl (24 zamanlı), Rəməl (12 zamanlı), Mühəmməs (8 zamanlı), Həfifi Rəməl (10 zamanlı), Həzəc (10 zamanlı), Fatihi (10 zamanlı), Cahar dərb (24 zamanlı), Türki əsl (20 zamanlı), Türki əsl qədim (24 zamanlı), Türki Həfif (12 zamanlı), Türki səri (6 zamanlı), Mühəmməs kəbir (16 zamanlı), Mühəmməs eysat (8 zamanlı), Mühəmməsi saqiyir (4 zamanlı).
Beləliklə, biz Ə.Marağainin musiqiyə və elmə gətirdiyi yeni ritmik silsilələr ilə, həm də onun işlətdiyi və artıq elmə məlum olan ritmik üsulları ilə tanış olduq.
Marağainin özünün icad etdiyi alətləri isə xüsusi qeyd etmək istərdik. Bunlardan – çini sazı kasat, onlar sazı tasat da adlanır. Əbdülqadir bu aləti ilk dəfə 1378-ci ilin yanvarında Ərdəbildə Səfəvilərin ikinci şeyxi Sədrəddinin hüzurunda olduğu vaxt çaldığını göstərmişdir. Bu alət adından da məlum olduğu kimi , çini kasalardan meydana gəlmişdir və bu kasaların sayı 76 olmuşdur. Kasalara müəyyən ölçüdə su tökülürdü və mizrabla vurulduqda hər birindən müxtəlif cür səs çıxırdı. Aşağıdan yuxarıya, pəstdən zilə qalxdıqca kasaların boyları da kiçilirdi. Əbdülqadir “Məqasid əl-əlhan” da və “Fəvaid əşərə” də bu alətin şəklini, daha doğrusu onun planını çəkmişdir. Bu iki şəkil arasında kiçik fərq vardır. Bu planda kasalar cütləşmiş üç sırada yerləşdirilib verilmişdir.
Sazı elvah, yəni lövhələr aləti. Marağai bu alətin də planını “Məqasid əl-əlhan” və “Fəvaid-əşərə” risaləsində verir. Bu alət üç sırada düzülmüş 46 ədəd mis lövhədən ibarətdir. Birinci sırada 10 ədəd, ikincidə 18 ədəd mis lövhə verilir. Bu alət ksilofona bənzəyir. Lövhələrin üzərinə mizrabla vurulmaqla çalınır.
Kanuni-Mürəssəi müdəvvər. Marağai yazır ki, ondan əvvəl gələn musiqiçilərin bəzi kitablarında bu alətin adı çəkilir, lakin unudulduğuna görə o özü bu aləti işlədərək yenidən həyata qaytarmışdır. İçi ovulmuş ağacdan qayrılmış bir dəyirman daşı şəklindəki gövdənin üzərinə 36 ədəd sim gərilir və bu simlər 24 ayrı səs çıxarırlar. Alətin məlum yerlərinə iki ip taxılır, iplər çəkilərək gövdəni hərəkətə gətirirlər. Bu vaxt da simlərə mizrabla toxunulur və alət müəyyən səslər çıxarır. Qeyd edək ki, Marağainin gətirdiyi bu alətin şəklini türk araşdırıcısı M.Bardakçı Marağai haqqında kitabının üz qabığında vermişdir.
Bu alətlərdən başqa Marağai onun dövründə işlənilən böyük miqdarda musiqi alətlərinin adını çəkir, onların xüsusiyyətlərini və quruluşunu açıqlayır. Alimin gətirdiyi və açıqladığı simli alətlər bunlardır: Udi-qədim, Udi-kamil, Tarabül –fəth, Şeştay, Tərabrüd, Tanburi Şirvaniyan, Tanburi-türki, Ruh-efza, Qopuzu-rumi, Ozan, Rübab, Rudi-hani, Şahrud, Tarantay, Şıdırğı Tühvətül –ud, Künkərə, Pipa, Kanun, Yatıqan, Cəng, Eqiri, Sazi –dolab, Müğni Kamança, Çiyək, Nayi-tanbur, Yektay. Nəfəsli alətlət isə bunlardır: Nayi səfid, Zəmri siyeh, Nay, Surna, Nayçeyi balaban, Nayi cavər, Nəfir, Bak, Borğu, Nayi-hiyk, Musiqar, Çirçik və Ərğanundur.
Ə.Marağai musiqi alətləri içərisində ən birinci və ən kamil insan səsini hesab edir və onun xüsusiyyətlərini açıqlayır. Diapozunu iki oktavaya (zilküll marrateyn), bərabər olan güclü səs səbihi adlanır. Bu səs həm zəngulə, həm qlissando eləməyi bacarır, həm də boğaz və burun adlanan səsləri özündə birləşdirir.
Ə.Marağai səslərin keyfiyyəti, xüsusiyyətləri haqqında “Kənzül əl-əlhan” əsərində müfəssəl danışmışdır. “Fəvaid-əşərə”də isə o 41 növün yalnız adını çəkir. Məsələn, əl-Maud (uzanan səs), əl-qəsr (qısa səs), əl-layan (yumşaq səs), əl-ibtida (başlanğıc səs), əl-tərəddüd (tərəddüdlü səs), əl-vakf (kiçik səs) və sair.
Marağainin elmi əsərlərində musiqimizin aşıq sənəti ilə bağlı məlumatlarına əsasən alimin verdiyi alətlər və janrlar bölmələrində rast gəlirik ki, onlardan da aşıqlar arasında çox yayılan alətləri – qopuzi-rumini, ozanı, şıdırğını, sazi-dolabı, janrlardan isə “həvai”ləri, “nakş”i və başqalarını göstərmək olar.
Marağainin risalələrində açıqladığı mühüm məsələlərdən biri də musiqinin mahiyyəti, onun sənətin digər növlərindən olan fərqi haqqında olan səhifələrdir. Musiqinin müəyyən zaman içərisində inkişafı, müəyyən vaxt müddətində mövcudluğu, onun bu spesifik xüsusiyyətləri vurğulanmışdır. Alimin risalələrində toxunduğu məsələlərdən biri də musiqiçilərin məclislərdə özlərini necə aparmaq qaydaları və məclisdə iştirak edənlərin xasiyyətinə uyğun repertuarın seçilməsidir. Onun böyük yaradıcılıq təcrübəsi müxtəlif mövzulara həsr edilmiş zəngin repertuarın yaranmasına səbəb olmuşdu.
Maraqlıdır ki, Marağai əsərlərində ladlarla bərabər 9 kökün adını verir. Uluq kök, Aslan çəp, Kutadğu, Borstarçay, Çentay, Hinsak, Şenrak, Yurs və Məhzum. Onlardan Uluq kök ən qədim lad olan Rasta uyğun gəlir.
Marağai risalələrində melodiyanı müşayiət edən instrumental müşayiətin qaydalarında mizrabin simə vurğuların müxtəlif üsullarından da danışır.
Beləliklə, Əbdülqadir Marağainin bütün yaradıcılığını təhlil və tədqiq etdikdən sonra, ingilis alimi Corc Farmerin Ə.Marağai haqqında dediyi fikirlə razıyıq ki, Əbdulqadir Marağai musiqi haqda orta əsr elminin son klassikidir.
Əbdülqadir Marağainin elmi irsi, onun risalələri orta əsr musiqi elminin zirvəsidir, musiqi əsərləri isə musiqi sənətimizin ən qədim nümunələri olaraq klassik əsərlər içərisindədir. Bu gün Şərq musiqi elmini, musiqisini necə ki, Səfiyəddin Urməvisiz, eləcə də Əbdülqadir Marağaisiz təsəvvür etmək qeyri mümkündür. Onların gücü də, əhəmiyyəti də məhz bu varislik və müstəsnalığın innovasiya özəlliklərindədir.