"Musiqi dünyası" № 1 (86) 2021

Article №9; 8688-8695 pр.
Fəridə ƏHMƏDBƏYOVA. Mənim müəllimim (Rauf Atakişiyevin xatirəsinə)
Text PDF

Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük qayğı göstərən əvəzolunmaz musiqiçi, görkəmli sənətkar, Azərbaycanın xalq artisti, professor Rauf İsrafil oğlu Atakişiyevin adı milli musiqi mədəniyyətimizin tarixinə böyük irs qoymuşdur. Onun çoxcəhətli istedadında vokalçı, pedaqoq, pianoçu və artist keyfiyyətləri bir -birinə qovuşmuşdur.

1953 – 1994-cü illər ərzində Rauf Atakişiyev Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, eyni zamanda konservatoriyanın “İxtisas fortepiano” fakultəsinin aparıcı pedaqoqu olmuşdur. 1969-cu ildən “İxtisas fortepiano” kafedrasının müdiri vəzifəsində çalışan, illər ərzində özünü Azərbaycan professional musiqisinin inkişafına həsr edən Rauf Atakişiyev, həm Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında müğənni kimi, həm də konservatoriyada uğurlu pedaqoji fəaliyyəti ilə məşğul olmuşdur.

Mahir müğənni (lirik-dramatik tenor) Rauf Atakişiyev Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında P.İ.Çaykovskinin “Yevgeniy Onegin”, “İolanta”, M.Musorqskinin “Boris Qodunov”, Ş.Qunonun “Faust”, C.Rossininin “Sevilya bərbəri”, J.Bizenin “Karmen”, Donisettinin “Sevgi şərbəti”, S.Prokofyevin “Monastırda nişan” operalarında, Ü.Hacıbəylinin “Arşın mal alan”, “O olmasın bu olsun” operettalarında aparıcı tenor partiyalarının gözəl solisti idi.

Rauf Atakişiyev özünün yaradıcılığı boyu Azərbaycan bəstəkarlarının bir çox mahnı və romanslarının ifaçısı olmuşdur. Rauf müəllim Azərbaycan musiqi sənətinin korifeylərindən Ü.Hacıbəyli, A.Zeynallı, F.Əmirov, Q.Qarayev, T.Quliyev, A.Məlikov, S.İbrahimova və digər bəstəkarların bir çox mahnı və romanslarının təkrarolunmaz ifaçısı olmuşdur.

Eyni tərzdə gözəl vokal imkanları və yüksək pianoçuluq istedadı olan Rauf Atakişiyev, ömrü boyu müğənni və pianoçu kimi aktiv konsert fəaliyyəti ilə də məşğul olurdu. Keçmiş SSSR-nin və xarici ölkələrin ən nüfuzlu konsert salonlarında uğurla çıxış etmiş Rauf Atakişiyevin repertuarı geniş və müxtəlifdir. Rauf müəllim Rusiya, Ukrayna, Orta Asiya, Gürcüstan, Bolqarıstan, Almaniya, Polşa, İngiltərə, Belçika, Lyuksemburq, Portuqaliya və dünyanın digər ölkələrində qastrolda olan zaman öz gözəl konsert proqramları ilə musiqisevənləri heyran qoymuşdur. Qeyd olunmalıdır ki, mahir müğənni kimi çıxış edən Rauf Atakişiyevə SSSR-inin və Azərbaycanın xalq artisti, professor, gözəl pianoçu Fərhad Şəmsi oğlu Bədəlbəyli böyük məharətlə müşayiət edirdi. Konsertmeyster ustalığının sənətini zənginləşdirən Fərhad Bədəlbəylinin ifası özünə məxsus tərziylə fərqlənirdi. Demək olar ki, onların ifasında əvəzolunmaz iki böyük ustad sənətkarların, müğənni və royalın səs tembrləri qovuşaraq bir-birini tamamlayırdı. Rauf Atakişiyev və Fərhad Bədəlbəylinin konsert proqramlarında bir çox rus bəstəkarlarının: M.Qlinka, N.Rimskiy-Korsakov, A.Qurilyov, A.Qreçaninov, P.Çaykovskiy, S.Raxmaninovun romansları təkrar olunmaz sənətkarlıqla ifa olunmuşdur. Onların bənzərsiz çıxışları geniş tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanırdı.

1983-cü ildə Belçika və Lyuksemburqda, qastrol zamanı SSSR-inin və Azərbaycanın xalq artistləri, əfsanəvi vokal ustadları Tamara Sinyavskaya, Müslüm Maqomayev və Azərbaycanın xalq artisti, gözəl pianoçu Rauf Atakişiyev geniş və maraqlı konsert proqramı ilə musiqisevənləri heyran etmişdilər. Yüksək pianoçuluq keyfiyyətinə malik olan Rauf Atakişiyev konsertlərdə eyni zamanda həm solist, həm də konsertmeyster kimi böyük məharətlə çıxış etmişdir. Mahir pianoçunun solo proqramına F.Şopenin, P.Çaykovskinin, Q.Qarayevin əsərləri daxil olmuşdur. Rauf Atakişiyevin konsertmeyster kimi çıxışlarında V.Motsartın, A.Borodinin, N.Rimskiy-Korsakovun, S.Raxmaninovun, Ü.Hacıbəylinin əsərləri böyük məharətlə ifa olunmuşdur. Demək olar ki, dünya musiqi mədəniyyətinin üç korifeyləri - Tamara Sinyavskaya, Müslüm Maqomayev və Rauf Atakişiyevin parlaq və unudulmaz konsertləri geniş tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanmışdır.

Mənə Rauf Atakişiyevin sinfində təhsil almaq xoşbəxtliyi nəsib olmuşdur. Yadımdadır ki, Rauf müəllim ilə tanışlığım Asəf Zeynallı adına musiqi texnikumun fortepiano şöbəsində gözəl pedaqoq Harri Bayramoviç Həbibovun sinfində oxuyan zaman olmuşdur. Təhsil alan illərdə mən müxtəlif konsertlərə gedirdim, eləcə də Rauf Atakişiyevin tələbələrinin konsertləri ilə tanış olmuşdum və çox bəyənmişdim. Təhsilimi Rauf Atakişiyevin sinfində davam etdirməyi arzu edirdim. Asəf Zeynallı adına Musiqi texnikumunu fərqlənmə diplomu ilə bitirdikdən sonra Ü.Hacıbəyov adına Azərbaycan Dövlət konservatoriyasına əla qiymətlərlə daxil oldum. O zaman Rauf Atakişiyevin sinfində konservatoriyanın ən istedadlı tələbələri təhsil alırdı və onun sinfi tərkibinə görə konservatoriyanın ən öndə gedən sinfi idi. Rauf Atakişiyevin sinfinə qəbul olunmaq olduqca çətin idi. O zaman Rauf müəllim onun sinfində oxumaq arzusunda olan tələbələrin ifaçılıq qabiliyyətini, texniki və musiqi ustalıq səviyyəsini, pianizm vərdişlərini nəzərdən keçirdikdən və bəyəndikdən sonra onunla məşğul olmağa razılıq verirdi. Rauf müəllim məni dinləyəndən sonra öz sinfində oxumağa razılıq verdi.

Rauf Atakişiyev gözəl insani keyfiyyətləri ilə seçilən, insanlara münasibətdə xeyirxahlığı, sadəliyi, nəzakəti ilə fərqlənən bir adam idi. O, həmişə tələbələrini özünə cəzb edirdi, hamı onun sinfində oxumağı arzulayırdı.Tələbələr onu təkcə görkəmli bir musiqiçi kimi deyil, gözəl insan kimi də sevirdilər. Rauf Atakişiyevin hər dərsi tələbələr üçün əsl yaradıcılıq prosesi və nadir istedada malik musiqisi ilə ünsiyyətdə olmaq demək idi. Gərgin iş şəraitində çalışan, böyük enerji və yüksək yaradıcılıq fəaliyyəti göstərən, yorulmaq bilməyən Rauf Atakişiyev yetirmələri ilə böyük həvəslə və əzmlə çalışırdı.

Qeyd olunmalıdır ki, Rauf Atakişiyevə Moskva konservatoriyasının görkəmli sənətkarlarından, ən nüfuzlu pedaqoqlarından olan, böyük opera vokal ustası Antonina Vasilyevna Nejdanova və məşhur pianoçu Konstantin Nikolayeviç İqumnovdan təhsil almaq xoşbəxtliyi nəsib olmuşdur. Görkəmli müğənni və gözəl pianoçu Rauf Atakişiyevə xas olan yüksək ifaçılıq keyfiyyətlərini əldə etməkdə böyük nüfuza malik olan, əvəzolunmaz, rus pianoçu, pedaqoq, fortepianoda “kantilena” sirrinin ustadı Konstantin İqumnovun təsiri olmuşdur. Rauf Atakişiyev həm ifaçılıq, həm də pedaqoji prinsiplərində bir növ Konstantin İqumnovun davamçısı olmuşdur. Rauf müəllim pedaqoq kimi ifaçılara opera müğənnilərinə daha çox qulaq asmağa tövsiyə edirdi, çünki insan səsi təbiətin yaranan ən gözəl alətidir. Yalnız bənzərsiz vokalçılardan mahir frazalaşdırma, incə nüanslar, “nəfəsin” sirlərini öyrənmək olar.

Son dərəcə gözəl xarakterə malik olan Rauf Atakişiyev dərslərdə əsərin interpretasiyası üzərində işləyərək heç vaxt öz fikrini tələbələrə qəbul etdirməyə can atmırdı. O, peşəkar ustalığın sirlərini açaraq, sanki yeni, daha dərin təsvirini tapmağı təklif edirdi.

Mahir bir müğənni olan Rauf müəllim əsas diqqəti musiqinin ən mühüm elementi olan melodiyaya yönəldirdi. Sadəlik və təbiilik, gözəllik və anlaşıqlı ifa tərzi, musiqi fikrinin aydın ifadə olunması bu böyük sənətkarın dəyərli cəhətləri idi. Rauf müəllim məşğələlərdə not mətninə, frazalaşdırmanın incəliyinə, bunun insan səsinə bənzədilməsinə, bilək hərəkətlərinə, “rubato”nun düzgün mütənasibliyinə, pedallaşdırmanın təmizliyinə və ifanın başqa keyfiyyətlərinə də xüsusi diqqət yetirirdi. Melodiyanın frazalaşdırması üzərində səylə çalışdığımız zaman Rauf Atakişiyev çox vaxt öz yumşaq, həzin səsi ilə oxuyurdu. Tələbələr də musiqi əsərini ifa edən zaman ona diqqətlə qulaq asır, gözəl müğənninin hər notunu incəliyinədək dinləməyə çalışırdılar və dərhal bir andaca hər şey – frazalaşdırma da, melodiyanın “nəfəsi” də və demək olar ki, əsərin bədii qayəsi də tamam dəyişirdi.

Rauf Atakişiyevin pedaqoji repertuarı çox geniş və maraqlı idi. Tədris müddətində tələbələr çoxlu sayda polifonik əsər, konsert, sonata, etüd, iri həcmli pyeslər və s. İfa edirdilər. Tələbələrin repertuarına yalnız qədim musiqi deyil, müasir nümunələr və Azərbaycan bəstəkarlarının əsərləri də daxil edilirdi. Rauf müəllim dərs zamanı tələbə ilə yalnız imtahan və ya konsertlər üçün nəzərdə tutulan proqram üzərində çalışmaqla kifayətlənmirdi, ifa etdiyi əsərlərdən başqa digər bəstəkarların müxtəlif əsərlərinə də müraciət edirdi.

Böyük fədakarlıqla çalışan, yorulmaq bilməyən Rauf müəllimin royalda ifası unudulmaz təəssürat yaradırdı.Rauf Atakişiyev özünün məlahətli ifası ilə tələbələrə təsir göstərən yüksək ifaçılıq mədəniyyətinə sahib olan pedaqoq idi. Mahir pianoçunun iri, yumşaq və eyni zamanda güclü barmaqları royalın dilləri üzərində gəzir və gözəl müğənninin ecazkar səsi eşidilirdi. O, oxuyanda da, royalda ifa edəndə də öz işinin mahir sənətkarı kimi yüksək peşəkarlıq, güclü temperament, gözəl zövq, əsl artistizm və musiqiyə məhəbbət nümayiş etdirirdi. Rauf müəllimin ifasında L.Bethovenin 27 saylı sonatanın (e-moll) birinci hissəsinin səslənməsini unutmaq çətindir. Böyük ilhamla, incə zövqlə, bənzərsiz kontrast obrazı, orkestr çalarları ilə səslənən pianistin heyranedici ifası yaddaşımda silinməz iz qoymuşdur.

Rauf Atakişiyev tələbələrinin ifa etdiyi ən mürəkkəb konsertlərini həmişə özü müşayiət edirdi. Onunla bir ansamblda ifa etmək çox maraqlı idi. Yadıma gəlir ki, mənimlə L.V.Bethovenin fortepiano üçün 5 saylı konsertini (Es-dur) birlikdə ifa edən zaman royal arxasına keçməzdən əvvəl Rauf müəllim zarafatla deyərdi: “İndi səni Boston simfonik orkestri müşayiət edəcək!” Həqiqətən də, bu görkəmli sənətkarın əlləri toxunan zaman royal sanki simfonik orkestr kimi səslənirdi. Bu alətin səslənməsini Rauf Atakişiyev nəfəs, zərb alətlərin, violin, violonçelin tembrlərinə yaxınlaşdıra bilirdi. Onu dinləyərkən səslənmənin dərinliyi və genişliyi, sadəliyi, fikrin aydınlığı, coşğunluğu və möhtəşəmliyi bizi heyran edirdi.

Tələbəlik illərini xatırlayaraq, 1978-ci ilin noyabrın 10-da Azərbaycan Dövlət konservatoriyasının Böyük zalında Rauf Atakişiyevin tələbələrinin iştiraki ilə sinif konserti keçirilmişdir. Həmin tədbirdə demək olar ki, Rauf müəllimin bütün tələbələri iştirak etmişdir. Onların sırasında Yalçın Adıgözəlov, Ülviyyə Hacıbəyova (Vəliyeva), Fəridə Əhmədbəyova, Safura Sultanova, Natiq Rzazadə və başqaları böyük uğurla çıxış etmişdilər. Geniş konsert proqramında mənim ifamda səslənən Frederik Şopenin 2 saylı Skertsosu (bes-moll) dinləyicilər tərəfindən bəyənilmişdir. Ümumiyyətlə demək olar ki, o dövrdə Rauf Atakişiyevin sinfində konservatoriyanın ən istedadlı tələbələri təhsil alırdı və onun sinfi konservatoriyanın aparıcı siniflərindən biri olmuşdur. Rauf məllimin yetirmələri daim yüksək musiqiçi keyfiyyətləri ilə, bilik və qabiliyyəti, ifaçılıq ustalığı ilə fərqlənirdi. Onun tələbələrinin iştirakı ilə keçən konsertlər geniş əks-səda doğururdu və bu konsertlərin proqramları müxtəlif dövrlərin bəstəkarlarının əsərlərindən ibarət olurdu. Konsertlərdən öncə Rauf müəllim hər bir ifaçını ruhlandırmaq, səhnə çıxışına hazırlamaq baxımından böyük bir peşəkar idi. O, söhbətləri ilə ifaçının səhnədə soyuq-qanlı olmağa, diqqətini yalnız yüksək artistizm və uğur əldə etməyə yönəldirdi. Rauf Atakişiyevin hər bir tələbəyə olan münasibəti olduqca həssas idi.

Həmin dövrün yadda qalan hadisələrindən biri olan 1980-ci ilin aprelin 10-da konservatoriyanın fortepiano fakultəsinin tələbələrinin iştirakı ilə məşhur alman bəstəkarı Robert Şumanın anadan olmasının 170 illiyinə həsr olunmuş yubiley konserti idi. Orada konservatoriyanın ən nüfuzlu olan pedaqoqları R.Atakişiyevin, E.Səfərovanın, U.Xəlilovun, T.Seyidovun, T.Qasımovanın tələbələri Robert Şumanın fortepiano əsərlərini böyük uğurla ifa etmişdilər. Belə tematik tədbirlər konservatoriyanın konsert həyatında həm tarixi, həm də təcrübi baxımından olduqca əlamətdar və əhəmiyyətli hadisə idi. Böyük konsert proqramında mən də Rauf Atakişiyevin tələbəsi kimi R.Şumanın “Karnaval” əsərini uğurla ifa etmişdim. Rauf müəllim bu əsərin ifası zamanı zəngin tembr çalarlarına nail olmasını, incə və rəngarəng, dərin səslənmə ilə kantilena ifa olunmasını, musiqi fikirini bir növ teatrallaşdırmasını tələb edirdi. Bu əsərin ifasında Rauf Atakişiyev müxtəlif sənət növlərindən nümunələr gətirirdi, obrazlı qavrama yolu ilə bədii ifadəliyə, melodik axının təbii səsləndirilməsinə izahlar verirdi. Bununla bərabər o, əsərin ideya məzmununun açılmasında rejissor rolu oynayırdı, onu səslənmə, musiqi fikri, bədii ifa maraqlandırırdı. Professor ifa olunan frazanın bitkinliyini, pauzalarda zaman hissiyatını vacib hesab edirdi.

Rauf müəllimin hər dəfə yeni il ərəfəsində tələbələrini evinə toplamaq ənənəsi onun sadəliyini və qonaqpərvərliyini sübut edən amillərdən biri idi. Rauf müəllimin yoldaşı, Bülbül adına orta ixtisas musiqi məktəbinin müəllimi, qonaqpərvər insan Zyulya Lvovna Atakişiyevanın hazırladığı dadlı yeməklər təkrarolunmaz idi. Burada dünya şöhrətli, əfsanəvi vokalçı Müslüm Maqomayevin, Rauf müəllimin assistenti, beynəlxalq müsabiqələr laureatı, gözəl pedaqoq Vasif Həsənovun, çoxlu sayda tələbələrin və digər musiqiçilərin iştirakı bizim üçün əlamətdar bir hadisə idi.

Rauf Atakişiyevdən dərs aldığım illər mənim yaddaşımda fortepiano üzrə Dövlət Buraxılış imtahanının keçirilməsi qalmışdır. O zaman konservatoriyada Dövlət Buraxılış imtahanlarına münsiflər heyətinin sədri SSSR-nin ən nüfuzlu olan pedaqoqları dəvət olunurdu. Mən konservatoriyanı bitirən il Dövlət buraxılış imtahanların sədri məşhur sovet pianoçusu, Ukraynanın əməkdar artisti Nikolay Petroviç Suk idi. Mənim ifa etdiyim buraxılış imtahanındaki proqramım çox maraqlı idi: İ.S.Bax-Prelüd və Fuqa bes-moll ( II tom), L.V.Bethoven – 31 saylı Sonata As-dur, op.110, F.Şopen - 1 saylı Skertso h-moll, S.S.Prokofyev 2 saylı Sonata d-moll, op.14, F.List – Fortepiano üçün 1 saylı Konsert Es-dur. Bu proqramı ifa etmək üçün mən Rauf müəllim ilə çox ciddi hazırlaşmışdım. Adları sadalanan bəstəkarların musiqisinə böyük rəğbətlə yanaşan Rauf Atakişiyev, belə geniş proqramın üzərində çalışmağı və müxtəlif dövrlərin bəstəkarlarının fikir və üslublarını duymağı və hiss etməyi öyrədirdi. O məşğələ zamanı bütövlüklə əsəri bir neçə dəfə əvvəldən axıra kimi ifa etməyi də məsləhət görürdü ki, bu da həm ifaçının fiziki və psixoloji dözümlüyünü möhkəmləndirməyə, həm də əsərin formasının, ideya və məzmununun düzgün hiss edilməsinə və kompakt ifa olunmasına hesablanırdı. Ümumiyyətlə, professor hər bir əsərin sistematik olaraq hər gün kompleksli şəkildə nəzərdən keçirlməsinin vacibliyini tövsiyə edirdi. Nəticədə mən Dövlət Buraxılış imtahanını uğurla ifa etdim və münsiflər heyəti tərəfindən qeyd olunan tələbələrdən biri oldum.

Ümumiyyətlə, bir mütəxəssis kimi, fortepiano və vokal sənətinin peşəkarı olan Rauf Atakişiyev dünyanın görkəmli musiqiçilər tərəfindən nəinki bizim respublikada, hətta bir sıra xarici ölkələrdə ifaçıların ciddi beynəlxalq müsabiqələrində münsiflər heyətinin üzvlüyünə dəfələrlə dəvət olunmuşdur. Məsələn, Moskva şəhərində keçirilən S.Raxmaninov adına pianoçuların Ümümittifaq müsabiqəsi, Bakıda keçirilən M.Qlinka adına vokalçıların XII Ümümittifaq müsabiqəsi, Polşada keçirilən F.Şopen adına pianoçuların müsabiqəsi, Almaniyada keçirilən Şuman adına beynəlxalq müsabiqəsi, Yunanıstanda keçirilən Mariya Kallas adına vokalçıların beynəlxalq müsabiqəsi, Braziliyada, Kanadada, İspaniyada və digər ölkələrdə keçirilən müsabiqələrin adlarını çəkmək olar. O, münsiflər heyətinin üzvü kimi öz təəssüratlarının maraqlı fərqlərini məqalələrdə, resenziyalarda, intervyularda paylaşmışdır.

Əvəzolunmaz musiqiçi, bütün həyatı boyu öz sənətinə sadiq olan Rauf Atakişiyev, 40 ildən çox pedaqoji fəaliyyəti ərzində bütün qüvvə və bacarığını musiqiçilər nəslinin tərbiyəsinə həsr etmişdir. Tələbələri ondan bir xəzinə kimi bəhrələnirdilər. Ömrünün son günlərinədək musiqiyə xidmət göstərən böyük sənətkarın pedaqoji prinsipləri, ifaçılıq xüsusiyyətləri tələbə nəslinin yetişdirdiyi musiqiçilərin fəaliyyətində davam edir.

Ümumiyyətlə, pedaqoq kimi böyük uğurla, yüksək nəticələrə imza atan professor Rauf Atakişiyevin tələbələri nəinki respublikada, hətta onun hüdudlarından kənarda müvəffəqiyyətlə çalışırlar. Onun sinfinin məzunları sırasında dünya masştabında görkəmli şəxsiyyətlər də mövcuddur: Azərbaycanın xalq artisti, pianoçu, bəstəkar Rafiq Babayev, Azərbaycanın xalq artisti, dirijor, professor Yalçın Adıgözəlov, Azərbaycanın xalq artisti, professor Murad Adıgözəlzadə, Azərbaycanın xalq artisti, fəlsəfə doktoru, professor Ülviyyə Hacıbəyova, Əməkdar artist, professor Vasif Həsənov, Əməkdar artist, incəsənət üzrə sənətşünaslıq namizədi, professor Samirə Aşumova, Beynəlxalq müsabiqələr laureatları Boris Quslitser, Rauf Qasımov, Lalə Mustafazadə, Mark Belenkiy, Emin Məmmədov, Hacıbaba Əliyev, ABŞ – ın Florida universitetinin professoru Pərvin Muradova (Hacıyeva), Ülviyyə Manafova (Rzayeva), incəsənət üzrə sənətşünaslıq namizədi, beynəlxalq müsabiqələr laureatı, professor Fəridə Əhmədbəyova, Leyla Əliyeva, Safura Sultanova, Natiq Rzazadə və s. Yuxarıda sadalanan şəxsiyyətlərin adları bu böyük müəllimin, əvəzolunmaz musiqiçinin pedaqoji fəaliyyətinin və geniş masştabının göstəriciləridir.

Demək lazımdır ki, Rauf Atakişiyevi dəfələrlə xarici ölkələrdə dərs deməyə dəvət etmişdilər, lakin o daim Vətəndə, Xəzərin sahilində, gözəl Bakımızda yaşayıb-yaratmağı üstün tutur, öz biliyi və yaradıcılıq qüvvəsini istedadlı Azərbaycan xalqına bəxş etmək istəyirdi.

Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, ölməz sənətkar Rauf İsrafil oğlu Atakişiyevin xatirəsi onu sevənlərin və onun əlçatmaz sənətinə heyran olanların qəlbində əbədi olaraq yaşayacaqdır.

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

1. Сеидов Т. Видные деятели фортепианной культуры Азербайджана Б.,Ишыг, 1988, 168 с.

2. Сеидов Т. Атакишиев Статьи Воспоминания Материалы Нагыл еви, Б., 1999, 151 с.

3. Ахмедбекова Ф. Роль фортепиано в камерно-инструментальном творчестве азербайджанских композиторов Б.,Адильоглы, 2005, 145 с.