"Musiqi dünyası" № 3 (88) 2021
Article №1; 8738-8750 pр.
Rafael HÜSEYNOV. Doxsanında cavan olmağın Tofiq Bakıxanov düsturu
Text PDFAbidəyə çevrilərək millətə qayıdan insanlar həmişə bizə həm çox yaxın, həm də məsafəcə sanki xeyli uzaq görünürlər.
Onları yaxın, yanımızdaymış kimi ona görə təsəvvür edirik ki, izləriylə, əməlləriylə, yaratdıqlarıyla xalqın varlığına və ruhuna qovuşublar.
Hətta bəzən bu doğmalıq o qədər qabarıq olur ki, onları elə özümüzün də gördüyümüzü xəyal edir, müasirlərimiz kimi qavrayırıq.
Amma həmin abidələr önündə dayananda istər-istəməz ötüb keçən zaman haqqında da düşünürsən.
Sonsuz tarixin bir parçasına çevrilmiş bu klassiklərin daş heykəlləri sanki onları vaxtca əslində olduğundan da uzaqlara aparır, bu zirvə şəxsiyyətlərin müstəsnalığını, əlçatmazlığını daha qabarıq edir.
Üzeyir bəy, Qara Qarayev zamanca zahirən bizdən çox aralı deyillər.
Amma həm də onlar o qədər möhtəşəmdirlər ki, sanki elə əsrlərlə bu xalqla birgə olublar.
Onları bizə vaxtca yaxın göstərənsə yalnız hər gün bizimlə olan solmaz əsərləri deyil, həm də körpü insanlardır.
Bəstəkar Tofiq Bakıxanov Üzeyir bəyin, Qara Qarayevin abidəsi önündə dayananda, əlbəttə ki, bizdən fərqli hisslər keçirir.
İllərlə çalışdığı Musiqi Akademiyasına hər gələndə o, Üzeyir bəyin abidəsi ilə hər dəfə canlı insanla üz-üzəymiş kimi salamlaşır.
Tofiq müəllim bu yaşında da piyada gəzməyi xoşlayır.
Buradan, Musiqi Akademiyasından az aralıda Qara Qarayevin abidəsidir.
Həmin abidənin yanından keçərkən də Tofiq Bakıxanov hər başını qaldıranda hamımız kimi sadəcə klassikın heykəlini görmür.
Dönüb olur tələbə, yeni başlayan yolunda ustadının daimi qayğılarını, nəvazişini duyan gənc bəstəkar.
Tofiq müəllim varlığıyla, xatirələriylə həm onları yaşadır, həm daim o sevimli mühitin dalğasında olduğundan özü də cavan qalır, həm də və daha mühümü – bizi o ölməzlərin çağdaşlarına çevirir.
Üzeyir bəyi də, Qara Qarayevi də onun yaddaşlarının bələdçiliyi ilə büsbütün yeni görüm bucağından seyr edə, tamam yeni və sevimli çalarlarıyla görə bilirik.
1930–40-cı illər təqvim baxımından yaxın dövr sayıla bilər.
Amma elə bir adam tapmaq asandırmı ki, o günlərin hadisələri haqda təfərrüatları, öz görüb-eşitdiklərini bizə indi yerli-yataqlı söyləsin?!
Axı bu, indiki vaxtdan 70–80 il uzaqda qalmış günlərdir.
Lap qocaman insanları tapsan da, onların hafizəsinə bel bağlamaq olacaqmı? Axı zamanın yaddaşı korşaltmaq, bir çox baş vermişləri unutdurmaq şakəri də var.
Lakin 90-ı başa vuran Tofiq Bakıxanovun bir gözəlliyi də odur ki, 30–40 il əvvəl olduğu kimi, yaddaşı saat kimi dəqiq işləyir, sanki heç hafizəsində olanlardan bəhs etmir. Elə bil ki, gözünün qarşısından köhnə filmin kadrları keçir, o da seyr edərək sadəcə bizə gördüklərini çatdırır.
Amma o köhnə lentləri, yəqin, xatırlayırsınız. Dəfə-dəfə fırladıldığından, dönə-dönə baxıldığından adətən üstündə çoxlu cızıqlar olurdu, səsində xışıltılar, təsvirlərində təhriflər yaranırdı.
Tofiq müəllimin yaddaşının lenti isə möcüzədir ki, var.
Sanki bütün bunlar bu hafizəyə 70–80 il əvvəl yox, elə bir neçə gün bundan qabaq hopub.
1938-ci ili yada salır. Üzeyir bəy Moskvadan, SSRİ paytaxtında keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti ongünlüyündən yenicə qayıdıb. Sovet İttifaqının Xalq artisti kimi, “Koroğlu”nun zəfəri ilə qayıdıb.
Tofiq müəllim yada salır ki, Üzeyir bəygillə qonşu olublar. Bunlar yaşayıblar Zərgərpalanda, Üzeyir bəy keçmiş Ketsxoveli, indiki Şamil Əzizbəyov küçəsində. Get-gəlləri varmış.
“Bir gün Üzeyir bəy atama deyir ki, Bakıda da, rayonlarda da musiqi məktəbləri çoxdur, hamısında da tar, kamança sinifləri. Milli musiqi alətlərində yaxşı çalanlarımız da nə qədər desən. Ancaq Avropa musiqi alətləri sarıdan kasadlıqdır. Sənin 3 övladın var. Gəl onların hərəsini bir Avropa musiqi aləti üzrə yönəldək. Beləliklə, Üzeyir bəyin məsləhəti ilə atam məni skripka, qardaşım Məmmədrzanı violonçel, bacım Zivəri fortepiano sinfinə qoydu”.
Bunu da Tofiq müəllim həmin mənzərəni lap gözümüzün qarşısına gətirərək söyləyir ki, 1941-ci ildə müharibə başlayanda konservatoriya indiki Fəvvarələr meydanında birmərtəbəli binada yerləşirdi. Mən musiqi məktəbinin 3-cü sinfində məşhur skripka müəllimi Nison İliç Simberovdan (1892–1988) dərs alırdım. O, 1916-cı ildə Bakıya Xarkovdan Üzeyir bəyin dəvəti ilə gəlmişdi.
Üzeyir bəy çox vaxt həm konservatoriyada tələbələri, həm də musiqi məktəbi şagirdlərinin verdiyi konsertlərə baş çəkər, birinci sırada oturub qulaq asardı. Mən 3-cü sinifdə olanda yenə belə konsertlərdən biri idi. Skripkada ilk dəfə Üzeyir bəyin qarşısında “Leyli və Məcnun” operasından “Axşam oldu” mahnısı və Rubinşteynin bir melodiyasını çaldım. Üzeyir bəy məni təriflədi, amma bunu da dedi ki, çalış texniki cəhətdən daha mürəkkəb əsərlərdən də ifa elə”.
Üzeyir bəyin surəti Tofiq müəllimin yaddaşına, qəlbinə elə dərindən sirayət edib ki, bu yaşında da o dahi insanı anarkən sanki dönüb olur yeniyetmə, sənətdə ilk addımlarını atan gənc.
Nağıl eləyir ki, 1947-ci il sentyabrın 27-də Bakıda, Opera və Balet Teatrında Nizami Gəncəvinin 800 illiyi təntənə ilə qeyd olunarkən böyük bayram konsertinin ifaçıları arasında onun da adı varmış.
Onillik musiqi məktəbinin şagirdi Tofiq Bakıxanov səhnəyə çıxır, Belçika bəstəkarı Anri Vyotanın (1820–1881) “Skripka üçün konsert”ini ifa edir və gözəl də çalır. Yada salır ki, ifamı bitirən kimi gözlərim zalda əyləşmiş Üzeyir bəyi axtardı, gördüm gülümsəyir.
Bir neçə gün sonra Tofiq qəbul imtahanlarını vermək üçün sənədlərini konservatoriyaya təqdim edəndə yubiley konsertindəki çıxışının mükafatını alır. Söyləyirlər ki, Üzeyir bəy tapşırıb, sizi konservatoriyaya imtahansız götürürük.
Və 1948-ci ilin noyabrında dahi bəstəkarın və əziz müəllimin vəfatından sonra təsis edilən “Üzeyir Hacıbəyov” təqaüdünə layiq görülən ilk tələbə də Tofiq Bakıxanov olub.
Tofiq Bakıxanov uzun ömrü boyunca çox mükafatlar alıb. Sanki o qədər zəngin təltiflər kolleksiyasına sahib olandan sonra yenilərini nisbətən sakit qarşılamalısan.
Lakin belə deyilmiş. Mükafatdan mükafata, təltifdən təltifə də fərq varmış. 2017-ci ilin aprelində Elmlər Akademiyamızın Rəyasət Heyətinin iclasında adlı mükafatlara layiq görülən 7 nəfərin adı çəkiləndə bu sırada Tofiq Bakıxanovun da olduğunu eşidincə tədbirdən sonra ona zəng vurdum. Xəbəri çatdırıb təbrik etdim. Həddən ziyadə, uşaq kimi sevindi. Və həmin gündən sonra tez-tez məndən soruşurdu ki, bəs təqdimat nə vaxt olacaq?
Bir dəfə yenə mükafatın onlara nə vaxt veriləcəyini nigaranlıqla xəbər alanda dedim ki, Tofiq müəllim, niyə darıxırsınız, bir az tez-bir az gec, verəcəklər də, məgər mükafat görməmisiniz indiyədək?
“Sən nə danışırsan?! Axı bu, Üzeyir bəyin adına olan mükafatdı! Bəlkə kimsə o mükafatı alacaq, aparıb evində qoyacaq bir tərəfdə. Mən isə yaxamdan asacağam. Mən 70 il əvvəl də Üzeyir mükafatı almışam, indi də qismət olub. Ustadımın, mənim və ailəmizin taleyində xüsusi yeri olan bir ölməz şəxsiyyətin mükafatına layiq görülməkdən böyük nə xoşbəxtlik olar!”
Danışır, bu xatirələrdə indi adları Azərbaycan musiqi tarixinin “qızıl səhifələr”inə çevrilmiş neçə parlaq yaradıcı sabahlara ümidlərlə çalışır, yazıb-yaradır.
O zamanlardansa artıq çox, lap çox onillər sovuşub.
Tofiq müəllimsə o dünənləri elə dirildir ki, sanki heç nə uzaqlarda qalmayıb, bütün bunlar lap təzə baş verən, təəssüratlarının istisi soyumamış hadisələrdir.
Evləri daim musiqi ocağı olmuşdu. Əhmədxan Bakıxanovun mənzilinə köhnə şairlər, xanəndələr, çalğıçılar da tez-tez gələrdi, cavan bəstəkarlar, ifaçılar da.
Ağabacı Rzayeva, Hacı Xanməmmədov, Süleyman Ələsgərov, Əşrəf Abbasov, Arif Məlikov, Nəriman Məmmədov kimi cavan bəstəkarlar məsləhətlər almaqçün Əhmədxan ustada tez-tez müraciət edərmişlər, vaxtaşırı təzə əsərlərini də göstərərmişlər. Elə onların söhbətlərinə qulaq-asa-asa Tofiq də kimsəyə bu barədə bir söz demədən xırda əsərlər bəstələyirmiş.
Konservatoriyanı bitirdikdən sonra Musiqi texnikumunun direktoru olan Süleyman Ələsgərov onu işə götürübmüş. Tofiq skripka üçün yazdığı kiçik konsertləri çalmaqçün tələbələrə verirmiş. Bir dəfə texnikumda imtahan komissiyasının sədri olan bəstəkar Cövdət Hacıyev növbəti tələbənin ifasından sonra maraqlanır ki, bu əsərin bəstəkarı kimdir.
Tofiq etiraf edir ki, mənimkidir, kifayət qədər not əsəri yoxdur, ona görə boşluğu doldurmaqçün özüm bir neçə belə əsər hazırlamışam.
Cövdət Hacıyevin təkidi ilə həmin əsərləri də götürüb gəlir konservatoriyanın rektoru Qara Qarayevin yanına. Qara müəllim götürür notlardan birini, diqqətlə baxır və qərarını verir: “Tofiq, sən mütləq bəstəkarlıq şöbəsində oxumalısan. Bəstəkarlıq istedadın var. Amma bunlar həvəskar işlərdir. İstedad azdır. Həm də bilik lazımdır. Gəl, səni öz sinfimə götürəcəyəm”.
Canlı tarix olan Xalq artisti Tofiq Bakıxanov sanki özünü borclu, məsul sayır ki, ən xırda cizgiləri də unutmasın, arxada qalmış onillərdəki Azərbaycan mədəniyyətinin şərəfli tarixinin hadisələrini, simalarını bugünün insanlarının hisslərində, düşüncələrində diri olaraq yaşatsın.
Tofiq Bakıxanova bu cavabdehlik duyğusunu həvalə etmiş ilk böyük qüvvə onun daşıdığı soyad, həmin şəcərənin nəcib ənənələridir.
Səsi mənəviyyat dünyamızın dörd bucağından gələn və həmişə də bizimlə qalacaq Üzeyir Hacıbəyli muğamımızı 12 sütunlu, 6 bürclü möhtəşəm qəsrə bənzədirdi.
Elə tarixin seçilmişlərdən, üstünlərdən etdiyi hər millətin də vüqarla yüksəlmək, ayaqları üstündə möhkəm dayanmaq, dünyanın hər yerindən və zamanın ən uzaqlarından da görünə bilməkçün öz sütunları, öz bürcləri olur.
Şərəfli nəsillər və parlaq şəxsiyyətlər milləti qüdrətli, fərqli, öndəgedən etməyə qadir əsas daşıyıcı divarlar, vacib dayaq sütunlarıdır.
Azərbaycanın, millətimizin əbədi var olan belə mötəbər sütunları sırasında şanlı Bakıxanovlar sülaləsinin də mötəbər məqamı var.
XXI əsrin artıq ikinci onilinin başa çataraq təzə onilinin gəldiyi, yeni minilliyin asta-asta yaşa dolduğu bu tarix kəsiyində Azərbaycan musiqisinin canlı klassiklərindən olan Tofiq Bakıxanov şəxsiyyəti, təsirinin əhatəsi və işığı ilə yalnız övladı olduğu Bakıxanovlar nəslinin deyil, qırılmaz tellərlə bağlandığı digər şöhrətli nəsillərimizin də gözlərimiz önündəki rəmzi, örnəyi, dərslərindən öyrəniləsi və yaşam tərzindən ibrət götürüləsi təmsilçisidir.
Tanıyanların əksərinin adı ilə deyil, sadəcə “Müəllim” kimi müraciət etdiyi tarzən Əhməd Bakıxanov 1973-cü il martın 24-də müsahibə verirdi.
Əhmədxan ustad o düşüncələrini bölüşəndə Novruz gəlmişdi, yeni yaz başlanırdı. Vur-tut 2 gün sonra isə onun sənət sevgisi ilə dolu xeyirxah ürəyi dayanacaq və müsahibə qəzetdə artıq Əhməd Bakıxanov həyatda olmayanda – martın 31-də dərc ediləcək.
Ancaq böyük ustadın həmin müsahibəsindəki axırıncı sözləri, artıq vəfatından sonra insanlara çatan bu fikirləri həm nəslinin və şəxsən onun özünün keçdiyi bütöv yolun mahiyyətinə, həm də həyatda əbədi qala bilməyin səbəbinə, fəlsəfəsinə işıq tuturdu: “Biz özümüzü də, taleyimizi də sənətə bağlamışıq. Həyatda hər şey qarşılıqlı olmalıdır baxımından sənətin də taleyi bizə bağlıdır. Ümumiyyətlə, musiqi həyatımızda ürəkaçan hər şey elə bil məni cavanlaşdırır, ömrümü uzadır”.
Bakıxanovlar nəslində millətə istedadı ilə xidmət yolunu tutanlar arasında Əhməd Bakıxanov nə birinci idi, nə də sonuncu.
Elə Əhmədxan ustadın oğlu, görkəmli bəstəkarımız Tofiq Bakıxanov da bu nəciblik qatarında axırıncı deyil, artıq bu nəslin yeni ulduzları parlamaqda, iftixar oyadan ənənələri davam etdirilməkdədir.
Amma sirr həmin sirr, düstur həmin düsturdur. Gərək seçdiyin məslək və tutduğun yola qəlbən bağlı olasan, vicdanla xidmət edəsən, bu yolda əməyi olan başqalarının da hər uğuruna həsədlə baxmayasan, qısqanmayasan, maneələr törətməyəsən, bunlara sənin öz nailiyyətin, doğma millətinin müvəffəqiyyəti kimi ürəkdən sevinəsən.
Onda həm xoşbəxt olacaqsan, həm də daim cavan qalacaqsan.
Bunun ən bariz sübutu elə 90-ında da cavanlıq şövqü, işləmək, yazıb-yaratmaq həvəsi ilə dolu, yaratdıqlarının hər yeni səslənişi və təqdimatına sanki bu, ilk dəfə baş verirmiş kimi, səmimiyyətlə fərəhlənən bəstəkar Tofiq Bakıxanovdur.
Onu bu qırımda görənlər daha doxsan barəsində deyil, bu dəyərli şəxsiyyətin qibtəediləsi gənc ruhu ətrafında düşüncəyə dalırlar.
Söz yox, əsas olan da elə məhz ruhdur, daxili gücdür. Bu varsa, sən istənilən yaşında məhsul verməyə qadir sağlam ağac kimisən, bu yoxsa, elə gənc ikən həprəm qocasan, heydən düşmüsən.
“Yaşın müəyyən həddinə çatandan sonra mən ömrümü illərlə deyil, onillərlə hesablamağa başladım. Beşinci onillik həlledici idi. Çünki qəfilcə dərk etdim ki, demək olar, ətrafımdakıların hamısı məndən cavandır. Altıncı onillik yaşadığım ən dolu ömür parçası oldu. Çünki məndə belə güman yaranmışdı ki, daha səhvlər buraxmağa vaxtım yoxdur. Yeddinci onillik ən qorxulusu idi. Çünki o təsəvvür məni rahat buraxmırdı ki, bu, ömrümün axırıncı onili ola bilər. Ancaq doxsan yaşımın tamamında bir səhər yatağımda diri və xoşbəxt halda yuxudan oyananda ağlıma belə bir fikir gəldi ki, həyat heç də Heraklitin dediyi axıb keçən coşqun çay deyilmiş. Ömür qaynar bir sal daşın üstündə digər böyrün üstündə çevrilərək daha 90 il də o istini canına çəkməyin nadir fürsəti imiş”.
Bu, özünə və başqalarına sadəcə təsəlli verən adi bir qoca insanın düşüncələri deyil. Bu, ixtiyar çağlarınadək əli qələmli olmuş, uzun və ləzzətli ömür yaşamış, dünyanın ən ağıllı və həssas insanlarından olan kolumbiyalı yazıçı Qabriel Qarsia Markesin qənaətidir.
Üzeyir bəy 1920–30-cu illər Sovet İttifaqı məkanındakı adla deyilən, bilikli, təcrübəli musiqiçi və musiqişünasları Azərbaycana dəvət etməklə, nəhənglərin ortaq gücü ilə mükəmməl bir musiqi tədrisi şəbəkəsi yaratmaqla, lap əvvəldən yeni pərvəriş tapan müasir Azərbaycan bəstəçiliyi və ifaçılığına Şərq–Qərb vəhdətini başlıca ülgü olaraq müəyyənləşdirməklə, qabiliyyətli gənclərə bir övlad sevgisi ilə yanaşaraq onları sonsuz qayğıkeşliklə yetişdirməklə millətimizə misilsiz bir yol bağışladı.
Bu böyük yol isə vaxt keçdikcə milli varlığımızın sütunlarından birinə çevrildi, bu gün davam edir, gələcəkdə də həmişə daha uzaq sabahlara doğru baş alacaq.
Həmin yolu etibarlı şagird kimi irəlilədənlər, Üzeyir bəyə məhəbbəti və onun dərslərinə sədaqəti ömrü boyu ləyaqətlə davam etdirənlər sırasında bəstəkar Tofiq Bakıxanovun uca yeri ayrıcadır.
Onun musiqimizin ən müxtəlif forma və janrlarındakı çoxsaylı əsərləri – 8 simfoniyası, 6 simfonik poeması, 5 simfonik muğamı, 26 sonatası, müxtəlif musiqi alətləri üçün 26 konserti, 9 fuqası, 5 prelüdü, silsilə uşaq pyesləri, 100-dən artıq mahnı və romansı, 3 musiqili komediyası və digər bəstələri çoxrəngli, çoxçalarlı cazibədar bir palitra yaradır ki, lap çoxdan həm daim zövq ala-ala dinlənilmək, həm də diqqətlə öyrənilmək haqqı qazanıb. Hətta elə musiqi hadisələri var ki, onlar Azərbaycan bəstəçiliyində məhz Tofiq Bakıxanovun adı ilə bağlıdır. Sonata janrı musiqimizdə Tofiq müəlliməcən də vardı. Fəqət viola üçün sonataların ilklərini yaratmaq və bu janrın bəstəçiliyimizdə təkanvericisi olmaq şərəfi Tofiq Bakıxanova məxsusdur.
Bu zəngin yaradıcılıq haqqında çox məqalələr, kitablar yazılıb, yeni araşdırmalar da hökmən olacaq.
Yaradıcılığında səliqəli olduğu kimi, həmin əsərlərin hər biri haqqında illərcə qələmə alınmış böyüklü-kiçikli yazılara, hazırlanmış verilişlərə, aparılmış çəkilişlərə, edilmiş çıxışlara da Tofiq Bakıxanov ilk gəncliyindən eyni dərəcədə həssas münasibət bəsləyib, hamısını toplayıb, sistemləşdirib.
Ona görə də Tofiq Bakıxanovun bir xəzinə sayıla biləcək arxivinə daxil olunca həm onun yaradıcılığının bütöv mənzərəsini bir oturuma seyr etmək, həm də bu çoxqanadlı yaradıcılığın son 60 ildən artıq müddət boyunca musiqişünaslıq, ziyalılığımız, bəstəkarın müəllimləri, musiqiçi həmkarları, sənət dostları tərəfindən necə qiymətləndirilməsinə şahid olmaq mümkündür.
Bu yaradıcılıq bütün yönləriylə maraqlıdır. Lakin Tofiq Bakıxanovun çoxcəhətli yaradıcılığında özəl yer tutan bir üçlük var ki, yalnız bəstəkarın özünün deyil, bütövlükdə Azərbaycan bəstəkarlıq məktəbinin də uğurlarından sayılmalıdır.
Qara Qarayevin tələbələri az olub, amma hamısı musiqi tarixində qalmaq haqqı qazanan yaradıcılardır. Dahi bəstəkarın bir özəlliyi də bundan ibarət olub ki, onun tələbələrinin hamısının yaradıcılığı bir-birindən əhəmiyyətli dərəcədə seçilir. Sanki heç eyni şəxsiyyətin tələbələri deyillər. Qara Qarayevin başlıca məqsədi onları yüksək peşəkar etmək imiş. Hər birinin də hansı istiqamətdə, hansı janrda daha uğurlu ola biləcəyini heyrətli bəsirətliliklə və son dərəcə dəqiqliklə tuta bilir, elə həmin yöndə də yazıb-yaratmasına yardımçı olurmuş.
Tofiq Bakıxanov 1960-cı ildə “İkinci simfoniya”sını yazmışdı, əsərin taleyi avand gətirmiş, Moskvada mükafata layiq görülmüşdü.
Bakıya qayıdan kimi Tofiq əsəri müəlliminə təqdim edir.
Və böyük Qara Qarayev görməli olduğunu görür. Tələbəsinə tövsiyə edir ki, sənin musiqində balet ab-havası hiss edirəm. Bəlkə bir özünü sınayasan? Hələlik birpərdəlisini yaz, sonrasına baxarıq.
İlk Azərbaycan baletini Əfrasiyab Bədəlbəyli 1939-cu ildə yaratdı. Tarix baxımından çox da aralıda olan zaman deyil. Lakin bu 80 illik müddət ərzində bəstələnmiş irili-xırdalı Azərbaycan baletlərinin sayı artıq onlarladır və həmin baletlərdən neçəsi də lap çoxdan milli sərhədləri aşaraq dünya baletinin inciləri sırasında halal yerini tutub.
Milli baletlər xəzinəmizə Tofiq Bakıxanov 3 töhfə verib. Həm də elə töhfələr ki, yarandıqları vaxtdan mütəmadi olaraq səhnədə olublar, radio-televiziyalarda səsləniblər, göstəriliblər, digər balet əsərləri bolluğundakı təbii rəqabətə solğunlaşmayıblar, populyarlıqlarını itirməyiblər.
1967-ci ildə bəstələnmiş və 1968-ci il yanvarın 14-də Opera və Balet Teatrımızda ilk nümayişi olmuş “Xəzər balladası”, onun ardınca gələn və görkəmli rus şairi Sergey Yeseninin “Fars motivləri” şeirlər silsiləsi əsasında yazdığı “Şərq poeması”, bir də artıq 1990-cı illərin lap başlanğıcında, Nizami Gəncəvinin anadan olmasının 850 illiyi münasibətilə araya-ərsəyə gətirdiyi “Xeyir və Şər” baletləri.
İnsanlar kimi, bəxtli, ya bəxtsiz əsərlər də olur. Tarixdən bəllidir ki, ilk tamaşaları çox sönük keçmiş, tam fiaskoya uğramış, hətta bir müddət unudulmuş elə əsərlər olub ki, böyük vaxt keçəndən sonra dirçəliblər, sanki yenidən həyata qayıdıblar, əsl şöhrətlərini illər, bəzən onillər ötəndən sonra əldə ediblər.
Lakin premyeraları hay-küylü keçmiş, səxavətlə təriflənmiş elə operalar, operettalar, baletlər də olub ki, azacıq ötüncə dəbdən düşüblər, boyatlaşaraq xüsusi maraq doğurmayan əsərlər sırasına keçiblər.
Tofiq Bakıxanovun ilk baleti “Xəzər balladası”na isə elə bəxtiyar sənət taleyi nəsib olub ki, bu, hələm-hələm hər əsərin qismətinə düşmür.
SSRİ dövrünün baş mədəniyyət qəzeti “Советская культура” 1970-ci il 15 yanvar sayında dərc etdiyi bir yazıya “2000 kilometrlik müvəffəqiyyət” adı vermişdi və uğurun kilometrlə ölçülməsi qəribə gəlməsin. Bu 2 min kilometr “Xəzər balladası”nın Fransa ərazisində qət etdiyi məsafə idi. Sovet dönəmində xarici dövlətlərə çıxışların çox məhdud olduğu, xüsusən bir Azərbaycan bəstəkarının lap güclü əsərinin hansısa kapitalist ölkəsində, illah da Fransa kimi aparıcı bir ölkədə bircə dəfə nümayiş etdirilməsinin belə nadir hadisə sayılacağı əyyamlarda “Xəzər balladası”nın 2 ay ərzində bütün Fransa boyu on dəfələrlə səhnələrə çıxması zamanına görə möcüzə səviyyəli bir hadisə idi. Elə bir möcüzə ki, bugünədək təkrarsız olaraq qalır və nə ondan əvvəl, nə ondan sonra belə sevinci yaşamaq heç bir Azərbaycan bəstəkarına müyəssər olmayıb.
Tofiq Bakıxanovun müəllimi dahi Qara Qarayevin “Parisin fatehi” adlandırdığı “Xəzər balladası” Fransa paytaxtından Amyön, Bezanson, Dijon, Le-Krezo, Eks-Provans, Nansi, Soşoya yola düşmüş, oralarda dönə-dönə alqış sellərinə bürünərək göstəriləndən sonra Lüksemburqa, Monakoya gəlmişdi.
Hələ bundan qabaq baletin Moskva səfəri də olmuşdu.
“Xəzər balladası”nın elə doğulduğu çağlardan etibarən 2–3 il ərzində Bakıdan Moskvaya, Parisə və digər bütün yaxın-uzaq ünvanlara uzanan məsafələrini də Fransanın daxilindəki 2 min kilometrlik səyahətin üstünə əlavə etsək, onda gərək 10 min kilometri aşan bir rəqəmi göz önünə gətirək.
Əslində, kilometrlər bir sənətkarın dünya şöhrətini nişan vermək üçün istifadə edilməli ən dəqiq əlamət kimi götürülə bilər.
Məhz kilometrlər! Qara Qarayevin “Yeddi gözəl”i, “İldırımlı yollarla”sı, Arif Məlikovun “Məhəbbət əfsanəsi”, Fikrət Əmirovun “Min bir gecə”si və digər məşhur əsərlərimiz dünya boyu səfərlərində nə qədər məsafə adlayıb?
Xəritələri açın, hər əsərin qalxdığı səhnəylə Bakı arasındakı yolların uzunluğunu üst-üstə gəlin, onda aşkara çıxacaq ki, hansı əsərin kilometrajı nə qədər böyükdür, deməli, fəthetmə qüdrəti, “uzaqvurma” qabilliyi, şöhrət dairəsi nə qədər nəhəngdir.
İkinci – “Şərq poeması” baletinin də librettosunu, “Xəzər balladası”nda olduğu kimi, Tofiq müəllimin qohumu və dostu, dəyərli şairimiz və qabil mütərcim Səyavuş Məmmədzadə qələmə alır. Bu birpərdəli balet-fantaziya 7 hissədən ibarət düşünülmüşdü. Əsərdə Bakıda, Abşeronda, məhz burada, Mərdəkandakı bağda qısa ömrünün axırıncı ən gözəl şeirlərini yazmış Sergey Yeseninin həyəcanları, arzuları, məhəbbəti, narahatlıqları, hər şeyin yaxşı olacağına üzülməyən ümidləri əksini tapıb.
“Şərq poeması”nın bəxtinin açılmasını gözləyə-gözləyə Tofiq Bakıxanov daha bir balet yazmağa qərar verir.
Qarşıdan Nizami Gəncəvinin 1991-ci ilə təsadüf edən 850 illiyi gəlirdi. Gəncəli mütəfəkkirin yaxınlaşan yubileyi isə Tofiq müəllimə arxada qalmış illərdəki başqa bir yubileyi xatırladırdı.
Nizaminin 800 illiyi Bakıda və o zamankı Sovet İttifaqında 1941-ci ildə fövqəladə təntənə ilə bayram edilməli idi və buna ciddi hazırlıqlar görülürdü. Lakin İkinci Dünya müharibəsinin Sovet İttifaqının, o cümlədən SSRİ-nin tərkibində olan Azərbaycanın da qatıldığı, bir zamanlar sovet tarix kitablarında “Böyük Vətən müharibəsi” adlandırılan 1941–1945-ci illər davası başlanır. Yubiley mərasimləri təxirə salınır.
Yalnız 1945-ci ildə müharibə faşizm üzərində Qələbə ilə başa çatdıqdan sonra yenidən Nizami bayramlarını keçirmək üçün işlər bərpa edilir.
1947-ci ildə Bakıda Nizaminin 800 illiyinə həsr edilmiş yubiley konsertindəki böyük debütü Tofiq Bakıxanovun heç vaxt unutmadığı həyəcanlı hadisə idi və əbədiyaşar klassikin 850 yaşının bayram ediləcəyi ərəfədə Tofiq özünü mənən borclu saydığı gəncəli müdriklə əlaqədar bir əsər yazmağı qət edir.
Çox düşünəndən sonra balet üzərində dayanır. Həm Nizamiyə, həm də Üzeyir bəyə vəfa borcu saydığı yeni əsəri “Xəmsə” motivləri üzərində qurur.
Bundan öncəki baleti kimi, Tofiq Bakıxanovun Nizaminin “Sirlər xəzinəsi”ndən aldığı motivlər üzərində bəstələdiyi “Xeyir və Şər”inin də Opera və Balet Teatrında səhnəyə gətirilməsi nəzərdə tutulsa da, bu niyyət düyünə düşür. Yenə tamaşanın premyerası Opera studiyasında və ardınca televiziyada gerçəkləşir.
Daha əvvəl isə “Xeyir və Şər” baleti 1992-ci ildə sırf musiqisi ilə Azərbaycan bəstəkarlarının plenumunda, Filarmoniyada İsmayıl Hacıyevin dirijorluq etdiyi simfonik orkestrin ifasında səslənmişdi.
İş elə gətirdi ki, 2015-ci il dekabrın 13-də Azərbaycan Akademik Opera və Balet Teatrı görkəmli bəstəkarın 85 illiyinə həsr edilmiş gecədə yenə “Xeyir və Şər”ə qayıtdı, bu əsər növbəti dəfə tamaşaçı ilə görüşdü.
Həm də o gün Tofiq Bakıxanov ikiqat şad idi. Çünki həmin axşam “Xeyir və Şər”dən əvvəl orada, o həmişə arzulanan səhnədə “Xəzər balladası” da ifa edilmişdi.
Və yəqin ki, bu, son gəliş də deyil. Nizami ruhu ilə həmahəng olan bu baletin elə Nizami cazibəsi ilə ən azı şairin hər növbəti yuvarlaq ildönümündə səhnəyə qayıdışı da əsərin bir başqa alın yazısıdır.
Hər operettasının yazılışı, tamaşaya hazırlanması və ifası, hər simfonik muğamının araya-ərsəyə gəlməsi, hər nəğməsinin yaranması ilə bağlı o qədər maraqlı ayrıntıları danışır ki, Tofiq müəllimin bu söhbətləri adama elə musiqisi qədər şirin gəlir.
Tofiq Bakıxanov – bu şövqlə, həvəslə, səmimiyyətlə, həyat eşqi və yaradıcılıq niyyətləri ilə dolu insan bir sərvətdir.
O, millətimizə taleyin töhfəsi olan bir salnamədir ki, oxunduqca oxunmasına, öyrənildikcə öyrənilməsinə ehtiyac var.
Bu nadir insanın yaddaşından boylanan ölməz simaların nuru onun özünün də işığını artırır, ən uzaq onilləri də bizə yaxın edə bilir.
Və dəyərli bəstəkarımız Tofiq Bakıxanovun bolluca yaradıcılıq bəhrələri, xeyirxahlıq, nəciblik dərsləri ilə dolu uzun ömrünün bir mühüm ibrəti də var.
90-ını başa vurur, ancaq yorulmayıb, usanmayıb, sabaha baxır və millətinə, yurduna daha nə fayda verə biləcəyi haqqında düşünür.
Ömrün boyu belə saf amallarla yaşayıb-çalışanda 90-a da çata bilirsən.
90-ında da həmin duyğular səninlə qalanda 90 yaşlı cavan olursan!
4 dekabr, 2020