"Musiqi dünyası" № 3 (88) 2021
Article №11; 8829-8837 pр.
Jalə QULAMOVA. XX əsrin II yarısında Azərbaycan muğamşünaslığında muğamın toplanıb nota alınması, nəşr olunması və səs yazıları irsi
Text PDFMəlum olduğu kimi, Azərbaycan muğamı YUNESCO tərəfindən bəşəriyyətin ən möhtəşəm sənət abidələri siyahısına daxil edilmişdir. Bu da Azərbaycan muğamının əhəmiyyətini və dünya mədəniyyətindəki yerini açıq şəkildə sübut edir. Müasir dövrdə dövlət səviyyəsində muğamla bağlı layihələrin həyata keçirilməsi bu sənətin dünya miqyasında təbliğində və yaşadılaraq gələcək nəsillərə ötürülməsində mühüm əhəmiyyətə malikdir.
Muğam sənətinin öyrənilməsində əsas mənbə səs yazıları və not yazıları hesab olunur. Görkəmli muğam bilicilərinin muğamları toplayıb nota alması, nəşr etdirməsi muğamın dünyaya yayılmasına, tanınmasına və onun pərəstişkarlarının artmasına gətirib çıxartmışdır.
Muğamların öyrənilməsində onların not yazıları xüsusi əhəmiyyət kəsb edir ki, bu da muğamların bəstəkar yaradıcılığına daxil olunmasına və eləcə də musiqişünaslıq tədqiqatlarının genişlənməsinə təkan verir. Bəstəkar və musiqişünaslar Tofiq Quliyevin, Zakir Bağırovun, Nəriman Məmmədovun, Arif Əsədullayevin, Fuad Əzimlinin, Əkrəm Məmmədlinin və başqalarının nota saldıqları muğamlar əsasında bir sıra məcmuələr tərtib olunmuşdur.
Azərbaycan muğamlarının nota yazılması ilə bağlı tarixi faktlara diqqət etsək görərik ki, qədim dövrlərdən ayrı-ayrı xalqlarda müxtəlif əlifbalar meydana gəlmişdir, eyni zamanda, musiqini də yazıya almaq üçün müxtəlif not yazı sistemləri icad etmişlər. Tarixdən qədim “nevma” not yazısı, “menzural not yazısı” rusların “znamya”, “kryuk” yazıları və müxtəlif xalqların tabulatura cədvəlləri məlumdur. Yaxın Şərq ölkələrində də bir çox alimlər not yazısının müxtəlif üsul və qaydalarını irəli sürmüşlər. Onlardan Xəlil İbn-Əhmədi, Əl-Kindi, Mousilli İbrahimi, Əbülfərəc İsfahanini, Əbu Nəsir Fərabini göstərmək olar. Lakin Səfiəddin Urməvinin yaratdığı tabulatura daha mükəmməl və daha dəqiq hesab olunurdu. Yaxın Şərqdə XVI əsrə qədər bu not yazısından istifadə edilirdi. Deməli, Azərbaycanda ilk not yazısını yaradan Səfiəddin Urməvi olmuşdur. Urməvi melodiyanın hər bir səsini ərəb əlifbasının əbcəd hərflər tərtibinin sırası ilə gələn işarələrlə qeyd etmişdir. Onun not yazısı əbcəd hərflərinin və riyazi rəqəmlərin əlaqələndirilməsi əsasında yaranmışdır. Urməvi o dövrün əsas musiqi aləti olan udun hər bir səsini müəyyən bir hərflə qeyd edirdi, əbcəd hərflərilə melodiyanın ucalığını, rəqəmlərlə ritmini, onun vurğularını göstərirdi.
Lakin şərqdə özünəməxsus not yazısı olmasına baxmayaraq, Azərbaycan muğamları nota yazılmamışdır. Professor Ramiz Zöhrabov (1939-2017) bu haqda yazır: “Bunun səbəbi bu musiqinin nəsildən-nəsilə məhz şifahi keçərək daha çox təkmilləşməyə uğramasıdır. Bu da öz növbəsində çoxjanrlı Azərbaycan şifahi-professional musiqisinin yüksək dərəcədə inkişafına gətirib çıxarmışdır” [R.F. Zöhrabov, 1991, səh.62].
Azərbaycanın şifahi ənənəli xalq və profesional musiqi nümunələrinin sistemli şəkildə nota yazılması və tədqiqi işi yalnız XX əsrdən başlamışdır. Bu, ilk növbədə, bəstəkar yaradıcılığının meydana gəlməsi ilə bağlı olmuşdur. Belə ki, bu işin ilk təşəbbüskarı Azərbaycan profesional musiqisinin banisi Üzeyir Hacıbəylidir. Bildiyimiz kimi, onun ilk səhnə əsərləri muğam və xalq musiqi nümunələrinə əsaslanırdı. Lakin muğam operalarında muğamların nota salınması həyata keçirilməmişdir. Belə ki, muğam operalarının musiqi materialının əsasını muğamlar təşkil etsə də, muğam şöbələri qəhrəmanları xarakterizə edən ariyaları əvəz etsə də, ayrı-ayrı zərbi muğam, rəng və təsnif melodiyaları xor və ansambl səhnələrində, orkestr epizodlarında işlənsə də, məhz sərbəst vəznli, improvizasiya səciyyəli muğam melodiyalarının not yazısı qeyd olunmamışdır.
Muğamın nota yazılması işinin yeni inkişaf mərhələsi isə XX əsrin II yarısına təsadüf edir. Belə ki, şifahi ənənəli xalq və professional musiqinin ayrı-ayrı janrlarına aid nümunələrin nota salınması və məcmuə şəklində nəşr olunması XX əsrin II yarısında çox genişlənir. S.Rüstəmovun “Azərbaycan xalq rəngləri” (2 dəftər, I – 1954, II - 1956), F.Əmirov və T.Quliyevin not yazılarını əhatə edən və Bülbülün redaktəsi ilə çap olunmuş “Azərbaycan xalq mahnıları” (2 cilddə, I cild – 1956, II cild - 1958), “Azərbaycan xalq mahnıları” (B., 1967), Ə.Bakıxanovun “Azərbaycan xalq rəngləri” (1964), “Ritmik muğamlar” (1968), “Muğam, mahnı, rəng” (1975), R.Zöhrabovun “Azərbaycan təsnifləri” (M., 1983), “Azərbaycan zərbi muğamları” (B., 1986), T.Məmmədovun “Azərbaycan aşıqlarının ənənəvi havaları” (B., 1988) və s. məcmuələri qeyd etmək lazımdır [http://www.musigi-dunya.az/new/added.asp?action=print&txt=1096].
1950-70-ci illərdə bəstəkar Nəriman Həbib oğlu Məmmədovun (1927-2015) muğamları nota yazıb nəşr etdirməsini diqqətəlayiq hadisə kimi qiymətləndirilə bilər. Onun nota yazıb çap etdirdiyi muğamlar aşağıdakılardan ibarətdir: “Çagargah və Humayun” (Bakı, 1962), “Bayatı-Şiraz və Şur” ( M, 1962), “Rast və Şahnaz” (Bakı, 1963), “Segah Zabul və Rahab” ( Bakı,1965), “Çagargah” (M, 1970), “Rast” (M.1978). Bu muğamlar əsasən görkəmli ustad tarzənlər Əhməd Bakıxanovun və Bəhram Mansurovun, xanəndə Hacıbaba Hüseynov və Yaqub Məmmədovun ifasında nota yazılmış, bəzi hissələrdə tarzən Həbib Bayramovun, xanəndələr Yaqub Məmmədov, İslam Rzayev və Əlibaba Məmmədovun ifaçılıq təfsirinə müraciət edilmişdir.
Məlum olduğu kimi, hər muğam ifaçısının özünəməxsus üslubu və ifa tərzi vardır və o ifa etdiyi muğama müəyyən fərdi cizgilər gətirir. Buna görə də muğamı nota salmaq böyük çətinliklər yaradır. Lakin Nəriman Məmmədov bu işin öhtəsindən məharətlə gəlmişdir. Onun məqsədi təkcə muğamın texniki cəhətdən mexaniki olaraq üzünü köçürməkdən ibarət deyildi. O, dəstgahın əsas şöbə və guşələrini nota salmağa və müxtəlif ifaçılar tərəfindən muğamın təfsirini əks etdirməyə çalışmışdır.
Nəriman Məmmədovun nota yazdığı “Çagargah”, “Humayun”, “Bayati-Şiraz”, “Şur”, “Rast”, “Şahnaz”, “Segah Zabul”, “Rahab” instrumental muğamlardır. Sonrakı illərdə çap olunmuş iki muğam – Rast və Çahargah vokal-instrumental dəstgahlardır. Lakin instrumental not yazılarına da bəstəkar bir sıra təsnif və rəngləri daxil etmişdir.
Muğamların hər bir nəşrinə Nəriman Məmmədovun yazdığı müqəddimədə müəllif not yazısının xüsusiyyətlərini izah edərək göstərir ki, muğamın özünəməxsus improvizasiya üslubunu saxlamaq məqsədilə mürəkkəb, arasıkəsilmədən dəyişən xanə ölçülərindən, xalq musiqisi üçün səciyyəvi olan rəngarəng metroritmik özəklərdən istifadə etmək zəruridir. Bu halda müəllif ənənəvi ifaçılıqda olan dəqiq frazalaşmanı pozmamağa çalışmışdır. Eyni zamanda o, tarda səsləndirilən ladın istnad pərdələrini saxlamaq məqsədilə orqan punktundan istifadə etmişdir. Təsnif və rənglərdə isə melodiyanın oktavalarla ikiləşməsini görürük ki, bu da muğam ifaçılığında geniş yayılmış bir üsulun – tarda və kamançada melodiyanın imitasiya şəklində səsləndirilməsi üsulunun təzahürüdür. Onu da qeyd edək ki, bu üsul muğamın vokal instrumental ifası zamanı tar və kamançanın ansambl çalğısında özünü göstərir. Solo muğam ifaçılığında, sözsüz ki, bu ola bilməz. Ona görə də Nəriman Məmmədovun not yazısının vokal instrumental muğamlara əsaslandığını deyə bilərik.
Azərbaycan muğam, təsnif və rənglərinin inkişafında Azərbaycan SSRİ xalq artisti Əhməd Məmmədrza oğlu Bakıxanovun (1992-1973) yaradıcılığı xüsusi yer tutur. Nadir istedada, gözəl yaddaşa və virtioz ifaçılıq mahərətinə malik olan Əhməd Bakıxanov Azərbaycan klassik musiqisinin çoxəsirli irsinə əsl yaradıcı münasibət bəsləmiş, ömrünün 60 ilindən çoxunu xalq sənətimizin şifahi ənənələrini yaşatmağa və öyrənilməsinə həsr etmişdir. O, uzun illik ifaçılıq və pedaqoji fəaliyyəti ərzində Azərbaycan muğam, təsnif, rənglərinin nota köçürülməsi və nəşri ilə də məşğul olmuşdur. Bu yazılar xalq yaradıcılığının sadəcə ifadəsi deyil, Əhməd Bakıxanovun onlara yaradıcı münasibət bəsləyib daha da cilalayaraq inkişaf etdirməsidir.
Əhməd Bakıxanov muğamlar əsasında bir neçə rəng və təsniflər bəstələmişdir ki, bunlar da xalq musiqi ifaçılığının repertuarını xeyli zənginləşdirmişdir. Bu rəng və təsniflər o qədər orijinaldır ki, onların çoxu müstəqil əsərlər kimi klassik Azərbaycan musiqisinin qızıl fonduna daxil olunmuşdur.
Azərbaycan xalq musiqisi şifahi ənənələr əsasında daha çox yayıldığından “Muğam, mahnı, rəng” məcmuəsinin çapı xüsusi əhəmiyyət kəsb edir [Ə.M. Bakıxanov, 1975, 33 s.]. Məcmuəyə “Nəva” muğamı, ”Sevgilimsən, gözəl yar” mahnısı, ”Səlami” dəraməd və rəngi daxildir. Yaxın Şərqdə geniş yayılmış muğamlardan sayılan “Nəva”, “Şur” muğamının qrupuna daxildir. Ənənəvi janrın səciyyəvi xüsusiyyətlərinə əsaslanan Əhməd Bakıxanov “Nəva” muğamını fərdiləşdirərək, ”Bərdaşt”, ”Nəva”, ”Nişabur”, ”Dəşti”, ”Zil Dəşti”, ”Gövhəri”, ”Mənəvi”, ”Pəhləvi” kimi şöbələri əsas götürmüş, onları bir silsilədə birləşdirib təkmilləşdirmişdir.
Sənətşünaslıq elmlər doktoru, professor Ramiz Zöhrabovun 1986-cı ildə Azərbaycan və rus dillərində işıq üzü görmüş “Azərbaycan zərbi-muğamları” kitabı iki əsas hissədən ibarətdir. Müəllif bu unikal janrın nəzəri və kompozisiya-quruluş cəhətdən səciyyəvi xüsusiyyətlərini araşdırmış, rəng tipli çalğı hissələrinin əhəmiyyətini nəzərə alaraq, bu nümunələri instrumental-vokal növə aid etmişdir. Burada Seyid Şuşinski (“Arazbarı”), Xan Şuşinski (“Heyratı”), Yaqub Məmmədov (“Mənsuriyyə” və “Qarabağ şikəstəsi”) kimi məşhur xanəndələrin ifası əsas götürülmüş, musiqi toxumasını dolğun şəkildə əks etdirmək məqsədi ilə ilk dəfə partitura şəklində tərtib olunmuşdur. Maraqlı məqam həm də odur ki, partiturada tar və kamança çalğısı bu alətlərə məxsus olan orijinal yazı açarlarında təqdim olunmuşdur.
Azərbaycan musiqişünaslığında ilk dəfə zərbi-muğamların partitura yazısı musiqinin lad-məqam, intonasiya, ritm, faktura, çoxsəslilik, kompozisiya xüsusiyyətlərini əyani şəkildə əhatəli araşdırmağa imkan vermişdir.
Kitabda müəllif zərbi-muğamın bəzi xüsusiyyətləri haqqında əvvəllər söylənilmiş mövcud fikirlərə tənqidi yanaşaraq, onları müqayisə yolu ilə araşdırmış, ümumiləşdirmələr aparmış və dəyərli elmi nəticələrə gəlmişdir. Əsərdə zərbi-muğamlar həmçinin ilk dəfə şifahi ənənəyə əsaslanan professional musiqi janrlarından biri kimi səciyyələndirilir, onun başlıca bədii məziyyətləri təhlilə cəlb edilir.
“Azərbaycan zərbi-muğamları” kitabında müəllif lad-məqam, melodiya, ritm və musiqi forması ilə yanaşı şifahi ənənəli professional musiqimizdə ilk dəfə çoxsəslilik məsələsini (harmoniya və polifoniya) xüsusi bir janr timsalında ardıcıl şəkildə şərh etməklə, bu vacib və çətin problemin təhlili metodologiyasını təqdim edir.
Beləliklə, Ramiz Zöhrabovun “Azərbaycan zərbi-muğamları” kitabı dərin elmi mündəricəsi və elmi yeniliyi ilə seçilir. Bu dəyərli elmi tədqiqat söz yox ki, gələcək muğam tədqiqatları üçün yeni üfüqlər açmış, Azərbaycan musiqisinin nəzəri problemlərə olan beynəlxalq elmi marağa cavab verə bilmişdir
Bu gün musiqişünasların diqqət mərkəzində olan muğamın nota salınması işi də əzmlə davam etdirilir. Müstəqillik dövründə, xüsusilə yaşadığımız XXI əsrdə muğamların nota salınması daha intensiv şəkildədir. Bu baxımdan 2003-2006-cı illər ərzində çap olunmuş “Azərbaycan xalq musiqisi antologiyası”nın 7 cildi özündə əvvəlki illərin not nəşrlərini cəmləşdirməklə yanaşı, yeni not yazılarını da əhatə edir. Xalq mahnıları və rəqslərlə, aşıq havaları, zərbi muğamlarla yanaşı, bu dövrdə muğamların da yeni not yazıları meydana gəlmişdir. Bunlar sənətşünaslıq namizədi, kamança çalan Arif Əsədullayev tərəfindən Elxan Mirzəxərovun ifasından nota salınmış “Bayatı-Şiraz” və “Humayun” (2002), “Rast” və “Çahargah” (2004), “Şur”, “Şüştər” və “Zabul Segah” (2005) instrumental muğamlarıdır [Muğam Ensiklopediyası. 2008, səh.144-145].
Görkəmli tarzən, pedaqoq Əkrəm Məmməd oğlu Məmmədli də yaxın keçmiş dövrə aid olan şifahi ənənəli Azərbaycan profesional musiqisini – muğamları tar ifaçılığı xüsusiyyətlərində not yazısına almışdır. O, “Azərbycan muğamları” adlı kitabında [Məmmədli Ə.M. 2010, 328 s.] klassik musiqi incilərimizdən olan on dörd muğamı instrumental şəkildə öz ifasında nota yazmaq kimi şərəfli bir işin öhdəsindən çox bacarıq və səriştə ilə gəlmişdir. Əkrəm Məmmədlinin haqqında söz açdığımız “Rast”, “Zabul -Segah”, “Şur”, “Çahargah”, “Humayun”, “Bayatı-Şiraz”, “Şüştər”, “Orta-mahur”, “Bayatı-Qacar”, “Şahnaz”, “Rahab”, “Bayatı - Kürd”, “Mahur-hindi” və “Xaric segah” mugamlarının intrumental not yazısında həmin muğamların xarekteri və onların ifa tərzi də sadə və anlaşıqlı bir dildə açıqlanır. Burada muğam ifaçılığının tar versiyasına aid məziyyətlərin daha dolğun not yazısında təşəkkülünü; tar alətində onun bədii xüsusiyyətlərini əks etdirən əlavə işarələr, tarın muğamlarda köklənmə qaydasının yazılışı və praktiki cəhətdən göstərilməsi; muğama aid musiqi istilahlarının lüğəti mənası; maraqlı pozisiya, applikatura və ştrixlərinin əsas nöqtələrdə notların üzərində yazıya alınması; not yazılarında ölçü dəyişkənliyinin göstərilməsi və s xüsusiyyətləri göstərmək olar [A.M. Novruzov, 2014, səh. 11-12].
Not yazıları ilə yanaşı səs yazıları da qiymətli tarixi mənbə, geniş dinləyici kütləsinə təsiretmə dərəcəsinə görə əvəzsiz təbliğat materialıdır. Bu məqsədilə Nazirlər Kabinetinin 1968-ci il 5 aprel 154 saylı qərarı ilə Milli Arxiv İdarəsinin tərkibində Azərbaycan Respublikası Dövlət Səs Yazıları Arxivi yaradılmışdır. Yarandığı gündən arxivn əməkdaşları qısa müddət ərzində Azərbaycan musiqi xəzinəsinin inciləri sayılan xeyli miqdarda qrammofon valı əldə etmişlər. Sayı 1500-ə qədər olan, 1901-1915-cü illərdə yazılmış belə sənət inciləri arxivin «Qızıl fondu»nun əsasını təşkil edir. Burada mühafizə edilən valların bir qismi XIX əsrin sonu XX əsrin əvvəllərinə aid olan qurğularda yazılıb [http://milliarxiv.gov.az/ru/ardsya].
Arxivin fono sənədlərinin yaranma tarixi 1902-ci ildən bu günə qədər olan dövrü əhatə edir. Qeyd etdiyimiz kimi 1902-1915-ci illərin fono sənədlərini əsasən Azərbaycanın klassik xanəndələrinin səsləri yazılmış qrammafon valları təşkil edir. Arxivin fondlarında vallarda Azərbaycan musiqi mədəniyyətini xüsusi bir mərhələyə qaldırmış xanəndələrdən Cabbar Qaryağdıoğlunun, qadın-xanəndə Mirzə Güllər xanımın, Məcid Behbudovun (xalq artisti Rəşid Behbudovun atası), Seyid Şuşinskinin, Keçəçi oğlu Məhəmmədin, Məşədi Məmməd Fərzəliyevin, İslam Abdullayevin, Mirtağı Mirbabayevin (Seyid), Ələsgər Abdullayevin, Musa Şuşinskinin, Həmid Malıbəylinin, Məşədi Qafarın, Musa Səfərovun, Əbdülqədir Cabbarovun, qarmonçalan Mirtağının, Cəmil Əmirovun (bəstəkar Fikrət Əmirovun atası), tarzənlərdən Qurban Pirimovun, Mirzə Fərəcin, Şirin Axundovun və başqa sənətkarların ifasında onlarla muğam, təsnif, xalq mahnıları və el havaları yazılmış qrammafon valları cəmlənib. Bu vallar dünyanın məşhur səsyazma şirkətləri olan İngiltərənin “Qrammafon”, Fransanın “Pete”, Varşavanın “Sport-Rekord”, Kiyevin “Ekstrafon”, habelə Tiflisdə fəaliyyət göstərən “Konsert-Rekord” və Bakının “Qrammafon-Rekord” şirkətlərində yazılıb yayılmışdır.
Qeyd etdik ki, XX əsrin əvvəllərində yaranmış xanəndələrin qrammofon valları onların repertuarları haqqında daha dəqiq məlumatları cəmləşdirən qiymətli mənbədir. Həmin vallar hal-hazırda arxivlərdə qorunub saxlanılır. Azərbaycan Dövlət Səs Yazıları arxivində, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində qrammofon vallarının böyük bir kataloqu vardır. Həmin arxiv fondlarında saxlanılan qədim qrammofon vallarının bir hissəsi “Musiqi Dünyası” jurnalının əməkdaşları tərəfindən bərpa olunmuş və “Azərbaycan diskoqrafiyası” vebsaytında yerləşdirilmişdir ki, bu da dünyanın istənilən yerində internet istifadəçilərinə Azərbaycan muğam sənətini tanıdaraq, milli musiqi mədəniyyətimizin təbliğində böyük rol oynayır. “Azərbaycan diskoqrafiyası (1900-1940)” internet saytında qrammofon vallarının çox böyük həcmdə informasiyanı əhatə edən kataloqu da verilmişdir [enene.musigi-dunya.az. muğam sənəti - Azərbaycan ənənəvi musiqisi - Musiqi Dünyası]. Bu işdə jurnalın naşiri və baş redaktoru əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Tariyel Məmmədov və jurnalın çoxsaylı əməkdaşlarının böyük əməyi vardır.
Onu da qeyd edək ki, keçən əsrin qızıl səslərinin lent yazıları kütləvi tirajla çıxarılmayaraq, yalnız bir nüsxədə yazılmışdır. Bunlar isə zaman keçdikcə unudulmağa doğru gedirdi. Qrammafon vallarının kütləvi tirajla buraxılışı XX sərin II yarısından geniş vüsət almışdır.
İlk dəfə YUNESKO-da Azərbaycan muğamlarını təmsil edən musiqiçi məhz görkəmli tarzənimiz Bəhram Məşədi Süleyman bəy oğlu Mansurov (1911-1985) olmuşdur. 1967-ci ildə Bakıya gələn bu nüfuzlu beynəlxalq təşkilatın rəsmi nümayəndələri Alen Daniyelu və Jak Klark bir çox musiqiçilərin ifasında Azərbaycan muğamlarını dinləmiş və yalnız Bəhram Mansurovun çalğısını bəyənmişlər. O vaxtdan YUNESKO-nun rəsmiləri Bəhram Mansurovla sıx əməkdaşlıq etməyə başlayırlar. Bu təşkilatın xətti ilə tarzənin fasında 2 val buraxılmışdır [E.B.Mansurov, 2011, səh.95]. Birincisi 1971-ci ildə "Baren Reyter" firması, ikincisi isə 1975-ci ildə "Filips" şirkəti tərəfindən istehsal olunmuşdu. Bu qrammofon valları işıq üzü görəndən sonra dünyanın Azərbaycan muğamları haqqında daha çox məlumatı oldu. Bəhram Mansurovun şöhrəti Azərbaycan milli musiqisinin bilicisi və mahir ifaçısı kimi dünyaya yayıldı. Onu da qeyd edək ki, YUNESKO tərəfindən buraxılan həmin vallar və disklər bu günə kimi dünyanın hər yerində satılır [E.B.Mansurov, 2011, səh.97].
Görkəmli tar ifaçılarımızdam biri Əhsən Dadaşov da tar ifaçılığı sənətində muğam üzrə müəllimləri olmuş Mirzə Mənsur Mənsurov, Ənvər Mənsurovdan klassik muğam ifaçılıqlarının xüsusiyyətlərini dərindən mənimsəyərək onu inkişaf etdirmiş və bu sənətin qüdrətli davamçılarından biri olmuşdur. Onun lentə yazdırdığı «Rast», «Orta Mahur», «Şur», «Zabul-Segah», «Humayun», «Vilayəti-Dilkeş», «Çahargah», «Bayatı-Şiraz» və s. muğamları Azərbaycan radio verilişləri şirkətinin qızıl fondunu təşkil edir [http://musiqi-dunya.az/new/read_magazine.asp?id=389&page=1].
Bundan əlavə 80-90-cı illərdə isə Azərbaycanın görkəmli tarzəni, dosent, professor, Azərbaycan Respublikasının xalq artisti Vamiq Məmmədəli oğlu Məmmədəliyеvin ifasında səsyazılarını da qeyd etmək olar. 1985-ci ildə Ümumittifaq «Melodiya» firması Vamiq Məmmədəliyevin ifasında Xaric Segah və Rahab muğamlarını lentə alaraq yüksək tirajla çap etmişdir. 1994-cü ildə isə Fransanın «Maison De’s Cultures Du Monde» şirkəti tarzənin ifasında Nəva və Rahab muğamlarını və onun müşayiətilə Qəndab Quliyevanı və Canəli Əkbərovu lentə almışdır. Onu da eyd edək ki, 1996-cı ildə Vamiq Məmmədəliyev kompakt-disklərin təqdimatından ötrü Fransaya dəvət almış və 1996-97-ci illərdə Avropa ölkələrində bu albomlar yüksək tirajla yayılmışdır [https://az.wikipedia.org/wiki/Vamiq_M%C9%99mm%C9%99d%C9%99liyev].
XX əsrin sonlarından başlayaraq Azərbaycanda köhnə valların bərpası sahəsində təqdirəlayiq iş aparılmağa başladı. Məlum olduğu kimi XX əsrdə meydana gəlmiş səs yazılarının əksəriyyəti Heydər Əliyev Fondu tərəündən yaradılmış “Muğam ensiklopediyası“nda öz əksini tapmışdır, bu da muğamın inkişafı və dünyada təbliği baxımından böyük əhəmiyyətə malikdir. “Muğam ensiklopediyasına daxil edilmiş beş CD albom – I. Qarabağ xanəndələri; II. Muğam dəstgahları; III. Gənc xanəndələr; lV. Ustad xanəndələr-I (kişi xanəndələr); V. Ustad xanəndələr-II (qadın xanəndələr) muğam sənətinin XX əsr boyu tarixi inkişaf yolunu izləməyə imkan verir.
Səs yazılarına tələbat günü-gündən artır və onlardan istifadə genişlənir. Arxivin audio-video materiallarından radio və televiziya verilişlərində kinofilmlərin çəkilişində, müxtəlif yığıncaq və bayram tədbirlərində, xatirə və yaradıcılıq gecələrində, elmi işlərdə, muzey sərgilərində və sairə tədbirlərində istifadə edilir. Respublika Dövlət Səs Yazıları Arxivinin fondları müntəzəm olaraq ölkəmizin ictimai-siyasi və mədəni həyatını özündə əks etdirən yeni-yeni sənədli və bədii fono sənədlərlə zənginləşir [http://www.milliarxiv.gov.az/az/news/azerbaycan-respublikasi-dovlet-ses-yazilari-arxivi-50-il].
Bu gün isə artıq muğam ifaçılarının çıxışları müasir texniki vasitələrlə SD disklərə yazılır, internet səhifələrinə daxil edilir. Bütün bunlar əlbəttə ki, Azərbaycan muğamının dünyada tanınmasında mühüm rol oynayır.
Beləliklə, milli musiqi sənətimizin ustadları sayılan xanəndə və instrumental ifaçılarımızın bir çoxunun yaddaşlarında hifz edib yaşatdıqları muğamlar, təsniflər və rənglər bəstəkarlarımızın yaradıcılığında yeni inkişaf mərhələsinə ucalmış və milli musiqimizin şöhrətini bütün dünyaya yaymışdır. Qeyd etmək lazımdır ki, bütün bu not yazılarının, eləcə də səs yazılarının mühüm elmi-etnoqrafik və tədris-metodiki əhəmiyyəti vardır. Bunlar gənc bəstəkar və musiqişünaslara Azərbaycan xalqının klassik sənət inciləri ilə tanış olmaq üçün imkan yaradır, həm də xalqımızın milli-mənəvi sərvətlərinin gələcək nəsillər üçün qorunub-saxlanmasını təmin edir. Bizim vəzifəmiz isə muğamin inkşafı üçün qarşımızda açılan bu imkanlardan layiqincə faydalanıb Azərbaycan muğam sənətinə, onun tədqiqinə daha dərindən nüfuz etmək, onu tanımaq və tanıtmaqdır.
İstifadə edilmiş ədəbiyyat
1. Bakıxanov Ə.M. Azərbaycan xalq rəngləri. B.: Azərnəşr, 1963, 73 s.
2. Bakıxanov Ə.M. Muğam, mahnı, rəng. B.: İşıq, 1975, 33 s.
3. Məmmədli Ə.M. Azərbaycan muğamları. B.: Azərbaycan, 2010, 328 s.
4. Mansurov E.B. Mansurovlar. B.: Çaşıoğlu. 2011, 285 səh.
5. Novruzov A.M. Əkrəm Məmmədlinin nota yazdığı “Azərbaycan muğamları” kitabı haqqında. “Bütöv Azərbaycan” qəzeti, 2-8 oktyabr, 2014
6. Zöhrabov R.F. Muğam. B.: Azərnəşr, 1991, 219 s.
7. Исазадә Ә., Гулиеv Х. Бәһрам Мансуров. B.: İşıq, Azərbycan Teatr Cəmiyyəti, 1982 Muğam Ensiklopediyası. Heydər Əliyev Fondu. B.: 2008
Saytoqrafiya
http://www.musigi-dunya.az/new/added.asp?action=print&txt=1096 Rafael Musayev. Muğamlarin not yazilarina dair.
http://www.milliarxiv.gov.az/az/news/azerbaycan-respublikasi-dovlet-ses-yazilari-arxivi-50-il. Mədətov Həsənxan. 5 aprel Azərbaycan Respublikasi dövlət səs yazilari arxivinin yaradilmasinin 50 illik yubileyi günüdür.
http://milliarxiv.gov.az/ru/ardsya
https://az.wikipedia.org/wiki/Vamiq_M%C9%99mm%C9%99d%C9%99liyev
http://musiqi-dunya.az/new/read_magazine.asp?id=389&page=1. Afət Novrizov. İfaçılarımızın portretləri...əhsən dadaşov
http://enene.musigi-dunya.az. muğam sənəti - Azərbaycan ənənəvi musiqisi - Musiqi Dünyası