"Musiqi dünyası" № 3 (88) 2021
Article №12; 8838-8842 pр.
Aytac RƏHİMOVA. Nizami Gəncəvi və orta əsrlərdə Azərbaycan mədəniyyəti
Text PDFDahi Azərbaycan şairi, əsərləri ilə bütün dünyada tanınan Nizami Gəncəvi XII əsrdə, şərq incəsənətinin intibah dövründə yaşayıb yaratmşdır. Nizami Gəncəvi hərtərəfli biliklərə malik olan bir fenomen idi. Məhz buna görə də şairin dünyaya gəlməsindən 880 il keçsə də yaradıcılığı müxtəlif sahə alimlərinin daim diqqətindədir. Onun əsərləri müxtəlif xalqların nümayəndələri tərəfindən əsrlərdir təhlil edilir və hər dəfə də tədqiqatçılar tərfindən Nizami dühasının tükənməz “bulaq” olduğu sübut olunur.
Lakin qeyd etməliyik ki, Nizami yaradıcılığı bütün gözəllikləri və dərinliyi ilə yaşadığı zaman daxilində qəbul olunmalıdır. Belə ki, Nizaminin əsərlərini təhlil etdikdə, əsərlərin bədii məzmununun əsasında fəlsəfi ümumiləşmələr və sənət əlaqələri durur. Bildiyimiz kimi Nizaminin yaşadığı dövrdə qədim Azərbaycanın iqdisadi və mədəni cəhətdən intibah dövrü idi. XI-XII əsrdə Azərbaycanın bəzi şəhərlərində baş verən iqtisadi və sosial dirçəliş prossesləri əlbəttə ki, elm və incəsənətə də öz təsirini göstərmişdir. Bu dövrdə sürətlə ədəbiyyat, rəssamlıq, musiqi və memarlıq inkşaf etməyə başlamışdır.
İncəsənət növləri qarşılıqlı əlaqədə inkşaf edirdi. Nümunə olaraq Azərbaycan mədəniyyətində musiqi və poeziyanın sıx əlaqəsini yada salmaq kifayətdir. Orta əsr dövründə musiqi ifaçısı həm musiqiçi, həm də şair kimi çıxış edirdi. Burada əsasən şifahi ənənəli professional musiqidə, poeziyanın xüsusilə obraz-emosional rolunu qeyd etmək istərdik. Şərqdə deyildiyi kimi, burada poeziyanın musiqiliyi və musiqinin poetikliyi əhəmiyyətlidir. Buna görə də musiqi və poeziyanın qarşılıqlı əlaqəsini və bu əlaqənin yüksək intibah nöqtəsinin XII əsrə təsadüf etməsini, o cümlədən dahi Azərbaycan şairləri Nizami Gəncəvinin, daha sonra Füzuli, Vaqif və bir çox başqalarının poeziyasını qeyd edə bilərik.
Azərbaycan mədəniyyətinin tarixindən yaxşı məlumdur ki, kübar həyat tərzi, şairləri, musiqiçiləri və müğənniləri birləşdirirdi. Azərbaycan poeziyasının bədii quruluşlarından olan qəzəli yada salaq. Onun ifası avazla icra edilirdi. Əhəmiyyətlidir ki, əruzun strukturu musiqi strukturuna da təsir göstərirdi.
Belə ki, S.Qurbanəliyeva “Низами и музыкальная культура Азербайджана” monoqrafiyasında yazır: “...əruzun struktur qanunauyğunluqları melodiyanın strukturuna təsir edirdi. Musiqi ritmikasının qəzəl kimi formadan asılılığı, şifahi ənənəli professional musiqinin formalaşmasında böyük rol oynamışdır. Musiqi, qəzəlin oxunuşuna, onun ritminin avazına əsasən yaranırdı. Nizaminin bədii şüurunda mövcud olan poeziya ilə musiqinin sıx vəhdəti, bir daha sübut edir ki, Azərbaycan şairlərinin geniş istifadə etdiyi, şərq klassik poeziyasının, əruz şeir formaları – qəzəl, rübai, müxəmməs, qəsidə - sözsüz ki, Azərbaycan muğamlarının üslubuna, ifadə və formayaradıcı prinsiplərinə təsir göstərmişdi.” [1.s.141]
Alimlərin fikrinə görə, Azərbaycanda İntibah dövründə incəsənətin müxtəlif növlərinin xüsusi bədii vəhdəti yaranmışdır və musiqi bu sıralarda özünün layiqli yerini tutmuşdur. Məhz bu dövrdə şəhərsalma inkişaf edir, memarlıq, Təbriz miniatür məktəbi, başda Nizami Gəncəvi olmaqla parlaq Azərbaycan şairlərinin pleyadası yaranırdı.
Nizami, öz dövrünün bədii yaradıcılığının universallığını qeyd edərək, bədii yaradıcılığın obraz - sinkretik ideyalarını yaradırdı. Məsələn: Heykəltəraş Fərhad obrazı, memar - rəssam Simnar obrazı. Yada salaq ki, hələ “Avesta”da nağıl ölkələrdən söhbət açılırdı. Qeyd olunurdu ki, burada hətta ağaclar melodik səslər çıxarırdılar.
Azərbaycan incəsənətinin sıx əlaqələri haqqında xalçaçılıq elmi ilə məşğul olan alimlər də yazırdılar. Onların fikrinə əsasən Azərbaycan xalçaçılığı həm struktur, həm də məzmun baxımından Azərbaycan incəsənətinin digər növləri ilə sıx əlaqədə yaranmışdır.
Məlumdur ki, sivilizasiyaların qovuşması dövründə mədəniyyətin mühüm təzahürləri meydana çıxırdı. Təbriz miniatürlərini misal gətirək. Belə ki, tədqiqatçı alim Cəmilə Həsənzadə təbriz miniatürlərinin üslubu haqqında belə yazırdı: “Yaranmasından bəri o bir çox mədəni və bədii təsirlərə, çox vaxt fərqli, bəzən də bir-birini inkar edən təsirlərə məruz qalırdı. Bu qaynar konfessional müzakirələr məkanında Uzaq Şərqdən Qərbə qədər müsəlman dünyasının müxtəlif yerlərindən bədii güclərin cəmləşməsi nəticəsində, demək olar ki göz önündə, bir neçə onilliklər ərzində, orijinal bədii dil yaranmışdır.”[2.s.7]
Təbriz miniatür məktəbinin ən gözəl əsərləri Nizaminin “Xəmsə”sinin təsvirlərinə həsr olunmuşdur. Bir çox rəssamlar Nizami xəmsəsinə müraciət edib onlara miniatürlər, ilyustrasiyalar çəkmişlər. Belə ki, Nizaminin 1524-1525 ci il tarixli “Xəmsə”sinə çəkilmiş “İskəndər Xaqanin qəbulunda” miniatürü hal-hazırda Nyu York Metropoliten muzeyində saxlanılır. Təbriz məktəbinin bütün nailiyyətlərini özündə birləşdirən əsər isə Nizaminin 1539-1543 cü ildə “Xəmsə” əlyazmasına çəkildiyi ilyustrasiyalardır. Londonun Britaniya muzeyində saxlanılan bu əsər miniatürlərinin misilsiz bədii keyfiyyətinə görə bütün şərq aləmində kitab sənətinin ən kamil və qiymətli şah əsərlərindən hesab oluna bilər.
Ən qədim nümunəsi XII əsrin çini qabında “Xostov və Şirin” poemasından çəkilmiş bir miniatür də Şirin çimərkən Xosrovun onu seyr etməsinin təsviridir. Daha sonra bu miniatür bir neçə müəlliflərin əsərlərində öz əksini tapmişdır.
XI-XII əsri Azərbaycan memarlığının çiçəklənən dövrü də hesab etmək olar. Azərbaycan memarlığı bu dövrdə 3 əsas üslub istiqamətini əks etdirirdi. Şirvan, Naxçıvan və Arran. Daşla kərpicin birgə işlədilməsi ilə tikilən Arran memarlıq abidələri Nizami yaradıcılığında da öz əksini tapmışdır.
Qeyd edək ki, XII əsrdə Gəncə və Şirvan poetik məktəbləri artıq ən yüksək inkşaf mərhələsinə çatmışdırlar. Əbdül Üla Gəncəvi, Əfzaləddin Xəqani, Fələki Şirvani, Məshəti Gəncəvi və s. bu məktəblərin nümayəndələri idilər. Xaqani tərəfindən yaradılan yeni farsdilli Azərbaycan şerini, Atabəylər sarayında fəaliyyət göstərən şairlər inkşaf etdirməyə qismən nail olmuşdurlar. Lakin bu inkşaf özünün ən yüksək zirvəsini Nizami əsərlərində tapmışdır. Nizaminin yaratdığı mənzum roman janrı Şərq xalqlarının bədii söz xəzinəsinə öz böyük təsir gücünü göstərmişdir. Onun əsərləri bədii meyarın ən yüksək zirvəsi hesab olunurdu. Bir çox şairlər onun əsərlərinə bənzər əsərlər, xəmsələr və eyniadlı əsərlər yaratmağa başladı. Şərq dünyasının digər görkəmli ustadları Əmir Xosrov Dəhləvi, Haci Girmani, Alişir Nəvai, Hamdi Çələbi, Əbdulrəhman Cami və.s Nizamini əsərlərindən ilhamlanaraq Xəmsə yazmışlar. Ona görə də tək Tacik və fars şairləri tərəfindən “Xosrov və Şirin” əsərinə 80, “Leyli və Məcnun” əsərlərinə isə 120 bənzər əsərlər yazmışdırlar. Nizaminin “Xəmsə”si tək Şərqdə deyil bütün dünya ədəbiyyatının incilərindəndir.
Musiqi və dekorotiv tədbiqi incəsənət sərbəsi incəsənət növləri kimi inkşaf etsələr də XII əsrdə onlar tez-tez vahid bədii quruluşlara daxil edilirdi. Bu insanların həyat fəaliyyəti prosesi ilə sıx bağlı idi. Lakin bəzi məqamlarda onlar daha geniş bədii tamlıq yaradırdılar. Bu da qanunauyğundur. Çünki hər dövr müxtəlif bədii yaradıcılıq növlərində öz ifadəsini tapır. Bu da incəsənətin müxtəlif növlərinin vəhdətini yaradır.
A.N.Boldırev “Два ширванских поэта. Низами и Хагани. əsərində yazırdı: “Mükəmməl təkmilləşmiş detallar, zahiri dekorativlik Nizaminin ədəbi üslubunun əsas xüsusiyyətlərindəndir. Eyni üsullar XII-XIII əsrlərdə həm Nizaminin yaradıcılığının təməlində, həm memarlıqda, həm tunc əşyaların bəzəyində, həm də dulusçuluqda istifadə olunurdu.” [3.s.117] Bu dövrdə incəsənətlərin qarşılıqlı tamamlanması, və qarşılıqlı əlaqəsi prinsipi əsas rol oynayırdı.
Orta əsr dövründə incəsənətin bədii formalarına xas olan mədəniyyətin müəyyən mənəvi-praktik prinsipi formalaşır. Bu dövrdə vəhdət başlıca ideyaya çevrilir. Sevda Qurbanəliyeva yazırdı “Bu aydın ideya ya mistik-qeometrik, ya da dini-sxolastik məfhumda işlənir. Maraqlıdır ki, bu dövrdə dünya bir kitab, əşyalar isə hansısa sirli mənaların işarəsi, hərfi simvolu kimi qəbul olunurdu.”[3.s.7]
Professional incəsənət növlərinin quruluşlarının məzmunu xüsusi lirika ilə bağlı idi. Şərq musiqisi öz səmimiliyi, hər bir səsdən, ibarədən həzz alma xüsusiyyəti ilə fərqlənir. Melodiyanın zahirən uzadılması, axıcılığı, xüsusi “şərq” koloriti hissini yaradaraq, bu musiqinin “birinciliyini” daxili hissiyatla dərk etdirir. Musiqinin dinamikası “insan ruhunun” dərinliklərinə aparıb çıxarır. Patetiklik, tonus yüksəkliyi, dekorativlik – bunlar bu dövrün musiqisinin əsas fərqləndirici məzmun xüsusiyyətləri idi.
Nizaminin əsərlərində musiqi səhnələri, musiqi alətlərinin təsviri musiqişünas alimləri daim maraqlandırıb. Bu haqda bir çox elmi əsərlər ərsəyə gəlib. Səadət Abdullayeva “Nizamidə musiqi Musiqidə Nizami” adlı monoqrafiyasında yazırdı “Nizami Gəncəvinin əsərlərində musiqi ilə bağlı anlayışların çoxu çalğı alətləri ilə əlaqədardır. Şairin “Xəmsə” və lirikasında onların adları ilə yanaşı, quruluşları, hansı materialdan hazırlanması, çalınma tərzi, başqa alətlərlə birləşib müxtəlif ansamblların tərkibində səslənməsi haqqında çox qiymətli məlumatlara rast gəlmək olur.” [4.149]
Nizaminin “Xosrov və Şirin”, “Yeddi Gözəl”, “İskəndərnamə” və digər poemalarındakı musiqi səhnələrinin təsviri həm bədii həm də elmi əhəmiyyət kəsb edir. Bildiyimiz kimi qədim dövrlərdə Şərqdə digər incəsənət növləri kimi, musiqi sənəti də öz inkşaf yolunu məclislərdə tapmışdır. Otabek Fayziyev “Творческое наследие Борбада” məqaləsində yazırdı: “Xosrov və Şirin”poemasının musiqi haqda hissəsi də məclis təsviri ilə başlayır. Xosrovun şah məclisinin təsvirini verən şair, şah sarayının təmtarahından söhbət açdıqdan sonra, onun şərab içib mehindən sevgilisini anaraq qəmləndikdə yalnız musiqiçi Bərbadın onu sakitləşdirəcəyi haqda fikirlər irəli sürülür. Bu zaman musiqiçi tək öz ifasında olan əsərləri deyil həm də otuz əsərdən ibarət silsilə kompozisiyalar ifa edir. Buna da “Bərbad melodiyalarının” ilkin təzəhürüdü demək olar. [5.]
Nizaminin əsərləri onun bir çox elm sahələrində yüksək savada və biliyə malik olan şəxs olduğuna dəlalət edir. Onun yüksək bədii formada ifadə etdiyi fəlsəfi fikirləri insanı heyran edir. Şərqin o zamanki anlayışlarından çox daha qabaqcıl fikirləri, ilk dəfə qadına bir ülvi varlıq kimi yanaşması, əxlaqi məsələlərə, əməyə bu qədər qiymət verməsi Nizaminin bir humanist insan olduğuna dəlalət edir. Məhz fəlsəfi fikirlərinə görə onu çox zaman Aristotellə müqayisə edirlər. Yaradıçılığı ilə incəsənətin bütün sahələrinə iz buraxan sənətkar tam bir fenomen olaraq hər zaman inəcəsənət, elm sahələrinin alimlərini düşündürmüş. Onun varlığı daim araşdırmalara, mübahisələrə yol aşmışdır. Bir çox Şərq xalqlarının nümayəndələri əsrlər boyu bu dahi şairi mənimsəyə çalışmışdır. Bu da ona dəlalət edir ki, NizamiGəncəvi bir təzahür, bir işıqdır və bu işiq tək bir xalqa deyil bütün dünyaya, ümumbəşərə saçır və hər zaman saçacaq.
İstifadə olunmuş ədəbiyyat
1. Abdullayeva S. Nizamidə musiqi, Musiqidə Nizami.Bakı: Nurlar, 2018, 360s.
2. Болдырев А.Н. Два ширванских поэта. Низами и Хагани. // Памятники ıпохи Руставели. - JL, 1938.
3. Гурбаналиева С.Ф. Низами и музыкальная культура Азербайджана (К проблеме взаимосвязей литературы и музыки). - Баку: Элм, 1994. - 151 с.
2. Гасанзаде Дж. Зарождение и развитие тебризской миниатюрной живописи в конце XIII - начале XV вв. - Баку: Озан, 1999. - 136 с.
5. Файзиев О.О. Творческое наследие Борбада. Ciberleninka.ru
https://cyberleninka.ru/article/n/tvorcheskoe-nasledie-borbada/viewer