"Musiqi dünyası" № 3 (88) 2021
Article №3; 8761-8767 pр.
İradə KÖÇƏRLİ. Adını rəmzə çevirən alım – Kamilə Dadaşzadə
Text PDFƏməkdar incəsənət xadimi, professor Kamilə Dadaşzadə, adı böyük hörmətlə çəkilən və elmi dairələrdə tanınan etnomusiqişünas, folkloroşünas, müəllim, pedaqoq və ictimai xadimdir. Kamilə Dadaşzadə hərtərəfli elmi-nəzəri bilikləri, geniş dünyagörüşü, dərin konseptual düşüncə tərzi ilə fərqlənən istedadlı alimlərdən biridir. O, yeni və müasir elmi istiqamətlərə açıq və meyllidir, fikirləri zaman və mühitlə səsləşir və hətta, bəzən onu qabaqlayır. Kamilə Dadaşzadə monoqrafiyaların, çoxlu sayda elmi və elmi-publisistik məqalələrin, tədris proqramları, dərslik, dərs vəsaitlərinin və s. müəllifi, çoxlu sayda kitabların redaktoru və rəyçisidir. O, öz yaradıcı fəaliyyəti ilə Azərbaycan musiqi elminə, təhsilinə töhvələr vermiş nüfuzlu bir mütəxəssisdir.
Kamilə xanımın həyat və yaradıcılıq yolunun bir ana xətti vardır – Azərbaycançılıq məfkurəsi. Onun bütün düşüncələri və fəaliyyəti bu əsas xəttə xidmət edir, ona istiqamətlənir. K.Dadaşzadə Azərbaycanı, xalqını, dövlətini, onun milli-mənəvi dəyərlərini, xüsusilə də, zəngin musiqi irsini bütün qəlbi və ruhu ilə duyur və sevir. Sevməklə yanaşı, yorulmadan, bu müqəddəs dəyərlər uğrunda çalışır, inkişaf etdirir, üzə çıxarır, qoruyur, tədqiq və təbliğ edir.
K.Dadaşzadə elmi fəaliyyətə aşıq yaradıcılığının öyrənilməsi məsələləri ilə başlamışdır. İlk illərdən etibarən, gənc bir tədqiqatçı kimi, özünü çox ciddi, işinə məsuliyyətlə yanaşan, elmdə boşluqlara yer qoymayan, dəqiqlik sevən bir musiqişünas kimi tanıtmışdır. Kamilə xanım elmi araşdırmalarla yanaşı, aşıq havalarının nota salınması işinin tədqiqatların ayrılmaz və mütləq amillərindən biri olduğunu özü üçün yəqin etmiş, müxtəlif ekspedisiyalarda iştirak etmiş, daim aşıqlarla ünsiyyətdə olmuş, aşıq sənəti, ustad aşıqlar haqqında məlumatlar yığmış, aşıq havaları və dastanları toplamış, lentə almış, ən müasir yazı metodları ilə nota köçürmüş, sistemə salmışdır. O, ustad aşıqların ifasından bir çox klassik musiqi örnəklərini – “Kərəm havaları”, “Koroğlu havaları” və başqalarını mükəmməl şəkildə nota köçürməyi bacarmışdır. Bu çox mürəkkəb və məsuliyyətli fəaliyyəti nəticəsində, həm öyrəndiyi musiqi və ədəbi mətni bütün incəliklərinədək dərk edərək mənimsəmiş, həm də gələcək tədqiqatlarının möhkəm bünövrəsini qoymuş, eləcə də, zəngin milli musiqi sərvətinin yeni nəslə ötürülməsi, qorunması işinə öz töhvəsini vermişdir.
Aşıqşünaslığın öyrənilməsi probeminin yeni bir mərhələsi Kamilə Dadaşzadənin adı ilə bağlıdır, desək, yanılmarıq. O, aşıq sənətinin tədqiq olunmasına yeni metodoloji baxışlar tətbiq etmiş, bununla da, aşıqşünaslığın inkişafına yeni bir təkan vermişdir, fərqli istiqamətlərdən öyrənilməsinə imkan yaratmış və fərqli yollar açmışdır.
Kamilə Dadaşzadə özündən əvvəl gələn aşıqşünas alimlərin yaradıcılığının əsas fikir və müddəalarını bütünlüklə mənimsəmiş, dərk etmiş, özündə cəmləmiş və əlbəttə ki, bilikləri bununla məhdudlaşmamışdır. O, rus-sovet musiqişünaslığının, eləcə də, dünya musiqi elminin aparıcı mütəxəssilərinin nəzəri konsepsiya və fikirlərini, musiqi aləmində baş qaldıran mütərəqqi elmi axın və istiqamətləri dərindən bilən, hərtərəfli biliklərə yiyələnmiş etnomusiqişünasdır. Bu, Kamilə Dadaşzadənin, bir mütəxəssis kimi, ən üstün cəhətlərindən biridir.
K.Dadaşzadə musiqi ictimaiyyətinə “Azərbaycan aşıqlarının dastan havalarında semiotik prinsiplərin təhlilinə dair” (2000) adlı sənətşünaslıq üzrə fəlsəfə doktorluğu üzrə dissertasiya mövzusu ilə tanınıb. Qeyd edək ki, mövzu ilə bağlı çapdan çıxan məqalələri artıq yeni bir istedadlı mütəxəssisin elm aləminə gəlməsindən xəbər verirdi. Dissertasiyanın uğurlu müdafiəsi bunu bir daha sübut etdi. Bu, bir neçə səbəblə bağlı idi: əvvəla dissertasiya çox yüksək səviyyədə yazılmışdı. İkincisi isə, mövzuya yeni elmi metodoloji sistem və yanaşma tətbiq edilmişdi. Dissertasiya işi musiqi aşıqşünaslığında yeni bir söz idi. Dissertasiyanın adı, problemlərin qoyuluşunun özü artıq yenilikdən xəbər verirdi, elmiliyi, yanaşma metodunun səmərəliliyi, əldə edilən elmi nəticələrin əhəmiyyəti ilə fərqlənirdi, mühüm konseptual ümumiləşdirmələr göz qabağında idi. Dissertasiya işi aşıqşünaslıq elminə müxtəlif yanaşmaların perpektivlərini üzə çıxardı, aşıq sənətinin öyrənilməsinə baxışları dəyişdirdi.
Əslində Azərbaycan aşıqlarının dastan yaradıcılığında, ümumiyyətlə, oğuz türklərinin işarələr-rəmzlər üzərində formalaşmış düşüncə tərzində bir çox amillərlə bağlı olan (təsəvvüf dünyagörüşü, musiqi və poetik dil və s.) gizli şifrələr və kodlar kifayət qədərdir. Bu işarələr sistemi dastanın bu və ya digər məna yüklü konteksti və aşığın interpretasiyası ilə sıx şəkildə bağlıdır. Kamilə xanım dastan yaradıcılığında çox mühüm əhəmiyyət daşıyan bu işarələr sistemini – işarə-simvolları, işarə-indeksləri, semiotik musiqi vahidlərini üzə çıxarmağa nail olmuşdur. Sonralar müəllif, dissertasiya əsasında “Dastanın işarə sistemi” adlı kitabını ərsəyə gətirmiş, əsər, mütəxəssis və alimlərin marağına səbəb olmuş, rəğbətini qazanmışdır.
Kamilə Dadaşzadənin əsas elmi keyfiyyətlərindən biri odur ki, o işinə həddən artıq məsuliyyətlə yanaşır, tez-tez “elm dəqiqlik sevir” fikirini söyləyir və bu tezisdən çıxış edərək işini tənzimləyir. Bunun nəticəsidir ki, o, aşıq dastanlarının, aşıq havalarının musiqi və poetik mətnini dərindən dərk edən, mətndaxili mənaları, “mətnlərin dialoqunu” arayıb axtaran və bununla da, tədqiq etdiyi materialın əsas ideya və mahiyyətini, bütün incəliklərinə kimi, xüsusi bir həssaslıqla araşdırıb üzə çıxaran bir alimdir. Bu xüsusiyyət – son dərəcədə dəqiqlik isə onu, intertekstual tədqiqatlara gətirib çıxarmışdır. Əslində, məntiqidir ki, alimin intertekstuallığa aparan yolu semiotikadan başlamışdır. Çünki, məlum olduğu kimi, elmi istiqamət olaraq, intertekstuallıq öz başlanğıcını semiotika məktəbindən götürmüşdür. Bununla da, K.Dadaşzadə, daha bir intellektual yanaşmanı Azərbaycan aşıqşünaslığına daxil etmişdir. Bu elmi araşdırmaların nəticəsi olaraq “Üzeyir Hacıbəyli və aşıq sənəti: intertekstual dialoq” əsəri meydana gəlmişdir. Fikrimizcə, indiki dövr üçün, bu əsəri Kamilə Dadaşzadənin yaradıcılığının zirvəsi hesab etmək olar.
“Üzeyir Hacıbəyli və aşıq sənəti: intertekstual dialoq” həddən artıq qiymətli bir əsərdir, bu mövzuda yazılmış ilk tədqiqat işidir. Bu baxımdan, yenidir və tam əminliklə demək olar ki, nəzərdə tutulan mətndaxili intertekstual dialoq öz müsbət nəticəsini vermişdir, eyni zamanda, Ü.Hacıbəyli və aşıq sənəti arasındakı sıx bağlılıq yeni səviyəyədə üzə çıxarılmış və aralarındakı “dialoq” baş tutmuşdur. Əsər, mühüm faktlar və informasiyalar, yeni fikirlər və elmi baxışlarla doludur. Bu əsəri Üzeyirşünaslıq elminə böyük bir töhvə kimi dəyərləndirmək olar: burada müəllifin elmi yanaşmaları nəticəsində Üzeyir dühasının nəhəng çevrəsi bir qədər də genişlənmişdir. Əsəri, eyni zamanda, aşıqşünaslıq elminin böyük uğuru hesab etmək mümkündür, çünki kitab sayəsində qədim və zəngin aşıqlıq mədəniyyəti bu günün elmi paradiqması baxımından daha da uca zirvələrdən görünməkdədir.
Əsərdə müəllifin Ü.Hacıbəylinin, dahi bir bəstəkar və şəxsiyyət olaraq, tarixi dərk etmə prosesinə koqnitiv yaddaş baxımından yanaşması da ilk dəfədir və maraq doğurur. O qeyd edir ki, bəstəkarın yaradıcılığının ilk dövründə “biliklər şəxsiyyətə münasibətdə xarici” bir məlumat kimi daxil olurdusa və onu yaddaşın “sensor-perseptiv (obrazlı) forması kimi dəyərləndirmək mümkündürsə, sonralar isə təcrübə, yəni, məntiqi yaddaş” üstünlük təşkil etmişdir və müəllif ikinci dövrü koqnitiv olaraq dəyərləndirmişdir. Kitabın səhifələrində, müəllif, bu sahədə biliklərini dərinləşdirərək bir daha özünün geniş erudisiyasını ortaya qoymuşdur.
K.Dadaşzadə, əminliklə demək mümkündür ki, öz iç dünyasına görə, böyük türkçüdür – türkçülük ideyalarının daşıyıcısıdır. Onun yaradıcılığının hər bir kəlməsi, hər bir cümləsi məhz bu ideyaya xidmət edir. Onun bir çox tədqiqatları məhz bu baxışlardan qaynaqlanır və “Bozoxu” havasının tarixi morfologiyasına dair” məqaləsi də bu baxımdan olduqca tutarlıdır. Müəllif “Bozoxu” havasının tarixi morfologiyasını açır, havanın həm adı, həm də musiqili-poetik məzmununu qədim türklərin bədii təfəkkürünün, türk ruhunun daşıyıcısı kimi – nadir arxetip olaraq təqdim edir və əsaslı faktlarla sübut olunur. Müəllif, məqalədə, ilk dəfə olaraq, Azərbaycan etnomusiqişünaslığı sahəsində “iç oğuz” və “dış oğuz” məvhumlarını elmi araşdırmalara cəlb edir. Kamilə xanım yazılarında “Musiqi qorqudşünaslığı” ideyasını ortaya qoyur, ”Kitabi Dədə Qorqud” eposunun musiqi dilinin, Qorqud havalarının bərpasına çalışır, bunu ən yeni nəzəri təhlil metodları ilə üzə çıxarmağa çalışır (“Musiqi qorqudşünaslığı: reallıq və perpektivlər”).
Kamilə xanım, vurğulandığı kimi, öz elmi araşdırmalarında ən müasir baxış istiqamətləri – sinergetik baxışların, germenevtika – interpretasiya haqqında elmi prinsiplərin tətbiqinin effektliliyindən, topik təhlil metodikasından yararlanmağın üstünlüyünü dərk edərək tədqiqatlarını həmin yolla aparır. Qeyri-xətti mühitdə özünütəşkil proseslərində attraktorların (sinergetik anlamda) rolunu vurğulayır. “Epik əsərlərin musiqi hermenevtikası problemlərinə dair”, “Qəhrəmanlıq eposunun təşəkkül dövrünün araşdırılasının sinergetik aspektləri” məhz bu baxışları özündə əks etdirən elmi məqalələrdəndir. Təsadüfi deyildir ki, Kamilə xanımın doktorluq dissertasiyasının mövzusu da “Azərbaycan qəhrəmanlıq eposunun musiqi sinergetikası”na həsr edilib və onun bu sahədə elmi araşdırmalarının məntiqi davamıdır.
Hal-hazırda alim dissertasiyanın müdafiəsi ərəfəsindədir. Bu, əlbəttə ki, gecikmiş bir müdafiədir və fikrimizcə, bir növ “formal” xasiyyət daşıyır. Çünki, Kamilə Dadaşzadə çoxlarıının öz düşüncəsində, artıq qəbul edilmiş elmlər doktorudur, nüfuzlu elm xadimidir. Əminliklə deyə bilərik ki, musiqi ictimaiyyəti tədqiqatın üzə çıxmasını səbirsizliklə gözləyir və düşünürük ki, müdafiə elmi dairələrdə mühüm bir hadisəyə çevriləcəkdir.
Kamilə Dadaşzadənin Azərbaycan təhsili sahəsində xidmətləri, xüsusilə qeyd olunmalıdır. Artıq uzun illərdir ki, Kamilə xanım Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqi tarixi və nəzəriyyəsi” kafedrasının müdiri vəzifəsində çalışır. Bu illər ərzində kafedranın işini Universitetin, daim yüksələn və dinamik xətt üzrə inkişaf edən, möhkəm bir təşkilatçılıq halqası olaraq dəyərləndirmək olar.
Tədrisin yeni dövrə uyğun olaraq təşkil olunmasında, tələbələrin bilik səviyyəsinin yüksəldilməsində, vətənpərvərlik hisslərinin aşılanmasında Kamilə xanımın çox böyük rolu vardır. O, yeni dövrün tələblərinə cavab verən yeni fənlərin dərs prosesinə daxil edilməsi, proqramların tərtib olunmasına çox böyük əmək sərf edir: “Türkdilli xalqların epik yaradıcılığı”, “Şərq xalqlarının musiqisi”, “Türk xalqlarının musiqisi” və başqaları ADMİU-də və ümumiyyətlə, ali məktəblərdə təhsil sisteminə ilk dəfə tətbiq olunan fənnlərdir, tədris proqramlarına K.Dadaşzadənin təşəbbüsü ilə daxil edilmişdir. Bu fənlərin tədrisi, ümumşərq, eləcə də, türk mədəniyyətinin bir parçası olan Azərbaycan musiqisini yeni və daha doğru müstəvidə öyrənməyə yönəldir və bu çərçivədə araşdırmalara böyük zəmin yaradır.
Kamilə xanım, bacarıqlı təşkilatçı olmaqla yanaşı, gözəl pedaqoqdur. Universitetin tələbələri Kamilə xanımın mühazirələrini dinlədikləri, ondan dərs aldıqlarına görə çox şanslıdırlar. Kamilə xanım, təkcə tələbələr üçün deyil, çoxları üçün bir mükəmməllik nümunəsidir. O, artıq öz məktəbini yaratmış alimlərdən biridir və onun elmi istiqamətləri ilə addımlayan, davam etdirən kifayət qədər ardıcılları və yetirmələri vardır.
K.Dadaşzadə Universitetin elmi potensialının arıtırılması, inkişafı prosesinə də böyük töhvələr verib. Belə ki, K.Dadaşzadənin səyi nəticəsində ADMİU çərçivəsində “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” adlı Beynəlxalq elmi-praktiki konfransın təməli qoyulmuş və 10 ildən artıqdır ki, uğurla fəaliyyət göstərir. Konfrans yeni və maraqlı mövzu və müddəaların, istedadlı tələbələrin elmi potensialının üzə çıxmasına şərait yaratmışdır. Konfranslarda çoxlu sayda çıxış və məruzələr dinlənilmiş, musiqi əsərləri dinlənilmiş və materiallar operativ şəkildə, Kamilə xanımın redaktorluğu altında samballı toplu halında çap edilmişdir. Beynəlxalq konfranslarda yerli alimlər, ADMİU-nun müəllimləri, xarici ölkələrin nümayəndələri də həvəslə iştirak etmiş və maraqlı mövzularla çıxışlar etmişlər. Konfrans çərçivəsində dünyanın bir sıra görkəmli alim və musiqişünasları ilə ünsiyyət qurulmuş, dialoq yaradılmış, yeni fikirlər, yeni görüşlər ortaya qoyulmuşdur. K.Dadaşzadənin böyük və məsuliyyətli zəhməti nəticəsində Azərbaycan elmi əmin addımlarla irəliyə doğru istiqamətlənməkdədir.
K.Dadaşzadənin ADMİU-nun Elmi Şurası və Dissertasiya Şurasının üzvüdür. Bu yöndə də onun əməyi və səyləri göz qabağındadır, dəyərli, yerində söylənilmiş, uzaqgörən fikir və təklifləri ilə Universitetin elmi-tədris və təşkilati istiqamətdə inkişafına töhvələrini verir. Kamilə xanım Prezident yanında Ali Attestasiya Komissiyasının Sənətşünaslıq və Memarlıq Elmləri üzrə Ekspert Şurasının ekspertidir. Burada da onun fəaliyyəti öz müsbət səmərəsini göstərməkdədir və məlumat üçün qeyd edək ki, doktorantlar üçün nəzərdə tutulan qəbul və minimum imtahanları üçün proqram da onun tərəfindən hazırlanaraq yüksək səviyyədə tərtib olunmuşdur.
Kamilə xanım yorulmadan yazır, yaradır... Çünki, musiqi ictimaiyyəti ondan yeni əsərlər, yeni tədqiqatlar gözləyir. Əminəm ki, bir alim kimi, Kamilə Dadaşzadənin özü haqqında da hələ çox sözlər yazılacaq, çox fikirlər deyiləcəkdir.
Kulturoloq-alimlər mədəni və kamil insan formulunu beş amillə şərtləndirir:1) bilik; 2) bacarıq; 3) mütəşəkkillik; 4) mənəviyyat; 5) yaradıcı fəaliyyət. Bütün məsuliyyəti ilə deyə bilərəm ki, bu insan düsturunu birbaşa Kamilə xanıma şamil etmək mümkündür. Bu sıraya müasirlik, kübarlılıq, zamanla ayaqlaşma, insani keyfiyyətlər – ailə, ana, qadın kimi – Kamilə xanımı xarakterizə edən ən müqəddəs məvhumları da daxil etsək, bəlkə də tam bir mənzərəni ala bilərik. Kamilə xanım və kamil insan – iki mütləq bağlılıqdır!
“Qədim türk dünyasının hərtərəfli kodeksi və türk makrokosmosu...haqqında informasiya kodu olan”1 “Kitabi Dədə Qorqud” dastanından bilirik ki, qədim zamanlarda türklər hər bir insana onun əməllərinə və bacarığına görə ad vermişlər. Düşünmək olar ki, Kamilə xanımın adı da, çox yəqin ki, yalnız xoş istəkdən doğan bir təsadüf deyildir. Bu ad uca Tanrının diqtəsi ilə - alın yazısı olaraq məhz onun üçün seçilmişdir.
Çox yəqin ki, məhz bu səbəbdən yalnız biz – Azərbaycanlılar çox vaxt “doğum günü” deyil, Ad günümüzü qeyd edirik.
Ad günün mübarək Kamilə xanım!
Əziz Kamilə xanım!
Əsil alim təfəkkürün, geniş erudisiya və biliklərin qarşısında, həmişə olduğu kimi, heyranlığımı bildirirəm! Elmi yazılarınla fikirlərimizi, düşüncələrimizi zənginləşdirdiyin üçün sənə minnətdaram!
Aşıqlıq mədəniyyətinə haqq etdiyi dəyəri verdiyin üçün, xalqımızı, musiqi mədəniyyətimizi sevdiyin üçün, milli dəyərlərimizin, türkçülük ideallarının qoruyucusu, daşıyıcısı olduğun üçün sənə alqış deyirəm!
Uca zirvələrə doğru böyük yolda uğurlar diləyirəm!
1. K.Dadaşzadə. Musiqi Qorqudşünaslığı: reallıq və perspektivlər. Moskva, 2002, s.219 (rus dilində)