"Musiqi dünyası" № 1 (90) 2022
Article №1; 8852-8861 pр.
Prof. Dr. İradə ABBASOVA, Dr.Öğr.Üyesi Vasfi ÇİLİNGİR. Azərbaycan bəstəkarlarının musiqili-səhnə əsərlərində Nizami poeziyası
Text PDFXII əsrdə yaşayıb yaratmış dahi mütəfəkkir şair Nizami Gəncəvinin əsərləri Azərbaycan bəstəkarlarının yaradıcılığında mühüm yer tutmuşdur. Nizami Gəncəvinin 880 illik yubileyi ərəfəsində yaradıcılıq irsini araşdıran zaman Azərbaycan professional musiqisində dahi şairin yaradıcılığından bəhrələnən bir çox maraqlı əsərlərin yaranmasını müşahidə edirik. Musiqinin müxtəlif janrlarını əhatə edən bu əsərlər sırasında vokal, simfonik, xor əsərləri ilə yanaşı, musiqili- səhnə əsərlərinin də üstünlük təşkil etdiyi nəzərə çarpır. Bu baxımdan yanaşsaq, dahi Nizaminin irsinin musiqili-səhnə əsərlərində əks olunması böyük maraq doğurur. Məlumdur ki, Azərbaycan professional musiqisində Nizami mövzusuna müraciət dahi bəstəkar Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. 1940-cı illərdə Nizaminin 800 illik yubileyi ilə əlaqədar olaraq, Ü.Hacıbəyli “Sənsiz” və “Sevgili canan” romans-qəzəllərini yazmış və bununla da Azərbaycan bəstəkarlarını Nizami poeziyasına müraciət etməyə istiqamətləndirmişdir. Elə həmin dövrdən başlayaraq, Azərbaycan bəstəkarlarının musiqili-səhnə əsərlərində Nizami yaradıcılığı əks olunmağa başlamışdır.
Azərbaycan bəstəkarlarının musiqili-səhnə əsərlərində Nizami poeziyasına müraciət dahi şairin dərin fəlsəfi yaradıcılığının ifadəsini özündə əks etdirir. Nizaminin 800 illik yubileyinin keçirilməsi ilə əlaqədar olaraq, Azərbaycan bəstəkarlarının musiqili-səhnə janrları sahəsində Nizaminin yaradıcılığı ilə bağlı olan bir sıra əsərlərin yaranması fikirləri formalaşır. Həmin dövrdə yaradılan yubiley komissiyasının qərarı ilə qapalı müsabiqə keçirilməsi qərarlaşdırılır və Azərbaycan bəstəkarlarının bir sıra əsərləri həmin müsabiqəyə təqdim olunur:
1. Üzeyir Hacıbəyli – “İskəndərnamə” operasını yazmağı planlaşdırır. Bu operanın librettosu bəstəkarın özü tərəfindən yazılmışdır, mənzumələr isə şair Əliağa Vahidə həvalə olunmuşdur.
2. Səid Rüstəmov – “Hind gözəli” baleti yazmağı nəzərdə tutmuşdur. Baletin librettosunu isə Maksimoviç yazıb hazırlamışdır.
3. Əfrasiyab Bədəlbəyli həmin dövrdə yazdığı əsərin adını tam dəqiqləşdirməsə də, şairin həyat və yaradıcılığından bəhs edən bir mövzuda olacağını müəyyənləşdirmişdi.
4. S.Aro Sabit Rəhmanın librettosu əsasında “Yeddi gözəl” operasını yazmağı düşünürdü.
5. Rus bəstəkarı Boris Asafyev isə “Xosrov və Şirin” baletini yazmağı nəzərdə tuturdu. Baletin librettosu isə Mikayıl Rəfiliyə aid idi.
6. Qara Qarayev və Cövdət Hacıyev “Nizami və müasirlik” mövzusunda opera yazmağa qərar vermişdilər. Bu operanın librettosu S.İmanova və İ.Oratovski tərəfindən hazırlanmışdır.
Lakin 1941-ci ildə başlanan İkinci Dünya müharibəsi yubiley günlərinin keçirilməsinin təxirə salınmasına səbəb olur. Belə ki, baş verən hadisələr bəstəkarların yaradıcılıq fəaliyyətinə təsir edir və həmin dövrdə daha çox hərbi-vətənpərvərlik ruhunda yazılmış əsərlərin üstünlük təşkil etməsi diqqətə çarpır. Nəzərdə tutulan əsərlərdən yalnız Əfrasiyab Bədəlbəylinin “Nizami” operası tamamlanır. Niyazi isə əvvəlcə xalq şairi Rəsul Rzanın librettosu əsasında “Babək” operasını yazmaq fikrində olsa da, sonradan Mikayıl Rəfilinin librettosu əsasında “Xosrov və Şirin” operasını yazır. Boris Asafyev isə Nizaminin “Yeddi gözəl” poeması əsasında “Slavyan gözəli” operasını yazır. Üzeyir Hacıbəyli Nizaminin “Yeddi gözəl” poeması əsasında yeddi musiqili qəzəl yazmağı nəzərdə tutsa da, sonra onlardan iki qəzələ müraciət edir və “Sənsiz” ilə “Sevgili canan” romans-qəzəllərini yazır. Bir müddət sonra Qara Qarayev balet ifaçıları Rəfiqə Axundova və Maqsud Məmmədovun librettosu əsasında “Qeys və Leyli” baletini yazmağı düşünür. Eyni zamanda Qara Qarayev yeddi Azərbaycan muğamı əsasında “Leyli və Məcnun” mövzusunda musiqili-səhnə əsəri yaratmağı nəzərdə tuturdu. Lakin bir müddət sonra Qara Qarayev musiqili-səhnə əsəri əvəzinə Nizaminin eyni adlı əsəri əsasında “Leyli və Məcnun” simfonik poemasını yazır [F.Əlizadə, 1997, s.111].
Müxtəlif illərdə Arif Məlikov “Leyli və Məcnun” baletini, Cahangir Cahangirov “İsgəndərnamə” poemasından fraqment əsasında xor və orkestr üçün əsər, Rauf Hacıyev vokal-simfonik poema yazmağı nəzərdə tutmuşdur. Qəmbər Hüseynli isə Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında opera yazmağı düşünürdü. Bu barədə bəstəkar xalq şairi Nəriman Həsənzadənin Qəmbər Hüseynliyə həsr olunan radio verilişində çıxışı zamanı bildirmişdir. Bütün bu faktlar onu göstərir ki, Nizami yaradıcılığı Azərbaycan bəstəkarlarının diqqət mərkəzində olmuş və indi nəzərdən keçirdiyimiz musiqili-səhnə əsərləri ilə yanaşı digər janr sahələrində də maraqlı və əhəmiyyətli əsərlərin yaranması ilə nəticələnmişdir.
Bu baxımdan Qara Qarayev Azərbaycan bəstəkarlarının Nizami mövzusuna müraciətini belə dəyərləndirir: “Nizaminin misraları son dərəcə melodikliyi, bədii obrazları, dramaturji əsası və mövzuları olduqca plastikliyi və təsirliyilə seçilir, sanki onlar musiqidə öz ifadələrini tapıb” [Q.Qarayev, 1988, s. 126].
Fikrət Əmirov isə Nizami poeziyasının gözəlliyini, məna dərinliyini,yüksək mənəvi-etik ideyalarını, çarpazlaşmış hissələrini xüsusilə qeyd edir [V.Vinoqradov, 1981, s. 126-128]. Nəzərə çatdıraq ki, Qara Qarayev və Fikrət Əmirovun Nizami bədii irsi və obrazı əsasında yazdıqları əsərlər bədii əhəmiyyətinə görə yüksək səviyyəli əsərlər sırasına daxildir. Onu da qeyd edək ki, Üzeyir Hacıbəyli “Leyli və Məcnun” operasının librettosunu Məhəmməd Füzulinin poeması əsasında tərtib etsə də, bu əsərin yaranmasında Nizaminin eyniadlı əsərinin də böyük təsiri olmuşdur. Eyni bu fikirləri XX əsrin ən mükəmməl baletlərindən sayılan və yarandığı dövrdən başlayaraq bir çox səhnələrdə tamaşaya qoyulan Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti haqqında da demək mümkündür. Bir daha qeyd edək ki, baletin türk şairi Nazim Hikmətin eyniadlı pyesi əsasında yazılmış librettosu Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasının məzmununa oxşardır. Bu baxımdan əsərdə Nizami poeziyasında irəli gələn təsirləri qeyd etmək mümkündür.
Ümumiyyətlə, Nizaminin yubileylərinin qeyd olunduğu illəri Azərbaycan musiqi mədəniyyətinin “Nizami dövrü” kimi səciyyələndirmək mümkündür. Bu illərdə musiqili-səhnə əsərləri ilə yanaşı, Nizaminin əsərləri əsasında çoxsaylı mahnı və romanslar yazılmış, poemalarının qəhrəmanlarının və eləcə də dahi şairin özünün obrazının musiqi dili ilə ifadə olunmasına çalışmışlar. Bu əsərlərin ərsəyə gəlməsində şairin zəngin bədii irsi, şəxsiyyəti və həyat yolu müstəsna əhəmiyyət daşımışdır. Nizaminin “Xəmsə”si, qəzəllər və obrazı əsasında yazılan əsərlər demək olar ki, klassik musiqinin bütün janrlarını əhatə edir. Nəzərdən keçirdiyimiz musiqili-səhnə əsərlərini xronoloji baxımdan izlənməsi və araşdırılmış məlumatların nəzərə çatdırılması əhəmiyyətli bir mövzudur. Belə ki, Azərbaycan musiqisində musiqili-səhnə janrları sahəsində Nizami irsi opera və balet janrları ilə təmsil olunmuşdur. Bu baxımdan əvvəlcə Nizami obrazı və Nizami yaradıcılığı əsasında yazılan operaların nəzərdən keçirilməsi diqqətəlayiqdir.
Nizami şəxsiyyəti və yaradıcılığı ilə bağlı olan opera janrı sahəsində ən əhəmiyyətli əsər kimi Əfrasiyab Bədəlbəylinin “Nizami” operasını vurğulamaq lazımdır. 5 pərdə və 6 şəkildən ibarət olan opera üzərində bəstəkar 1939-1942-ci illərdə işləmişdir. Süjet xəttini yazıçı-dramaturq Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanı əsasında Əfrasiyab Bədəlbəylinin yazdığı libretto təşkil edir. Ə.Bədəlbəyli 1939-cu il dekabrın 13-də operanın I pərdəsini Bakı Filarmoniyasının simfonik orkestrinin müşayiətilə Azərbaycan Dövlət Opera və Balet Teatrında təqdim etmişdir. Operadan fraqmentlər isə 1939-1940-cı illərin konsert mövsümündə səslənmişdir. 1941-ci ildə başlayan Böyük Vətən müharibəsinə görə, operanın premyerası 1948-ci il dekabrın 12-də Azərbaycan Dövlət Opera və Balet Teatrında keçirilmişdir. Operada Nizami Gəncəvinin obrazının təcəssümü, şairin yaşadığı dövrün tarixi hadisələrini musiqi vasitəsilə ifadəsi əsas yer tutur. İlk tamaşanın rejissoru İsmayıl Hidayətzadə, dirijoru isə Əfrasiyab Bədəlbəylinin özü olmuşdur. “Nizami” operasında əsas rollarda dövrün tanınmış opera ifaçıları iştirak etmişlər. Belə ki, Nizami obrazının ilk ifaçısı Bülbül olmuşdur. Digər obrazlara gəldikdə isə Fatma Muxtarova Əzra, Sona Mustafayeva Rəna, Hüseynağa Hacıbababəyov Xosrov, Ağababa Bünyadzadə Şapur, Böyükağa Mustafayev isə Əmir Haris obrazlarını ifa etmişlər. Operanın musiqi dilinə gəldikdə isə qeyd etməliyik ki, Nizaminin:
Mənəm ol şəhi-məani ki, fəzilətin əyandır,
Yer ilə zəmanə hakim hünərli bir asimandır...
sözləri ilə başlanan ariyası (“Fəxriyyə”), Əzranın ariozosu və elegiyası daha təsirli xarakteri ilə diqqəti cəlb edir. Operadakı rəqs epizodları, xor səhnəsi özünəməxsus lirik xarakteri ilə diqqəti cəlb edir. Operadan bəzi musiqi nümunələri konsert proqramlarına da daxil edilmişdir. Belə ki, Nizaminin ariyası Niyazinin dirijorluğu ilə Bülbülün ifasında 1947-ci ildə Nizaminin 800 illiyinə həsr edilmiş təntənəli konsertin proqramına daxil edilmişdir. Qeyd edək ki, Əfrasiyab Bədəlbəylinin “Nizami” operası Azərbaycan operası səhnəsində dahi şair-mütəfəkkirin obrazının yaradıldığı ilk musiqili-səhnə əsəridir.
1940-cı illərdə yazılmış diqqətəlayiq əsərlərdən biri də Niyazinin “Xosrov və Şirin” lirik-romantik operası olmuşdur. Niyazinin “Xosrov və Şirin” operasını lirik-kamera planlı opera kimi səciyyələndirmək olar. Nizaminin eyniadlı poemasının motivləri əsasında yazılmış operada məhəbbət mövzusu öz əksini tapmışdır. Operada əsərin ayrı-ayrı mövzularından yalnız biri - məhəbbət mövzusu ön plana çəkilmişdir. Librettosunu Mikayıl Rəfilinin yazdığı bu operanın rejissoru İsmayıl Hidayətzadə, dirijoru isə Niyazinin özü olmuşdur. 4 pərdəli operada subyektiv lirik xətt ümumiləşdirilmiş, vətəndaşlıq, Vətənə məhəbbət kimi nəcib motivlər qabarıq verilmişdir. Operanın qəhrəmanları öz aralarında mürəkkəb münasibətlər və hisslərlə bağlı olsalar da, hadisələrin inkişafında onların hər birinin daxili aləmi, fərdi xüsusiyyətləri, psixologiyası və mənəviyyatı işıqlandırılır. “Xosrov və Şirin” operası özünün intonasiya yeniliyi, parlaq melodikası və lirik-psixoloji məzmununun açılmasında musiqi dilinin milli xüsusiyyəti ilə diqqəti cəlb edir. Operanın ilk tamaşası 1942-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında keçirilmişdir. Operanın ilk tamaşasında əsas rolları Hüseynağa Hacıbababəyov (Xosrov), Sona Bağırova (Şirin), Bülbül (Fərhad), Ağababa Bünyadzadə (Şapur), Böyükağa Mustafayev (Şirvan şahı) və başqaları ifa etmişlər. Çoxplanlı musiqi dramaturgiyasına malik olan “Xosrov və Şirin” operası psixoloji gərginliyi, xor səhnələri və epizodların ifadəliliyi ilə seçilir. Melodik, mənalı və təsirli musiqi dili əsərin qəhrəmanlarının daxili aləmini açır. Xosrov və Şirinin məhəbbət dueti, Şirinin ikinci pərdədəki ariyası, dördüncü pərdədəki ariozo və mahnısı, Xosrovun üçüncü pərdədəki ariyası, Fərhadın birinci pərdədəki monoloqu, Şapurun hekayəsi, Şirinlə Xosrovun dördüncü pərdədəki görüş səhnəsi, qızların rəqsi xüsusilə seçilir.
Zülfüqar Hacıbəyovun “Nüşabə” operası 1946-cı ildə yazılmışdır. Xalq şairi Abdulla Şaiqə məxsus olan librettonun əsasını Nizaminin “İsgəndərnamə” poemasında təsvir edilən İsgəndərin Bərdə hakimi Nüşabə ilə görüşü səhnəsi təşkil edir. Bəstəkar operanın uvertürasını və əsərin əsas qəhrəmanı Nüşabənin bir ariyasını yazsa da, əsəri tamamlamamışdır. Bəstəkarın şəxsi arxivində əlyazma şəklində 153 vərəqdən ibarət olan operanın klaviri, partiturası və orkestrləşməsi saxlanılmışdır. Nizami əsərlərinə uşaq operası janrında da müraciət edilmişdir. Uşaq operası sahəsində Nizami mövzusuna müraciət edilməsi böyüməkdə olan gənc nəslin tərbiyəsində və əxlaq dəyərləri ilə tanış olmasında mühüm əhəmiyyət kəsb edir. Soltan Hacıbəyovun “İsgəndər və çoban” operası bir pərdəli və üç şəkilli operadır. Librettonun əsasına Nizaminin “İsgəndərnamə” poemasından “İqbalnamə” hissəsinin əvvəlində verilən iki novella (“İsgəndərin başqırxan qulam ilə əhvalatı” və “İsgəndər ilə çoban dastanı”) qoyulmuşdur. “İsgəndər və çoban” operasının çox sadə və aydın poetik üslublu librettosu uşaq şairi Mir Mehdi Seyidzadəyə məxsusdur. Əsər bəstəkara Bakı Pionerlər Evi tərəfindən sifariş edilmişdi. Bu opera ilk dəfə konservatoriyanın nəzdindəki musiqi məktəbi (indiki Bülbül adına orta ixtisas musiqi məktəbi) şagirdlərinin ifasında tamaşaya qoyulur. Tamaşanın rejissoru Azərbaycanın tanınmış rejissoru Şəmsi Bədəlbəyli, rəqslərin quruluşçusu Opera və Balet teatrının balerinası İrina Mixayliçenko idi. Operanın ifasında məktəbin 100-ə yaxın şagirdi və Aleksandr Şvartsın rəhbərliyi ilə simfonik orkestr iştirak etmişdir. Sonradan qeyri-müəyyən səbəbdən bu opera nədənsə unudulmuş, yalnız ötən əsrin son onilliyinin əvvəllərində yenidən işıq üzü görmüşdür. Operanın belə uzunmüddətli “antrakt”dan sonra tamaşaya qoyulması ətrafında da kiçik bir açıqlama vermək istərdik. Səadət Abdullayeva “Nizamidə musiqi, musiqidə Nizami” kitabında operanın ikinci həyatı haqqında belə bir faktı qeyd edir ki, əsər 18 aprel 1990-cı il tarixində BMA nəzdində məktəb-studiyanın uşaq opera teatrı tərəfindən Şövkət Məmmədova adına opera studiyasının səhnəsində göstərilmişdir [S.Abdullayeva, 2018, s. 360].
BMA tərəfindən 2017-ci ildə nəşr olunmuş klavirə giriş sözündə operanın 1991-ci ildə Məktəb-studiyanın özünün on illik yubileyi ərəfəsində uşaq musiqi teatrının şagirdlərinin təşəbbüsü ilə tamaşaya qoyulduğu göstərilir [S.Abdullayeva, 2018, s. 360]. Şah, Vəzir, Dəllək, Çoban surətlərini səciyyələndirən musiqi onlara xas olan ştrixlərlə verilmişdir. Tamaşa kişi və qadın rəqsləri, xor səhnələri ilə zəngindir və cərəyan edən hadisələr bir-birini tamamlayır. Opera nəsihətedici məna daşıyır və xorun ifasında “Həyatda heç kəs öz sirrini gizlədə bilməz” öyüdü ilə bitir. Operanın növbəti yeni quruluşda tamaşası məktəb-studiyanın yaradılmasının 35 illiyi və Soltan Hacıbəyovun anadan olmasının 95 illiyinə həsr edilərək, uşaq teatrının ifasında səslənmişdir. Onu da qeyd etməliyik ki, bu tamaşa rektor Fərhad Bədəlbəyli və məktəb-studiyanın direktoru Tərlan Seyidovun təşəbbüsü ilə səhnələşdirilmişdir. Əsərin klaviri onun saxlanmış və itirilmiş əlyazmasının bərpa olunmuş surəti əsasında professor Tərlan Seyidovun şəxsi arxivindədir.
Ramiz Mustafayevin “Şirin” operası 1957-ci ildə yazılmışdır. Bir hissəli opera xalq şairi Səməd Vurğunun “Fərhad və Şirin” dramı əsasında yazılmışdır. Təbiidir ki, bu pyes Nizaminin “Xəmsə”sinə daxil olan “Xosrov və Şirin” poemasından bəhrələnmişdir. Bəstəkarın diplom işi olan bu əsər Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert ifasında dinlənilmişdir. Oqtay Rəcəbovun “Xeyir və Şər” adlı uşaq operası Nizaminin “Yeddi gözəl” poeması əsasında yazılmışdır. 2 pərdəli və yeddi şəkilli bu operanın librettosunu xalq şairi Mirvarid Dilbazi yazmışdır. Operada Nizami əsərinin dərin fəlsəfi məzmunu açılır , xeyir və şər qüvvələr qarşı-qarşıya qoyulur, xeyir işlərin həmişə zəfər çalacağı vurğulanır. Bu operanın televiziya versiyası Respublika İncəsənət Gimnaziyasının yuxarı sinif şagirdlərinin iştirakı və fortepianonun müşayiətilə çəkilmişdir.
Rəşid Şəfəqin “Bayquşların söhbəti” adlı 3 hissəli nağıl-operası Nizami Gəncəvinin 850 illiyinə həsr olunmuşdur. Librettosu Hikmət Ziyaya məxsus olan opera Nizaminin “Sirlər xəzinəsi”ndə verilən “Ədalətli Nuşirəvan və vəzirin hekayəsi” əsasında yazılmışdır. Uşaqlar üçün yazılmış bu opera Bakı şəhəri 190 saylı məktəbdə bəstəkarın təşəbbüsü ilə yaradılmış Uşaq opera studiyasının məktəbli aktyorlarının ifasında Xəzər Dənizçilərinin Mədəniyyət Evində tamaşaya qoyulmuşdur. Rəşid Şəfəqin Nizami yaradıcılığı əsasında digər operası “İsgəndərin sirri” adlanır. 2014-cü ildə yazılmış bu uşaq radio-operası Nizami Gəncəvinin “İsgəndərnamə” poemasının motivləri əsasında yazılmışdır. Eldar Mansurovun 2005-ci ildə yazdığı “Yeddi gözəl” əsəri rok-opera janrında yazılmışdır.
Nizami yaradıcılığı əsasında yazılmış balet əsərləri içərisində ən mükəmməl nümunə Qara Qarayevin 1952-ci ildə yazdığı “Yeddi gözəl” baletidir. Baletin librettosu İsmayıl Hidayətzadə, Yuriy Slonimski və Sabit Rəhman tərəfindən Nizami Gəncəvinin “Xəmsə”si əsasında işlənilmişdir. Baletdə məhəbbət və xalqın səadəti naminə insanın mənəvi cəhətdən zənginləşməsi tərənnüm edilir. Bəstəkar Nizaminin poemasında irəli sürülən zəhmətkeş insanlar haqqında fikirləri öz baletində davam etdirərək, xalqı əsas qəhrəman kimi təqdim edir və bu onun əsərinin əsas ideyasını təşkil edərək, baletin ictimai motivlərini kəskinləşdirir. Bəstəkar əsərdə Nizami poemalarının fabulasından daha çox, şairin yaradıcılığının ümumi ideya istiqamətini saxlamağa çalışmışdır. Şairin xalqın həyatı ilə bağlı düşüncələri bəstəkar üçün əsas örnək olmuşdur.Bundan başqa, 1969-cu ildə Qara Qarayevin eyniadlı simfonik poeması əsasında “Leyli və Məcnun” birpərdəli xoreoqrafik poeması səhnələşdirilərək Azərbaycan Dövlət Opera və Balet Teatrında tamaşaya qoyulmuşdur. Bəstəkarın 80 illik yubileyi ərəfəsində simfoniyanın 18 dəqiqə davam etdiyini nəzərə alaraq, bəstəkarın oğlu Fərəc Qarayev varis kimi ona musiqisi, üslubu, ahəngi və melodiyası cəhətdən yaxın olan “Alban rapsodiyası”ndan musiqi parçaları əlavə edərək, səhnədə 40 dəqiqə davam edən birhissəli balet tamaşası hazırlamışdır.
Müxtəlif illərdə Azərbaycan bəstəkarları tərəfindən Nizami yaradıcılığı əsasında balet nümunələri yaradılmışdır. Qalib Məmmədov Nizami Gəncəvinin eyni adlı əsəri əsasında 1983-cü ildə “Sirlər xəzinəsi” adlı iki pərdəli baleti yazmışdır. 2005-ci ildən başlayaraq “İsgəndərnamə” baleti üzərində işləsə də, librettosu İnqer Mete Stensetə məxsus olan balet tamamlanmamışdır.
Fikrət Əmirovun 3 pərdəli “Nizami” baleti 1984-cü ildə yazılmışdır. Librettosu Nailə Məmmədova və Altay Məmmədova məxsus olan bu balet Nizami Gəncəvinin 850 illik yubileyi münasibətilə Azərbaycan Dövlət Opera və Balet Teatrında tamaşaya qoyulmuş və bir müddət sonra 1991-ci ildə isə Moskvada səhnələşdirilmişdir. Baletdə Nizaminin və onun poema qəhrəmanlarının çoxcəhətli ümumiləşdirilmiş obrazları əks olunur. Baletin birinci və ikinci pərdələri şərti olaraq “Şair və hakimiyyət”, üçüncü pərdəsi isə “Şair və ilham mənbəyi” adlanır.
Tofiq Bakıxanovun “Xeyir və Şər” adlı bir pərdəli baleti 1990-cı ildə yazılmışdır. Baletin librettosu Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından Çin gözəlinin söylədiyi hekayətə əsaslanır. Baletin süjet xəttini Xeyirlə Şərin qarşıdurması təşkil edir. Baletdə susuz səhrada Xeyirin ürək genişliyi ilə xeyir iş görməsindən və buna cavab olaraq Şərin törətdiyi bədxah əməllərdən bəhs olunur. Onu da qeyd edək ki, Nizaminin 850 illiyinə həsr olunmuş müsabiqədə “Xeyir və Şər” baleti xüsusi mükafata layiq görülmüşdür. Sayca 17 musiqi nömrəsindən ibarət olan baletin məzmunu bir-biri ilə təzad təşkil edən və vahid kompozisiya şəklində olan dörd səhnədə - proloq (“İntrada”), “Səhra”, “Oazis” və epiloqda (“Xeyirin qələbəsi”) açıqlanır. Balet 1992-ci ildə Şövkət Məmmədova adına Opera studiyasında Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına simfonik orkestrinin ifasında Yaşar İmanovun dirijorluğu ilə yazılan fonoqramın müşayiəti və Bakı Xoreoqrafiya Akademiyası tələbələrinin iştirakı ilə tamaşaya qoyulmuşdur.
Nizaminin əsərlərinin ictimai-fəlsəfi görüşləri Azərbaycan bəstəkarlarının əsərlərində öz əksini tapmışdır. 2021-ci ildə 880 illiyi keçirilən dahi şair-mütəffəkir Nizaminin şəxsiyyəti, dərin fəlsəfi yaradıcılığı müxtəlif nəsil Azərbaycan bəstəkarlarının musiqili-səhnə əsərlərində opera və balet janrları ilə təmsil olunmuşdur. Nizami yaradıcılığı həmişə Azərbaycan bəstəkarlarının diqqət mərkəzində olmuşdur və dahi şairin poeziyasının gözəlliyi, məna dərinliyi, yüksək mənəvi-etik ideyaları musiqili-səhnə əsərlərində dərin ifadəsini tapmışdır. Bu baxımdan Nizami bədii irsi və obrazı əsasında yazılmış əsərlər dərin fəlsəfi məzmunu və dramatik məzmunlu musiqi ifadəliliyi ilə diqqəti cəlb edir. Nizami Gəncəvinin “Xəmsə”sində hər poema bir hikmət dünyası, hər kəlmə dəyərli bir nəsihətdir. Bunu dərindən dəyərləndirən Azərbaycan bəstəkarları müraciət etdikləri hər bir janrda, o cümlədən araşdırdığımız musiqili-səhnə janrları sahəsində Nizami Gəncəvi yaradıcılığının tərbiyəvi və əxlaqi əhəmiyyətini, ifadə etdiyi mənəvi dəyərləri əks etdirməyə çalışmışlar. Bu baxımdan nəzərdən keçirdiyimiz opera və balet nümunələrində dahi şair Nizaminin zəngin yaradıcılıq irsinin fəlsəfi və ictimai əhəmiyyətinin vurğulanması yaradıcı şəkildə nəzərə çarpır.
Ədəbiyyat:
1. Abdullayeva, S.A. Nizamidə musiqi, musiqidə Nizami / S.Abdullayeva. – Bakı: Nurlan, – 2018. – s. 360.
2. http://konservatoriya.az/wp-content/uploads/2016/03/Konservatoriya-2016-1-59-63.pdf
3. Əlizadə, F.Ə. Qara Qarayev / F.Ə.Əlizadə. – Bakı: Yazıçı – 1997. – s. 111.
4. Gəncəvi, N.İ. İsgəndərnamə / N.İ.Gəncəvi. – Bakı: Adiloğlu, – 2011. – s. 662.
5. Qarayev, Q.Ə. Elmi-publisistik irsi / Q.Ə.Qarayev. – Bakı: Yazıçı, – 1988. – s. 128.
6. Məmmədli, Q.M. Üzeyir Hacıbəylinin həyat və yaradıcılığının salnaməsi / Q.M.Məmmədli. – Bakı: Yazıçı, – 1984. – s. 462.
7. Виноградов, В.В. Мир музыки Фикрета / В.В. Виноградов. – Баку: Язычы, – 1981. – с. 122.
8. Тагизаде, А.З. Султан Гаджибеков (жизнь и творчество) / А.З. Тагизаде. – Баку: Язычы, – 1985. – с. 174.