"Musiqi dünyası" № 2 (91) 2022

Article №9; 8930-8935 pр.
Könül HÜSEYNOVA. Rauf Hacıyev yaradıcılığı müasir musiqi mədəniyyətinin reallıqları işığında
Text PDF

Azərbaycan Respublikası Təhsil Nazirliyi Üzeyir Hacıbəyli Adına Bakı Musiqi Akademiyası
Bakı Musiqi Akademiyasının 100 illiyi çərçivəsində Şərq və Qərb Musiqi Mədəniyyətlərinin dialoqu mövzusunda Beynəlxalq elmi-praktiki konfransın materialı.
4-5 noyabr 2021-ci il

Bakı -2021

Azərbaycan və SSRİ-nin Xalq artisti, görkəmli və unudulmaz bəstəkar Rauf Hacıyevin yaradıcılığı Azərbaycan musiqi mədəniyyətinin ən parlaq səhifələrindən biridir. Onun adı XX əsrin ikinci yarısında Azərbaycan musiqi mədəniyyətinin inkişafında mühüm rol oynamış-Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev, Niyazi, Soltan Hacıbəyov, Tofiq Quliyev, Süleyman Ələsgərov, Cahangir Cahangirov kimi karifey sənətkarların adı ilə yanaşı çəkilir.

Rauf Hacıyev musiqi sənətinin müxtəlif janrlarında yadda qalan əsərlər yaratmışdır. O, müxtəlif mövzulu operettaların, kinofilmlərə musiqinin, simfonik əsərlərin, 150-dən artıq mahnının, kantataların, kamera-instrumental əsərlərin, xoreoqrafik kompozisiyaların və s. müəllifidir. İstər operettalarında, istər kinomusiqisində, istərsə də kamera -instrumental və simfonik əsərlərində o, hər zaman mahnı bəstəkarı kimi çıxış etmişdir.

Rauf Hacıyevin kamera-instrumental musiqisi onun mahnıları kimi melodik gözəlliyi və tematik zənginliyi ilə seçilir. Bura bəstəkarın fortepiano üçün pyesləri (“Əlcəzair melodiyaları”, “Əlcəzair dəftəri” silsilələri), sonatinası, skripka və fortepiano üçün “Əlcəzair melodiyası” poeması, Taxta nəfəsli alətlər üçün “Noktyurn”, Taxta nəfəslilər və fortepiano üçün xalq melodiyaları əsasında “Rəqs süitası” kimi bir sıra əsərlər daxildir.

Bəstəkarın kamera-instrumental yaradıcılığında uşaq və gənc ifaçılar üçün nəzərdə tutulan kiçik həcmli fortepiano pyesləri xüsusi yer tutur. Azərbaycan bəstəkarlıq məktəbinin, demək olar ki, bütün nümayəndələri uşaq və gənc pianoçular üçün yadda qalan əsərlər yaratmışlar. XX əsrin 30-40-cı illərində A.Zeynallının (“Uşaq süitası” “Çahargah”, “Durna”), 50-60-cı illərdə Q.Qarayevin (“6 uşaq pyesi”, “6 orta çətinlikli pyes”), F.Əmirovun (“Uşaq lövhələri”, “12 miniatür”, “Variasiyalar”, “2 prelüd”), daha sonralar A.Məlikovun (“Uşaq pyesləri”, A.Əlizadənin (“Uşaq süitası”), X.Mirzəzadənin (“Uşaq pyesləri”) bu sahədə yazdıqları əsərlər milli musiqi sənətinin ayrıca bir qolu olan uşaq musiqi irsini zənginləşdirmişlər.

Bu işdə Rauf Hacıyevin də rolunu nəzərə almaq vacibdir. Belə ki, bəstəkar uşaq və gənc fortepiano ifaçıları üçün yazdığı 6 nömrədən ibarət “Əlcəzair melodiyaları” və 4 pyesdən ibarət “Əlcəzair dəftəri” silsilələri, sonatina, xalq melodiyaları əsasında digər pyeslər onun kamera-instrumental yaradıcılığında böyük maraq kəsb edən əsərlərdəndir.

Rauf Hacıyevin fortepiano üçün Əlcəzair motivləri əsasında yaratdığı silsilələr bəstəkarın XX əsrin 70- ci illərində Əlcəzair Xalq Demokratik Respublikasında fəaliyyət göstərdiyi dövrdə, onun Konservatoriyada və ilk musiqi məktəbində pedaqoji fəaliyyətinin əsas nəticəsi olaraq yaranmışdır. Məlum olduğu kimi, bu dövr bəstəkarın yaradıcılığında müəyyən bir mərhələni təşkil edir. Belə ki, Əlcəzairdə musiqi mədəniyyətinin müxtəlif sahələrində peşəkar milli kadrların hazırlanmasında fəal iştirak edən bəstəkar bu ölkənin xalq musiqisinin toplanması və nota alınması ilə də dərindən maraqlanmış və bu sahəyə öz töhfəsini vermişdir.

Həmin illərdə bu xalq melodiyalarının struktur, lad və ritmik xüsusiyyətlərinin özünəməxsusluğu Rauf Hacıyevin diqqətini özünə cəlb etmişdir. Məhz Əlcəzair xalq musiqisindən aldığı təəssüratlar onun kiçik həcmli instrumental əsərlərinin – fortepiano üçün iki silsiləsinin, skripka və fortepiano üçün poemasının yaranmasına təkan verir. Bəstəkarın Əlcəzair xalq musiqisinin təsiri əsasında yazdığı kiçik formalı instrumental əsərləri isə sonradan iri həcmli səhnə əsərlərinin, üç baletinin yaranmasına gətirib çıxarır.

“Əlcəzair melodiyaları” - 6 lakonik miniatürdən ibarət fortepiano silsiləsidir. Bu, müxtəlif vəziyyət, hal və təəssüratları əks etdirən musiqi lövhələridir. Xarakter etibarilə müxtəlif olan bu fortepiano pyesləri vahid silsilədə birləşmişlər. Təzadlı tutuşdurmalar, milli mənbələrə və lad əsasına istinad edən parlaq və aydın tematizm, yığcam melodik və ritmik strukturlar, sadə faktura quruluşları və s. silsilənin əsas göstəriciləridir.

Rauf Hacıyevin bu kiçik pyeslərində onun instrumental musiqi sahəsində əsas üslub xüsusiyyətləri öz əksini tapmışdır. Xüsusilə də, bəstəkarın mahnı yaradıcılığında əsası qoyulan xalq musiqi yaradıcılığından gələn vacib üslub keyfiyyətləri özünü göstərir. Bu əsərlərdə milli ifadə vasitələrinin müasir musiqi dili ilə sintezi dolğun tətbiq olunur.

Bu silsilədə Ü.Hacıbəylinin xalq musiqi nümunələrinin işləməsi ənənələrinin davam etdirilməsi parlaq şəkildə təqdim olunmuşdur. Milli lad intonasiya üzərində qurulan melodik başlanğıcın sadə, milli mənbələrdən doğan harmoniyalarla müşayiət olunması bunun bariz nümunəsidir.

Rauf Hacıyevin bu mövzuda yazdığı instrumental əsərlərindən biri də Skripka və fortepiano üçün “Əlcəzair melodiyası” poemasıdır (1977). Əsər lirik-dramatik xarakterə malik instrumental pyesdir. Milli ladintonasiya əsasında bəstələnən bu əsər emosional dolğunluğu və sərbəst inkişaf prinsipi ilə diqqəti cəlb edir.

Romantik poema janrına müraciət edilməsi Azərbaycan musiqi mədəniyyətində milli mənbələrlə Avropa janrlarının üzvi sintezi ilə izah edilir. Muğam və poemaya xas olan tematik inkişaf xüsusiyyətləri musiqi materialının ekspozisiya tipinin üstünlüyü, formanın dinamikliyi ilə səciyyələnir. Poema bir növ, proqramlı xarakter daşıyır. Əsər görkəmli Əlcəzair musiqiçisi Hacı Abdel Kərim Dalinin xatirəsinə ithaf etmişdir.

Adətən musiqili poemalarda olduğu kimi, bu əsərin də məzmununda yığcam şəkildə olsa da, dərin bir münaqişə mövcuddur. Məhz bu kontekstdə əsərin musiqi dilində yüksək emosional gərginlik müşahidə olunur ki, bu da əvvəldən sonadək davam edən dramatizmlə şərtlənir.

“Əlcəzair melodiyası” poemasının təhlili belə bir qənaətə gəlməyə əsas verir ki, bu əsərdə münaqişə sanki iki alət arasında baş verir. Zərif, lirik başlanğıcı təmsil edən skripka ilə güclü və möhkəm fortepiano arasında gedən münaqişədə ikincinin üstünlük əldə etməsi bütün proses boyu və son mərhələdə müşahidə olunur.

Rauf Hacıyevin yaradıcılıq üslubunu folklora xüsusi münasibət kimi keyfiyyət fərqləndirir. Bəstəkarın əsərlərində xalq musiqisinin ayrı-ayrı, lakin semantik cəhətdən çox güclü elementlərinin öz həllini tapmaqla yanaşı, müəyyən janrların xarakter cəhətlərini, hətta onların sitat kimi istifadəsini də görürük. Bunu biz bəstəkarın fortepiano üçün xalq melodiyaları əsasında bəstələdiyi iki pyesində aydın göstərə bilərik.

Onun “Asta rəqs” və “Cəld rəqs” adlı fortepiano pyesləri Azərbaycan xalq rəqs musiqisinin fortepiano üçün işləməsi kimi diqqətəlayiqdir.

Azərbaycan musiqi mədəniyyətində bir çox bəstəkarlar müxtəlif janrlı xalq musiqi nümunələrinin fortepiano üçün işləmələrini hazırlamışlar. Belə maraqlı işləmələrdən biri də bəstəkarın bu iki rəqs pyesidir ki, bunlarda xalq musiqi yaradıcılığına fərdi yanaşması özünü göstərir.

Bəstəkarın “Cəld rəqs” adlandırdığı ikinci işləməsinin əsasını “Əsgərani” xalq rəqs melodiyasının variantlarından biri təşkil edir. Bu işləmədə melodik özək kimi çıxış edən “re”-rast ladında əsaslanan üçxanəli cümlə “Əsgərani” rəqsinin melodik başlanğıcı ilə tamamilə uyğun olsa da, onun sonrakı inkişaf mərhələsi bəstəkar tərəfindən sərbəst surətdə işlənilmişdir.

Hər iki rəqsdə Rauf Hacıyev Azərbaycan xalq rəqs musiqisinin özünəməxsus ifadə vasitələrinin bacarıqla göstərilməsinə nail olmuşdur. Xalq rəqsləri üçün tipik olan metroritmik (6/8), melodik və struktur elementlərinin, lad əsasının, inkişaf prinsiplərinin (variant, təkrar) işləmələrdə istifadə edilməsi bəstəkarın milli mənbələrə dərindən bağlılığını, bu ənənələri peşəkarcasına mənimsədiyini nümayiş etdirir.

Bu keyfiyyəti biz bəstəkarın fortepiano əsərləri ilə yanaşı, onun taxta nəfəsli alətlər üçün bəstələdiyi “Noktyurn” və “Rəqs süita”sında da görə bilərik. Hər iki əsər janr-məişət obrazlarını parlaq təcəssüm etdirir və öz tematik materialının əsasını xalq musiqi mənbələrindən götürür.

“Nokturn” – Rauf Hacıyevin taxta nəfəsli alətlərdən ibarət kvartet üçün yazdığı lirik, oxunaqlı xarakterə malik olan instrumental əsəridir. Nokturnun əsasında yeganə geniş oxucu melodiya durur ki, bu da bütün əsərə özünəməxsus instrumental “sözsüz mahnı” xüsusiyyəti verir.

Bu instrumental pyes bəstəkarın romantik ruhunun, daxili düşüncələrinin, arzu və xəyallarının lirik ifadəsidir. Əsərin əsasını təşkil edən yeganə mövzunu bəstəkar taxta nəfəslilərdən yalnız hoboyun partiyasına həvalə edir. Mövzunun məhz bu alət vasitəsilə təqdim edilməsi təsadüfi deyil. Belə ki, səslənməsinə görə çox oxucu, gözəl və dərin ifadəli olan hoboyun taxta nəfəslilər arasında tayı bərabəri olmadığına görə əsas mövzu onun partiyasında həzin mahnı təəssüratı oyadır. Buna hoboyun tembrinin insan səsinə yaxın olması da müəyyən dərəcədə təsir edir. Kədərli alət kimi tanınan hoboy Noktyurnda sanki müəllifin adından “danışır”.

Rauf Hacıyevin kamera-instrumental yaradıcılığında kiçik həcmli əsərlərlə yanaşı, iri həcmli əsərləri də diqqəti cəlb edir. Bunlardan onun fortepiano üçün Sonatinası üslub xüsusiyyətləri baxımından olduqca maraqlıdır.

XX əsr Azərbaycan fortepiano mədəniyyətini araşdıran professor Tərlan Seyidov öz monoqrafiyasında milli bəstəkarlıq məktəbində sonata və sonatina janrının təşəkkülünün və inkişafının tarixi şərhini verərək qeyd edir ki, “XVIII əsrin ikinci yarısında tam şəkildə yaranıb formalaşan bu janr Azərbaycan həmkarlarının yaradıcılığında, əsasən tədris prosesində yaradıcılıq eksperimenti kimi tətbiq olunurdu: sonata və sonatinaların əksəriyyəti onların konservatoriyada təhsil illərində yaradılmışdır. Buna baxmayaraq, Azərbaycan fortepiano musiqisində sonata və sonatina janrının formalaşmasında əhəmiyyətli rol oynayan bəstəkar əsərlərindən Q.Qarayev, F.Əmirov, V.Adıgözəlov, A.Əlizadə, F.Qarayev, F.Əlizadə və başqalarının adını çəkmək olar. Gələcəkdə yalnız az sayda bəstəkar öz yaradıcılığının yektinlik çağında bu janra müraciət edir.

Məlum olduğu kimi, sonatina - işləmə hissəsinin olmadığı (razrabotkasız) sonata formasının növüdür. Bu baxımdan Rauf Hacıyevin Sonatinası janrın əsas xüsusiyyətlərinin saxlanıldığına və həmçinin, milli üslubda yazıldığına görə diqqəti cəlb edir. Bəstəkarın yaradıcılıq üslubu çərçivəsində yazılan bədii əsər kimi, Sonatinada klassik sonata janrının vacib xususiyyətləri yığcam və dolğun şəkildə əksini tapmışdır.

Rauf Hacıyevin kamera-instrumental musiqisinin təhlili belə bir nəticəyə gəlməyə əsas verir ki, onun əsərlərində milli musiqi qanunauyğunluqları parlaq, fərdi, özünəməxsus əksini tapmışdır. Bəstəkarın nəzərdən keçirilən kamera-instrumental əsərlərində xalq musiqi mənbələri ilə əlaqəsi konkret formalarda, musiqi təfəkkür səviyyəsində, xüsusilə də, intonasiya məzmunu aspektində güclüdür. Bu əsərlərdə Rauf Hacıyev milli ruhun, milli xarakterin aşılanmasına böyük ustalıqla nail olmuşdur. O bunun üçün milli musiqi ifadə vasitələrindən bacarıqla istifadə edir. Seçdiyi parlaq, yadda qalan müəyyən ifadə vasitələri çərçivəsində musiqili prosesin, inkişafın dinamikliyini təmin edir.

Bəstəkarın kamera-instrumental əsərlərinin əsas üslub cizgilərini milli lad əsası ilə bağlılığı, musiqi materialının variant inkişafının aparıcı amil kimi çıxış etməsi, formayaradıcı cəhət kimi refrenliyin milli mənbələrlə bağlı olan cəhət kimi özünü göstərməsi, xalq musiqi yaradıcılığında mühüm rol oynayan metroritmik özünə məxsusluğun təzahürü, Azərbaycan musiqisinin dərin xüsusiyyəti kimi ostinatlığın istifadəsi və s. amilləri şərtləndirir.

ƏDƏBİYYAT:

1. Эмилия Мирзоева- Рауф Гаджиев. Ишыг. Баку 1983 стр 145

2. Эмилия Мирзоева- Рауф Гаджиев. Советский композитор. Москва 1988 səh 167.

3. Elmira Abasova -Rauf Haclyev Azərnəşr. Bakı 1967 səh 36

4. Ramiz Zöhrabov-Rauf Hacıyev. Şur nəşriyyatı .Bakı 1993 səh 24

5. Аида Таги-заде- Рауф Гаджиев. Азербайджанское Государственное Издателство. Баку 1965. ст 12.