"Musiqi dünyası" № 3 (92) 2022
Article №1; 8936-8943 pр.
Vasfi ÇİLİNGİR, İradə ABBASOVA. Azərbaycan bəstəkarlarının musiqili-səhnə əsərlərində xalq mahnı və rəqslərindən istifadə edilməsinin xüsusiyyətləri
Text PDFAzərbaycan bəstəkarlıq məktəbi nümayəndələrinin müxtəlif janrlarda yazılmış əsərlərində milli ənənələrə bağlılıq, xalq yaradıcılığına əsaslanma aparıcı əhəmiyyət kəsb edir. Xüsusilə, xalq mahnı və rəqslərininin olduğu kimi və yaxud dəyişilmiş şəkildə istifadə olunması milli bəstəkarların yaradıcılığında daha çox rast gəlinir. Xalq mahnı və rəqsləri musiqili-səhnə əsərlərində, o cümlədən opera, balet və operetta janrlarında müxtəlif səpkilərdə istifadə olunmuşdur. Belə ki, bir çox hallarda mahnı və rəqslərin malik olduğu məzmun və obrazlılıq istifadə olunduğu hər hansı bir əsərin ideyası ilə əlaqələndirilir və malik olduğu xüsusiyyətlər burada saxlanılır. Amma bununla yanaşı, bəzən sadəcə olaraq, xalq mahnı və rəqsinin melodik gözəlliyi ona müəyyən janr daxilində yanaşmanı şərtləndirir. Bu baxımdan Azərbaycan bəstəkarlarının musiqili-səhnə əsərlərini nəzərdən keçirərkən, sadalanan bu xüsusiyyətləri izləmək mümkündür.
Yaradıcılığı boyu xalq mahnı və rəqslərinə əsaslanan Ü.Hacıbəyli cəsarətli novator mövqeyindən çıxış edərək, bu sahədə böyük dönüş yaratdı. Dahi bəstəkarın əsərlərində xalq musiqisinin məzmunu öz əsası və intonasiya özünəməxsusluğunu saxlayaraq, tamamilə yeni keyfiyyətlər əldə etmişdir. Ü.Hacıbəyli ilk dəfə olaraq, Azərbaycan xalq musiqisinin potensial imkanlarını yüksək həssaslıqla duyaraq, xalq musiqisinin xüsusiyyətlərindən professional musiqidə istifadə olunmasının mümkünlüyünü göstərmişdir. Belə ki, dahi bəstəkar öz yaradıcılığında Avropa musiqi formalarını xalq musiqi janrları ilə, eləcə də milli düşüncə tərzinin xüsusiyyətləri ilə zənginləşdirməyə nail oldu. Ü.Hacıbəyli novator sənətkar kimi, Azərbaycan xalq musiqisinin harmonik əsasını Avropa sisteminin qanunauyğunluqları ilə üzvi surətdə əlaqələndirmiş və xalq musiqisinin janrları ilə Avropa professional musiqi formalarını qovuşdurmuşdur. Milli operanın təməlinin qoyulduğu “Leyli və Məcnun” muğam operasında ariya və ariozoları əvəz edən muğamlarla yanaşı, folklor materialının işlənməsi əsas yer tutur. Operada bəstəkar birinci pərdədə qızların və oğlanların xorunu “Evləri var xana-xana” Azərbaycan xalq mahnısının əsasında yazmışdır. Onu da qeyd edək ki, “Evləri var xana-xana” xalq mahnısının çox maraqlı bir şəkildə istifadəsinə Fikrət Əmirovun “Şur” simfonik muğamında da rast gəlinir. Belə ki, bu əsərdə bəstəkar birinci rəngi “Evləri var xana-xana” xalq mahnısının əsasında yazmışdır. Eləcə də F.Əmirov simfonik muğamda “Ay qadası” xalq mahnısından istifadə etmişdir. “Leyli və Məcnun” operasında üçüncü pərdədə qızların səhnə arxasında səslənən xorunun melodiyası “Bu gələn yara bənzər” xalq mahnısının əsasındadır.
Dahi bəstəkar “Əsli və Kərəm” operasında yenidən xalq mahnılarına müraciət etmiş və bir sıra musiqi nömrələrini buna əsaslanaraq yazmışdır. Belə ki, operanın birinci pərdəsində Kərəmin çıxışı “Qarabağ şikəstəsi” üzərində yazılmışdır və partiturada bu, 8 saylı musiqi nömrəsidir. Eləcə də, üçüncü pərdədə səslənən xor “Çal, oyna” xalq mahnısının əsasındadır. Onu da qeyd edək ki, “Çal, oyna” xalq mahnısı bəzən “Mehribanım, mehriban” adı ilə də tanınır. Xalq mahnılarının lirik növünə aid olan bu mahnı Rast muğamı üzərindədir və nəinki musiqili səhnə əsərlərində, eləcə də bir çox tanınmış ifaçıların repertuarında özünə yer almışdır. Belə ki, “Çal, oyna” mahnısının tanınmasında dünya şöhrətli bəstəkar Rəşid Behbudovun böyük rolu olmuşdur. 1969-cu ildə mahnını öz konsert repertuarına daxil edən Rəşid Behbudov bu xalq mahnısına yeni nəfəs bəxş etmişdir.
Ü.Hacıbəylinin “O olmasın, bu olsun” operettasında isə “Uzundərə” xalq rəqsinin musiqisi istifadə edilmişdir. Belə ki, Məşədi İbadın “Mən nə qədər qoca olsam da” mahnısı “Uzundərə” xalq rəqsinin melodiyası əsasındadır.
Ümumiyyətlə, xalq mahnılarının əhəmiyyətini dərindən dərk edən Ü.Hacıbəyli xalq mahnılarının toplanmasında Müslüm Maqomayevlə birlikdə fəaliyyət göstərərək, 1927-ci ildə onları məcmuə şəklində nəşr etdirmişdir. “Azərbaycan türk el nəğmələri” adlanan bu məcmuə xalq mahnılarının araşdırılması və bəstəkar yaradıcılığında istifadə olunması sahəsində mühüm addım kimi dəyərləndirilə bilər.
Ü.Hacıbəyli ilə eyni dövrdə yaşayıb yaradan Müslüm Maqomayev də xalq mahnılarına üstünlük vermiş və xüsusilə də operalarında bu janr nümunələrinə müraciət etmişdir. Xüsusilə, M.Maqomayevin “Şah İsmayıl” operasında xalq mahnılarına istinad edilməsi qabarıq şəkildə görünür. Bu operanın ikinci pərdəsində Şah İsmayılla Gülzarın dueti “Gözəllərin gözəli” xalq mahnısının materialı üzərində qurulmuşdur. Duetdə xalq melodiyası vals janrının ritmik formulu ilə uyğunlaşdırılmışdır. Xalq mahnısına əsaslanan duetdə iki sevən gəncin məhəbbət etirafını, sədaqət andını ifadə edərək, melodiya ilə məzmun arasında üzvi bağlılıq yaratmışdır. “Şah İsmayıl” operasının üçüncü pərdəsində orkestr müqəddiməsi xalq tamaşalarının qəhrəmanlıq pafosunu əks etdirən “Kərəmi”nin variantlarından biri ilə başlanır.
M.Maqomayevin “Nərgiz” operasında isə xalq mahnı və rəqslərinə daha çox əsaslanılmışdır. Belə ki, operanın birinci pərdəsində xor partiyasının əsasını “Turacı” xalq rəqsinin intonasiyaları təşkil edir. Rəqsin poetik melodiyası xorun ifasına qoşulan Nərgizin xarakteri ilə uyğunluq təşkil edir və ona xüsusi səmimilik, mülayimlik bəxş edir. Operada Nərgizin xorla çıxışının sonrakı epizodu da xəyalpərəst, gərgin əhval-ruhiyyəlidir. “Çıxdım qaya başına” xalq mahnısının mövzusunu istifadə edən bəstəkar bu nümunənin bütövlükdə obraz xarakterini, eləcə də variasiya-kuplet quruluşunu saxlamışdır. Maraqlıdır ki, Nərgizin xorla mahnısı əsas qəhrəmanın janr səciyyəsini açaraq onun xarakterinin göstəricisidir. Nərgiz obrazının birinci pərdədən səslənən digər bir ariyası onun daxili aləmini və məhəbbətini ifadə edir. Bu ariyada isə bəstəkar muğam janrının növlərindən biri olan “”Çoban-bayatı”dan istifadə etmişdir. Çağırış intonasiyaları ilə səsləşən bu ariyada qəmgin ümid obrazı “Çoban-bayatı” ilə ritmik yaxınlıq təşkil edir. Maraqlıdır ki, operada Nərgizin rəfiqələrinin səmimi xarakterli xorunda xalq mahnısına əsaslanılmır. Lakin xorun poetik mülayim, təbiət obrazları ilə bağlı melodiyası lirik xalq mahnı və rəqslərinə yaxınlığı ilə seçilir. Belə ki, xorun strukturu xalq mahnılarının gəzişmələrini xatırladır. Birinci pərdənin finalında səslənən “Gün çıxdı” xalq kəndli mahnısı əsasında yazılan xor milli ruhu daha qabarıq ifadə edir. Belə ki, xorun səslənməsi solo nömrələrin melizmatikası ilə birləşərək, xalq mahnısına xas olan naxışlı ornamentikalı kantilena ilə vəhdət təşkil edir. Operanın üçünçü pərdəsindəki “Bağçadan gələn səs” xalq mahnısı əsasında olan lirik xarakterli xor isə operanın məzmununun aılmasında mühüm rol oynayır.
“Nərgiz” operasında xalq mahnıları ilə yanaşı, rəqslərdən də istifadə edilmişdir. Belə ki, operadakı rəqs nömrələri xalqa məxsus məişət fonunu yaradır. Operanın birinci pərdəsindəki “Yallı” rəqsi xalqın cəsur, ciddi obrazını ifadə edir. Onu da qeyd edək ki, rəqsin əsasını xalq “Yallı”sının variantlarından biri təşkil edir. “Yallı” rəqsinə xarakter etibarilə yaxın iki mövzu əsasında qurulmuş kişilərin rəqsi də diqqətəlayiqdir. Bu mövzulardan biri “İnnabı” xalq rəqsinin mövzusudur.
Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletində isə klassik ənənə ilə səsləşən bir çox məqamlar üstünlük təşkil edir. Bu baxımdan süita şəklində yazılan “Qonaqların rəqsi” buna nümunədir. Süitaya daxil olan bütün rəqslərin hamısında (gürcü rəqslərindən başqa) orijinal xalq melodiyalarından istifadə edilmişdir. Belə ki, baletin birinci pərdəsində “Kişilərin rəqsi”ndə “Şalaxo”, “Poladın rəqsi”ndə “Qars” xalq rəqsi, üçüncü pərdədə “Azərbaycan qızlarınınn rəqsi”ndə Mayeyi-Bayatı-Qacar rəngi, “Saray qızlarının rəqsi”ndə və “Gülyanağın toy rəqsi”ndə Mayeyi-Bayatı-Şiraz rəngi istifadə edilmişdir. Baletin birinci pərdəsində “Gəlinin gəlişi” səhnəsində isə “Bəri bax” xalq mahnısının melodiyasına əsaslanılmışdır. Milli melodizmi ilə seçilən, musiqi və maraqlı dinamik süjet xəttinə malik olan “Qız qalası” baletində xoreoqrafiya vasitəsilə ideyalar, fikirlər parlaq şəkildə təcəssüm olunmuşdur. Belə ki, milli balet müəllifinin qarşısında duran əsas vəzifə klassik xoreoqrafiyanın, ənənəvi balet nömrələrinin xalq rəqsləri ilə üzvi vəhdəti idi. Baletdə klassik balet nömrələri milli rəqs elementləri, xalq rəqslərinin üsulları ilə zənginləşdirilmişdir. Ə.Bədəlbəyli Azərbaycan xalq rəqslərinin ifa tərzini, üslubunu, xarakterini saxlayaraq, onları klassik baletdə olan forma və janrlarla üzvi şəkildə birləşdirmişdir. Bəstəkar milli rəqsin klassik xoreoqrafiyanın ənənələri ilə qarşılıqlı əlaqəsini uyğunlaşdıraraq, Azərbaycan balet sənətinin qarşısında duran vacib və prinsipial problemin həllinə nail olmuşdur. Xalq yaradıcılığına əsaslanan bəstəkar baletdə təsiredici vasitə kimi xalq rəqslərinin xüsusiyyətlərini ifadə etmişdir. Bu barədə “Qız qalası” baletində əsas qəhrəman Gülyanaq obrazının ilk ifaçısı olan Qəmər Almaszadə yazmışdır: “Qız qalası” balet üçün çox önəmli olan rəqs musiqisinə malik bir xoreoqrafik romandır” [3].
Fikrət Əmirovun yaradıcılığında xalq yaradıcılığı, milli zəminə dərin köklərlə bağlılıq əsas yer tutur. Bəstəkarın yaradıcılığında xalq musiqisinin qaynaqları, intonasiyaları, xalq təfəkkürü inkişaf etdirilmişdir. Xalq ruhunu təcəssüm etdirən bəstəkar yeni forma və ifadə vasitələri baxımından dərin məzmunlu əsərlər yaratmağa nail olmuşdur. Onun yaradıcılığında xalq musiqi nümunələri böyük ehtiram və yüksək həssaslıqla ifadə olunmuşdur. Bəstəkarın musiqili-səhnə əsərlərində xalq mahnı və rəqslərinə əsaslanma özünü büruzə verir. Belə ki, F.Əmirovun “Sevil” operasının birinci pərdəsində Sevilin ariozosu “Onu demə, zalım yar” xalq mahnısının əsasındadır. Onu da qeyd edək ki, uzun illər xalq mahnısı olaraq qəbul edilən “Onu demə, zalım yar” mahnısının sözləri və musiqisi görkəmli dramaturq və yazıçı Cəfər Cabbarlı tərəfindən yazılmışdır. Cəfər Cabbarlının həyat yoldaşı Sona xanım öz xatirələrində görkəmli dramaturqun “Sevil” pyesini yazan ərəfədə bu mahnını oxuyaraq, sanki öz qəhrəmanının taleyini düşündüyünü bildirmişdir [13]. Pyes tamaşaya qoyulanda isə Sevil obrazınının acı taleyini bu mahnı vasitəsilə canlandırırlar və beləliklə, “Onu demə, zalım yar” mahnısı xalq mahnısı kimi yayılmağa başlayır. “Sevil” operasında yenə də birinci pərdədə səslənən Valsın orta hissəsində “Uzundərə” rəqsinin intonasiyaları istifadə olunmuşdur. Bəstəkar qədim xalq rəqsinin xüsusiyyətləri ilə operanın məzmunu arasında uyğunluq yaratmış və rəqsin incə, lirik melodiyasını vals janrının çərçivəsində ifadə etməyə nail olmuşdur.
F.Əmirovun “Gözün aydın” operettasının birinci pərdəsində Mehbarə, Telli və qızların səhnəsində “Telli”, ikinci pərdəsində Salyanski və xorun ifasında “Get ay batandan sonra gəl” xalq mahnılarından istifadə edilmişdir. Operanın birinci pərdəsində səslənən rəqs Mahur təsnifi olan “Səni çoxdan sevirəm”in üzərində qurulmuşdur. Operettada üçüncü pərdədə Leylinin mahnısı “Səndən mənə yar olmaz” xalq mahnısına əsaslanır.
Musiqişünas alim Solmaz Qasımova F.Əmirovun yaradıcılığında xalq yaradıcılığına bağlılıq barədə belə yazır: “F.Əmirovun əsərlərinin dramaturgiyasının xarakterini, tipini bədii-intonasiya quruluşuna təsir göstərən folklor-janr mənbələri də müəyyənləşdirir. Çox vaxt təzadlı, rəngarəng müxtəlif obraz və xarakterli lövhələrin yaradılmasından bütöv bədii tablo yaranır” [3].
Xalq yaradıcılığının dərin qatlarına nüfuz etmə Qara Qarayevin də yaradıcılığında özünü büruzə vermişdir. Onun yaradıcılığında Azərbaycan musiqisinin janrları öz simasını dəyişərək zənginləşmiş və milli mövzunun sərhədləri genişlənmişdir. Q.Qarayev öz xalqının çoxcəhətli musiqisinə bağlı olan bəstəkar kimi milli musiqimizi özünəməxsus şəkildə mənimsəyərək göstərmişdir. Bəstəkarın “Yeddi gözəl” baletinin ikinci pərdəsində “Təlxəklərin rəqsi”ndə “Brilyant” xalq rəqsinin başlanğıc ifadələrindən istifadə edilmişdir. Bu rəqs baletin əsl xalq mövzusuna əsaslanan nömrələrindən biridir və bəstəkar xalq rəqsinin xüsusiyyətlərini böyük sənətkarlıqla burada göstərmişdir.
Zakir Bağırov “Aygün” operasında üçüncü pərdədə Məti və Rəfinin duetində “Meyvələrdə üç meyvə var” xalq mahnısından istifadə etmişdir. Bəstəkar xalq mahnısının musiqisini olduğu kimi saxlayaraq, hətta sözlərini də dəyişməmişdir.
Ramiz Mustafayevin “Vaqif” operasında xalq yaradıcılığı nümunələri məzmuna uyğun olaraq, müəyyən obrazların açılmasına doğru istiqamətlənmişdir. Operanın birinci pərdəsinin birinci şəklində “Qarının çıxışı”nda xalq musiqilərinə əsaslanılmışdır. Burada “Səni yanasan, toyuq aparan” satirik xalq mahnısı və “Xalabacı” rəqsinin musiqisindən istifadə edilmişdir. Onu da qeyd edək ki, “Xalabacı” rəqsi həm də “Ceyran bala” və “Qaçay bala” adları ilə tanınmışdır. Bir qədər komik xarakterə malik olan rəqs əsasən yaşlı insanlar tərəfindən oynanılır. R.Mustafayev rəqsin xarakterini saxlamış və qarı obrazında bu rəqsin melodiyasına əsaslanmışdır.
Səid Rüstəmov da yaradıcılığında xalq mahnılarına daha çox istinad edən Azərbaycan bəstəkarlarındandır. Xüsusilə bəstəkarın “Beş manatlıq gəlin” operettasında xalq mahnılarına əsaslanma qabarıq şəkildə özünü büruzə verir. Operettanın ikinci pərdəsində Naznazın mahnısında “Şeyda xanım”, Gülnazla Nadirin duetində “Yar neylədin” (mahnının digər adı “Araxçının məndədir”) xalq mahnılarının elementləri özünü büruzə verir. Operettada maraqlı musiqi nömrələrindən biri üçüncü pərdədə qonaqların xorunda istifadə olunan “Ellərə də ver” xalq mahnısıdır. Bir çox ifaçıların repertuarında nadir hallarda rast gəlinən bu mahnıdan xalq yaradıcılığına mükəmməl şəkildə bələd olan Səid Rüstəmov özünəməxsus sənətkarlıqla istifadə etmişdir. Eləcə də operettanın üçüncü pərdəsində Hüseynəli, Səlbi və Naznazın duetində “Qəşəngi”, dördüncü pərdəsində isə təsvir olunan toy şənliyində “Narıncı” xalq rəqsləri üzərində qurulmuş musiqi nömrələri istifadə edilmişdir.
Süleyman Ələsgərovun “Bahadır və Sona” operasında birinci pərdənin birinci şəklində Xanəndənin çıxışında “Qarabağ şikəstəsi”, ikinci pərdədən xorda “Ay dilbər” xalq mahnısından istifadə edilmişdir.
Vasif Adıgözəlovun yaradıcılığında xalq musiqisi ilə yaxınlıq, lad-intonasiya, obraz-emosional məzmuna məharətlə əsaslanma özünü büruzə verir. Bəstəkar xalq musiqisinin janr və üslub xüsusiyyətlərini müasir musiqinin qanunauyğunluqları ilə üzvi əlaqədə verir və bu bəstəkarın operalarında da qabarıq şəkildə nəzərə çarpır. Belə ki, V.Adıgözəlovun “Ölülər” operasında birinci pərdədə İsgəndərin mahnısı Çahargah təsnifinin üzərində qurulmuşdur. Bu operadan uzun illər sonra yazılmış “Natəvan” operasında isə birinci pərdədə “Qarabağ şikəstəsi” əsərin məzmunu ilə mükəmməl şəkildə uyğunlaşdırılmışdır.
Beləliklə, Azərbaycan bəstəkarlarının musiqili-səhnə əsərlərində xalq mahnı və rəqslərindən istifadə olunması dahi bəstəkar Üzeyir Hacıbəylidən başlayaraq öz təcəssümünü tapmışdır. Məlumdur ki, Azərbaycan bəstəkarlıq məktəbinin nümayəndələri xalq mahnılarına yaradıcılıqlarının müxtəlif sahələrində müraciət etmişlər. Məqalənin hüdudlarında isə musiqili-səhnə əsərlərində xalq mahnılarına əsaslanma nəzərə alınmışdır. Onu da qeyd edək ki, adları qeyd olunan əsərlərdə xalq mahnı və rəqsləri əsasən olduğu kimi və yaxud qismən dəyişilmiş şəkildə istifadə edilmişdir. Eləcə də bir çox xalq mahnı və rəqslərinin istifadəsi bu janr nümunələrinin professional musiqidə mənimsənilməsi istiqamətində mühüm addım kimi dəyərləndirilə bilər. Bəstəkarların bu istiqamət üzrə yazılmış əsərlərini izlədikcə, Azərbaycan bəstəkarlarının ən müxtəlif xalq mahnı və rəqslərinə müraciət etməsi nəzəri cəlb edir. Bu da xalq yaradıcılığının, milli folklorun zənginliyini nümayiş etdirərək, bəstəkar yaradıcılığına nüfuz etməsini şərtləndirir.
İstifadə edilmiş ədəbiyyat siyahısı
1. Abdullayeva, Z.K. Azərbaycan musiqi ədəbiyyatı / Z.Abdullayeva. – Bakı: Adiloğlu, – 2009. – 216 s.
2. Azərbaycan xalq musiqisi. Oçerklər. / – Bakı: Elm, – 1981. – 197 s.
3. İsazadə, Ə.İ. Azərbaycan xalq musiqi nümunələrinin nota salınma tarixi // – Bakı: Musiqi dünyası, – 2001. № 1-2 (7), – s. 134-136.
4. İsazadə, Ə.İ. Azərbaycan musiqi folklorunun öyrənilməsi tarixindən // – Bakı: Azərbaycan xalq musiqisi, Elm, – 1981. – s. 5-29.
5. İsmayılov, M.C. Azərbaycan xalq musiqisinin janrları / M.C.İsmayılov. – Bakı: İşıq, – 1984. – 100 s.
6. Qasımova, S.C. Azərbaycan musiqi ədəbiyyatı / S.Qasımova. – Bakı: Adiloğlu, – 2009. – 248 s.
7. Mahmudova, C.E. Azərbaycan xalq və bəstəkar mahnılarının mətn xüsusiyyətləri / C.E.Mahmudova. – Bakı: Adiloğlu, – 2014. – 112 s.
8. Məmmədov, T.A. Azərbaycan aşıq sənəti. Dərslik. / T.A.Məmmədov. – Bakı: Apostrof, – 2011. – 648 s.
9. Rzayeva, N.E. Lirik xalq mahnılarının bədii-estetik xüsusiyyətləri // – Bakı: Musiqi dünyası, – 2003. № 1-2 (15), – s.36-38.
10. Rəhimova, A.E. Azərbaycan xalq musiqisinin milli özünəməxsusluğunun tədqiqinə dair // – Bakı: Musiqi dünyası, –2008. №1-2 (35), – s.139-141.
11. Sona xanımın C.Cabbarlı ilə bağlı xatirələri [Elektron resurs] / URL: https://kayzen.az/blog/az-proza/12206/sona-xan%C4%B1m%C4%B1n-c.cabbarl%C4%B1-il%C9%99-ba%C4%9Fl%C4%B1-xatir%C9%99l%C9%99ri.html
12. Uzundərə rəqsi [Elektron resurs] / URL: https://az.wikipedia.org/wiki/Uzund%C9%99r%C9%99_(r%C9%99qs)
13. Zöhrabova, L.R. Azərbaycan xalq rəqslərinin lad-məqam xüsusiyyətləri. Dərs vəsaiti. / L.R.Zöhrabova. – Bakı, Mars-Print, – 2013. – 124 s.