"Musiqi dünyası" № 4 (93) 2022
Article №7; 9014-9033 pр.
Rafael HÜSEYNOV. Yol açmaq əzmi və irs yaratmaq nəcibliyi
Text PDF
Onun getdiyi yol təzə yol deyil.
Ən azı səkkiz əsr öncə ulu babalarından birinin bu yolu hər kəsə örnək ola biləcək şərəf və sanballa getdiyi dünyaya bəllidir.
Kim bilir, bəlkə XIII əsrdən öncə, o babadan daha əvvəlki zamanlarda da eyni yolu işıq saça-saça irəliləyən başqa babalar olmuşdu?
Babaların açdığı yollarla getmək bir tərəfdən baxanda asandır. Yol açılıb, daş-kəsəkdən təmizlənib. Gücün, təpərin varsa, sən də rahatca həmin yolu davam edə bilərsən. Amma babaların açdığı və şöhrət qazanaraq keçdiyi yollardan həmin get-gəllərin üstündən onillər, yüzillər sovuşandan sonra irəliləməyin həddindən ziyadə narahatlıq və çətinlikləri də var. Babalar o yolu elə məharət və ləyaqətlə keçiblər, elə parlaq izlər qoyublar ki, sənin nəsə yeni söz demək imkanın sanki tükənmiş kimidir. O biri yandan da babalar səviyyəni elə uca həddə qaldırıblar ki, bu yolu sıradan olan biri kimi, getdiyi gendən baxana görünməyəcək qədər təsirsiz, sakitcə irəliləmək də bir ayrı müşküldür. Gərək elə gedəsən ki, baxanlar “Əhsən!” desin, “Bərəkallah, babalara, atalara yaraşan övladdır!” söyləsin. Dilə gətirsinlər ki, “O böyüklərdən sonra belə iri addımlar atmağı bacaran oğula mərhəba!”
Bu şanlı, uzun tarixi yol ki var, Azərbaycan musiqişünaslığının bütün tarixindən keçən xiyabandır.
Bu yolun o başında – XIII yüzildə Səfiəddin Urməvinin boyu qürurla dikəlir. Həmin möhtəşəm yolda Urməvidən bir əsr sonra Əbdülqadir Marağayi bərq vurur. Və o iki ulduzun nuru elə gurdur ki, yüzilləri adlayaraq daim elə hər səhər doğan Günəş kimi nur saçır.
Sonra XX yüzildə o böyük yolda daha bir ulumuz – elə həmin zirvələrə tay, onlar kimi işığı uzaqlardan gələn ulduz kimi yox, elə başımızın üstündəki Günəş kimi par-par yanan Üzeyir bəy Hacıbəyli göründü.
Böyük yol çoxdan açılmışdı. Sanki nəsə yeni söz demək müdhiş dərəcədə ağır idi. Sanki uzaq dünənlərdəki dahilərin şöhrət yükünün ağırlığı çiyinlərdən aşağı basa bilərdi. Ancaq Üzeyir bəy böyük yola bir səhər nəsimi kimi gəldi və köhnə cana təzə nəfəs gətirdi.
Urmiyalı Səfiəddindən “Kitab ul-ədvar”, “Şərəfiyyə”, Marağalı Əbdülqadirdən “Məqasid ul-əlhan”, “Came əl-əlhan” kimi abidə kitabların yadigar qaldığı, onların səsinin yeni zaman içərisində bugünün ahənginə uyğun şəkildə yaşamasının gərək olduğu çağda tale və tarix bu möhkəm təməllər üzərində “Azərbaycan xalq musiqisinin əsasları” kimi təzə bir abidəni doğurmağı Üzeyir bəyə həvalə etdi.
XX yüzil idi. Büsbütün başqa əyyamlar idi. Üzeyir bəy artıq açılmış yolla gedə-gedə yeni yol açdı.
Bu ona bənzəyir ki, torpaq üzərində gedilən yol öncədən vardı. İndi səmaya ucalan, sabahlara baş alan, fəzalara yüksələn yol açdı Üzeyir bəy.
Və belə bir yolu açması ilə özündən sonra gələnlərə möhkəm qanadlar bağışlamış oldu. Vaxt ötdükcə bu yoldan çoxları keçəcək.
Və sürətlə uçan təyyarələr ki özündən sonra uzun zaman görünən, tədricən əriyərək ortaq böyük yola qovuşan iz qoyurlar, elə həmin təhər onların da adları, imzaları əbədiləşəcək…
Musiqişünas professor Tariyel Məmmədov da bu gün babaların bizlərə miras qoyduğu həmin böyük yolun yolçusudur. Və o cür böyük adlardan sonra indi – XXI yüzildə Tariyelin də adını iftixarla çəkə biliriksə, bu, sadəcə tərif, qəlb sevindirmək üçün söylənən, qədərindən bir az artıq şişirtmə söz deyil.
Tariyel Məmmədov adı və əməkləri inamla və dərin daxili arxayınlıqla o unudulmazların, o tarixə düşmüşlərin adları və əməkləri ilə səsləşən işlər görmüş düşüncə adamları arasında yer almağa tam haqqı olanlardandır. Tariyel Məmmədovun özünün Azərbaycan milli musiqisinin tarixi və nəzəriyyəsi ilə bağlı yazdığı “Koroğlu mahnıları”, “Azərbaycan aşıqlarının ənənəvi nəğmələri”, “Sifahi ənənəli peşəkar xalq musiqisi”, “Azərbaycan aşıq yaradıcılığı”… kimi qiymətli əsərlər tərəzinin bir gözündədirsə, tərəzinin digər gözündə onun həyat verdiyi “Musiqi dünyası” dərgisidir.
Tariyel Azərbaycan musiqi mədəniyyətinin tarixində ilk olan “Musiqi dünyası” jurnalının birinci sayını buraxanda XX əsr bitir, astanadan XXI yüzillik gülümsəyirdi. 1999-cu il idi. Azərbaycanda birinci dəfə elmi-pedaqoji, tənqidi-publisistik, mədəni-maarifçi beynəlxalq toplu yola çıxırdı.
Artıq üçüncü onillikdir ki, bu yol davam edir.
Tariyelin qeyrəti, əzmi sayəsində davam edir!
Keçdiyi uzun yol boyunca bu jurnal yalnız musiqişünaslığımızın müxtəlif nəsillərini birləşdirən düşüncə, özünüifadə məskəninə çevrilməyib. Həm də müəyyən mənada məktəbə dönüb.
Və keçilmiş yolun bəhrələri elə zəngindir ki, professor Tariyel Məmmədov bircə bu işinə görə bu dünyada əbəs yaşamadığını, çox uzaq sabahlarda da minnətdarlıqla anılacağına əmin ola bilər.
Tariyelinsə bu barədə düşünməyə heç vaxtı yoxdur. Tariyel hələ yoldadır. Hələ arzular, niyyətlər çox, işləmək, çalışmaq həvəsi də sonsuz. Və arxada qalan yolun anlatdığı bir həqiqət də budur ki, əlbəttə, davam edən yol hələ bizləri çox sevindirəcək.
***
1975-ci ildən bəri Azərbaycan Radiosunda hazırladığım həftəlik, bir saatlıq “Axşam görüşləri” adlı musiqili verilişdə arxada qalan onillər boyu Azərbaycan musiqi mədəniyyəti tarixində layiqli xidmətləri olan tanınmış və az tanınan, eləcə də əksəriyyət tərəfindən unudulmuş çox dəyərli sənətkarlardan bəhs etmişik, görüşə bildiklərimizin müsahibələrini hamıya eşitdirməklə yanaşı səs xəzinəmizdə gələcək üçün tarixləşdirmişik.
Heç olmazdı ki, köhnə dostum və bunca böyük zəhmətləri və xidmətləri olan professor Tariyel Məmmədov da kənarda qala.
Onunla söhbətimizi 2021-ci ilin dekabrında yazsaq da, veriliş efirə 2022-ci ilin 14 avqustunda getdi.
Səsləndi, çox müsbət əks-sədalar da oyatdı, radioya məktub yazanlar da, zəng edənlər də az olmadı.
Gün gələcək, onillərlə hazırladığım “Axşam görüşləri”nin mətnləri də, illərcə aldığımız dinləyici məktublarından seçmələr də, verilişin ətrafında cərəyan etmiş müxtəlif hadisələr də, görüşlərimizin, söhbətlərimizin efirə yol tapmamış çox təfərrüatları da bir neçə cild kitabda hamıyla görüşə gələcək. Ancaq Tariyel Məmmədovla “Axşam görüşləri”ndəki söhbətimizin bir çox məqamlarının musiqi gerçəkliyimizlə bağlı silsilə vacib mətləblərə işıq tutmasını nəzərə alaraq düşündüm ki, həmin müsahibəni yazılaşdırmağı sonrakı zamanlara saxlamayım, elə indidən musiqi sərraflarının diqqətinə təqdim edim. Beləliklə…
***
Rafael Hüseynov: Tariyel müəllim, Sizi uzun illərdir tanıyıram və bu uzun illik müşahidələrdən mənim nəzərimdə çox zəhmətkeş, Azərbaycan musiqi mədəniyyətinin dərin qatlarına nüfuz etməyi bacaran, bizim o zəngin irsimizi gələcəyə çatdırmaq yolunda həmişə səy göstərən bir insan kimi yüksəlirsiniz. Və təsəvvür edə bilmirəm ki, arxada qalan onillərin içərisində Sizin gördüyünüz işlər həcmində işləri bir başqası görə biləydi. Əgər arxada qalan onillərdə bu cür həcmli, bu cür dərin, əhatəli işlər görülmüş olsaydı, mənə elə gəlir ki, musiqimizin tarixini də, dərin qatlarının gizlinclərini də indikindən artıq bilərdik. Sizin illərdən bəri nəşr etdiyiniz “Musiqi dünyası” jurnalı əslində Azərbaycan musiqi elmi, Azərbaycan musiqişünaslığı, bütövlükdə elmimiz və mədəniyyətimiz tarixində diqqətəlayiq hadisədir. Azərbaycanın XX yüzildə çox qiymətli jurnalları olub.
Fərhad Bədəlbəqli və Tariyel Məmmədov Köhnə nəslin adamları – 1970-ci, 1980-ci illərdə mənim müəllimim olmuş və canlı klassiklər hesab edilən böyük alimlər deyirdilər ki, vaxtilə bir “Maarif və mədəniyyət” çıxırdı, onun içərisində hər şey vardı. Amma indi çoxlu jurnallar var, bircə həmin dərginin verdiyini verə bilmir.
İndi hərdən mən qaldırıb baxıram “Maarif və mədəniyyət”in köhnə saylarına. Görürəm ki, həqiqətən, maarifçilik nöqteyi-nəzərindən misilsiz işlər yerinə yetirilib. Həm də vərəq-vərəq çevirdikcə bu qənaətim də qətiləşir ki, həmin işləri o fədakar insanlar elə vaxtın tələbi, ürəklərinin hökmü ilə gerçəkləşdiriblər.
Yəni bu cür fəaliyyətlər bəzən heç insanın özündən asılı olmur. Elə indi Sizin də etdiytiniz kimi, sövq-təbii həyata keçirilir. Sənə vicdanın deyir, sənə ruhun deyir, içərindəki izahsız bir qüvvə səni yönəldir ki, get bu işlə məşğul ol. Və sən bu işləri görürsən.
Amma bunlardan daha əvvəl Tariyelin Azərbaycan musiqişünaslığı, Azərbaycan musiqisinin tarixi ilə bağlı qiymətli araşdırmaları vardı.
Yadımdadır, 1980-ci illərdə aşıq yaradıcılığı ilə bağlı araşdırmalarınız gününə görə musiqi folklorumuzu müasir elmi yanaşmalarla öyrənməklə bağlı tamam ayrı bir istiqamət idi, yüksək təqdirlə qarşılanırdı.
Yeri gəldikcə bunlara qayıdacağıq, amma söhbəti əvvəlcə Tariyelin özündən başlayaq. Hər insanın ömür yolu başlanğıcda ağ vərəq kimi görünür. Kim əminliklə deyə bilər ki, bu yol səni hansı məsləkə doğru aparıb çıxaracaq?
Necə oldu ki, Tariyel elə başlanğıcdan yolunu musiqi səmtə tutdu? Hansı ailənin içərisində böyüdünüz, hansı mühit Sizi belə köklədi?
Tariyel Məmmədov: Atam gözəl tar çalırdı. Nənəmin də yaxşı tar çalmağı vardı. Evimizdə, ailə albomunda qədimdən qalan fotolar var ki, dəstə ilə tar çalırlar, nənəm də o sıradadır. Amma musiqini belə qəlbən sevməsinə baxmayaraq, atam polis idi, polkovnik rütbəsində idi. Anam işləməyib, evdar qadın olub. Belə alındı ki, musiqi məktəbinə daxil oldum və əslində bu da göstərici deyildi ki, musiqiçi olacağam. O vaxt ziyalı ailələrinin əksəri uşaqlarını musiqi məktəbinə qoyurdu.
Lakin mənim musiqiyə həvəsim ötəri bir hiss deyildi. Qərara aldım ki, musiqi təhsilimi davam etdirim.
Rafael Hüseynov: Mənimçün maraqlıdır, Siz Asəf Zeynallı adına musiqi məktəbində hansı illərdə oxumusunuz?
Tariyel Məmmədov: 1964-68-ci illərdə.
Rafael Hüseynov: Nəyə görə orada hansı illərdə oxumağınız mənə maraqlıdır? İş ondadır ki, o dövrdə musiqi məktəblərində, həmçinin Asəf Zeynallı adına orta-ixtisas musiqi məktəbində elə şəxsiyyətlər dərs deyib ki, onların hərəsi ayrılıqda bir məktəb idi və onların hər birinin ömür və sənət yolunun ayrıca öyrənilməsinə, onlar haqqında geniş yazmağa ehtiyac var. Sizin müəllimləriniz kim idi?
Tariyel Məmmədov: Bizim müəllimlər əsasən ruslar idi. Çünki o zamanlar musiqişünaslıqda azərbaycanlılar az idi. İfaçılıqla bağlı dərsləri aparanlar arasında isə azərbaycanlılar da var idi.
Rafael Hüseynov: İfaçılıq da tək muğam deyildi axı, vokal da vardı…
Tariyel Məmmədov: Vokal da vardı, piano vardı, simli alətlər vardı, orkestr vardı. Biz axı həm də paralel olaraq məktəb də oxuyurduq. Fizika, riyaziyyat, coğrafiya, ədəbiyyat...
Səhər gəlirdik məktəbə, günortadan sonra gedirdik musiqiyə.
Atam o vaxtlar dəmir yolunda işləyirdi. Bir gün ona dedim ki, istəyirəm özüm pul qazanım, istəyirəm səhər 7-də durum, gedim vağzalda işləyim, öz cib xərclərimi özüm çıxarım. Güldü, amma etiraz da etmədi.
Yaxşı piano çalırdım. Elə o vaxtlardan da piano ikinci çörək ağacım oldu. Axşamlar imkan düşdükcə ayrı-ayrı tədbirlərə gedib ifa edirdim, pulumu qazanırdım.
Belə gətirdi ki, musiqi hələ “biznes” sözünün dəbdə olmadığı vaxtlarda mənimçün həm də məhz bu keyfiyyətdə dayaq durdu.
1968-ci ildə mən məktəbi bitirdim, üz tutdum konservatoriyaya.
O vaxtlar konservatoriyada çox güclü müəllimlər vardı...
Rafael Hüseynov: Siz oxuduğunuz dövrün konservatoriyasını içəridən təsvir etmənizi istərdim.
Tariyel Məmmədov: Rektor Cövdət Hacıyev idi o vaxt. Amma 1968-ci ildə mən ilk cəhddən qəbul oluna bilmədim. Doqquz imtahan vardı, 45 bal almalı idin. Mən 42 bal yığdım. Amma imtahan verən digər uşaqlar da insafən güclü idilər.
Mən girə bilmədim, gedib başladım musiqi məktəblərində işləməyə.
3-cü mikrorayonda musiqi məktəbində çalışırdım. Ramiz Quliyevlə işlədim, o, tar çalırdı, mən də müşayiət edirdim.
Sonra 1969-cu ildə uğurla konservatoriyanın musiqişünaslıq fakültəsinə qəbul olundum. Bizdə Daniil Xristoforoviç Danilov kimi, Ella Markovna Nikomarova kimi, İzabella Vladimirovna Abezqauz … kimi müəllimlər dərs deyirdi. Bizdə indi Bakı Musiqi Akademiyası deyilən ovaxtkı konservatoriyada çox güclü məktəb var idi.
Rafael Hüseynov: Yenə hansı səmtə yönəliriksə, oradan Üzeyir bəyin surəti, əməklərinin izi görünür. Dahi Üzeyir bəyə həmişə rəhmət oxumalı, onu minnətdarlıqla anmalıyıq. İftixarla güclü məktəbimizdən danışa biliriksə, yenə səbəbkar odur – Üzeyir bəydir. Bütün təməllər onun adı ilə bağlıdır. XX əsrin ilk onillərində konservatoriyanı qurarkən Üzeyir yaxşı dərk edirdi ki, yalnız öz gücümüzə bu işləri görə bilmərik.
Tariyel Məmmədov: Bəli, o, çox müdrik adam idi. Sovet İttifaqının müxtəlif musiqi mərkəzlərindən ən qüvvətli mütəxəssisləri, ən məşhur müəllimləri dəvət elədi. Ona görə bizim məktəbimiz də belə güclü alındı. Bu günə kimi Bakı Musiqi Akademiyası Azərbaycan üçün işıqdır. Düzdür, aparıcı təhsil ocaqlarımız, şöhrətli musiqi mərkəzlərimiz var, amma heç biri gücdə, sanbalda Bakı Musiqi Akademiyasına çata bilməz. Elə təkcə Fərhad Bədəlbəylini götürün. Dünyada tanınan şəxsiyyətdir. Pianoçu, ictimai xadim, bəstəkar – düzdür, o, həmişə təvazökarlıqla deyir ki, mən bəstəkar deyiləm, özüm üçün yazıram, siz də götürüb çalırsınız.
Tələbəlik illərində mən daha çox Qərb musiqisi ilə bağlı idim. Biz bir dəstə idik. Firəngiz Əlizadə də onlardan biri idi, digəri Fərəc Qarayev və daha neçələri. Biz Pool Hindemiti çalırdıq, Arnold Şönberqi ifa edirdik, Bela Bartoka meyil edirdik. Həm də tək özümüzçün çalmırdıq, imkan yaradılmışdı, sevdiyimiz əsərlərdən, rəğbət bəslədiyimiz bəstəkarların yaradıcılığından seçmələrdən ibarət konsertlər də verirdik. Özünüifadə meydanımız da Bakı Musiqi Akademiyasının böyük zalı idi. Cavanlıq illərində mən bu yolla getdim. Müasir musiqini araşdırdım, çaldım, müzakirə etdim, bu musiqinin qızğın təbliğçilərindən oldum. Amma burası da maraqlıdır ki, konservatoriyanı bitirəndə ovaxtkı rektorumuz, rəhmətlik böyük bəstəkar Soltan Hacıbəyov məni təyinatla yolladı Qarabağa – Xankəndinə müəllim. Orada Sayad Nova adına orta ixtisas musiqi məktəbində müəllimlik elədim. İki ay musiqi nəzəriyyəsi, musiqi tarixi fənlərini apardım. Sonra hərbi xidmətə yollandım. Xidmət yerim də uzaq deyildi – Xəzər Dəniz Gəmiçiliyində qulluq edirdim.
Rafael Hüseynov: Hərbi xidmətdə musiqinin köməyi dəydimi?
Tariyel Məmmədov: Əlbəttə. Orada ansambl vardı. Orada da bir az aranjiman elədim, yazdım-pozdum, leytenant rütbəsi aldım. Qayıtdım sonra yenə təyinatla göndərildiyim Xankəndinə.
Rafael Hüseynov: Xankəndidə o vaxt musiqi məktəbində işləyənlər arasında azərbaycanlı müəllimlər vardımı?
Tariyel Məmmədov: Bizimlə iki-üç nəfər getmişdi. Pianoçular və bir də mən musiqi nəzəriyyəsi, musiqişünas kimi. Bir işlədik. Amma yenə də onlar tərəfindən qatı millətçilik hiss olunurdu. Elə vaxt gəlib çatmışdı ki, artıq qaynayırdılar. Asta-asta sonra alışacaq alovun işartıları hiss edilirdi. Biz gündəlik həyatın içərisində olduğumuzdan bunu aydınca duyurduq. Onda mən anladım ki, burada işləyə bilməyəcəyəm. Onu da deyim ki, mən həm orada – Xankəndidə dərs deyirdim, həm də buradakı dərs saatlarım bitəndən sonra gedib Ağdamdakı orta ixtisas musiqi məktəbində dərs verirdim. Yaxın idi, nəqliyyat da yaxşı işləıyirdi. Bazar günləri də, adətən, Şuşaya gedirdim istirahət etməyə. Şuşada yaşlı xanəndə vardı, Mürsəl kişi. Yığışardıq onun başına, Qarabağın keçmiş musiqi həyatından elə xatirələr söyləyirdi ki, doymaq olmurdu. Ya da Ağdamdakı orta ixtisas musiqi məktəbində dərslərim olan günlərdə arada gələrdik tarzən Xosrov Fərəcovun otağına. Kabinetdə otururdu. Padşah kimi qulluq edirdilər ona. Çay içirdi, keçmişlərdən maraqlı söhbətlər edirdi. Gözəl günlər idi.
Qarabağdan qayıdandan sonra işim avand gətirdi. Bir vaxtlar Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin direktoru olmuş Azər Abdullayevlə görüşdük. Hal-əhval tutandan sonra ona Xankəndidə, Ağdamda işləyib qayıtdığımı, indi bekar olduğumu söylədim. Dedi, indi mən Elmlər Akademiyasına, Memarlıq və İncəsənət İnstitutuna zəng vuraram. Gedərsən Əhməd İsazadənin yanına. Əhməd müəllim orada musiqi folkloru şöbəsinə rəhbərlik eləyir. Bir uyğun iş tapıb verər sənə. Qayıtdım ki, Azər Canbaxışoviç, axı mən müasir musiqi ilə məşğulam, folklorşünas deyiləm, bu sahəylə heç maraqlanmamışam da. Mənimki Hindemitdir, Şönberqdir, Berqdir. Hamısı müasir dövrdür. Dedi, yox, sən musiqişünaslığı bitirmisən, get akademiyaya, yolunu da elə folklorla başla. Get, elə bununla başla. Sonra baxarsan hansı daha güclüdür. Berq, yoxsa bizim milli musiqimiz.
Daha sözüm qalmadı, getdim görüşdüm İsazadə ilə, başladım işləməyə. Həmin şöbədə o vaxt Əminə xanım Eldarova, Qubad Qasımov kimi təcrübəli mütəxəssislər işləyirdi.
Tariyel Məmmədov və Rafael Hüseynov Rafael Hüseynov: Yadıma gəlir o şöbə. Mənim də 1970-ci illərin sonlarından onlarla sıx əlaqəm vardı. Akademiyanın dördüncü mərtəbəsində, Şərq zalının yaxınlığında onların ayrıca bir səsyazma studiyaları da vardı. Diktor Soltan Nəcəfovun oğlu Faiq orada işləyirdi. Bu şöbənin müxtəlif bölgələrə yaxşı folklor ekspedisiyaları olurdu. Faiq həmin ekspedisiyalarda yazılmış səs materiallarından mənə verirdi, “Axşam görüşləri”ndə, “Nəğməli ömürlər” verilişlərimdə istifadə edirdim. Təəssüf ki, sonra o studiya da yox oldu, qiymətli materiallarının da əksəri itib-batdı.
Tariyel Məmmədov: Hə, mən də elə ekspedisiyadan başladım. Biz tez-tez rayonlara, kəndlərə ekspedisiyalara gedirdik. Nəriman Məmmədov da o vaxt orada işləyirdi, Allah rəhmət eləsin. Yəni folklorşünaslığa gəlişim elə-belə deyil, hər addım zəncir kimi bir-birinə bağlıdır, hər şey pillə-pillə irəlilədi.
Gedirdik ekspedisiyaya, tutalım, Nəriman Məmmədovla birgə hansısa musiqini lentə alırdıq. Axşam gəlirdi mehmanxanadakı otağına, qulaq asırdı, həmin gündüz lentə aldığımızı nota salırdı.
Mən də bir dəfə götürdüm nota baxdım, sonra fırlatdım kaseti, gördüm ki, eyni şeydir. Bilirsiniz, milli musiqini, folkloru eşitmək bir ayrı, onu notlaşdırmaq tamam başqa. Bu, çox da sadə olan bir iş deyil. Çünki milli musiqimizdə elə melizmlər, elə xırdalıqlar var ki, gərək onları yalnız qulağın eşitməyə, lazımdır ki, onları bütün varlığınla hiss edəsən. Nəriman müəllim özü yaxşı bəstəkar olmaqdan savayı, həm də tarçalan idi axı. Ona görə el musiqisinin damarını tez tuta, gözəl notlaşdıra bilirdi.
Mən də asta-asta bir çox sirləri o təcrübəli insanlardan öyrəndim. Bizim ekspedisiya dəstələrimiz Naxçıvanda oldu, Qazaxa da getdi, daha neçə başqa yerlər. Sonra bunların hamısı toplandı, Əhməd müəllimin rəhbərliyi ilə kitab şəklində buraxıldı. Bunlar böyük işlərdir.
Rafael Hüseynov: İndi o illəri gətirirəm gözümün qabağına. O insanların əslində böyük ölçüdə sona qədər qiyməti verilməyib. Bayram Hüseynli, həmin o Əhməd İsazadə, həmin o Nəriman Məmmədov, Əminə Eldarova – bunlar orada sağlam, qaynar bir elmi mühit yaratmışdılar. Onlar o işləri vaxtında görməsəydilər, çox sərvətlərimizi qayıdışsız itirərdik. O mühit olmasaydı, Tariyel və daha neçə istedadlı gənc necə yetişərdi?!
Tariyel Məmmədov: Haqlısınız, heç vaxt, heç vaxt. O mühit olmalı idi. Bu, artıq məktəb idi. Elə o mühitin içərisində mən aşıq musiqisinə bağlandım.
Rafael Hüseynov: Aşığa, saza Sizi kim yönəltdi?
Tariyel Məmmədov: Əminə xanım Eldarova ilə Əhməd müəllim.
Əhməd İsazadə bir gün mənə dedi ki, sən muğama dəymə, çünki rus dilində təhsil almısan, Azərbaycan dilini çox da yaxşı bilmirsən. Doğrudan da, mən orta məktəbi də, musiqi məktəbini də, sonra konservatoriyanı da rus dilində bitirmişdim. Rus dilində yazırdım, kitabları rus dilində oxuyurdum. Məhz həmin şöbədə çalışdığım dövrdə mənim ana dilim mükəmməlləşməyə başladı.
Dil axı gərək işlənə ki, cilalana. İşlətməsən, lap nəzəri cəhətdən pis bilmədiyin dildə də danışmağı, yazmağı yadırğayırsan.
Mən aşıq melodiyalarını araşdırmaqdan başladım. Bununçün Gədəbəyə getdim. Aşıq Yusifi tanıdım. Aşıq Yusif mənimçün saz bağladı, başladım asta-asta çalmağa. Çünki sən musiqi folklorunun məşğul olduğun sahəsinin alətində çala bilməsən, folklor nümunələrini özün də səsləndirə bilməsən, musiqişünas kimi aldığın nəticələr də qənaətbəxş olmayacaq.
Rafael Hüseynov: Başqa sözlə, araşdırdığını özündən keçirməlisən, hiss eləməlisən.
Tariyel Məmmədov: Bəli, hiss eləməlisən, o musiqi zehnində, ürəyində olmalıdır. Ona görə mən 1984-cü ildə namizədlik, 1989-cu ildə doktorluq işimi Moskvada müdafiə edəndə ora sazla getmişdim. Ayrı-ayrı sualları cavablandıranda müəyyən parçaları sazda çalıb-oxuyurdum.
Onlar da başa düşürdülər, görürdülər ki, qarşılarındakı sözdə musiqişünas deyil. Orada başla ki, “do” belə gəldi, “si-bimol” belə getdi, fikirləşəcəklər ki, bu nə danışır bizə? Amma sən bunu göstərəndə, oxuyanda anlayırlar ki, bax bu adam bilir nədən söhbət gedir, qaynayıb-qarışıb araşdırmasına.
Rafael Hüseynov: Sizin saz ifalarınızı o akademik auditoriya necə qarşılayırdı?
Tariyel Məmmədov: Çox gözəl, çox əla. Özü də mən “Koroğlu” oxuyurdum. 7 dənə “Koroğlu”, əsl “Koroğlu”...
Rafael Hüseynov: Haradan yığmışdınız onları?
Tariyel Məmmədov: Gədəbəydə, Tovuzda – Aşıq Əkbərdən, Aşıq Mahmuddan – hamısı ustadlar idi.
Rafael Hüseynov: Məsələnin ağrılı tərəfi budur ki, daha o ustadlar da yoxdur. Vaxtında nə görülübsə, nə yazılıbsa, onlar qaldı.
Tariyel Məmmədov: Mən ilk dəfə 80 aşıq havasını nota salmışam. Özü də bilirsiz necə nota salmaq lazımdır? Mən uşaqlara da deyirəm. Siz bir dənə bəndi nota salmayın. Üç bənd oxuyursa, üçünü də nota salmaq lazımdır. Çünki onda görürsən ki, ayrı-ayrı bəndin not konfiqurasiyası, arxitekturası göz qabağındadır. Onun dinamikası var, dramaturgiyası var. Bu, elə-belə deyil. Bilirsiniz, mən həmişə deyirəm, filoloqlar çox böyük iş görüblər. Filoloqlar olmasaydı, irsi yazılaşdırmasaydılar, aşıq sənətinin çox inciləri tarixdə qalmazdı. Amma musiqi onun arxasınca gəlib. Çünki musiqini nota salmaq 1919-cu ildən başlayıb. Yox idi. Tabulatur nota salma vardı, Marağeyi, Fani yazırdılar. Bunlar not deyildi. Ona sən baxmalı idin, çalmalı idin. Amma not sistemi, XI əsrdən – Qvido de Aretsodan gələn not sistemi bizdə yox idi. İlk dəfə partitura kimi Nəriman Məmmədov başladı, sonra Ramiz Zöhrabov yazdı muğamları. Mən də partitura kimi aşıq havalarını yazdım. Mən Moskvada, böyük alimlərin qarşısında sübut elədim, dedim ki, əlimdə musiqi aləti olmalıdır – tambur olsun, bayan olsun, saz olsun – hər hansı biri – sözlə olmaz, gərək çalasan, göstərəsən, fikrini əyani nümunə üzərində isbat edəsən.
Rafael Hüseynov: Tariyel müəllim, bir şey soruşmaq istəyirəm. İran muğamatı ilə Azərbaycan, Orta Asiya muğamatında fərq var, təbii. İfada, təqdimatda, hətta musiqi alətlərinin özündə. Amma mahiyyəti etibarilə bunlar qohumdur, köklər ortaqdır. İranda muğamın notlaşdırılması istiqamətində XX əsrdə çox genişmiqyaslı işlər görülüb. Demək olar ki, bütün dəstgahları, hətta unudulmuş xırda muğam guşələrinə qədər hər nə var, notlaşdırıblar və onlar üzərində qiymətli araşdırmalar da ortadadır. Bu istiqamətdə İrandakı qədər olmasa da, Türkiyədə də az işləməyiblər. Çox gözəl tədqiqatlar var, mən bunların əksəriyyəti ilə tanışam. Saz sənəti elə muğamla yanaşı qədimlərdən üzü bu yana inkişaf edən zəngin musiqidir. Amma saz musiqisinin notlaşdırılması istiqamətində, heyiflər ki, muğamın notlaşdırılması sahəsində görülmüş işlər qədər səylər qoyulmayıb. Bu da zəngin bir xəzinədir axı. Məsələn, o “Koroğlu” havaları ki, məşhur ustadlar sağ olan vaxtı həmin havacatın bir çoxunu notlaşdırmasaydınız, lentləşdirməsəydiniz, onlar unudulub gedəcəkdi. Nə qədər hələ bizim bilmədiyimiz aşıq havaları var ki, unudulub gedib, ya qeybə çəkilmək təhlükəsi altındadır.
Tariyel Məmmədov: Biz bu gün məmnunluqla deyə bilərik ki, milli musiqi irsimizin bir çox nümunələrini bərpa elədik: Musiqi Mədəniyyəti Muzeyindən 200 ədəd qrammofon valını, 100 ədəd valı Üzeyir bəyin ev muzeyindən, daha 100-nü Dövlət Səsyazma Arxivindən, ümumilikdə 400 val. Bu gün də həmin iş davam edir. 124 hazır disk verdik Heydər Əliyev Fonduna. 350 ədəd də disk hazırlamışıq. Hansı musiqi janrlarımız olub, hansı musiqi alətlərimiz olub, hansıları var – bunlar hamısı bəllidir, hamısı əlimizdədir – bütöv kolleksiyamız var. Kolleksiya muzeydə də ola bilər, arxivdə də ola bilər. Bu, nümunələrdir. Vaxtilə bizdə məktəblər olub: Azərbaycan muğam məktəbi – Şirvan məktəbi, Bakı məktəbi, Qarabağ məktəbi – indi bu ustadlar yoxdur. Nə xanəndələr, nə tarzənlər, nə də ustad aşıqlar.
Rafael Hüseynov: Ancaq bərpa edilmiş həmin kolleksiyalar o məktəbləri yaşadacaq, o məktəblərin dərslərini də gələcəyə ötürəcək.
Məsələ bundadır ki, radio-televiziya, müasir texnologiyalar tədricən sənətdəki məhəlliləşməni aradan götürüb, regional sənət məktəblərinin bir-birində əriməsinə səbəb olub. Qabaq hərəkət istiqaməti də, hərəkət imkanları da məhdud idi. Kiçik bir dəstə çox məşhurlar nəzərə alınmazsa, hər xanəndə, hər sazəndə, hər aşıq əsasən öz bölgəsində məşhur idi, orada yaşayırdı, yaradırdı. Ona görə bölgələr üzrə müəyyən ifaçılıq üslubları, tərzləri formalaşırdı. Sonra dalğaları ən uzaqlara yetən radio çıxdı, ardınca televiziya gəldi, məktəblər başladı bir-birinə doğru irəliləməyə, bir-birinə qovuşmağa. Sən Azərbaycanın ən ucqar rayonunda otura-otura Azərbaycanın dörd bucağından olan xanəndələri də, çalğıçıları da eşidirdin. Yavaş-yavaş bu üslublar birləşərək bütöv Azərbaycan üslubunu yaradırdı. Görünür, elə bu, addım-addım keçilməli yoldur. Bu, tarixin məntiqidir.
Tariyel Məmmədov: Bu, proqresdir, mütləq olmalıdır. Amma mən deyim ki, bir tərəfdən, düzdür, inkişaf olub. Digər tərəfdən, bu gün tarzənlər, kamançaçalanlar xalq musiqisini də bəzən notla öyrənirlər. Bu, düzgün deyil. Bizim el musiqimizin təbiəti belədir ki, hökmən şifahi yolla öyrənilməlidir.
Vaxtilə qrammofon valları yazılanda Hüseyn Saraclı deyirdi ki, mən bu üç dəqiqəlik vala, lap nisbətən böyük – hər üzü 10 dəqiqəlik olan vala o boyda dastanı necə sığışdırım? Valın on dəqiqə bir tərəfi, on dəqiqə digər üzü. Dastansa gərək üç-dörd saata söylənə, çalına, oxuna. Dastanı günlərlə danışmaq olar. Amma meydan məhdud olanda neyləyəsən?! Nə danışasan? Koroğlu gəldi, Koroğlu getdi, vəssalam?
Rafael Hüseynov: “Musiqi dünyası” ideyası necə yarandı?
Tariyel Məmmədov: Birdən yaranmadı. Bir dənə jurnal vardı, Siz bilirsiniz, “Sovetskaya muzıka”. Onun da səhifələrinə düşmək çox çətin idi.
Rafael Hüseynov: Amma yaxşı jurnal idi çox.
Tariyel Məmmədov: Böyük jurnal idi. İndi “Muzıkalnaya akademiya” var. Amma mən 1996-cı ildə fikirləşirdim ki, bizim bu qədər zəngin mədəniyyətimiz var, musiqimiz var. Nəyə görə axı peşəkar musiqişünaslıq sahəsində öz jurnalımız yoxdur?! Amma jurnal yaratmağın öz çətinlikləri vardı. Düşünürdüm ki, bunun maliyyələşməsi necə olacaq, redaksiya heyətini kimlərdən quracağıq, harada yerləşəcəyik, öz gücümüzə çap olunacaq, yoxsa kimsə kömək edəcək?
1999-cu ildə gördüm ki, heç kəs boynuna heç bir ağırlığı götürmək istəmir, getdim Fərhad Bədəlbəyli ilə söhbət elədim, Tofiq Quliyevlə, Vasif Adıgözəlovla, Ramiz Quliyevlə danışdım. Dedilər ki, biz hər köməyi etməyə hazırıq, puldan başqa, nə istəyirsən elə, hansı sənədə imza atmaq lazımdır, hazırıq, ancaq maliyyə mənbəyimi özün tap.
Düşündüyüm həcm balaca deyildi – 220 səhifəlik jurnal, bunu mən öz gücümlə necə buraxım? Nə milyonçuyam, nə biznesmen, atam da bankir deyil.
Nə isə, Fərhad dedi, yaxşı, başlanğıc üçün mən yer verim, otur, işi başla, görək sonra nə edirik. Sağ olsun, zəhmət çəkdi, şərait yaratdı, bu günə kimi də jurnal çıxır.
Rafael Hüseynov: Birinci nömrə necə çıxdı, necə qarşılandı?
Tariyel Məmmədov: 1999-cu ildə Polad Bülbüloğlu idi nazir. Bir şəkil var: Vasif Adıgözəlov əlində jurnal – “Musiqi dünyası”. Polad çıxış edəndə dedi ki, bizdə ilk jurnal çıxdı – “Musiqi dünyası” jurnalı. Adının da müəllifi Vasif müəllim idi. Maşınla harasa gedirdik, dedim, Vasif müəllim bir çətinliyimiz var. Bilmirəm jurnalın adını nə qoyaq. Dedi, olsun “Musiqi dünyası”. Dedim, “Musiqi dünyası” olsa, gərək rus dilində də olsun, ingilis dilində də olsun, fransız dilində də olsun, türk dilində də. Dərhal qayıtdı ki, lap gözəl, olsun beynəlxalq jurnal.
Belə pulsuzluqdan gileylənə-gileylənə, gülə-gülə, ümidlə, ancaq həm də inamla başladıq işləməyə.
Əvvəldən belə alındı ki, Moskva konservatoriyasından professor Valentina Xolopova kimi alim, professor Yevgeni Nazaykinski kimi görkəmli musiqişünaslar məni Moskvada dissertasiya müdafiə etdiyim vaxtdan tanıyırdılar, o biri yandan, Azərbaycan Dövlət Konservatoriyasının məzunu olan, Moskva Dövlət Konservatoriyasında elmi analitik şöbənin müdiri işləyən Anna Əmrahova bizdə redaktor müavini idi və hər təzə nömrəmizdən Moskvada bir neçə gün sonra xəbər tuturdular, yazılarımızı oxuyurdular və bizim nəşrə Azərbaycandan kənarda da xüsusi diqqət formalaşmağa başladı.
Beləcə, ən məşhur müəlliflər də məmnuniyyətlə yazılarını dərc edilməkçün bizə göndərməyə başladılar. Bu isə artıq nüfuz məsələsi idi. “Musiqi dünyası” yeganə jurnaldır ki, 2008-ci ildən Moskvadakı “RİNS” (e-library) deyilən və əsl xəzinə sayılan sistemə daxil edilib. İndiyədək 3 mindən çox məqalə dərc etmişik, bugünədək yazısı dərc edilmiş müəlliflərimizin sayı 1.700-ə çatır. Jurnalın elektron versiyası da var. Elektron versiyanın oxucu sayı 260 mindir. Bizdə ikinci jurnal da buraxılır: “Harmoni” jurnalı. “Harmoni” jurnalının 370 min oxucusu var. Nəzərə alın ki, bu, əyləncə üçün düşünülmüş, ya bir kommersiya jurnalı deyil. Bu, sırf bir elmi toplu, musiqi və musiqişünaslıq jurnalıdır. Mən əvvəldən də demişdim, jurnalı yalnız Azərbaycan dilində buraxsaq, oxucusu az olacaq. Azərbaycanda bu məsələlərlə az adam maraqlanır, oxucu sayı çox deyil. Amma rus dilində oxuyanlar çoxdur. Ona görə əvvəldən beynəlxalq jurnal oldu. Beləcə, asta-asta yaşa dolduq.
Rafael Hüseynov: Yeni dövr peşəkar Azərbaycan musiqişünaslıq elminin tarixini biz 1920-ci illərdən başlaya bilirik. Amma əslində bir az əvvəllərdə atılmış ilk addımlar da bilavasitə Üzeyir bəylə bağlıdır. “Leyli və Məcnun” 1908-ci ildə səhnəyə gələndən sonra artıq o dövrün qəzetləri – “İqbal” da, “Kaspi” də və digərləri də istər-istəməz artıq musiqişünaslığa sadəcə bir jurnalistika, publisistika nöqteyi-nəzərindən yanaşmırdılar, səriştəli təhlillər tədricən daha çox gözə dəyməyə başlayırdı. İlk opera və operettalarımız haqqında vaxtaşırı dərc edilən tənqidi məqalələri, resenziyaları indinin hündürlüyündən illər üzrə ardıcıllıqla mütaliə etdikcə görürük ki, yavaş-yavaş bəsit təsvirçilik aradan gedir, musiqişünaslıq baxımından analitik mühakimələr get-gedə o yazılarda üstünlük təşkil edir.
O köhnə qəzetlərdə opera tamaşaları, konsertlər, ayrı-ayrı ifaçılar haqqında, xüsusən də “Kaspi”də elə təhlilləri oxumuşam ki, artıq bunlar sırf musiqişünaslıq tədqiqatları kimi qiymətləndirilə bilər.
Tariyel Məmmədov: Peşəkar musiqişünaslıq publisistikadan başlayıb, asta-asta formalaşıb, musiqi jurnalistikası da ondan yaranıb. İndi musiqişünaslıq var, musiqi nəzəriyyəsi var. Amma bunlar tətbiqi musiqişünaslıqdır. Bu gün biz çətinlik çəkirik. Televizoru açırsan, aparıcılar danışır, çox şeyi bilmirlər, faktları bilmirlər, tarixi bilmirlər. İnternetdə oxuyurlar, o məhdud məlumatlarla da kifayətlənərək böyük auditoriya qarşısına çıxırlar. Bu da düzgün deyil.
Rafael Hüseynov: İstənilən məsələdən, xüsusən musiqi kimi və özəlliklə, Azərbaycan musiqisi kimi zəngin, incə bir sahədən danışanda, illah da bunu nəhəng auditoriya qarşısında edəndə yüksək məsuliyyət duyğusunu hər an içində yaşatmalısan, bu cəsarəti boynuna götürməkçün çox şeyi bilməlisən. Çox şeyi bilmədən də danışmaq mümkündür, amma unutmamalısan ki, sənə qulaq asanların arasında səndən qat-qat çox, həm də daha dəqiq və düzgün bilənlər var, yanlışlarını gendən anındaca görürlər.
Tariyel müəllim, Siz çox böyük işlər görmüsünüz, yol da davam edir. Hələ bundan sonra da qiymətli işlər görəcəksiniz. Əsas odur ki, artıq yol var, məktəb var. “Musiqi dünyası” özü artıq bir məktəbə çevrilib. “Musiqi dünyası”nın özü artıq Azərbaycan araşdırıcılığında, Azərbaycan tədqiqatçılığında bir janrdır. Bəhrələri də boldur. Sonsuz həvəs, eşq, ilham Sizin içərinizdə onsuz da var. Ətrafınızda da imkan daxilində çalışırsınız ki, iş bilən, qabiliyyətli adamları toplayasınız. Həmkarlarınız, silahdaşlarınız var. Mötəbər və sabit müəllif kollektivi də qurmusunuz. Həm Azərbaycanda, həm Azərbaycandan kənarda. Jurnalın hörmətini, ağır sanbalını yarada bilmisiniz. Beynəlxalq çərçivədə artıq etiraf olunan bir jurnala çevirmisiniz. Bütün bunlar tərifə, təqdirə layiq xidmətdir. Mən arzu edirəm ki, sağlam olasınız, güclü olasınız. Və gələcək illərin içərisində də bu jurnal fəaliyyətini davam etdirsin. Adətən, insanlara yönələn arzuların başında uzun ömür arzusu dayanır. Mən Sizə o arzumu bir qədər başqa şəkildə dilə gətirmək istəyirəm. “Musiqi dünyası” onsuz da bundan sonra daha dayanmayacaq, çox uzun illər boyu işıq üzü görməkdə davam edəcək. Ancaq mən Sizə bu jurnalın yaradıcısı və redaktoru kimi ən azı 200-cü sayını şəxsən çapa imzalamağı arzulayıram!
Tariyel Məmmədov: Sizə çox minnətdaram. Bizim işimizə, musiqiçilərə, bütövlükdə musiqi mədəniyyətimizə həmişə çox diqqətlə yanaşmısınız. Çox sağ olun. Qəzetlərə də yazırsınız, televiziyada da çıxış edirsiniz, can sağlığı arzu edirəm Sizə. Sizin işiniz də çətindir. Maarifçilik çox çətin işdir. Mən həmişə deyirəm ki, maarifçiliyə məktəblərdən başlamalıyıq. 46 veb saytımız var. Bu sayı artıracağıq da. Amma istəyirəm ki, bu xəzinə məktəblərə sarı yönəlsin. Uşasqlarımız seyr etsinlər, dinləsinlər, öyrənsinlər. Bu barədə qəzetlərdə yazmışam, çıxışlar etmişəm, di gəl, qarşı tərəfdən bir xəbər yoxdur. Hərəsi öz işi ilə məşğuldur. Olsun, ancaq hamımızın öz əsas işimizlə yanaşı yerinə yetirməli olduğumuz bir milli vəzifə, maarifçilik məsuliyyətimiz də var. Siz akademiksiniz, görkəmli alimsiniz, deputatsınız, muzey direktorusunuz, Avropa Şurasında illərdir ki, ölkəmizin maraqlarını müdafiə edirsiniz, lakin o qədər işləri görə-görə maarifçilik fəlaiyyətinə də vaxt tapırsınız, yorulmadan, ardıcıl olaraq bu nəcib işi yerinə yetirirsiniz. Məsələn, kimsə Sizə tapşırıq verməyib, ya xahiş etməyib ki, “Musiqi dünyası”ndan bəhs edəsiniz, ayrıca veriliş hazırlayasınız. Siz bunu daxili ehtiyac kimi hiss edərək işinizi görürsünüz. Yəni maarifçilik, Vətənə əsl sevgi elə budur. Təklif, çağırış, tapşırıq gözləmədən zəruri saydığın, ölkənçün, xalqınçün lazımlı olan işləri təşəkkür, mükafat gözləmədən haysız-küysüz, can-başla yerinə yetirmək.
Ona görə mən də Sizə can sağlığı, uğurlar arzulayıram, biz fəxr edirik ki, Siz varsınız.
Rafael Hüseynov: Təşəkkür edirəm! “Musiqi dünyası”nın hər yeni nömrəsini mən həmişə səbirsizliklə gözləyirəm. Çünki 2000-ci illərin lap əvvəllərində, o lap başlanğıc dövründə jurnalda mənim də yazılarım çıxıb, əməkdaşlığımız bu gün də davam edir. İndi biblioqrafiya buraxmısınız. Bu “Musiqi dünyası biblioqrafiyası” artıq həm bələdçisi, həm də müəyyən mənada yurnalın tərcümeyi-halıdır. Mənə elə gəlir ki, bu bələdçini həm Milli Konservatoriyada, həm Musiqi Akademiyasında tədris vəsaiti kimi istifadə etmək məqsədəuyğun olardı. Müəllimlər bu bələdçinin yolgöstərməsi ilə öyrəncilərini yönəltsinlər ki, onlar gələcəyin yaxşı musiqiçisi, qabil musiqişünası kimi yetişmək üçün dürüst səmt götürə bilsinlər. Azərbaycan dilində jurnalda burada böyük sayda məqalələr var.
“Musiqi dünyası”nın səhifələrində illər ərzində Azərbaycan musiqişünaslığının mükəmməl dili formalaşıb. Azərbaycan musiqişünaslığının tarixinə yetərincə bələdəm. Orta əsrlərdən musiqişünaslıq risalələrimiz əsasən ərəb və fars dillərində qələmə alınıb. Sovet dönəmindəki musiqişünaslarımız isə adətən rusdillilər idi. O dövrdə muğamdan yazan da, aşıq musiqisi ilə bağlı tədqiqat aparan da, rəqs musiqisini öyrənən də – əksər peşəkarcasına yazmaq istəyənlərin hamısı – rusdilli idilər.
Bu tək bizə aid kəsir də deyildi. Eləcə də Sovet İttifaqının müxtəlif respublikalarında yaşayan musiqişünaslar daha geniş miqyasda tanınmaq və ifadə olunmaqçün məqalələrini, kitablarını rusca yazıb-nəşr etdirməyə üstünlük verirdilər. Rusca elmi üslubun, o sıradan musiqşünaslıq dilinin kamilləşməsi ən müxtəlif xalqların eyni müstəvidə birləşən dil enerjisi ilə baş tuturdu. Ona görə də rus musiüqişünaslıq nterminologiyası inkişaf edib zənginləşsə də, rusca musiqişünaslıq dili və üslubu daha artılıq təkmilləşsə də Azərbaycan musiqişünaslığının elmi dilində kasadlıq duyulurdu. Elmi dərəcələr almağın mərkəzləşdirilməsi səbəbindən dissertasiyalar hansı dildə yazılmasından asılı olmayaraq Moskvaya, Ali Attestasiya Komissiyasına rusca göndərilməli idi və ikiqat əziyyətə düşməməkçün mətnin sonradan tərcüməyə verilməsindənsə, elə əvvəldən rusca yazılması münasib sayılırdı. Beləliklə, elmimizin özgə dildə ifadə olunmaq mərəzi ona gətirib çıxarırdı ki, digər elm sahələrində olduğu kimi, musiqişünaslığımızda da milli elmi üslub arxa sıraya keçirdi.
“Musiqi dünyası”nın bir mühüm xidməti də Azərbaycan musiqişünaslığının sağlam, sabit və öyrənilib davam etdirilməli terminolojisini və elmi üslubunu ortaya qoymasıdır. Gəncliyimiz, musiqişünaslığa yeni gələnlər buradan çox şey öyrənə bilərlər. Onların hansısa fikri necə ifadə etmək, hansısa termini nə şəkildə Azərbaycan dilində düzgün çatdırmaq barədə düşünməyə ehtiyacı yoxdur. Açsınlar, bu jurnalı vərəq-vərəq oxusunlar, arxada qalan 20 ildən artıq müddətdə yaranmış irs onlara musiqişünaslığımızın rəvan, şəkillənmiş, oturuşmuş elmi dilinin üfüqlərini açacaq. Bu da Sizin xidmətinizdir. Yəni bu jurnalı açdıqca, hər nömrəni qaldırdıqca bu cür məziyyətləri, gözəllikləri çox tapacağıq. Və yenə Sizin o son sözlərinizə qayıdıram. Maarifçilik bir işıqdır. Hər millətin bu işığa ehtiyacı var. Ona görə də XIX yüzilin sonlarında da, XX əsrin əvvəllərində də Azərbaycanın fədakar insanları, o böyük şəxsiyyətlər maarifçiliyi həyatlarının başlıca amalı hesab ediblər. Onlar əmin idilər ki, maarifçilik işığı yaymasan, mühiti hazırlamasan, sənin yazdıqlarının öz ünvanına çatması arzuladığın səviyyədə olmayacaq. Ona görə də o maarifçilik hər an davam eləməlidir. Bu gün də, sabah da! Amma yalnız hansısa tədris müəssisələri hüdudlarında, hansısa jurnal çərçivəsində deyil, efirimizdən, ekranımızdan, əlimizə düşən bütün meydandan davam etdirilməlidir.
Siz bu yolun sadiq yolçularındansınız, uğurlar həmişə Sizinlə olsun!
***
Hər dövrün öz tələbi, hər yeni zamanın öz diləkləri olmasını bizdən də qat-qat tez hiss etmiş ərənlərimiz “hər saatın, hər dəqiqənin öz hökmü var” dedilər.
Hünər, bəsirətlilik odur ki, vaxtın nə umduğunu hamıdan bir az erkən duya biləsən.
Məhz vaxtı irəlilədən, cəmiyyətləri qabağa aparan həmişə başqalarına nisbətən addımı bir qədər tez atmağı bacaranlar olublar.
Gənc Tariyel Məmmədov elm yoluna çıxanda 1970-ci illər bitir, 1980-ci illər başlanırdı. Bu yolun təqribən 40 ilinə bilavasitə şahidəm.
Və həmişə onu sabaha baxan, vaxtın sürətindən bir az yeyin yeriməyə can atan görmüşəm. 1980-ci illərdə indi həyatımızın ayrılmaz parçasına çevrilmiş bilgisayarlar, elektron mühit, dünyanı ovuc içərisindəki kimi yığcam edən internet məkanı hələ xeyli aralıda idi. Tariyel həmin dəyərləri musiqişünaslığımız üçün çox doğma və sərfəli müstəviyə çevirməyin vacibliyini həssaslıqla ilk duyanlardan oldu.
Duymağına söz yox, bunu başqaları da duyurdu. Ancaq Tariyelin Tariyelliyi elə ondan ibarətdir ki, o, sadəcə zərurəti hiss etməklə kifayətlənmədi. Yubanmadan hərəkətə keçdi və arxada qalan illərdə elə bir irs yaratdı ki, indiyəcən misli olmamışdı.
Həm də bu işləri görə-görə elə ülgülər ortaya qoydu ki, təşəbbüskar insanlar bu qəliblərdən yararlanaraq elə bu cür çoxlu faydalı işlər görə bilərlər.
Sadəcə, bu səmtə üz tutanlarda gərək Tariyeldəki kimi sevgi, yorulmazlıq, inadcıllıq, qətiyyət ola.
“Azərbaycan diskoqrafiyası 1900-1940-cı illər”, “Azərbaycan musiqi vallarının antologiyası”, “Üzeyir bəy ensiklopediyası”, “Azərbaycan tarixinin canlı səsləri”, “Azərbaycan epistolyar irsi”, “Dədə Qorqud ensiklopediyası”, “Azərbaycan foto-sənədlər irsi”, “Azərbaycan teatrı: dünən, bu gün, sabah”, “Azərbaycan ənənəvi musiqi atlası”, “Muğam ensiklopediyası”, Əfrasiyab Bədəlbəyli, Qara Qarayev, Tofiq Quliyevə həsr edilmiş saytlar, hələ bu anda sadalamadığım daha neçə elektron səs və təsvirlər yuvası ki, dünyanın istənilən nöqtəsində istənilən insan bu əsrarəngiz məkana rahatca qovuşa bilər.
Musiqimizə, mədəniyyətimizə Tariyeldən daha əvvəl də bu möhtəşəmlikdə qanadlar bağışlamış kim olub ki?!
Çox arzulayıram və yəqin, elə professor Tariyel Məmmədovun da istəyi budur ki, insanlarımızda yol açmaq qətiyyəti, yolun zəhmətlərinə dözmək dəyanəti, xeyirxah irs yaratmaq nəcibliyi daim var olsun, millətəxeyir işlərin qulpundan yapışanlarımız azalmasın!
Nə qədər çox olsalar, böyüklüyümüzü özümüz də daha aydın görəcəyik, millətimizin, yurdumuzun müstəsnalığına başqaları da daha artıq şahid kəsiləcək, Azərbaycan dühasına daha çox heyran qalacaq.