"Musiqi dünyası" № 1 (94) 2023
Article №1; 9053-9055 pр.
Zemfira SƏFƏROVA. «Bizə elm, mədəniyyət, ədəbiyyat tarixi lazımdır» (H.Əliyev)
Text PDFÇoxəsrlik inkişaf tarixinə malik Azərbaycan musiqisi bütün dövrlərdə özünəməxsusluğu, gözəlliyi və rəngarəngliyi ilə fərqlənmişdir. Təməli dahi Üzeyir Hacıbəyli tərəfindən qoyulan Azərbaycan bəstəkarlıq məktəbi zəngin ənənələri ilə musiqi tarixində öz layiqli mövqeyini tutmuşdur. Çağdaş zamanda müasir bəstəkarlarımız tərəfindən yaradıcı surətdə, müasirlik zəminində davam olunan bu ənənələr inkişaf etdirilir, yeni məzmun və üslub çalarları ilə zənginləşir.
Ulu öndər Heydər Əliyev tamamilə haqlı olaraq qeyd edirdi ki, “xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir. Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaradacaq, həmişə inkişaf edəcəkdir!”. 1
Bu gün böyük iqtisadi təkamül yolu keçən Azərbaycan mədəniyyətinin bütün sahələri kimi onun musiqisi və elmi də surətlə inkişaf edir. Ona görə də “Azərbaycan musiqi tarixi” çoxcildliyinin nəşri qarşımızda duran ən mühüm və aktual vəzifələrdən olmuşdur.
“1900-cü illərin mühüm siyasi və ictimai hadisələri, Azərbaycan Respublikasında müstəqillik və dövlət suverenliyinin əldə edilməsi, cəmiyyət qarşısında keyfiyyətcə yeni məqsəd və vəzifələri qoymuşdur. Azərbaycanda milli ideologiyanın və cəmiyyətin yeni inkişaf modellərinin qurulması və digər bu kimi sosial problemlər humanitar elmlərin öncül tədqiqat istiqamətlərinə çevrilmişdir. Qarşıda duran problemlərin uğurla həll edilməsi üçün elmi və elmi-təşkilatı tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan elminin inkişafında aparılacaq islahatlar barədə 1997-ci ilin 31 yanvarında Azərbaycan Prezidenti Elmlər Akademiyasının rəhbərliyi və aparıcı alimləri ilə görüşündə ətraflı və dərin məzmunlu söhbət aparmışdır. Görüşdə Heydər Əliyev cənabları xüsusilə vurğulamışdır ki, humanitar elmlər sahəsində ən mühüm problem-yeni tarixi həqiqətləri nəzərə alaraq XIX-XX əsrlərin Azərbaycan tarixini yaratmaqdır. “Tarix” anlayışını geniş mənada işlədən Prezidentimiz öz nitqində elmi vəzifələri daha da dəqiqləşdirərək demişdir ki, bizə “elm, mədəniyyət, ədəbiyyat tarixi lazımdır”. 2
Azərbaycan Milli Elmlər Akademiyasının “Musiqi tarixi və nəzəriyyəsi” şöbəsi də Heydər Əliyevin bu göstərişini yerinə yetirərək “Azərbaycan musiqi tarixi”nin beşcildliyini hazırlayıb oxuculara təqdim etmişdir. Bu çoxcildliyə qədim dövrlərdən bu günə kimi musiqi sənətinin tarixi işıqlandırılmişdir. Bu cür akademik musiqi tarixinin nəşri bizdə ilk dəfə idi ki, həyata keçirilirdi. Cildlərin elektron variantları da mövcuddur. Tarixin birinci cildi rus dilində də çap edilmişdir.
“Azərbaycan musiqi tarixi”nin beşcildliyi əhəmiyyətinə görə nəinki musiqişünaslığımıza, bütövlükdə Azərbaycan elminə, musiqisinə, Azərbaycan xalqına dəyərli töhfədir.
Ümumiyyətlə, Heydər Əliyev mədəniyyətin bütün sahələrinə çox diqqət yetirirdi, o cümlədən musiqiyə də. Üzeyir Hacıbəylinin anadan olduğu günü müqəddəs sayaraq -18 sentyabrı “Musiqi bayramı”, “Musiqi günü” elan etmişdir. Yadımdadır, Üzeyir bəyin 90-illiyini M.F.Axundov adına Opera və Balet Teatrında qeyd etdikdən sonra, nümayəndə heyəti qatarla Şuşaya yola düşdü. Şuşada bizi vilayətin partiya rəhbəri B.Çevorkov qarşılayırdı. Əlini prezidentə uzadıb dedi: “Bizim torpağımıza xoş gəlmisiniz”, O da cavabında “Sizin niyə, öz torpağımıza xoş gəlmişik”-dedi.
O vaxtı hələ Üzeyir bəyin ev muzeyi öz yerində idi, Bülbülün, Natəvanın, Üzeyir bəyin də büstləri sağ-salamat idilər, erməni vandalları tərəfindən gülləbarana tutulmamışdılar. Cənab Prezident Şuşanı gəzərkən həyat yoldaşı, Zərifə xanımı və oğlunu şəhərin gözəl mənzərələrini seyr etməyə çağırırdı.
Mən ikinci dəfə Ulu Öndəri yaxından Rus səfirliyində, onların növbəti bayram günündə gördüm. İsti yay günü idi, ona görə tədbir səfirliyin həyətində, bağçada keçirdi. Çıxışlardan sonra Ulu Öndər qonaqlara yaxınlaşırdı, bizə də, (Anarla mənə) yaxınlaşanda soruşdu ki, “xanım razıdır?, o vaxt Anara Prezident təqaüdü vermişdi, mən razılığımı və təşəkkürümü bildirməkdən əvvəl, Anar zarafat edib deyəsən ki, gərək təqaüdü mənə yox, ona verəydiz. Bir dəqiqəlik sükutdan sonra mən şok vəziyyətdən özümə gəlib Prezidentə təşəkkürümü bildirdim.
İndiki Heydər Əliyev sarayında Rəsul Rzanın yubileyi qeyd olunurdu. Yubiley yüksək səviyyədə keçirildi. Sonda mən Ulu Öndərə yaxınlaşıb Rəsul Rzanın poeziyasını yüksək dəyərləndirdiyinə görə minnətdarlığımı bildirdim.
Heydər Əliyev şeiri, musiqini çox sevirdi və bəyəndiyi mahnıları özü, həyat yoldaşı Zərifə xanımın pianoda müşayiəti ilə ifa etməyi xoşlardı. Dəyər verdiyi müğənnilərə mükafatlarını təqdim etdikdə belə onlardan bir ağız oxumalarını xahiş edirdi. Müslüm Maqomayev, Fidan və Xuraman Qasımovalar, Zeynəb Xanlarova onun sevdiyi müğənnilər idi. (Bu siyahını artırmaq da olar)
Ulu Öndər bəstəkar Arif Məlikovu özüylə Məkkəyə aparmışdı ki, o möhtəşəm məkan haqqında simfoniya yazsın. Təəssüflər olsun ki, 8-ci simfoniya hazır olanda artıq Ulu Öndər həyatını dəyişmişdi.
Heydər Əliyev Azərbaycanı kövrək bir məhəbbətlə sevirdi və onunla fəxr edirdi. O, gətirdiyimiz cümləni xüsusi həyəcanla, bir qədər qəhərlənib deyirdi:
“Mən fəxr edirəm ki, Azərbaycanlıyam!”
Bu sevgi və məhəbbətin bariz nümunəsi Sovetlər dövründə onun vasitəsiylə 4 musiqiçimizə-Qara Qarayevə, Fikrət Əmirova, Niyaziyə və Rəşid Behbudova Sosialist Əməyi Qəhrəmanı adı verilməsi oldu. Heydər Əliyev Fikrət Əmirovun “Min bir gecə” baletini yüksək qiymətləndirirdi. Əsərin müəlliflərinə SSRİ Dövlət mükafatı verilməsində həlledici rol oynamışdır.
Ulu Öndərin əziz xatirəsi, bütün xalqımız kimi, biz, musiqiçilərin qəlbində əbədi yaşayacaqdır.
1.Əliyev H.Ə. “Gənc istedadlara dövlət qayğısı gücləndirilməlidir”. Heydər Əliyev və Azərbaycan incəsənəti,-Bakı, 2000.
2.Sitatı “H.Əliyev və Azərbaycanın incəsənəti” .Bakı. Elm. 2000 s.6-7