"Musiqi dünyası" № 2 (95) 2023
Article №15; 9191-9199 pр.
Firuz MƏMMƏDOV. Xanəndəlik sənətində “duet” ifaçılığının əsas xüsusiyyətləri
Text PDFQərinələri adlayaraq bu günə kimi gəlib çatmış xanəndəlik sənəti öz sinkretik mahiyyəti baxımından ifaçılığın bir çox xüsusiyyətlərini özündə birləşdirir. Yüksək səhnə mədəniyyəti, geniş diapazona malik səs, instrumental ifaçılıq (dəf çalmaq), nəzmə (poeziyaya) dərindən bələd olmaq, eləcə də bədahətən improvizə etmək bacarıqları belə xüsusiyyətlərdəndir. Yaxşı xanəndə muğam dəstgahlarının bütün incəliklərini bilməli və öz mükəmməl ifası ilə onların məzmun çalarlarını, emosional təsir gücünü dinləyiciyə aşılamağı bacarmalıdır. Bunun üçün xanəndələr adıçəkilən bacarıqlara yiyələnməli, hər zaman öz üzərində çalışmalı, çoxlu mütaliyə etməli, bilik və təcrübələrini artırmalıdırlar.
Bu gün xanəndə ifaçılığı bir neçə növdə öz təzahürünü tapmaqdadır. Məsələn, geniş heyətli xalq çalğı alətləri ansamblının müşayiətilə səslənən xanəndə ifası, “trio” (muğam üçlüyü) adlanan, yalnız tar və kamança alətlərinin müşayiəti ilə oxunan xanəndə ifası, hər hansı bir muğam dəstgahının səslənməsində iştirak edən bir neçə xanəndənin (üç, dörd və daha artıq) növbəli ifası və s. Belə ifa növlərindən biri də “duet” ifaçılığıdır.
Duet – latın sözü olub, mənası iki (2 nəfərdən ibarət ansambl) deməkdir. Xanəndəlik sənətində “duet” ifaçılığı əsasən opera və operetta janrlarında daha çox istifadə olunmaqdadır. Məlumdur ki, hər bir əsərin məzmununda sevgi, məhəbbət mövzusuna yer ayrılmışdır. Burada bir-birini sevən və öz sevgisinə çatmaq üçün çarpışan, mücadilə aparan əsas obrazlar canlandırılır. Bu obrazları səhnədə yaşadan xanəndələrin ikilikdə (duet şəklində) oxuduqları istər ariyalar, istərsə də muğam parçaları əsərin daha baxımlı və daha məzmunlu olmasını təmin edir. Məsələn; Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasında Məcnunla Leylinin, “Əsli və Kərəm” operasında Kərəmlə Əslinin, Müslüm Maqomayevin “Şah İsmayıl” operasında Şah İsmayılla Gülzarın və s. duetləri Azərbaycan xanəndəlik sənətini bəzəyən incilərimizdəndir. Operada muğam duetlərini ifa etmək üçün xanəndə seçimi heç də asan deyildir. Belə ki, əsərdə səsləndiriləcək muğamların xarakterindən, oxunacaq şöbələrin istinad pərdələrindən (səs yüksəkliyindən) asılı olaraq istər qadın, istərsə də kişi xanəndə ifaçısının səs diapazonu, səslərinin tembri uyğun olmalı, eləcə də onların səhnə bacarıqları, artistlik qabiliyyətləri bir-birini tamamlamalıdır. Deməli əsərdə tərəf müqabili kimi obraz yaradacaq xanəndələrin ən ümdə keyfiyyəti səs amilidir. Muğam sənəti tarixinə adı qızıl hərflərlə yazılmış, xanəndəlik sənətində əvəzsiz xidmətləri ilə tanınan Xan Şuşinski (İsfəndiyar Aslan oğlu Cavanşirov) deyirdi ki; “Xanəndə üçün əsas meyar səsdir. Məlahətli, zil səs isə o vaxt ürəyəyatımlı olur ki, muğamlarımıza, zəngin mahnı və təsniflərimizə yiyələnəsən... Xanəndə musiqinin ahənginə, ritminə səsini-ruhunu qovuşdurmalıdır” [3; s.38].
Vokal ifaçılığından məlumdur ki, qadın və kişi səsləri fərqli diapazona malikdirlər. Belə ki, qadın səsində zil tessituralı muğamlar rahat ifa olunursa, onunla duet oxuyacaq kişi xanəndəsinin məhz, səs imkanları bu duetin mükəmməl alınmasına şərait yaratmalıdır. Bu baxımdan “Çahargah”, “Qatar”, “Kürdü-Şahnaz” kimi muğamların səsləndiyi operalara, əsasən zil səsə malik kişi xanəndələri seçilir.
Muğam duetlərinin ifasında mühüm amillərdən biri də səsin “tembr”i sayılır. Səhnədə tərəf müqabili kimi rol oynayan və muğamın dili ilə dialoq yaradan xanəndələrin səs tembri, yəni səslərinin gücü də uyğun olmalıdır. Məlumdur ki, hər bir ifaçı öz səsinin qalın və incə olması ilə, gur-qaltanlı və yaxud sakit-titrək oxuması ilə, eləcə də möhkəm və zəif vurğulu danışıq səsi ilə fərqlənirlər. Bu fərqlilik xanəndələrin ayrı-ayrılıqda, individual ifasında biruzə verməsə də, duet ifaçılığında müəyyən çətinliklər, təzadlıq yaradır. Belə ki, əsərdə baş verən hadisələri səhnədə izləyən tamaşaçı bir xanəndənin vurğulu səsində sözlərin aydın tələffüzünü, muğamın melodik intonasiyasını yüksək tembrdə, tam şəkildə qavraya bilirsə, digər xanəndənin sakit səsi, zəif vurğulu ifası dinləyicini qane etməyə bilər. Məlumdur ki, konsert səhnələrindən fərqli olaraq opera səhnəsində iştirakçılar ayrı-ayrılıqda səsgücləndirici mikrofonlardan istifadə etmirlər. Bu baxımdan duet oxuyan xanəndələrin səs tembrlərinin uyğun olması zəruri şərtlərdəndir.
Bu gün duet ifaçılığı daha çox mahnı janrı ilə səsləndirilməkdədir. Əslində mahnı duetləri də öz təməlini operetta janrından götürmüşdür. Məsələn, Ü.Hacıbəylinin “O olmasın, bu olsun” operettasında Sərvərlə Gülnazın, Məşədi İbadla qulluqçu Sənəmin, Rüstəm bəylə Gülnazın, Rüstəm bəylə Məşədi İbadın, “Arşın mal alan” musiqili komediyasında Əsgərlə Gülçöhrənin, Süleymanla Asyanın, Vəli ilə Tellinin duet mahnıları və s. xalqımızın yaddaşına əbədi möhürlənmiş nəğmələrdəndir. Belə kiçik həcmli mahnı-duetləri, əsasən XX əsrin əvvəllərində yaranmağa başlamışdır. İlk dəfə məhəbbət mövzusunda yaranmış nəğmə-duet görkəmli xanəndələrimiz Xan Şuşinski ilə Şövkət Ələkbərovanın ifa etdyi “Yaylıq” xalq mahnısı olmuşdur [4]. Mahnının audio-yazısını dinlədikdə duet ifaçılığının səciyyəvi xüsusiyyətlərini müşahidə etmək mümkündür. Əvvəla qeyd etməliyik ki, “Yaylıq” mahnısı Şur məqamında yaranmışdır. Hər bir muğam ifaçısına məlumdur ki, Şur muğam dəstgahının “tonika” əsasını “sol” notu (pərdəsi) təşkil edir. Qadın ifaçısının səs diapazonunu nəzərə alsaq, Şur muğamı üstündə bəstələnmiş hər hansı bir mahnının “sol” pərdəsində oxunuşu bəm səslənməklə xanəndənin səs imkanlarını heçə endirir. Bu səbəbdəndir ki, audio-yazıda “Yaylıq” mahnısı “do” mayəli Şur məqamında səsləndirilmişdir. Yəni duet ifası üçün Şur muğamının əsas “tonikası” xalis kvarta (x.4) yuxarı transpozisiya olunmuşdur. Məhz, bu tonallıqda qadın səsinin gözəlliyi, şaqraqlığı, gücü özünü biruzə verir.
“Yaylıq” mahnısı 1934-cü ildə Azərbaycanın məşhur xanəndəsi Cabbar Qaryağdıoğlunun (1861-1944) ifasında Bakıda fonovaliqə yazılmışdır. Sonrakı illərdə bu mahnını bəstəkar Səid Rüstəmov nota almış və 1967-ci ildə nəşr olunan “Azərbaycan xalq mahnıları” məcmuəsində işıqlandırmışdır [1; s.47]. Onu da qeyd etməliyik ki, not yazısındakı şeir mətnindən mahnının, məhz duet ifası üçün nəzərdə tutulduğu məlum olur.
Not yazısında mahnının duet ifasına xas cəhətlərindən biri onun “do” mayəli Şur məqamında yazılmasıdır.
“Yaylıq” mahnısı duet kimi ifa edildikdən sonra tez bir zamanda xalqın böyük sevgi ilə qəbul etdiyi nəğmələrdən oldu. Dillər əzbərinə çevrilən bu nəğmə televiziya kanallarında, radio dalğalarında, konsert səhnələrində, eləcə də toy mərasimlərində səsləndirilməyə başladı. Sonrakı illərdə xalq sevgisini qazanan belə mahnıların sayı da artdı. “Bağa girdim üzümə”, “Sandığa girsəm neylərsən”, “Ay gözəl”, “Bir dənəsən”, “Nazlı yarım”, “O xal nə xaldır”, “Gəl-gəl”, “Ceyran sevgilim”, “Mən neynim”, “Gələn yar” və s. belə mahnılardandır.
Duet ifaçılığına maraq artdıqca, repertuarın zənginləşməsi baxımından bəzi məşhur xalq mahnılarının şeir mətnləri sonradan duet üçün yazılmış mətnlərlə əvəzlənmişdir. Nümunə kimi “Muleyli” xalq mahnısının adını çəkə bilərik. Mahnının ilk not yazısı S.Rüstəmovun yuxarıda qeyd etdiyimiz “Azərbaycan xalq mahnıları” məcmuəsində öz əksini tapmışdır [1; s.111]. Lakin həmin topluda mahnının şeir mətninin mövzusu sevən oğlanın öz istəklisi haqqında söylədiklərindən ibarətdir;
Pəncərənin milləri, Muleyli,
Açıb qızılgülləri, Muleyli.
Oğlanı yoldan eylər, Muleyli,
Qızın şirin dilləri, Muleyli.Qızılgülü biçərəm, Muleyli,
Üstündə and içərəm, Muleyli.
Gözəl qızlar içində, Muleyli,
Bircə qız yar seçərəm, Muleyli.
Tədqiqat nəticəsində əldə etdiyimiz 1979-cu ildə musiqişünas-jurnalist Qafar Namazəliyevin tərtibatı ilə çapdan çıxmış “Azərbaycan xalq mahnı və təsnifləri” adlı topluda (ikinci nəşri 1985-ci il) “Muleyli” xalq mahnısının mətnində duet oxunuşu üçün əlavə şeir bəndlərinin daxil edildiyinin şahidi oluruq [2; s.122].
Oğlan: Pəncərənin milləri, Muleyli,
Açıb qızılgülləri, Muleyli.
Oğlanı yoldan eylər, Muleyli,
Qızın şirin dilləri, Muleyli.Qız: Köynəyi yaşıl oğlan, Muleyli,
Əcəb yaraşır, oğlan, Muleyli.
Qapımızda dolaşma, Muleyli,
Anam savaşır, oğlan, Muleyli.Oğlan: Mən aşiqəm saz eylər, Muleyli,
Bahar eylər, yaz eylər, Muleyli.
Qız kimə könül versə, Muleyli,
Təkcə ona naz eylər, Muleyli.Qız: Qapınızda bar olsun, Muleyli,
Heyva olsun, nar olsun, Muleyli.
Sənə könül verərəm, Muleyli,
Səndə düz ilqar olsun, Muleyli.Oğlan: Qızıl gülü bişmişəm, Muleyli,
Üstündə and içmişəm, Muleyli.
Gözəl qızlar içindən, Muleyli,
Təkcə səni seçmişəm, Muleyli.Qız: Yad bağını arama, Muleyli,
Ağacların darama, Muleyli.
Əgər məni sevirsən, Muleyli,
Elçi göndər anama, Muleyli.Duet ifası üçün mətni dəyişilən xalq mahnılarımızdan “Aman ovçu”, “Dilbərim”, “Ağacda leylək”, “Kəklik” və başqalarını da qeyd edə bilərik.
Xalq musiqisində müvəffəqiyyətlə təcrübədən çıxmış və ümumxalq sevgisi qazanmış duet ifaçılığı mahnı janrına müraciət edən bəstəkarlarımızın yaradıcılığına da təsirsiz qala bilməzdi. Xalqın belə bir janra olan tələbatını təmin etmək məqsədilə bir çox tanınmış bəstəkarlar bir-birindən rəngarəng mahnı-duetləri yazdılar. Bu janrda ilk qələmini sınayan bəstəkar Ramiz Mirişli oldu. Onun 1966-cı ildə şair Fikrət Qocanın şeirinə bəstələdiyi “Günəşi gözləyirik” mahnısı ilk dəfə fərqli mövzuda (orta məktəb məzunlarına həsr olunmuşdur) yazılan duet-nəğmələrdən idi [5]. R.Mirişlinin sevgi duetlərindən xalq arasında ən populyarlıq qazanmış 1969-cu ildə şair Rəfiq Zəka Xəndanın sözlərinə yazdığı “Səadət” mahnısı sayılırdı [6]. Azərbaycanın tanınmış müğənniləri Elmira Rəhimova və Yaşar Səfərovun ifasında səslənən bu mahnı çox keçmədən sevən gənclərin dillər əzbərinə çevrildi. Onun biri-birini tamamlayan sözləri və musiqisi sevənlərin səadət dolu ülvi məhəbbətindən, gənclərin xoşbəxt gələcəyindən xəbər verir;
Oğlan: Hər gecə, hər sabah gözlərəm səni!
Qız: Mavi üfüq kimi önündəyəm mən!
Oğlan: İzlər günəş dolu gözlərim səni!
Qız: Hər yerdə, hər zaman səninləyəm mən!Nəqərat
Oğlan: Səadət! Səadət! Səslərəm səni!
Səadət! Səadət! Gözlərəm səni!
Könüllər vəslini arzular,
Qız: Adıma nəğmələr yazılar...
Mənimdir gözəllik, məhəbbət!
Oğlan; Qız: Səadət! Səadət! Səadət!
Oğlan: Ulduzların sözü-söhbəti sənsən!
Qız: Göylərə nur çilər Ayla səadət!
Oğlan: Qönçələrin eşqi, ülfəti sənsən!
Qız: Körpələrə çalır layla səadət!
Nəqərat Oğlan: Axtarıram səni mən bu dünyada!
Qız: Min dəfə keçmişəm sənin yanından!
Oğlan: Sən atlı olmusan, mənsə piyada!
Qız: Görməmisən məni həyəcanından!Nəqərat
Qısa müddət ərzində məşhurlaşan belə sevgi duetlərindən bəstəkar Telman Hacıyevin “Qonşu olmaq istəmirəm səninlə” (söz: Qasım Qasımzadənin), Oqtay Kazımovun “Şirindilli oğlan” (söz: İsgəndər Coşğunun), Hökümə Nəcəfovanın “Ulduzlar” (söz: Ənvər Əlibəylinin), Tofiq Quliyevin şair Zeynal Cabbarzadənin sözlərinə yazdığı “Yox, yox” adlı məzəli mahnısı və başqalarını da nümunə gətirə bilərik. Onu da qeyd etməliyik ki, belə duet-nəğmələr yarandıqca, məşhurlaşdıqca, onları ifa edən müğənnilər də tanınır və sevilirdilər. Məsələn, Hüseynağa Hadıyevlə Elmira Rəhimovanın, Eyvaz Həsənovla Təranə Vəlizadənin, Əli Mirəliyevlə Ruhəngiz Musəvinin, Akif İslamzadə ilə Brilyant Dadaşovanın və başqalarının oxuduqları duetlər tez bir zamanda çoxsaylı dinləyici auditoriyası qazanmışdır. Konsert səhnələrinə (estradaya) ayaq açmış belə mahnı-düetlərin ifasında muğam parçaları oxunmadığından, onları çox zaman müğənni-cütlüklər səsləndirirdilər. Yəni ifaçılıq arenasında xanəndələrlə yanaşı müğənnilər də yer alırdılar. Bəs müğənni xanəndədən hansı cəhəti ilə fərqlənir? İlk növbədə qeyd etməliyik ki, müğənnilər muğam təhsili almadıqlarından hər hansı bir məqam üstə (muğam parçası tələb olunarsa) intonasiyaya uyğun improvizə edə bilərlər. Lakin duet-mahnılarda buna ehtiyac olmadığından, ifaçılar yalnız səslərindəki uyğunluğu (səsin diapazonu və tembri) nəzərə alıb yeni duet-qrupu yaradırlar.
Lakin uzun illərin ifaçılıq təcrübəsi göstərir ki, muğam dəstgahlarını öyrənən, onların şöbə və guşələrinə bələd olan, xalq mahnı və təsniflərini mükəmməl oxumağı bacaran xanəndələr bəstəkar qələmindən çıxmış mahnıları daha məlahətli və ürəyəyatımlı ifa edirlər. Məlumdur ki, hər bir mahnı hansısa məqam üzərində, muğamın müəyyən bir şöbəsinin intonasiyasında yaradılmışdır. Həmin məqamın nəzəri əsasını bilən, muğam şöbəsinin melodik məzmununa, xırdalıqlarına bələd olan xanəndə belə mahnıları oxuyarkən muğamın intonasiyasına uyğun melizmləri, bəzəkləri (ona “gül”ləri də deyirlər), müəyyən ştrixləri də istifadə etməklə ona milli don geyindirərək daha mükəmməl səslənməsinə nail olur.
Bu gün sevindirici haldır ki, duet ifaçılığı ilə bağlı konsert səhnələrinə daha çox xanəndələrimiz dəvət alırlar. Atalarımızın belə bir deyimi var ki; xalqın gözü tərəzidir. Xalqımız bu gün muğamlarımıza, xalq mahnı və təsniflərimizə, xalq ruhunda, milli intonasiyalarda bəstələnmiş nəğmələrə daha çox dəyər verir. Bu dəyərə, sevgiyə layiq olmaq üçün milli musiqi irsini, muğam sənətini yaşadan xanəndələrimiz bu zəngin xəzinəmizin daim keşiyində durmalı və olduğu kimi də gələcək nəsillərə ötürməlidir.
ƏDƏBİYYAT SİYAHISI
1. Azərbaycan xalq mahnıları. Not yazısı Səid Rüstəmovundur. Bakı, “Azərnəşr”, 1967, 120 s.
2. Azərbaycan xalq mahnı və təsnifləri. Tərtib edəni: Qafar Namazəliyev. Bakı, “İşıq”, 1985, 196 s.
3. Xan Şuşinski (İsfəndiyar Aslan ağa oğlu Cavanşirov): biblioqrafiya / Tərt. ed. H.Manafova; elmi red. K.Tahirov; red. E.Nəciyev. – Bakı, 2021. – 188 s.
Saytoqrafiya
4. https://youtu.be/h9Cg5ndgmHE Azərbaycan xalq mahnısı “Yaylıq”. Oxuyurlar: Xan Şuşinski və Şövkət Ələkbərova.
5. https://youtu.be/Qe0YquO_bcA mus: Ramiz Mirişli, söz: Fikrət Qoca − “Günəşi gözləyirik”. Oxuyurlar: Elmira Rəhimova və Yaşar Səfərov.
6. https://youtu.be/7LNj7QbD7mE mus: Ramiz Mirişli, söz: Rəfiq Zəka − “Səadət”. Oxuyurlar: Elmira Rəhimova və Yaşar Səfərov.