"Musiqi dünyası" № 1 (94) 2023
Article №2; 9056-9063 pр.
Sevinc RZAYEVA. Heydər Əliyev və Azərbaycan mədəniyyəti
Text PDFÜmummilli lider, müstəqil Azərbaycan dövlətinin qurucusu, dünyaşöhrətli siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrlərdə vətənə və xalqa titanik xidmətləri ilə yanaşı, Azərbaycan mədəniyyətinə, incəsənətinə, ədəbiyyatına, elminə, təhsilinə, eləcə də görkəmli sənət adamlarına, yazıçı və şairlərə, elm xadimlərinə böyük qayğı və diqqət göstərmişdir. Çağdaş Azərbaycanın şərəfli inkişaf tarixinin əlli ildən artıq bir dövrü dərin təfəkkürə və güclü iradəyə malik ulu öndərin adı ilə bilavasitə bağlıdır. Azərbaycanlı olması ilə hər zaman fəxr edən, milli mənsubluğundan hədsiz iftixar hissi keçirən ulu öndər Heydər Əliyev öz fəaliyyəti və misilsiz xidmətləri sayəsində xalqın qəlbində və yaddaşında həmişəlik həkk olunmuş və elə bir iz qoymuşdur ki, ölkəmiz özünün bu dahi rəhbəri ilə daim fəxr edəcəkdir.
Heydər Əliyevin miras qoyduğu sərvətlər içərisində onun zəngin nəzəri irsi xüsusi yer tutur. Bu qiymətli irsin mühüm bir hissəsini onun mədəniyyəti və incəsənətin müxtəlif növ və janrları haqqında nəzəri konsepsiyaları müəyyənləşdirir. Onun irsi bizim milli sərvətimizdir. Ümummilli lider Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə xalqımızın milli-mənəvi dəyərlərinin, onun adət-ənənələrinin dirçəldilməsi, xüsusən məscidlərin, ziyarətgahların, tarixi-memarlıq abidələrinin bərpası ilə bağlı tədbirlərin həyata keçirilməsi onun bir daha xalqa mənən bağlılığını göstərən parlaq misallardır. Azərbaycan mədəniyyətinin görkəmli xadimləri Heydər Əliyev dövründə olduğu qədər heç zaman tanınmamışdır. Heydər Əliyev kinomatoqrafçıların, teatr xadimlərinin, bəstəkarların, rəssamların, yazıçıların qurultaylarında, konfranslarında iştirak edir, dərin məzmunlu nitqi iştirakçıların alqışları ilə qarşılanırdı. Onun hər çıxışı mədəniyyətin bir sahəsinin gələcək inkişaf proqramına çevrilərdi. Hansı sahədən danışırdısa, elə hiss edirdin ki, bu sahənin mütəxəssisidir.
Azərbaycan kinosunun böyük bir inkişaf dövrü Heydər Əliyevin adı ilə bağlıdır. “Uzaq sahillərdə”, “İstintaq”, “Oxuyur Müslüm Maqomayev”, “Nəsimi”, “Babək” filmlərinin yaranmasında, sovet senzurasından keçməsində ulu öndərin böyük xidmətləri olmuşdur. Azərbaycan kinomatoqrafçılar İttifaqı İdarə Heyətinin üzvləri ilə görüşündə Ümummilli lider demişdir: “Bəşəriyyət qarşısında kinonun xidməti böyükdür. Amma bizim xalqımızın inkişaf yolunda Azərbaycan kinosunun xidməti əvəzsizdir” [1, s. 5].
Məlumdur ki, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadəni əvvəllər belə təqdim etmişdirlər ki, o da digər əsgərlər kimi əsir düşəndən sonra guya legionda faşistlərə xidmət edibmiş. O zaman Təhlükəsizlik Komitəsinin əməkdaşları, o cümlədən Heydər Əliyev də bu məsələrlə məşğul idilər. Araşdırma zamanı məlum olur ki, M.Hüseynzadə həqiqətən əsir düşübmüş, faşistlərin yanında, legionda xidmətdə olub. Kimliyi üzə çıxandan sonra məlum oldu ki, M.Hüseynzadə “Mixaylo” təxəllüsü ilə Yuqoslaviyada və Şimali İtaliyada Müqavimət hərəkatında iştirak etmiş və məşhur partizan olmuşdur. Bu dövrdə ulu öndər demişdir: “ “Uzaq sahillərdə” filmi Azərbaycan xalqına nə qədər şöhrət gətirdi. Mən bunu demişəm, ancaq fürsətdən istifadə edib bir də demək istəyirəm ki, ümumiyyətlə, Mehdi Hüseynzadənin kəşf olunmasında mənim şəxsi xidmətim var. Xatirəmdədir, təxminən 1956-1957-ci illər idi (Mehdi Hüseynzadənin satqın olmaması ilə bağlı materialları – S.R.) qəbul etmək istəmirdilər. Yenə deyirəm, istiqamət ondan ibarət idi ki, düşmənləri tapaq – kim gedib legionda faşistlərə qulluq edib. Orada kim qəhrəmanlıq göstərib – onları axtaran yox idi. Bu materiallar meydana çıxanda bizim özümüzdə fikir doğdu ki, bu barədə bir oçerk yaradaq. Materialları iki-üç işçimizə verdik ki, onlar yazsınlar. Onlar bunu yazmağa başladılar, ancaq peşəkar deyildilər və bir şey alınmadı. Ona görə də müraciət etdik Kommunist Partiyasının Mərkəzi Komitəsinə, Mehdi Hüseynzadə haqqında böyük bir material verdik. Müraciət etdik ki, bizə kömək etsinlər, bunu biz bir əsər kimi yaradaq” [2, s. 7]. İmran Qasımov və Həsən Seyidbəyli əldə olunan materiallar əsasında M.Hüseynzadənin qəhrəmanlığından bəhs edən “Uzaq sahillərdə” povesti yazdılar. Ümummilli lider Heydər Əliyev bu povest əsasında film yaradılması barədə məsələ qaldırdı. Nəhayət, rejissor T.Tağızadə, İ.Qasımov və H.Seyidbəylinin eyniadlı povesti əsasında maraqlı və baxımlı qəhrəmanlıq filmini yaratdı.
“İstintaq” bədii filminin çəkilməsi ideyasını da ulu öndər vermişdir. Film Sovet İttifaqında rüşvətxorluğun, korrupsiyanın və mafiyanın mövcudluq məsələsini cəsarətlə qaldırmış, bir sıra sosial və mənəvi-etik problemləri əks etdirmişdir.
Ümummilli lider kinonun əhəmiyyətindən bəhs edərək demişdir: “80 il müddətində Azərbaycan kinosu çox dəyərli əsərlər yaradıbdır və bunu heç vaxt unutmaq olmaz. Azərbaycan xalqının bir çox nəsilləri kino ilə tərbiyələnib, mədəniyyətə qovuşubdur” [1, s. 5].
Ümumiyyətlə, ümummilli liderin həm Azərbaycan, həm də Sovet kinomatoqrafiyasının inkişafında böyük xidmətləri olmuş, xüsusilə o, milli kinomuzun dünya miqyasında tanınması üçün var qüvvəsini əsirgəməmiş, kino işçilərimizə daim arxa və dayaq olmuşdur [4, s. 7].
Ümummilli liderin zəngin nəzəri irsində təhsil məsələləri də xüsusi yer tutur. Ulu öndərimiz ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə almış, yüksək dəyərləndirmişdir. İstər Azərbaycana birinci, istərsə də ikinci rəhbərliyi dövründə ümummilli lider daim təhsilə, tərbiyəyə strateji sahə kimi baxmış, vətənin xalqın tərəqqisində onların roluna yüksək qiymət vermişdir. “Təhsil sahəsi xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir”, – dəyən müdrik rəhbər Azərbaycan təhsilinin inkişafı naminə son dərəcə böyük işlər görmüşdür. Böyük dövlət xadimi təhsilə yalnız savad, bilik qazanmaq, elm öyrənmək imkanı kimi baxmamış, bütövlükdə hər bir insanın həyatını düzgün qurmasında, cəmiyyətdə gedən tərəqqi prosesində yaxından iştirak etməsində təhsilin mühüm rola malik olduğunu önə çəkirdi.
Ulu öndərin ədəbiyyat konsepsiyası onun ümumdövlət siyasətinin əsas inkişaf istiqamətlərindən biri olmuşdur. Ədəbiyyatın cəmiyyət həyatında oynadığı müstəsna rolu yüksək qiymətləndirən ulu öndər yazırdı: “Ədəbiyyatımız bizim böyük milli sərvətlərimizdən biridir. Hesab edirəm ki, bizim ədəbiyyatımızın, bədii sözün, yazıçı sözünün cəmiyyətə, millətə, xalqa təsiri böyükdür” [5, s. 44]. Heydər Əliyev üçün ədəbiyyat özündə milli-mənəvi dəyərləri hifz edən zəngin xəzinə, xalq həyatının və xalq taleyinin ensiklopediyası idi.
Ulu öndərin böyük nüfuzu sayəsində bir qrup yazıçıya – Süleyman Rəhimova, Rəsul Rzaya, Mirzə İbrahimova, Süleyman Rüstəmə və mədəniyyət xadimləri – Qara Qarayevə, Fikrət Əmirova, Rəşid Behbudova, Niyaziyə, Tahir Salahova keçmiş SSRİ-nin ən yüksək fəxri adı – Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir. Məhz onun rəhbərliyi sayəsində “Kitabi Dədə Qorqud” eposunun 1300 illiyi, dahi Azərbaycan şairi M.Füzulinin 500 illiyi bütün dünyada qeyd olundu. Böyük filosof şair H.Cavidin nəşinin uzaq Sibirdən gətirib doğma Naxçıvanda torpağa qovuşdurması, Cavidlər məqbərəsinin tikilməsi, İ.Nəsimiyə, H.Cavidə, N.Nərimanova, C.Cabbarlıya monumental heykəllər qoydurması Ümummilli liderin Azərbaycan ədəbiyyatına böyük qayğısının təcəssümü idi. Ulu öndərin rəhbərliyi ilə dahi Nizami Gəncəvinin 840, İ.Nəsiminin 600, M.F.Axundzadənin 170, böyük filosof şair H.Cavidin 100 illik yubileyləri təntənə ilə qeyd edilmişdir. Ulu öndərin 15 aprel 1995-ci il tarixli fərmanına əsasən görkəmli xalq şairi B.Vahabzadə, M.Araz və X.R.Ulutürk “İstiqlal” ordeni ilə təltif edildilər. Akademik Bəkir Nəbiyev qeyd edir ki, “Ulu öndər ağır müharibə şəraitində yaşayan, erməni işğalçılarına qarşı mübarizə aparan Azərbaycanın ən çətin məqamlarında ölkəmizin xilas yollarını yalnız hərbi qüdrətimizin artırılmasında deyil, həm də xalqımızın mənəvi dəyərlər baxımından çox güclü olan potensialında, Azərbaycanın zəngin və orijinal mədəniyyət yurdu olmasında görür, klassiklərimizin bənzərsiz irsini ən müxtəlif vasitələrdən istifadə edərək dönə-dönə dünya miqyasına çıxarmaqla doğma yurdumuzu qabaqcıl bəşəriyyətə olduğu kimi tanıtmağa çalışmışdır. Bu isə öz növbəsində gecə-gündüz Azərbaycana, onun tarixinə, mədəniyyətinə, ədəbiyyatına qarşı böhtanlar püskürən erməni təxribatını tərk-silah etmək, ona çox böyük zərbə vurmaq demək idi” [6, s. 39].
Görkəmli dövlət xadiminin ən böyük xidmətlərindən biri də milli musiqi mədəniyyətinə dəstək olmaqdan və onu inkişaf etdirməkdən ibarət olmuşdur. Ulu öndərin sərəncamı ilə 24 bəstəkar və musiqişünasa Prezident təqaüdü verildi. Onların bir çox “Şöhrət” ordeninə layiq görüldülər. Arif Məlikov, Müslüm Maqomayev, Zeynəb Xanlarova, Habil Əliyev, Arif Babayev kimi musiqi xadimləri “İstiqlal” ordeni ilə təltif olundular. Musiqi sənətimizin inkişafı tarixində Heydər Əliyev dövrü bütövlüklə yüksəliş və tərəqqi dövrüdür desək, səhv etmərik. Azərbaycana rəhbərlik etdiyi böyük bir tarixi dövrdə Heydər Əliyev Azərbaycan milli musiqi mədəniyyətinin dünənini, bugününü, gələcəyini, inkişaf imkanlarını ümum-mədəni kontekstdə qiymətləndirmişdir ki, bu da onun həyata keçirdiyi dövlət mədəniyyət siyasətinin əsas prinsipləri ilə bağlı idi [7, s.4].
“Görkəmli şəxsiyyətlər xalqımızın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirirlər” – deyən ulu öndər öz çıxışlarında görkəmli sənətkarlara böyük önəm verir, onların təntənəli yubiley tədbirlərinin keçirilməsinə xüsusi diqqət yetirirdi. 1978-ci ildə dahi bəstəkar Qara Qarayevin 60 illiyinin qeyd edilməsi haqqında qərar verən ulu öndər bu yubileyin ümumxalq mədəniyyət bayramı kimi yüksək səviyyədə keçirilməsinə nail oldu. Görkəmli bəstəkarın milli musiqi mədəniyyətindəki çoxşaxəli yaradıcılığına yüksək qiymət verən ulu öndər yazmışdır: “Qara Qarayev bizə özünün bədii dəyərinə görə valehedici irs qoyub getmişdir. Qara Qarayevin adı mütəfəkkir alim, görkəmli publisist kimi Azərbaycan elminin tarixinə yazılmışdır. Bəstəkar, pedaqoq, alim, rəhbər, ictimai xadim olan Qara Qarayev həmişə və hər işdə alovlu musiqiçi, tribundur. Qara Qarayevin adı, onun musiqisi ölməzdir. İllər, onillər keçəcək, bizim kimi yeni-yeni nəsillər də gözəlliyi Qara Qarayevin əsərləri vasitəsilə əldə edəcəklər” [ 8, s. 3].
Heydər Əliyev diqqəti və qayğısı sayəsində Ü.Hacıbəylinin, M.Maqomayevin, A.Əlizadənin, P.Bülbüloğlunun yubileyləri böyük təntənə ilə qeyd edilmişdir. Bu tədbirlərdə ulu öndər şəxsən iştirak etmiş və sənətkarlar haqqında dəyərli sözlər söyləmişdir. Heydər Əliyev dahi bəstəkar Ü.Hacıbəylinin 110 illiyinə həsr edilən tədbirdəki çıxışında bəstəkarın həm musiqi fəaliyyətini, həm də ictimai, pedaqoji və elmi fəaliyyətini hərtərəfli təhlil etmişdir. Ü.Hacıbəylinin musiqi əsərlərini əsl musiqişünas kimi təhlil edən müdrik rəhbər qeyd etmişdir ki, “Üzeyir bəyin yazdığı hər bir əsər, hər bir not vərəqi onun ictimai-siyasi fəaliyyəti əvvəldən axıra qədər bizim üçün qiymətlidir. Çünki bunlar hamısı Azərbaycan xalqının dirçəlməsinə, mədəniyyətinin inkişaf etməsinə, xalqımızın özünü tanımasına xidmət etmişdir. Bu xidmətlər heç vaxt unudula bilməz. Bu xidmətlər əvəzsizdir. Ümummilli liderin tövsiyəsi ilə Ü.Hacıbəylinin doğum günü – 18 sentyabr hər il böyük təntənə ilə milli musiqi bayramı kimi qeyd olunur.
Böyük bəstəkarımız Tofiq Quliyevin, Arif Məlikovun və digər sənətkarların yubileylərinin təşkil edilməsi və bu tədbirlərdə onun şəxsən iştirak etməsi ulu öndərin tanınmış sənət adamlarına qayğısının və diqqətinin əyani təzahürüdür. “Hamımız bu dünyadan gedəcəyik. Ancaq Tofiq Quliyevin mahnıları, musiqisi daim yaşayacaqdır” – deyən Heydər Əliyev bəstəkarın yaradıcılığına yüksək dəyər vermişdir. 1995-2003-cü illər ərzində ulu öndərin fərmanı ilə görkəmli bəstəkarlarımız “İstiqlal”, “Şöhrət” ordeninə, Əməkdar incəsənət xadimi kimi fəxri adlara layiq görüldülər. Görkəmli sənət adamlarının xatirələrinin əbədiləşdirilməsi üçün ev muzeylərinin yaradılması, onların adının məktəb, küçə, mədəniyyət ocaqlarına verilməsi, Ü.Hacıbəylinin, Bülbülün, Niyazinin ev muzeylərinin yaradılması da dahi şəxsiyyətin adı ilə bağlıdır.
Ümummilli liderin şəxsi dəvəti ilə dünya şöhrətli musiqiçi Mstislav Rostropoviçin Bakıda 70 illik yubileyinin keçirilməsi Azərbaycanın musiqi həyatında tarixi bir hadisə oldu. Heydər Əliyev onun yaradıcılığına qiymət verərək demişdir: “Mstislav Rostropoviçin yaradıcılığı dünya, ümumbəşər mədəniyyətinin ən parlaq tərkib hissəsinə çevrilmişdir. Fəxr edirik ki, belə görkəmli incəsənət, mədəniyyət xadimi, XX əsrin görkəmli vətəndaşı, bizim həmyerlimizdir, bakılıdır” [9, s. 213]. Ümumiyyətlə, musiqi sənətimizin inkişaf tarixində Heydər Əliyev dövrü yüksəliş və tərəqqi dövrü olmuşdur.
Ümummilli lider mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Ulu öndər rəssamlıq sənətinin də inkişafının böyük himayədarı olmuşdur. Ulu öndərin qayğısı sayəsində rəssamlara yeni emalatxana binaları verildi. Müstəqillik illərində isə Prezident Heydər Əliyev həmin emalatxanaların pulsuz olaraq rəssamların mülkiyyətinə verilməsi üçün sərəncam imzaladı. Müasir tələblərə cavab verən sərgi salonları açıldı.
Ümumiyyətlə, lider görkəmli rəssam Səttar Bəhlulzadənin 85 illiyinə həsr olunmuş sərgidəki çıxışında onun sənətinin bədii-fəlsəfi özəlliklərinə yüksək qiymət verərək demişdir: “Səttar Bəhlulzadə yaradıcılığının özünəməxsus xüsusiyyətləri var. Həmin xüsusiyyətlər onun əsərlərində aydın görünür. Bu qeyri-adilik onun daxili fəlsəfi aləmi ilə, onun dünyagörüşü və fitri istedadı ilə bağlıdır” [9, s. 430]. XX əsr milli rəssamlıq məktəbinin böyük rəssamı Səttar Bəhlulzadənin yaradıcılığında tarixiliklə müasirliyin vəhdətinə xüsusi önəm ümummilli lider onun yaratdığı əsərləri “daxili dünyasının nümayişi” kimi dəyərləndirir: “O, qeyri-adi bir insan idi. Qeyri-adiliyini öz əsərləri ilə hamıya nümayiş etdiribdir. Rəssamı tanımayan adamlar da onun orijinallığını, novatorluğunu öz gözləri ilə görmüşlər. O, bir insan kimi də əzmkar və fədakar, sənətini çox sevən və bütün həyatını öz sənətinə həsr edən adam idi. Bu insan heç vaxt şan-şöhrət, ad, mükafat dalınca getməmişdir. Belə şeylər onu heç vaxt maraqlandırmayıbdır. Buna görə, onun həyatı, yaşayışı çox çətin keçmişdir, – mən bunları da bilirəm. Ancaq bununla bərabər, onun daxili aləmi, mənəviyyatı, yaratdığı əsərlər o qədər böyükdür ki, bunlar Səttar Bəhlulzadəni bizə böyük bir sima kimi tanıdıbdır və gələcəkdə də tanıdacaqdır” [9, s. 436].
Ulu öndər milli rəssamlıq məktəbinin görkəmli nümayəndələri – Tahir Salahov, Toğrul Nərimanbəyov, Elmira Şahtaxtinskaya, Oqtay Sadıqzadə, Maral Rəhmanzadə kimi sənətkarların yaradıcılığına yüksək dəyər verirdi. Ümummilli liderin portretini işləmiş dünyaşöhrətli rəssam Tahir Salahov da onun yüksək qiymətləndirdiyi qüdrətli sənətkarlardan idi. Heydər Əliyev onu qəbul etmiş və demişdir: “Bizim səninlə münasibətimizin böyük, on illərlə tarixi var və çox vacibdir ki, bu münasibətlər heç bir şəraitdə kəsilməmişdir. Biz səninlə tanış olduğumuz vaxtdan bəri mən sənə, sənin yaradıcılığına həmişə böyük hörmətlə yanaşmışam, səni burada da, Moskvada da dəstəkləmişəm, ona görə ki, sən mədəniyyət və incəsənət, o cümlədən də Azərbaycan mədəniyyəti və incəsənəti üçün çox işlər görürsən” [9, s. 442].
Ümummilli lider 1998-ci il mayın 12-də böyük rəssam və müğənni Toğrul Nərimanbəyovun yaradıcılıq gecəsində iştirak etdikdən sonra ona demişdir: “Mən sənin konsertindən çox məmnun oldum. Eyni zamanda həm istedadlı rəssam, həm də istedadlı müğənni olmaq fitri vergiyə malik insana xas cəhətdir. Sən bu gün gözəl oxudun, səni səmimi-qəlbdən təbrik edirəm. Səni qırx ildir tanıyıram, sən hələ gənclik illərində özünü vokal sənətində də sınamısan” [9, s. 446].
Xalq rəssamı heykəltəraş Ömər Eldarovun görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr etdiyi “Elegiya” əsərini ulu öndər bədiiliyinə, monumentallığına və gözəlliyinə görə yüksək dəyərləndirirdi. Zərifə xanım Əliyevanın qəbri üzərində isə həmin heykəlin əsasında tuncdan hazırlanmış heykəli qoyuldu.
Ümumiyyətlə, ümummilli lider rəssamlara həmişə böyük diqqət və qayğı göstərmiş, milli rəssamlıq sənətinin dünyada təbliği işinə xüsusi önəm vermişdir. Ümummilli liderin mədəniyyət siyasətində teatr sənəti də xüsusi yer tutur. Heydər Əliyev teatrı çox sevirdi. O, həmişə tamaşadan sonra yaradıcı kollektivlə görüşür, onlara öz tövsiyyələrini verirdi. Ulu öndər 1981-ci ildə Xalq yazıçısı İlyas Əfəndiyevin “Xurşudbanu Natəvan” pyesinə tamaşa etmiş, sonra əsərin müəllifinə belə demişdir: “Siz ilk növbədə Natəvan – bu şairə haqqındakı şaiyələrə son qoydunuz. Natəvanı gözəl Azərbaycan qadını kimi bizə təqdim elədiniz, bununla yanaşı, gözəl xan qızının timsalında siyasi baxımdan və onun xan qızına layiq hərəkətləri ilə bizim Şərq qadınlarının obrazını yarada bildiniz. Mən buna görə sizə sağ ol deyirəm. Mən son monoloqunuza görə sağ ol deyirəm” [10].
Heydər Əliyev 1974-cü ildə Azərbaycan teatrının 100 illiyinə həsr edilmiş yubileydə görülən işlərə yekun vuraraq sənətimizin gələcəyini müəyyənləşdirən proqram xarakterli məruzə ilə çıxış etmişdir. Milli teatr sənətinin dərin bilicisi ulu öndər teatr sənətinin inkişafında dramaturgiyanın roluna da xüsusi qiymət verirdi: “Teatr xalqımızın böyük sənətidir” deyən Heydər Əliyev teatrlarda baxdığı tamaşalardan sonra yaradıcı heyətlə apardığı söhbətlər aktyor və rejissorlar üçün, teatr sənəti üçün səmərəli ünsiyyət vasitəsinə çevrilirdi.
Ümummilli lider xalq yazıçısı Anarın “Şəhərin yay günləri”, Xalq şairi S.Vurğunun “Fərhad və Şirin”, Xalq şairi B.Vahabzadənin “Özümüzü kəsən qılınc”, Xalq şairi N.Xəzrinin “Burla Xatun”, Xalq yazıçısı Elçinin “Ah Paris, Paris...” tamaşalarında iştirak etmiş, onları peşəkar teatrşünas səviyyəsində təhlil edərək yaradıcı heyətə öz tövsiyələrini vermişdir. Görkəmli ictimai xadim, dahi siyasətçi olmaqla yanaşı, həm də incəsənəti, o cümlədən də teatr sənətini səvən bir insan olmuşdur.
Ümummilli liderin Azərbaycan dili siyasəti elmi-konseptual əsasları ilə millətlə dövlət arasında ən etibarlı bağlantı idi. Ulu öndər Azərbaycan dilinin zənginliyinə yüksək qiymət verərək demişdir: “Hər bir millətin dili onun üçün çox əzizdir. Bizim üçün Azərbaycan dili, ana dilimiz hərtərəfli inkişafı, onun təkcə sözdə deyil, gündəlik təcrübədə də ümumişlək dilə, dövlət dilinə çevrilməsi, beynəlxalq münasibətlər sistemində – diplomatiya aləminə yol açması, zənginləşə-zənginləşə nüfuz qazanması və dünyanın mötəbər kürsülərindən eşidilməsi görkəmli dövlət başçısı Heydər Əliyevin yorulmaq bilməyən fəaliyyəti və yürütdüyü müdrik, uzaqgörən dil siyasəti ilə bağlıdır [11, s.5]. Ümumiyyətlə, ümummilli liderin dillə bağlı görüşləri onun nəzəri irsində xüsusi yer tutur. Mədəniyyəti xalqın böyük sərvəti hesab edən ulu öndər rəhbərlik fəaliyyətinin bütün dövlərində bu sahənin inkişafına böyük diqqət və qayğı göstərmişdir. Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoydu. Mədəniyyətimiz, incəsənətimiz, milli mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanındı. O, Azərbaycan mədəniyyətinin hamisi olmuşdur. Ulu öndərin mədəniyyət siyasəti bu gün onun siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Onu da qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin nəşr etdiyi “Heydər Əliyev və mədəniyyət” (üç dildə) kitabında ümummilli liderin 1969-2003-cü illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə yazıçı, şair, rəssam, heykəltəraş, memar, xanəndə, bəstəkar, aktyor və s. ilə çoxsaylı görüşləri, yubiley mərasimlərində sənət adamları ilə onların öz sənət dilində söhbətləri, ədəbi-mədəni irsimiz haqqında çıxış və nitqləri toplanmışdır. Bu fundamental toplu ulu öndərin çoxşaxəli nəzəri irsini tədqiq edənlər üçün zəngin elmi mənbədir.
Ümummilli liderin fenomenal adı və əzəmətli fəaliyyəti incəsənətimizin və ədəbiyyatımızın bu gün ən dəyərli mövzusudur. Onun haqqında çəkilən “General”, “Birinci”, “Moskva, Kreml”, “Lider”, “Tale”, “Bir hadisənin tarixi” kimi filmlər dünya miqyasında dahi şəxsiyyətin həyat və fəaliyyətinin uğurlu ekran təcəssümüdür.
Ümummilli lideri təkcə Azərbaycan xalqı yox, bütün türk müsəlman dünyası, digər dünya xalqlarına məxsus olan milyonlarla mütərəqqi düşüncəli insanlar sevir, onunla fəxr edirlər.Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl ümummilli liderimiz Heydər Əliyevi “Azərbaycan xalqının nicatı üçün bir şans, canını vətəni və xalq yolunda sipərə çevirən qeyrətli oğul” adlandırıb. Planetar miqyaslı dahi şəxsiyyətin 80 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda türk dünyasının tanınmış ictimai xadimi, məşhur qazax yazıçısı, Azərbaycanın yaxın dostu Oljas Süleymanov demişdir: “Həyatım boyu mən çox məşhur adamlarla görüşmüşəm. Lakin bu sırada Heydər Əliyev şəxsiyyəti xüsusilə seçilir. Digər xalqlardan az olan bir xalq belə nəhəng insanı yetişdirdiyinə görə, əlbəttə ki, fəxr edə bilər. Hətta sayca böyük xalqlar belə bəşəriyyətə heç də həmişə Heydər Əliyev kimi dünyamiqyaslı şəxsiyyət bəxş etmir. Məhz buna görə Azərbaycan belə bir insanla fəxr edə bilər və fəxr etməlidir də. Fəxr etməlidir ki, belə bir şəxsiyyət yetişdirib və bu şəxsiyyət onun tarixində iştirak edib və edir” [12, s. 202].
Bütün ömrünü Azərbaycan xalqının tərəqqisinə həsr edən ümummilli liderin həyat səlnaməsi gənc nəslimiz üçün örnək, nümunə olmuş və olacaqdır.
Ədəbiyyat
1. “Sinematoqraf” nəşri, 2002, səh. 5.
2. “Sinematoqraf” nəşri, 2002, səh. 7.
3. “Sinematoqraf” nəşri, 2002, səh. 10.
4. Kazımzadə Aynur. Heydər Əliyev və kinomatoqraf. Bakı, “Apostroft” MMC, 2011, səh. 7.
5. Heydər Əliyev. Ədəbiyyatın yüksək borcu və amalı. Bakı, “Ozan”, 2000, s. 44.
6. Nəbiyev Bəkir. Heydər Əliyev haqqında etüdlər. Heydər Əliyev və Azərbaycan ədəbiyyatı. Bakı, “Şərq-Qərb”, 2009, s. 39.
7. Köçərli İradə. Musiqi dolu sətirlər. Bakı, “Səda”, 2010, s. 4.
8. Qurbanov Babək. Qara Qarayev yaradıcılığının bədii-estetik xüsusiyyətləri. Bakı, 2019, s. 3.
9. Heydər Əliyev. Mədəni irsin keşiyində. II kitab. Bakı, 2001, s. 213.
10. Ədəbiyyat qəzeti. 27 avqust, 2004-cü il.
11. Axundov Ağamusa. Bir neçə söz. Xudiyev N. Heydər Əliyev və Azərbaycan dili. Bakı, 1997, s. 5.
12. Yaqubova Elmira. Şərəfli tarixi qayıdış. Bakı, 2011, s. 222