"Musiqi dünyası" № 1 (94) 2023
Article №4; 9076-9082 pр.
Rəna MƏMMƏDOVA. Musiqi türkologiyası kontekstində lad sisteminin formulluğu məsələsi haqqında
Text PDFGenoformul sırasının eyniyyəti uzun sürən tarixi inkişaf nəticəsində yaranmışdır. Bununla yanaşı, qanunauyğun eyniliklər həm də ümumi məşhur faktla da şərtlənir, buna müvafiq olaraq “... biz zamanın dərinliklərinə baxmağa səy göstərdikcə, fərdi və milli fərqlərin yerini daha çox melodik şüurun köklü xüsusiyyətlərinin, onun ilkin məntiqi normalarının... məntiqi mənbələrinin prinsipial birliyi, səsyüksəkliyi məkanının mənimsənilməsinin ilkin prinsiplərinin ümumiliyi problemləri alır” ( 1, s.35).
Genoformul sırasının analitik rekonstruksiyası onun çoxəsrlik konservativ steriotipliyini açır. Burada janrüstülük birmənalıdır: genoformulun dəyişməsi təkrarlanan tətbiqi (praktiki) işləmə prosesi ilə əlaqədar idi.
Genoformul ardıcıl olaraq üç funksiya yerinə yetirir:
1. kommunikativ;
2. mərkəzəqaçan;
3. translyasiyaedici.
Belə ki, formul model etnogenetik vektor haqqında şahidlik edir, yalnız ona məxsus xüsusi determinantlar üzərində diqqəti cəmləməyə malikdir, genoformul sırasının spesifikasının yayımlanması qohum türk musiqi mədəniyyətlərinin hadisələrinin bütöv spektrı ilə onun eyniyyət imkanları haqqında şahidlik edir.
Etnotipoloji konstantların sistemi musiqi mədəniyyətinin, onun dinamikasının, inkişafının qanunauyğun xarakterinin saxlanılması vasitəsidir. Musiqi mədəniyyətinin adaptasiyalı məqsədəuyğun xüsusiyyətləri ilk dəfə musiqi formulluğu səviyyəsində reallaşır. Qeyd edək ki, bədii genotip – musiqinin “ilkin obrazını” müəyyənləşdirən bir növ, anadangəlmə proqramdır. Mirçe Eliadenin elmi təcrübəsi diqqətəlayiqdir. Belə ki, alim sanki tarixi qatları “çıxarırdı” və “kökü”, ilkin mənbəyi, tarixdən kənar nümunələri tapırdı.
Türkdilli xalqların musiqisində ilkin protointonasiya və genetik kod kimi formulluğa baxılması tədqiqatın aşağıdakı mərhələlərinə yol açır:
1. Musiqi folklorunda arxetiplərin müəyyən edilməsi:
2. Onların fəaliyyət sahələrinin qarşı-qarşıya qoyulması:
3. Milli özünəməxsusluğun müəyyənləşdirilməsi, fərqlərin təyin edilməsi məqsədilə formul tipologiyaların təsnifatının aparılması:
4. Onların arasında intonasiya-tipoloji əlaqələrin açılması.
Genoformul türkdilli xalqların musiqi mədəniyyətinin vahid funksional məzmununun, vahid semantikasının hesablanmasının universal meyarı kimi yüksək qaydalı məlumatlandırmaya malikdir. Bu da türk mədəniyyətinin təkcə çoxcəhətliliyi haqda deyil, həm də bütövlüyü haqda danışmağa imkan verir.
Müqayisəli təhlil müəyyən tipologiyaların qurulması kimi şübhəsiz, etnosun genetik determinantları ilə bağlıdır.Türk musiqi sisteminin tərkib hissələrindən biri kimi Azərbaycan xalq musiqisinin tədqiqi isə prioritet təşkil edir. Başqa sözlə desək, Azərbaycan xalq musiqisinin türk genezisinin öyrənilməsi. Qeyd edək ki, musiqi türkologiyasının qoyduğu məsələlər təkamül vektorunda yerinə yetirilir, belə ki, Azərbaycan xalqının musiqi mədəniyyəti sahəsindəki etnogenez haqqında suala cavab verir.
Prioriteti ilkin impuls, genetik tapşırıq olan xalq mədəniyyətinin təkamülünün öyrənilməsi problemləri etnomusiqişünaslıqda böyük əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, alimlər hesab edir ki, musiqi şüurunun etnomodellərinin axtarışı tarixin dərinliklərinə daha çox getdikcə mədəniyyətin ümumi xüsusiyyətləri daha aydın görünür. Bu halda – türk mədəniyyəti.
Zənnimizcə, türkdilli mədəniyyətlərin təkamülü daha çox identik dəyişikliklərə malik idi.
Türk musiqi dilinin xüsusi tipi türkdilli xalqların bədii yaddaşında yığılan dəyişikliklərin konkretliyinə əsaslanırdı, məsələn, inkişafın intonasiya-tipoloji modelləri. Regionlar üzrə fərqlənən türk melodili bununla yanaşı çoxlu oxşar xüsusiyyətləri olan dəqiq ladintonasiya bloklarına inteqrasiya olunmuşdur. Əsas vəzifə türkdilli xalqların musiqi mədəniyyəti kontekstində identik formulların axtarışıdır, bunlar türk məkanının musiqi sisteminin konturlarını müəyyən edir və xalq musiqisinin təkamülü proseslərində davamlı, sabit “qatı” təmsil edirdilər.
Zənnimizcə, formul səviyyəsində əlaqələr, xüsusilə, vacibdir, belə ki, məhz ladintonasiya formulları semantik əhəmiyyət daşıyır və türkdilli xalqların musiqisinin genetik mənbələri ilə bağlıdır. Başqa sözlə, türk xalqlarının musiqisində regionlararası məkanın öyrənilməsini tipoloji modellər əsasında tədqiq etmək məqsəduyğundur.
Türk dünyası – etnomusiqişünaslığın müxtəlif sahələrinin alimləri tərəfindən hərtərəfli tədqiqini tələb edən mürəkkəb və çoxmənalı hadisədir. Lakin dəqiqliklə demək olar ki, bu dünyanı türk məkanının parlaq markerlərinin, musiqi genoformullarının tipologuyası birləşdirir.
Məlumdur ki, intonasiyanın dərin qatlarının öyrənilməsi bir sıra materiallara əsaslanır. Bura mərasim, mahnı mədəniyyəti, ana və uşaq folkloru, ilkin folklor intonasiya nümunələri daxildir. Başqa sözlə desək, material coğrafi, etnik, mərhələli cəhətdən yaxındır.
Etnomusiqişünaslıq elmində faktoloji materialın axtarışı, konstatasiyası və təsviri vacibdir. Bununla yanaşı qeyd edim ki, göstərilən material özündə unikallığın, təkrarolunmazlığın kreativini daşıyır. Faktoloji materialın şərhinin inandırıcı, dolğunluğundan asılı olaraq, etnomusiqişünaslığın problemlərinin tədqiqi bir o qədər dərin, məhsuldar olacaq. Musiqidə onun “ilk təkanı” kimi formulluğun öyrənilməsi stimulunu türk xalqlarının külli miqdarda musiqisinin əsasında türk musiqi mədəniyyətinin qohumluğunu müəyyənləşdirən spesifik formulların mövcudluğu faktı təşkil edir.
Bununla yanaşı, aşağıdakı fikirləri göstərək. Təkcə intonasiya tipologiyası deyil, həm də funksional birtiplilik türk musiqi mədəniyyətinin formul səviyyəsini müəyyən edir. Bizim fikrimizcə, məhz Azərbaycan musiqisinin və türkdilli xalqların musiqisinin lad sisteminin funksional təfsiri aspekti məqsədəuyğun və perspektivlidir.
Musiqi türkologiyası problemlərinin tədqiqinin təcrübəsi göstərir ki, öyrənilmənin bu mərhələsində ilkin əsas kimi Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” (2) fundamental əsərində “formalaşmış” rast, şur, segah, çahargah ladlarının tipoloji modellərinə əsaslanmaq məqsədəuyğundur. Məhz bu modellər çoxəsrlik şifahi musiqi təcrübəsində uzun tarixi inkişaf prosesində zamanla cilalanmışlar. Qeyd edək ki, Azərbaycan etnomusiqişünaslarının tədqiqatlarında müqayisəli təhlilin həlledici prioritetləri Azərbaycan xalq musiqisinin məhz bu ladintonasiya formullarına əsaslanır. Ü.Hacıbəylinin irəli sürdüyü ladintonasiya formulları sistemi türk xalqlarının musiqi dilinin eyniyyatının dərkedilməsi yolunu açan özünəməxsus “açar” ola bilər. Əlavə edək ki, funksional məzmuna malik ladintonasiya tipologiyaları şəklində Ü.Hacıbəylinin irəli sürdüyü formul intonasiyalar türkdilli xalqların musiqi dilinin kodlaşdırılması haqqında məsələnin qoyulmasının başlanğıcıdır.
İdentik intonasiya formullarının təkcə “vizual” uyğunluğunun tədqiqi mühüm deyil. Melodik dönmələrin spesifikasını nəzərdə tuturam. Ladların səssırası əsası, istinad və qeyri-istinad pərdələrin funksional məzmununun uyğunluğu, təkcə ayrı-ayrı səslərin deyil, həm də ladintonasiya tipologiyalarının cazibəsinin bu və ya digər səviyyədə ifadə olunan intensivliyi çox vacibdir.
Müqayisəli təhlilin son məqsədi müqayisə olunan obyektlərin milli xüsusiyyətlərini aşkarlamaqdan ibarətdir. Bununla yanaşı, milli spesifik musiqi xarakteristikaları özünü sadəcə olaraq musiqi dilinin və formasının bir ayrıca detalında deyil, prioritetlərindən biri funksionallıq olan musiqi vasitələri kompleksində də göstərir.
“Tipologiyalarda obyektlər model ilə müqayisə edilir və öz fərdiliklərini saxlayaraq qruplaşırlar... tipoloji model əlamətlərin ansamblı kimi qurulur. Bu o deməkdir ki, təkcə əlamətlər dəsti deyil, həm də onların uzlaşması üsulu vacibdir” (3, s.312). Başqa sözlə, onların funksional tabeçiliyi, belə ki, identik musiqi strukturu ya oxşar, ya da müxtəlif funksional “kod” əldə edir. Səsyüksəkliyi abrisinin uyğunluğu əhəmiyyətlidir. Lakin “melogenezin” tipologiyası funksional məzmundan ibarətdir.
Bu və ya digər materialın istifadə edilməsi imkanı onun sabitliyi, stabilliyi ilə bilavasitə əlaqədardır. Azərbaycan xalq musiqisinin ladintonasiya formullarının funksional vektorları belə xüsusiyyətlərə malikdir. Onlardan hər biri müəyyən lada aiddir və öz melodik qrupuna malikdir.
Ü.Hacıbəyli Azərbaycan xalq musiqisinin əsaslarını formalaşdırmışdır, Azərbaycan musiqisinin bütün spektrlərini birləşdirən sistem yaratmışdır. Bütün növlər və janrlar Azərbaycan xalq musiqisinin bütöv, vahid ladintonasiya sistemində birləşdirilmişdir. Azərbaycan xalq musiqisinin funksional əsasları aşkar edilmişdir. Məhz funksional məzmun rast, şur, segah, çahargah ladlarının tonika formullarının türk musiqi dünyasında da əsas olduğunu deməyə imkan verir.
Öz çıxışlarının birində Ü.Hacıbəyli özünün “Azərbaycan xalq musiqisinin əsasları” fundamental əsərinin işıq üzü görməsini elan etmişdir. Bu zaman böyük mütəfəkkir qeyd etmişdir ki, bu əsərdə bir neçə “teorem” mövcuddur. Teorem isə - deşifrə tələb edən mənadır. Ü.Hacıbəylinin bizə, öz varislərinə qoyduğu əsərə təkcə aksiom kimi deyil, həm də Azərbaycan etnomusiqişünaslığının potensialı kimi baxmaq lazımdır.
Bununla belə Ü.Hacıbəylinin bu və ya digər postulatlarının arqumentasiyası, sübutu onun konsepsiyasındadır. Ümumiləşdirmənin gücü Ü.Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” əsərində irəli sürülən formullardakı musiqi təcrübəsinin konsentrasiyasındadır. Kodensiyalar – formullar Azərbaycan musiqisinin ladfunksional sistemi kontekstində, həm də türk musiqi kontekstində universal formul əhəmiyyətə malikdirlər.
Praktiki olaraq Azərbaycan ladlarının tonika kadensiyaları – Azərbaycan musiqisinin tipoloji əhəmiyyətli formulları – strukturların müəyyən sinfinin göstəricisidir. Şübhəsiz ki, türk musiqi elementi bu genoformul dəsti ilə məhdudlaşmır. Bununla yanaşı, göstərilən tipologiyaların ladintonasiya məkanı türkdilli xalqların musiqisində əhəmiyyətli rol oynayır və onların şübhəsiz qohumluğunu təsdiqləyir. Beləliklə, biz Azərbaycan ladları – rastın, şurun, segahın, çahargahın formullarını tipologiyaların müəyyən sırasının variantı kimi şərh edirik, bunları biz türkdilli xalqların musiqisinin ilkin əsası kimi qəbul edirik.
Bununla yanaşı, türkdilli xalqların ümumi musiqi genofondunun tədqiqini aktuallaşdıran mühüm fakt ondan ibarətdir ki, müqayisəli təhlilin metodologiyası genoformul sırasının çoxşaxəliliyinə müraciət edir. Belə ki, təqdim etdiyimiz genoformulların təhlili türk musiqi məkanı çərçivəsində həmin məkanın hissəsi kimi formalaşan tipoloji sistemi müəyyənləşdirməyə kömək edir. Başqa sözlə desək, biz genoformula tarixən yaranmış və bununla yanaşı müəyyən musiqi məkanı çərçivəsində öz fəaliyyətinin müxtəlif tərəflərini əldə etmiş invariant kimi baxırıq. Əsas kimi isə Ü.Hacıbəylinin formalaşdırdığı Azərbaycan xalq musiqisinin ladintonasiya modelini irəli sürürük. Qeyd edək ki, rast, şur, segah, çahargah türk musiqi mədəniyyətində eyni emosional ifadəli effektə malikdirlər.
Bu formulları müqayisəli təhlilin “çıxış nöqtəsi” kimi istifadə etmək imkanı yaranır, belə ki, Ü.Hacıbəylinin yaratdığı formul kateqoriyaları, Azərbaycan xalq musiqisinin ladintonasiya fondunun yenidən qurulmuş invariantları təkcə musiqi dilinin məzmunluluğunu, ifadəliliyini açmağa deyil, həm də onları türk mentallığı çərçivəsində təfsir etməyə imkan yaradır. Bu formulların təhlili bir neçə parametr üzrə uyğunluğu qeydə almağa kömək edir. Xüsusilə, melodik tonika komplekslərin identik uyğunluğu oxşar məzmunu olan lad funksional formulları özündə daşıyır.
Bundan əlavə, intonasiya-tipoloji modellərdə Azərbaycan musiqisinin bütün janrlarında onların təzahürünün sabitliyinə diqqət yetirək. Tipologiyaların yaranmasının məhz konstantlığı, təkrarlığı təhlil olunan intonasiya tipoloji modellərə musiqi mədəniyyətinin təkamülündə əsas klişe kimi baxmağa imkan yaradır.
Beləliklə, zənnimizcə, tipoloji, genoformul sırasının koordinasiya formulları Azərbaycan ladlarının semantik əhəmiyyətli tonika kadensiyaları ilə müəyyən edilir. Onların sistemyaradıcı rolu Ü.Hacıbəyli tərəfindən birmənalı göstərilmişdir. Azərbaycan musiqisində formalaşmış musiqi dilinin sabit elementlərini biz türk musiqi dilinin səviyyəsi kimi xarakterizə edirik. Azərbaycan və türk tədqiqatçılarının əsərlərində aparılan müqayisəli təhlil belə bir nəticə çıxarmağa imkan verir. Genoformul sırasının təhlili intonasiya formullarının əhəmiyyət dərəcəsini, onların türk musiqi sistemi şəraitində tipikliyini müəyyənləşdirir.
Əgər hesab etsək ki, genoformul çox sayda oxşar variantların invariant modelini təmsil edir, onda onun melodik əhəmiyyətini tipoloji kateqoriya kimi, tematik əhəmiyyətini funksional kateqoriya kimi təsdiq etmək olar. Genoformula türk musiqi nitqinin ilkin seqmentinin mənbəyi kimi baxılması səviyyəsində biz həmçinin, türkdilli xalqların mədəniyyətində etnomədəniyyətin realist prioritetləri ilə sıx bağlı olan eyniyyət səviyyəsini də qeyd edirik.
Azərbaycan incəsənətinin müqayisəli öyrənilməsinin nəzəriyyə və metodologiya məsələləri Azərbaycan humanitar elmində türk xalqlarının müqayisəli öyrənilməsinin müasir paradiqmasına əsaslanır və türk məkanının yaxın və uzaq qohumluq dərəcəsi üzrə regionlararası əlaqələr əsasında qurulur. Müqayisəli metodun iki vəziyyəti kimi spesifik və universal əsasını tipoloji formul səviyyəsində türk mədəniyyətinin ümumi genofondunun axtarışları təşkil edən müqayisəli təhlilin metodoloji parametrlərini işləyib hazırlamağa imkan yaradır.
Ədəbiyyat
1. Алексеев Э. Раннефольклорное интонирование. Звуковысотный аспект. М.: Сов. композитор, 1986.
2. Гаджибеков У. Основы азербайджанской народной музыки. Баку, Элм, 1985.
3. Берштейн Б.М. Искусствознание и типология. Советское искусствознание. – М.: Советский художник, 1988