"Musiqi dünyası" № 3 (96) 2023

Article №1; 9208-9224 pр.
Mahirə QULIYEVA. Ələkbər Əsgərovun şəxsi arxivinin təsviri (DOİ 10.5281/zenodo.10466746)
Text PDF

GİRİŞ: Ələkbər Əsgərovun şəxsi arxiv materialları çoxşaxəli yaradıcılığı kimi xüsusi dəsti-xətti ilə müxtəlif çalışmaları, alət ixtiraları (klarnet, balaban, zurna, tütək və ney), ifaçılıq sənətindəki yenilikləri ilə zəngindir. Ələkbər Əliəsgər oğlu Əsgərov 1933-cü ildə Azərbaycanın Bakı şəhərində doğulub. Uşaq yaşlarından onun heyrətamiz musiqi qabiliyyəti və musiqi aləminə olan yüksək marağı bir çoxlarının diqqətini cəlb etmişdi. Lakin bütün bunlara baxmayaraq, Ələkbərin ailəsi maliyyə problemləri baxımından ona musiqi savadını vermək imkanı yox idi. İkinci Cahan Savaşı (1939–1945) illərində yaşanan əlverişsiz həyat şəraiti Ələkbəri çətinliklərlə üzləşdirmişdi.

Ə.Əsgərovun klarnet aləti ilə tanışlığı böyük qardaşı Əliheydərin ifaları ilə başlandı. Günlərin birində azyaşlı Ələkbər, Əliheydərin çalğısındakı səhvləri duyaraq ona öz iradını söyləyir və bununla da qardaşını təəccübləndirir və aralarında belə bir dialoq baş tutur.

– Əliheydər: “Sən çala bilməyirsən və mənim ifamı düzəltməyə çalışırsan?” – deyərək klarneti qardaşı Ələkbərə uzadıb, söyləyir: “Buyur, sən düzgün ifa et”.

Heç bir musiqi təhsili almayan Ələkbər aləti əlinə alıb gözəl şəkildə səsləndirir. Bu ifanı eşidən Əliheydər çox təəccüblənir, heyrətini gizlədə bilməyərək: “Artıq bu gündən alət sənindir” deyib – klarneti Ələkbərə tərəf uzadıb, ona hədiyyə edir. Həmin gündən etibarən Ələkbərin musiqi sənətindəki fəaliyyəti başlayır.

Böyük Cahan Müharibəsində ağır döyüşlər gedirdi. 1944-cü ildə 11 yaşlı Ələkbər ailəsinə maddi kömək etmək məqsədi ilə qonum-qonşuda ev şəraitində keçirilən nişan, toy-düyündə, müxtəlif el şənliklərində və mərasimlərdə iştirak etməyə başlayır. Beləliklə, müharibə illərində ağır şəraitdə yaşayan ailəyə balaca Ələkbər qazanc gətirir. Beləliklə, o, musiqidə atdığı ilk addımlarından tanınmış sənətkarların diqqətini özünə cəlb edir.

Ə.Əsgərovun ailəsi Bakı dəmiryolu vağzalı yaxınlığında yaşayırdılar. Balaca Ələkbər hərəkətdə olan qatarların ritmik səsindən xüsusi zövq alırdı. Bəlkə də bu ritmik səslər onun musiqi duyumunun formalaşmağına yardımçı olurdu. O, həmçinin dəmiryolçu olmaq arzusunda idi.

“Danışır Bakı” qəzetində oxuyuruq: “...Ələkbərin o vaxt vur-tut 16 yaşı vardı və sənət məktəbində oxuyurdu – dəmiryolçu olacaqdı. 1949-cu ildə sənət məktəbini bitirdi, ancaq dəmiryolçu olmadı. Ürəyində başqa bir sevgi yaşayırdı və o sevgi Ələkbər Əsgərovu sənət yollarına aparıb çıxardı. Neyə, balabana, zurnaya, klarnetə, tütəyə meyil saldı. Yavaş-yavaş səsi ən tanınmış sənət birliklərindən eşidildi. İngiltərə, Liviya, İsveçrə, Yəmən, Şotlandiyada onu alqışladılar...” [1].

QAZET ÇIXARIŞLARI

Şəkil 1. “Danışır Bakı” qəzeti: Axşam görüşləri.   11-17 aprel №15 (1356), – 1983, – 8 s.;

Şəkil 2.“Sosialist   Sumqayıt” qazeti:
Sənətinin vurğunu. 5 mart, – 1988 il, – 4 s.

 

Ələkbər müəllim peşə seçimində iki sənət yolu arasında qalmışdı: dəmiryolçu və ya musiqiçi. Qazetdəki yazılardan bəlli olur ki, Ələkbər müəllim üçün musiqinin yolu və ona olan sevgi daha güclü oldu və sənətkara böyük şöhrət gətirdi...

ƏMƏK KİTABÇASI

Şəkil 3. Ə.Əsgərovun əmək kitabçasından çıxarış s. 1. Şəkil 4. Ə.Əsgərovun əmək kitaççasından çıxarış s. 2.

 

1951-ci ildə 18 yaşında ikən, heç bir musiqi təhsili olmayan Ə.Əsgərov Musiqili Komediya Teatrının nəzdində fəaliyyət göstərən xalq çalğı alətləri ansamblına balaban ifaçısı kimi işləməyə dəvət alır.

1953-cü il, oktyabrın 28-də Ə.Əsgərov hərbi xitmətə çağırılır və bununla əlaqədar Musiqili Komediya Teatrının xalq çalğı alətləri ansamblının balaban ifaçısı vəzifəsindən işdən azad olunur. O, hərbi xitmətini başa vurduqdan sonra artıq virtuoz klarnet və balaban ifaçısı kimi tanınırdı və xalqın sevgisini qazanmışdır.

1957-ci ilin yanvarın 16-da, sənətkar Azərbaycan Dövlət Estrada orkestrinə solist və klarnet ifaçısı vəzifəsinə işə qəbul edilir. Ə.Əsgərov həmin illərdə Əhməd Bakıxanovun rəhbərliyi ilə xalq çalğı alətləri ansamblına da dəvət alır.

1958-ci ildə Azərbaycan Dövlət Estrada orkestrindən işdən çıxaraq Səid Rüstəmovun rəhbərliyi ilə Azərbaycan xalq çalğı alətləri orkestrinə “bas balaban” ifaçısı vəzifəsinə təyin olunur [şəkil 5].

Şəkil 5. Səid Rüstəmovun rəhbərliyi ilə Xalq Çalğı Alətləri Orkestri (şəkildə Səid Rüstəmov, Ələkbər Əsgərov, Şövkət Ələkbərova, Rübabə Muradova, Əhsən Dadşov, Mirzə Babayev və bir çox sənətkarlarımızın simalarını görmək mümkündür)

 

Böyük təcrübəyə malik olan ustad sənətkar bu illər ərzində – Avropa aləti klarnet, eləcə də balaban, tütək və ney kimi milli nəfəs çalğı alətlərində bir-birindən maraqlı və virtuoz ifalarını xalqa təqdim edir. Əldə etdiyi nailiyyətlərə baxmayaraq, Ə.Əsgərov təhsil almaq və musiqi sənətinin nəzəri biliklərini artırmaq fikrinə düşür, dünya musiqiçiləri və onların sənəti haqqında bilikləri öyrənməyə çalışır.

Ələkbər Əsgərov 1959-cu ildə sənədlərini Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbinə təqdim edir və qəbul imtahanlarından müvəffəqiyyətli qiymətlər alaraq tələbə adına layiq görülür.

Şəkil 6. Asəf Zeynallı adına Bakı Musiqi məktəbinin 1962-ci il məzunları Məzunların arasında ikinci sırada soldan birinci Ələkbər Əsgərovun fotosu yerləşdirilmişdir

 

Burada o, Bəhruz Zeynalovun balaban aləti ixtisası üzrə sinfində təhsil alır. Müəllim-şagird ənənələrinə sadiq qalaraq milli alətlərimizin xüsusiyyətləri haqqında nəzəri məlumatları və alətin sirlərini ustad müəllimdən öyrənir, bu sahə üzrə mükəmməl biliklər əldə edir. Bəhruz Zeynalov tələbəsi Ələkbər Əsgərovu başqa tələbələrindən fərqləndirərdi və istedadını qorumağa çalışardı. Gözəl insan və peşəkar müəllim B.Zeynalovun tələbəsinə olan diqqət və hörmət sonraki illərdə dostluğa çevrilir.

Bu diplom verilir Əsgərov Ələkbər Əliəsgər oğluna ondan ötrü ki, o 1959 ildə Asəf Zeynallı adına Bakı orta ixtisas musiqi məktəbinə daxil olmuş və 1962 ildə balaban ixtisası üzrə tam kursu bitirmişdir (şəkil 6, 7).

DİPLOM

K № 310202

Şəkil 7. Ələkbər Əsgərovun şəxsi arxivindən DİPLOM

 

İxtisas komissiyasının 12 iyun 1962 qərarı ilə Əsgərov Ələkbər Əliəsgər oğluna Uşaq musiqi məktəbinin müəllimi və orkestr artisti ixtisası verilmişdir.

Dövlət ixtisas komissiyasının sədri:Direktor: Katib: Bakı 16 mart 1963 il İmzalar mövcuddur.

Təhsil aldığı illərdə, tələbə olmağına baxmayaraq, Ə.Əsgərov tanınmış incəsənət xadimləri – Əlibaba Məmmədov və Əliağa Quliyev tərəfindən işləmək təklifləri alır və onların ansambllarında solo klarnet ifaçısı vəzifəsində çalışır.

1965-ci ilin mayın 6-da Ə.Əsgərov Azərbaycan Dövlət Filarmoniyası xalq çalğı alətləri ansamblına “balaban” ifaçısı vəzifəsinə işə dəvət alır və 1966-cı ildən öz istəyi ilə işdən azad olunur, uzunmüddətli, daha dəqiq desək, ömrünün sonuna, yəni 1995-ci ilə kimi pedaqoji fəaliyyətlə məşğul olur.

Beləliklə, 1966-cı ildə Ə.Əsgərov Soltan Hacıbəyov adına Sumqayıt Orta İxtisas Musiqi Məktəbinə (indiki Sumqayıt Musiqi Kolleci) müəllim vəzifəsinə işə dəvət alır. Ələkbər Əsgərov illərlə topladığı ifaçılıq təcrübəsi ilə yanaşı, nəzəri biliklərini də tələbələrinə öyrətməyə çalışır və müəllimlik sahəsində də öz dəsti-xəttini yaratmışdır.

Azərbaycanda bir çox virtuoz balabançalanlar olub, lakin Ələkbər Əsgərov bu alətin akademik ifaçılıq məktəbini yaradıb [3]. O, Azərbaycan və dünya bəstəkarlarının əsərlərini balaban alətinin səs düzümünə uyğun nota köçürməklə tədris üçün iki hissəli toplu hazırlamışdır.

ƏLƏKBƏR ƏSGƏROVUN DÜZƏLTDİYİ İKİ KLAPANLI BALABAN VƏ ALƏT ÜÇÜN KÖÇÜRMƏLƏRİ VƏ İŞLƏMƏLƏRİ

Not 1. Mixail Qlinka – “Ya pomnyu çudnoye mqnovenye”
Not 2. Frans Şubert – “Serenada”
Not 3. Qəmbər Hüseynli: “Cücələrim”

 

Topluya daxil olan əsərlərin qorunmaqda olan qismi 2021-ci ildə nəşr etdirilmişdir [şəkil 11].

Ələkbər Əsgərovun balaban alətinin inkişafına dair etdiyi yeniliklərdən biri də onun iki klapanlı balaban alətidir [şəkil 8]. İki klapanlı balaban alətinin digər konstruksiyalardan fərqləndirən cəhət onun səs düzümüdür.

Şəkil 8. Ələkbər Əsgərovun iki klapanlı balaban aləti

 

Ustad klarnet klapanlarını birləşdirərk özünün düzəltdiyi balabana tədbiq etmişdir. Beləliklə o, balabanın diapazonunu ikinci oktavanın “do” səsindən “mi” səsinə kimi artıraraq alətin çalğı imkanlarını genişləndirmişdir.

Ələkbər Əsgərov Sumqayıt şəhərində balaban sinfinə başçılıq etməyinə baxmayaraq digər milli nəfəs çalğı alətlərimiz sayılan – tütək, zurna və neyin ifaçılıq xüsusiyyətlərini də tələbələrinə öyrədirdi. Tələbələrin çalğı imkanlarına və çalışma dərəcələrinə uyğun olaraq Ə.Əsgərov tərəfindən əsərlər işlənilirdi və köçürülmüş əlyazmalar dərs proqramlarına daxil edilərək gənc ifaçılara öyrədilirdi.

Pedaqoq Ə.Əsgərov müəllimlik fəaliyyətinə görə 1984-cü ildə “ƏMƏK VETERANI” ordeni ilə təltif olunmuş və 1990-cı ildə Baş müəllim adına layiq görülmüşdir.

ƏMƏK VETERANI ORDENİ: SSSRi Ali Soveti Rəyasət Heyyətinin tapşırığı ilə uzunmüddətli və vicdanlı fəaliyyətinə görə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyyətinin 29 fevral 1984-cü il tarixli Fərmanı ilə Ələkbər Əsgərov Əliəsgər oğlu ƏMƏK VETERANI ordeni ilə təltif edilmişdir [şəkil 9].

Tarix: 13 mart 1984 il

Ali Sovetin Rəyasət Heyyətinin katibi: R. K.

Şəkil 9. Ələkbər Əsgərovun “ƏMƏK VETERANI” ordeni

 

KITABLAR

Şəkil 10. Kitab: “Ələkbər Əsgərovun rəqs melodiyaları və muğam rəngəri” Şəkil 11. Kitab: “Ələkbər Əsgərovun balaban aləti üçün köçürmələri və işləmələri”

Ələkbər Əsgərovun bir çox arxiv sənədlərini araşdıraraq onun bəstələdiyi rəqs melodiyaları, muğam rəngləri və diringilər nəzər-diqqətimizdən yayınmadı. Sənət aləminə ifaçı kimi qədəmlərini qoymuş Ələkbər Əsgərov melodiyalar bəstələmək qabiliyyətinə görə meloman kimi də tanınmışdır. O, öz melodiyalarını hər hansı bir həyat hadisəsi ilə əlaqələndirərək bədaətən bəstələmişdir [şəkil 10]. Bir çox rəqs melodiyaları sənətkarın doğmalarına və əziz insanların şəninə həsr olunub. Elə bu səbəbdən deməliyik ki, Ə.Əsgərovun bəstələdiyi melodiyalar proqramlıdır və obraz baxımından fərqlidir. Bundan başqa bütün rəqslər bir qayda olaraq innovativ üslubda yazılıb. Sənətkar Azərbaycan və Avropa məqam sistemlərinə əsaslanaraq onların sintezini yaratmış, özüməxsus sərbəst modulyasiyalar və sekvensiyalı keçidlər qurmuşdur. Bu yanaşmanın izahını vermək üçün Ə.Əsgərovun “Zöhrabı” rəqsi [not 4] üzərində qurduğu prinsipləri nəzərdən keçirərək aydınlıq gətirmək mümkündür [5, 6].

Not 4. Ələkbər Əsgərovun bəstələdiyi “Zöhrabı” rəqsi

 

Bundan başqa, Ə.Əsgərov “Ədaləti” rəqs melodiyası [not 5] xüsusisi ilə balabanın repertuarını genişləndirmək məqsədi ilə və ilk oğlunun dünyaya gəlməsi səbəbi ilə 1961-ci ildə bəstələnmişdir. Lakin buna baxmayaraq, bu rəqs klarnet və digər çalğı alətlərində də gözəl səslənir.

Not 5. Ələkbər Əsgərovun “Ədaləti” rəqsi

 

Sənətkarın instrumental rəqs melodiyaları və digər bəstələdiyi əsərlər bir neçə musiqişünas tərəfindən nota köçürülmüşdür.

Ələkbər Əsgərovun rəqslərindən biri olan “Maralı”nın melodiyası ilk dəfə Davud Məmmədbəyov tərəfindən nota köçürülmüş [12].

Görkəmli sənətkarın bəstələdiyi rəqs melodiyaların quruluş özəllikləri haqqında əvvəlki məqalə araştırmalarında daha ətraflı öyrənilərək təqdim olunmuşdur [6, 7].

Ələkbər Əsgərovun rəngarəng və çoxşaxəli yaradıcılıq sənətinə onun ifaçılıq məziyyətləri daxildir.

1973-cü ildə Ələkbər Əsgərov SSRİ Xalq artisti Rəşid Behbudovun (1915–1989) rəhbərlik etdiyi Azərbaycan Dövlət Mahnı Teatrının ansamblında solo ifaçı vəzifəsinə dəvət almışdır [şəkil 12]. Bu kollektivin tərkibində o, nəinki keçmiş SSRİ respublikalarında, həmçinin Yəmən, İrlandaiya, Almaniya, Şotlandiya, İsveçrə, İsveç, Misir, İngiltərə və dünyanın bir çox başqa ölkələrində səfərdə olarkən müvəffəqiyyətli və yaddaqalan çıxışları ilə Azərbaycanı şərəflə təmsil etmişdir. Müxtəlif konsert zallarındakı dinləyicilər bu mahir-novator ifaçının yüksək ustalığından vəcdə gəlirdilər [8].

Şəkil 12. Soldan birinci Rəşid Behbudov, zurna alətində ifa edən – Ələkbər Əsgərov və nağarada – Zöhrab Məmmədov

 

Yerli və xarici dövlətlərdə keçirilən konsertlərin proqram çıxarışları da arxiv sənədlərin içərisində mühüm yer tutur.

1980-ci ildə Ələkbər Əsgərov işlədiyi Sumqayıt Musiqi Texnikumunun müəllimlərindən ibarət ansambl təşkil edərək dəvət aldıqları tədbirlərdə ifa edirdilər. 1981-ci ildə Ələkbər Əsgərov Soltan Hacıbəyov adına Sumqayıt şəhər Musiqi Texnikumunda müəllimlərdən ibarət “Dügah” instrumental-folklor ansamblını yaratmışdır.

“Dügah” o dövrlərdə ilk instrumental-folklor ansambl idi ki, repertuarında yalnız qədim xalq rəqsləri və Ə.Əsgərovun bəstələdiyi melodiyalar səsləndirilirdi. Ustad sənətkar ömrünün sonunadək (1995-ci ilədək), Sumqayıt Musiqi Kollecində baş müəllim vəzifəsində şərəflə çalışmışdır.

1981-ci il 1984-cü il
Şəkil 13. “Dügah” instrumental ansamblının ifaçı heyyəti

 

Görkəmli sənətkar Ə.Əsgərov ölkəmizin musiqi təmayüllü orta ixtisas təhsil sistemində və ya musiqi texnikumlarında çox az təsadüf edilən müəllimlərdən biri idi ki, ona baş müəllim statusu verilmişdi.

BAŞ MÜƏLLİM VƏSİQƏSİ

Şəkil 14. Ələkbər Əsgərovun baş müəllim vəsiqəsi

 

Vəsiqə ondan ötrü verilir ki, Ələkbər Əsgərov Əliəsgər oğlu Sumqayıt Musiqi Uçilişində (indiki Sumqayıt Musiqi Kolleci) baş müəllim vəzifəsində işləyir [şəkil 14].

Tarix: 05.04.90

Direktor: Əvəz Rəhmətov

İmza mövcuddur

ƏLƏKBƏR ƏSGƏROVUN YENİ KONSTRUKSİYALI “AS” KLARNETİ

Ələkbər Əsgərovun ixtira etdiyi “As” köklü klarnet aləti haqqında əvvəlki yazılarımızda daha geniş təsvir vermişik [9].

Ələkbər Əsgərovun hazırladığı klarnet aləti də fərqli xüsusiyyətlərə malikdir. Ustadın hazırladığı “As” köklü klarnet Avropada istehsal olunan – “A”, “D”, “E”, “F”, “G”, “B” növlərindən uzunluğu, kök sistemi və tembrinə görə seçilir. O, öz konstruksiyasında hissə və klapanların uzunluqlarını fərqli düzəldərək yeni çalğı imkanları yaratmışdır.

Ələkbər Əsgərovun ixtira etdiyi “As” köklü klarnetin yuxarı və aşağı yarımhissələrinin [şəkil: 15, 16, 17], eləcə də boruağzı (borubilərziyi) hissəsinin ölçüləri:

Şəkil 15. “As” klarnetin yuxarı 290 mm Şəkil 16. “As” klarnetin aşağı yarımhissəsi 280 mm Şəkil 17.“As” klarnetin boruağzı yarımhissi (borubilərziyi) 116 mm

 

Şəkil 18. Yuxarıdan – aşağıya doğru: “B” klarnet, “A” klarnet, “As” klarnet

Ələkbər Əsgərovun düzəltdiyi “As” köklü Azərbaycan klarnetinin həm ümumi uzunluğu, həm də boruağzı hissəsi digər alətlərin eyniadlı hissələrinə nisbətən uzundur. Orqanologiya elmindən bəllidir ki, hər hansı bir nəfəs musiqi alətinin borusu nə qədər uzun olarsa, bir o qədər də bəm səslənər və bəm səsli klarnetin dalğa amplitudası zil səsli klarnetə nisbətən daha güclü və qüvvətlidir. Ona görə bəm növlü klarnetin səs dalğası digər alətlərlə müqaisədə gec sönür. Ə.Əsgərov öz klarnetini “As” kökündə hazırlayıb. Yəni bu klarnetin “do” səsi fortepianonun “lya bemol” səsi ilə üst-üstə düşür. Bu alət əsasən dəstgahları öz kökündən yarım ton aşağı oxumaqda əziyyət çəkən xanəndələri müşayiət etmək üçün nəzərdə tutulmuşdur, yəni yarım ton aşağı transpozisiya edilmişdir. Xanəndələr toy məclislərində, konsertlərdə özlərini əziyyətə salmamaqdan ötrü və yaxud səs diapazonları yetərincə olmadığından ifa etdikləri əsərin ümumi kökünü yarım ton aşağı salmalı olurlar. Bu ifalar “A” klarnetinin kökünə uyğun gəlmədiyi üçün heç bir ifaçı xanəndəni müşayiət edə bilmirdi. Yaranan problem ilə əlaqədar Ə.Əsgərov “A” köklü klarnetin uzunluğunu dəyişdirməklə yanaşı onun ümumi səsdüzümündə dəyişikliklər edir və bu məsələ öz həllini tapır.

ZURNA ƏSASINDA ƏLƏKBƏR ƏSGƏROVUN DÜZƏLTDİYİ QOŞAZURNA ALƏTİ VƏ HİSSƏLƏRİ

Ələkbər Əsgərovun düzəltdiyi musiqi alətlərindən biri də qoşazurnadır. Bilindiyi kimi, zurna Azərbaycanın qədim musiqi alətlərindən biridir. Ələkbər müəllim bu nəfəs alətini zurnaya istinadən yaratmışdır. Əslində bu alət zurnanın növlərindən biri də sayıla bilər.

Ələkbər Əsgərovun zurna aləti əsasında hazırladığı qoşazurnaya diqqət yetirək.

Qoşazurna – el dilində işlədilən qədim ifadələrdən biridir. İki zurnaçının – usta və dəmkeşin birgə ifasına “qoşa zurna” çalğısı da demişlər. Belə ifa daha əzəmətli səslənir.

Zurna və balaban ifaçıları əksər zamanlarda qoşa çıxış edirlər: usta (solo ifaçı) və dəmkeş (müşayiət edən). Bəzi məqamlarda ustad zurnaçılar tək ifa edərkən nəfəs almalarda boşluq yaranmasın deyə, dəmkeşlik funksiyasından bəhrələnməklə melodiyanı birnəfəsə leqato şəklində ifa edirlər.

Ələkbər müəllim də qoşazurna ifa edərkən dəmkeşlərə məxsus nəfəsalmadan istifadə etməklə aləti uzun müddət fasiləsiz səsləndirirdi. Bu, o qədər də çətin bir iş deyil. Dəmkeşlik nəfəsalma üsulunu mənimsəyən hər bir ifaçı solist kimi çıxış etdikdə müəyyən məqamlarda fasiləsiz çala bilər. Ə.Əsgərov dəmkeşlik ifaçılıq üsulunu mənimsəyərək bəzi məqamlarda balaban, zurna və özünün hazırladığı qoşazurna alətlərinə tətbiq etmiş və effektli ifalar əldə etmişdir.

Qoşazurna alətini dinlədikdə sanki iki ifaçı unison melodiya ifa edirlər. Burada zurnanın gövdəsi, yəni borusu üzərinə iki səsoyadıcı rolunu oynayan qamış-ağızlıq yerləşdirilmişdir. Səsoyadıcılar adi zurnada olduğu kimi hazırlanır. Qamışların hesabına qoşazurnada iki fərqli tembr alınır. Şəkildə gördüyünüz kimi, səsoyadıcı qamışların hər biri ayrıca milə bağlanılır. İfaçı nəfəsini səsoyadıcı-qamışa üfürməklə hava axını millər vasitəsi ilə qoşalaşdırılmış halda zurnanın gövdəsinə daxil olur və səslənmə yaranır.

Qoşazurnanın hissələri eyni ilə adi zurnada olduğu kimidir:

1. Burada adi zurnadan fərqli olaraq iki mildən istifadə olunur. Bu millər metaldan boruşəkilli hazırlanmışdır.

2. Qamışdan hazırlanmış kiçik ikiqat səsoyadıcılar qoşa milə sapla bağlanılır. Son illərdə qamışı süni plastik materialla da əvəz edirlər. Belə qamışlar çeviklik baxımdan əlverişlidir. Yəni ikiqat qamış-ağızlıqlara ifadan öncə xüsusi hazırlıq tələb olunduğu halda, plastik səsoyadıcılarda buna ehtiyac yoxdur. Belə ağızlıqlarla qoşazurnanı istənilən anda səsləndirmək olur.

3. Başlıq – səsoyadıcı qamış-ağızlığın “dodaq”larına taxılan qoruyucu hissədir. Bəzən buna müxtəlif bölgələrdə “bənd”, “kip”, “qapaq”, “pıtqal”, “sıxnaq” və “yaşmaq” da deyirlər. Başlıq qamışı zədələməkdən qoruyur, onun ömrünü uzadır.

4. Tağalaq – ifaçının dodaqlarının sürüşməməsindən ötrü milə taxılan dairəvi hissədir. Bu hissəni kəmikdən və ya plastik materialdan hazırlayırlar.

5. Müştük – yuxarıda adıçəkilən bütün detalların (millər, ikiqat qamış-səsoyadıcılar, onların başlıqları, tağalaq) toplusudur.

6. Maşa – bəzən çığırtma və yaxud beçə də adlandırılır. Bu hissənin aşağı ucu ikidişli çəngələ bənzəyir və yuxarı hissənin təxminnən 20 mm sonrakı hissəsi gövdənin içinə keçirilir.

7. Gövdə – qoşazurnanın ərik ağacından hazırlanmış borusudur. Bu borunun sonluğu qıf şəklində genişlənir.

QOŞAZURNANIN HİSSƏLƏRİ

1. Alətin ümumi uzunluğu – 383 mm;

2. Alətin gövdəsinin uzunluğu – 318 mm;

3. Gövdə xarici maşanın uzunluğu – 20 mm;

4. Maşanın diametri – 21 mm;

5. Gövdə içi maşanın diametri – 13,5 mm;

6. Müştüyün diametri – 4 mm;

7. Üst çalğı dəliklərindən sonra gövdənin diametri – 35 mm;

8. Gövdənin aşağı hissəsinin diametri – 68 mm;

9. Gövdənin divarının qalınlığı – 5 mm;

10. Çalğı dəliklərinin divarları – 7 mm;

11. Gövdənin aşağı hissəsinin iç diametri – 58 mm;

12. Müştüyün qamışla birlikdə hündürlüyü 65 mm;

13. Maşadan sonra müştüklə qamışın hündürlüyü – 45 mm.

Şəkil 19. Qoşazurnanaın mili Şəkil 20. Qoşazurnanın sxemi
Şəkil 21. Qoşazurnanın ön tərəfi Şəkil 22. Qoşazurnanın arxa tərəfi

 

Yekunda bir daha qeyd edək ki, Ələkbər Əsgərovun zurna alətinə dair yeniliklərini diqqətə çatdırırıq.

QRAMMOFON VALI

SSSR-i MƏDƏNİYYƏT NAZİRLİYİ

MELODİYA ÜMUMİTTİFAQ REKORD ŞİRKƏTİ

MONO

33M32-35607-08

AZƏRBAYCANIN RƏQS MELODİYALARI

I tərəf: “TƏRƏKƏMƏ” və “QAZAĞI” (xalq musiqisi)

II tərəf: “ŞALAXO” və “VAĞZALI” (xalq musiqisi)

Şəkil 22. Ümumittifaq MELODİYA şirkəti: 1973-cü il

 

İFA EDİRLƏR:

Ələkbər Əsgərov – klarnet

Nizami Allahverdiyev – balaban (duduk)

Zöhrab Məmmədov - nağara

FƏXRİ FƏRMANLAR

Şəkil 23. Şəkil 24.
Şəkil 25. Şəkil 26.

 

Qeyd etməliyik ki, Ələkbər Əsgərovun çoxşaxəli yaradıcılığı ilk dəfə biz tərəfdən araştırıldığı üçün ədəbiyyat siyahısı daha çox arxiv materiallara əsaslanır.

Ümidvarıq ki, bizim araştırmalar gələcəkdə mənbə olaraq istifadə ediləcək və görkəmli sənətkarımız Ələkbər Əsgərovun yaradıcılığı başqa musiqişünaslar tərəfindən də öyrənilərək sənətkarın etdiyi digər yenilikləri üzə çıxarılacaq.

ƏDƏBİYYAT SİYAHISI

1.“Danışır Bakı” qəzeti: Axşam görüşləri. 11-17 aprel №15 (1356), – 1983, – 8 s.;

2. “Sosialist Sumqayıt” qazeti: Sənətinin vurğunu. 5 mart, – 1988 il, – 4 s.;

3. Quliyeva, M.Ə. Balaban aləti və Ələkbər Əsgərovun işləmələri. // Azərbaycan Milli Konservatoriya, “Konservatoriya” elmi jurnal. – 2017. – №3. – s. 25-30;

4. Ələkbər Əsgərovun balaban aləti üçün köçürmələri və işləmələri. Tərtibçi və redaktor M.Ə.Quliyeva. – Bakı: “Zərdabi nəşriyyat-poliqrafiya” MMC, – 2021. – 190 s.;

5. Ələkbər Əsgərovun rəqs melodiyaları və muğam rəngləri. Nota köçürən və tərtibçi M.Ə.Quliyeva. – Bakı: Ecoprint, – 2018. – 25 s.;

6. Quliyeva, M.Ə. Ələkbər Əsgərovun bəstələdiyi rəqs melodiyalarının struktur özəllikləri. // “Qloballaşan Dünyada Musiqi Ənənələri”, I Beynəlxalq elmi-praktik konfransın materialları, 26-27 oktyabr. – Bakı: – 2017. – s. 178-182;

7. Quliyeva, M.Ə. Ələkbər Əsgərovun bəstələdiyi rəqslərin müqayisəli təhlili. // Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Türksoylu Xalqların Musiqi Mədəniyyətinin Tədqiqi Problemləri, XVI Beynəlxalq elmi-praktik konfrans materialları. – Bakı: – 2017. – s. 172-173;

8. Quliyeva, M.Ə. Milli nəfəs çalğı alətlərinin inkişafı və Ələkbər Əsgərovun ifaçılıq məktəbi. // Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi çərçivəsində “Etnoorqanologiya: aktual problemlər və vəzifələr” mövzusunda Beynəlxalq elmi-praktik konfransın materialları. – Bakı: – 2021. – 29-30 aprel. – s. 242-253;

9. Quliyeva, M.Ə. Klarnetin tarixi inkişafı və Ələkbər Əsgərovun alət üzərində etdiyi yeniliklər. // Bakı: “Elmi iş” beynəlxalq elmi jurnal, İmpakt Faktor: 2.255 Cild: – 17, – Sayı: 3, – 2023. – s. 33-40;

TÜRK DİLİNDƏ

10. Guliyeva, M.E. (Guliyeva, M.Ə.) Batı ve Azerbaycan makam kuruluşlarından faydalanarak serbest ve özgün bir sentez: Elekber Esgerov`un dans melodileri. // Ankara (Türkiye): Avrasya Bilimler Akademisi Avrasya Çalışmaları Dergisi, – 31 Aralık, – 2022. – sh. 52-74;

11. İmamverdiyev, İ.C. Azerbaycan raks havaları atlası. Çağdaş dö-nem raksları (I bölüm). 6 ciltte, V c. // İ.C.İmamverdiyev. – Ankara: – 2020. – 462 s.;

RUS DİLİNDƏ

12. Мамедбеков, Д.И. Азербайджанские народные лирические песни. // Д.И.Мамедбеков. – Mосква: Музыка, – 1965. – 128 с.;

13. Чулаки, М.И. Инструменты симфонического оркестра. // М.И.Чулаки. – Санкт-Петербург: Композитор, – 2005. – 220 c.;

NOTOQRAFİYA

14. Əsgərov, Ə.Ə. Azərbaycan nəfəs çalğı alətlərinin ifaçılıq məktəbi. Sumqayıt: – 1966 il. – 284 s. (əlyazmalar);

15. Quliyeva, M.Ə. Ələkbər Əsgərovun rəqs melodiyaları və muğam rəngləri. Bakı: Ecoproint. – 2018. – 25 s.