"Musiqi dünyası" № 4 (97) 2023
Article №10; 9306-9313 pр.
Nərmin CƏBİYEVA. Əllərin sehri (DOI 10.5281/zenodo.10362716)
Text PDFMusiqi sənəti tarixində dirijorluq qədər çətin və mürəkkəb sənət növü ilə rastlaşmaq qeyri mümkündür. Kağız üzərinə həkk edilmiş notları canlandırmaq, hansı dövrdəsə yaşayıb-yaratmış bəstəkarın əks etdirdiyi ideyaları, canlandırdığı obrazları dinləyiciyə ötürmək dirijordan yüksək zəka və intellekt, hərtərəfli dünyagörüşü, idarəetmə bacarığı tələb edir. Dinləyici üçün dirijorun orkestrlə birlikdə təqdim etdiyi əsərin ilkin və ya dəfələrlə səslənməsinin fərqi yoxdur. İlk ifa təqdimatı olan əsər, dirijor tərəfindən elə ifa edilməlidir ki, dinləyici bu əsərə yaradıcı tərzdə yanaşsın. Əgər dinləyici dəfələrlə dinlədiyi simfoniyanı eşidərsə,belə olan təqdirdə dirijor dinləyicidə köhnə və yeni olan ifa tərzi arasında düzgün balans yaradaraq, öz ifasının keyfiyyəti haqqında müəyyən təəssürat oyatmağı bacarmalıdır. Bu ifa zamanı dirijor bir növ əsəri “restravrasiya” edən rəssama bənzəyir.
Dirijorluq, çox qeyri-adi və maraqlı bir sənətdir. Dirijor – musiqi sənətini dinləyiciyə çatdıran möhtəşəm bir sənətkardır. Dirijorluq elə bir sənət növüdür ki, burada daim rəqabət mövcuddur və eyni zamanda bu sənətdə çalışan hər musiqiçinin öz sirləri vardır. Bütün dirijorları birləşdirən ümumi cəhət isə ifaçıların bu solistlərin ifa etdiyi hər bir səsi, hər bir cümləni ardıcıl şəkildə nəzarətdə saxlamaq bacarığı və ifa edilən əsərin öz “daxili mən”i uzlaşdırılmasıdır. Sənət tarixində ifaçının böyüklüyünün dəyərləndirilməsi üçün müəyyən meyarlar mövcuddur. Dirijorluq sənətində ifanın keyfiyyətinin təyin edilməsi üçün vahid meyarlar yoxdur. Çünki dirijorluq sənətini seçən musiqiçi üçün musiqi sonsuz və əsrarəngiz, ucsuz-bucaqsız bir dünyadır. Bu sənət sahəsində hərənin öz yeri, öz mövqeyi vardır.
Azərbaycanda dirijorluq sənəti artıq uzun bir inkişaf yolu keçmişdir. Bu yolda daim yeni adlar meydana çıxaraq, onlar Azərbaycan musiqisini beynəlxalq səviyyədə təmsil etmiş, musiqimizi təbliğ etməyə nail olmuşlar.
Belə dirijorlardan biri də Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdçüsü, 2018-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “Şöhrət” ordenli Teymur Göyçayevdir.
Teymur Ənvər oğlu Göyçayev 1958-ci il avqustun 11-də Bakıda anadan olmuşdur. Bakıda Bülbül adına Orta İxtisas Musiqi Məktəbində skripka aləti üzrə təhsil alır. Gözəl pedaqoq Yefim Samoyloviç Barstakdan dərs alan T.Göyçayev təhsilini davam etdirmək qərarına gəlir və Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olur. Konservatoriyada istedadlı və təcrübəli pedaqoq Tahir Atakişiyevin sinfində təhsil alan T.Göyçayev öz üzərində işləyərək təkmilləşir və 1981-ci ildə Konservatoriyanı Fərqlənmə diplomu ilə bitirir. 1985-ci ildə Bakıda keçirilən VII Zaqafqaziya respublika müsabiqəsində uğurla çıxış edərək laureat adını qazanır. Elə həmin ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin direktoru Nazim Əliverdibəyovun dəvəti ilə məktəbdə müəllim kimi fəaliyyət göstərir. 1985-1998-ci illərdə bu məktəbdə çalışır. Burada işləyərkən “Tutti” kamera orkestrinə rəhbərlik edir.
1998-ci ildən Teymur Göyçayevin yaradıcılığında yeni dövr – dirijorluq fəaliyyəti başlanır. Həmin ildə Qara Qarayev adına Dövlət Kamera Orkestrinə bədii rəhbər təyin edilir və 20 ilə yaxın bir müddətdə bu orkestrdə çalışır. Teymur müəllimin bu orkestrdə çalışdığı dövrdəki fəaliyyətini işıqlandırmazdan əvvəl Q.Qarayev adına Dövlət Kamera Orkestrinin tarixinə qısa bir nəzər salmaq istərdik.
İlk yarandığı gündən, 1964-cü ildən başlayaraq bu günə kimi kamera orkestri nəinki respublikada, həm də onun hüdudlarından çox kənarda tanınan nüfuzlu bir ifaçılar kollektividir. Orkestrə həmişə istedadlı musiqiçilər rəhbərlik etmişdir. Burada istedadlı musiqiçilər yetişmiş, orkestr yarım əsrdən çox inkişaf yolu keçmişdir. Orkestrin qazandığı uğur və nailiyyətlər ilk növbədə onun dirijorlarının adı ilə bağlıdır. Qeyd etməliyik ki, kamera orkestri əvvəllər Azərbaycan televiziyası və radiosunun nəzdində fəaliyyət göstərmişdir.
Vaxtilə iki görkəmli Azərbaycan bəstəkarı Qara Qarayev və Fikrət Əmirovun təşəbbüsü ilə yaradılan bu orkestrə ilk günlərdən 1992-ci ilə qədər istedadlı və peşəkar dirijor Azərbaycan dirijorluq sənətinin görkəmli nümayəndəsi Azərbaycan SSRİ xalq artisti Nazim Rzayev dirijorluq etmişdir. Bu orkestrin təşkil olunması həm də onun adı ilə bağlıdır. Nazim Rzayev təxminən 30 ilə yaxın bir müddət ərzində orkestrin baş dirijoru və bədii rəhbəri kimi çalışmışdır. Sonrakı illərdə orkestrin fəaliyyəti Ramiz Məlikaslanov, (1992-1995) Yaşar İmanovun (1995-1997) adı ilə bağlıdır.
Dövlət Kamera Orkestri hələ yarandığı ilk günlərdən Azərbaycan musiqisinin dünya səviyyəsində təbliği və tanıdılması üçün mühüm işlər görmüş, qastrol səfərlərində dünyanın müxtəlif ölkələrində çıxış edərək, Azərbaycanı layiqincə təmsil etməyə nail olmuşdur. Teymur müəllim Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışdığı 1998-2018-ci illər ərzində öz sələflərinin ənənənlərini davam etdirərək repertuarın yenilənməsinə önəm vermiş, repertuar üzərində çalışmışdır. Onun dirijorluq etdiyi konsertlərin proqramı daim məhsuldar və bənzərsiz olmuşdur. Orkestrin repertuarına 200-ə yaxın qərb, rus və Azərbaycan bəstəkarlarının əsərləri daxil edilmişdir. Klassik əsərlərlə yanaşı, Teymur Göyçayev milli musiqi alətləri ifaçılarının, hətta estrada müğənnilərinin Dövlət Kamera Orkestri ilə çıxışlarının repertuara daxil edilməsinə nail olmuşdur. Kamança ifaçısı Elşən Mansurovla “Şur dəstgahı” balaban ifası ilə Cahangir Cahangirovun “Ay qız” mahnısının, kamança ifaçısı Fəridə Məlikova ilə Hacı Xanməmmədovun “Aldatmayaq bir-birimizi” mahnısının, aranjımanı təqdirəlayiqdir. “Natiq” ritm qrupu ilə kamera orkestrinin F.Əmirovun “Min bir gecə” baletindən fraqmentlərin ifası ən uğurlu çıxışlardan biridir. Teymur Göyçayev bir sıra xalq mahnılarını xanəndə və kamera orkestrinin ifası üçün böyük məharətlə işləmişdir. Məhz Teymur müəllimin təşəbbüsü ilə muğam ifaçıları ilə birlikdə konsert layihələri həyata keçirilmişdir. Beynəlxalq Muğam Festivalı çərçivəsində 16 mart 2015-ci ildə Azərbaycan Dövlət Filarmoniyasında keçirilən Q.Qarayev adına Dövlət Kamera Orkestrinin konsertində gənc xanəndə və tarzənlər çıxış etmişlər.
Teymur Göyçayevin Kamera Orkestrinin bədii rəhbəri və dirijoru kimi fəaliyyətində diqqətiçəkən məqamlardan ən başlıcası onun müasir dövrdə yaşayıb yaradan bəstəkarlarla, xüsusən gənc nəsli təmsil edən yaradıcı insanlara olan xüsusi diqqəti və qayğısıdır. Məhz onun dəstəyi və köməyi ilə bir sıra bəstəkarların Vasif və Ceyhun Allahverdiyevlərin, Pikə Axundova, Ayaz Qənbərlinin yeni əsərləri Dövlət Kamera Orkestrinin ifasında Teymur Göyçayevin dirijorluğu ilə səslənmişdir.
Teymur müəllim bir sıra gənc estrada müğənniləri – Elton Hüseynəliyev, Röya Nəcəfova, Sevda Yəhyayevanın Kamera Orkestri ilə konsertlərdə çıxışlarını təşkil etmişdir. T.Göyçayevin rəhbərlik etdiyi Kamera Orkestri Azərbaycanda keçirilən əksər beynəlxalq festivallarda çıxış etmiş Ü.Hacıbəyli Beynəlxalq Musiqi Festivalı, eləcə də 2009-cu ildən başlayaraq Qəbələ şəhərində keçirilən Beynəlxalq Musiqi Festivalındakı konsertlərdə uğur qazanmışdır. Heydər Əliyev Fondunun möhtəşəm tədbiri olan VII Qəbələ festivalında Dövlət Kamera Orkestrinin ifasında V.A.Motsartın “Diverstisment in B” əsəri, Ü.Hacıbəylinin “Arazbarı” F.Əmirovun “Min bir gecə” baletindən fraqmentlər dinləyicilər tərəfindən maraqla qarşılandı. Kamera Orkestri ilə birlikdə çıxış edən tanınmış pianoçular Murad Adıgözəlzadə Yeganə Axundovanın çıxışları böyük uğur qazanmışdır. T.Göyçayevin dirijorluğu ilə solistlər və orkestr tərəfindən səsləndirilən Dmitri Şostakoviçin fortepiano ilə orkestr üçün 1№-li konserti, Sevda İbrahimovanın fortepiano ilə orkestr üçün 5№-li konserti dirijoru və orkestrin özünəməxsus təfsiri ilə fərqlənmişdi.
T.Göyçayev gözəl rəhbər və istedadlı dirijor olmaqla yanaşı həm də ümumiyyətlə böyük zövqə malik bir musiqiçidir. O, özündə dirijorluq sənəti üçün lazım olan bir çox cəhətləri birləşdirmişdir. Bu ilk növbədə dirijorluq sənəti üçün önəmli olan repertuar seçimidir. Onun orkestrlə konsertləri xarici ölkələrdə keçirilən bütün konsertlərdə ilk növbədə repertuarın dolğunluğu və milli repertuarın daha üstünlük verilməsi ilə fərqlənir. 2011-ci ildə Fransada Ramatuel klassik musiqi festivalı keçirilirdi. Festivalın açılışında T.Göyçayevin dirijorluğu ilə Q.Qarayev adına Dövlət Kamera Orkestri çıxış etdi. Burada proqrama V.A Motsartın “Zalsburq simfoniyası, P.İ Çaykovskinin “Vals”ı ilə yanaşı Q.Qarayev, Fikrət Əmirov, A.Məlikovun baletlərindən rəqslər, F.Əmirovun “Nizami” simfoniyası, V.Mustafazadənin “Mart” pyesi (Solist-pianoçu Murad Adıgözəlzadə) daxil edilmişdi. Konsertdə ifa edilən fransız bəstəkarı F.Pulenkin “Məhəbbət yolları” əsəri dinləyicilər tərəfindən maraqla qarşılandı. Dinləyicilərin böyük marağına səbəb olan bu musiqi nömrələrinə T.Göyçayevin özünəməxsus tərzdə əl hərəkətləri, mimikalar və artistizm ilə dirijorluq etməsi Fransa musiqi sevərlərində çox xoş duyğuların oyanmasına səbəb oldu. T.Göyçayevin dirijorluq sənətində ilk addımları Bülbül adına Orta İxtisas Musiqi məktəbində “Tutti” uşaq kamera orkestrindəki fəaliyyətə başlaması ilə atıldı. Bu məktəbdə skripka ixtisası üzrə dərs deyən Teymur müəllim 1987-ci ildə uşaq kamera orkestri yaratmaq qərarına gəlir. Onun bu nəcib təşəbbüsünə şagirdlər böyük həvəslə qoşularaq, gərgin məşqlərə qoşulurlar. Burada T.Göyçayevin uğurlu işində ilk öncə onun uşaqlara böyük sevgisini də vurğulamaq istərdik. O, uşaqlarla işləməyin musiqiçi üçün həmişə bir stimul olduğunu deyir. “Tutti” orkesti ilə iş onun üçün böyük stimul rolu oynamışdır. Onu da qeyd etməliyik ki, Bülbül adına Orta İxtisas Musiqi məktəbində vaxtı ilə “Unison” skripkaçılar ansamblı da fəaliyyət göstərirdi və onun rəhbəri V.Spivak idi. Həmin ansamblı bərpa edərək, oraya yeni şagirdləri cəlb edir, orkestrin repertuarını genişləndirir. Burada çıxış edən gənc musiqiçilərin bir çoxu sonralar təhsilini davam etdirərək, böyük səhnələrdə çıxış etmişlər. T.Göyçayevin rəhbərlik etdiyi “Tutti” orkestrının Azərbaycan Dövlət Akademik Filarmoniyasında çıxışları ona böyük uğurlar gətirdi. 1989-cu ildə filarmoniyanın səhnəsində ki, çıxışda “Tutti”nin Alfred Şnitkenin “Concerto Qrosso” kimi çox mürəkkəb əsərinin uşaqlar tərəfindən ifa edilməsi dinləyicilər tərəfindən alqışlarla qarşılandı. Orkestr böyük uğurla Çelyabinskdə ümumittifaq – “ Muzıkalnıy podsnejnik” uşaq musiqi festivalında çıxış edir. 1994-cü ildə Rusiyada keçirilən Azərbaycan Mədəniyyəti günlərində “Tutti” kamera orkestri Respublikamızı təmsil etmək şərəfinə nail olur. 1997-ci ildə dünya şöhrətli musiqiçi Mstislav Rostropoviç Azərbaycana səfərində “Tutti” orkestrini dinləyərək, bu orkestrin haqqında xoş sözlər demiş, onun peşəkarlığını vurğulamışdır.
Gənc musiqiçilərlə işləmək Teymur müəllimin yaradıcılığının həmişə mühüm tərkib hissəsi olmuşdur. Onun Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaratdığı 2006-cı ildə Uşaq Gənclər simfonik orkestri çox püxtələşərək səriştəli, zəngin repertuara malik bir orkestr kimi uğur qazanmışdır. Reperturanın maraqlı seçimi, respublikanın müxtəlif tədris müəssisələrindən buraya istedadlı uşaqların cəlb edilməsi və başlıcası Teymur Göyçayevin məhsuldar əməyi, yüksək intuisiyasının nəticəsində bu orkestr respublikanın hüdudlarından kənarda Azərbaycanı təmsil etmişdir. Bu orkestrin 2008-ci ildə Parisdə Yunesko zalında çox müvəffəqiyyətli çıxışı tamaşaçıların alqışları ilə qarşılanmışdır. Orkestrin yarandığı gündən az sonra kollektivə Dövlət Gənclər Simfonik Orkestri statusu verilmişdir. Onu da qeyd etməliyik ki, orkestr hələ 2007-ci ilin dekabrında Bakıda M.Rostropoviç adına I Beynəlxalq Musiqi Festivalında uğurla çıxış etmişdir. Bu orkestrdə yetişən ifaçıların bir çoxu musiqi təhsilini davam etdirmiş, xarici ölkələrdə təhsil almışlar.
Teymur Göyçayev bütün fəaliyyəti boyu gənclərdən öz qayğısını əsirgəməmiş, onlara daim dəstək olmuşdur. Rəhbərlik etdiyi Q.Qarayev adına Dövlət Kamera Orkestrində o, daim gənc kadrları cəlb etmiş, onların potensial yaradıcılıq imkanlarının üzə çıxarmağa nail olmuşdur. Dövlət Kamera Orkestrinin qastrol səfərləri, xarici ölkələrdə rəngarəng konsertləri, xüsusən Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunmuş, Berlin, Paris, Romadakı konsertləri, 2010-cu ildə Şanxayda keçirilən Beynəlxalq Musiqi Festivalında, 2011-ci ildə Pekində keçirilən konsertləri orkestrin tarixinə yazılmışdır.
Dünya şöhrətli bəstəkar Q.Qarayevin adını daşıyan bu orkestr sənətkarın 80 illiyinə həsr olunmuş tədbirlərlə xarici ölkələrdə çıxış etmişdir. Moskvada, Sankt-Peterburqda keçirilən konsertlərdə orkestr bənzərsiz repertuarla çıxış etmişdir. Hansı ölkədə olursa-olsun, Kamera Orkestri mütləq Ü.Hacıbəylinin Q.Qarayevin və F.Əmirovun əsərlərini öz repertuarına daxil edir və qonaq olduğu ölkənin milli musiqisini təqdim edir. 2007-ci ildə Teymur Göyçayev Azərbaycan musiqisinin dünyada təbliğinə görə “Humay” mükafatına layiq görülmüşdür. 2018-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 avqust 2018-ci il sərəncamı ilə Teymur Göyçayev Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Teymur müəllim bir peşəkar musiqiçi kimi digər ifaçılıq kollektivləri ilə də ustad dərsləri keçirir, onlara öz məsləhətləri və tövsiyələrini verir. 2019-cu ilin noyabr və fevralında tanınmış dirijor Naxçıvan Dövlət Kamera Orkestrinin və Naxçıvan Dövlət Uşaq Filarmoniyasının Uşaq xor kollektivləri üçün ustad dərsləri keçmişdir. Sonra isə solist qismində Naxçıvan Dövlət Filarmoniyasının üzvləri çıxış etmişlər.
Teymur Göyçayev istedadlı dirijor,ifaçı olmaqla yanaşı həm də bacarıqlı və səriştəli müəllimdir. O, qırx ilə yaxındır ki, pedaqoji fəaliyyətlə məşğul olur. Bu uzun müddət ərzində Teymur müəllim onlarca şagird, tələbə yetişdirmişdir. Müəllimlik istedadı ona vaxtı ilə Bülbül adına Musiqi məktəbində dərs demiş tanınmış skripka ifaçısı, gözəl pedaqoq Yefim Samoyloviç Barştakdan keçmişdir. Bütün müsahibələrində ilk öncə müəllimlərini çox yüksək dəyərləndirən Teymur Göyçayev “Mənim çox güclü müəllimlərim olub və onlara çox minnətdaram” fikrini vurğulamışdır. Yaşının 60-ı ötməsinə baxmayaraq, Teymur Göyçayev indi də müəllimlərindən söz düşəndə onları böyük minnətdarlıq duyğusu ilə xatırlayır, onların öyüd-nəsihətlərini sitat gətirməyi sevir. Y.Barştakdan söz düşərkən onun öz ustalığını, öz bilik və bacarıqlarını daim şagirdlərinə vermək istəyini, xeyirxahlığını yada salır. Y.Barştakın yüksək peşəkar məktəbini keçən Teymur müəllim ondan maraqlı bir sitat gətirməyi sevir: “Musiqiçinin üç komponenti olmalıdır, əlləri, qəlbi və başı. Bunlardan biri olmadıqda yaxşı nəticə gözləmək mümkün deyildir. Teymur müəllim öz metodikasında daim şagirdlərində bu xüsusiyyətlərə diqqət yetirir.Məhz gərgin zəhməti və əməyi sayəsində onun sinfində yetişib püxtələşən bir çox şagirdləri beynəlxalq müsabiqələrin laureatı adını qazanmağa nail olmuşlar. O, öz tələbələrinə daim belə bir fikri təqdim edir ki, müsabiqəyə qalib gəlmək hələ sonuncu hədd deyildir. Musiqiçi sənəti fəth etməkdə heç vaxt ayaq saxlamamalı, daim irəliyə doğru getməlidir. Çünki incəsənətdə zirvə olmur.
Uşaqlarla işləməyi çox sevən Teymur müəllim bu işdən böyük zövq aldığını vurğulayır: “Çünki onların aləmi tam başqadır. Demək olmaz ki, təkcə mən onları öyrədirəm, çox vaxt onlardan öyrənirəm. Onların daxili təmizlikləri, musiqiyə yanaşma tərzləri çox maraqlıdır. Bu, mənim üçün böyük məktəbdir”.
2010-cu ildən Bülbül adına orta ixtisas Musiqi Məktəbinin direktoru vəzifəsində çalışan T.Göyçayev pedaqoji fəaliyyətini daha geniş miqyasda davam etdirir. Onun direktorluğu dövründə məktəbdə tədris prosesində bir sıra islahatlar aparılmış, tədrisin keyfiyyəti yüksəldilərək şagirdlərin qarşısında bir sıra yeni imkanlar açılmışdır. T.Göyçayev tərəfindən 2008-ci ildən başlayaraq təşkil olunan musiqi məktəbləri, kolleclər və ali təhsil müəssisələri şagird və tələbələrinin respublika müsabiqələri ifaçılıq sənətində onlarla ifaçının qabiliyyəti aşkar edilmiş, onlar sənət aləminə vəsiqələr almışlar. Bu müsabiqələrdə Azərbaycanın bütün bölgələri əhatə edilmişdir. Milli musiqi alətləri ifaçıları və xanəndələrin bir çox istedadların adları meydana çıxmışdır.
T.Göyçayev həm də gözəl təşkilatçıdır. Bülbül adına Orta İxtisas Musiqi məktəbi və Gürcüstan İncəsənət Xadimləri Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Future Star 2018”/ “Gələcəyin ulduzları 2018” IX Beynəlxalq Musiqi Festivalı onun təşkilatçılıq bacarığını bir daha təsdiqləmiş oldu.
Çox geniş bir “coğrafiyası” olan bu beynəlxalq klassik musiqi festivalının Bakıda keçirilməsinin əsas səbəblərindən biri də məhz T.Göyçayevin yüksək təşkilatçılıq bacarığına, onun peşəkarlığına inam bəslənilməsindən irəli gəlir. Üç ölkənin (Azərbaycan, Gürcüstan, İran) təmsilçilərinin iştirak etdiyi bu klassik musiqi festivalında iştirakçılar T.Göyçayevin peşəkarlığı, münsiflər heyətinin obyektivliyindən razılıqlarını bildirmişlər.
T.Göyçayevin rəhbərlik etdiyi musiqi məktəbində ümumiyyətlə, şagird orkestrlərinin təşkilinə böyük önəm verilir. Hal-hazırda məktəbdə dörd orkestr fəaliyyət göstərməkdədir: uşaq simfonik orkestri, “Tutti” kamera orkestri, Nəfəs alətləri orkestri və Xalq çalğı alətləri orkestri. Teymur müəllimin təşkilatçılıq bacarığı nəticəsində bu orkestrlərin müntəzəm çıxışları təşkil olunur və gələcəyin ifaçıları burada, kamilləşməyə nail olurlar.
Teymur müəllim Bülbül adına Orta İxtisas Musiqi Məktəbində çalışmaqla yanaşı 2018-ci ilə qədər Q.Qarayev adına Dövlət Kamera Orkestrində bədii rəhbər və baş dirijor kimi fəaliyyətini davam etdirmişdir.
Dövlət Kamera Orkestri Respublikanın ictimai-siyasi tədbirlərində fəal iştirak etmişdir. 2001-ci ildə Azərbaycanın Avropa Şurasına daxil olması ilə əlaqədar orkestr Strasburqda konsert vermişdir. Orkestrin “EXPO-2000” Beynəlxalq sərgisində Hannoverdə, eləcə də Naqoyada keçirilən “EXPO-2005” sərgisində çıxışları hərarətlə qarşılanmışdır. Kamera Orkestri müxtəlif xeyriyyə konsertlərində də iştirak etmişdir. Orkestr bir sıra tədris müəssisələrində, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında keçirilən tədbirlər, bayram gecələrində çıxış etmişdir.
Kamera Orkestri Azərbaycan Bəstəkarlar İttifaqının keçirdiyi qurultayı və plenumların fəal iştirakçısı, eləcə də Azərbaycan bəstəkarlarının bəstələdiyi yeni əsərlərin ilk ifaçısı olmuşdur.
T.Göyçayevin dirijorluq sənətini bir neçə ifadə ilə sərrast şəkildə səciyyələndirmək olar: gözəl lider, bacarıqlı təşkilatçı. Bu məziyyətlər onun yaradıcılığının əsasını təşkil etməklə yanaşı həm də səhnə uğurlarının açarıdır. Bu gün XXI əsrin üçüncü onilliyinin başlanğıcında Azərbaycan musiqi mədəniyyətində böyük irəliləyişlərin baş verdiyi, dünya səviyyəsində tanındığımız dövrdə Azərbaycan musiqisinin təbliği daha geniş qlobal əhəmiyyət kəsb edir. Bu musiqinin təbliğatçıları isə ilk növbədə dirijorlardır.
“Çıxış edir Qara Qarayev adına Azərbaycan Dövlət kamera Orkestri bədii rəhbər və baş dirijor Teymur Göyçayev” M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində diktorun elan etdiyi bu cümləni eşidən tamaşaçıların hamısının üzündə xoş bir təbəssüm dolaşır. Səhnəyə gülərüz eyni zamanda xarizmatik bir insan çıxır və əllərini geniş açaraq orkestrə dirijorluq etməyə başlayır. Üzündə, simasındakı təbəssüm isə konsertin son məqamına kimi onu tərk etmir. Bu pozitiv insan öz səhnə fəaliyyəti ilə yaddaşlarda iz qoyan Respublikanın xalq artisti Teymur Göyçayevdir.
Teymur müəllim və ya onun rəhbərlik etdiyi Kamera orkestri ifaçılarının dili ilə desək, maestro bu gün yaradıcılığının kamillik çağını yaşayır. Teymur müəllimə öz yaradıcılıq fəaliyyətində yeni uğurlar arzulayırıq.
İstifadə edilmiş ədəbiyyat.
1) Axundova G.Azərbaycanın görkəmli dirijorları və xormeysterləri /Dərs vəsaiti/ Bakı: ADPU-2016,186s.
2) Аббасова Р.Д. Когда зажигаются звёзды - «Каспий», 2020,11 января, s.16- 17.
3) Аббасова Р.Д. Путь постижения музыки - «Каспий», 2019, 2 марта.
4) qabala-ih.gov.az http://www. qabala-ih.gov.az > news- В Габале состоялся концерт Азербайджанского Государственного Камерного оркестра имени К.Караева.