"Musiqi dünyası" № 4 (97) 2023

Article №11; 9314-9321 pр.
Vəfa ƏLİYEVA. Azərbaycanda fortepiano tədrisinin yaranması tarixindən (DOI 10.5281/zenodo.10364305 )
Text PDF

Azərbaycan professional fortepiano sənətinin tarixi bir əsrdən artıq dövrü əhatə etməsinə baxmayaraq, öz yenilikləri və nailiyyətləri ilə müasir fortepiano musiqisində layiqli yer tutur. Ötən onilliklərin musiqi nailiyyətlərini araşdırdıqda, bir daha aydın olur ki, fortepiano sənəti öz tarixi ərzində yeni əsərlərlə, ənənələrlə, üslublarla, ifaçılarla, nailiyyətlərlə zənginləşmiş, daha da inkişaf etmiş və müasir səviyyəyə yüksəlmişdir. Bu baxımdan, professional musiqi incəsənətinin inkişafında milli fortepiano musiqisi mühüm rol oynamışdır. Bəstəkarların müxtəlif janr, forma və üslublarda yazdıqları fortepiano əsərləri təkcə fortepiano musiqisinin və ifaçılığının deyil, ümumilikdə professional musiqi incəsənətinin zənginləşməsinə və parlaq yüksəlişinə səbəb olmuşdur.

Azərbaycanda professional fortepiano sənətinin tarixinə nəzər saldıqda görürük ki, onun yaranması, formalaşması və inkişafı üç əsas amilin üzərində həyata keçmişdir:

1. Bəstəkarların fortepiano yaradıcılığı;

2. Professional fortepiano ifaçılığı;

3. Fortepiano təhsili və tədrisi.

Bu üç amil bir-birilə qarşılıqlı vəhdətdə olmuş və milli fortepiano sənə¬ti¬nin inkişafını təmin etmişdir.

Fortepiano təhsilinin və tədrisinin mühüm rolunu qeyd etmək xüsusilə vacibdir. Çünki bu amil olmadan, istər bəstəkarların fortepiano yaradıcılığı, istərsə də pro¬fessional piano ifaçılığı inkişaf edə bilməz. Həqiqətən də, fortepiano sənətinin inkişafında təhsil və tədris öz bünövrə, təməl, məktəb, metodika, tərəqqi rolunu dünəndən bu günəcən yerinə yetirməkdə davam edir. Bu amilin nəticəsində ötən dövrlər ərzində minlərlə professional təhsilli pianoçu kadrları yetişmişdir. Professional pianoçu kadrlar həm pedaqoji, həm də ifaçılıq fəaliyyəti göstərərək, öz məktəblərini yaşatmış və inkişaf etdirmişlər. Bu məntiqi və dinamik proseslərin təsiri ilə fortepiano musiqisi və ifaçılığı inkişafa məruz qalmışdır.

Azərbaycan fortepiano sənətinin elmi, tarixi, ifaçılıq, pedaqoji və metodik istiqamətlərdə araşdırılması məhz təhsil və tədrisin inkişafı sayəsində aktuallaşmışdır. Təsadüfi deyil ki, fortepiano sənətinin bu aspektlərini tədqiq edən görkəmli mütəxəssislər – K.Səfərəliyeva, Z.Əliyeva, T.Seyidov, L.Rzayeva, N.Quliyeva, L.Abasquliyeva, S.Aşumova, L.Əliyeva, F.Əhmədbəyova, C.Mustafayeva, S.Mehdiyeva və b. sözün əsil mənasında təcrübəli və yaradıcı fortepiano müəllimləri olmaqla bərabər, bu alət üzrə təhsil və tədrisin də tanınmış peşəkarıdırlar. Digər tərəfdən, ifaçılığın və təhsilin qırılmaz əlaqəsi fortepiano sənətinin dinamik və məhsuldar inkişafının əsas tələblərindəndir. Maraqlıdır ki, professional ifaçı kimi fəaliyyət göstərən bir çox pianoçular, eyni zamanda təhsildə də uğurlu fəaliyyət göstərmiş və yeni nailiyyətlər əldə etmişlər. İfaçılıq, pedaqogika və metodika amillərinin vəhdəti isə fortepiano təhsilinin və tədrisinin hərtərəfli inkişafına mühüm təsir göstərmişdir. Digər tərəfdən, bu amillər təkcə ifaçılıqda deyil, tədrisdə də metodika və ənənələrin yaranmasına, beləliklə də ayrı-ayrı müəllimlərin zəngin təcrübə toplamasına və məktəb kimi tərəqqi etməsinə səbəb olmuşdur.

Bütün bu obyektiv və real məsələləri nəzərə alaraq, Azərbaycanda fortepiano tədrisinin yaranmasını araşdırmağı qarşımıza məqsəd qoymuşuq. Tədrisin tarixini araşdırmaq milli fortepiano sənətinin tədqiqində aktual əhəmiyyətə malik olan bir məsələdir.

Azərbaycanda fortepiano tədrisinin ilk təməli Bakı şəhərində qoyulmuşdur. Fortepianoda çalmağı öyrədən musiqi tədrisinin meydana gəlməsi XIX əsrin II yarısına – 1893-cü ilə təsadüf edir.

Bu tarixi başlanğıcın isə bir sıra obyektiv səbəbləri var. Biriinci, o dövrdə Bakı şəhəri elm, təhsil və mədəniyyət mərkəzi idi, bu sahələrdə yenilik və tərəqqi ilk növbədə Bakıda baş verirdi. İkincisi, Bakı sənaye, kapitalizm və ticarət şəhəri idi. Bakıda varlı sənayeçilər, kapitalistlər və tacir zümrələri yaşayırdı. Üçüncüsü, Bakı şəhərinin neft kapitalizmi və iqtisadi vəziyyəti mədəniyyətin, təhsilin və incəsənətin dirçəlişini təmin edirdi. Xüsusilə, sərmayə və xeyriyyə tədbirləri bu sahənin dirçəlişinə müsbət təsir göstərirdi. Digər tərəfdən, Bakı ziyalılar şəhəri idi. İstər milli, istərsə də qeyri-millətlərdən olan ziyalıların yaradıcı fəaliyyəti təhsilə, maarifə, mədəniyyət və incəsənətin tərəqqisinə yönəlmişdi. Belə fəaliyyət isə xalqın maariflənməsinə və müasirləşməsinə səbəb olurdu. Nəhayət, daha bir obyektiv səbəb Bakının çoxmillətli və beynəlmilçi şəhər olması idi. Bu şəhərdə yerli azərbaycanlılar ilə birlikdə ruslar, iranlılar, türklər, qafqazlılar, ukraynalılar, ləzgilər, avarlar, yəhudilər, gürcülər, almanlar, ingilislər, yunanlar, tatlar da yaşayıb-işləyirdilər. Bakının milli müxtəlifliyi əhalinin sosial və maddi müxtəlifliyində, dil və mədəniyyət rəngarəngliyində öz əksini tapırdı.

Bütün bunlara rəğmən Bakı həm də musiqisevərlər, konsertlər şəhəri idi. XIX əsrin sonlarında və XX əsrin əvvəllərində bu şəhərdə musiqili tamaşalar qoyulur, teatrlarda pərdəarası konsertlər verilir, müsamirə və yığıncaqlarda sazəndə-xanəndələrin ifasında xalq musiqisi və muğamlar, pianonun, simlilərin ifasında klassik əsərlər dinlənilir, qastrola musiqiçilər gəlirdilər. Xüsusilə ziyalıların və varlı kübar zümrələrin fortepiano alətinə marağı nisbətən böyük idi.

Fortepiano tərdrisinin Bakıda yaranması yuxarıda göstərdiyimiz real və obyektiv səbəblərə əsaslanırdı.

Məhz bu səbəblər Bakı şəhərində “Rusiya Musiqi Cəmiyyəti” (RMC) adlı qurumun fəaliyyət göstərməsi üçün münbit zəmin yaratmışdı. Ona bəzən “İmperator Rusiya Musiqi Cəmiyyəti” də deyilirdi. Qurumu xatırlamağımız təsadüfi xarakter daşımır. Belə ki, ilk fortepianonun tədrisində RMC-nin xüsusi rolu vardır.

Rusiya Musiqi Cəmiyyəti 1859-cu ildə Peterburq şəhərində məşhur rus pianoçusu, bəstəkarı və dirijoru, pedaqoq və musiqi-ictimai xadim Anton Rubinşteynin təşəbbüsü ilə yaradılmışdır. Bu cəmiyyət 1860-cı ildə məşhur pianoçu, bəstəkar və pedaqoq Nikolay Rubinşteyn tərəfindən Moskvada da təşkil olunmuşdur. RMC Rusiyada sovet hakimiyyəti qurulandan sonra (1917) fəaliyyətini dayandırmışdır. Lakin musiqi təhsilinin və incəsənətinin inkişafında bu qurumun müs-bət rol oynaması inkaredilməzdir.

Cəmiyyətin formalaşmasında və fəaliyyətində dövrün görkəmli musiqiçiləri, ziyalıları, ifaçıları, bəstəkar və dirijorları yaxından iştirak edirdilər. A.Rubinşteyn, N.Rubinşteyn, P.Çaykovski, M.Balakirev, A.Qlazunov, N.Rimski-Korsakov, A. Skryabin, S.Taneyev, D.Stasov, E.Napravnik, L.Auer, F.Safronov, M.İppolitov-İvanov, S.Raxmaninov, K.Davıdov, İ.Venyavski və dövrün bir çox görkəmli bəstəkarları, dirijorları, ifaçıları bu qurumun fəaliyyətində yaxından iştirak edridilər. RMO-nun nizamnaməsində onun məqsədləri aydın şəkildə açılanmışdı. Əsas məqsəd Rusiyada və ətraf şəhərlərdə musiqi təhsilini genişləndirməkdən, Avropa və rus bəstəkarlarının əsərlərini təbliğ etməkdən, konsertlər və müsabiqələr təşkil etməkdən, musiqi zövqünü artırmaqdan, musiqi mədəniyyətini inkişaf etdirməkdən ibarət idi.

1860-cı illərin əvvəllərində Peterburqda və Moskvada RMC-nin “musiqi sinifləri” yaradılır. Bu siniflərdə zadəgan və kübar ailələrin uşaqlarına ödənişli musiqi dərsləri verilir. Getdikcə qurumun təşkilatlanması daha da genişlənir. Belə ki, müxtəlif şəhərlərdə RMC-nin şöbələri yaradılır. Məsələn, Kiyevdə (1863), Kazanda (1864), Xarkovda (1871), Nijniy Novqorodda, Saratovda, Pskovda (1873), Omskda (1876), Tobolskda (1878), Tambovda (1882), Odessada (1884), Astraxanda (1891) və başqa şəhərlərdə. RMC-nin konsert, maarifçilik və tədris yönümlü fəaliyyəti Zaqafqaziyada – Tbilisi və Bakı şəhərlərində də həyata keçirilir. Belə ki, bu şəhərlərdə RMC-nin yerli şöbələri yaradılır. Qeyd etmək vacibdir ki, RMC-nin bütün şəhər şöbələri vahid nizamnamə əsasında işləyir və konkret məqsədlər daşıyırdılar. Bu şöbələrdə yaradılan “musiqi sinifləri”ndə fortepiano, skripka, violonçel, vokal, solfecio, ibtidai nəzəriyyə dərsləri keçilirdi. Başlıcası, “musiqi sinifləri”nin bazasında tədricən musiqi məktəbləri, musiqi texnikimları, hətta konservatoriyalar yaranırdı. Məsələn, Saratovda (1912), Kiyevdə və Odessada (1913), Xarkovda və Tbilisidə (1917) yaradılan konservatoriyaları misal göstərə bilərik. Ən maraqlısı isə, RMC nəzdindəki “musiqi sinifləri” 1862-ci ildə Peterburq konservatoriyanın, 1866-cı ildə Moskva konservatoriyasının yaradılmasına səbəb oldu. Beləliklə də, RMC və onun şöbələri musiqi tədrisinin təşkil olunmasında, musiqi dərslərinin verilməsində və təhsil məktəblərinin meydana gəlməsində əhə¬miyyətli rol oynamışlar. [3, 796-797].

Bu xüsusda, məqaləmizin mövzusu ilə əlaqədar olaraq, RMC-nin Bakı şöbəsi üzərində dayanaq. Azərbaycanda ilk notlu fortepiano tədrisinin və RMC Bakı şö¬bə¬¬sinin yaranması professional pianoçu, pedaqoq və musiqi maarifçisi Antonina Ermolayeva tərəfindən həyata keçirilmişdir1.

A.N.Ermolayevanın musiqiçi şəxsiyyəti böyük maraq doğurur. Araşdırmalar göstərir ki, Antonina Ermolayeva ilk musiqi təhsilini Tbilisi şəhərində almışdır. O, 1887-ci ildə Tbilisi musiqi texnikumunun fortepiano şöbəsinə daxil olur. Musiqi istedadını, ifaçılıq bacarığını, imtahan nəticələrini nəzərə alıb, onu birbaşa yuxarı kursa qəbul edirlər. O illərdə RMC-nin Tbilisi şöbəsinə və musiqi texnikumuna görkəmli rus bəstəkarı, dirijoru və maarifçisi M.İppolitov-İvanov başçılıq edirdi. O, A.N.Ermolayevaya nəzəri fənlərdən dərs verirdi. Maraqlıdır ki, təhsil aldığı illərdə A.N.Ermolayeva Bakıda üç dəfə konsert vermişdir və Bakının ziyalı, kübar ictimaiyyəti ilə əlaqələr yaratmışdır. 1889-cu ildə musiqi texnikumunu əla qiymətlərlə bitirən A.N.Ermolaeva həmin il Moskva konservatoriyasına daxil olur və görkəmli pianoçu, pedaqoq A.Zilotinin sinfində ixtisas təhsili alır. Onunla eyni vaxtda bacısı Elizaveta Ermolayeva də A.Zilotinin sinfində oxuyur. S.Raxmaninov, L.Maksimov, K.İqumnov kimi məşhur pianoçuların da A.Zilotinin sinfində təhsili həmin dövrə təsadüf edir. Bunlardan yalnız ikisi – S.Raxmaninov və A.Ermolayeva öz ixtisas müəllimindən imtahanda həmişə əla qiymət alırdılar. 1892-ci ildə A.Ermolayeva Moskva konservatoriyasını gümüş medalla bitirir. 1891-1892-ci tədris ilinin məzunları arasında S.Raxmaninovu, A.Skryabini, L.Konyusu göstərə bilərik. Bir sözlə, A.N.Ermolayeva yüksək professional musiqi təhsilinə malik peşəkar pianoçu idi.

1893-cü ildən etibarən o, həyatını və fəaliyyətini birdəfəlik Bakı şəhəri ilə bağlayır. Tez-tez konsertlər verir, Avropa klassiklərinin və rus bəstəkarlarının fortepiano musiqsini ifa edir. O, XIX əsrin ikinci yarısında Bakının klub, məktəb və salonlarında, kübar yığıncaqlarında fortepiano konsertləri ve¬rən yeganə professional ifaçı idi. Lakin Antonina Ermolayevanın fəaliyyəti yalnız ifaçılıqla bitmirdi. 1893-cu ildə konsert ifaçılığı ilə birlikdə fortepiano dərsləri də verirdi. Belə ki, Bakının iki qız məktəbində - Müqəddəs Nina və Müqəddəs Məryəm gimnaziyalarında yuxarı siniflərinə piano dərsləri keçirdi. Bizcə, Azərbaycanda Avropa yönümlü və notla öyrədən ilk fortepiano tədrisinin tarixini məhz həmin ildən başlamaq daha obyektiv və düzgün olar.

Bakıda fortepiano musiqisinə və dərslərinə marağın artdığını görən A.N.Ermolayeva özəl musiqi məktəbini açmaq üçün şəhər qubernatoruna müraciət edir və məktəbin nizamnaməsini hazırlayır. 1895-ci il, 26 sentyabrdan etibarən 6 sinifli musiqi məktəbi fəaliyyətə başlayır. İlk özəl tədris musiqi məktəbi rəsmi olaraq belə adlanırdı: “Bakıda A.N.Ermolayevanın musiqi məktəbi”.. Nizamnaməyə əsasən, məktəbə könüllülük əsasında 6 yaşdan yuxarı oğlan və qız şagirdlər qəbul edilir, dərslər sentyabr-may aylarını əhatə edir və təhsil ödəniş əsasında keçilirdi. Məktəbdə fortepiano, skripka, violonçel, oxuma və nəzəriyyə sinifləri yaradılmışdı. Fortepianodan başqa, bu siniflərin hamısında ümu¬mi qaydada fortepiano dərslərinin öyrədilməsi tədrisin vacib şərti idi. Bununla da, Azərbaycan musiqi təhsilində ilk dəfə “ixtisas-fortepiano” və “ümumi fortepiano” tədrisi yaradılır.

Bu məktəbi bitirənlərə ixtisas təhsili haqqında möhürlə təsdiq olunmuş sənəd verilirdi. İlk tədris ilində məktəbə 30 şagird daxil olmuşdu. Növbəti illərdə Antonina Ermolayevanın ali təhsilli pianoçu bacıları da bu məktəbdə dərs verirlər. Dərs və məsləhət vermək üçün Moskva konservatoriyasından müəllimlər də dəvət olunurlar. Bir faktı da qeyd edək ki, A.N.Ermolayevanın özəl musiqi məktəbində qeyri-millətlərdən, əsasən də ruslardan ibarət zəngin və kübar ailələrin uşaqları oxuyurdular. Az bir zaman ərzində bu məktəbin şöhrəti bütün Azərbaycana, Qafqaza, Rusiyaya və digər şəhərlərə yayılır. Maraqlıdır ki, bu məktəbin verdiyi dərslər sayəsində istedadlı pianoçular, skripka, violonçel ifaçıları, vokalçılar yetişirlər.

Bütün bu nailiyyətlərə baxmayaraq, məktəb ciddi maliyyə problemləri ilə, administrativ təhdidlərlə, maddi-texniki çətinliklərlə üzləşmişdi. Bunları aradan qaldırmaq, məktəbin hüquqi statusunu artırmaq və tədrisin imkanlarını genişləndirmək qərarına gələn A.N.Ermolayeva 1901-ci il, aprelin 4-də Rusiya Musiqi Cəmiyyətinin Moskva direktorluğu qarşısında Bakı şöbəsinin yaradılmasına dair ərizə ilə vəsadət qaldırır. Onun vəsadəti təmin olunur və RMC-nin Moskva direktorluğu tərəfindən 1901-ci il, 13 may tarixli qərar verilir. Bu qərara əsasən 1901-ci il, 9 oktyabrdan etibarən RMC-nin Bakı şöbəsi fəaliyyətə başlayır və A.N. Ermolayeva bu şöbənin direktoru təyin edilir. O, RMC-nin nizamnaməsi əsasında Bakı şöbəsi nəzdində “Musiqi sinifləri”ni yaradır ki, burada yenə də aparıcı yeri fortepinano tədrisi tutur. Görkəmli pedaqoq, musiqi xadimi K.Səfərəliyeva musiqi təhsilinin tarixini araşdıraraq qeyd edirdi ki, Bakı şöbəsində fortepiano, skripka, violonçel, kontrabas, fleyta, klarnet, truba, trambon, vokal və nəzəriyyə “sinifləri” yaradılmışdı və ilk tədris ilində “siniflərdə” 183 şagird dərs alırdı ki, onlardan heç biri azərbaycanlı deyldi. Bütün ixtisaslar üçün fortepianonun öyrədilməsi zəruri qaydada tətbiq edilirdi. [4, 278].

“Musiqi sinifləri”nin nüfuzu və şöhrəti artdıqca, fortepianonu öyrənmək istəyənlərin sayı da çoxalırdı. Prof. Tərlan Seyidov öz tədqiqatlarında yazır ki, 1911/1912 dərs ilində təhsil alan 289 şagirddən 196 nəfəri, növbəti dərs ilində isə 617 şagirddən 340 nəfəri yalnız fortepiano ixtisası üzrə oxyurdular. [5, 11]. Bu, Bakı şəhərində fortepianoya yaranan böyük həvəsin, marağın tə¬zahürü idi. Lakin bu tələbələrdən heç biri azərbaycanlı deyildi və sadə azərbaycanlı uşaqları bu “siniflərdə” dərs almırdılar. Professor K.Səfərəliyevanın yazıdığı kimi, A.Ermolayevanın yaratdığı bu tədrisdə yalnız 1908/1909-cu dərs ilində ilk dəfə cəmi bir neçə azərbaycanlı şagird oxuyurdu və onların say artımı çox ləng gedirdi. Belə ki, 1912-ci ildə burada oxuyan azərbaycanlıların sayı cəmi 7 nəfədə çatmışdı. [4, 278]. Sonralar Ü.Hacıbəyli bu məsələni qabardaraq, Azərbaycan türklərinin bu dərslərdə musiqi təhsili ala bilməməsinə tənqidi yanaşırdı. Qeyd olunmalıdır ki, RMC Bakı şöbəsinin “musiqi sinifləri” ilə yanaşı, 1906-cl ildən daha bir ödənişlu özəl məktəb də yaradılır və musiqi həyatında öz yerini tutur.

Fortepiano təhsilinin inkişafına səbəb olan tarixi hadisələrdən biri də 1916-cı ildə RMC Bakı şöbəsi nəzdində musiqi texnikumunun yaradılması və fəaliyyətə başlamasıdır. Texnikumun ilk direktoru Y.A.Rıjinski təyin edilir. Bu texnikum “Musiqi sinifləri” bazasında təşkil olunmuşdu, yəni “siniflər” texnikuma çevrilmişdi. Direktorun qərarı ilə texnikumun tədirisinə harmoniya, musiqi tarixi də daxil olunur. Bakının ilk musiqi texnikumu da pulli təhsil verirdi. Bu texnikumda G.Şaroyev, A.Aleksandrov, E.Dobroxotov, V.Dobroxotova kimi təcrübəli müəllimlər dərs keçirdilər. Texnikumun müəllim və tələblərinin səyi ilə konsertlər verilir, fortepiano musiqisi səslənirdi. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra özəl musiqi texnikumu əsasında Xalq konsertvatoriyası fəaliyyətə başlayır. Lakin 1921-ci ildə rəsmi hökumət qərarı ilə Azərbaycan Dövlət Konservatoriyası yaradılandan sonra Xalq konservatoriyası ləğv edilir. Vaxtilə A.N.Ermaloyevanın rəhbərliyi ilə RMC Bakı şöbəsinin “musiqi siniflərində”, musiqi texnikumunda fortepiano təhsili alan və nəzəriyyə, not savadı olan istedadlı gənclər Azərbaycan Dövlət Konservatoriyasında yaradılan fortepiano şöbəsində təhsillərini davam etdirirlər. Digər tərəfdən, A.N.Ermolayevanın özəl məktəbində, “musiqi sinifləri”ndə və özəl musiqi texnikumunda dərs vermiş təcrübəli piano müəllimləri Dövlət Konservatoriyasında pedaqoji fəaliyyətə başlayırlar.

Beləliklə, nəticəyə gəlirik. Azərbaycanda Avropa yönümlü müasir fortepiano tədrisinin əsası 1893-cü ildə professional musiqiçi, Moskva konservatoriyasının istedadlı məzunu A.N.Ermolayeva tərəfindən qoyulmuşdur. Tədris proqramı Avropa və rus bəstəkarlarının əsərlərindən ibarət idi. Tədris prosesi şagirdlərin konsertləri və müsabiqələri ilə müşayiət olunur, onlara ifaçılıq vərdişləri aşılanırdı. A.N.Ermolayevanın XIX əsrin ikinci yarısında yaratdığı professional zəminli fortepiano tədrisi getdikcə daha geniş imkanlar qazanırdı və alətdə notla çalmağı öyrənmək istəyənlərin sayı ilbəil artırdı. Azərbaycanda ilk fortepiano tədrisi Moskva fortepiano məktəbinin ənənələri zəminində yaradılmışdı. A.N.Ermolayevanın təşkil etdiyi özəl musiqi məktəbi (1895), daha sonra RMC Bakı şöbəsi nəzdində yaratdığı “Musiqi sinifləri” (1897) və bu “siniflərin” bazasında təşkil olunan özəl musiqi texnikumu (1916) Azərbaycanda klassik fortepiano musiqisini notla tədris edən, not savadı öyrədən, Avropa əsaslı fortepiano təhsili verən ilk musiqi-tədris qurumu idilər. Bu tədris sonrakı illərdə peşəkar fortepiano təhsilinin inkişaf etməsi üçün tarixi şərait yaratmışdır.


1. Bu görkəmli pianoçunun soyadı bəzi azərbaycandilli mənbələrdə “Yermolayeva” kimi göstərilmişdr. Lakin biz onun soyadını danışıqda səsləndiyi kimi deyil, yazılışda olduğu kimi, yəni “Ermolayeva” kimi təqdim etməyi daha doğru hesab edirik.

 

Ədəbiyyat:

1. Абасова Э., Касимов Г. Очерки музыкального искусства советского Азер-байджана. - Б., Элм, 1970, 178 с.

2. Керимов Н., Юсифова А. Летопись современного профессионального му-зыкального образования Азербайджана. - Б., 1999.

3. Музыкальная энциклопедия. В 6-ти томах. Том 4. - М., Советская эн¬цик¬лопедия, 1978.

4. Сафар-Алиева К. Mузыкальное образование в Азербайджане. //Му¬зы¬ка Азербайджана. Сб.статей. - М., Госмузиздат, 1961, с. 277-294.

5. Сеидов Т.А. Азербайджанская фортепианная культура ХХ века: педа¬го¬гика, исполнительство и композиторское творчество. - Б., Азернешр, 270 с.