"Musiqi dünyası" № 4 (97) 2023

Article №14; 9348-9356 pр.
Cavad HƏSƏNOV. Etno - caz istiqaməti konteksində Arslan Növrəslinin yaradıcıllıq axtarışları (DOI 10.5281/zenodo.10364707)
Text PDF

Azərbaycan cazının təməli XX əsrin 30-cu illərinin sonlarında Tofiq Quliyev və Niyazinin rəhbərliyi ilə yaradılan “Dövlət Cazı” kimi tanınan Dövlət Estrada Orkestri tərəfindən qoyulmuşdur. Təbii ki, o dövrdə bu orkestri sırf caz orkestri kimi adlandırmaq mümkün deyildi. Caz musiqisini estrada musiqisi adı altında ifa edirdilər. Estrada sözü isə sadəcə caz musiqisini pərdələmək üçün istifadə olunurdu. Dövlət Estrada orkestri Azərbaycan cazının əsasına çevrilmişdir. Bu orkestrdə caz musiqisi ilə yanaşı Tofiq Quliyev və Niyazinin bəstələdiyi əsərlər ifa olunub. Orkestrə Böyük Vətən Müharibəsi illərində Rauf Hacıyev rəhbərlik etmişdir. Hər nə qədər o dövrdə caz musiqisinə ciddi təzyiq göstərilsə də caz həvəskarları klublarda gizli şəkildə məşğul olur və kiçik konsertlər verirdilər. XX əsrin 60-cı illərində Qara Qarayev, Rauf Hacıyevin, Niyazi və Tofiq Quliyevin dəstəyi və rəhbərliyi ilə Azərbaycanda estrada və caz musiqisinin ikinci mərhələsi başlanır. Bu dövrə Rafiq Babayevin rəhbərliyini etdiyi “Qaya” vokal kvarteti yaranır. Vaqif Mustafazadə artıq caz səhnəsində görülməyə başlanır. Lirik cazın banisi sayılan Vaqif Mustafazadə ilk dəfə Gürcüstanda – Tbilisi Dövlət Filarmoniyasında “Leyli” qadın kvartetini və “Qafqaz” caz-triosunu təşkil etmiş, Azərbaycana qayıtdıqdan sonra Eliza Mustafazadə, Sədaqət Dadaşova, Sevil Allahverdiyeva, Rəna Talıbova, Dilarə Cahangirova, Rəna Hüseynova kimi vokalistlərdən ibarət “Sevil” vokal – instrumental ansamblını yaradır. Ansambl üzvləri yalnız qadın vokalistlərdən ibarət olsa da Vaqif Mustafazadə ansamblın müşayiətçisi və bədii rəhbəri olmuşdur. Bundan əlavə ansambla ara - ara Azər Rzayev, Tahir Rzayev, Tofiq Şabanov, Çingiz Tağıyev kimi müxtəlif alətlərdə ifa edən musiqiçilər dəvət olunurdu. 1977-ci ildə ansambl üzvlərinin şəxsi həyatında yaranan bəzi problemlərə görə ansambl fəaliyyətini dayandırır və daha sonra V.Mustafazadə “Muğam” instrumental ansamblını yaradır və ona rəhbərlik etmişdir. Onu da qeyd edə bilərik ki, V.Mustafazadə öz kompozisiyalarında Avropa insanına milli musiqimizi, Azərbaycan insanına isə caz musiqisini təqdim edirdi. Bundan sonra isə artıq Azərbaycan caz musiqisi səhnəsinə Azərbaycanı ölkə hüdudlarında təmsil edən ifaçılar gəlir. Bunlara C. Əmirov, S. Qəmbərov, E. Əfrasiyab, R.Sultanov, Ə.Mustafazadə, İ. Sarabski, Ş. Növrəsli kimi musiqiçilər misal ola bilər.

Yuxarıda sadaladığımız musiqiçilərdən başqa Azərbaycan caz musiqisində xüsusi yeri olan, yeniliyi ilə caz musiqisinə rəng qatan Arslan Növrəslinin adını qeyd etmək vacibdir. Arslan Növrəsli üçün Tar aləti həyatının ayrılmaz hissəsi olmuş, onun yol və sənət yoldaşı, onu uğura aparan dostu olmuşdur. Uşaqlıq yaşlarından tara olan böyük məhəbbəti onun gələcəkdə parlaq bir musiqiçi olmasından xəbər verirdi. İlk öncə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini, sonra Bakı Musiqi Akademiyasının bakalavr pilləsini, daha sonra isə Azərbaycan Milli Konservatoriyasının magistr pilləsini Fərqlənmə ilə bitirmişdir. Təhsil illərində gənc Arslanın müxtəlif orkestrlarla çıxışı, solo konsertləri, xaricə səfərləri onun yaradıcılığında xüsusi yeri tutur. Hər bir xalq çalğı alətləri ifaçısı kimi klassik tar məktəbi ifaçılığını bitirən Arslan özünü yeni yollar axtarmağa sövq edir və nəticədə caz musiqisinə olan marağı nəticəsində tar alətində bir sıra “eksperimentlər” edir. Eksperimentlərin müsbət nəticələri Arslanda bu yolda daha da əmin addımlamağa güc verir. Aydındır ki, xalq musiqisi, klassik yaradıcılıq nümunələri, bəstəkar musiqisi ifa etdiyi musiqi alətindən asılı olmayaraq hər bir musiqiçinin başlarda öyrənməsi mütləq və zəruri bir sahə idi. Musiqidə yeniliyin, fərqliliyin gəlməsi üçün isə müəyyən qədər zaman və mənimsəmə tələb olunurdu. A.Növrəslinin musiqiçi kimi inkişaf etməsində, onun ailəsinin əvəzolunmaz rolu olmuşdur. Bu ailədə caz və muğam vəhdəti musiqiçinin öz yolunda yeni mərhələyə qədəm qoymasını qaçınılmaz etdi.

Eyni ailədə caz musiqisi ilə məşğul olan Şahin Növrəsilinin ifası Arslan Növrəslidə də caz musiqisinə maraq oyatmışdır və növbəti mərhələdə qardaşından cazın sirlərini öyrənmişdir. Öz növbəsində Şahin Növrəsli də milli musiqinin peşəkar bilicisi olan Arslan Növrəslidən muğam və milli musiqini mənimsəməyə sövq etmişdir. Tarzən həmçinin dünya musiqisindəki yenilikləri, müxtəlif ifaçılıq üslublarını, dünyaca məşhur musiqiçilərin repertuarlarını daim izləmiş və araşdırmışdır. Arslanın caz musiqi səhnəsi ilə tanışlığı 2001-ci ilə təsadüf edir. O, 2006-cı ildə keçirilən "Beynəlxalq Bakı Caz Festivalı"nda laureat olduqdan sonra fasiləsiz olaraq ölkədaxili və beynəlxalq caz konsert və festivallarındakı çıxışları tar aləti ifaçılığı tarixində xüsusi yer tutmuşdur. Bundan əlavə, Arslan Növrəslinin növbəti uğurlu layihələrindən biri kimi 2014-cü ildə Bakıda keçirilən Bakı Caz Festivalında "The first time in jazz" adlı yekun konsertini göstərmək olar. Arslan caz ilə muğamın sintezi yolunu özünəməxsus tərzdə işləyərək təqdim edir. İfasında dəfələrlə yeni eksperimentlər nümayiş olunur. O, tar aləti ifaçılığında ilk dəfə harmonik caz standartlarını tətbiq etmiş ifaçıdır. İfaçının bundan başqa 2014-cü ildə Londonun “Central Hall Westminster” adlı zalında keçirilən solo - "Discovering the tar with Arslan Novrasli" adlı konserti və “Royal Philarmonic” simfonik orkestri ilə birgə çıxışları yaradıcılığının ən uğurlu səhifələrindəndir. Azərbaycan tar ifaçılığı tarixində ilk dəfə olaraq ölkə hüdudlarından kənarda bu kimi konsertlərin həyata keçirilməsi Arslan Növrəslinin adı ilə əlaqədardır. Tarzənin İngiltərənin paytaxtı London şəhərində, məşhur “Central Hall Wesinster” zalında Azərbaycan cazının görkəmli nümayəndəsi Vaqif Mustafazadənin xatirəsinə həsr olunmuş "Remembering Vagif" tədbirində Ə.Mustafazadə T.Kuraşvili, İ.Butman və digər tanınmış musiqiçilərlə və Azərbaycan cazının gənc nümayəndələrindən olan Şahin Növrəslinin caz qrupu ilə çıxışları onun önəmli nailiyyətlərindəndir. 2015-ci ilin önəmli layihələrindən olan Heydər Əliyev fondu, Azərbaycan Bəstəkarlar İttifaqı, Mədəniyyət və Turizm Nazirliyi, AMEA, Təhsil Nazirliyi və Azərbaycan Mədəniyyət Fondunun dəstəyi və təşkilatçılığı ilə IV beynəlxalq Muğam festivalı çərçivəsində Bakı Caz Mərkəzində çox mühüm bir tədbir reallaşdı. Bu tədbirdə Arslan Növrəsli və onun rəhbərlik etdiyi caz qrupunun konserti baş tutdu. Arslan Növrəsli ilk dəfə bu konsertdə caz musiqisinin əsasını təşkil edən bluz janrına müraciət edib və onu Azərbaycan muğamı ilə sintez edib, bir növ bluz – muğam birlikdəliyini ifaçıya çatdırmışdır. Bu hadisə milli musiqi alətlərində caz ifaçılığında böyük və uğurlu addım oldu. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və İstanbuldakı Azərbaycan Turizm Təmsilçiliyinin təşəbbüsü ilə 2018-ci ildə İstanbulda "Azərbaycan musiqi festivalı" keçirilir və festival çərçivəsində "Sən də Azərbaycanı gör" devizi ilə keçirilən xeyriyyə məqsədli caz konserti “Grand Pera Cercle d'Orient" salonunda baş tutur.

Arslan Növrəslinin caz kompozisiyalarına yanaşma tərzindən bəhs etməli olsaq, onun ifa etdiyi kompozisiyaları əzbər şəkildə, hər hansı bir caz ifaçısının ifa etdiyi improvizasiyanı eyni ilə ifa etməsini deyil, onları caz ifaçılıq ənənələrinə uyğun olaraq bədahətən, anlıq improvizə etdiyini deyə bilərik. Bu da klassik caz standartlarına, caz musiqisinə yanaşmanın əsas ünsürlərindəndir. Əvvəlki dövrlərdə etno – caz musiqisi icra edən caz ansambl, trio və kvartetlərinin tərkibində olan tar aləti sadəcə muğam hissəsi üçün kompozisiyalara milli ruhu göstərmək üçün saxlanırdısa artıq Növrəslinin caz musiqisinə gətirdiyi yenilik ilə tar bütün ansambla rəhbərlik edir, ansamblın aparıcı alətinə çevirilir. Belə ki, kompozisiyaların aparıcı xətti və əsas mövzusu artıq tarın ifasında verilmiş olur.

Modal caz 1960-cı illərdə yaranmış, əsasında lad improvizəsi dayanan və onu harmonik cazdan fərqləndirən sadə növdür. Aparıcı üçlük daxilində milli alətin belə istifadəsi sadəcə caza muğamın tətbiqidir ki, tam ənənəvi caz ifası kimi təqdim oluna bilməz. Yəni həmin düzümdə milli alət ifaçısı ətrafda baş verən caz aurasını dərk etmədən sadəcə muğam əsaslı improvizə ortaya qoyur. Arslan Növrəsli isə tarı aparıcı xəttə çevirir və istənilən caz kompozisiyanın əsasında duran mövzu və onun caz harmoniyaları ilə açılmasını bu alətə həvalə edir. Görünüş baxımından tarın mövcudluğuna görə bu etno caz olsa da ifa baxımından sırf ənənəvi caz musiqisidir.

Arslan Növrəslinin caz repertuarına nəzər salsaq onun həm milli musiqi ağırlıqlı kompozisiyalarını həm də məşhur ifaçılar tərəfindən müraciət olunmuş, caz musiqisində standart olaraq qəbul edilən caz standartları görmək mümkündür.

Bu tip caz standartlardan biri Herbie Hancockun “Cantaloupe Island” kompozisiyasıdır. Arslan Növrəslinin bu caz standarta yanaşmasını daha yaxşı anlamaq üçün Herbienin kompozisiyasına daha yaxından nəzər salaq.

Məşhur amerikalı caz ustadı Herbie Hancock tərəfindən bəstələnən “Cantaloupe Island” caz standartı bir sıra fərqlilikləri ilə caz musiqi tarixində xüsusi yer tutmuşdur. Funk ritmi üzərində qurulmuş bu model belə caz kompozisiyaların ilk nümunələrindəndir. Kompozisiyanın albom səsyazmasında fortepianoda Herbiedən başqa kornetdə Freddie Hubbard, kontrabasda Tony Williams ifa edir.

“Cantaloupe Island”, onun Miles Davisin ikinci kvintetində olduğu müddət ərzində yazılmış və 1964-cü ildə “Empyrean Isles” adlı caz albomunda yer almışdır. O zamandan bəri bu caz kompozisiyası caz dünyasında önəmli musiqi parçalardan biri oldu və “caz standart” olaraq qəbul edilməyə başlandı.

Giriş hissəsindən artıq kompozisiyanın 4/4 ölçüdə yazıldığını görürük. Komposiziyanın girişi motiv ilə başlanır. İlk xanədə, fortepianonun fa minorda “rifi” (caz musiqisində təkrarlanan motiv) səslənir.

Kompozisiyanın tonallığına açar işarəsinə baxmadan, sadəcə başlanğıc akkorduna baxaraq bilmək mümkündür ki, kompozisiya fa minor akkordunun üçüncü inversiyası ilə başlayır.

Burada sağ əl fa minorun subdominantası olan si bemol akkorduna, daha sonra isə do minor sus4 akkorduna (“suspended 4th chord”; kvartası geçikdirilmiş do minor akkordu) forşlaq vasitəsilə keçid edir. Son olaraq, bəhs etdiyimiz “riff” fa minor akkordunun üçüncü inversiyasına geri dönərək sonlanır. Beləliklə, harmonik ardıcıllıq i-IV-v-IV-i şəklində, klassik bir bluz: I-IV-I-V-IV-I akkord ardıcıllığı şəklindədir. Lakin bu kompozisiyada bluzdan fərqli olaraq başqa minor akkordlar da var. Sol əldə do minor sus4 akkordu üzərində ifa edilən sadə bas xətti var. Burada digər bir maraqlı nöqtə isə sol əlin notlarının sağ əlin akkordlarından əvvəl gəlməsilə rifin sonunda maraqlı bir poliritmin əmələ gətirməsidir. Burada diqqət çəkən başqa bir məqam ilk iki və son iki akkorda riff xarakteri verən leqatodan stakkatoya keçən frazalardır. Bu “leqatodan stakkatoya” dinamikası melodiyada da mövcuddur, bu dinamikanı 4 – cü xanədə görmək mümkündür:

Nümunə 1

Bəhs etdiyimiz bu fortepiano riffi giriş hissəsinin sonunadək davam edir və kompozisiyanın geri qalan hissəsində dəfələrlə təkrarlanır. Girişdən etibarən davam edən fa minor melodik frazası 9-cu xanəyə qədər davam edir. Yuxarıda bəhs etdiyimiz bu xüsusi poliritmə malik fraza kompozisiyanın sonuna qədər arxa planda davam edir. Ancaq bu frazanın harmonik strukturu xanədə ifa olunan akkordlara bağlıdır. Yəni hər dəfə xanədə akkordlar dəyişəndə frazanın harmonik strukturu da dəyişir. Məsələn 9-cu xanədə frazanın harmonik dəyişikliyinin şahidi oluruq. Sol əl fortepiano xətti F-dan Db - a modulyasiya edilir və həm sol, həm də sağ əl Cb və Db ifa edir. Açar işarələri də həmçinin Db majora keçid edir.

Nümunə 2.

Modulyasiyadan sonra ritmik struktur dəyişmir ancaq akkord ardıcıllığı dəyişir. Buradaki akkord ardıcıllığı belədir: Db7, Bb minor, Fm7b5, Bb minor, Db7. Modulyasiyadan sonra akkord ardıcıllığı I7-iv-iii-iv-I (T7-S7-III-T) şəklində davam edir. Akkord ardıcıllığının fərqli olmağına baxmayaraq melodiya dəyişməz qalır. Bu yeni fraza 13-cü xanəyə qədər 4 xanə davam edir. 13-cü xanə tamamilə fərqli ritmə malikdir və burda sadəcə bir akkord istifadə olunur; bu F6add9 akkordudur:

Nümunə 3.

Bu hissə sanki bir körpü rolunu oynayır, çünki kompozisiyanın qalan hissəsi ilə böyük ölçüdə təzadlıq yaradır və daha sonra əsas frazaya geri dönür. Bəhs etdiyimiz F6add9 akkordundan istifadə olunan hissə 4 xanədən ibarət olub 17-ci xanəyə qədər davam edir ki, bu xanədə sonluq zərb alətindəki ritmik kadans ilə göstərilir. Bundan sonra giriş təkrarlanır, ardınca isə girişdən sonrakı 16 xanə təkrarlanır.

Bütün bunlardan yola çıxaraq kompozisiyanı bir neçə hissəyə bölə bilərik: F minor frazası A, Db frazası B, körpü hissəsi isə C kimi qeyd edə bilərik. Yəni komposiziyanın forması ABCA – dır. Kompozisiyanın solo hissəsində kornet və fortepianonun hər biri ABCA formasından 3 dəfə istifadə etmişdir. Sololardan sonra daha 2 ABCA hissə vardır ki, bu hissə başlanğıc tempindən daha sürətlidir və musiqi nömrəsi bu hissədə yavaş-yavaş “uzaqlaşaraq” bitir.

Herbie Hancockun bu kompozisiyası müxtəlif ifaçılar tərəfindən özünəməxsus tərzdə ifa olunub. Məşhur gitara ifaçısı Pat Metheny, truba ifaçısı Wynton Marsalis, Marcus Miller kimi musiqiçilər bu kompozisiyanı repertuarına daxil edib, hətta Mike Kamuf tərəfindən caz ansambl üçün işlənmişdir. Bu kompozisiyaya standart caz yanaşmasından fərqli yanaşmalar da mövcuddur. Belə ki, istedadlı hind musiqiçisi Ranajit Sengup bas gitara ifaçısı Marcus Miller ilə bu kompozisiyanı duet şəklində hind musiqi aləti olan sarodda ifa etmiş, “Cantaloupe Island” a yeni çalar gətirmişdir.

Öz milli musiqi aləti ilə bu kompozisiyaya, ümumilikdə caz musiqisinə müraciət edən yalnız Ranjit deyil. Bizə ən yaxın nümunə olaraq Arslan Növrəslinin adını burda xüsusilə qeyd etməliyik. Digər ifa etdiyi kompozisiyalarda olduğu kimi Arslan Növrəsli bu kompozisiyada da harmonik ardıcıllığı qoruyaraq özünəməxsus tərzdə improvizasiya etmişdir. Onun bu kompozisiyadakı solosuna diqqətlə baxarsaq burada yalnız klassik caz priomları deyil, həmçinin muğam barmaqlarından istifadə etməsini də görə bilərik.

Demək olar ki, bütün caz standartlarda ilk öncə solo alət melodiyanı dinləyiciyə təqdim edir. Daha sonra isə improvizasiya hissəsinə keçid edilir. Qrupdakı hər bir alət sırası ilə improvizasiya etdikdən sonra sonda girişdə təqdim olunmuş melodiyaya geri dönür və kompozisiya sonlanır. Arslan Növrəslinin bu ifasında da eyni strukturun şahidi oluruq. İlk 12 xanədə kompozisiyanın əsas melodiyası təqdim olunur və daha sonra improvizasiya hissəsinə keçid edilir.

İmprovizasiya hissəsi klassik caz musiqisində eşitmədiyimiz melodiya ilə, muğam ilə başlayır:

Nümunə 5.

Bu muğam motivinin kompozisiyanın f minor tonallığı ilə uyğunlaşması (birlikdə səslənməsi) dinləyicidə heç bir “yalnış” səslənmə fikri yaratmır, əksinə caz musiqisində muğama rast gəlmək dinləyicini yaxşı mənada təəccübləndirir. Növbəti xanələrdə də (16, 17, 18, 19, 20) davam edən muğam xətti XX xanədə yekunlaşır və Db7 akkordunun olduğu növbəti 4 xanədə qırıq pauzaların olduğu motiv səslənir.

Bundan əlavə ifaçının özünün bəstələdiyi kompozisiyalar da vardır ki, dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanır. Azərbaycan caz musiqisində böyük yeri olan Vaqif Mustafazadənin "Fantaziya", "Yollar", Rafiq Babayevin "Freska", xarici caz kompozisiyalardan D. Gillespie - F. Paparellinin "A Night in Tunisia", M. Davisin "Solar", Ch. Coreanın "Armando's Rhumba", D. Brubeckin "Blue ronda alla turca" və s. kimi caz standartlarına özünəməxsus yanaşma və improvizəsi Arslan Növrəslinin ifasını xüsusiləşdirir.

Adı çəkilən kompozisiyalarından "Blue ronda alla turca" ya diqqət yetirsək, kompozisiyada ritmik mürəkkəbliyin vacib amil olduğunu görə bilərik. Belə ki, üç hissədən ibarət olan kompozisiyanın kənar hissələri 9/8, mərkəzi hissəsi - Bluz isə 4/4 ölçüdədir.

İfaçının repertuara daxil etdiyi kompozisiyalar sırasına özünün bəstələdiyi "Bluz-muğam", A. Əlizadənin "Qarabağ havası", E. Sabitoğlunun "Dədə Qorqud" kino filminin musiqisi əsasında "Yallı" dan götürülmüş motivlər üzrə şəxsi caz işləməsi, əsərinin əsas mövzusu əsasında qurulmuş eyniadlı kompozisiyanın təqdimi dinləyicilər tərəfindən maraqla qarşılanmışdır. Arslan Növrəslinin yaradıcılığına baxaraq deyə bilərik ki, ifaçı yalnız caz standartlara, bluz janrına müraciətlə yetinmir, həmçinin bəstəkar və xalq musiqisini yeni üslubda, özünəməxsus şəkildə ifa edir. "Dədə Qorqud" kinofilmindən seçilmiş "Yallı" kompozisiyasına daha yaxından baxsaq buradakı ritmik quruluş və ölçünün fərqliliyi diqqət doğuracaq. Bu kompozisiyadakı 4/4 ölçülü mövzu ifaçı tərəfindən caz musiqisində daha çox ifa edilən 7/8 ölçüsünə çevrilmiş və əsərin xarakterini dəyişərək onu mürəkkəb caz kompozisiyasına çevirmişdir.

Təbii ki burada harmonik caz fakturasının da əlavə edilməsi çox önəmli faktorlardandır. İfaçının düşüncəsinə görə Azərbaycan xalq və bəstəkar musiqisinə harmonik fakturalar seçərək üzərində improvizasiya etməklə caz kompozisiyası qurmaq gözəl alınır. Tarzənin repertuarına nəzər yetirsək Ə. Rəhmatovanın tar ilə simfonik orkestr üçün yazdığı konsertin kodensiya bölməsini tələbəlik vaxtlarında sərbəst yanaşma şərti ilə işləyərək əsas mövzunun elementləri üzərində caz improvizasiyalı bölmə qurduğunu görə bilərik.

Arslan Növrəslinin öz kompozisiyası olan "Bluz-Muğam" kompozisiyasına nəzər saldıqda ifaçının burda caz musiqisində qəbul olunmuş bluz harmoniyaları üzərində öz fantaziyasına uyğun improvizə əsasında yazılmış muğam əsaslı mövzunun gözəlliyindən danışa bilərik. Onu da demək lazımdır ki, bluz janrı ifa olunan melodiyanın əhəmiyyətli olduğu və diqqətin daha çox melodiya üzərində cəmləşdiyi janrdır ki, bu əsərdə muğamla bluz janrlarının vəhdəti çox gözəl və maraqlı səslənir.

Ümumi olaraq deyə bilərik ki, tar alətində caz musiqisinin təbliği ilə əlaqədar 2015- ci ildə Heydər Əliyev Fondu və Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin təşkilatçılığı ilə Parisdə qurumun baş mənzil-qərargahında "Azərbaycan cazının yeni nəsli" konsert proqramı təşkil edilmişdir və həmin konsertdə Arslan Növrəsli ölkəmizi uğurla təmsil etmişdir.

Adı çəkilən layihələr, konsertlər üzrə Arslan Növrəslinin ilk dəfə tar aləti ilə caz musiqisinin ifası təkcə Azərbaycanda deyil, dünya arenasında da çox böyük maraqla qarşılanmışdır.

ƏDƏBİYYAT:

1. Duke, Ellington. “Amad”. Far East Suite, 1967.

2. Berendt Joachim E. (2009) The Jazz Book: From Ragtime to the 21st Century, USA: Chicago Review Press.

3. https://jazz.az/az/members/arslan-novresli-az/

4. https://rhythmofstudy.com/2013/01/07/jazz-in-the-middle-east-discover-jazz/

5. Liebmann D. (1991) A Chromatic Approach to Jazz Harmony and Melody, Germany: Advance Music.

6. Sermet C. (1999) Cazın İçinden, İstanbul, Pan Yayınları.

7.The All-Jazz real book; Petaluma, CA : Sher Music Co., c2001.

8.The New Real Book, Volume 2 (Key of C); Sher Music; 484 səh. (January 1, 1991)

9. Yusef, Lateef. “Passion”. Before Dawn: The Music of Yusef Lateef, 1958.