"Musiqi dünyası" № 4 (97) 2023
Article №15; 9357-9366 pр.
Lalə MUXTAROVA. Nikolay Rakovun violin və fortepiano üçün №2 sonatinasının (D-dur) ifaçılıq xüsusiyyətləri (DOI 10.5281/zenodo.10364763)
Text PDFTanınmış rus bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Nikolay Rakov (1908-1990) hərtərəfli fəaliyyəti ilə musiqi tarixinə daxil olmuşdur. N.Rakov dirijor, pianoçu, violin ifaçısı və müəllim kimi fəaliyyət göstərmiş və rus-sovet musiqisinin inkişafında əvəzsiz rol oynamışdır. Bəstəkarın fortepiano və violin üzrə təhsil alması onun bu alətlər üçün çoxsaylı əsərlər yazmasına səbəb olmuşdur. Belə ki, N.Rakov ilk musiqi təhsilini fortepiano ixtisası üzrə alsa da, daha sonra ali təhsilini violin ixtisası üzrə davam etdirmişdir. Fəaliyyətinin ilk dövründə - 1924-30-cu illərdə N.Rakov Moskvanın müxtəlif kinoteatrlarında, konsert zallarında violin ifaçısı kimi çalışmışdır [6].
N.Rakovun yaradıcılığında müxtəlif alətlər üçün yazılmış əsərlər say etibarilə çoxluq təşkil edir. İnstrumental musiqi (simfonik və kamera) bəstəkarın yaradıcılığının əsas istiqamətini müəyyənləşdirir. N.Rakov rus xalq-mahnı melosunu və müxtəlif xalqların folklor elementlərini öz əsərlərində geniş surətdə tətbiq etməyə nail olmuşdur.
Yaradıcılığının ilk dövrlərindən başlayaraq, N.Rakov violin üçün əsərlər yazsa da, bu sahədə ilk iri həcmli əsəri violin və orkestr üçün konsert (1944) olmuşdur. Violin aləti üçün bəstəkar məhsuldar şəkildə əsərlər yazmışdır. Bu əsərlərdə bəstəkar violin alətinin ifaçılıq xüsusiyyətlərini dərindən göstərməyə nail olmuşdur. N.Rakov violin üçün əsərlərini əsasən ansambl şəklində yazmışdır. Bəstəkar belə səpkili əsərlərini əksər hallarda fortepianonun müşayiəti ilə yazaraq, eyni zamanda hər iki alətin imkanlarını göstərməyə çalışmışdır.
N.Rakovun violin və fortepiano üçün sonatina №2 (D-dur)1965-ci ildə - bəstəkarın yaradıcılığının yetkin dövründə yazılmışdır [7].
Üç hissədən ibarət violin və fortepiano üçün sonatina №2 (D-dur) bəstəkarın yaradıcılığı üçün səciyyəvi olan lirik-emosional obrazlar aləminə malikdir. Sonatinanın yazılma dövrü 1965-ci ilə təsadüf etdiyi üçün burada həmin illərdə rus-sovet musiqisində özünü göstərən qərb meylləri də nəzərə çarpır. Belə ki, sonatinanın forma-quruluşunda nəzərə çarpan sərbəstliklər, tonallıqdan uzaqlaşmalar əsərə müəyyən dərəcədə müasir dövr qərb bəstəkarlarının yazı üslubunun xüsusiyyətlərini hiss etməyə əsas verir.
Sonatinanın birinci hissəsi “Allegro moderato” tempində, D-dur tonallığında, 4/4 ölçüdə yazılmışdır. Birinci hissənin məzmununu lirik-dramatik obrazlar aləmi təşkil edir.
Birinci hissə D-dur tonallığında yazılmış giriş mövzusu ilə başlayır.
Nümunə 1. N.Rakov.Violin və fortepiano üçün sonatina №2 (D-dur). Giriş mövzusu
Yeddi xanədən ibarət olan giriş mövzusu sonatinanın birinci hissəsinin əsas inkişaf istiqamətini özündə birləşdirir. Giriş violin və fortepiano partiyasının eyni vaxtda ifası ilə başlanır və belə başlanğıc tərzi əsərdə hər iki alətin eyni səviyyədə qəbul ediləcək imkanlara malik olmasını nümayiş etdirir. Birinci hissənin piano ahəngi üzərində başlaması obraz-emosional məzmunun lirik xüsusiyyətlərə malik olmasını müəyyənləşdirir. Sonatina boyu nəzərə çarpan ölçü dəyişkənliyi giriş mövzusundan başlayaraq nəzərə çarpır.
Violin partiyası girişdə daha təmkinli və yığcam şəkildə verilmişdir. Bəstəkar burada alətin ifaçılıq imkanlarının deyil, əsərin obraz məzmununun açılmasına üstünlük vermişdir. Melodiyanın sekvensiya şəklində xalis kvarta intervalı həcmində yuxarı istiqamətdə səslənməsi bəstəkarın əsərdə əsas ideyanın açılmasına cəhd etməsini göstərir.
Əsas mövzu (8-ci xanədən başlanır) sanki girişin davamı kimi səslənir. 4/6 ölçüdə başlayan əsas mövzunun əvvəlində fortepiano partiyasında qısa bir müddətdə girişin ritmik fiqurasiyaları davam etdirilir.
Nümunə 2. N.Rakov. Violin və fortepiano üçün sonatina №2 (D-dur). Əsas mövzu
Melodik hərəkətin xüsusiyyətləri əsas mövzuda fərqli bir tərz yaradır. Əsas mövzu “gis” səsinin üzərində başlayır. İkili dominant səsinin üzərində başlanması əsas mövzunun getdikcə gərginləşən xarakterini ifadə edir. Əsas mövzunun daxilində 6/4 və 2/4 ölçülərinin hər xanə boyu bir-birini əvəzləməsi dramatik həyəcanlılığı daha da artırır. Xanə ölçülərinin dəyişməsinə görə, əsas mövzunun ritmik fiqurasiyaları müxtəliflik əldə edir. Belə ki, 6/4 ölçülü xanələrdə onaltılıqlar, 2/4 ölçülü xanələrdə isə səkkizliklər aparıcı əhəmiyyət kəsb edir. Girişdən fərqli olaraq, əsas mövzuda hərəkətin aktivləşməsi müşahidə edilir. Belə ki, əsas mövzuda girişin lirik xarakterindən uzaqlaşma və gərgin dramatikliyin daxil edilməsi mühüm yer tutur. Əsas mövzunun sonuna yaxın lirik xarakterin getdikcə üstünlük əldə etməsi bir növ köməkçi partiyanı hazırlayır və son üç xanə (24-26-cı xanələr) bu məqsədə xidmət edir.
Köməkçi mövzu (27-ci xanədən başlayır) lirik xarakterli olub, piano ahəngində səslənir. Əsas mövzuda üstünlük təşkil edən onaltılıq notları burada çərək və səkkizliklərin növbələşməsi əvəzləyir.
Nümunə 3. N.Rakov. Violin və fortepiano üçün sonatina №2 (D-dur). Köməkçi mövzu
Köməkçi mövzuda ilk nəzərə çarpan xüsusiyyət faktura dəyişikliyidir. Belə ki, fortepiano partiyası akkordlar ilə səslənməyə başlayır. Fortepianonun akkordlu müşayiəti fonunda violin partiyası çox axımlı, registr müxtəlifliyini əhatə edən sadə melodiya üzərində səslənir. İlk baxışda burada giriş və əsas mövzunun ikinci elementinin xüsusiyyətləri nəzərə çarpır. Fortepiano müşayiətinin akkordlu fakturası violin partiyasının xarakterinə təsir edərək, onu lirik hisslər aləmindən uzaqlaşdırır. Tədricən (34-cü xanə) marşvari elementlər köməkçi mövzunun xarakterinə qətiyyətli və əzmli bir səslənmə tərzi bəxş edir. Qısa bir müddət davam edən marşvari xarakter köməkçi mövzunu lirik xarakterindən tam şəkildə uzaqlaşdırmır və tezliklə lirik xəyalpərvərlilik yenidən bərpa olunur. Kiçik həcmli tamamlayıcı mövzu işlənmə bölməsinə keçid əhəmiyyəti daşıyır.
İşlənmə bölməsi (39-cu xanədən başlayır) əsas mövzunun elementləri üzərində qurulmuşdur. Ekspozisiyadan fərqli olaraq, işlənmə bölməsindəki əsas mövzu daha çox ritmik xırdalıqlarla verilmişdir. Fortepiano partiyası akkordlu fakturada verilərək, daha qətiyyətli və marşvari xüsusiyyətlərə boyanmış bir şəkildə səslənir. Əsas mövzunun melodik inkişafı violin alətinin ifaçılıq imkanlarının açılmasına doğru istiqamətlənmişdir. Arasıkəsilməz fasiləsiz inkişafın olması, melodik hərəkətin sürətli bir şəkildə səslənməsi işlənmə bölməsinə intensivlik bəxş edir.
Repriza giriş mövzusunun səslənməsi ilə başlayır. Ekspozisiyada olduğu kimi, giriş mövzusu yeddi xanədən ibarətdir və ölçü dəyişkənliyinə əsaslanır. Əsas mövzu da əsaslı bir dəyişikliyə məruz qalmır. Melodiyanın inkişaf xətti, ritmik fiqurasiyaların hərəkəti ekspozisiya bölməsində malik olduğu xüsusiyyətləri əks etdirir. Lakin reprizada əsas mövzunun birinci və ikinci elementləri daha yığcamlaşdırılmış bir şəkildə verilmişdir. Köməkçi mövzu da eyni səciyyəvi keyfiyyətlərə malik bir şəkildə reprizada səslənir. Lakin giriş və əsas mövzu ilə müqayisədə, köməkçi mövzu daha qısaldılmışdır. Burada köməkçi mövzunun başlanğıc intonasiyaları səslənir və onun reprizada əsas funksiyası birinci hissəni tamamlamaqdan ibarətdir. Elə bu səbəbdəndir ki, köməkçi mövzunun reprizada sonrakı inkişafı tamamlayıcı mövzu ilə qovuşaraq, ekspozisiyanı sonlandırmağa xidmət edir. Bir cəhəti də vurğulayaq ki, birinci hissənin giriş mövzusunun başlanğıcında fortepiano partiyasında əksidilmiş kvinta intervalına əsaslanma nəzərə çarpırdı və bu xüsusiyyətə reprizanın son dörd xanəsində də rast gəlinir. Bu isə sonatinanın birinci hissəsinin bir növ giriş mövzusunun elementləri tərəfindən çərçivəyə alınmasının göstəricisidir. Digər maraqlı bir cəhət isə birinci hissənin D-dur tonallığının kvinta səsində (“A”) başlayaraq, tersiya səsi (“Fis”) üzərində tamamlanmasıdır. Bu xüsusiyyət sonatinanın birinci hissəsinə qeyri-müəyyənlik verərək, D-dur tonallığının əsərin əsas tonallığı kimi digər hissələrdə davam etdirilməsini labüd edir.
Sonatinanın ikinci hissəsi “Allegro scherzando” tempində, 4/4 ölçüdə və a-moll tonallığında yazılmışdır. Adətən üçhissəli silsilələrdə orta hissə sakit xarakterdə olsa da, bu sonatinada belə bir xüsusiyyət nəzərə çarpmır və hər bir hissə cəld tempdə yazılmışdır.
İkinci hissə şən, hərəkətli, müəyyən qədər vals janrının xüsusiyyətlərini xatırladan bir xarakterə malikdir.
Nümunə 4. N.Rakov. Violin və fortepiano üçün sonatina №2 (D-dur). İkinci hissə
Mürəkkəb üçhissəli quruluşda yazılan ikinci hissənin birinci bölməsi a-moll tonallığının təsdiqlənməsi funksiyasını daşıyır. İkinci hissənin birinci bölməsi (A) sadə üçhissəli formada yazılmışdır. Onun birinci hissəsi səkkiz xanədən ibarətdir. Fortepianonun akkordlu fakturası ikinci hissənin birinci bölməsinə təntənəli bir xarakter bəxş edir və əsas ideyanı bir növ təsdiqləyir. İkinci hissənin birinci bölməsi piano ahəngi üzərində başlasa da, tədricən metsoforte ahənginə qədər yüksəlmə baş verir və bu da əsərin inkişaf istiqamətini müəyyənləşdirir. Hissənin daxilində sekvensiya üzərində kiçik motivlərin səslənməsi melodik hərəkətə incə bir lirizm cizgiləri bəxş edir. İkinci hissənin birinci bölməsinin sinkopalı ritm üzərində başlaması və triollarla səslənməsi obraz-emosional məzmuna oynaqlıq və dinamik hərəkətlilik gətirir. Pizzikato üzərində və forte ahəngində violin partiyasının səslənməsi isə violin partiyasının əsərin əsas ideyasını ifadə edən mövzunun başlanmasını nümayiş etdirir. İkinci bölməsi isə violin partiyasının triollarla səslənməsi ilə başlayır. Bu bölmə violin partiyasının ifaçılıq imkanlarının daha dərindən ifadə edilməsinə istiqamətlənir. Triollar üzərində və arasıkəsilməz melodik inkişafa əsaslanan ikinci bölmə həm də ifaçıdan yüksək texniki bacarıqlara malik olmağı tələb edir. Fortepino partiyası burada daha çox fon xarakteri daşıyır və melodik hərəkətin fortepiano partiyasında təsdiqlənməsinə şərait yaradır. İnkişafın dinamikləşməsi qəfildən kəsilir və üçüncü bölmə başlanır. Üçüncü bölmə (17-24-cü xanələr) birinci bölmənin ixtisar olunmuş təkrarı üzərində qurularaq, orta hissəyə keçidi hazırlayır.
Orta hissə (B) a-moll və A-dur tonallıqlarının qarşılaşdırılması üzərində qurulmuşdur. Ritmik və melodik baxımdan orta hissə daha sakit və lirik xarakterə malikdir. İlk dörd xanədə sakit bir xarakter hiss olunsa da, tezliklə ikinci hissənin birinci bölməsinin elementləri nəzərə çarpmağa başlayır.
Üçüncü bölmə (39-cu xanədən başlanır) birinci bölmənin dəyişilmiş və daha genişlənmiş materialı üzərində qurulmuşdur. Bu bölmə ikinci hissəni yekunlaşdırdığı üçün əsas ağırlıq yükü məhz bu bölməyə təsadüf edir. Üçüncü bölmənin (A1) başlanğıcı elə ikinci hissənin kulminasiyası kimi şərh oluna bilər. Bu bölmədə violin partiyasının texniki imkanları daha qabarıq ifadə olunur. Bir-birinin ardınca səslənən hərəkətli ritmik fiqurasiyalar, sinkopalı ritm, dinamik ahənglərin üstünlüyü bu bölməyə gərgin dramatizm cizgiləri bəxş edir. Violin partiyasında olan gərginlik fortepiano müşayiətinə də təsirini göstərir və onu bu arasıkəsilməz hərəkət istiqamətinə birləşdirir. İkinci hissənin üçüncü bölməsinin son xanələrində eyni melodik motivin sekvensiya şəklində dəfələrlə müxtəlif səslərdən səslənməsi daxili gərginliyi artırmaqla yanaşı, hərəkətin sürətinin zəifləməsinə səbəb olur və “poco ritenuto” ilə dramatizmin bitməsini göstərir.
Sonatinanın üçüncü hissəsi “Allegro” tempində, 3/8 ölçüdə və D-dur tonallığında yazılmışdır. Üçüncü hissə rondo formasındadır - ABACA.
Nümunə 5. N.Rakov. Violin və fortepiano üçün sonatina №2 (D-dur). Üçüncü hissə
Üçüncü hissədə diqqəti ilk cəlb edən xüsusiyyət hərəkətin sürətli və fasiləsiz inkişafa əsaslanmasıdır. Rondo özündə marşvari xüsusiyyətlər daşıyır. Bunu fortepiano partiyasının dəqiq ritm üzərində qurulması və vurğuların xanənin güclü təqtilərində səslənməsi, eləcə də fortepiano partiyasının sağ əldə oktava intervalına əsaslanaraq qətiyyətli səslənməsi və digər bu kimi xüsusiyyətlər təsdiq edir.
A refren D-dur tonallığında yazılmışdır və üçüncü hissənin davamlı hərəkətliliyə əsaslanan obraz-emosional məzmununu özündə ifadə edir. Refrendə violin və fortepiano partiyası bir-birinə əks mövqe nümayiş etdirir. Belə ki, hər iki alətin partiyası əks istiqamətdə bir-birinə qarşı yönələn hərəkətə malikdirlər. Refren D-dur və d-moll tonallıqlarının qarşılaşmasına əsaslanır və bu cəhət epizodlarda da davam edir.
B epizodu A refrenin davamı kimi səslənir və başlanğıc hissədə eyni ritmik materiala əsaslanır. Period formasında yazılmış epizodun ikinci cümləsində artıq yeni ritmik fiqurasiyalar daxil olur və refrendən gələn xüsusiyyətlər ancaq fortepiano partiyasında saxlanılır. B epizodunda müşahidə olunan mövzu dəyişkənliyi qısa müddət davam edir və yenidən refrendən irəli gələn xüsusiyyətlər bərpa olunur.
A1 refreni müəyyən dəyişikliklə səslənir və bir növ onun materialı əsasında qurulan B epizodunun davamı kimi qəbul oluna bilər.
C epizodu F-dur tonallığında səsləndiyi üçün lad xüsusiyyətləri baxımdan əsərə fərqlilik gətirir. Əsas diqqət F dur-un tonikasının təsdiqlənməsinə yönəlmişdir. Epizod daxilində D dur-a yönəlmələr müşahidə olunsa da, bu qısa müddətli davam edir. Əvvəlki B epizodu ilə müqayisədə, C epizodu daha geniş həcmlidir. Ritmik baxımdan bu epizod da refrenə yaxındır. C epizodunda violin partiyası daha gərgin səslənir. Belə ki, violin partiyasında hissənin daxili gərginliyinin və obraz-emosional məzmunun sabitliyinin verilməsi daha qabarıq nəzərə çarpır. Üçüncü hissənin kulminasiyası da C epizodunda nəzərə çarpır. Epizodun sonunda violin partiyasında F-dur tonallığının təsdiqlənməsi baş verir və yenidən refren səslənir.
A2 refreni rondonun ən iri həcmli hissəsidir. Genişlənmiş şəkildə səslənən refrendə əvvəlki epizod və refrenlərə xas olan xüsusiyyətlər bir növ birləşir. D-dur tonallığında yazılsa da, burada digər tonallıqlara ötəri modulyasiyalar müşahidə olunur. Refrenin orta hissəsində B və C epizodlarının elementləri nəzərə çarpır. Klassik rondo formalarında olduğu kimi, burada da kiçik kodadan istifadə edilmişdir. Üçüncü hissənin son səkkiz xanəsində özündə koda xüsusiyyətlərini daşıyan kiçik bir hissə səslənir. Bu hissə D-dur tonallığının təsdiqlənməsi əhəmiyyəti daşıyır. Koda bölməsində violin və fortepiano partiyası eyni istiqamətə yönələrək, üçüncü hissənin davamlı hərəkətə əsaslanan ideyasını təsdiqləyir.
Beləliklə, N.Rakovun violin və fortepiano üçün sonatina №2 (D-dur) əsəri bəstəkarın klassik ənənələr çərçivəsində yazdığı nümunə kimi əhəmiyyətlidir. Bəstəkar sonatina daxilində aydın klassik forma və məntiqə əsaslanaraq, özünəməxsus əsər yaratmağa nail olmuşdur. Sonatinada lirik obrazlılıq üstün olsa da, hərəkətin inkişafında gərgin dramatik inkişaf xüsusiyyətləri diqqəti cəlb edir.
N.Rakov həm piano, həm də violin alətinin ifaçılıq imkanlarını mükəmməl şəkildə ifadə etməyə nail olmuş və bu zaman ifaçıların öz bacarıqlarını nümayiş etdirmələri üçün vacib olan xüsusiyyətləri nəzərə almışdır.
İstifadə olunmuş ədəbiyyat siyahısı
Azərbaycan dilində
1. Abdurrəhmanova, İ.M. Azərbaycan bəstəkarlarının yaradıcılığında sonata janrının təkamülü: / sənətşünaslıq üzrə fəlsəfə doktoru dis. avtoreferatı. / – Bakı, 2004. – 23 s.
2. Həsənova, L.V. Azərbaycan bəstəkarlarının skripka üçün əsərlərində üslub xüsusiyyətləri və interpretasiya məsələləri (1970-1990-cı illər): / sənətşünaslıq üzrə fəlsəfə doktoru dis. avtoreferatı / – Bakı, 2002. – 26 s.
3. Seyidov, T.M. XX əsrin fortepiano mədəniyyəti: Pedaqogika, ifaçılıq və bəstəkarlıq yaradıcılığı / T.M.Seyidov. – Bakı: Təhsil, – 2016. – s.335.
Rus dilində
4. Баренбойм, Л.А. Музыкальная педагогика и исполнительство / Л.А.Баренбойм. – Ленинград: Советский композитор, – 1974. – 336 с.
Notoqrafiya
5. Раков, Н.П. Сонатина для скрипки и фортепиано №2 [Ноты]: / Рукопись, – 36 s.
Saytoqrafiya
6. Раков, Н.П. Википедия [Электронный ресурс] /
B9_%D0%9F%D0%B5%D1%82%D1%80%D0%BE%D0%B2%D0%B8%D1%87
7. Раков, Н.П. Сонатина для скрипки и фортепиано №2 [Электронный ресурс] / URL: https://www.youtube.com/watch?v=Z3rR0Pp8OuI