"Musiqi dünyası" № 3 (96) 2023
Article №3; 9239-9246 pр.
Aynur ŞİXİYEVA. Fikrət Əmirovun bəstəkarlıq və etnomusiqişünaslıq fəaliyyətinin qarşılıqlı əlaqəsi (DOI 10.5281/zenodo.10362789)
Text PDFAzərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun yaradıcılığı milli musiqi irsinin ən parlaq səhifələrini təşkil edir. O, musiqinin bütün janrlarında əsərlər bəstələməklə yanaşı, eyni zamanda, ənənəvi musiqinin qorunması, tədqiqi və təbliği, toplanması və nota yazılması sahəsində də mühüm işlər görmüşdür. Belə ki, onun bəstəkarlıq və etnomusiqişünaslıq fəaliyyəti həmişə qarşılıqlı əlaqədə olmuşdur. Bu əlaqəni bir neçə istiqamətdə xarakterizə etmək məqsədəuyğun olar.
F.Əmirov xalq mahnılarını, təsnifləri və rəngləri, muğamları nota yazmışdır. Bu not yazılarından bəzisi çap olunmuş, bəzisi onun əsərlərində istifadə olunmuşdur, bir sıra nümunələrin işləmələri meydana gəlmişdir. Bəstəkar xalq musiqisinə aid bir sıra janrlarla klassik musiqi janrlarını qovuşdurmuş, eyni zamanda, ənənəvi musiqidən musiqi dilinin əsası kimi məqam, melodik-intonasiya, metroritmik xüsusiyyətlərin təcəssümü səviyyəsində istifadə etmişdir. Göründüyü kimi, F.Əmirovun yaradıcılığı timsalında onun bəstəkarlıq və etnomusiqişünaslıq fəaliyyətinin qarşılıqlı əlaqələrini bütün bu istiqamətlər daxilində mərhələlərlə nəzərdən keçirə bilərik.
F.Əmirov ailədə, yaşadığı mühitdə daim xalq musiqisi ilə təmasda olmuşdur. Ailə ənənəsi, atası Qarabağın görkəmli musiqiçisi və muğam bilicisi olan Məşədi Cəmil Əmirovun Gəncə şəhərindəki geniş ifaçılıq və maarifçilik fəaliyyəti Fikrət Əmirovun istedadının formalaşmasında və sənətdə ilk addımlarında təkan qüvvəsi olmuşdur. Onun tar alətinin, muğamların, xalq musiqisinin ifaçılıq sirlərini mənimsəməsi bəstəkarlıq təfəkkürünün püxtələşməsinə güclü təsir göstərmişdir. O, uşaqlıqdan ömrünün sonuna kimi dövrünün görkəmli musiqi xadimləri ilə, muğam ustadları ilə daim təmasda olmuş, bu da onun yaradıcılığına öz təsirini göstərmişdir.
F.Əmirov təhsil illərində də ənənəvi musiqi ilə maraqlanmışdır. Bilavasitə dahi bəstəkar və musiqişünas Üzeyir Hacıbəyli ilə, görkəmli müğənni Bülbül ilə yaxın ünsiyyəti onun dünyagörüşünün, sənətə baxışlarının formalaşmasına böyük təsir etmişdir. Azərbaycan Dövlət Konservatoriyasında o, bəstəkarlıq sənətinin əsaslarını mənimsəməklə yanaşı, eyni zamanda ənənəvi musiqi nümunələrinin toplanıb yazıya alınmasına da diqqətini yönəltmişdir. 1930-cu illərin sonu 1940-cı illərin əvvəllərinə aid təhsil dövründə o, Ü.Hacıbəylidən xalq musiqisinin qanunauyğunluqlarını, B.Zeydmandan bəstəkarlıq sənətinin əsaslarını öyrənmişdir. Bülbülün rəhbərliyi altında isə xalq musiqisinin toplanması və nota yazılması işində fəal iştirak etmişdir. Bu dövr haqqında F.Əmirov öz məqalələrində bir çox fikirlər söyləmiş, bu sənətkarların yaradıcılığını, onların Azərbaycan musiqi mədəniyyətindəki əhəmiyyəti və özünün sənət yolundakı rolunu yüksək qiymətləndirmişdir.
Etnomusiqişünaslıq sahəsində, ənənəvi musiqi nümunələrinin nota köçürülməsi, onlardan yaradıcılıqla istifadə olunması məsələlərində də F.Əmirov Ü.Hacıbəylinin yolunu davam etdirmişdir.
Üzeyir Hacıbəyli öz məqalələrində dəfələrlə xalq mahnılarının əhəmiyyətini, onların toplanmasının, nota yazılmasının vacibliyini göstərmişdir. O, “Azərbaycanda musiqi tərəqqisi” məqaləsində yazır: “El mahnılarımız bizim musiqi sərvətimiz və musiqi mənbəyimizdir. Fəqət biz hələ bu sərvət və mənbədən layiqincə istifadə edə bilməmişik”. Daha sonra o qeyd edir: “Bu mahnılar ağızdan-ağıza düşüb şəhərləri, kəndləri gəzib dolaşır, sonra... tamamilə unudulub itir... Bu nəhvilə yüzlərcə qiymətli el mahnılarımız itib-batmışdır. Bununla belə hal-hazırda mövcud olan və yadlarda qalan el mahnılarımızı yığıb cəmləsək, yenə də yüzlərcə havalarımızı unudulmaq təhlikəsindən xilas edə bilərik” [6, s. 246]. Bu sözlər F.Əmirovun xalq mahnılarını toplamaq və nota yazmaq sahəsindəki fəaliyyəti üçün əsas olmuşdur. Bəstəkarın not yazılarının araşdırılması bunu aydın göstərir.
Fikrət Əmirovun etnomusiqişünaslıq fəaliyyətində bilavasitə Bülbülün rolu xüsusilə böyük olmuşdur. F.Əmirov öz məqalələrində qeyd edirdi ki, onu xalq musiqisi incilərini toplayıb nota salmağa məhz Bülbül sövq etmişdir. “Azərbaycan bülbülü” məqaləsində o, yazırdı: “Bülbül Azərbaycan milli musiqi xəzinəsini göz bəbəyi kimi qoruyur, bu xalq incilərinə öz məlahətli ifası ilə daha dərin məna və gözəllik verir.
Bülbülün rəhbərliyi ilə Azərbaycan xalq mahnı, rəqs və muğamlarının nota köçürülməsi incəsənətimiz tarixində görkəmli hadisə kimi qeyd olunmağa layiqdir” [5, s. 16].
F.Əmirov xalq musiqisini çox dəyərləndirərək, bunu bəstəkar yaradıcılığının əsas qaynağı hesab edirdi. O, yazırdı: “Azərbaycan xalq sənəti xəzinəsi həqiqətən tükənməzdir. Hələ onda çox qiymətli, indiyə qədər nəzərə çarpmamış çox sərvətlər tapmaq olar və lazımdır. Axı xalqımızın mənəvi mədəniyyəti gözəl qol-budağı olan, ciddi diqqətə layiq dərin köklərə malikdir” [5, s. 95].
Ümumiyyətlə, ənənəvi musiqi nümunələrinin nota salınması və tədqiqi etnomusiqişünaslığın əsas vəzifələrindən biridir. Əsrlərdən bəri bizə şifahi ənənə əsasında gəlib çatmış musiqi nümunələrinin not fiksasiyası çox çətin və məsuliyyətli bir işdir.
Məlum olduğu kimi, xalq mahnılarından ibarət ilk məcmuə ölkəmizdə 1927-ci ildə çap olunmuş Üzeyir Hacıbəylinin və Müslüm Maqomayev tərəfindən nota yazılmış və işlənilmiş “Azərbaycan türk el nəğmələri” adlı məcmuə olmuşdur. Bu məcmuədə 33 mahnı toplanmışdı və onların əksəriyyəti görkəmli xanəndə Cabbar Qaryağdıoğlunun ifasından, bir neçə nümunə isə Zülfüqar Hacıbəyovun qeydləri əsasında notlaşdırılmışdı. Məcmuədə ilk dəfə olaraq, xalq musiqisinin müxtəlif janrlarına aid nümunələr – laylay, əmək mahnıları, uşaq mahnıları, lirik mahnılar, məişət və mərasim mahnıları əhatə olunmuşdu. Azərbaycanda etnomusiqişünaslığın inkişafına təkan verən bu nəşr sonrakı illərdə Azərbaycan bəstəkarları və musiqişünasları tərəfindən davam etdirilmişdir.
Bu baxımdan 1930-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasının nəzdində Bülbülün rəhbərliyi ilə fəaliyyət göstərmiş Elmi-Tədqiqat Musiqi Kabineti tərəfindən böyük işlər görülmüşdür. Kabinetdə fəaliyyət göstərmiş Asəf Zeynallının, Səid Rüstəmovun, Fikrət Əmirovun, Tofiq Quliyevin, Zakir Bağırovun, Qara Qarayevin, Cövdət Hacıyevin, Ərtoğrul Cavidin, Məmmədsaleh İsmayılovun etnomusiqişünaslığın inkişafında böyük rolu olmuşdur. Onların not yazıları öz əhəmiyyətini bu gün də qoruyub saxlayaraq, həm müxtəlif nəşrlərdə çap olunur, həm də elmi tədqiqatların əsasını təşkil edir.
Bu dövrdə F.Əmirov kabinetin işində yaxından iştirak edərək, həm folklor ekspedisiyalarında, həm də səsyazma studiyasında fəaliyyət göstərirdi. Musiqişünas-alim Əhməd İsazadə Elmi-Tədqiqat Musiqi Kabinetinin fəaliyyətini xarakterizə edərək, toplanan musiqi materialı haqqında geniş məlumat vermişdir. Burada maraqlı olan cəhətlərdən biri F.Əmirovun xanəndə Bilal Yəhyanın ifasından “Şur” və “Segah” muğamlarının ayrı-ayrı bölmələrini nota yazmasından ibarətdir. Lakin F.Əmirovun nota saldığı muğamlar çap olunmamışdır.
Bülbülün məqalələrində də kabinetin fəaliyyəti haqqında məlumat verilmişdir. Burada toplanmış və nota salınmış ənənəvi musiqi nümunələrinin həcmi açıqlanır. Eyni zamanda, Bülbülün “Məlumat” adlı məqaləsində Fikrət Əmirovun simfonik muğamların yaradılması ideyasından söhbət gedir. F.Əmirova “Şur” və “Kürd-Ovşarı” simfonik muğamları ilə bağlı ideyanı Bülbül vermişdir. Bu işə bir hazırlıq prosesi olaraq, F.Əmirov tərəfindən Cabbar Qaryağdıoğlunun val yazısından, Seyid Şuşinskinin, Qurban Primovun Bülbülün ifasından muğamların nota yazılması göstərilir [4, s. 81]. Bütün bunların nəticəsi olaraq, F.Əmirov milli musiqi tarixində ilk dəfə olaraq, simfonik muğam janrının əsasını qoymuşdur. 1948-ci ildə yaranmış “Şur” və “Kürd-Ovşarı” simfonik muğamları F.Əmirovun bəstəkarlıq və etnomusiqişünaslıq fəaliyyətinin qarşılıqlı əlaqəsindən doğan nadir sənət nümunələridir.
Elmi-Tədqiqat Musiqi Kabinetində fəaliyyət göstərən bütün musiqiçilər üçün bu dövr çox məhsuldar olmuş və onların yaradıcılığına təsir göstərmişdir. Bu baxımdan əlbəttə ki, hər bir bəstəkarın yaradıcılıq irsində bunu izləmək olar. Xüsusilə son dövrdə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun əməkdaşları tərəfindən aparılan arxiv materiallarının araşdırılması bu dövr haqqında, görülən işlərin əhəmiyyəti haqqında daha çox məlumat əldə etməyə imkan verir. Bununla bağlı sənətşünaslıq doktoru İradə Köçərlinin tədqiqatlarında [9] Qara Qarayevin, Cövdət Hacıyevin, Məmmədsaleh İsmayılovun arxiv not əlyazmalarının araşdırılması diqqəti cəlb edir. Bu baxımdan Fikrət Əmirovun adı ilə bağlı arxiv materiallarının üzə çıxarılması da aktuallıq daşıyır.
1936-1938-ci illər arasında çap olunmuş bir sıra muğamlar, xalq mahnıları, xalq rəqsləri, aşıq havalarından ibarət məcmuələr kabinetdə aparılan işin həcmini sübut edir. Bunların sırasında Səid Rüstəmovun nota yazdığı Cabbar Qaryağdıoğlunun ifasından “50 Azərbaycan xalq mahnısı” məcmuəsi bu janrla bağlı ikinci böyük məcmuədir ki, burada əsasən lirik xalq mahnıları toplanmışdır.
F.Əmirovun nota yazdığı çox sayda xalq mahnıları 1956-1958-ci illərdə Bülbülün tərtib etdiyi “Azərbaycan xalq mahnıları” məcmuəsində çap olunmuşdur. İki cilddən ibarət bu məcmuədə Fikrət Əmirovla yanaşı, Səid Rüstəmovun, Tofiq Quliyevin də not yazıları öz əksini tapmışdır. Bu məcmuə həcminə və tutumuna görə həmin vaxta qədər çap olunmuş xalq mahnı məcmuələrindən fərqlənirdi. “Azərbaycan xalq mahnıları” məcmuəsi 1981-ci ildə yenidən nəşr olunmuşdur [1; 2]. Bu məcmuəyə daxil olan F.Əmirovun not yazılarının əksəriyyəti 2003-cü ildə çap olunan “Azərbaycan xalq musiqisinin antologiyası”nın I cildində də çap olunmuşdur [3].
“Azərbaycan xalq mahnıları” məcmuəsinin iki cildində toplanmış xalq mahnıları olduqca böyük həcmdə nümunələri özündə cəmləşdirmişdir. Məcmuəyə daxil olan Səid Rüstəmovun not yazıları əsasən lirik mahnıları, Fikrət Əmirovun not yazıları toy mərasim mahnılarını, lirik mahnıları, halayları, Tofiq Quliyevin not yazıları isə bir neçə tarixi mahnıları və lirik mahnıları əhatə edirdi. Göründüyü kimi, “Azərbaycan xalq mahnıları” məcmuəsində lirik mahnıların sayı çox olsa da, Fikrət Əmirovun not yazıları ilk dəfə olaraq, Azərbaycan ənənəvi toy mərasimi ilə bağlı mahnı nümunələrini bizə çatdırmışdır.
“Azərbaycan xalq mahnıları” məcmuəsinin I cildində Fikrət Əmirovun nota yazdığı 51 nümunə, II cildində isə 30 nümunə toplanmışdır. Bütün bu mahnı nümunələrinin məzmunu baxımından araşdırılması göstərir ki, onlar xalq mahnı yaradıcılığının əsasən toy mərasim mahnıları və lirik mahnı janrlarına aiddir. Not yazıları arasında halaylar da müəyyən yer tutur, həmçinin, əməklə və qəhrəmanlıqla bağlı ayrı-ayrı nümunələrə rast gəlinir.
Elmi ədəbiyyatdan məlumdur ki, ənənəvi musiqinin əsas janrlarından biri olan xalq mahnıları müxtəlif növlərə bölünür. Musiqişünas Rauf İsmayılzadə yazır: “Azərbaycan xalq mahnıları rəngarəng mövzu və məzmununa, aydın və konkret xüsusiyyətlərinə, eləcə də ictimai motivlərinə görə bir-birindən fərqlənir. Bu baxımdan onları dörd qrupa bölmək olar: I. əmək mahnıları, II. mərasim mahnıları, III. məişət mahnıları, IV. tarixi mahnılar” [8, s. 52]. Bunların daxilində də növ müxtəlifliyi özünü göstərir.
Maraqlıdır ki, F.Əmirovun not yazıları arasında bütün bu janrlara aid nümunələrə rast gəlirik.
Ənənəvi mərasimlərdən biri olan toy mərasim mahnılarına aid daha çox nümunələr özünü göstərir. Məsələn, “Xoş gəldin”, “Xoş getdin”, “Ay yol açın, gəlin gəlir”, “Ay mübarək”, “Aparmağa gəlmişik”, “Xınayaxdı havası”, “Toyun mübarək olsun”, “Almanı alma gəlin”, “Əylən, gəlin” və s. toy mərasiminin ayrılmaz adət-ənənələri olan xınayaxdı, gəlinaparma, belbağlama, duvaqqapma, bəyin tərifi, gəlinin tərifi və s. ilə bağlıdır. Xalqın qədim adət-ənənələrini yaşadan bu mahnıların nota yazılması böyük əhəmiyyətə malik olaraq, onların qorunub saxlanmasına və gələcək nəsillərə ötürülməsinə imkan verir. Bu gün biz məhz bu not yazılarına əsaslanaraq qədim toy adət-ənənələrini bərpa edərək, milli mərasim musiqimizi dünya xalqlarına tanıda bilərik. Buna görə F.Əmirovun nota yazdığı toy mərasim mahnıları çox dəyərlidir.
Eyni zamanda, “Azərbaycan xalq mahnıları” məcmuəsində F.Əmirovun not yazıları sırasında çox sayda lirik mahnıları qeyd edə bilərik ki, bunlar da, demək olar ki, bu janr nümunələrinin ilk not yazıları sayıla bilər. Məsələn, “Gözəlim sənsən”, “Üç gündən bir, beş gündən bir”, “Dağlarda çiçək”, “Aç xurcunu”, “Balam, yarın mənəm, mən”, “Nar, ey nar”, “Gəl al məni, yar, yar”, “Aşıq balanı”, “Yelpazə”, “Bağçası barı”, “Nar atdılar”, “Kimin yarısan”, “Can gülüm can-can”, “Ay dili-dili”, “İki alma”, “Süsən-sünbül”, “Gülə-gülə”, “Bilay, bilay”, “Ağ arxalıq”, “Şal alan”, “Aman Mələk”, “Mənim olasan, yar”, “Yar axşamın çağları” və s. nümunələrə bundan əvvəlki məcmuələrdə rast gəlinmir. Bəzi hallarda ayrı-ayrı mahnıların variantlarına təsadüf olunur. Fikrimizcə, F.Əmirovun nota saldığı xalq mahnılarının Ü.Hacıbəylinin, S.Rüstəmovun və digər bəstəkarların mövcud not yazıları ilə müqayisə olunması bu sahədə maraqlı tədqiqatlara yol aça bilər.
F.Əmirovun not yazıları arasında halay janrına aid nümunələr də yer almışdır. Bunlardan “Halay”, “Əl eylər”, “Dad əlindən”, “Aman, Mələk, hay”, “Ey lalla”, “Hay, hey”, “Qız kəmərin bağlama”, “Hay lo-lo” və s.
Halay janr baxımından vokal-xoreoqrafik silsilə kimi müəyyən olunur. O, sıra ilə növbələşən mahnı-rəqslərdən ibarət olub, respublikanın cənub rayonlarında geniş yayılmışdır. Qeyd edək ki, Azərbaycan etnomusiqişünaslığında bu janrın ilk tədqiqatçısı sayılan Bayram Hüseynli 1960-cı illərdə halay nümunələrini nota yazıb araşdırmışdır [7]. Lakin nəzərə almaq lazımdır ki, Fikrət Əmirov tərəfindən yazıya alınmış halay nümunələri ondan çox illər əvvələ aiddir və bu da onların etnomusiqişünaslığın inkişafındakı əhəmiyyətini dəyərləndirməyə imkan verir.
Fikrət Əmirovun etnomusiqişünaslıq sahəsindəki fəaliyyətinin onun yaradıcılığına da təsiri olmuşdur. Böyük həcmdə müxtəlif janrlı xalq mahnılarının not yazıları ilkin mənbədən alındığı şəkildə məcmuədə öz əksini tapmışdır. Yalnız bir neçə lirik xalq mahnı nümunəsi F.Əmirov tərəfindən müxtəlif şəkildə – səs və fortepiano üçün, xor üçün işləmişdir. Bunlar “Gözəlim sənsən”, “Evləri var xana-xana”, “Küçələrə su səpmişəm” xalq mahnı işləmələridir ki, konsert repertuarına geniş daxil olmuşdur.
Ümumiyyətlə, bəstəkar öz əsərlərində xalq mahnı və rəqslərindən, muğamlardan, rəng və təsniflərdən istifadə etsə də, onlara yaradıcı surətdə yanaşmış, klassik musiqi qanunlarına uyğun işləmişdir. Ənənəvi musiqi bəstəkarın yaradıcılıq üslubunu qidalandıran zəngin mənbə olmuşdur. Onun əsərlərinin musiqi dilində, janr xüsusiyyətlərində ənənəvi musiqi ilə qarşılıqlı əlaqələr qabarıq şəkildə özünü göstərir. F.Əmirovun musiqili-səhnə, simfonik, vokal və instrumental əsərlərində xalq mahnı və rəqslərindən, aşıq havalarından, muğamdan gələn xüsusiyyərlər özünü aydın göstərir.
Musiqişünas Ramiz Zöhrabov Fikrət Əmirovun ayrı-ayrı əsərləri nümunəsində bəstəkarın muğamlardan, eləcə də digər janrlardan istifadə etməsini xarakterizə etmişdir. “Azərbaycan muğamları” kitabında müəllif F.Əmirovun simfonik muğamlarını xarakterizə edərək yazır: “F.Əmirov “Şur” muğam dəstgahının musiqi məzmununu, demək olar ki, bütünlüklə simfonik muğamda təkrarlayır. Lakin müəyyən yaradıcılıq prinsipləri ilə... Birincisi, bəstəkar burada sərbəst improvizə səciyyəli muğam şöbə və guşələri mahnı-rəqs ruhlu təsnif və rənglərlə ardıcıllaşdırır. İkinci, “Şur”un ənənəvi quruluşu simfonik muğamda eynilə saxlanılmışdır. Nəhayət, muğam şöbələrinə xas olan variasiyalı (dəyişdirilmiş, təbəddülata uğramış) inkişaf priyomu simfonik muğamda öz dolğun təcəssümünü tapır” [10, s. 300]. Göründüyü kimi, “Şur” simfonik muğamında bəstəkar muğam dəstgahının əsas xüsusiyyətlərindən, “Kürd-Ovşarı” simfonik muğamında isə zərbi-muğam janrından istifadə etmişdir.
Eyni zamanda, o, bu əsərlər daxilində bir sıra təsnif və rənglərdən, mahnı və rəqs melodiyalarından istifadə etmişdir. Məsələn, “Şur” simfonik muğamında istifadə olunan “Ay qadası”, “Evləri var xana-xana” xalq mahnılarından, “Mürği-səhər” adı ilə məşhur olan “Mahur təsnifi”ndən və digər nümunələrdən istifadəni qeyd edə bilərik. Bu baxımdan ənənəvi musiqiyə aid vokal musiqi nümunələrinin simfonik musiqiyə tətbiqi bəstəkar tərəfindən maraqlı ifadə vasitələrilə həll olunmuşdur.
F.Əmirovun bir sıra əsərlərində xalq mahnı janrından istifadə öz əksini tapmışdır. Məsələn, “Sevil” operasında həm xalq mahnı melodiyalarının istifadə olunmasını, həm də xalq mahnı janrlarının tətbiqini görə bilərik. Operanın ilk redaksiyasında bəstəkar “Ay dili-dili” (“İksi bir boyda gəzən gözəllər”), “Onu demə zalım yar” və s. xalq mahnılarından istifadə etmişdir. Lakin operanın sonrakı redaksiyalarında həmin nömrələr ixtisar olunmuşdur. Operada diqqəti cəlb edən cəhətlərdən biri xalq mahnılarına aid janrlardan istifadə ilə bağlıdır. Bu baxımdan laylay, oxşama, lirik mahnı, meyxana kimi janrları qeyd edə bilərik: Sevilin laylası, Atakişinin kupletləri, Məmmədəli bəy və Əbdüləli bəyin dueti və s. bu qəbildəndir.
Bütün bunlarla yanaşı, laylay, lirik mahnı, təsnif janrlarından F.Əmirov həm vokal musiqidə, həm də instrumental musiqi əsərlərində istifadə etmişdir. F.Əmirovun bu kimi janr xüsusiyyətlərinə müraciətinin əsas cəhətlərindən biri də onunla bağlıdır ki, bəstəkar hər bir janr üçün səciyyəvi olan xüsusiyyətləri dərindən qavrayaraq, onları özünəməxsus şəkildə klassik musiqinin qanunauyğunluqları çərçivəsində təfsir etmişdir.
Beləliklə, F.Əmirovun bəstəkarlıq və etnomusiqişünaslıq fəaliyyətinin qarşılıqlı əlaqələri çox geniş məsələləri əhatə edir. Bura ənənəvi musiqi nümunələrinin notlaşdırılması, onların işlənilməsi, bəstəkar əsərlərində müxtəlif üsullarla istifadə olunması və musiqi üslubunun əsasına çevrilməsi aiddir ki, bunlar həm bir-birilə bağlı olaraq, həm də ayrı-ayrılıqda araşdırıla bilər.
İstifadə edilmiş ədəbiyyat:
1. Azərbaycan xalq mahnıları. Not yazısı: S.Rüstəmovun, F.Əmirovun, T.Quliyevin. / Tərtib edən: Bülbül. 2 cilddə. I cild. – Bakı: 1981. – 152 s.
2. Azərbaycan xalq mahnıları. Not yazısı: S.Rüstəmovun, F.Əmirovun, T.Quliyevin. / Tərtib edən: Bülbül. 2 cilddə. II cild. – Bakı: 1981. – 138 s.
3. Azərbaycan xalq musiqisinin antologiyası. 10 cilddə. I cild. Azərbaycan xalq mahnıları. / Tərtib edənlər: Ə.İsazadə, Ə.Məmmədova, C.Mahmudova, A.Abduləliyev, İ.Quliyev. – Bakı: Oka ofset. – 2003. – 352 s.
4. Bülbül. Seçilmiş məqalə və məruzələri. / Bülbül. – Bakı: AEA-nın nəşri. – 1968. – 228 s.
5. Əmirov F.C. Musiqi aləmində. – Bakı: Gənclik. – 1983. – 272 s.
6. Hacıbəyov Ü.Ə. Əsərləri. 2-i cild. Bakı: AEA-nın nəşri. – 1965. – 412 s.
7. Hüseynli B.X. Azərbaycan xalq rəqs melodiyaları. II dəftər. “Halay” rəqs-mahnıları. – Bakı: Azərnəşr. – 1966. – 44 s.
8. İsmayılzadə R.Y. Azərbaycan xalq mahnıları. / Azərbaycan xalq musiqisi. Oçerklər. – Bakı: Elm. – 1981. – s. 52-85.
9. Köçərli İ.T. Elmi tədqiqat musiqi kabinetinin şərəfli və fədakar fəaliyyəti haqqında... Əlyazmaıarın izi ilə. // Azərbaycan etnomusiqişünaslığı. 1921-2021 illər. – Bakı: OL MMC. – 2021. – s. 464-494.
10. Zöhrabov R.F. Azərbaycan muğamları. / R.F.Zöhrabov. – Bakı: Təhsil. – 2013. – 336 s.