"Musiqi dünyası" № 3 (96) 2023

Article №4; 9247-9255 pр.
Lalə RƏFİBƏYLİ. Qəmbər Hüseynlinin uşaq mahnılarının musiqi dilinin xüsusiyyətləri (DOI 10.5281/zenodo.10364361)
Text PDF

Azərbaycanın görkəmli bəstəkarı, milli musiqi irsində özünəməxsus layiqli yeri olan Qəmbər Hüseynlinin yaradıcılıq irsinin əhəmiyyətli hissəsini uşaq mahnıları təşkil edir. Dünyaca məşhur “Cücələrim” mahnısının müəllifi olan Q.Hüseynlinin mahnıları kiçik və məktəb yaşlı uşaqların həyatında, tərbiyəsində, eləcə də tədris və konsert repertuarında əhəmiyyətli yer tutmuşdur. Bu mahnılar uşaqlar tərəfindən çox sevilərək dillər əzbərinə çevrilmişdir. Buna görə də biz Q.Hüseynlinin uşaq mahnılarını tədqiq edərək, onların mövzu dairəsinin, musiqi dilinin əsas xüsusiyyətlərini araşdırmağı məqsədəuyğun sayırıq.

Uşaq mahnıları Azərbaycan musiqi irsində mühüm əhəmiyyətə malikdir. Həm ənənəvi musiqi irsində, həm də bəstəkar yaradıcılığında uşaq mövzusu ilə bağlı çox sayda mahnılar yaranmışdır. Ənənəvi musiqinin bir janrı olan uşaq mahnıları haqqında məlumata bir sıra tədqiqatlarda rast gəlirik. Rauf İsmayılzadənin “Azərbaycan xalq mahnıları” adlı elmi məqaləsində verilmiş janr təsnifatına əsasən uşaq mahnıları - məişət mahnıları qrupuna aid olub iki qrupa bölünür: “ a) anaların uşaqlara oxuduqları beşik mahnıları; b) uşaqların həyatı ilə bağlı, bilavasitə uşaqların özləri tərəfindən ifa olunan mahnılar, oyun və tapmacalar” [4, s. 67]. Bunlardan anaların uşaqlarına oxuduqları nəğmələr – laylalar, ninnilər və oxşamalardan ibarətdir, uşaqlar tərəfindən oxunan nəğmələr isə əsasən uşaq həyatına, təbiətə, əməyə uşaqların münasibətini əks etdirən mahnılardır.

Ənənəvi musiqi üzrə bir sıra musiqişünasların tədqiqatlarında uşaq mahnılarının xarakterizə olunması bu iki janr qrupu üzrə özünü göstərir. Məsələn, Tahirə Kərimovanın “Ana folkloru” əsərində [5], Cəmilə Həsənovanın və Leyla Zöhrabovanın “Azərbaycan xalq mahnıları” elektron dərsliyində bu bölgü sisteminə əsaslanaraq, onların musiqi dilinin əsas xüsusiyyətlərinin təhlili verilmişdir [2].

“Azərbaycan musiqi tarixi” kitabının I cildində “Azərbaycan uşaq musiqi folkloru” geniş surətdə xarakterizə olunmuşdur: “Uşaq xalq mahnıları janr baxımından dörd qrupa ayrılır: 1) əmək mahnıları, 2) oyun mahnıları, 3) təbiət və heyvanlar aləmi ilə bağlı olan məişət mahnıları, 4) laylalar. Hər janr qrupunun xidmət etdiyi müxtəlif estetik funksiya ilə əlaqədar bir sıra spesifik ideya-bədii və forma xüsusiyyətləri mövcuddur” [1, s. 120]. Bu bölgünün bizim tədqiqatımızla əlaqədar olan maraqlı cəhəti ondan ibarətdir ki, ənənəvi musiqidən qidalanan bəstəkar yaradıcılığında da bu janr xüsusiyyətləri öz əksinin taparaq, uşaq mahnılarında əmək, oyun, təbiət, ailə, məişət kimi mövzuların aparıcı əhəmiyyət kəsb etməsinə yol açmışdır. Fikrimizcə, bu cür bölgü bəstəkar yaradıcılığında uşaq mahnılarının səciyyələndirilməsi üçün əlverişlidir. Belə ki, ənənəvi uşaq mahnıları bəstəkar yaradıcılığında uşaq mahnılarının yaranmasına təkan vermiş, uşaq həyatı ilə bağlı əmək, təbiət və s. mövzulu çoxsaylı mahnılar yaranmışdır.

Musiqişünas İmruz Əfəndiyevanın “Azərbaycan sovet mahnısı” adlı tədqiqat əsərində müəllif 1920-ci illərdən sonra yaranmış bəstəkar mahnıları sırasında uşaq mahnılarını da təhlil edərək, onları ayrıca janr qrupu kimi xarakterizə etmişdir [8].

Musiqişünas Mehriban Əhmədovanın xüsusi olaraq uşaq mahnılarına həsr olunmuş “Азербайджанская детская песня в композиторском творчестве на рубеже ХХ-ХХI веков” (“XX-XXI əsrlərin hüdudlarında Azərbaycan uşaq mahnısı bəstəkar yaradıcılığında”) tədqiqatında müəllif ənənəvi musiqidə uşaq mahnılarının əsas xüsusiyyətlərini səciyyələndirərək, böyük bir zaman ərzində Azərbaycan bəstəkarları tərəfindən yaradılmış uşaq mahnılarını tədqiqata cəlb etmişdir [7].

Azərbaycan bəstəkarlarının yaradıcılığında uşaq mahnıları xüsusi bir sahə kimi formalaşmışdır və bütün bəstəkarların musiqi irsində rəngarəng nümunələrlə təmsil olunmuşdur. Bəstəkar yaradıcılığında uşaq mövzusu ilə bağlı ilk mahnılardan Üzeyir Hacıbəylinin Müslüm Maqomayevlə birlikdə nota yazıb işlədikləri “Azərbaycan türk el nəğmələri” məcmuəsində [9] “Ninni” və “Beşik başında” mahnılarını, eləcə də Ü.Hacıbəylinin “Bir quş düşdü havadan” (№11) və “Yetim quzu” (№12) uşaq mahnılarını göstərə bilərik. Eyni zamanda, Ü.Hacıbəylinin yaradıcılıq irsində “Pilotlar” mahnısı da qeyd olunmalıdır.

Azərbaycan bəstəkarlarının yaradıcılığında uşaqlar üçün həm vokal, həm də instrumental musiqi əsərləri – mahnılar, fortepiano pyesləri və s. geniş yer tutur. Xüsusilə XX əsrin II yarısında uşaq mövzusu ilə bağlı hər iki janr istiqamətində - çox sayda əsərlər yaranmışdır. Bu baxımdan Qara Qarayevin, Fikrət Əmirovun, Tofiq Quliyevin, Səid Rüstəmovun, Şəfiqə Axundovanın, Sevda İbrahimovanın və digər bəstəkarların uşaq mahnılarını, uşaq pyeslərini göstərə bilərik ki, bunlar uşaq repertuarının sevimli əsərlərinə çevrilmişdir. Qəmbər Hüseynlinin də uşaq mahnıları musiqi yaradıcılığının bu sahəsini gözəl və yaddaqalan nümunələrlə zənginləşdirmişdir.

Uşaq mahnılarının mövzusu əsasən uşaq dünyası, uşaqları maraqlandıran təbiət hadisələri, bitki və heyvanat aləmi, onları əhatə edən gerçəkliyin əksi, məktəb həyatı ilə bağlı olur. Bu mahnılarda bəstəkarların uşaq dünyasına münasibəti, uşaqların təxəyyülünün məhsulu olan obrazlar, təbiət gözəlliklərinin uşaqların dili ilə tərənnümü, Vətən sevgisinin onlara aşılanması öz əksini tapmışdır. Bütün bu mövzulara Q.Hüseynlinin uşaq mahnılarında da rast gəlirik.

Q.Hüseynli 60-dan artıq uşaq mahnısının müəllifidir. Onun mahnıları həm kiçikyaşlı uşaqlar, həm də məktəblilər arasında çox populyardır və sevilərək ifa olunur. Tədqiqatçı-alimlər B.Hüseynli və V.Xəlilov bəstəkarın uşaq mahnıları haqqında belə yazırlar: “Mahnı vasitəsilə məktəbəqədər uşaqlarda və məktəblilərdə təbiətə vurğunluq, təbiətə, onun ayrı-ayrı guşələrinə, varlığına dərin məhəbbət hissi oyatmağı mühüm yaradıcılıq vəzifəsi kimi qarşıya qoyan bəstəkar demək olar ki, məqsədinə nail olmuş, bu istiqamətdə bir-birindən dəyərli mahnılar bəstələmişdir” [3, s. 38].

Q.Hüseynlinin uşaq mahnılarının mövzusu çox rəngarəngdir. Bəstəkar uşaq həyatının ən müxtəlif tərəflərini əks etdirir, eyni zamanda, uşaqların təsəvvüründə canlandırılan böyüklərin həyatını işıqlandırır. Q.Hüseynlinin uşaq mahnıları həyatsevər hisslərlə zəngindir, onlarda uşaqlara xas olan coşğun şənlik, xoşbəxt təbəssüm, yeniyetmə şıltaqlığı, yumor və s. hisslər təcəssüm olunmuşdur.

Bəstəkarın uşaq mahnılarının poetik mətni bir çox şairlərin: Mirzə Ələkbər Sabir, Abdulla Şaiq, Mirmehdi Seyidzadə, Yusif Həsənbəyov, Hüseyn Abbaszadə, Tofiq Mütəllibov, Novruz Gəncəli və b. şeirlərinə əsaslanır. “Bu şairlərin yaradıcılığında gerçəklik, real hadisələr uşaq təfəkkürünə yaxın olan parlaq obrazlar vasitəsilə canlandırılır. Kiçikyaşlı uşaqlar üçün yazılmış ən yaxşı mahnılardan görünür ki, həm şair, həm də bəstəkar balaca bir mahnıya necə böyük bir məzmunu sığışdıra bilmişlər və yüksək pafoslu mövzuları uşaqların qavrama qabiliyyətinə uyğun şərh etmişdir” [6, s. 59].

Tədqiqatçı M.Əhmədova Q.Hüseynlinin uşaq mahnılarını belə xarakterizə etmişdir: “Gözəl bəstəkar Qəmbər Hüseynlinin mahnıları parlaq musiqi tematizminə, “görümlü” qavranılmasına, milli ənənələrlə incə tellərlə bağlılığına görə diqqətəlayiqdir. Öz mahnı yaradıcılığında bəstəkar demək olar ki, uşaq dünyaduyumu, uşaq psixologiyası üçün səciyyəvi olan bütün mövzulara toxunmuşdur: burada həm məişət mahnıları, həm oyun-tapmacalar, həm əməyə, Vətənə, valideyn məhəbbətinə həsr olunmuş mahnılar vardır” [7, s. 88].

Mövzusuna görə Q.Hüseynlinin uşaq mahnılarını əsasən iki böyük qrupa bölmək olar: 1) təbiətlə bağlı mahnılar; 2) məktəb həyatı ilə bağlı mahnılar. Əlbəttə ki, bu iki cəhət uşaqların həyata münasibətinin formalaşmasında böyük rol oynayır. Bu bölgü daxilində də daha konkret mövzuları qeyd etmək olar: Vətən haqqında mahnılar, təbiətlə, heyvanat aləmi ilə, bitkilərlə bağlı mahnılar, məktəbə aid mahnılar, idman və yürüş mahnıları, zəhmət mahnıları, müxtəlif hadisələrlə bağlı mahnılar. Bu qrupların hər birinə aid mahnı nümunələrini qeyd edək.

Təbiətlə bağlı mahnılar Q.Hüseynlinin uşaqlar üçün yazdığı mahnıların böyük bir hissəsini təşkil edir. Bu mahnılar sırasına həm təbiət hadisələrinin təsviri, həm heyvanat aləminə, həm də bitkilərə həsr olunmuş nümunələr daxildir. Təbiət mövzulu mahnılarda başlıca yeri uşağın təbiətə, heyvanlara olan münasibəti, həmçinin təbiət hadisələrinin təsviri tutur. “Uşaq və buz”, “Yaz günləri”, “Təbiətin keşiyində”, “Yaz”, “Cücələrim”, “Qaranquşla söhbət”, “Məstan pişik”, “Mənim dovşanım”, “Çiçəklərim”, “Nərgiz çiçəyi”, “Üzüm bağında”, “Tapmaca mahnısı” və s. mahnılar bu qəbildəndir.

Məktəblə bağlı mahnılarda isə uşaqların vətənpərvərlik hisləri, məktəbə, ictimai həyata münasibəti, idman və yürüşlərdə iştirakı, əməyə münasibəti öz əksini tapır. Məktəb həyatı uşaqların həyatında böyük bir mərhələni təşkil etdiyinə görə bu qrupa aid mahnılar da mövzu rəngarəngliyinə görə fərqlənir. Uşaqların məktəbdəki ictimai həyatı ilə bağlı – “Salam doğma məktəb”, “Biz oktyabryatlarıq” mahnılarını, idman və yürüşlərlə bağlı – “Yürüş mahnısı”, “İdmançılar mahnısı”, “Gənc alpinistlər”, “Yarış var”, “Cürət”, “Qaliblər mahnısı” və s. göstərmək olar. Vətən haqqında mahnılar sırasında “Can Azərbaycan”, “Ana yurdum”, “Birliyin qüdrəti” və s. mahnıların adını çəkmək olar. Məktəb dövründə uşaqların zəhmətə alışdırılması da diqqət mərkəzində olur, bu baxımdan – “Gənc ustalar”, “Gənc neftçilər”, “Miçurinçilər mahnısı”, “Zəhməti sev”, “Balaca bağbanlar” kimi mahnıları qeyd edə bilərik. Eyni zamanda, müxtəlif hadisələrlə bağlı mahnılar – “Qatar”, “Gəlin rəqs edək”, “Bizim yolka”, “May səhəri” və s. bu qəbildəndir.

Müxtəlif mövzuları əhatə edən uşaq mahnıları xarakteri, melodik və ritmik quruluşu, musiqi dilinin digər xüsusiyyətlərinə görə bir-birindən fərqlənir. “Uşaq mahnılarında mövzu seçimi məsələsinin həlli sadə olsa da, mahnı üslubunun melodika məsələləri daha mürəkkəb görünür. Uşaq səciyyəli, ifadəli, parlaq melodiya yaratmaq Q.Hüseynlinin qarşısında duran əsas məsələ idi ki, o, əksər mahnılarında bu məsələni yüksək səviyyədə həll etməyə nail olmuşdur” [6, s. 59]. Q.Hüseynlinin uşaq mahnılarının əksəriyyəti solist, xor və fortepiano müşayiəti üçün yazılmış, uşaq xor kollektivlərinin repertuarında möhkəm yer tutmuşdur.

Bəstəkarın təbiətlə bağlı mahnılarından biri “Uşaq və buz” adlanır. Bu mahnı Azərbaycanın görkəmli şairi Mirzə Ələkbər Sabirin məşhur şeiri əsasında yazılmışdır. M.Ə.Sabirin “Uşaq və buz” şeirində məktəbə gedən uşaqla bağlı bir hadisədən – onun buz üstündə sürüşüb yıxılmasından və onun buna reaksiyasından danışılır. Artıq mətndə müəyyən təsviri elementlər – qış fəsli, uşağın yıxılması, ağlaya-ağlaya buza müraciəti, daha sonra buzun yazda əriyib necə suya dönməsi – göz önündə canlanır. Bütün bunları təsvir etmək üçün bəstəkar sanki bir musiqili səhnəcik yaradır. Əlbəttə ki, uşaq ifaçılığı üçün nəzərdə tutulan mahnıda musiqi mövzusunun sadəliyi vacib cəhətdir. Mahnı sadə üç hissəli formada qurulub, kənar hissələr eyni musiqi materialına əsaslanmaqla iki cümlədən ibarət perioddur, orta bölmə isə işləmə xarakteri daşıyır. Mahnının quruluşu onun məzmunu ilə sıx əlaqədardır. Belə ki, birinci bölmədə hadisənin təsviri – uşağın buz üstünə çıxıb yıxılması verilir, ikinci bölmədə uşağın ağlaya-ağlaya buza müraciəti öz əksini tapır. Bu bölmə mahnının melodik kulminasiyası hesab oluna bilər. Məzmundan irəli gələrək “lya” səsi üzərində reçitasiyanın verilməsi mahnının xarakterinin dəyişməsinə səbəb olur. Burada məqam əsası saxlanılaraq, yalnız melodik hərəkət xəttinin dəyişməsilə bəstəkar məzmunda dönüş yaradır, uşağın ağlaya-ağlaya danışmasını əks etdirir. Üçüncü bölmədə isə uşağın sevinclə söylədiyi buzun aqibəti haqqında fikirləri ifadə olunur və birinci bölmənin musiqisi şən əhval-ruhiyyə ilə təkrarlanır. Göründüyü kimi, Q.Hüseynli mahnıda musiqi dili ilə uşaq həyatı ilə bağlı kiçik səhnəcik yaratmağa nail olmuşdur.

“Cücələrim” mahnısı (söz. T.Mütəllibovundur) bəstəkarın heyvanat aləmi ilə bağlı məşhur mahnılarındandır. “Cücələrim” musiqi dilinin xüsusiyyətlərinə görə maraqlı nümunələrdəndir. Mahnı solist, xor və fortepiano müşayiəti üçün nəzərdə tutulub. Kompozisiya quruluşuna görə mahnı üç hissədən ibarətdir: A B C, “re” mayəli rast məqamına əsaslanır. Xorun ifasında keçən birinci hissədə (A) “Cip, cip, cücələrim” sözləri üzərində tonikanın davamlı olaraq təkrarlanması uşaqların kiçik ev heyvanlarına əzizləyici müraciətini təsvir edən vasitə kimi bəstəkar tərəfindən tapılmış cəhətdir. Solistin partiyasına əsaslanan ikinci hissədə (B) yeni mövzu səslənir. Burada özünü göstərən istinad pilləsinin dəyişilməsi və pillələrin alterasiya olunması ilə yeni məqam-intonasiya boyaları özünü göstərir. Mahnının üçüncü hissəsi (C) solist və xor partiyalarının dialoquna əsaslanır. Bu bölməni, bir növ, solistin partiyasının davamı kimi də qəbul etmək olar. Mahnının bu bölməsi məqam-intonasiya xüsusiyyətlərinə görə özündən əvvəlki bölmə ilə əlaqədardır və melodik inkişafın kulminasiyasını təşkil edir. Bundan sonra səslənən birinci bölmə mahnının tonikada yekunlaşmasına xidmət edir. Beləliklə, bir məqam-tonallıq çərçivəsində mahnının quruluşunda məqamın formatörədici xüsusiyyəti özünü aydın büruzə verir.

“Mənim dovşanım” (sözləri Y.Həsənbəyovundur) uşaq mahnısı şən əhval-ruhiyyəli olub, mövzusuna görə təbiətlə, heyvanat aləmi ilə bağlıdır. Uşağın dovşana müraciəti, dovşanın hərəkətlərinin musiqi vasitəsilə canlandırılması mahnının obraz-məzmununu açıqlayır. Bu cəhət artıq fortepiano girişində özünü göstərir və daha sonra bu melodik quruluş vokal partiyada da görünür. Mahnı xor üçün nəzərdə tutulmuşdur. Kiçik həcmli, kvadrat period formasında olan mahnının birinci cümləsində xorun unison ifası, ikinci cümləsində ikisəsli bölgü tətbiq olunur.

“Təbiətin keşiyində” (sözləri T.Mütəllibovundur) mahnısı məktəbliləri əməyə həvəsləndirir, təbiətdəki canlılara qayğıkeşliklə yanaşmağı tövsiyə edir. Mahnının quruluşu poetik mətnlə sıx bağlı olub, bədii fikrin musiqi vasitəsilə təcəssümünə yol açır. Məzmundan irəli gələrək, musiqi mətnindəki temp dəyişiklikləri diqqəti cəlb edir: ikihissəli quruluşa malik mahnının birinci hissəsi “Andante”, ikinci hissəsi “Allegretto” tempindədir. Belə temp münasibəti mahnının hissələri arasında ifaçılıq baxımından dialoq tipli əlaqə yaradır.

“Çiçəklərim” mahnısı (sözləri M.Piriyevindir) bitki aləminə həsr olunmuş lirik xarakterli nahnıdır. Mahnının musiqi məzmunu melodik bəzəklərlə zəngin olub, çiçəkli çəmənlərin mənzərəsinin yaradılmasında mühüm rol oynayır. Bu cəhət artıq mahnının instrumental girişindən başlayaraq diqqəti cəlb edir. İnstrumental girişin zərif quruluşlu melodiyası fiqurasiyalı gəzişmələrdən ibarət olub, sekvensiya zəncirini əmələ gətirir. Bəstəkar rəngarəng təbiət mənzərəsini yaratmaq üçün məqamların funksional xüsusiyyətlərindən irəli gələn melodik intonasiyalardan istifadə etmişdir.

“Yaz” (sözləri A.Səhhətindir) mahnısı gözəl bir təbiət mənzərəsinin təsvirinə həsr olunmuşdur. Qeyd edək ki, Abbas Səhhətin dillər əzbəri olan bu şeiri ilin ən gözəl fəsillərindən biri olan yazın gəlişini, yazda təbiətin gözəlləşməsini, gecə ilə gündüzün bərabərləşməsini, havanın istiləşməsini, dağlarda qarların əriməsini, quşların öz doğma yuvalarına dönməsini, insanların həyatının sanki yenilənməsini poetik dillə canlandırır. Mahnının poetik mətni üç bənddən ibarətdir. Mahnıda bu bəndlər eyni musiqi materialı ilə təkrarlanır. Bəstəkar sadə ifadə vasitələrindən istifadə edərək, xalq mahnıları ruhunda vokal miniatür yaratmışdır. Əsas diqqətini şeirin mənalı və ifadəli şəkildə çatdırılmasına yönəldən bəstəkar kvinta və kvarta həcmində enən melodik frazaların təkrarlanmasına üstünlük vermişdir.

“Tapmaca-mahnı” (sözləri A.Şaiqindir) Q.Hüseynlinin çox oxunan məşhur mahnılarındandır. Məzmunu təbiətlə əlaqədar olan mahnı şifahi xalq yaradıcılığının bir növü olan tapmaca ilə bağlıdır. Şair bu janrın əsas xüsusiyyətlərinə uyğun olaraq yaratdığı şeirdə sual xarakterli cümlədən sonra onun cavabını eyni ruhlu mətnlə tamamlayır. Mahnının çap olunmuş not mətnində bəstəkarın belə bir qeydi haqqında da danışmaq vacibdir: “Birinci bəndin oxunuşundan sonra, mahnının giriş musiqisi çalınan zaman, ifaçılardan biri hər bəndin axırıncı iki misrasını sözlə soruşur. Məsələn, Tapın görək nə, edərdi: “Cik-cik”” [10, s. 7]. Göründüyü kimi, bəstəkar mahnını yaradarkən, onu uşaqlar arasında oynanılan bir oyun kimi düşünmüş və bu barədə tövsiyəsini vermişdir. Bu proses məhz bəndlər arasında səslənməsi davam edən instrumental müşayiət müddətində baş verdiyinə görə, mahnıda həmin epizodun əhəmiyyətini artırır. Təbii ki, ifaçı səhnədən bu sualı verdikdən sonra tapmacanın cavabını səsləndirən dinləyici reaksiyasını da nəzərə almışdır. Bu da mahnının ifasını daha da canlandıraraq, ifaçı-dinləyici, səhnə-zal arasında canlı əlaqələrin yaranmasına şərait yaratmışdır. Belə bir cəhət uşaq ifaçılığını daha rəngarəng və maraqlı edir.

“Cürət” (sözləri Ə.Ziyatayındır) mahnısı coşqun, marş xarakterində yazılmışdır və musiqi ifadə vasitələri seçimində bəstəkar məhz marş janrının xüsusiyyətlərinə əsaslanmışdır. Mahnıda özünü göstərən 2/4 ölçüsündə dəqiq ritmik qruplaşdırma, baraban zərbələri altında addımlama hərəkətini xatırladan melodik bölgü prinsipi bunu təsdiq edir. Melodiya re-majorun pillələri üzrə kvinta sıçrayışı ilə başlanaraq, onun çərçivəsində melodik gəzişməyə əsaslanır. Bu cəhət mahnı boyu həm melodiyada, həm də harmonik fonda saxlanılaraq, onun xarakterinin qabarıq təsvirinə xidmət edir.

“Qatar” mahnısı (sözləri N.Gəncəlinindir) musiqi vasitəsilə təsvir olunan kiçik bir səhnəciyi – qatarın hərəkətini və uşağın təsəvvüründə onunla söhbəti canlandırır. Bu, çox orijinal surətdə düşünülmüş ifadə vasitələri ilə yaradılmış bir əsərdir. Melodiya “sol” mayəli segah məqamına əsaslanaraq inkişaf edir. Mahnının instrumental girişində əsərin ilk sədalarından qatarın hərəkətinin təsviri əyani cizgilərlə eşidilir. Qatarın hərəkətindən əmələ gələn səciyyəvi ritmik intonasiya musiqi mövzusuna çevrilmişdir. Mahnının mətnində uşağın qatara müraciəti də bu ritmdə verilərək, melodik quruluşla əlaqələndirilir. Bəstəkar uşağın təsəvvüründə canlandırdığı qatarla ünsiyyəti musiqi ifadə vasitələrindən istifadə edərək, kiçik bir səhnəcik kimi yaratmışdır.

Beləliklə, Q.Hüseynlinin uşaq mahnıları özünəməxsus məzmun və musiqi dilinin xüsusiyyətləri ilə fərqlənərək, janrın inkişafında mühüm rol oynamışdır. Uşaq mahnıları sadə melodik quruluşa malikdir. Bu da onların yadda qalmasına şərait yaradır.

İstifadə edilmiş ədəbiyyat.

1. Azərbaycan musiqi tarixi. 5 cilddə / Layihənin rəhbəri və musiqi redaktoru Z.Səfərova. Birinci cild (Qədim dövrdən XX əsrə qədər). – Bakı: Şərq-Qərb. – 2012. – 592 s.

2. Həsənova C.İ., Zöhrabova L.R. Azərbaycan ənənəvi musiqisi. Dərslik. I cild. Azərbaycan xalq mahnıları. – Bakı: BMA-nın nəşri. – 2021. [Elektron resurs] / URL: http://lecture.musigi-dunya.az/kitab.html

3. Hüseynli, B.X, Xəlilov, V.C. Bəstəkar Qəmbər Hüseynli. / B.X.Hüseynli, V.C.Xəlilov. – Bakı: Gənclik. – 1997. – 99 s.

4. İsmayılzadə, R.Y. Azərbaycan xalq mahnıları. / Azərbaycan xalq musiqisi. Oçerklər. – Bakı: Elm. – 1981. – s. 52-85.

5. Kərimova, T.M. Ana folkloru. – Bakı: Azərbaycan Nəşriyyatı. -1994. – 48 s.

6. Qurbanəliyeva, S.F., Rəfibəyli, L.H., Seyfullayeva, N.N. Qəmbər Hüseynli yaradıcılığı milli ənənələr kontekstində. / S.F.Qurbanəliyeva, L.H.Rəfibəyli, N.N.Seyfullayeva. – Bakı, Adiloğlu. – 2006. – 204 s.

Rus dilində

7. Ахмедова, М.Ф. Азербайджанская детская песня в композиторском творчестве на рубеже ХХ-ХХI веков (национальные истоки, стилистические особенности и новые веяния) / М.Ф.Ахмедова. I часть. – Баку: Издательство АГПУ. – 2017. – 120 с.

8. Эфендиева, И.М. Азербайджанская советская песня // И.М.Эфендиева. – Баку: Язычы. – 1981. – 150 с.

Notoqrafiya

9. Azərbaycan el nəğmələri [Notlar] / Nota salanlar və harmonizə edənlər: Ü.Hacıbəyov, M.Maqomayev; red. və şərhlərin müəl.: B.Hüseynli. – Bakı: İşıq. – 1985. – 67 s.

10. Hüseynli Q.M. Mahnılar. Məktəb yaşına çatmamış uşaqlar üçün. [Notlar] / Q.M.Hüseynli. – Bakı: Azərbaycan Dövlət Musiqi Nəşriyyatı. – 1961. – 15 s.