"Musiqi dünyası" № 3 (96) 2023
Article №6; 9266-9271 pр.
Sevinc RÜSTƏMOVA. Məhsəti Gəncəvinin yaradıcılıq irsində muğam sənəti (DOI 10.5281/zenodo.10364520)
Text PDFAzərbaycan poeziya məktəbi XII əsrdə inkişafının yüksək zirvəsinə çataraq, Nizami Gəncəvi (1141-1209), Əbül-Üla Gəncəvi (1096-1159), Məhsəti Gəncəvi (1098-1188), Xaqani Şirvani (1126-1199), Mücirəddin Beyləqani (1130-1194) kimi tanınmış ustadlar yetişdirmişdir.
XII əsrdə Azərbaycanın digər iri şəhərləri kimi Gəncə də, mədəniyyət mərkəzlərindən biri olub, şeir, musiqi məclisləri ilə məşhurlaşmışdı. Gəncənin mədəni həyatının inkişafında mühüm əhəmiyyətə malik Xərabat məhəlləsi – sənətkarlar məhəlləsi kimi tanınmış və burada əsasən sənətkarlar, musiqiçilər, elm və incəsənət adamları toplaşaraq, məclislər keçirirdilər.
Məhsətinin yaradıcılıq irsinin tədqiqi və təbliğində xüsusi xidmətləri olan tədqiqatçı-alim R.Hüseynov yazır:“Əsrlər boyu onun haqqında qoşulmuş əfsanələr, söyləmələr içərisində tərcümeyi-halının bir çox gerçək cizgləri unudulub getmişdir” [4, s. 5].“Gəncənin intibah havalı münbit ədəbi mühitində solmaz rübailər yaradan Məhsəti həm də gözəl musiqiçi və şahmatçı idi. Musiqi zərifliyi Məhsətinin şeirlərinə çökübsə, şahmat mürəkkəbliyi taleyindən keçib” [4, s. 2].
Son illərin tədqiqatları göstərir ki, mənşəcə Azərbaycan türklərindən olan Məhsəti Gəncəvi təqribən 1098-ci (və ya 1113-cü) ildə Gəncə şəhərində anadan olmuş, 90 ildən artıq ömür sürmüş və bu şəhərdə XII əsrin sonunda vəfat etmişdir. Onun türk mənşəli olması haqda rübailərində müəyyən işarələrə rast gəlirik, məsələn:
Dartar yayı, yağdırar o türküm oxlar,
Aşiqləri köksündən o, hər dəm oxlar [8, s. 63].
Məhsətinin ailəsi haqqında da məlumat azdır. Tədqiqatçılar Orta əsrlər müəlliflərinə əsaslanaraq, şairənin Gəncənin zadəgan ailəsində doğulduğunu, Gəncədə Bayan bəylərinin nəslindən olduğunu, XX əsrə aid tədqiqatlarda isə onun yoxsul bir ailədən çıxdığını yazmışlar. İranlı alim Şihab Tahiri isə onun ruhani ailəsindən olduğunu göstərmişdir. Bütün bu fikirləri təkzib edərək, “Azərbaycan ədəbiyyatı tarixi” kitabında belə qeyd olunur: “Məhsəti zəmanəsinin elmi biliklərinə yiyələnmiş bir sənətkar olmuşdur. Bunun üçün isə o, kamil təhsil görməli idi. XII yüzillikdə yoxsul ailədən çıxmış bir qadının geniş təhsil almaq, dərin elmi biliklərə yiyələnmək imkanı olduğu inandırıcı deyildir. Şairənin əsərlərində onun ruhani ailəsində doğulduğundan da heç bir iz yoxdur. Məhsətinin atasının əxilərlə bağlılığı isə sözsüzdür” [1, s. 370]. Elmi, ədəbi mənbələrdə Məhsətinin mükəmməl təhsil almasında əxilik təriqətinin müridi olmuş atasının böyük rolu qeyd edilir.
Azərbaycan ədəbiyyatında Baba Kuhi Bakuvi (X-XI əsr), Nizami Gəncəvi (XII əsr), Mahmud Şəbüstəri (XIII əsr), İmadəddin Nəsimi (XIV), Qasımi Ənvar (XIV-XV əsrlər), Dədə Ömər Rövşəni (XV əsr), İbrahim Gülşəni (XV-XVI əsrlər), Şah İsmayıl Xətai (XV-XVI əsrlər), Məhəmməd Füzuli (XVI əsr), Əbülqasım Nəbati (XIX əsr) kimi şairlər məhz təsəvvüf ədəbiyyatı sahəsində dəyərli sənət nümunələri yaratmışlar.
Bu sırada Məhsəti Gəncəvinin də adı çəkilir. Belə ki, onun əsərlərində çoxlu sufi fikir və rəmzləri öz əksini tapmışdır. Bunlardan bir neçəsini misal göstərə bilərik:
Tutsun xərabatda rindlər qərar,
Zahidin zöhdünü yandırsın odlar.
Düşsün ayağına dürd içənlərin,
O göy yun geyimlə, yüz yamaq paltar [11, s. 208].
Və ya:
Könülsüz Xərabat içrə sən gəlmə,
Dərvişlik rəmzini bilməsən, gəlmə!
Başından keçənin yoludur bu yol,
Bu yolda can qurban verməsən, gəlmə! [8, s.103].
Gəncədə Xərabat məhəlləsində keçirilən əxi birləşmələrinin yığıncaqları daha çox sənətkarlar məclisinə çevrilirdi. “Bu yığıncaqlarda ictimai mövzularda söhbət getdiyi kimi, şeir, musiqi və rəqsə də yer verilirdi. Əxilərin başçısı Fərəc Zəncaninin təlimində musiqiyə ayrıca fikir verilirdi. Məhsətinin sənətkarlardan danışdığı şeirlərinin Xərabatda musiqi ilə oxunduğunu güman etmək olar” [1, s. 379].
Belə bir mühitin yetirməsi olan şairənin musiqiçi olması təbii idi və bu haqda məlumata tədqiqatlarda rast gəlinir. “Məhsəti və Əmir Əhməd” dastanına istinad edilərək mənbələrdə bu barədə belə bir məlumat vardır: “Atası əmr etdi ki, musiqi alimləri gəlib onun qızına musiqi elmini öyrətsinlər. O, 12 muğam, 24 şöbə öyrəndi və musiqi elmində başçı oldu. Bundan özgə Məhsətinin atası buyurdu ki, çəng, ud və bərbət çalan ustalar gəlib onun qızına dərs versinlər” [4, s. 25].
Məhsətinin şeirləri rübai janrında yazıldığı üçün bu janrın xüsusiyyətlərinə və onun musiqidə təcəssümü məsələlərinə diqqət yetirmək lazımdır. Rübai Şərq ədəbiyyatında geniş yayılmış şeir formasıdır. Kiçik həcmli quruluşa malik olmasına baxmayaraq, bədii məna tutumuna görə genişdir. Məlumdur ki, rübainin quruluşu dörd misradan ibarət olub, onun birinci, ikinci və dördüncü misraları həmqafiyə, üçüncü misrası isə sərbəst olur. Bu zaman ilk üç misra dördüncü misradakı mənanı hazırlayır. Rübaidə həmqafiyə sözlərdən sonra bəzən rədif də öz əksini tapır. Bu da şeirin nəticəsini təcəssüm etdirən mühüm vasitəyə çevrilir.
Rübai əruz vəzninin həzəc bəhrində yazılır. Əruz vəzninin həzəc bəhri (“məfAİlün” təfiləsinin müəyyən miqdarda təkrarlanmasına əsaslanır) Azərbaycan poeziyasında orta əsrlər dövründən başlayaraq, bu günə kimi çox istifadə olunur. Bu bəhrdə yazılan şeirlər axıcı, yaddaqalan və musiqi dilinə tez uyğunlaşdığından muğamvari ifadə tərzinə üstünlük verilir. Təsadüfi deyildir ki, bu bəhrdə yazılmış şeirlər, xüsusilə qəzəllər muğam sənətində müraciət olunan əsas poetik mətnlərə çevrilmiş, Məhsətinin rübailərinin bu bəhrə əsaslanması da onların musiqi dili ilə ifadəsinə yol açmış, muğamvari ifadə tərzini önə çəkmişdir.
Məlumdur ki, orta əsrlər musiqi tarixində muğam sənəti mühüm əhəmiyyət kəsb etmişdir. Bu haqda Orta əsrlərə aid elmi və ədəbi mənbələrdə bir çox məlumat öz əksini tapmışdır. Məsələn, XII əsrdə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığında 8 muğamın adının çəkildiyi tədqiqatçılar geniş qeyd edirlər. XIII əsrdə Səfiəddin Urməvinin “Kitabül-ədvar” risaləsində 12 muğam və 6 avazın adı göstərilmişdir. XIV-XV əsrlərə aid Əbdülqadir Marağayinin risalələrində isə 12 muğam və 24 şöbədən bəhs olunur [10, s. 204].
Orta əsrlər dövründə musiqi ifaçıları əsasən şeirləri muğam avazları ilə oxuyaraq, özlərini musiqi alətində müşayiət edib. Bunun təsdiqi Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasından Barbəd və Nəkisanın musiqi ilə bağlı səhnələrində (“Xosrovun dilindən Barbədin nəğmə oxuması”, “Şirinin dilindən Nəkisanın nəğmə oxuması” hissələrində) öz əksini tapır [9, s. 286-303]. Bu baxımdan o dövrün musiqiçisi müxtəlif şeirlər əsasında muğam və digər musiqi nümunələrini ifa edərkən, yaradıcı bir şəxsiyyət kimi xarakterizə oluna bilər. Onlar həm də yeni melodiyalar yaradırdılar, yəni bəstələyərək ifa edirdilər. Şifahi ənənəli musiqi sənətinin inkişafı dövründə yaradıcılıq – ifaçılıq və bəstəkarlıq istedadına malik insanların bir simada birləşməsini nəzərdə tuturdu. Bu baxımdan Məhsətini həm ifaçı, həm də bəstəkar saymaq olar.
Məhsətinin musiqi təhsili alması, muğamatı mənimsəməsi, oxuması və müxtəlif alətlərdə çalması ilə bağlı məlumatla bağlı T.Bünyadov yazır: Şairənin bir çox rübailərindən onun musiqini yaxşı bildiyi, ud, çəng və digər musiqi alətlərində çox gözəl çalmağı bacardığı aydın görünür [3, s. 12].
Məhsəti Gəncəvinin yaradıcılığında əsasən məhəbbət motivləri üstünlük təşkil etsə də, eyni zamanda, o, müxtəlif sənətkarlara həsr olunmuş şəhraşubları ilə də tanınırdı. Məhsəti sadə zəhmət adamlarını, müxtəlif peşə və sənət sahiblərini vəsf etməklə, şəhraşub (Şəhrəngiz) poetik janrının gözəl mümunələrini yaratmışdır.
XIX əsrə aid bir sıra muğam cədvəllərində bu şöbəyə “Şur” muğamının tərkibində rast gəlinir. Məhsəti Gəncəvinin rübailərində muğam adlarına rast gəlinmir. Yalnız onun müraciət etdiyi “şəhraşub” janrı və bu janrın musiqi sənəti ilə bağlılığı barədə tədqiqatlarda müəyyən fikirlər vardır. Bununla əlaqədar olaraq, tədqiqatçı-alim S.Qurbanəliyeva yazır: “Bir sıra elmi mənbələr, poetik nümunələr göstərir ki, XX əsrədək “Şur” muğamında “Səmayi-Şəms” kulminasiya şöbəsindən əvvəl muğam ifaçıları “Şəhraşub” adlı şöbəni çalıb-oxuyarlarmış. Odur ki, Məhsəti Gəncəvinin yazdığı və söylədiyi şəhraşubları ... şur məqamına əsaslanan melodiyalarla müşayiət etdiyini demək olar” [5, s. 21].
Görkəmli tarzən B.Mansurovun “Ömür qıysa...” adlı xatirələr kitabında Burada “Şəhr-aşub” şöbəsi ilə bağlı məlumata rast gəlirik: “Əvvəllər “Şur” dəstgahının şöbələri başqa cürə idi. Məsələn, “Şur-Şahnaz” olmayıb, “Şəhr-aşub” adında şöbə çalınardı. O şöbədən də gəlib düşürdün düz “Səba-şəms”ə. Amma hal-hazırda “Şəhr-aşub” şöbəsinin yerinə “Şur-Şahnaz” çalırlar. Sonra “Şahnaz-xara”, “Şikəsteyi-fars”, “Əşiran” çalınır. Beləliklə, biz bu “Şur” dəstgahını dəyişmişik, qədimdəkindən ayırmışıq” [6, s. 146-147].
Xalq artisti bəstəkar E.Mansurovun “Muğam düşüncələrim” kitabında da “Şəhraşub” şöbəsinə “Şur” muğamının tərkibində rast gəlirik. Müəllif tərəfindən XIX əsrin ikinci yarısından Bakıda muğam bilicisi Məşədi Məlik Mənsurovun evində təşkil olunan muğam məclislərində oxunan muğamlar üzrə tərtib olunmuş cədvəllər təqdim olunmuşdur. Bu muğam cədvəllərini araşdırdıqda biz bir neçə variantda “Şur” muğamının tərkibində “Şəhraşub” şöbəsinin adına rast gəlirik.
Birinci variant xanəndə Mirzə Ağa Kərimin ifasında səslənmişdir və bu şöbələrdən ibarətdir: “Mayə, Dəraməd, Cudai, Gərayili, Gövhəri, Gülriz, Mübərriqə, Busəlik, Bayatı-türk, Dügah, Şəhr-aşub, Şahnaz, Şikəsteyi-fars, Əşiran, Simai-şəms, Tizək, Hicaz, Şah Xətai, Mehdi-zərrabı” [7, s. 12].
İkinci variant xanəndə Kəbleyi Ağabalaya məxsusdur və bu şöbələrdən ibarətdir: “Mayə, Dəraməd, Cudai, Gərayi, Gövhəri, Gülriz, Mübərriqə, Muyə, Busəlik, Bayatı-türk, Şəhr-aşub, Dügah, Ruhül-ərvah, Zəmin-xarə, Şikəsteyi-fars, Əşiran, Səmayi-Şəms, Tizək, Hicaz, Şah Xətai, Mavərənnəhr, Mehdi-zərrabı, Gəbri, Mənəvi, Sarənc, Dügah, Ruhül-ərvah, Nişibi-fəraz, Hezare-Ərak, Hezare-Azərbaycan, Mübərriqə, Muyə, Novruz-əcəm, Əbülçəp, Bayatı-Şiraz, Şəhri (Tehrani), Hacı Yuni, Rak-hindi, Nişibi-fəraz, Təxti-kavus, Bazəm-şur” [7, s. 12-13].
Hər iki variantda “Şur” muğamının həcmi müxtəlif olsa da (I variant – 19 şöbə, II variant – 41 şöbə) bunlarda “Şəhr-aşub” şöbəsinin yeri, demək olar ki, yaxındır. I variantda “Bayatı-türk”, “Dügah” şöbələri ilə “Şahnaz” şöbəsi arasında səslənir. II variantda “Bayatı-türk” və “Dügah” şöbələri arasında verilir. Burada nəzərə almaq lazımdır ki, “Bayatı-türk” və “Dügah” kimi şöbələr rast məqamında qurulur və “Şur” muğamı tərkibində şurdan rasta məqam keçidlərini təmin edir. Şur məqamına əsaslanan “Şəhr-aşub” şöbəsi isə bu şöbələr arasında səslənərək (II variantda), rast - şur - rast keçidləri əmələ gətirir. Həmçinin, “Şəhr-aşub” şöbəsinin “Bayatı-türk” və “Dügah”dan sonra səslənməsi rastdan-şura keçid yaradaraq, daha sonra “Şahnaz” şöbəsində şur məqamının möhkəmlənməsini təmin edir.
Müraciət etdiyimiz mənbədə müəllif Azərbaycanda ifa olunan “Şur” muğamının variantları ilə yanaşı, İranda da “Şur” muğamının geniş yayıldığını qeyd etmiş və həmin variantı da təqdim etmişdir. İran “Şur”u 28 şöbədən ibarətdir: “Dəraməd, Kereşme, Guşeyi-rahab, Nəğmə, Zirkeşe-səlmək, Molla-Həci, Səlmək, Gülriz, Məclise-əfruz, Üzzal, Cafə, Bozorg, Dübeyti, Xara, Qacar, Forud, Həzin, Şure-nəmindəstə, Guşeyi-rahab, Çahar-guşə, Müqəddimeyi-gərayili, Rezavi, Şahnaz, Qərrəcə, Şahnaze-guş ya Aşıq-guş, Rənge-üsul, Gərayili, Şəhr-aşub”. [7, s. 15].
Göründüyü kimi, bu variantda “Şəhr-aşub” şöbəsi “Şur” muğamını tamamlayan şöbə kimi verilmişdir.
Lakin maraqlıdır ki, Orta əsrlər dövrünə aid musiqi risalələrində - Səfiəddin Urməvinin, Əbdülqadir Marağayinin və digərlərinin əsərlərində, eləcə də XIX əsrə aid musiqişünas-alim Mir Möhsün Nəvvabın, ustad tarzən Mirzə Fərəc Rzayevin muğam cədvəllərində, həmçinin XX əsrdə musiqi təhsili müəssisələri üçün yazılmış muğam tədris proqramlarında biz “Şəhraşub” adına rast gəlmirik.
Muğam sənəti ilə bağlı bir cəhəti qeyd etmək lazımdır ki, muğam bilicilərinin hafizəsində saxlanılan çoxsaylı muğam şöbələri, guşə və avazları zaman keçdikcə öz həcmini dəyişir, bəzən bir neçə şöbə və guşə birləşdirilərək, yeni məzmun kəsb edir. Bu baxımdan araşdırılmalar aparılır ki, “Şəhraşub” adlı şöbənin unudulmasından deyil, şəkildəyişməsindən danışmaq daha məqsədəuyğun olardı.
İstifadə edilmiş ədəbiyyat siyahısı
1. Azərbaycan ədəbiyyatı tarixi. Altı cilddə. AMEA, Nizami ad. Ədəbiyyat İnstitutu, II cild. red. hey. A.Rüstəmova, İ.Həmidov, S.Şıxıyeva [və b.] Bakı, Elm, 2007, 632 s.
2. Abdullayeva S.A. Nizamidə musiqi, musiqidə Nizami. Bakı, Nurlar, 2018, 360 s.
3. Bünyadov T.Ə. Əsrlərdən gələn səslər. Bakı, Azərnəşr, 1993, 264 s.
4. Hüseynov R.B. Məhsəti – necə varsa. Bakı, Yazıçı, 1989, 336 s.
5. Qurbanəliyeva S.F. Nizami Gəncəvinin yaradıcılığında şifahi ənənəyə saslanan professional musiqinin nəzəri problemləri. Bakı: Muğam aləmi. Beynəlxalq elmi simpoziumunun materialları, 18-20 mart, 2009, Şərq-Qərb, 2009, s. 256-260.
6. Mansurov B.S. Ömür qıysa... Bakı, Səda, 2003, 160 s.
7. Mansurov E.B. Muğam düşüncələrim. Məqalələr toplusu. Bakı, İrşad, 1995, 41 s.
8. Məhsəti Gəncəvi. Rübailər. Tərcümə edənlər: N.Rəfibəyli, X.Yusifli. Tərtib və ön sözün müəllifi: Xəlil Yusifli. Bakı, Lider nəşriyyat, 2004, 144 s.
9. Nizami Gəncəvi. Xosrov və Şirin. Bakı, Yazıçı, 1983, 401 s.
10. Səfərova Z.Y Azərbaycanın musiqi elmi (XIII-XX əsrlər). Bakı, Azərnəşr, 2006, 544 s.
11. Yusifli X.H. Məhsəti Gəncəvi . Gəncə, Elm, 2013, 219 s.