"Musiqi dünyası" № 4 (97) 2023

Article №8; 9283-9291 pр.
Samaneh ARSALANİ. Urmiya sazının konstruktiv quruluşu və köklənməsi haqqında (DOI 10.5281/zenodo.10362585)
Text PDF

Orta əsrlərin ilkin çağlarından (XIII – XIV əsrlər) təşəkkül tapan aşıq sənəti qədim ozan sənətinin davamı və varisidir. Aşıq ozana məxsus qopuz çalmaq, söz qoşub avazla oxumaq, dastan yaratmaq, elin toy və bayram mərasimlərini şənləndirmək, oğuz igidlərinin hünərini vəsf etmək və s. keyfiyyətlərini mənimsəmiş, ozanın üçtelli, sadə görkəmli qopuzunu doqquz telli saza çevirmişdir.

Saz – xalqın mədəniyyətinin, şifahi və yazılı ədəbiyyatının ən qədim özəlliklərini özündə əks etdirən, qəlbləri oxşayan musiqisi ilə könüldən-könülə yol açan bir musiqi alətidir. Onun səslənməsində əsrlərin yaddaşı, xalqın döyüş ruhu, Vətən sevgisi, düşmən üzərinə yeriyərkən çalınan “cəngi”lərin sədası, Koroğlunun nərəsi öz təzahürünü tapır. Azərbaycanın tanınmış filoloqu Seyfəddin Altaylı “Ozan dünyası” jurnalı üçün Elşad Çobanoğlu ilə müsahibəsində demişdir ki; “Saz sadəcə sıradan bir çalğı aləti deyil, onda Türkün ruhu yaşayır. “Atüstü”, “Qaraçı”, “Baş sarıtel”, “Misri”, “Cəngi” kimi havaların müəyyən çalarlarını dinlədikdə atın yerişinin ahəngi adamın gözləri önündə canlanır, sanki insan özünü at belində hiss edir”. [1; səh.67]

Bu günəcən aşıq sənətini araşdıran istər ədəbiyyatşünas, istərsə də musiqişünas alimlərimizin apardığı çoxsaylı tədqiqatlardan məlum olmuşdur ki, aşıq şeirinin hər bir növü saz aləti ilə əlaqəli, sazın pərdələrinə istinadən yaradılmış, təşəkkül tapmış və inkişaf etmişdir. Bu gün də bir çox şairlərimiz şeirlərini aşıq poeziyası üstündə yazırlar. Çünki sazın sehirli musiqisi ilə aşığın ifasında səslənən şeir dinləyicidə daha təsirli əhval-ruhiyyə yaradır.

“Urmiya aşıq məktəbi”ndə saz aləti digər musiqi alətlərindən fərqli olaraq qüdrətli və müqəddəs alət kimi böyük ehtirama malikdir. Onun konstruktiv quruluşu Azərbaycan sazının quruluşu ilə eyni olsa da, bəzi fərqli cəhətlərə də malikdir. Əvvəlcə Urmiya sazı ilə tanış olaq (sxem 1).

Sxem 1. Urmiya sazının konstruktiv quruluşu

Sazlar ölçülərinə əsasən, eləcə də pərdələrinin və simlərinin sayına görə üç növə bölünür:

1. Cürə saz

2. Ana saz

3. Tavar saz (meydan sazı)

Sazın konstruktiv quruluşu üç hissədən ibarətdir:

1. Kəllə

2. Qol

3. Çanaq

Sazın “kəllə” hissəsində simlərin bağlanması və köklənməsi üçün 8-9 aşıq vardır. “Kəllə” ilə “qol”un arasında kiçik xərək (qol xərəyi), “çanaq” hissəsində, “sinə”nin aşağı tərəfində isə böyük xərək yerləşir. Xərəklərə oturan simlər çanağın aşağısındakı alt xərəyə (onu “daraq” da adlandırırlar) bərkidilir.

Sazın qoluna bir-birinə fərqli məsafədə yerləşən “pərdə”lər bağlanır. Onların sayı bu gün müxtəlif aşıq məktəblərində fərqli sayda; − 18-26 arası ola bilər. Sazın “qol” hissəsi çanağa “beçə” (aşıqlar ona “boğaz” da deyirlər) adlanan hissə vasitəsilə birləşir (sxem 2).

Sazın “çanaq” hissəsi əvvəllər tut ağacının oduncağının ovulması ilə bütöv şəkildə düzəldilirdi. Hazırda çanağın yan və arxa hissəsi doqquz nazik taxta parçasının bir-birinə möhkəm bənd edilməsi ilə hazırlanır. Bunlar aşıqlar arasında “qabırğa” kimi də adlandırılır. Çanağın üzv hissəsinə isə − “sinə” deyilir. Sinə üzərində üç dəlik açılır ki, bu dəliklər səsləri gücləndirmək məqsədi daşıyır və rezonator rolunu oynayır.

Sazın alt xərəyinə (daraq) bərkidilən simlər (tel) çanağın “sinə”si və “qol”u üzərində yerləşdirilərək, yuxarıda kiçik xərəyə otuzdurulub “kəllə”dəki aşıqlara sarılmaqla köklənir.

Simlərin sazda düzülüşü üç qrupa bölünür (sxem 3):

1. Alt simlər

2. Orta simlər

3. Üst simlər

1. Saz havalarının melodiyası hər zaman alt simlərdə çalındığı üçün onlara “barmaq simlər”, bəzən də “zil simlər” deyirlər. Bu simlərin kökü dəyişməzdir.

2. Müvafiq aşıq havalarına uyğun olaraq orta simlərdə “kök” (yəni səsin yüksəkliyi) dəyişdiyi üçün bu simləri “köklənən simlər” və yaxud “bəm simlər” də adlandırırlar.

3. Üst simlərin də “kök”ü hər zaman eyni yüksəklikdə, dəyişməz qalır. Səslənmə funksiyasına görə bu simlərə “dəm simlər” deyilir.

Sxem 3. Çanaq üzərində simlərin düzülüşü

Sazın simləri haqqında danışarkən əldə etdiyimiz çox maraqlı bir faktı da qeyd etmək istərdik. Belə ki, Azərbaycanın ustad sənətkarları Borçalı mühitində sazın beş növünün olduğunu da söyləyirlər. Bu haqda gürcüstanlı ədəbiyyatşünas-alim, Valeh Hacılar (1951-2010) özünün “Ozan-aşıq mədəniyyəti” adlı məqaləsində yazır ki; “Borçalıda sənətkarlar sazın beş növü haqqında məlumat verir: 1. Cürə saz (bu saza şəyird sazı da deyirlər) – 3-5, bəzən 7 telli olur; 2. Xatabənd saz (orta saz da deyirlər, qolu boş saz da, yəni qolunun içi boş) – 9 tellidir; 3. Meydan sazı (bu saza “tavar” və ya “baş saz” da deyirlər) – 9 tellidir; 4. Ana saz (bu saza “usta sazı” da deyirlər) – 9 tellidir; 5. Dədə saz (“ata saz” da deyirlər) – 11 tellidir. Əslində dədə saz 12 telli olmalıdır, çünki tellər üç-üç artır. Sazın qoluna 12-ci tel yerləşmədiyi üçün bir tel az bağlanır. Bu cür sazı ilk dəfə təkmilləşdirən mərhum ustad Aşıq Əmrah olmuşdur”. [2; səh.63]

Aşıq ifaçılığında sazın köklənməsi ən vacib amillərdən sayılır. Bu gün bizə məlum olan, təkcə Urmiya aşıq məktəbində deyil, Azərbaycanın bütün aşıq mühitlərində tanınan saz havaları (81 hava) ümumən altı “kök”də ifa olunur. Yəni bu havalar yarandığı və istinad etdiyi pərdəyə əsasən altı qrupa bölünür. Deməli, aşıq melodik intonasiyası oxşar olan, eləcə də eyni lad-məqam xüsusiyyətli bir çox havaları eyni kökdə ifa edə bilər. Belə havalarla tanış olmamışdan öncə sazın “kök”lərini təqdim edirik:

1. Baş kök

2. Orta kök

3. Şah kök

4. Divani kök

5. Açıq kök

6. Çoban bayatı kökü

Qeyd etdiyimiz bu saz “kök”lərini bir çox aşıqlar melodiyanın istinad pərdəsinə görə həmin havanın adı ilə təqdim edirlər. Məsələn, “Misri kökü”, “Ürfanı kökü”, “Bayramı kökü”, “Dilqəmi kökü” və s. Bu məqsədlə sazın “kök”lərinin hansı pərdələrə istinad etdiyini və hansı səs yüksəkliyinə kökləndiyini aşağıdakı cədvəllərdən izləyək:

Cədvəl 1.

Cədvəl 2.

Təqdim etdiyimiz 2-ci cədvəldə 20 pərdəli sazın tonallıq və səs yüksəkliyi, eləcə də bəzi pərdələrin aşıqlar arsında tanınan adları qeyd edilmişdir. Lakin yuxarıda saz alətindən bəhs edərkən, müxtəlif aşıq mühitlərinin ifaçılıq ənənələrinə əsasən 18-26 pərdəli sazların mövcudluğu haqqında məlumat vermişdik. Bu əsnada qeyd etməliyik ki, “Urmiya aşıq məktəbi”nin ifaçılığında 14-16 pərdəli sazdan istifadə edilir. Eyni quruluşa malik olsa da, Azərbaycan sazı ilə Urmiya sazını fərqləndirən cəhət ilk növbədə onların pərdələrinin say müxtəlifliyindədir.

İkinci fərqli cəhət isə aşıq havalarının sayındadır. Ümumiyyətlə, halhazırda 81 aşıq havasının mövcud olduğu məlumdur. Azərbaycanda tanınmış şair-filoloq, tədqiqatçı-alim Sədnik Paşa Pirsultanlı (1929-2013) özünün “Ozan-aşıq sənətinin nəzəri məsələləri” adlı kitabında 80 adda aşıq havasının siyahısını açıqlamış, onların geniş təsnifatını vermişdir. [3; səh.7-14]

Lakin istər Azərbaycanın, istərsə də İranın aşıq mühitlərində bu havaların hamısı oxunmur. Hər məktəbin çox istifadə edilən, məşhur havalardan ibarət repertuarı vardır. Urmiya aşıq mühitində 45 hava ifa olunur;

1. Ağaxani 24. Müsəlman Keşişoğlusu
2. Arazbasdı 25. Nəsrillahı
3. Bəhməni 26. Osmanlı Şərilisi
4. Bəhri divani 27. Ovçu gəraylısı
5. Bəndayı Hicranı 28. Paşa köçdü
6. Cəmşidi 29. Qars havası
7. Cığalı təcnis 30. Qərini
8. Dikdabanı 31. Qoca Əkbəri
9. Dol Hicranı 32. Qürbəti
10. Dübeyt 33. Ruhani
11. Duraxanı 34. Şah Xətai divani
12. Əmrahı 35. Şaqi
13. Erməni Keşişoğlusu 36. Şəkəryazı
14. Gülşanı 37. Səmahi
15. Haçaxaldarı 38. Siyastabul
16. Hələbi 39. Taciri
17. Həmədan gəraylısı 40. Təcnis
18. Hərbi 41. Tərəkəmə gözəlləməsi
19. Kəsmə divani 42. Urmiya Qarabağısı
20. Kəsmə Hicranı 43. Urmiya Şərilisi
21. Kəsmə Kərəmi 44. Xoy Əmrahısı
22. Misri 45. Zarıncı
23. Möhtərəmi  

 

Urmiya aşıq havalarından bəziləri Azərbaycanda çalınan havalarla oxşar, bəziləri isə fərqli məqam xüsusiyyətlərinə, ritmik məziyyətlərə malik olsalar da, yuxarıda adıçəkilən saz köklərində ifa edilir. Bu xüsusiyyətlər Azərbaycan və Urmiya aşıq sənətinin eyni kökə bağlılığını təsdiqləyir.

ƏDƏBİYYAT SİYAHISI

1. Altaylı S.Ə. Saz Türkün ruhudur. “Ozan dünyası” jurnalı, №2. Bakı, “Nurlan”, 2010, səh.65-68

2. Hacılar V. Ozan-aşıq mədəniyyəti. “Ozan dünyası” jurnalı, №3. Bakı, “Nurlan”, 2011, səh.56-65

3. Paşayev S.X. Ozan-aşıq sənətinin nəzəri məsələləri. Bakı, “Ozan” nəşriyyatı, 2002, 208 s.