"Musiqi dünyası" № 4 (97) 2023
Article №9; 9292-9305 pр.
Fərqanə CABBAROVA. Azərbaycan musiqi mədəniyyətinin təbliğində musiqi profilli muzeylərin rolu (UOT: 069: DOI 10.5281/zenodo.10362621)
Text PDFQədim tarixə malik Azərbaycan musiqi sənəti zəngin inkişaf yolu keçib, zənginləşərək mədəniyyətimizin əsas daşıyıcılarından birinə çevrilib. Əvvəlcə mahnılar, müxtəlif əmək və mərasim nəğmələri, aşıq havaları, muğamlar, daha sonra opera və balet musiqisi, simfonik musiqi, kantata, musiqili komediya, professional musiqinin digər növləri yaranıb.
Hal-hazırda muzeylərdə Azərbaycan musiqi mədəniyyətinə aid müxtəlif materiallar: musiqi xadimlərinin həyat və yaradıcılığını əks etdirən əşyalar, musiqi alətləri nümayiş etdirilir. (5)
Musiqi mədəniyyətinin inkişafına dair materialların toplanması, qorunması, öyrənilməsi və nümayişini həyata keçirən müəssisələr musiqi profilli muzeylərdir. Musiqi profilli muzeylər arasında baş muzey Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyidir.
1. 1. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi 1967-ci ildə yaradılıb. Muzey Azərbaycanın zəngin və çoxşaxəli musiqi mədəniyyəti ilə bağlı materialların toplanılması, öyrənilməsi, nümayişi və təbliği vəzifələrini yerinə yetirir.
Muzey kolleksiyaları müxtəlif fondlarda qorunur: Arxiv-memuar fondu, Foto-neqativ fondu, Musiqi alətləri fondu, Fonoteka, Eskiz-maket fondu, Müəllif not əlyazmaları.
Arxiv-memuar fonduna görkəmli musiqiçilər, bəstəkarlar, xanəndələr, müğənnilər, vokalistlər və rəqqasların həyat və yaradıcılığına dair materiallar – sənədlər, not əlyazmaları, kitablar, məktublar, proqramlar, teleqramlar, dəvətnamələr, afişalar və s. toplanılıb.
Muzeydə maestro Niyazinin, Soltan Hacıbəyovun, Əşrəf Abbasovun, Cövdət Hacıyevin, Fikrət Əmirovun, Qara Qarayevin, Zakir Bağırovun, Süleyman Ələsgərovun, Şəfiqə Axundovanın, Tofiq Quliyevin, Hacı Xanməmmədovun, Oqtay Zülfüqarovun, Xəyyam Mirzəzadə və digər Azərbaycan bəstəkarlarının 800-dən çox şəxsi arxivi qorunur.
Foto-neqativ fonduna musiqi sahəsində fəaliyyət göstərən bir çox sənətkarın fotoları və neqativləri daxildir.
Musiqi alətləri fondu 300-dən artıq muzey əşyasından ibarətdir. Bunlardan təxminən 220-si Azərbaycana məxsus, qalanı isə xarici musiqi alətləridir. Azərbaycan milli musiqi alətlərindən tar, kamança, qoşanağara, saz, zurna, dəf, ney, habelə özünəməxsus xüsusiyyətləri ilə fərqlənən digər musiqi alətləri – əsa-tar, əsa-saz və s. alətləri qeyd etmək lazımdır.
Fonotekaya XX əsrin əvvəllərindən bu günədək işıq üzü görən 1700-dən çox val, 400-dək audio lent və 200-dək CD disk daxildir. Məlumdur ki, 1906-1915-ci illərdə “Qrammofon”, “Sportrekord”, “Ekstrafon” səhmdar cəmiyyətləri Şərqin məşhur xanəndələrinin səslərini qrammofon vallarına yazıblar. Onların dəvəti ilə Cabbar Qaryağdıoğlu özünün üçlüyü ilə – tarzən Qurban Pirimov və kamançaçalan Saşa Oqanezaşvili ilə bərabər Moskva, Kiyev və Varşava şəhərlərinə gedərək səsini qrammofon valına yazdırıb. Bu valların musiqimizin tarixində çox böyük rolu vardır.
Fondda XX əsrin əvvələrinə aid olan “Ekstrafon”, “Sportrekord”, “Primer Rekord”, “Pate” və digər firmaların Qurban Pirimov, Məşədi Məmməd Fərzəliyev, Keçəçi oğlu Məhəmməd və başqa məşhur ifaçılarının səsləri yazılmış valları qorunur. Bundan əlavə, fonotekaya Seyid Şuşinski, Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova və başqa XX əsrin ifaçılarının səsləri yazılmış vallar da daxildir. Fonotekada qorunan 200-ə qədər qramvalların səsləri təmizlənərək CD disklərə yazılıb.
Eskiz-maket fonduna Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov, Böyükağa Mirzəzadə, İsmayıl Məmmədov, Əli Haqverdiyev, Həsən Haqverdiyev, Elturan Avalov və digər görkəmli rəssamlar tərəfindən yaradılmış əsərlər və eskizlər toplanılıb.
Müəllif not əlyazmaları fondunda Üzeyir Hacıbəylinin, Niyazinin, Fikrət Əmirovun, Soltan Hacıbəyovun, Qara Qarayevin, Bülbülün, Cövdət Hacıyevin, Şəfiqə Axundovanın, Hacı Xanməmmədovun, Zakir Bağırovun, Fərəc Qarayevin, Tofiq Quliyevin, Oqtay Zülfüqarovun, Vaqif Mustafazadənin, Ədilə Hüseynzadənin, Cavanşir Quliyevin və başqalarının müəllif əlyazmaları saxlanılır.
Bundan əlavə, muzeydə 12 ədəd nadir musiqi qutusu, habelə qrammofonlar, patefonlar, təsviri sənət nümunələri və digər materiallar qorunur.
Muzeyin bir neçə filialı var. Bu, Xalq çalğı alətləri daimi sərgisi, Niyazinin, Vaqif Mustafazadənin, Qara Qarayevin ev və mənzil muzeyləridir. Bundan əlavə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin sərəncamı ilə 1996-cı ildən etibarən muzeyin nəzdində Qədim Musiqi Alətləri Ansamblı fəaliyyət göstərir. Ansambl 15 nəfər musiqiçini özündə birləşdirir. Ansamblın yaradıcısı və bәdii rәhbәri muzeyin mərhum əməkdaşı, Xalq artisti, professor Məcnun Kərimov olub. O, orta əsrlərdə Azərbaycanda mövcud olan, sonralar isə unudulan bir sıra qədim musiqi alətini bərpa edərək yenidən həyata qaytarıb, hazırda da ansambl həmin musiqi alәtlәrindә XIV әsr musiqisini, hәmçinin Azәrbaycan xalq mahnılarını ifa edərək Azərbaycanı uğurla beynəlxalq səviyyədə təmsil edir [3].
1.2. Xalq çalğı alətləri daimi sərgisi 1987-ci ildən fəaliyyət göstərir. Sərgi-ekspozisiya məişət ifaçılığı təcrübəsi, musiqi yaradıcılığı, eləcə də milli mədəniyyətin ümumi tarixi inkişafı prosesi ilə bağlı olan Azərbaycan instrumental mədəniyyətinin yaranması və onun qədim zamanlardan indiyə qədər inkişaf tarixini əks etdirmək məqsədilə qurulub.
Qeyd edək ki, musiqi hər bir xalqın həyatında xüsusi rol oynayır. Dünya xalqlarının musiqi yaradıcılığının yaranması və inkişafı bilavasitə çalğı alətləri ilə bağlıdır. Bu baxımdan xalq çalğı alətləri yalnız səs çıxarmaq vasitələri deyil, həmçinin cəmiyyətlərin musiqi təfəkkürü və mədəniyyətinin inkişafının əhəmiyyətli göstəriciləridir.
Qədim və zəngin mədəniyyətə malik Azərbaycan xalqının milli sərvətinin tərkib hissəsi olan çalğı alətləri çoxşaxəliyi və rəngarəngliyi ilə seçilir. UNESCO-nun Mədəni İrs siyahısına daxil edilən Qobustan Milli Tarixi-Bədii Qoruğunda yerləşən qaval daş hələ daş dövründə zərb aləti kimi istifadə olunub.
Maddi-mədəniyyət nümunələri, orta əsr musiqişünaslarının risalələri və rəssamlar tərəfindən yaradılan miniatürlər, klassik şairlərin əsərləri, ölkəmizə gələn səyyahların gündəlikləri, divar rəsmləri, habelə muzey kolleksiyalarını araşdıran mütəxəssislər 90-a yaxın Azərbaycan xalq çalğı alətini təsnifatlaşdırıb. Bu təsnifata əsasən Azərbaycanda 32 simli, o cümlədən 26 mizrablı, 4 kamanlı, 2 zərbli, 23 nəfəs (9 dodaqlı, 7 dilçəkli, 7 müştüklü), 16 dərili (membranlı), onlardan 11 birüzlü zərbli və 5 ikiüzlü zərbli, 17 özüsəslənən (11 vurulan, 5 silkələnən və 1 dartılan) çalğı aləti var [1, s. 124-125].
Sərgi-ekspozisiya giriş hissədən və 2 otaqdan ibarətdir. Birinci otaqda arxeolojı qazıntılar zamanı aşkar edilmiş əşyalar üzərində olan təsvirlər və orta əsr rəssamlarının miniatürlərində, XIII-XIV əsrlərdə yaşamış azərbaycanlı alimlərin musiqi haqqında traktatlarında, habelə ədəbiyyat və memarlıq abidələrində öz əksini tapan musiqi alətlərinin tarixi inkişafı haqqında bəhs edilir. Burada nadir qədim musiqi alətlərinin replikaları və müasir musiqi alətləri nümayiş olunur. Ekspozisiyada həmçinin Azərbaycanın ilk xalq çalğı alətləri ansamblı və orkestrlərinin inkişaf yoluna nəzər salınır.
Ekspozisiyanın ikinci otağı Azərbaycanın Xalq artisti, pedaqoq və tarzən Əhməd Bakıxanovun həyat və yaradıcılığına həsr olunub. Eyni zamanda burada ustadın bütün həyatı boyu topladığı Azərbaycan milli musiqi alətləri kolleksiyası da nümayiş etdirilir. Digər bölmədə Azərbaycan instrumental ifaçılıq məktəbinin inkişaf tarixi öz əksini tapıb [3].
1.3. SSRİ Xalq artisti, görkəmli dirijor və bəstəkar Niyazinin Mənzil-Muzeyi Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin ən böyük ekspozisiya sahəsinə və ən çox eksponatlara malik olan filialıdır. Onun təşkili haqqında Mədəniyyət Nazirliyinin əmri 1990-cı ilin dekabrın 28-də imzalanıb. 1994-cü il sentyabrın 18-də ümumilli lider Heydər Əliyevin iştirakı ilə muzeyin təntənəli açılış mərasimi keçirilib.
Muzey Niyazinin həyat və yaradıcılığını, zəngin irsini əks etdirən materialların toplanması, öyrənilməsi, qorunması, təbliği və nümayişi ilə məşğuldur. Niyazinin mənzil-muzeyi yaradılarkən muzey əşyalarının sayı 4707 ədəd olub. Hazırda isə muzeydə 6500-dək eksponat qorunub saxlanılır. Bunlar əsasən Niyazinin müəllif not əlyazmaları və şəxsi əşyaları, sənədlər, rəsm əsərləri, proqramlar, kitablar, afişalar, qrammofon valları və fotoşəkillərdir [2].
Mənzil-muzeyi 5 otaqdan ibarətdir. Üç memorial otaq Maestronun dövründə olduğu kimi qorunub saxlanan yemək, yataq və iş otağıdır. Digər 2 otaq isə ekspozisiya və artistik qonaq otağı məqsədilə istifadə olunur. Ekspozisiyada Niyazinin uşaqlığından başlayaraq həyatının son illərinədək həyat və yaradıcılığını əks etdirən fotoşəkillər, afişalar, not əlyazmaları, proqramlar və digər eksponatlar nümayiş etdirilir. Qonaq otağında Niyazinin ictimai fəaliyyətini əks etdirən fotoşəkillər, müxtəlif illərdə Maestroya bağışlanmış və muzey tərəfindən əldə olunmuş rəngkarlıq əsərləri nümayiş etdirilir.
Niyazinin mənzil-muzeyində hazırda 120 ədəd not əlyazması, 2746 ədəd fotoşəkil, 486 ədəd Niyazinin şəxsi kitabxanasında olan kitab və notlar, 279 ədəd qramvallar və 5 ədəd digər bəstəkarların əlyazmaları kimi dəyərli eksponatlar saxlanmaqdadır. Bunlardan 1500-dək material ekspozisiyada nümayiş olunur [3].
1.4. Caz muğamının banisi, görkəmli bəstəkar və pianoçu Vaqif Mustafazadənin ev-muzeyi 1989-cu ilin 28 iyulunda bəstəkarın anası Zivər Əliyeva tərəfindən yaradılıb, 1994-cü ildə isə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı statusunu alıb.
Muzeydə 1214 muzey əşyası qorunur. Bunların arasında Vaqif Mustafazadəyə aid fotoşəkillər, qramvallar, rəsm əsərləri, afişalar, müxtəlif sənədlər, məişət əşyaları və s. materialları sadalamaq olar.
2005-ci ildə əsaslı təmirdən sonra fəaliyyət göstərən muzey 3 otaqdan ibarətdir. Ekspozisiyada görkəmli sənətkarın həyat və yaradıcılığına aid fotoşəkillər, sənədlər, şəxsi əşyalar, mükafatlar, ifa etdiyi musiqi aləti və s. təqdim olunur. Muzeydə sənətkara məxsus şəxsi əşyalar sırasında köhnə radio ziyarətçilərin diqqətini daima çəkir. Vaqif Mustafazadə 16 yaşından bu radio qəbuledicisi ilə caz musiqilərini həvəslə dinləyib [11].
1.5. Dahi Azərbaycan və XX əsrin görkəmli bəstəkarlarından biri olan Qara Qarayevin ev-muzeyi onun 100 illik yubileyi ilində, 2018-ci ilin oktyabrın 1-də açılıb. Muzey Qara Qarayevin ailəsi ilə 1918-1946-cı illərdə yaşadığı mənzildə yaradılıb. Burada bəstəkar gənclik və tələbəlik illərini keçirib, ilk əsərlərini, o cümlədən “Yeddi gözəl” baletini yazıb.
Qara Qarayevin ev-muzeyi bəstəkarın həyat və yaradıcılıq yolunu əks etdirən materialların toplanılması, tədqiqi, təbliği və nümayişi mədsəqi ilə yaradılıb. Muzey təşkil olunarkən bəstəkarın irsi ilə bağlı materiallar yalnız respublikada deyil, Azərbaycandan kənarda da araşdırılıb və toplanılıb. Məsələn, Moskva şəhərində yerləşən Rusiya Dövlət Ədəbiyyat və İncəsənət Arxivindən Qara Qarayevə aid sənədlər, fotoşəkillər, əlyazmalar, yaşadığı evdə yerləşən şəxsi kitabxanasından üzərində qeydləri olan kitablar, Sankt-Peterburq teatrından əldə olunan tamaşaların afişaları, not əlyazmalarının surətləri, şəxsi əşyalar, səs yazıları və baletlərinə çəkilmiş eskizlər Azərbaycana gətirilərək muzeydə öz layiqli yerini tutub. Ümumilikdə muzeyin kolleksiyasına 300-dən artıq material daxildir.
2. Azərbaycan professional musiqisinin banisi, Şərqdə ilk operanın müəllifi, ilk xalq çalğı alətləri orkestrinin, ilk dövlət xorunun, ilk simli kvartetin yaradıcısı, Azərbaycan SSR Elmlər Akademiyasının həmtəsisçilərindən və ilk həqiqi üzvlərindən biri, SSRİ xalq artisti, II dərəcəli iki “Stalin” mükafatı laureatı Üzeyir Hacıbəylinin Ev-Muzeyi bəstəkarın 1915-1942-ci illər ərzində yaşadığı evdə yaradılıb. Muzeyin təntənəli açılışı Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə 1975-ci il noyabrın 20-də baş tutub.
Muzeyin əsas fondunda təxminən 11000-ə yaxın muzey əşyası – nəqqaşlıq (rəssamlıq), qrafika, heykəltəraşlıq, tətbiqi incəsənət məmulatları, məişət və etnoqrafik əşyalar, fotoşəkillər, sənədlər, musiqi alətləri, əlyazmalar, numizmatik əşyalar, qəzet, jurnal, kitab, not, disk, val, afişa, proqram və dəvətnamələr qorunub saxlanılır. Unikal muzey əşyalarından bəstəkarın əsərlərinin partituraları, klavirləri və librettoları, Üzeyir bəyin ifa etdiyi musiqi alətləri, yazdığı məktublar, SSRİ Ali Sovetinin deputatı olan dövrdə ona ünvanlanan müraciətlər, həmçinin Şuşadakı ev-muzeyindən işğal zamanı xilas edilən bəstəkarın şəxsi əşyaları, məsələn, uşaqlığ papağı, eynəyi, kostyumu, paltosu, anası Şirinbəyin xanımın gəlinlik paltarı, mürəkkəbqabı, yazı ləvazimatı, qələmdan, şəxsi albomu, şəkilləri, müxtəlif kitablar Qori seminariyasında ifa etdiyi skripka, habelə müzeyin həyətindəki Üzeyir bəyin çox sevdiyi armud ağacının dibindən götürülmüş bir ovuc Şuşa torpağını sadalamaq olar.
Muzeyin binası iki mərtəbədən ibarətdir. Birinci mərtəbədə kinozal və konsert salonu fəaliyyət göstərir. Kinozalda Üzeyir Hacıbəyovun əsərləri əsasında çəkilən bədii filmlər, bəstəkarın həyat və yaradıcılığını əks etdirən sənədli filmləri, konsert proqramlarının video yazıları nümayiş olunur. Konsert salonunda isə müxtəlif təbirlər, konsertlər keçirilir.
Muzey ekspozisiyası 4 otaq və qalereyadan ibarətdir. Birinci otaq bəstəkarın iş otağıdır, ikinci – yataq otağı, qalan iki otaqda isə Üzeyir Hacıbəylinin yuxarıda sadaladığımız və sadalamadığımız çoxşaxəli yaradıcılığının müxtəlif istiqamətləri haqqında bəhs edilir.
3. Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti, Stalin mükafatı laureatı, görkəmli ictimai xadim, professor Bülbülün Memorial Muzeyi 1976-cı ildə Ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə yaradılıb, 1982-ci il iyunun 10-da muzeyin təntənəli açılış mərasimi keçirilib.
Memorial muzey yaradılan mənzildə Bülbül ailəsi ilə birlikdə 1937-ci ildən ömrünün sonunadək yaşayıb. Muzeyin əsas fondunda 9000-dən çox muzey əşyası qorunub saxlanılır. Burada əsasən rəsm, qrafika və heykəltəraşlıq əsərləri, tətbiqi incəsənət məmulatları, əlyazmalar, notlar, kitablar, etnoqrafik və məişət əşyaları, fotoşəkillər, müxtəlif sənədlər və digər materiallar daxildir.
Muzeyin ekspozisiyası Bülbülün həyatı və yaradıcılığı, elmi-tədqiqi, pedaqoji, ictimai fəaliyyəti haqqında bəhs edir. Dörd ekspozisiya zalından üçü memorial xarakter daşıyır, biri isə sərgi otağıdır.
Muzeyin filialı olan Bülbülün Şuşadakı ev-muzeyi 1992-ci ildə fəaliyyətini dayandırıb, Vətən müharibəsi nəticəsində qazanılan tarixi Zəfərdən sonra isə əsaslı bərpa olunaraq öz fəaliyyətini davam etdirir.
4. Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyi 1998-ci ildə Azərbaycanda milli violonçel sənətinin təməlini qoyan, ilk simli kvartetin yaradıcısı Leopold Rostropoviçin ailəsi ilə birgə 1925-1931-ci illərdə Bakıda yaşadığı və dünya şöhrətli violonçel ifaçısı Mstislav Rostropoviçin anadan olduğu və uşaqlıq illərini keçirdiyi evdə yaradılıb. 2002-ci il martın 4-də muzeyin açılış mərasimi görkəmli ifaçının öz iştirakı ilə baş tutub.
Muzeyin əsas fondunda 6100-dək muzey əşyası qorunur. Bura əsasən əlyazmalar, notlar, fotoşəkillər, müxtəlif sənədlər, müxtəlif incəsənət növlərinə aid əsərlər, şəxsi əşyalar, elektron daşıyıcılar və digər materiallar daxildir.
Muzeyin ekspozisiyası 4 otaq və koridordan ibarətdir. Ekspozisiyada Rostropoviçlər ailəsinin yaşadığı evin ab-havası, o dövrkü mühit, Mstislav Rostropoviçin uşaqlıq və gənclik illəri, həyat və yaradıcılığının müxtəlif mərhələləri, habelə Bakı ilə əlaqələrini əks etdirən materiallar nümayiş etdirilir. Unikal eksponatlardan Leopold Rostropoviçin oğluna yazdığı (1942-ci il) məktub, XX əsrin əvvəllərinə aid xalça və mebel, avtoqraflar, konsert geyimləri, dirijor dəyənəyi, mükafatlar və digər materialları sadalamaq olar.
5. UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş aşıq sənətinə həsr olunan muzey Tovuzda yaradılıb. 1984-cü ildən ozan-aşıq sənəti muzeyi kimi ictimai əsaslarla fəaliyyətə başlayan muzeyə 1990-cı il martın 22-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən ustad Aşıq Hüseyn Bozalqanlı adına Azərbaycan aşıq sənəti dövlət muzeyi adı verilib. Hazırda isə mədəniyyət ocağı Aşıq Sənəti Dövlət Muzeyi kimi fəaliyyət göstərir.
Muzeyin əsas fondunda 2100-dən artıq muzey əşyası qorunub saxlanılır. Üçmərtəbəli binanın 1-ci mərtəbəsində fond otaqları, inzibati otaqlar, kitabxana, konfrans zalı, suvenir otağı fəaliyyət göstərir. Burada həmçinin “Heydər Əliyev və Aşıq sənəti” guşəsi yaradılıb.
Binanın 2-ci və 3-cü mərtəbələrində yerləşən ekspozisiyada aşıq sənəti tarixi xronoloji və bölgələr üzrə təqdim olunur. 1-6-cı zallarda aşıq sənətinin tarixinə, aşıq repertuarlarına, müasir dövrdə Azərbaycan höküməti və Heydər Əliyev Fondunun aşıq sənətinin qorunması və təbliği istiqamətində gördüyü işlərə, 7-10-cu zallarda isə aşıq mühitlərinə aid materiallar nümayiş etdirilir [9].
Muzeydə saz dərnəyi də fəaliyyət göstərir.
Bütün dünya muzeylərində olduğu kimi, Azərbaycanın musiqi profilli muzeylərinin fondlarına hər il yeni materiallar daxil olur. Muzeylərin illik hesabatlarına əsaslanaraq son beş ilin dinamikasına nəzər salaq (Cədvəl 1.).
Cədvəl 1. Musiqi muzeylərinin əsas fondlarına daxil olan muzey əşyalarının sayı.
Cədvəldən göründüyü kimi, hər il muzey fondlarının zənginləşməsinə dair tədbirlər görülür. Muzeylərə daxil olan əşyalara uyğun olaraq muzey fondlarında saxlanılan əşyaların sayı da dəyişir. 2022-ci ilin hesabatlarına görə, musiqi muzeylərimizdə aşağıdakı sayda muzey əşyaları qorunub saxlanılır (Cədvəl 2.).
Cədvəl 2. Musiqi muzeylərinin Əsas fondlarında qorunan muzey əşyalarının sayı.
Əsas fondlardan başqa muzeylərin köməkçi fondları da var. Yeni daxil olan əşyaların bir qismi də bu fondların balansına keçir.
Qeyd etmək lazımdır ki, müasir dövrün tələblərinə uyğun olaraq muzeylərdə fondların kompüterləşdirilməsi işi aparılır. Məsələn, 2008-ci ildən başlayaraq Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində KAMİS-kompleks avtomatlaşdırılmış muzey informasiya sisteminin proqramı həyata keçirilir. 2022-ci ildə KAMİS-kompleks avtomatlaşdırılmış muzey informasiya sisteminin məlumat bazasına 2829 ədəd, ümumilikdə isə 2008-2022-ci illər ərzində 42509 ədəd muzey əşyası daxil edilib [4].
Muzeylərdən bəhs edərkən gələn ziyarətçilərin sayına nəzər salmaq lazımdır (Cədvəl 3.).
Cədvəl 3. Musiqi muzeylərinə gələnlərin sayı (ödənişli və ödənişsiz ziyarətçilər, həmçinin muzeylərdə keçirilən çoxsaylı tədbir iştirakçıları).
Cədvəldən göründüyü kimi, muzeylərə mütəmadi olaraq ziyarətçilər gəlir. Təbii ki, 2020-ci ildə Covid-19 pandemiyası ilə əlaqədar elan edilən qapanma bütün sahələri əhatə edərək həmin ilin dinamikasına təsir edib. Təqdim edilən rəqəmlər göstərir ki, 2022-ci ildən muzey ziyarətçiləri sayında yenidən artım müşahidə olunur.
Sözügedən dinamika muzeylərdə aparılan ekskursiyaların sayında da öz əksini tapıb (Cədvəl 4.).
Cədvəl 4. Musiqi muzeyləri tərəfindən aparılan ekskursiyaların sayı.
Son iki cədvələ nəzər yetirsək pandemiyanın bütün sahələrə, o cümlədən muzeylərə də təsir etdiyini daha aydın görə bilərik.
Ekskursiyalardan başqa, muzeylər tərəfindən həm muzeylərin özündə, həm də muzeylərdən kənar sərgilər, mühazirələr, konsertlər keçirilir, ölkə başçısının müvafiq sərəncamları ilə elan olunan illərə, əlamətdar günlərə, yubileylərə və s. uyğun tədbirlər təşkil olunur. Təbii ki, karantin rejiminin qaydalarına uyğun olaraq rəqəmlər dəyişir. Ən çox tədbir baş musiqi profilli muzey və onun filialları tərəfindən həyata keçirilir. Məsələn, statistikaya nəzər yetirsək, 2018-ci ildə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və filialları tərəfindən 34 tədbir, 6 sərgi (onlardan 3-ü muzeydən kənarda), 2019-cu ildə 53 tədbir, 6 sərgi (muzeydən kənarda) keçirildiyi halda 2020-ci ildə cəmi 8 tədbir, 2021-ci ildə 26 tədbir, 6 sərgi (onlardan 4-ü muzeydən kənarda), 2022-ci ildə isə 48 tədbir, 7 sərgi (muzeydə – 1, virtual – 4, muzeydən kənarda – 2) keçirilib. Gördüyümüz kimi, postpandemiya dövründə dinamika artaraq inkişaf edir. Bu dinamika bütün muzeylərə aiddir.
2008-ci ildən muzeyin nəzdində Klassik Musiqi Həvəskarları Klubu fəaliyyət göstərir. Klubun tədbirləri əsasən muzeyin filialı olan Niyazinin Mənzil-Muzeyində keçirilir. Bu günədək klub çərçivəsində 150-dək tədbir keçirilib.
Düşünürük ki, ölkəmizdə hələ 2003-cü ildə UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş muğam sənətinə həsr edilən muzey yaradılmalıdır. Sovet illərində Bakının caz mərkəzlərindən biri və indiyədək də paytaxtda caz musiqisinin xüsusi yeri olduğunu nəzərə alsaq Bakı caz muzeyinin yaradılmasını da məqsədəuyğun hesab edirik.
Azərbaycanda hər-hansı bir qrupa aid muzey yoxdur. Halbuki 2022-ci ilin may ayında əfsanəvi “Karvan” qrupunun bir araya gəlib konsertləri zamanı yaranan ajiotajı nəzərə alsaq bəllidir ki, məsələn, bu qrupun, eləcə də digər vaxtilə məşhur olan, hazırda isə fəaliyyət göstərməyən qrupların muzeyləri yaradılsa ziyarətçilər tərəfindən böyük rəğbətlə qarşılanacaq. Azərbaycanda ümumilikdə musiqi qruplarına həsr edilmiş bir muzey də yaratmaq olar ki, ekspozisiyasında bütün qruplar haqqında materiallar öz əksini tapsın.
Azərbaycanda bir sıra musiqi xadimlərinin, xüsusilə ilk opera yaradan qadın bəstəkarımız Şəfiqə Axundova, ilk opera qadın müğənnisi Şövkət Məmmədova, görkəmli bəstəkarlarımızdan Fikrət Əmirov, Tofiq Quliyev, Emin Sabitoğlu (Sabit Rəhmanın Şəkidəki ev-muzeyində bəzi materiallar qorunsa belə) və digərlərinin ev və xatirə muzeylərinin yaradılmasını vacib hesab edirik.
Azərbaycanın da musiqi profilli muzeyləri Avropa Musiqi Mərkəzinin (CEM) layihəsi olan Avropa musiqiçilərinin ev və muzeyləri şəbəkəsinə qoşularaq beynəlxalq əməkdaşlıq əlaqələrini əməli şəkildə genişləndirə bilər. Bu, həm muzeylərarası əməkdaşlığı inkişaf etdirə, həm azərbaycanlı tələbələrin də müvafiq təhsil prosesinə qatılması üçün vasitəçi ola, həm də elmi və tibbi araşdırmalarda yaxından iştirak edərək bu sahədə ölkəmizə əhəmiyyətli fayda gətirə bilərlər.
İstifadə olunmuş ədəbiyyat:
1. Abdullayeva, S.A. Azərbaycan xalq çalğı alətləri (musiqişünaslıq-orqanoloji tədqiqat). – Bakı: Adiloğlu, – 2002. – 454 s.
2. Alışlı, C. Sənət dünyasının tarixi yaddaşı – Niyazinin mənzil-muzeyi. [Elektron resurs]. URL: https://azertag.az/xeber/Se net_dunyasinin_tarixi_yaddasi_Niyazinin_menzil_muzeyi-1330706
3. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi. [Elektron resurs]. URL: http://www.musicmuseum.az/
4. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi. 2022-ci ilin hesabatı. Bakı, – 2022. – 157 s.
5. Bayramov A. Musiqi mədəniyyətimiz muzeylərdə. [Elektron resurs]. URL: https://medeniyyet.az/page/news/12584/Musiqi-medeniyyetimiz-muzeylerde.html
6. Bütün nəsillərin müasiri Qara Qarayev: Qara Qarayevin 100 illik yubileyi münasibətilə mərkəzi kitabxanaların uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün hazırlanmış metodik vəsait / Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, F. Köçərli ad.Respublika Uşaq Kitabxanası ; tərt.ed. R. Məmmədli ; ixt.red. və burax.məsul Ş. Qəmbərova ; red. K. Ağazadə. – Bakı : F. Köçərli ad.Respublika Uşaq Kitabxanası, – 2018. – 41 s.
7. Hüseynova, L. Azərbaycan musiqisinin maеstro Niyazi zirvəsi // Niyazi (Niyazi Zülfüqar oğlu Hacıbəyov-Tağızadə): biblioqrafiya /tərt. ed. P.Qurbanova, H.Həşimova, Ş.Məmmədli; ixt. red. və burax. məsul K.Tahirov; red. G.Səfərəliyeva; M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası. – Bakı, – 2012. – 200 s. – s. 12-20.
8. Səfərova, Z. Şərq musiqisinin peyğəmbəri. // “525-ci qəzet”, – 2011, 31 mart. – s. 7.
9. Tovuz rayon H.Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi. [Elektron resurs]. URL: https://aghstafa.mct.az/az/view/360/75/Tovuz_rayon_HBozalqanli_adina_Azerbaycan_Asiq_Seneti_Dovlet_Muzeyi
10. Üzeyir Hacıbəyov Ensiklopediyası. Bakı: Şərq-Qərb, – 2007. – 264 s.+16 s. (illüstrasiya)
11. Vaqif Mustafazadənin ev-muzeyində 1200-dən çox eksponat qorunur. [Elektron resurs]. URL: https://azertag.az/xeber/Vaqif_Mustafazadenin_ev_muzeyinde_1200_den_chox_eksponat_qorunur__REPORTAJ-2534678