"Musiqi dünyası" № 1 (98) 2024

Article №1; 9376-9408 pр.
Rafael HÜSEYNOV. ALTİNO SƏSLİ MÜĞƏNNININ ALTUNLARI (DOI 10.5281/zenodo.11203154)
Text PDF

Dəniz həmişə dənizdir. Gah sakit, gah mülayim, gah dalğalı, gah fırtınalı. Bəzən qabarır, bəzən çəkilir – daim adam kimi canlı. Ona görə şairlər insanları da hərdən-hərdən dənizə oxşadırlar.

1841-ci il idi, Abbasqulu ağa Bakıxanov “şah əsər”i olacaq kitabını – “Gülüstan-i İrəm”i başlayırdı və sözü gəlib çıxmışdı Bakı şəhərini əhatələyən qala divarlarının üstünə. Yazırdı ki, “Yaxşı yadımdadır, 40 il əvvəl Bakı qalası iki arşın suyun içərisində idi. Sonra başladı yavaş-yavaş çəkilməyə. Axırıncı 5-6 ildə bir az artıb”. Deməli, 1800-cü illərin lap əvvəllərində hələ Xəzərin dalğaları Qız qalasını döyəcləyirmiş. Sonra dəniz başlayıb asta-asta qala divarlarından aralanmağa. Yer boşaldıqca oralarda yeni-yeni tikililər əmələ gəlməyə başlayıb. Onillər ötüb, sonra yenə dəniz “fikrini dəyişib”, yenə başlayıb asta-asta Qız qalasına doğru irəliləməyə.

1990-cı illər yadımızdadır. Dəniz asta-asta irəliləyirdi və sahil bağının xeyli hissəsi qalmışdı suyun altında, düşünürdün ki, belə getsə, sular Qız qalası ilə bulvar arasındakı yolu da örtər...

Tarix boyu belə olub. Dəniz gah qabarıb, gah çəkilib, nələrsə qalıb suyun altında, vaxt sovuşduqca onlar da yaddan çıxıb. Vaxtilə küçələrindən adamlar keçən, indi isə yalnız haqqında rəvayətlər dolaşan Səbayel boyda şəhər sularda itib, dünənə qərq olub, onda qalmış ömrü qısa insan ola.

Əslində insanın özündən çox onun yaddaşı dənizə bənzəyir. Hafizədə də müəyyən müddət nələrsə elə həmişə əl altında olacaqmış kimi üst qatda qərar tutur. Amma zaman keçişi ilə üst qatda olanlar yavaş-yavaş enir hafizənin dibinə. Müəyyən illərdən sonra hətta bilmərrə unudulur, sanki heç olmayıbmış.

Bakının yaraşığı, insanlarımızın sevimlisi olan o Sahil bağı 1860-cı illərdə düzəlməyə başladı. Onun ilk memarı Qasım bəy Hacıbababəyov idi. Bu dəyərli insan 1848-ci ildən 1856-cı ilədək Şamaxının memarı olmuşdu. Sonra quberniya mərkəzi dəyişdi. Qaşım bəy Hacıbababəyov da köçdü Bakıya, oldu buranın baş memarı – 1856-cı ildən ta 1868-ci iləcən. Elə Bakı bulvarının – hamımızın Sahil bağının yaranması da onun dövrünə təsadüf etdi. İlk layihəni 1862-ci ildə çəkmişdi. Birinci layihəyə görə, Sahil bağının uzunluğu 650 metr olmalı idi. Vaxt ötdükcə Sahil bağı qanadlarını daha geniş açırdı, yavaş-yavaş böyüyürdü, genişlənirdi və bir əsr sonra – 1950-1960-1970-ci illərdə paytaxt sakinləri Sahil bağında gəzməyi, söhbətləşməyi, xüsusən yay axşamlarında burada başmaq seyrinə çıxmağı xoşlardılar. Onların arasında 1960-cı illərin sonlarında, 1970-ci illərin əvvəllərində çoxlarının üzdən yaxşı tanıdığı bir nəfər də olardı. Cürbəcür söhbətlər edərdilər. Amma o ağsaqqal hər dəfə sözün səmtini yönəldərdi Bakı bulvarının tarixinə, Sahil bağının necə yaranmasının üstünə. Səbəbsiz deyildi. Bakı bulvarını yaradan Qasım bəy Hacıbababəyov onun babası olmuşdu. Və taleyin qəribə yazısı ilə o ağsaqqalın ömür saatı 1972-ci ilin yay axşamlarından birində elə həmin Sahil bağında – bir zamanlar, 1860-cı illərdə babasının ilk layihəsini çəkdiyi, təməlini qoyanlardan olduğu bulvarda tamamlandı.

Bu, Azərbaycanın xalq artisti, məşhur opera müğənnisi Hüseynağa Hacıbababəyov idi. O, 1898-ci ildə Şamaxıda doğulmuşdu. Ailələri böyük idi. Atası Soltan kişi Şamaxıdakı toxuculuq karxanasında çalışırdı. Toxucu məvacibi ilə yeddi başlıq ailəni dolandırmaq çətin idi. Ancaq zəhmətə bağlı, gecə-gündüz bir çətən külfətini təmin etməyin qayğıları ilə yaşayan Soltan kişini həmişə kefikök saxlayan, sabahkı günün bugünkündən daha yaxşı olacağına kökləyən musiqiyə həddən ziyadə bağlılığı imiş. Musiqi sanki ona bütün müşküllərini unutdurur, bunca güzəran sıxıntıları içərisində də ovqatının daim duru olmasına kömək edirmiş. Həmin Soltan kişinin nəvəsi, Hüseynağa Hacıbababəyovun qızı Suğra xanım 1980-ci illərin əvvəllərində mənə söyləyirdi ki, babası evdə iri qəfəsdə bülbüllər saxlayırmış. Arada azacıq boş vaxtı olan kimi oturub saatlarla onların oxusuna, cəh-cəhinə qulaq asmaqdan ləzzət alarmış. Balaca Hüseynağanın ürəyinə, varlığına musiqi eşqi bəlkə də həmin bülbül sədalarından hopmuşdu. Bunu mən ehtimal etmirəm. Qızı Suğraya belə fərz etdiyini Hüseynağa Hacıbababəyov özü söyləyibmiş.

1902-ci ildə bütün Şamaxını lərzəyə salan dəhşətli zəlzələ qopur. Soltan kişinin də ev-eşiyi viran qalır. Baxırlar ki, bu vəziyyətdə daha Şamaxıda yaşaya bilməyəcəklər. Bir parça çörək dalınca ailəsini də götürüb baş alır Bakıya və burada artıq büsbütün yeni həyat başlanır. O, zəhmət adamı idi, işin ağırından qorxan deyildi və başlayır fəhləlik edib ailəsinin güzəranını yola verməyə. Özünə ürəyi istəyən kimi savad almaq nəsib olmamışdısa da, çox istəyirdi ki, balaları oxusunlar, həm də yaxşı təhsil görsünlər. 1905-ci ildə – 7 yaşına çatınca Hüseynağanı aparıb qoyur yerlisi Həbib bəy Mahmudbəyovun (1864–1928) adı ilə məşhur olan məktəbə (Bakıda 1887-ci ildə ilk rus-müsəlman məktəbini Sultan Məcid Qənizadə ilə birlikdə yaradan Həbib bəy olmuşdu və bu məktəb az bir zamanda elə hörmət və nüfuz qazanmışdı ki, 1891-ci ildən dövlət təminatına keçirilmişdi).

İnsan öz ömrünü yaşayır, vaxt axarı ilə gedir, hadisələr bir-birini izləyir, buna elə təsadüflər sırası kimi baxırsan. Amma yalnız ömrün müəyyən həddinə gəlib çatandan sonra anlayırsan ki, sanki bütün bunlar irəlicədən bir ssenari kimi yazılıbmış, nədən sonra nəyin gəlməsi, necə gəlməsi ilahi dəqiqliklə hesablanıbmış. Məktəbdə ona nəğmə dərsini Hənəfi Terequlov deyirdi. O Hənəfi Terequlov ki, Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin qaynı olmaqdan savayı həm də onların ən etibarlı silahdaşlarından, məsləkdaşlarından idi və opera ilə birbaşa bağlıydı. Hüseynağanın da, qardaşı Rzanın da hələ məktəbdəki nəğmə dərslərində oxuları ilə başqalarından qat-qat üstün olduqları aşkarca görünürdü. 1910-cu ildə “Nicat” cəmiyyəti xor heyətini genişləndirmək üçün qərara alır ki, babat səsi olan məktəblilərdən də cəlb eləsin. Müsabiqə keçirirlər və az-çox səsi olan şagirdləri yoxlayırlar. Hüseynağa ilə Rzanın zəmanətini artıq Hənəfi Terequlov vermişdi. Uşaqları dinləyirlər, görürlər ki, elə Hənəfinin dediyincə varmış. Müsabiqədə hamıdan yüksək qiymət alaraq ilk qəbul edilənlər də bu iki qardaş olur.

1908-ci il idi. Hüseynağanın 10 yaşı vardı və axşamlardan birində onun həyatında möcüzə baş verir. Böyük qardaşı Rza onu özü ilə birinci dəfə teatra aparır. Onillər ötəndən sonra Hüseynağa Hacıbababəyov o günlərin həyəcanlı təəssüratlarını yada salırdı. Deyirdi ki, mən məscidlərdə, meydanlarda şəbih tamaşalarını görmüşdüm, “Tumannaya kartina” adlı bir neçə filmə də baxmışdım. Ancaq qardaşımın məni apardığı, o axşam gördüyüm tamam ayrı bir aləm idi. 1908-ci il idi. Əslində bütün Azərbaycan möcüzə yaşayırdı. “Leyli və Məcnun” səhnəyə gəlmişdi. “Leyli və Məcnun” tamaşasının hər yeni nümayişi ilə Azərbaycan mədəniyyətində yenicə tumurcuqlayan bu sənət növü təzə-təzə pərəstişkarlar qazanırdı. Ömrü boyu unutmadığı həmin axşamın hər anını dünən olubmuş kimi xatırlayırdı Hüseynağa Hacıbababəyov: “Tamaşa salonu adamla dolu idi, mən maraqla sağa-sola baxırdım. Birdən zalın işıqları sönməyə başladı. Mən qorxdum, bərk-bərk qardaşımın əlindən yapışdım. Hirslə mənə baxıb dedi ki, “sakit otur”. Səhnəyə bığlı-saqqallı, qəribə geyimli adamlar çıxdılar. Və başladılar şəbi-hicran oxumağa. Birdən səhnəyə cəld hərəkətlərlə bir kişi daxil oldu, zalda ordan-burdan pıçıltılar gəldi ki, “Sarabski!”, “Sarabski!”. O, “Mahur” üstündə “Yandı canım hicr ilə, vəsli-rüxi yar istərəm” sözlərini elə gözəl oxuyurdu ki, yer-yerdən insanlar qışqırırdılar: “Yaşa, Hüseynqulu!”, “Yaşa, Hüseynqulu”, “Afərin!”. Sonra səhnəyə qadın qiyafəsində, çaxçur geyimində bir nəfər çıxdı. Yenə yer-yerdən səslər gəldi ki, “Ağdamski!”, “Ağdamski!”. Bu, bir kişi idi, qadın rolunu oynayırdı. O da çox gözəl oxuyurdu. Məcnunun dəli olması səhnəsində mən sidq ürəkdən təəssüfləndim. Xəstə Leylinin yanına gələn Hüseynqulu Sarabskinin yanıqlı oxusu eşidilincə neçə nəfər cibindən dəsmal çıxarıb hönkür-hönkür ağladı. Tamaşa mənə o qədər təsir eləmişdi ki, arada fasilə olanda dodaqaltı sözləri zümzümə edirdim ki, yadımda qalsın. Sabahısı gün evdə də var-gəl edə-edə yadımda qalan parçaları avazla təkrarlayırdım. Bir ağ iri dəsmalı başıma çalma əvəzinə bağlamışdım. Qonşumuzun balaca qızı otağımıza girəndə ona tərəf irəliləyərək: “Get, sən Leyli deyilsən, ey pərizad”, – deyə oxumağa başlayanda o, “Ay məmə!” deyib qaçdı”.

1908-ci il idi. Hüseynağanın vur-tut 10 yaşı vardı. Həyatında ilk dəfə teatra gəlmişdi, birinci kərə opera görmüşdü və görüncə valeh olmuş, bu gözələ bir könüldən min könülə vurulmuşdu.

Və bu uşağın, onun kimi neçə-neçə yeniyetmənin, neçə gəncin ürəyində yaranan atəşin məhəbbətin səbəbkarı həmin Üzeyir bəy idi. Heyran qoyub sənət aşiqinə çevirdiyi gənclərdən əslində yaşca çox da böyük olmayan mözücə cavan! O Üzeyir bəy ki, Azərbaycan mədəni həyatında bir təlatüm qoparmışdı. Hüseynağa o çağlarda sehrə düşənlərdən bircəsi idi. Amma eyni sevgi mərəzinə “mübtəla” olanlardan vur-tut 10 yaşlı Hüseynağanın fərqi bu oldu ki, həmin sevda onun başından həyatının sonunacan getmədi, ömrünün mənasına çevrildi.

İkicə il sonra 12 yaşlı Hüseynağa Hacıbababəyov artıq operada xorda oxuyurdu. İllər ötəcək, yaşı çatacaq 60-a, 60-ı da keçəcək və həmin yaşdaykən müsahibələr verərkən, ya söhbətlərində söyləyəndə ki, “mən yarım əsrdən artıqdır səhnədəyəm”, bu deyiş çoxuna inanılmaz, şişirtmə kimi gələcək. Necə yəni yarım əsrdir səhnədədir, bunun ki 60 illiyi, türkün sözü, “dünən yox, srağagün” qeyd edildi. Amma kimin necə qavraması və yozmasından asılı olamayaraq, bu, həqiqət idi – 60 illik bir ömür, onun 50 ili səhnədə, 70 illik həyat, bunun 60 ili teatrda. Səbəb bəxtdə, yolu erkən başlamasında, bu sevginin onun ürəyinə dünyanı təzə-təzə dərk etməyə başladığı uşaqlıq çağlarından qonmasında idi. Ancaq tale Hüseynağanın üzünə bir başqa baxımdan da gülümsəmişdi. Hər biri ayrıca və təkrarsız məktəb olan, misilsiz sənətkar kimi özləri özlərini doğurmuş nəhəng aktyorlarla eyni səhnədə idi. Onlarla daimi təmasda olmaq, onlardan hər gün öyrənmək girəvəsi Allahın Hüseynağaya bağışladığı xəzinə idi.

XX yüzilin birinci onili bitib ikinci onili gələndə, günü-gündən Bakının səhnə həyatı daha artıq canlanmağa başlayan əyyamlarda Azərbaycanın mədəni həyatında iki əsas yönəldici, yetişdirici mərkəz vardı: “Səfa” və “Nicat” cəmiyyətləri. Və Hüseynağa o cəmiyyətlərin ikisi ilə də əlaqədə idi. Çatdırmaq çətindi, iş çoxdu, amma gərgin əməyin müqabilində qazandığı daha artıq idi. Hüseynağa “Səfa”dan “Nicat”a, “Nicat”dan “Səfa”ya cəmiyyətdən-cəmiyyətə gedən kimi yox, bir məktəbdən obirinə yollanan təki idi.

“Səfa”da da Hüseyn Ərəblinski, Sidqi Ruhulla, Mirzağa Əliyev, Ələkbər Hüseynzadə vardı. Və balaca Hüseynağa da o nəhənglərlə birgə ayrı-ayrı tamaşalarda çıxış edirdi. Hələ ki ifa etdiyi kiçik rollardı, ancaq nə təfavütü, böyüklərlə eyni tavan altında idi, onlarla eyni səhnəni bölüşürdü, eyni havanı udurdu, zalda oturanların mat-mat baxdığı məşhurlarla o da həmkar sayılırdı, ən yaxın məsafədən ustadların nəfəsini, işığını duyurdu.

“Nicat”a isə Hüseynqulu Sarabski, Əhməd Ağdamski, Yunis Nərimanov kimi artıq yetərincə ad çıxarmış güclü sənətkarlar bağlı idi və onların da hər birindən hər an götürməli, öyrənməli yüz cür xırdalıq vardı.

Və 1913-cü ildə Hüseynağa Hacıbababəyova ilk dəfə artıq müstəqil və sözlü rol tapşırılır. “Gave-yi ahəngər” oynanılırmış, Hüseynağaya Gavənin oğlu rolu həvalə edilir. Həmin anda bəxtiyar idi, amma sabahkı günü, qarşıdakı illəri və onilləri o dəmdə irəlicədən heç vəchlə görə və təsəvvür edə bilmədiyindən xəbərsizdi ki, indi bu rolu ifa etməsi onun həyatındakı ən nadir hadisələrdəndir. Çünki sonra illər boyu Hüseynağa Hacıbababəyov səhnəmizdə yalnız qadın rollarını oynamalı olacaqdı.

Yol yeni başlanırdı, qarşıda ümidlər sayrışırdı, fərəhlərlə daşan gənc Hüseynağa Hacıbababəyov məsud idi – çünki iki böyük məktəbin qoynundaydı, bir tərəfdən əzəmətli aktyorlardan dram sənətinin incəliklərini mənimsəmək üçün hər ləhzə gözəlcə fürsəti vardı, digər yandan operanın böyük müğənnilərinin böyründə idi, onlardan səhnədən avazla ovsunlamanın gizlinclərini öyrənməyə qapılar açıqdı. Və tale hədiyyəsi olaraq yolunun lap siftəsindən hərəsi bir məktəb, özlüyündə müstəqil bir yol olan azman sənətkarların yanında qərar tutması sonralar Hüseynağa Hacıbababəyovun özünü də təkrarsız məktəbə çevirdi.

...1916-cı ildə o, həyatının ilk qastrol səfərinə də çıxır. Üzeyir Hacıbəylinin rəhbərliyi altında aktyorlardan ibarət heyət Tiflisə yola düşür və Tiflisdə Hüseynağa Hacıbababəyov daha bir sevinc yaşayır. İlk dəfə Cəlil Məmmədquluzadə ilə tanış olur. Bakıya qayıdandan sonra “Ölülər”i tamaşaya qoyurlar və Hüseyn Ərəblinski hazırladığı bu tamaşada Hüseynağa Hacıbababəyova Nazlı rolunu tapşırır.

Hüseynağa Hacıbababəyovun opera səhnəsindəki ilk eşqi “Leyli və Məcnun” olmuşdu və çox keçmir ki, xorda oxumaq dövrü də başa çatır, ona bu əsərdəki ikinci əsas baş rolu tapşırırlar – Leylini. Və tamaşadan-tamaşaya Leylisini daha artıq cilalamağa, daha cazibəli etməyə başlayır. Operada xorda və dramlarda kütləvi səhnələrdəki xırda surətlərdən sonra ilk baş rollarını alarkən onun “Səfa” və “Nicat” cəmiyyətləri aralığında vurnuxmalarının bihudə olmadığı sevimli bəhrələri ilə üzə çıxır. Operada oxuyanların əksərinin qəlbəyatan səsi olsa da, başlıca kəsirləri onlarda aktyorluğun zəifliyi idi. Hüseynağanınsa yaxşı aktyorluğu ilə qovuşan məlahətli səsi bir-birini tamamlayırdı və onun Leylisini həm daha inandırıcı, həm də daha təsirli edirdi.

Hüseynağa Hacıbababəyov elə işi olmamışdı ki, əlinə çox pul, sərvət gəlsin ki, dar gün üçün dala atsın. İllərcə yığdığı sərvət fotoşəkillər idi, bir də ayrı-ayrı qəzetlərdə adı keçən məqalələrin kəsikləri. Nəvazişlə qoruyub saxladığı, yaşlaşdıqca daha tez-tez baxdığı (bu təfərrüatların hamısı mənə qızı Suğra xanımın söylədikləridir) həmin qəzet kəsiklərindən biri XX əsrin əvvəllərinin yadigarıdır – “Leyli və Məcnun”un növbəti tamaşalarından sonra yazılmış resenziyadan parça. Qəzet xəbər verir ki, Leyli rolunda çıxış edən Hüseynağa Hacıbababəyov “Xoşdur, nə qədər eyləsə yarım cəfa mənə” misrası ilə başlayan parçanı elə məlahətlə oxudu ki, neçə tamaşaçı hönkür-hönkür ağladı.

Hüseynağa Hacıbababəyovun fitri istedadını və parlaqlığını yalnız qəzetdə bu qəbil məqalələr yazan tənqidçilər hiss eləmirdilər ki! 1916-cı ildə Bakıya iki məşhur rus müğənnisi gəlibmiş: soprano – Starostina, bariton – Bragin. Hüseynağa Hacıbababəyovun müxtəlif tamaşalardakı ifalarına qulaq asırlar. Və tamaşalardan birindən sonra Hüseynağa Hacıbababəyova yaxınlaşıb deyirlər ki, gözəl səsiniz var, sizdən yaxşı opera müğənnisi alınar, ancaq bunun üçün gərək səsi tərbiyə edəsən, səsə düzgün yollar öyrədəsən, mükəmməl vokal təhsili alasan. Gəlin Rusiyaya, biz də sizə kömək edərik, orada dolğun oxuma savadı alarsınız.

Söz yox, bütün bunlar ona heç deyilməmişdən də Hüseynağanın ürəyindən keçirdi ki, uyğun bir yerə getsin, oxusun, öyrənsin, təkmilləşsin, biliklərini artırsın. Ürəyindən keçməyinə keçirdi, rus müğənniləri təhsil almağın vacibliyi barədə onunla danışandan sonra bu həvəsi bir az da artmışdı, di gəl, imkan o imkan deyildi. Gözünün qabağında Üzeyir bəyin örnəyi vardı. Üzeyir bəy getmişdi Peterburqa təhsil almağa, ancaq maddi ehtiyaclar vadar etmişdi ki, təhsilini yarımçıq buraxıb qayıtsın Bakıya. Bu, öz yerində, amma o maddi sıxıntıları bəlkə nə yollasa nizamlamaq da mümkündü, fəqət buralardan ayrılmağın özü də ayrı bir sual idi. Bakıda mədəni həyat elə qaynayırdı, tamaşalar, səfərlər, konsertlər elə çoxdu ki, baş qaşımağa macal yoxdu. Qastrollar da haralara? Azərbaycan bölgələri bir ayrı, amma Qafqazın müxtəlif şəhərlərinə, İrana, Orta Asiyaya səfərlər də çox idi. Həm də o qastrol səfərlərində Hüseynağa Hacıbababəyov truppa üçün ən sərfəli ifaçılardandı – həm opera tamaşalarında oynayırdı, həm dram tamaşalarında çıxış edirdi, həm də bu ard-arda səfərlərin əksərində tamaşalardan əlavə verilən konsertlərdə də artıq sırf müğənni kimi tamaşaçı qarşısına çıxırdı. Bu, bir girdab kimi idi, oradan çıxmaq mümkünsüz kimi görünürdü. Üstəlik orası da vardı ki, gah o, gah bu bölgədə verilən konsertlərin, göstərilən tamaşaların çoxunda heç mənfəət də yox idi – əsasən məccani, xeyriyyə məqsədli.

Günlərin birində gedib çıxıblarmış İrana – Rəştdə, Ənzəlidə, Qəzvində tamaşalar göstərmiş, konsertlər vermişdilər. Məqsəd o tərəflərdəki aclara yardım! Yəni Hüseynağa Hacıbababəyov və onun məsləkdaşları peşələrinə elə vurğun, bir az da artıq – elə fanatik, elə fədakar insanlar idilər ki, onlar özləri haqqında düşünmürdülər. Əsas niyyətləri qarınlarından daha əvvəl insanların mədəniyyətə olan aclığını doydurmaq idi (Zatən özləri həmişə bir qarın ac, bir qarın tox olduqlarından qarın doyurası halları da yox idi).

Onlar bu savab yolda bütün bacarıqlarını, qəlblərinin bütün məhəbbətini sərf etməyə, qarşıya çıxacaq hər maneəni adlamağa hər an hazır idilər.

...Ancaq Pərvərdigarın hərdən-hərdən yox yerdən qapı açması da olur. Nəhayət ki, Hüseynağa Hacıbababəyova arzusunu ürəyində çoxdan daşıdığı ali musiqi təhsili almaq da qismət olur. 1925-ci ildə Bakıda konservatoriya yenicə ayaq tuturdu. 1921-ci ildə konservatoriya təşkil ediləndə orada vokal kafedrası üzrə təhsil alan bircə nəfər azərbaycanlı tələbə Bülbül idi və onun da ilk müəllimlərindən biri professor Nikolay İvanoviç Speranski (1877–1952) olmuşdu. Üzeyir bəy Sovet İttifaqının müxtəlif guşələrindən bu cür püxtə ustadları Azərbaycana ona görə dəvət etmişdi ki, konservatoriyada milli kadrların yetişdirilməsinə nail olsun. Hər biri ehtiramla anılmalı həmin qiymətli sənətkarlar və pedaqoqlar da bacardıqları qədərincə ləyaqətlə çalışmış, qısa zaman kəsiyində müasir musiqimizin gələcək sıçrayışlı yüksəlişlərinə səbəb olacaq bir-birindən qüvvətli qabil cavanlardan ibarət qüdrətli musiqiçilər nəsli yetişdirmişdilər. Nikolay Speranski həmin xeyirxah missiyanı yerinə yetirməkçün ümidverici səslər ardınca operaya vaxtaşırı baş çəkərmiş. Növbəti gəlişlərindən birində Hüseynağa Hacıbababəyovun oyunu da, oxusu da diqqətini çəkir, tövsiyə edir ki, konservatoriyaya gəlin, sizin yaxşı vokal təhsili almağınız lazımdır.

Və səs quruluşu üzrə ən bilgin mütəxəssislərdən olan professor Nikolay İvanoviç Speranski Hüseynağa Hacıbababəyovu tezliklə öz kursuna götürür.

1928-ci ildə Hüseynağa Hacıbababəyov çoxdanın müğənnisi və aktyoru idi. Ancaq həmin il debütü gerçəkləşir – Nikolay Rimski-Korsakovun “Qarqız” operasında çar Berendeyin rolunu ifa edir və hamı tərəfindən də rəğbətlə qarşılanır. 1930-cu ildə isə daha bir əlamətdar hadisə baş verir. O vaxtlar müəyyən Avropa və rus operalarını Azərbaycan dilinə ekvoritmik tərcümə etməyə başlamışdılar və həmin il Pyotr İliç Çaykovskinin “Yevgeni Onegin”i Azərbaycan dilində tamaşaya qoyulanda Hüseynağa Hacıbababəyov Lenski rolunu ifa edir.

Azərbaycan operasının tarixində güclü, şöhrətli sənətkarlarımız az olmayıb. Ancaq onların hamısının arasında və bütün Azərbaycan operasının tarixində Hüseynağa Hacıbababəyovu tam nadirə, müqayisəsiz təkə çevirən bu müstəsna universallıq keyfiyyətidir ki, o, eyni məharətlə həm muğam operalarında həm kişi, həm qadın rollarında dəfələrlə çıxış edib, eyni ustalıqla həm də operettalarda qadın və kişi rollarını oynayıb, amma eyni zamanda Qərb və rus bəstəkarlarının operalarında aparıcı rolları həm Azərbaycan, həm rus, həm də Qərb dillərində ifa edib. Bu baxımdan Hüseynağa Hacıbababəyova tay olacaq, onunla tutuşdurula biləcək ikinci sənətkarımız olmayıb və bu meyarlar nəzərə alınarsa, bundan belə də ona rəqib sayılası digəri olmayacaq. Müxtəlif dillərdə oxuyanlarımız da yetişər, həm muğam, həm klassik operalarda, üstəlik musiqili komediyalarda uğurla çıxış edə bilənlərimiz də yaranar. Ancaq illər boyu səhnəmizdəki boşluğu dolduraraq bir kişinin operalarımızda qadın rollarını oynamaq zərurəti daha bundan sonra yaranası deyil.

...1938-ci ildə Moskvada Azərbaycanın ilk ədəbiyyat və mədəniyyət ongünlüyü keçiriləcəkdi. Bu, mühüm mədəni və həm də ciddi siyasi mənası olan hadisə idi. Azərbaycan ədəbiyyatı və incəsənəti, onun nailiyyətləri ilk dəfə bunca yüksək səviyyədə, bu miqyasda və belə geniş əhatədə nümayiş etdiriləcəkdi. Həmin ərəfədə ən narahat günlər yaşayanlardan biri bəstəkar Müslüm Maqomayev idi. O, ağır xəstə idi, dəqiqi – can üstündə idi. Amma bu halında da yarı canı “Nərgiz”inin yanındaydı. Çünki “Nərgiz” “Koroğlu” ilə yanaşı Moskvadakı dekadada nümayiş etdirilməli idi. “Nərgiz” Müslüm Maqomayevin bəstələdiyi ilk Avropa tipli opera idi. Maestro Niyazi xatırlayırdı ki, ağır xəstə olduğu vaxtlarda getmişdim Müslüm bəyi yoluxmağa. Çünki “Nərgiz”in orkestrləşdirilməsini yerinə yetirmək də, Moskvada – dekadada bu əsərə dirijorluq da Niyaziyə tapşırılmışdı.

1975-ci ildə hələ tələbə ikən Müslüm bəyin 90 illiyi münasibətilə Azərbaycan radiosu üçün hazırladığım verilişdə Maestro söyləyirdi ki, Maqomayev “Nərgiz”ə Moskvada mənim dirijorluq edəcəyimi, baş rolu – Əlyarı Hüseynağa Hacıbababəyovun ifa edəcəyini biləndə çox sevindi, “Mən “Nərgiz”in taleyindən artıq arxayınam” dedi.

Dekada Hüseynağa Hacıbababəyov istedadının çoxcəhətliliyini bütün çalarları ilə əyan edir. O, Moskvada, Müslüm Maqomayevin “Nərgiz”ində Əlyar rolunu ifa edir, Reynqold Qliyerin “Şahsənəm” operasında yenə baş rolda çıxır – Qərib olur.

Moskvaya aparılan əsərlərin içərisində Üzeyir bəyin “Arşın mal alan”ı da vardı və “Arşın mal alan”da Hüseynağa Hacıbababəyov Süleyman idi. Moskva qəzetləri heyranlıqlarını gizlətmədən yazırdılar ki, Bülbül və Hüseynağa Hacıbababəyov bu tamaşada komik aktyor və müğənni kimi də böyük ustalığa malik olduqlarını əyani şəkildə hər kəsə sübut etdilər.

1938-ci ildə çəkilmiş kinoxronika qalır. Azərbaycan ədəbiyyat və sənət xadimləri Moskvadan qayıdırlar. Şövkət Məmmədova da buradadır, Bülbül də, Hüseynağa Hacıbababəyov da, digər məşhurlar da. Hamısının sifətində gülüş, çöhrələri işıqlı, hamısı xoşbəxtlər xoşbəxti. Hamısının həyatında əlamətdar hadisələr baş verib – mükafatlandırılıblar, orden-medallara layiq görülüblər, yüksək fəxri adlar alıblar. Səhnəyə gəldiyi ilk anlardan – lap o uşaqlıq çağlarından həmişə xalq artisti olmuş və xalq artisti olmağın yüksək şərəfini ömrünün sonunacan dəyanətlə daşımış Hüseynağa Hacıbababəyov Vətənə o çağlarda sənətkara verilən ən yüksək fəxri ad olan “Xalq artisti” kimi qayıtdı, bu da onun yeni sənət uğurları qazanmasından ötrü təzə, daha əngin üfüqlər açdı.

...Pərdə həmişə nəyisə gizlədir və pərdənin ardında həmişə bir mübhəmlik var. İstəyir bir evin pəncərəsindəki pərdə ola, istərsə də hər hansı səhnədəki pərdə. Hələ bu görünən pərdələrdən savayı gözəgörünməz, insanlar arasında olan pərdələr də var.

Nə qədər ki səhnənin pərdəsi örtülüdür, onun arxasındakı dünya bizim üçün məchuldur. Səhnənin pərdəsi açılır və orada bizi də özünə tərəf çəkib gərdişinə qoşan ayrı bir həyat cərəyan edir. Elə həyat ki, istər-istəməz bir saat, saat yarım, iki saat ərzində ona sadəcə seyrçi, gendənbaxan olaraq qalmırıq, dönürük onun iştirakçısına. Oradakı həyata qarışa, təsir edə bilmirik, ancaq orada baş verənlərin təsirində olduğumuzdan biz də mahiyyətcə həmin həyatdakılardan birinə çevrilirik. Orada yaşananlar, oradakı hiss və həyəcanlar dönüb olur həm də bizimki.

Hüseynağa Hacıbababəyov yeniyetmə yaşından pərdə çəkilincə orada möcüzələr yaradanlardan oldu. Onun peşəsi pərdənin o üzündəkliəri bu tərəfə göstərmək idi və payına belə bir sənət düşdüyü üçün də o, həmişə özünü çox bəxtli sayırdı. O, səhnədə başqalarının ömrünü yaşayırdı, başqalarının sevincini və dərdini oynayırdı və səhnədə yaşadıqları öz ömrünü də məna ilə doldururdu. Ancaq onun da hər kəs kimi şəxsi həyatı, doğmaları, əzizləri, yaxınları ilə başabaş yaşanan ömrü vardı. Lakin həmin ömrün pərdəsi, səhnə pərdəsindən fərqli olaraq, yalnız ən məhrəmlərə açıla bilirdi. Başqa ömürlərin ən xırdaca ayrıntılarını da səxavətlə insanlara göstərən Hüseynağa Hacıbababəyovun öz ömrünün iri-iri səhifələri və parçaları başqaları üçün görünməz, hələm-hələm açılmayan pərdə ardında idi. Hələ sağlığında belə idi, indi özü çoxdandır həyatda yoxdur, sanki o pərdə bir az da qalınlaşıb, qaranlığa bir qədər də artıq qərq olub. O pərdənisə vaxtaşırı açmağa mütləq ehtiyac var. Açmasaq, bizimçün gözəlliklərə pərdə açılmış və borclu olduğumuz çox qiymətli şəxsiyyətləri asta-asta unudarıq.

1980-ci illərdə, 1990-cı illərin əvvəllərində toxucu oğlu olmuş atasının toxuduğu sənət tikmələri yaddaşlardan silinməsin deyə vəfalı qızı tez-tez qapıları açardı, yubiley mərasimlərinin keçirilməsi üçün təşəbbüslər edərdi, radioda lent yazılarının səsləndirilməsindən ötrü vaxtaşırı musiqi redaksiyasına zəng vurardı. O zaman hələ Hüseynağa Hacıbabəbəyov bizdən, sən deyən, uzaqda deyildi. Ən əvvəl ona görə ki, onu səhnədə görmüş, onun tamaşalarına baxmış, konsertlərini dinləmişlərin bir çoxu sağ idi, onunla eyni səhnədə çıxış etmişlərin də neçəsi həyatda idi, hətta yaşlaşsalar belə, operada işləməkdə davam edənləri də vardı. Suğra xanımı da, o canlı şahidləri də vaxt apardı və sanki bu sənət və səhnə fədaisi də bizdən qəfilcə xeyli aralandı.

Azərbaycan radiosunun, televiziyasının səslər, görüntülər xəzinəsi bu millətin mənəviyyat yaddaşıdır. Zamanında nə qədər qiymətli verilişlər, tamaşalar hazırlanıb, nə qədər gözəl səslər, ifalar, danışıqlar lentləşdirilib. Ötənlərdə o saxlancları vaxtaşırı səsləndirərdilər, göstərərdilər və pərdənin bu cür mütəmadi açılması da dünənlə körpülərin qırılmamasına imkan yaradardı. Təzə gələnlər indi bundan qəti imtina etdilər ki, bizə təkrar-filan gərək deyil, özümüz yenilərini düzəldəcəyik. İddiası hədəqəyə sığmayan içərisidayazlara ixtiyar sahibliyi verildi, getdikcə də bunu daha iştahla edirlər və nəticə də heç yaxşıya doğru aparmır. Gələnlər dünəndəkindən daha yaxşı olan yenini yaratmaq gücündə deyillər, keçmişdə yaranmış yaxşıların da bugünün insanlarına yolunu kilidləyərək bərk-bərk sandıqda saxlayırlar.

Qabaq camaatımız səhnədə görmədiyi müğənniləri də, aktyorları da belə-belə daimi səsləndirmələrin sayəsində elə səsindən tanıyırdılar. İndi vəziyyətin necə olduğunu, yaddaşın hansı kökə düşdüyünü etiraf etməyə dil dönmür, acınacaqlı durumu düşünəndə ürək sıyrılır.

Bu gün milyonlarla azərbaycanlı arasında Hüseynağa Hacıbabəyovu tanıyan barmaqla sayılacaq qədər ola-olmaya. Pərdəsə gərək daim açıla ki, yeni nəsillər babalarından, onlara irs yaratmışlardan iraq düşməyə.

Qalxdığımız zirvələrdən aşağıya yuvarlanmaq nə asan. Axı rəva deyil, bu yüksəkliklərə dikələ bilməyimiz üçün ömürlər sərf edilib, can qoyulub!

XX yüzilin əvvəllərində zaman dəyişirdi, o vaxtın içərisindəki insan başqalaşırdı. Təzə yüzilin yeni çağırışları mühiti dəyişməyə, onu daha çağdaş, daha irəliçi etməyə səsləyirdi. Və Hüseynağa Hacıbababəyov kimi məcnunlar mədəniyyətin yeni, saf dalğalarının Azərbaycan cəmiyyətinə daha dərindən sirayət etməsi naminə mübarizədəydilər. Yol daş-kəsəkli olsa da, “qarşıdan məşəqqət daşları yağsa da” (bu ifadə o dövrün dəqiq mənzərəsini cızan və özü də həmin qurucuların ən ötkünlərindən olmuş Cəfər Cabbarlınınkıdır), Hüseynağa Hacıbababəyov müqavimətləri yara-yara qabağa gedənlərin sırasında idi.

O, aktyor idi, bununla ifixar duyurdu, ancaq mürgülü çoxluğun cahil mühiti aktyorluğa “mütrüflük” deyib ikrahla baxırdı. Hüseynağanın işisə ikiqat ağır idi. Həm aktyordu, həm də övrət libası geyib qadın rollarını oynayırdı.

Bütün dövrlərdəki ən üstün opera Məcnunu Hüseynqulu Sarabskinin oğlu, unudulmaz teatrşünasımız Azər Sarabski mənə söyləyirdi ki, gələcək atası gələcək anası ilə evlənməyi ərəfəsində qızın ailəsinə müraciət edəndə rədd cavabı vermişdilər ki, bizim artistə arvad olası qızımız yoxdur. Ya qüdrətli Hüseyn Ərəblinski ki, onu başqalarından daha əvvəl öz yaxınları, qohum-əqrəbası ittiham edirdi, hətta söyləyirlər ki, aktyor olması səbəbindən onu qətlə yetirən də öz doğmaca dayısı oğlu Xalıq olmuşdu.

Hüseynağa Hacıbababəyovunsa səhnəyə elə coşqun məhəbbəti vardı ki, hər cür tənələr vurulsa, qaxınclar edilsə də, yolundan dönən deyildi. O zavallını yalnız quruca sözlə yamanlasaydılar, təhqirlə, məzəmmətlə kifayətlənsəydilər, nə vardı ki! Yenə öz etdiyi söhbətlərdən qızının yadında qalan əhvalatlardandır ki, yol gedəndə bir para guya millət təəssübü çəkənlər ona yekəxanalıqla, hikkəylə gendən söz atır, “biqeyrət” deyirlərmiş.

“Qeyrət” kəlməsini dilimizə ərəbcədən gəlmiş söz sayırıq və ailə, xalq, Vətən namusu anlamında qavrayırıq. Əslində isə bu söz qədim yunancadan gəlir və bir ilahın adıdır. Əski yunan əsatirində Zevsin ən kiçik oğlu Kairos müəyyən qərar və davranışların gerçəkləşməsi, vacib bir vəzifənin yerinə yetirilməsi üçün əldən qaçırılmamalı zamanın tanrısı idi.

“Biqeyrət” deyib burunlanan, həqarətlərə məruz qalan Hüseynağa Hacıbababəyov əslində qeyrətin özü idi. Çünki göylər onu bəlli bir zaman aşırımında milləti üçün mühüm vəzifəni yerinə yetirməkdən ötrü ezam etmişdi.

Tarixdən və Taledən Vətən və Millət naminə məhz seçilmiş vaxt kəsiyində yerinə yetirməli olduğu işin tapşırığını almış və özü Qeyrət olana vücudu qara qəpiyə dəyməyənlərin hərzə-hədyanları qayalara çırpılan yellər kimidir.

Xalqını daha şərəfli, daha şanlı, daha gur işıqlı etməkçün zaman çınqıllıqlarında yalın ayaqlarla irəliləyən QEYRƏTLİLƏR daş-kəsəkdən haçan qorxub ki?!

Və onlar gərək zaman pərdələrinin də arxasında gizli qalmaya, ən azı QEYRƏT dərslərini yeni zamandakılara öyrətmək üçün!

Bir ananın balasından ötrü canını fəda etməsinin nə demək olduğunu bütün əyaniliyi ilə təsəvvür etmək istəsəniz, Müslüm bəy Maqomayevin “”Şah İsmayıl”ını ayaq üstə qoymaq yolunda çəkdiyi əziyyətlərin tatixçəsini bilmək yetər. Bir ana övladını dünyaya gətirmək yolunda hansı ağrıları çəkirsə, əslində hər böyük sənətkar da canından qan verdiyi hər əsərini doğmaqçün eyni məşəqqətə tablaşır. Müslüm bəyə Tanrı iki yavru bağışlamışdı və o qoşa oğluyca sevdiyi digər iki balası – “Şah İsmayıl”la “Nərgiz”i araya-ərsəyə gətirmək yolunda çəkdikləri zavallı Müslüm bəyin ömrünü tükətdi...

Xeyli macəralarla üzləşəndən sonra, nəhayət ki, 1919-cu ildə Müslüm Maqomayevin “Şah İsmayıl”ı səhnəyə gəlir. Şah İsmayıl rolunda Hüseynqulu Sarabski çıxış edirdi. Və 21 yaşlı Hüseynağa Hacıbababəyova Gülzarı tapşırırlar. Tamaşadan iki gün sonra “Səda-yi həqq” qəzeti səhnədə baş verənləri təhlil edərək yazırdı ki, qadınlarımızın səhnədə olmaması teatrımız üçün, operamız üçün böyük kəsirdir. Ancaq Gülzar rolunda çıxış edən Hüseynağa Hacıbababəyov elə məharətlə oynadı, elə məlahətlə oxudu ki, bu kəsir hiss olunmadı. Onun ifası qadın rolunu bir kişinin oynadığını büsbütün unutdururdu. Elə zənn edirdin ki, səhnədəki elə gözəl bir qızdır.

Lap az keçəcək, dövr dəyişəcək, Azərbaycan şuralaşandan sonra mədəni yüksəlişə və müasirləşməyə də xüsusi diqqət ayrılacaq, qadınlar ictimai-siyasi həyatda, mədəni mühitdə getdikcə daha geniş fəaliyyətə cəlb ediləcəklər, çox ötmədən səhnədə bir-birinin ardınca gənc Azərbaycan qadınları görünəcək – həm Dram Teatrında, həm operada, həm kinoda.

Hüseynağa Hacıbababəyova da qismət olacaq ki, bir vaxtlar qadın libası geyib Leyli, Əsli, Gülnaz, Gülçöhrə... surətlərini yaratdığı tamaşalarda Məcnuna da, Kərəmə də, Sərvərə də, Əsgər bəyə də... çevrilsin, artıq onun özünün də xanım tərəfdaşları olsun. Xalq artisti Gülxar xanım Həsənova onlardan biri idi və Azərbaycan radiosunun səs xəzinəsində Gülxar xanımla 1970-80-ci illərdə Hüseynağa Hacıbababəyov haqqında etdiyimiz çox söhbətlərin lent yazısı qalmaqdadır. Gülxar xanım söyləyirdi ki, Hüseynağa Hacıbababəyovla şəxsən tanışlığı 1940-cı illərdən başlayıb. Onda hələ Gənc Tamaşaçılar Teatrında işləyirmiş: “O vaxtlar hərdənbir konsertə gedərdim. Bir gün “Dənizçilər klubu”nda mən Hüseynağa Hacıbababəyovla tanış oldum. Onun konsert ifası bütün tamaşaçıların nəzərini cəzb etmişdi. O, əvvəllər pianonun müşayiəti ilə əsasən romansları və ariyaları ifa edərdi, sonralar isə xalqın tələbinə görə Azərbaycan xalq mahnılarını da oxumağa başladı və onun repertuarında muğamlar, təsniflər, “Süsən sünbül”, “Yaxan düymələ” kimi xalq mahnıları sabit yer tutdu. Bir gün Hüseynağa mənə dedi ki, ay qız, sənin belə güclü səsin var, nə üçün Opera Teatrına gəlmirsən? Gəl, sənə orada ehtiyac var. Mən bu sözə o qədər də bənd olmadım. Çünki məqsədim Dram Teatrında işləmək idi. Ancaq, görünür, qismət beləymiş. Nəhayət, 1942-ci ildə Üzeyir Hacıbəyov və Mirzə İbrahimov məni operaya gətirdilər. Beləliklə, mən Hüseynağa Hacıbababəyovla daha tez-tez görüşməli oldum. Əvvəllər mən onunla əsasən konsertlərdə birgə çıxış edirdim. Mən yolunu təzə başlayan aktrisa, o isə teatrın təcrübəli sənətkarlarından biri. Onun əsas tərəf-i müqabili Həqiqət xanım Rzayeva idi. Hüseynağa ilə “Arşın mal alan” operettasında birgə çıxışımız da oldu. O, Əsgər rolundaydı, mən isə Telli idim. Sonralar hətta mən baş rollar alanda da Hüseynağa ilə tərəf-i müqabil olmadıq. Çünki mən boyca bir qədər hündür olduğumdan bir-birimizə yaramırdıq, ona Həqiqət xanım daha uyğun idi. O dövrdə opera yay mövsümündə yez-tez rayonlara səfər edər, tamaşalardan parçalar göstərər, konsertlər verərdik. Onunla Azərbaycan rayonlarında, eləcə də qonşu Tbilisidə, Yerevanda dönə-dönə konsertlərdə olmuşuq. Bir dəfə yenə Hüseynağa Hacıbababəyovla mən Göyçay, Ağdaş rayonlarında çıxış edirdim. Orada tarzənimiz gözəl sənətkar Hacı Məmmədov idi. Hüseynağa Hacıbababəyov və vaxtilə gözəl səsə malik olan Arif Məmmədov o konsertlərdə çox böyük rəğbətlə qarşılanırdılar”.

Gülxar xanımın danışdığı bir ayrı əhvalatsa o nəsil insanların səhnəyə hər dəfə yenidən çıxmalarına, hər yeni ifaya necə tələbkar münasibət bəsləmələrinin, onlardakı sənət ciddiyyətinin əyani sübutudur. Bir dəfə belə gözlənilməz hadisə baş verir: “Əsli və Kərəm” operasının afişaları şəhəri bəzəyib, tamaşada, adətən olduğu kimi, Hüseynağa Hacıbababəyovla Həqiqət Rzayevanın çıxış edəcəyi xəbər verilir. Biletlər satılıb, tamaşa günü yetişib. O çağlarsa Opera Teatrı hər növbəti tamaşada ağzına kimi dolu olarmış. Ancaq narahat vəziyyət yaranır. Həqiqət xanım bərk soyuqlayır, teatra zəng vurur ki, hec cürə gələ bilməyəcəyəm, səsim çıxmır, naxoşam. Nə olar ki! Birinci dəfə deyil, aktyorların hərdən xəstələnməsi də, qəfil təxirəsalınmaz işinin çıxması da mümkündür, belə hallar üçün adətən irəlicədən ehtiyat tədbirləri də nəzərdə tutulur. Rejissor İsmayıl Hidayətzadə Gülxar Həsənovanı çağırır ki, bu axşam tamaşanı sən oynamalısan. Gülxar əvvəlcə tərəddüd edir, ehtiyatla qayıdır ki, İsmayıl müəllim, axı Hüseynağa müəllimlə mənim boyum tutmur, bu, nə təhər olacaq? Hidayətzadə onu sakitləşdirir: “Narahat olma, mən mizanları elə düzəldərəm ki, boyunuzdakı fərq hiss edilməz”.

Gülxar razılaşır və illər ötəndən sonra da etiraf edirdi ki, bir tərəfdən Həqiqət xanımın xəstələnməsinə təəssüflənsəm də, digər tərəfdən sevindim ki, mənə bəxt qapısı açıldı, Hüseynağa müəllimlə birgə baş rollarda çıxacağıq.

Hüseynağa Hacıbababəyov Həqiqət xanımla sabit tərəfdaşlar olduqlarından bir-birini işarədən duyurdular və onların tamaşalardan öncə əlavə məşq etmələrinə lüzum yoxdu – dəfələrlə oynadıqları, hər anını əzbər bildikləri opera idi. Ancaq bu axşam Gülxar Həsənova ilə səhnəni ilk dəfə bölüşməli idilər, ona görə rejissor iştirakçıları yığıb tamaşadan qabaq yaxşı bir məsq keçirməyi vacib sayır. İşin nə yerdə olduğunu bilincə Hüseynağa boyun qaçırır: “Yox, inciməyin, mən oynamayacam, o qızın boyu ilə mənimki tutmur. Nə qədər mizan qurursan-qur, istənilən halda fərq hiss ediləcək, tamaşaçıda arzuladığımız təəssürat yaranmayacaq. Məni məzur tuunt!”

Neynək, buna da ehtiyat seçim vardı, maşallah, operada sanballı Şah İsmayıllar sarıdan bolluq idi. Hüseynağa oynamaq istəmir, Əlövsət Sadıqov var, bəlkə də Gülxarla oynamaqçün bu, ondan da yaxşı. Əlövsəti arayırlar və pəjmürdə olurlar – o, Bakıda yoxdur, rayonda toydadır.

Neyləməli, yoxdur yoxdur da, teatrın Şah İsmayıl olası Şirzad Hüseynovu da var. Ona xəbər yollayırlar və gələn cavab lap dilxor edir. İş tərs gətirməsin – Şirzad, Həqiqətdən də betər kefsizləyib, boğazına elə soyuq dəyib ki, oxumaq nədir, heç danışan halı yoxdur.

Naçar qalıb yenə Hüseynağaya müraciət edirlər, hal-i qəziyyənin necə olduğunu söyləyirlər, “başqa çıxış yolu yoxdur, gərək özünü çatdırasan”, – deyirlər.

Hüseynağa üzrxahlıq edir: “İsmayıl, özün bilirsən ki, mən teatrın yolunda hər çətinliyə dözməyə həmişə hazır olmuşam. Ancaq rəva bilmərəm ki, səhnəyə çıxam, tamaşaçı gendən baxa və nəyəsə dodaq büzə, nəyisə bəyənməyə. Mən onillərlə qazandığım hörməti bir axşama itirmək istəmirəm. Nə qədər ustalıqla mizan qurursan-qur, gizlədə bilməyəcəksən, Şah İsmayılla Ərəbzənginin qarşılaşdığı, çarpışdığı səhnədə o qızla mənim boyumuzdakı təfavüt aşkar görünəcək, bütün tamaşa yaddan çıxacaq, hafizədə qalan bir o olacaq, sonra mən hər dəfə Həqiqətlə çıxanda da camaatın yadına Gülxarla qarşılaşdığımız bu səhnə düşəcək”.

İsmayıl Hidayətzadə ömrü boyu özünə də, ətrafındakılara da elə həmin vasvasılıq və məsuliyyətlə yanaşmış sənətkar idi və Hüseynağanı çox yaxşı başa düşürdü.

Bu qədər bilet satılıb, artıq tamaşaya da bir neçə saat qalıb, tamaşanı ləğv etmək opera üçün böyük qüsurdur, amma hər halda buaxşamkı “Şah İsmayıl”ı təxirə salırlar – “Aktyorlarımız xəstələnib, eyni biletlə başqa gün gələ biləcəksiniz, tamaşanın vaxtı sizə ayrıca xəbər veriləcək...”

Gülxar xanım mənimlə Hüseynağa Hacıbababəyov haqqında xatirələrini bölüşəndə özü də artıq oturuşmuş sənətkarlardan, operanın ağbirçəklərindən idi. Səhnə həyatı boyu onun da işi oyunu, oxusu ilə qarşısındakıları həyəcanlandırmaq, təsirləndirmək olmuşdu və belə insanların özünü həyəcana gətirmək, duyğulandırmaq asan iş deyil. Ancaq etiraf edirdi ki, o vaxt – gəncliyində də Hüseynağanı dinləyərkən kövrəlirmiş, indi, üstündən onillər ötərkən o avaza bürünən axşamları anarkən boğazından bir qəhər keçir: “O çıxardı səhnəyə, əvvəldə bir Azərbaycan xalq mahnısı oxuyardı. Sonra keçərdi klassik operalara. Məsələn, “Riqoletto”dan oxuyardı, “Sadko” operasından oxuyardı. Mən eşitmişdim ki, Müslüm Maqomayev “Şah İsmayıl” operasını Hüseynağa Hacıbababəyovun səsinə uyğun yazıbmış. Həqiqətən, mən bunun dəfələrlə şahidi olmuşam ki, Şah İsmayıl onun ifasında çox fərqli səslənirdi. Hüseynağanın “Arşın mal alan” operettasında birinci pərdədə ifa etdiyi Əsgərin ariyası ki var, onun avazında, özünəməxsus yapışıqlı oxumasında indiyə qədər mənim xəyalımdadır. Hüseynağa zərif səsə, gözəl görkəmə malik müğənni idi. Teatrın ona böyük ehtiyacı vardı. “Şah İsmayıl”da Ərəbzəngi ona qalib gələndən sonra Gülzarı yada salaraq, Allaha yalvararaq oxuduğu “Ya Rəbb, Gülzarımı sən ağlar qoyma” parçası o qədər təsirli idi ki, inanın, mən zalda oturanda şəxsən özümün gözüm yaşarırdı, yada salıram, indi də qəhərlənirəm. Müharibə vaxtı hospitallarda, çağırış məntəqələrində konsertlərimiz olardı. Usta müğənni idi. O yerlərdə oxuyanda səsində olan təbii hüznlülüyü sanki dərinə çəkərdi, avazında cəngavərlik artardı, elə oxuyardı ki, müharibə işində olan insanları daha çox ruhlandırsın, dinləyənləri qələbəyə ilhamlandırsın, hər şeyin yaxşı olacağına ümidləndirsin”.

“Leyli və Məcnun” gedirdi. Hüseynağa Hacıbababəyov Məcnunu da oynaya bilərdi, amma Leyli idi. “Əsli və Kərəm” çıxırdı səhnəyə. O, böyük məharətlə Kərəmi də ifa edə bilərdi, amma Əsli idi. Səhnəyə “Şah Abbas və Xurşidbanu” gəlirdi. Şah Abbası ifa eləməyə hazırdı, ancaq Xurşidbanu idi. “Arşın mal alan” gedirdi. Yaxşı Əsgər ola bilərdi, ancaq Gülçöhrə idi. “Aşıq Qərib” oynanırdı, Hüseynağa Hacıbababəyov ən bəyənilən Qərib də ola bilərdi, ancaq Şahsənəm idi. “O olmasın, bu olsun” çıxırdı səhnəyə. Sərvər də ola bilərdi, ancaq Gülnaz idi. Bəla bunda idi ki, o kişi surətlərini Hüseynağa kimi, hansınısa ondan bir az yaxşı, hansınısa ondan bir az zəif ifa edə biləcək aktyor-müğənnilər vardı, o tamaşalardakı qadın rollarını oynamaq, həm də bunu Əhməd Ağdamski kimi etmək, Hüseynağa Hacıbababəyov səviyyəsində yerinə yetirmək hər kəsin – hətta əksər ən püxtə aktyorların, müğənnilərin xörəyi deyildi. Ona görə də necə ağır olsa belə, başqa aktyorlar sayaq xoşladıqları, məharətlə də yarada biləcəkləri bir çox rollar ürəklərindən nə qədər çox keçsə də, Əhməd Ağdamski də, Hüseynağa Hacıbababəyov da çəkilməli olan yükə mətanətlə çiyin verirdilər, daha gözəl günlər arzusu ilə səbirlə yolu davam etdirirdilər. Çünki bu əməlin milli vəzifə, borc olduğunu anlayırdılar. Əhməd Ağdamski səhnədən və Bakıdan 1920-ci ildə ayrılası oldu, köçdü Qarabağa, daha sonra oradan da Ağdaşa yığışdı və böyük səhnələrdəki böyük rollar arzusu elə ürəyindəcə qaldı. Hüseynağa Hacıbababəyova isə tale səhnə ömrünün yeni səhifəsini də yaşamaq, dilədiyi rolların hamısında çıxış etmək macalını da verdi. Ancaq bu da çox təəssüfləndiricidir ki, Hüseynağa Hacıbababəyovun ona tarixin qismət ediyi fövqəladə missiyanı nə təhər istedadla, necə şövqlə yerinə yetirməsini, bir-birindən fərqli qadın rollarının hər birini hansı təkrarsız ustalıqla ifa etməsi haqqında bizə qalan yalnız XX yüzilin əvvəllərinin saralmış qəzetlərindəki xəsis sətirlərdir. Nə kino lenti qalıb, nə bir səs yazısı. Ancaq heç olmazsa bu tarixi fürsət də düşdü ki, Hüseynağa Hacıbababəyovun qadın rollarıını necə ifa etməsi haqda yalnız əski qəzetlərdəki soraqlarla kifaayətlənməyim, onu həmin rollarda canlı görmüş həmkarlarını dinləyim.

1978-ci il idi. Azərbaycan opera səhnəsinin ilk qadın Leylisi Sona Hacıyeva (1907–1979) ilə söhbət edirdik. Həmin söhbətimizin də lent yazısı Azərbaycan radiosunun səs xəzinəsində qalır. Sona xanım ilk dəfə səhnəyə necə gəlməsinin tarixçəsini söyləyir. 1923-cü il, Hüseynqulu Sarabski gəlir Sona Hacıyevagilə. Əvvəlcə anası Əzizə xanımla söhbət edir, sonra Sonanı uzun-uzadı dilə tutur və axırı onu da yola gətirir ki, “Leyli və Məcnun”da çıxış eləsin: “Bizə qəti şərt qoyublar ki, nəyin bahasına olur-olsun gərək Leylini qadın oynaya!”

Əzizə xanım Məmmədova (1892–1961) məşhur xanəndə Əbdülbaqi Zülalovun – Bülbülcanın (1841–1927) nəvəsi idi və artıq 1921-ci ilin payızından Bakı Türk Azad Tənqid və Təbliğ Teatrı təşkil olununca səhnədəydi və oradan da Akademik Dram Teatrına gəlmişdi. Sona xanım anasının oynadığı çox tamaşalara da baxmışdı və öz söyləməsincə, yenə anası ilə bərabər operada az olmamışdı. “Leyli və Məcnun”u başdan-sona əzəbər bilirmiş. Xanəndə nəvəsi Əzizənin səsi olduğundan Sarabski xəbərdardı, Sonanın ardınca gəlməmişdən üstünü vurmadan yüngülvari əvvəl kəşfiyyat da aparıbmış, elə sözarası Əzizədən soruşubmuş ki, sizin nəsildə səs həmişə güclü olub, babanın zənguləsi oxuyanlar arasında dillə deyilirdi, görən, sənun qızına da səs keçib, ya yox? Əzizə də qayıdıbmış ki, keçib nədir, Sona məndən min pay yaxşı oxuyur.

Sona xanım nağıl edirdi ki, o vaxt Bakıda Səttar adlı məşhur faytonçu vardı, günortadan bir az keçmiş gördüm ki, Hüseynqulu Sarabski həmin Səttarı göndərib ardımca ki, teatra gedəm.

Və Sona xanım Leyli rolunda çıxış elədiyi o ilk tamaşadan sonrakı əvvəlinci dəqiqələri xatırlayırdı. Deyirdi ki, içərimdə bir təlaş olduğundan tamaşa vaxtı ara-sıra sözlər yadımdan çıxırdı, ancaq səhnənin küncündəki çuxurda suflyor yerləşmişdi, o, mütəmadi olaraq mənə də, digər oynayanlara da kömək edirdi. Amma oxumağım qaydasındaydı, özü də iki-üç dəfə Hüseynağa Hacıbababəyovun Leylisini gördüyümdən işim asan idi, o, necə oxumuşdusa, eynən o cür oxuyurdum, hərdən qalxan alqışlardan hiss eləyirdim ki, camaatın da xoşuna gəlir. Axırıncı pərdə örtüləndən sonra zal lərzəyə gəlmişdi. Zarafat deyil, ilk dəfə idi Leyli rolunda səhnəyə qadın çıxmışdı. Hüseynqulu Sarabskinin gözü gülürdü. Hökumət adamları da vardı, onlar da çox məmnun idilər, amma hamıdan çox sevinən, gözlərindən ixtiyarsız sevinc yaşları axan Hüseynağa Hacıbababəyov idi.

Sona xanım riqqətlə bunu da yada salırdı ki, Hüseynağa onu xəfifcə qucaqlayaraq qulağına pıçıldayıbmış: “Üzün ağ olsun, şükür Allaha, qadın paltarı geyinməkdən canımız qurtardı!”

Amma daha bir təsirli, həm də elə yenə “Leyli və Məcnun”la bağlı xatirə Rübabə xanım Muradovanın söhbətlərindən yadımda qalıb. Azərbaycan səhnəsində bir neçə onil boyunca əvəzedilməz Məcnun Hüseynqulu Sarabski idi. Ancaq sonralar operamızın özünəməxsus qəlbəyatan ifası ilə tamaşaçı məhəbbəti qazanan başqa parlaq Məcnunları da yetişib. Təbii ki, “kişi Leylilər” epoxası bitəndən sonra sıra-sıra yeni əsl Leylilərimiz – qadın Leylilərimiz də yaranırdı. Sürəyya Qacar da, Yavər Kələntərli də, Həqiqət Rzayeva da, Simuzər Hətəmova da və onlardan sonrakı nəsillərin neçə parlaq təmsilçisi də Leyli rolunu məlahətlə, yeni cazibələr qataraq ifa etdilər. Amma “Leyli–Məcnun”ların bütün tarixini göz önünə gətirəndə ən yaxşı Məcnun, ən üstün Leyli barədə düşünərkən həmişə ən ucada dayanan iki ad var. Məcnun – Hüseynqulu Sarabski, Leyli – Rübabə Muradova. Rübabə xanımın xatirəsi də, elə Sona xanımın söylədikləri kimi, lentin yaddaşında qalır. Rübabə xanım söyləyirdi ki, artıq yaşlı vaxtlarında Hüseynağa Hacıbababəyov mənə müraciət etdi ki, səndən bir təvəqqem var. Dedim, buyurun, nə desəniz hazıram. Söylədi ki, XX əsrin əvvəllərində mən “Leyli və Məcnun”da dəfələrlə Leylini yaratmışam. Sonra qismət oldu, Məcnunu da oxudum. Amma ürəyimdən çox keçir ki, Leylilərin ən yaxşısı olan Rübabə ilə bir səhnəyə çıxım, o, Leyli olsun, mən Məcnun, “Leyli və Məcnun”la belə vidalaşım. Əvvəlki vaxtlarım olsaydı, ömründə nəinki belə xahiş edərdim, hətta məni vadar da etsəydilər, razı olmazdım ki, yaşca məndən xeyli cavan xanımla belə əziz əsərdə tərəf-i müqabil olum. Ancaq artıq yol bitir. Yəqin, elə bu, “Leyli və Məcnun”da səhnəyə axırıncı çıxışım olacaq. Ona görə də istəyirəm bu arzum da ürəkdə qalmasın.

Rübabə xanım bunu da deyirdi ki, mən razılıq verməyinə verdim, çünki eşitmişdim Hüseynağa müəllim lap yaxınlarda təqaüdə çıxacaq, teatrın rəhbərliyi ilə də danışdım, onlar da “hə” dedilər və növbəti tamaşalardan birində ikimiz səhnədə birlikdə idik – bir tərəfdə mən Leyli, o biri tərəfdə də Hüseynağa Hacıbababəyov Məcnun rolunda. Həqiqətən də bu tamaşa zamanı onun nə qədər mahir bir sənətkar olduğunu lap yaxın məsafədən, bütün xırdalıqlarıyla hiss elədim.

Ancaq Hüseynağa Hacıbababəyovun o vida “Leyli və Məcnun”u ilə bağlı bir başqa hadisə də olmuşdu. O da görkəmli sənətkarın sənət tərcüme-yi halındakı bir qüssəli andır ki, üstündən sükutla aşmaq istəmirəm. İnanıram ki, Hüseynağa ilə Rübabənin həmin “Leyli və Məcnun”u lentə alınaraq montaj edilsəydi, radioda səsləndirilsəydi, dinləyənlər üzbəüz dayanmış o iki sənətkarı elə yaşıd, ikisini də öz yaşlarından da daha gənc təsəvvür edər, Rübabə ilə Hüseynağanın oxularındakı bir-birini tamamlayan yanğıya, zərifliyə görə bu cütlüyü Leyli–Məcnunların ən yaxşısı sayardılar. Çünki o çağlar Hüseynağa yaşlanmışdısa da, avaz elə əvvəlki təravətində, qabaqkı şaqraqlığında idi. Ruh da ki, öz yerində! Lakin əsər səhnədə göstərilirdi. Opera Teatrına toplaşanlar yalnız eşitmirdilər, həm də görürdülər. Gözdən gözəsə, söz yox ki, fərq var. O fərqli gözlərdən bir cütünün necə görüb yazdığını oxumuşam, digər cütünün isə necə görüb duyğulandığını həmin gözlərin sahibindən eşitmişəm. Hüseynağa Hacıbababəyov ahıl kişi, bədəncə də dolu, Rübabə Muradovasa sütül, nərmə-nazik, cavan qız. O səs də gözəl, bu səs də qəşəng – gözünü yum, dinlə, ayrı aləmə düşəcəksən, ətrafda nə var, eyninə gəlməyəcək, amma səhnəyə baxınca oxunan sözlər, yaşanan hadisələrlə görünüşün təzadı hökmən narahat edəcək. O bir cüt şahid göz ki sahibi həmin tamaşa ilə əlaqədar mənə illər sonra da səngiməmiş hərarətli yaşantılarını çatdırıb, unudulmaz bəstəkarımız, özünün də anası Həqiqət xanım operamızın korifeylərindən olmuş Azər Rzayevin xeyirxah gözləri idi. Azər müəllim söyləyirdi ki, mən niyə bu gün səhnədə məhz bu cütlüyün olmasının səbəbini bilirdim, ata-anamla Opera Teatrına ayağım açılan uşaqlıq illərimdən başlayaraq o günəcən “Leyli və Məcnun”a yüz dəfələrlə baxmışdım, ancaq o axşamkı tamaşa qədər mənə təsir edəni, haldan-hala salanı olmamışdı, çünki Hüseynağa müəllimin bu tamaşaya qədərki bütün yoluna da bələd idim, bu tamaşanın onun axırıncı Məcnunluğu olmasından da xəbərim vardı, ürəyimdə Allahımdan razılıq edirdim ki, nə yaxşı, qocaman sənətkara bu arzusuna çatmağına da imkan verdi.

Ancaq həmingünkü pərdəarxası ayrıntılardan bixəbər olan və tamaşanı izləmiş bir müxbirin gözləri səhnəyə ayrı cür baxmışdı və bir neçə gün sonra qəzetdə sərt tənqidi məqalə dərc etdirmişdi ki, insafən, oxumağına yaxşı oxuyurdular, amma biz tarixdən bilirik, əfsanələrdən, rəvayətlərdən hər kəsə məlumdur ki, Leyli ilə Məcnun həmyaş olublar, hər ikisi gənclik çağında sevdaya düşüb, burada isə Leyli gənc, Məcnun onun atası yerində, məgər teatrda aktyor qəhətliyidir ki, ağsaqqal adama Məcnunu həvalə ediblər?

Axı o, haradan biləydi ki, həmin axşamkı Məcnunluğu Hüseynağa Hacıbababəyovçün sadəcə rol oynamaq, oxumaq deyildi, ürəkdən tikan çıxarmaqdı...

...Səsinin axıracan Hüseynağa Hacıbababəyovla qalmasının digər bir hekayətini mənə unudulmaz alimimiz, musiqişünas, ədəbiyyatşünas, professor Arif Məmmədov söyləmişdi. Deyir, bir axşam Dənizkənarı bulvarda gəzirdik. 1960-cı illərin sonları idi. Elə sözarası Hüseynağa müəllimdən soruşdum ki, səsiniz qalırmı? Nəsə cavab vermək əvəzinə Hüseynağa Hacıbababəyov başladı oxumağa, bu yaşında elə bir “Üzzal” başladı ki, mən də mat qaldım, ətrafdan keçən neçə adam da ixtiyarsız ayaq saxlayaraq heyranlıqla ona qulaq asmağa başladı. Arif müəllim danışırdı ki, o vaxt Opera Teatrına gələndə ilkin olaraq soruşardılar: “Bu gün Hüseynağa Hacıbababəyov oynayırmı? Şah İsmayıl rolunda bu gün kimdir?” Onun bu operada “Zabul” üstündə “Sürdü Məcnun növbətin, indi mənəm rüsva-yi eşq. Doğru derlər, hər zaman bir aşiqin dövranıdır”, – deyə həzin pərdələrdə gəzişmələri heç zaman yaddan çıxmaz. Muğam operalarında əsas aparıcı solist bir dövr o idi və onun 1920-30-40-50-ci illərdə səhnə fəaliyyəti opera tariximizdə məxsusi bir mərhələ təşkil edir. Onun böyük tarzənimiz Qurban Pirimovun, daha sonralarsa mahir ustad Bəhram Mansurovun müşayiəti ilə ifası sözlə təsvir edilməyəcək gözəllik idi.

Uşaqlıq illərindən məlahətli səsi ilə diqqətləri çəkmiş Arif Məmmədova nəsib olmuşdu ki, 1941-ci ildə İrana qastrol səfərinə çıxan Azərbaycan musiqiçiləri dəstəsinə onu da əlavə etsinlər və 3 ay oralarda qalaraq çoxlu konsertlər vermişdilər. Arif müəllim Hüseynağanın, özü demiş, laçın çağlarına da İranda şahid kəsilmişdi. Ona görə də həmişə heyifsilənirdi ki, Hüseynağa Hacıbababəyovun 1940-50-ci illərdəki oxuları lentlərdə, vallarda əbədiləşməyib. Deyirdi ki, sizin eşitdiklərinizin hamısı Hüseynağa Hacıbababəyovun yaşlı vaxtlarındakı lent yazılarıdır. Qulaq asırsınız, qəlbinizə yatır, həqiqətən də gözəldir. Ancaq bunları 1940-50-ci illərdəki səslə eyni tərəziyə qoymaq heç mümkün deyil. O illərin oxuları qalmış olaydı, onda bilərdiniz Hüseynağa necə misilsiz oxuyanmış!

...Hüseynağa Hacıbababəyov insanlarla, hadisələrlə dolu bir ömür yaşadı və həyatından nə qədər şəxsiyyətlər keçdi. Əlbəttə, bunlar gecikmiş təəssüflərdir. O, 1972-ci ildə dünyadan gedib. Elə dövr idi ki, artıq kinolentə çəkmək, radioda studiyaya çağıraraq söhbətlərini də yazmaqçün hər şərait vardı. Kimsənin yadına düşməyib. Oxularından az-çox heç olmazsa ortada nəsə var. Ancaq onun mədəniyyətimizin, musiqimizin, ziyalılığımızın dünəni ilə bağlı nə qədər boşluqlarını doldura biləcək xatirələri, teatr tariximizin macəralı, keşməkeşli və şərəfli bir dövrü haqqında hekayətləri lentləşdirilsəydi, görün indi əlimizdə əvəzsiz sərvətə dönən necə mühüm sənəd, necə müstəsna salnamə qalardı.

Bu onun hələ natamam tərcüme-yi halıdır. Amma hər halda ən dəqiq tərcüme-yi halıdır. Natamamdır ona görə ki, 1937-ci ildə yazılıb. Hələ Hüseynağa Əməkdar artist idi, hələ cavandı, hələ qarşıda yaşanası nə qədər illər dururdu. Bir il ötəcək, Hüseynağa Xalq artisti də olacaq, ömrün daha uğurlu səhifəsi də açılacaq. Həmin dövrdə əslində Əməkdar artist adının özü də çox hörmətli, nüfuzlu bir sənət dərəcəsi idi, Xalq artisti adı isə rəsmi şərəfləndirmənin tək-tək seçmələrə qismət olan və o dövrdə layiq olmayana qətiyyən verilməyən ən ali sənətkar rütbəsiydi.

Hələliksə bir gözü gülən, bir gözü ağlayan 1937-ci ildi. O ilin içində heyrətli bir şəkildə qəmlə sevinc, faciələrlə şadlıq yanaşı addımlayırdı. Hüseynağa Hacıbababəyovun bu tərcüme-yi halı 1937-ci ildə ayrıca vərəq kimi nəşr də edilmişdi. Nüsxələri çoxmuş ki, azı bir dənəsi özündə də qalmışdı. Natamam olmağına natamamdır, tərcüme-yi halının ardının da yazıla bilməsi üçün gərək sonrakı illər də yaşanaydı. Ancaq yarımçıq olsa da, o üzü-bu üzü yazılı bu bircə vərəq əvvəldən-sonacan hər halda Hüseynağa Hacıbababəyovun bəlli olan ən dəqiq, ən doğru tərcüme-yi halıdır. Çünki onu özü yazıb. Bir adamın ömür yolunu, taleyindən keçənləri özündən yaxşı kim bilər?! Həmin qısa ömür tarixçəsindəki iki-üç cümlədə Hüseynağa Hacıbababəyov gəncliyinin mübarizəli və sabahlara ümidli çağlarını belə xatırlayır: “Vətəndaş müharibəsi zamanı Aşqabadda işləyirdim. 1919-cu ildə Müsavat hökuməti zamanı hökumət teatrosu əmələ gətirildi. Məni də buraya bütün operalarda qadın rolu ifa etməkçün dəvət etdilər. O köhnə dövrlər ağır dövrlər idi. Çar hökuməti vaxtı incəsənətə, məxsusən türk incəsənətinə yüksək qiymət və imkan verilmirdi. Xüsusi teatrolar özlərinin cibini dolduraraq bizi istismar edirdilər. Yalnız aprel təbəddülatından sonra incəsənət yüksək qiymət aldı. 1920-ci ildə mən Azərbaycan Dövlət Dram Teatrosuna həmişəlik işə girdim və həmin ildəcə təbliğat briqadası ilə bərabər Dağlıq Qarabağa getdim. Təbliğat məqsədi ilə təşkil edilən müsamirələrdə iştirak etdim. Bu səfərdə mənim yol yoldaşlarımdan Anaplinski, Mirpaşa və sairələrini daşnaklar öldürdülər”.

Hüseynağa Hacıbababəyov o çətin əyyamları belə anırdı, qətlə yetirilmiş sənət qardaşlarını qüssə ilə yada salırdı, lakin onun özünün də elə o tərəflərə səfərlərində ölümlə qarşılaşdığı olmuşdu. Ən azı birini artıq sinli çağlarında qızı Suğraya da söyləyibmiş, o da mənə danışmışdı. Qarabağa səfərlərinin növbətisində Hüseynağa labüd və əzablı ölümlə göz-gözə dayanır. Əhvalat baş verir Ağdamda. Yay vaxtıymış, Ağdamın özündə, ayrı-ayrı kəndlərdə tamaşalar göstərir, konsertlər verirlərmiş. 1930-cu illərin əvvəlləriymiş. Bu qəziyyəni qızına söyləyəndə hadisədən 30 ildən də çox keçirmiş. Fəqət həmin günün xofu hələ də Hüseynağanın canından çıxmayıbmış. O illərdə rayonlarda nə mehmanxanalar varmış, nə qonaq evləri. Adətən on günlüyə, iki həftəliyə Bakıdan qastrola gedən artistləri iki-iki, üç-üç Ağdamın özündə, ayrı-ayrı kəndlərdə imkanlı, simsar adamların evlərində yerləşdirirlərmiş. Həmin gün kəndlərdən birində konsert verən artistlərdən Hüseynağa Hacıbababəyovla Dadaş Şaraplının ardınca axşam saat 7-yə qalmış gecələyəcəkləri qonşu kənddən kolxozun yük maşını gəlməliymiş. Konsert bitir, saat 7 olur, baxırlar ki, yarım saat da əvvəl gəlməli olan maşın hələ yoxdur. Yarım saat da gözləyirlər. Hüseynağa qayıdır ki, ay Dadaş, görünür, ya maşın yolda xarab olub, ya benzini qurtarıb ki, belə ləngiyir. Gəl vaxt itirməyək, nədir ki, burdan-buradır, piyada gedək, maşın da gəlsə, yolda qarşımıza çıxar, bizi götürər. İraq olsun, birdən gəlməsə, biz də gözləyə-gözləyə qalsaq, Əli aşından da olarıq, Vəli aşından da, gecəyə düşərik, qalmağa yer də tapmarıq. Dadaş da “düz deyirsən” söyləyib razılaşır, düzəlirlər yola. Bir xeyli gediblərmiş, artıq axşam alatoranında uzaqdan getdikləri kəndin hündür ağacları qaraltı kimi gözə dəyməyə başlayırmış. Birdən Dadaş Şaraplı hövlnak xırıltılı səslə pıçıldayır: “Bir ora bax”. Hər ikisinin rəngi qaçır, üşənirlər. Görürlər ki, yaxınlaşmaqda olduqları arxın yanında bir canavar dayanıb düz onlara baxır. Ayaqları sustalır. Nə irəliyə bir addım atmağa heyləri qalır, nə geriyə. Düzənlik, ətrafda haraylayası, dada çatası bir ins-cins yox. Yenə özünü birinci ələ alan Şaraplı olur. Boğuq səslə dillənir: “Hüseynağa, oxu!” Hüseynağa suallı gözlərini dikir yoldaşına. “Oxu, oxu, bəlkə gendən kimsə eşitdi, yaxınlaşdı”. Və Hüseynağa “Segah” başlayır. Bir az qorxudan oxuyurdu, bir az dərddən oxuyurdu, bir az çaşqınlıqdan oxuyurdu və gözü qurdda idi. Oxuyurdu, bayaq onları görüncə mırıldayan canavar səsini kəsmişdi, elə onlar kimi hərəkətsiz dayanıb baxırdı və Hüseynağa daxili bir fəhmlə hiss eləyirdi ki, oxumağı qətiyyən kəsmək olmaz, ömürləri elə bu oxunun uzunluğu qədərdir, dayansa, canavar şığıyacaq onlara sarı... Nə qədər keçir? İllər sovuşandan sonra Hüseynağa Hacıbababəyov heç cürə dəqiqləşdirə bilmirdi: “İki dəqiqəmi keçdi, beşmi, onmu? Ya bundan az, ya çox? Hər saniyə bizimçün saat kimi uzun idi”.

Hüseynağa oxuyurdu, bir yay axşamıydı, hələ hava tam qaralmamışdısa da, qaranlıq asta-asta qatılaşmağa doğru gedirdi. Hüseynağa oxuyurdu, o tərəfdə də canavar tərpənməz dayanıb baxırdı. Səsin, oxunun məlahətli səsimi təsir etmişdi Allahın heyvanına, ya bu anlaşılmaz davranış – qarşısındakı hazır şikarın qaçmaq, nəsə hərəkət etmək əvəzinə yerindəcə donaraq oxumağa başlaması onu çaşdırmışdı? Ya bəlkə bu çöllər vəhşisi həmin anda bu insanlarda özünə yaxın, doğma olan nəsə görürdü? Bizim yox saydığımız, amma gerçəkdə var olan şüuruyla dərk, ya hiss edirmiş ki, naləsi ilə bu cür ürək boşaldan adam da onun tayıdır, onun kimi təbiət balasıdır? Axı bu canavar da, onun həmcinsləri də, indi bu bəni-adəm eləyən kimi, beləcə düzənliyin boşluğunda, tənhalığında hərdən-hərdən bizimçün ulamaq kimi gələn səslərini çıxaranda bəlkə elə oxuyurlar, elə insan kimi ürək boşaldırlar?

Hüseynağa “Segah”ını oxuyurdu, canavar baxırdı və birdən düzənliyin səssizliyinə qarışan bu avaza uzaqdan gələn bir səs də qovuşur. Yük maşını idi, Hüseynağagilin yetişməli olduğu kənddən aralandıqları kəndə sarı irəliləyirdi, ləngər vura-vura, çala-çuxuru adlaya-adlaya yaxınlaşırdı, işıqlarını da yandırmışdı. Və Hüseynağa Hacıbababəyov müqəddəratının həll olunduğu o dəqiqələr barədə qızına belə deyirmiş: “Canavar elə bil o maşının işığına, o qəfildən qalxan gurhagur səsə heç hürkmədi də, qaçmağa tələsmədi də, çevrildi, asta-asta aralanmağa başladı”.

Maşın yaxınlaşdıqca səs gurlaşırmış, canavar get-gedə aralanırmış, Hüseynağa isə “Segah”ını yarımçıq kəsə bilmirmiş, oxumaqda davam edirmiş...

Maşının səsi bu gözəl oxuya mane olmasın deyə sürücü mühərriki söndürmüşdü, aşağı enib bir papiros yandırmışdı, matdım-matdım baxırdı. Qaranlığa qərq olmuş o düzənliyin zülmətini bir o sürücünün hər qullab vurduqca papirosunun artıb-azalan közərtisi, bir də bu yanıqlı “Segah” dağıdırdı.

Və sonralar Hüseynağa yaxınlarına-dostlarına bu əhvalatı danışıb “Mənim “Segah”a bir can borcum var”, – deyəcək.

Heç vaxt heç kimin o cür ürəkdən oxumadığı “Segah”ın da hər halda o məhrəm gecəyə görə bu xanəndəyə borcu olmamış deyildi. Dili yox idi içərisindən keçəni deyə. Amma onun əvəzinə həmin gecənin şahidi Dadaş Şaraplı bunu o hadisədən illər sonra tarzən Bəhram Mansurova söyləmişdi, o da mənə danışdı. Dadaş Şaraplı Bəhram ustada deyibmiş ki, neçə cür “Segah”ın adını çəkirsiniz, amma o “Segah”lar içində bur “Hüseynağa Segahı” da var ki, heç bir başqasına bənzəməz. Oburilərin hamısından təsirli həmin “Hüseynağa Segahı”nı bir mən eşitmişdim, bir kolxoz maşınının sürücüsü, bir də bir yalquzaq...

Onun dövründə sərvət toplamağın cürbəcür çeşidləri vardı. Biri çoxlu xalı-xalça yığırdı, bir başqası sürüsünün böyüklüyü, mal-qarasının çoxluğu ilə varlıydı, bir ayrısı kağız pula, bir digəri qızıla, ləl-cavahirata üstünlük verirdi. O, Nikolay dövründə də yaşadı, Müsavat dönəmində də, Sovetin təzə-təzə ayaq tutan çağlarının vur-tutlu illərindən də keçdi, müharibə də gördü, bir-birinə bənzəməyən Stalin, Xruşşov, Brejnev əyyamlarını da sürdü və həmin dəyişən zəmanələrdə sabit qalan az şeylərdən birinin insanların əlində-ovcundakılardan nələrisə dala atmaq, sabahkı gün üçün var-dövlət cəmləmək ehtirasının olmasına şahid kəsildi.

O da hamı kimi adam idi, o da insanlara xas bu dəyişməz həvəsdən yan keçə bilmədi – ömrü uzunu yığdı. Ancaq aktyor, müğənni Hüseynağa Hacıbababəyov həyatı uzunu yığdıqlarını öz son nəfəsinin çatdığı dəqiqələrədək gizli saxlayaraq vəsiyyətini sonda edənlərdən olmadı. O sərvət ki ta cavanlığından toplamağa başlamışdı, altmışı ötüb yetmişə yaxınlaşmağa üz qoyduğu çağlarda qərara aldı ki, nə qədər sağdır, bu sərvətini bölüşdürsün. Bəlkə də (bəlkə yox, elə həqiqətən də) o mirasın bir yerdə, bir əldə olması daha yaxşıydı. Ancaq nəsə belə istədi ki, bölüşdürsün, bu sərvət bir neçə əldə qalsın. Həyatın çətin sınaqları onu öyrətmişdi ki, ehtiyatı heç vaxt əldən vermək olmaz, qoy topladıqlarının bir qismi nə səbəbdənsə itib-batsa da, heç olmazsa obiriləri qalsın. Ona çox əziz olan xəzinəsinin evdə, ailədə qalmasını lazım bilmədi, özü sağkən tamam-kamal paylaşdırıb qurtardı. Evdə də söz deyən olmadı ki, niyə onlardan bizə heç nə saxlamırsan. Qınamayın ki, niyə belə etdi. O, sədaqətli ər, qayğıkeş ata, nəvazişkar baba idi. Amma bu sərvət ki ömrü boyu toplamışdı və indi həyatının sonuna doğru başqaları arasında bölüşdürürdü, sırf onun özününkü idi və burasını da gözəl anlayırdı ki, o əllərə ki bu mirası təhvil verir, orada qədir-qiymətini evdəkilərdən də yaxşı biləcəklər.

Hüseynağa Hacıbababəyovun həmin mirası vəzncə yüngül olsa da, sayca çox idi, amma hamısı köhnə bir qovluğa sığmışdı. Bilirəm, xəzinə, dəfinə söhbəti elə məsələdir ki, hər adam o barədə eşidincə ixtiyarsız qulaqları şəklənir və istəyir mətləbin sonuna tez çatsın. Mən də sizi çox üzməyim. Hüseynağa Hacıbababəyovun yarım əsrdən də bir az artıq müddətə toplanaraq iri bir qovluğa sığmış, nəhayətdə üç yerə bölünmüş sərvəti müxtəlif illərə aid irili-xırdalı qəzet kəsikləri, fəxri fərmanlar, teleqramlar, məktublar idi. Ömrü boyu qazandığı ailəsini dolandırmağa elə başabaş çatmışdı və yığa bildiyi də bunlar olmuşdu. İndi zaman sovuşandan sonra, özünün lap çoxdan həyatda olmadığı günlərdə həmin qəzet kəsikləri Hüseynağa Hacıbababəyovun yaşadığı illərdəki xoşbəxt saatlarını, günlərini, aylarını bir güzgü kimi dəqiq göstərir. Ancaq o güzgü, elə bil ki, parçalanıb, tikələri müxtəlif arxivlərə, muzeylərə səpilib. Dənə-dənə yığıb yan-yana qoyuram ki, ömrün bütöv xoşbəxtlik mənzərəsi üzə çıxsın.

Hüseynağanı “Arvad tumanı geyib səhnəyə çıxmısan” deyə təhqir edirdilər, ölümlə hədələyirdilər, ancaq o, Leyliliyini davam etdirirdi və “Səda-yi həqq”də çıxan iri məqalədəki ona aid bircə cümlə bütün o təhdidləri, hərbə-zorbaları onunçün mənasızlaşdırırdı, o bircə tərifli cümlə ona sadəcə ürək-dirək vermirdi, teatra olan eşqini qat-qat artırırdı: “Hüseynağa Hacıbababəyov Leyli rolunda məharətlə çıxış edərək tamaşaçıları oxuması və oynaması ilə valeh etdi. Xüsusən “Xoşdur nə qədr eyləsə yarım cəfa mənə” qəzəlini elə təsirli oxudu ki, salondakı tamaşaçılar hönkürtü ilə ağlaşdılar”. Yaxşı, gənclik uğurlarının şahidi olan bu qəzet parçasını illərlə ən əziz yadigar kimi saxlamasaydı, onu cavanlığına qaytaran bu kiçicik yazını tez-tez ilk dəfə görürmüş kimi oxuyub hər dəfə təzədən necə fərəhlənməyəydi!

1915-ci ildə Hüseynağanın 17 yaşı vardı və Abbas Mirzə Şərifzadə Petrovsk, Dərbənd, Vladiqafqaz və Temirxanşuraya qastrol səfərinə aparacağı dəstəyə Hüseynağanı da daxil etmişdi. Hüseynağa orada Əslini çox gözəl ifa etmişdi, Abbas Mirzə də, digər təcrübəli səfər yoldaşları da onu xeyli tərifləmişdilər. Ancaq ən səmimiyyətlə, ən ürəkdən söylənən sözlər də uçub gedir, balaca afişasa ki həmin səfər üçün məxsusi hazırlatdırmışdılar və Hüseynağanın da adı orada xırdaca hərflərlə yazılmışdı, nə qədər şirin olsa da, söylənincə uçub gedən söz kimi deyildi – həmişəlik qala bilirdi və Hüseynağa da həmin afişanı köhnə qovluğunda sərvətlərindən biri kimi əzizləyərək saxlayırdı. İllər boyu yüz dəfələrlə açılıb baxıldığından qat kəsmiş o afişa Hüseynağanın nəzərində ömür teatrının pərdəsi kimi idi. Çünki hər sözünü, hətta hər qırışını belə əzbər bildiyi o əski afişanı hər dəfə qat-qat açanda sanki səhnədəkinə bənzər bir pərdə ağır-ağır çəkilirdi və ağrıları, əziyyətləri, yorğunluqları candan getmiş, hafizədə və ürəkdə yalnız ən xoş təəssüratları qalmış ötən günlər, ömür tamaşasının lövhələri bir-bir göz önündən keçirdi.

“Sərvətlər” qovluğundakı bir başqa “inci” də qayıtmaz gəncliyi geriyə döndərə bilən idi. Xəsis qəzet xəbəri ki, Üzeyir Hacıbəylinin rəhbərliyi ilə opera heyəti Gəncə və Tiflisə qastrol səfərinə gedəcək. Heç o xəbərdə Hüseynağanın adı da yoxdur. Amma həmin xırdaca yazı onunla həmsöhbət ola, 18 yaşındaykən yaşadığı sevincin sonrakı çox 18 illərdə səngiməyəcək həyəcan və qürurunu təzələyə bilirdi. Hüseynağa haqqında çoxdan eşitdiyi Cəlil Məmmədquluzadəni Tiflisdə ilk dəfə görüb tanış olmuşdu – “Molla Nəsrəddin”in redaksiyasında “Ölülər”i oxuyurmuşlar. Elə oradaca məsləhət olur ki, Hüseyn Ərəblinski pyesi Bakıda göstərmək üçün hazırlasın.

O qısa xəbərə baxınca Hüseynağanın “yaddaş kinomexaniki” başlayırmış ömür lentini fırlatmağa, anlar içində Tiflisdən qayıdırmış Bakıya, danışırmış ki, bir qızmar yay günü idi, “İsmailiyyə”nin yanında Mirzağa Əliyevlə rastlaşdım, Mirzə Cəlilin Bakıya gəldiyini, “Ölülər”in rollarının bölünəcəyini xəbər verdi. Söyləyirmiş ki, axşam getdim Mirzə Cəlilin görüşünə, “İslamiyyə” mehmanxanasında yığışmışdılar – məclisə Əbdürrəhimbəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Üzeyir bəy, Abdulla Şaiq, Sarabski, daha neçə tanınmış gəlmişdi.

Nağıl edirmiş ki, o gün bu da qət edildi ki, “Ölülər”in ilk tamaşasında Kefli İskəndər Mirzağaya, Şeyx Nəsrullah Əliqulu Qəmküsara, Kəblə Fatma Yunis Nərimanova, Nazlı surəti də mənə verilsin.

Bir kağız qırığı yaddaşı belə tərpədə, düşüncədə bu qədər nurlu simaları canlandıra, keçmiş günlərin bəxtiyarlığını an-an yenidən yaşada bilirdisə, əlbəttə ki, Hüseynağa Hacıbababəyov o cür tikə-paraları inci də saymaqda, zinət də hesab etməkdə haqlı idi.

Ancaq “Ölülər” söhbətinin ardı bir para dəqiqləşdirmələrlə bir başqa qəzetdə də qalıb. 1967-ci il dekabrın son günlərində “Bakı” axşam qəzeti elə Mirzə Cəlilə yaraşan bir görüş keçirir. Redaksiyaya yaddaşında Mirzə Cəlilli xatirələri daşıyanları dəvət ediblərmiş və ayın 27-də bütöv bir səhifədə həmin söhbət də verilir, o şahid qonaqların birgə çəkilmiş şəkli də – Mustafa Mərdanov, Süleyman Məlikov, Məmmədəli Nasir, Sona Hacıyeva, Ələkbər Hüseynzadə, rəssamlar İsmayıl Axundov, Qəzənfər Xalıqov, ədəbiyyatçı, teatrşünas alimlərdən Cəfər Cəfərov, Abbas Zamanov, Əziz Mirəhmədov da buradadırlar. Elə dəyirmi masadakı söhbətləri yönəldən də onlardır.

“Müasirləri Mirzə Cəlil haqqında” adlı həmin səhifədə ən birinci Hüseynağa Hacıbababəyov danışır. İlk tamaşa gününün bu təfərrüatını da xəbər verir ki, birinci cərgədə Bakı qoçuları əyləşmişdilər. Hamımız narahat idik, həm həyəcanlıydıq, həm də qorxu vardı canımızda ki, bunlar axırda bir qanqaraçılıq salmasa yaxşıdır. Ancaq tamaşa bitəndə hamı vəcdə gələrək ayağa qalxmışdı, elə gurultulu alqış qopdu ki, deyəsən, camaatın bu qırımı qoçuları da nəsə şuluq salmaqdan çəkindirdi. Tamaşaçılar Mirzə Cəlili kəsilmək bilməyən alqışlarıyla dəfələrlə səhnəyə gətirdilər. Qoçulardan bizə dəyib-dolaşan olmadı.

Əziz Mirəhmədov soruşur ki, məşqləriniz çoxmu çəkdi, tamaşanı nə müddətə hazırladınız? “Tez hazırladıq, hamı öz rolu üzərində çox həvəslə işləyirdi. Cəmi 20-25 gün ancaq çəkdi”. O yandan Cəfər müəllim xəbər alır ki, Cəlil Məmmədquluzadə məşqlərə gəlirdimi?

“Bəli, beş-altı dəfə gəldi, məşqlərimizdə iştirak edirdi, hər dəfə xeyirli məsləhətlər, göstərişlər verirdi”.

Əziz Mirəhmədov dübarə soruşur ki, “Ölülər”in bu ilk iki tamaşasının ikisində də tamaşaçı çox idimi? Hacıbababəyov deyir ki, birinci tamaşada adam nisbətən az idi, əksəriyyəti də ziyalılardı. Ancaq ikincidə Tağıyev teatrı ağzınadək dolu idi. Bunu da əlavə edir ki, Tiflisdən xanəndə Seyid Şuşinskini də dəvət etmişdilər, pərdələr arasındakı fasilələrdə oxuyurdu. Canlı şahidlər, işin içində olub sərrast suallar verə bilmək budur – vaxtında belə suallar verilməsəydi, şahidlər gerçəkləri olduğu kimi açılamasaydılar, bu ayrıntıları haradan bilərdik?! Əziz Mirəhmədov Hacıbababəyovdan sorur ki, deyirlər, üçüncü tamaşada sonda tamaşaçılar nə qədər alqışlasalar, müəllifi dəvət etsələr də, Mirzə Cəlil səhnəyə çıxmayıb, elan ediblər ki, bəs, Məmmədquluzadə xəstədir. Hacıbababəyov həmin qaranlıq mətləbə də aydınlıq gətirir: “Mirzə Cəlil təvazökarlıqdan səhnəyə çıxmadı”.

1967-ci ilin qurtaracağında bu etirafını edəndə Hüseynağa Hacıbababəyov yarım əsrdən artıq səhnə təcrübəsi olan, alqışların hər növünü görmüş sənətkar idi, amma “Ölülər”in birinci tamaşası gününü anaraq, 1916-cı ildə qalmış həmin qərib axşama qayıdaraq təsdiqləyirdi: “Mən bütün səhnə fəaliyyətim ərzində belə gurultu qoparan tamaşa, belə alqışları az görmüşəm”.

...1944-cü il iyunun 26-da Tehranda rusca çıxmış “Novosti dnya” adlı qəzetdən öz imzası ilə dərc edilmiş məqaləni də ömrün bir ayrı fəslinin – İrana üç aylıq qastrol səfərlərinin nişanəsi kimi saxlayıb (qəzetin o tarixədək çıxmış ümumi sayından belə anlaşılır ki, bu, gündəlik qəzetmiş, yəqin, 1942-ci ildən İrandakı sovet kontingenti xətti ilə buraxılırmış) və orada yazır ki, “Mən böyük məsuliyyət hissi ilə bizə dost olan ölkədə – İranda yeni tamaşaçılar qarşısında çıxış edirəm. Kollektivimizin vəzifəsi İran xalqına Azərbaycan incəsənətinin nailiyyətlərini nümayiş etdirməkdir”.

Başqa adam üçün bu, xüsusi hisslər oyatmayacaq adicə bir qəzet məqaləsidir, ancaq Hüseynağa bu əl boyda məqaləsini qəzetdən kəsərək bir sərvət parçası kimi illərcə ona görə qoruyurdu ki, həmin yazı sənətkarı sonralar yalnız 1944-cü ilin yayına deyil, daha əvvəlki illərə, İranda şəhər-şəhər dolaşaraq konsertlər, tamaşalar göstərdikləri başqa çağlara da apara bilirdi. İrana birinci dəfə 1917-ci ildə Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Nurməmməd Məmmədov, Mustafa Mərdanov və digərləri ilə səfərə çıxmışdı, Ənzəli və Rəştdə olmuşdular, həm operalardan, musiqili komediyalardan parçalar göstərmişdilər, həm konsertlər vermişdilər. Ancaq 5 il sonra İrana, həmin Rəştə, Ənzəliyə, oradan da Qəzvinə gedib konsertlər vermək Hüseynağaya bir də nəsib oldu. Həm də 1922-ci ildəki səfər daha hansısa səhnə xadiminin təşəbbüsü deyildi. Onları İrana dövlət əliylə yollamışdılar. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi onu, Məmmədtağı Bağırovu, bir də artist Hüseyn Xəlilovu İran qastroluna “Aclara yardım” kampaniyası çərçivəsində göndərmişdi ki, verilən konsertlərdən toplanan pullar kasıb əhalinin nəfinə sərf edilsin. Nəzərdə tutulubmuş ki, Azərbaycandan gələn heyət Tehrana da getsin, bizimkilər ümidliymiş ki, daha çox vəsait də elə orada toplanar. Ancaq Tehrana getməkçün heyət icazəni İrandakı İngiltərə konsulxanasından almalıymış, onlarsa Şura Azərbaycanından olanlara icazə sənədləri verməkdən imtina edirlər. Üstündən xeyli müddət sovuşandan sonra hər halda Hüseynağaya Tehrandakı səhnələrdə çıxış etmək də qismət olur. Yadigar qəzetini saxladığı həmin 1944-cü ildə daha İrandakı hansısa şəhərə getməyə yasaq yoxdu. Bu qastrollar İrandakı sovet ordu hissələrinə mədəni xidmət məqsədi ilə təşkil edilmişdi və ora SSRİ-dən gedənlərin böyük hissəsi də Azərbaycandan olanlardı. Əvvəlki gəlişlərində olan kimi, Rəştə, Ənzəliyə, Qəzvinə, üstəlik Astaraya, Ərdəbilə, Pəhləviyə də gedirlər, amma bu dəfə həm də Tehrana yetişirlər, burada bir yox, üç uğurlu konsert verirlər. “Vətən yolunda” qəzetinin 1944-cü il iyulun 24-də çıxmış sayında ayrıca bir səhifə Azərbaycan musiqiçilərinin İranda bir-birindən təntənəli keçən konsertlərinə və sənətkarların Təbrizə gəlişinə həsr edilmişdi. Həmin səhifədə Azərbaycan musiqiçilərindən təkcə Hüseynağanın şəkli verilib. Mərkəzdə Azərbaycan sənətçiləri heyətinin bədii rəhbəri Əfrasiyab Bədəlbəyli ilə müsahibə yer alır. Yuxarıda ümumi başlıq: “Sovet Azərbaycanı artistləri Təbrizdə”. Bədəlbəyli ilə müsahibənin sağında-solunda Azərbaycan artistlərinin Təbrizə gəlməsi ilə əlaqədar müxtəlif rəylər yer alır. Onlardan biri məşhur İran xanəndəsi, əslən azərbaycanlı olan Əbülhəsən xan Azər İqbal Soltanın salamlamasıdır. Daha sonra Təbrizin Firdovsi adına teatr heyətinin təmsilçilərinin, şair Əli Fitrətin və bir neçə başqasının təbrikləri, Qulam Məmmədlinin “Təbrizdə birinci konsert” adlı məqaləsi gəlir. Əfrasiyab Bədəlbəyli müsahibəsində söyləyirdi ki, “dəstəmiz bəzi yerlərdə açıq meydanda tamaşa vermişdir. Bu tamaşalar sırasında Pəhləvi şəhər bağında və Ərdəbil nahiyəsindəki Nəmin kəndində verdiyimiz konsertləri xüsusilə göstərmək olar. Bu kənddəki tamaşaçılar içərisində hələ ömründə teatr və konsert görməyən adamlar da az deyildi. Buranın əhalisi dəstəmizin onların kəndində dayanıb konsert verməsindən olduqca razı qalmışdır. Dəstəmiz bugündən etibarən Təbriz şəhərində öz konsertlərinə başlayır. Təbriz əhalisi bu konsertlərdə Azərbaycanın məşhur sənətkarlarından Xan Şuşalı, Hüseynağa Hacıbababəyov, Qəmər xanım Almaszadə, Sona Mustafazadə, Əlövsət Sadıqov, Ağababa Bünyadzadə, Sara xanım Qədimova, Zəhra xanım Rəhimzadə və başqa artistlərin, musiqiçilərin, habelə rəqs və sazçalan qızlar dəstələrinin çıxışlarına tamaşa edəcəkdir”.

Təbrizdəki ilk konsertdən sonra yazdığı məqaləsində Qulam Məmmədli sənətkarlarımızın hər çıxışının sürəkli alqışlarla qarşılandığını, ifaçıları təkrar-təkrar səhnəyə qaytardıqlarını yazır və Hüseynağa Hacıbababəyovu seçdirərək onun adını digərlərindən daha əvvəldə çəkir.

1944-cü ilin yayı idi, hələ İkinci Dünya müharibəsi tam şiddəti ilə cərəyan edirdi, aləm od içindəydi, cəbhələrdən hər gün ölüm-itim soraqları gəlirdi, ancaq İran müharibədən kənarda idi və daha mühümü – istiqlala doğru aparan gedişat günü-gündən daha mütəşəkkil olmağa doğru irəliləyirdi. Və Güneyi şəhər-şəhər, kənd-kənd dolaşaraq yüksək sənət göstərən, onlara ruh verən Quzeyli sənətçilər əslində yalnız nəcib mədəni missiyanı yerinə yetirmir, həm də Təbrizdə bir il sonra ucalacaq azadlıq bayrağına doğru gedən yola işıq səpirdilər.

İrandakı üç aylıq qastroldan sonra Bakıya qayıdan sənətçilərimiz çox keçmədən Təbrizdə Milli Hökumətin elan edilməsindən xəbər tutaraq sevinəcək, 1 illik müstəqillikdən sonra istibdadın yenə tüğyan etməsinə qəlbən kədərlənəcək, irticanın hökmü ilə sərhədlərin ən sərt şəkildə “quşkeçməz” olduğu onillərdə Təbriz və civarındakı, Maku, Xoy, Ərdəbildəki konsertlərini, tamaşalarını, oralarda, Güneyin kəndlərində, qəsəbələrində tuş düşdükləri təsvirəgəlməz coşqu ilə, necə doğma qarşılanmalarını xiffətlə yad edəcəklər.

O səfər əsnasındakı konsertlərdə Hüseynağanı xalq mahnıları, muğamlar oxuyarkən müşayiət etmiş ustad Bəhram Mansurov yada salırdı bakılı Seyidin – vaxtilə, XX yüzilin əvvəllərində ən məşhur xanəndələrdən olmuş, sonra neftxudaya çevrilərək dövlətlənmiş, oxumağın daşını atmış Seyid Mirbabayevlə görüşlərini. Deyir, konsertlərimizdən birindən sonra özü yaxınlaşıb tanışlıq vermişdi, mən deyəndə ki, valınızdan bizim evdə var, kövrəlmişdi. Çox söhbətlər edəndən sonra Seyid Mirbabayev bunu da söyləyibmiş ki, maşallah, yaxşı cavanlar yetişib, sizin Hüseynağanın oxumaqlarına qulaq asdım, həddən ziyadə bəyəndim, həm muğamı yaxşı oxuyur, o biri tərəfdən də müasir əsərləri, romansları eyni məharətlə çatdıra bilir.

...Hüseynağa Tehrandakı konsertlərindən birində bağışlanmış üstü yazılı-naxışlı dolçanı – şahın hədiyyəsini çox sevərmiş, evində həmin dolçanı gözə tez görünən yerdə qoyubmuş və qonaqları gələndə adətən söhbəti dolandırıb dolçanın üstünə gətirər, oradan da şirin xatirələri yaddan çıxmayan İran səfərlərinin hekayətlərinə keçər, ləzzətlə söylərmiş.

Sənətkarın nəvəsi, Xalq artisti Salman Qəmbərov deyir ki, babamın o dolçanı necə sevdiyini, nə təhər əziz xatirə hesab etdiyini bildiyimizdən biz də qayğı ilə saxlayırıq, indi məndədir, sonra da nəticəsinə – öz oğluma verəcəyəm ki, babamızdan nişanə kimi o saxlasın (1944-cü il iyulun 24-də çıxmış “Vətən yolunda” qəzetində, Əfrasiyab Bədəlbəyli ilə müsahibədə o hədiyyənin Hüseynağaya verildiyi günün təfsilatı əksini tapıb: həmin günəcən edilən çıxışların içərisində Tehrandakı üç konsertin xüsusən fərqləndiyini qeyd edən Bədəlbəyli sadalayır: “Konsertlərdən birincisi oradakı sovet icması, ikincisi Tehrandakı diplomatik korpus üçün təşkil edildi. Üçüncü konsertimiz Şimranda İran şahənşahı Məhəmməd Rza şahın sarayında olmuşdur. İranda verdiyimiz bütün konsertlər kimi, bu 3 konsert də böyük müvəffəqiyyətlə keçmişdir. İran şahının sarayındakı konsertə şah özü, mələkə Fevziyyə xanım, şahın bacısı və İran dövlətinin bütün böyük adamları tamaşa etmiş və çox məmnun qalmışlar. Konsertdən sonra şah artistlərimizin hamısı ilə tanış olmuş və onlara hədiyyələr vermişdir”).

...O qəzet kəsikləri ki Hacıbababəyov onları göz bəbəyi tək qoruyurdu, onlar həm də bu insanın sənət yolunda çəkdiyi zəhmətlərin ağırlığını nişan verən bir tərəzi kimi idi. O yazılarda bir ömrə sığan sənətin və xidmətin coğrafiyası vardı. Yalnız paytaxtda, rahat səhnələrdə çıxış etməmişdi ki! Azərbaycanı əsrinin onuncu illərindən başlayaraq qarış-qarış gəzib-dolaşmışdı, sözün hər mənasında daşlı-kəsəkli yollardan keçmişdi və daşıdığı titula tam uyğun əsl xalq artisti – millətin sənətçisi olmuşdu. Bu məqalə əyalət qəzetindən – “Şərq qapısı”ndandır. Kəsikdə “Hüseynağa Hacıbabayev Naxçıvanda” adlı məqalənin (soyadı yanlış yazmadım. “Bəy”i qəzet ixtisara salıb) hansı ildə, hansı gündə dərc edilməsi göstərilməyib, elə yazı müəllifinin adı da bircə hərflə nişan verilib: “T”. Həm də bu məqalə artıq baş tutmuş konsert haqqında deyil, Hacıbababəyovun edəcəyi çıxışların ərəfəsində yazılıb. Yazıya aktyor-müğənninin şəkli də əlavə edilib və görünüşündən 1920-ci illərin sonlarının Hüseynağasıdır: “Bakı türk opera aktyorları içərisində ən yaxşı premyerlərdən biri Hüseynağa Hacıbabayev öz yoldaşları ilə dünən Naxçıvana gəlmişdir. O, yaxşı sənətkarlıqdan başqa Şərq klassik havalarının texnikasını bilir. Hüseynağa Naxçıvanda olduğu müddətdə verəcəyi konsertlərdə türk operalarından parçalar oxuyacaqdır. Onun məharəti Şərq muğamlarının əsl mənasını yeni musiqi texnikası olan not sisteminə yaxınlaşdırmaqdadır. Bundan başqa, Hüseynağa el mahnısının bütün sadəliyini, canlılığını öz səsinin texnikasında əks etdirir. Konsertdə solist-konsertmeyster Feldman, ən yaxşı tarist Lazar və qeyriləri iştirak edir”.

...Yolunun əvvəlində Hüseynağa dəfələrlə Əhməd Bədəlbəyliylə eyni tamaşalarda çıxış etmişdi, çətin sınaqlardan əl-ələ keçmişdilər. Ona görə də onillər sonra Əhməd bəyin qardaşoğlusu Əfrasiyab Bədəlbəylinin onun haqqında yazdığı məqalə onunçün bütün başqa yazılardan daha məhrəm idi. Kəsib saxladığı həmin məqaləni hər dəfə oxuyanda Əhməd bəyin də səsini eşitmiş kimi olurdu. Əfrasiyab Bədəlbəylinin “Ədəbiyyat və incəsənət” qəzetinin 1968-ci il 10 fevral sayında dərc edilmiş o məqaləsində belə sətirlər vardı: “Müslüm Maqomayev Hüseynağanın çox zil (tenor-altino) və eyni zamanda olduqca məlahətli, tembr baxımından son dərəcə gözəl və ürəklərə yol tapan səsini nəzərə alaraq, operasının, demək olar ki, bütün tonal planını məhz bu məharətli aktyorun səsindəki diapazon ilə əlaqədar surətdə qurmalı olmuşdur. Biz opera teatrımızın tarixində Məcnun obrazından danışdıqda əgər Sarabskinin yaratdığı obrazı üstün tuturuqsa, Şah İsmayıl dedikdə Hüseynağa Hacıbababəyovun yaratdığı Şah İsmayılı təsəvvürümüzdə canlandırırıq”. Bu, əsla sadə qiymətləndirmə sayılmaz. Çünki bu qiyməti verən hal əhlidir, mahir bilicidir və Hüseynağadan qeyri bütün yaxşı Şah İsmayıllara da peşəkarlıqla bələd bir sərrafdır.

Və Əfrasiyab Bədəlbəylinin bu dəyərləndirməsi də çox əhəmiyyətlidir ki, diqqəti Hüseynağa Hacıbababəyovun ayrı bir vacib milli xidmətinə – əcnəbi dillərdəki operaların ana dilimizdə səslənməsinin təşəbbüskarları və ilk icraçıları cərgəsində yer almasına yönəldir: “Azəri və qardaş sovet xalqları vokal musiqi əsərlərindən ibarət zəngin konsert repertuarına malik olan H.Hacıbababəyov rus və Qərbi Avropa klassik opera əsərlərinin teatrımızda azəri dilində tamaşaya qoyulması işində də səylə çalışmış və bu təşəbbüsün əsl ilhamçısı olmuşdur. 1930-31-ci illər mövsümündə "Yevgeni Onegin" operasında Lenski (duel səhnəsi), 1943-cü ildə "Seviliya bərbəri" operasında qraf Almavivo kimi opera partiyaları Hüseynağa yaradıcılığının parlaq səhifələridir” (Amma elə həmin dövrdə – 1936-cı ildə Hüseynağa Hacıbababəyovun bu istiqamətdə daha bir uğurlu işi olmuşdu, Bizenin “İnciaxtaranlar” operasında Nadiririn partiyasını teatrın yanında yeni təşkil edilmiş opera studiyasında bacarıqla ifa etmişdi).

...Hüseynağa Hacıbababəyov aktyor idi, müğənni idi və sadəcə söz olaraq deyil, elə gerçəkdən də səhnə onun həyatının mənası idi.

Və səhnə həyatı ərzində də o qədər sevinclər yaşamışdı ki, özünü bəxtəvər, ömür-gündən yarımış hesab etməyə haqqı vardı. Lakin peşə nə qədər sevimli olsa da, həyat heç də yalnız işdən ibarət deyil – güzəran da var, ailə də, şəxsi qayğılar da. Hüseynağa Hacıbababəyov özünü xoşbəxt saydığı teatrdan kənarda illər boyu çox sıxıntılarla da az üzləşmədi. İllah da 1930-cu illərdə, siyasi repressiyaların tüğyan etdiyi tuthatutlar dönəmində. O dövrdə Hüseynağa Hacıbababəyovun içərisində daim həbs olunmaq, sürgünə göndərilmək hürküsü çırpınırdı. Səbəbsiz də deyildi. Əvvələn, bəy nəslindən idi. Amma daha artıq, Azərbaycan Xalq Cümhuriyyəti dönəmində onun əmisi Mehdi bəy Hacıbababəyov (1871–1925) Azərbaycan Milli Şurasının “İstiqlal Bəyannaməsi”nə imza atan 26 üzvündən biri, Məclis-i Məbusanın – ilk milli parlamentimizin üzvü olmuşdu. Köhnə cümhuriyyətçilərsə Sovetin nəzərində ən qəddar düşmənlərdilər. Hüseynağanın bacanağı Sultanməcid Əfəndiyev (1866–1938) də həmçinin Azərbaycan Xalq Cümhuriyyəti dönəmində parlamentdə “İttihad” partiyasını təmsil etmiş, Məclis-i Məbusanın ikinci müavini vəzifəsini daşımışdı və adının üstündə də artıq “xalq düşməni” damğası olanlardan idi – 1938-ci ilin 23 martında güllələnmişdi. Beləcə, çevrə lap daralmışdı, kabus qədəm-qədəm Hüseynağaya doğru gəlməkdəydi. Bəlkə də 1938-də Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyünə aparılmasaydı, ömrünün son nöqtəsi elə həmin il qoyulanlardan olacaqdı.

Qızı Suğra xanım danışırdı ki, XX əsrin əvvəlinin dağıdıcı Şamaxı zəlzələsindən sonra Hüseynağagilin, demək olar ki, bütün qohum-əqrəbası Bakıya köçmüşdü – bacısı, qardaşı, onların uşaqları. Hüseynağa da, digər qohumlar da 1920-1930-cu illərdə daim narahat idilər, çünki həbs, sürgün təhlükəsinin göz ilə qaş arasında olduğunu bir an belə beyinlərindən qova bilmirdilər. Suğra xanım bunu da söyləyirdi ki, atası səhnədə nə qədər güclü olsa da, həyatda fağır adamdı, haqqını tələb edən deyildi, əvəzində anası Şeyda xanım ötkəm qadınmış, lazım gələndə hökmlə hər qapını döyməyə hazırmış.

“Anam bir gün gəlib görür ki, atam çox həyəcanlı halda yır-yığış edir, adətən səfərlərə çıxanda götürdüyü balaca çamadanına qalın alt geyimi, yun corablar, isti pal-paltar toplayır. Soruşur ki, nə əlhaydasan? Atam da qayıdır ki, Şeyda, vəziyyət heç yaxşı deyil, məni Xalq Maarif Komissarlığına, rəislərin yanına çağırırlar. Adətən elə bu cür olur, əvvəl onlar çağırırlar, sonra da NKVD-dən adamın ardınca gəlirlər. Bunları da indidən yığıram ki, sürgünə göndərib-eləsələr, dar macalda nəsə yadımdan çıxmasın. Anam onu sakitləşdirir ki, özünü ələ al, səni, yəqin ki, xeyir işdən ötrü, yaxşı xəbər verməkçün çağırırlar. Bu gün gedib oralarda hay-küy salmışam, çünki xəbər tutmuşdum ki, sənin adını Moskvaya, dekadaya aparılanların siyahısına salmaq istəmirlər, hədə-qorxu gəldim ki, sənin xidmətlərin, Azərbaycanın birinci inqilabi operasında baş rol oynamağın haqqında Kremlə, Stalinə yazıb şikayət edəcəyəm ki, burada Hacıbababəyovu sıxışdırırlar. Məni sakitləşdirdilər ki, sənin adın Moskvaya, ongünlüyə gedənlərin siyahısında olacaq”.

1938-ci il dekadasında Şeyda xanımın dediyi həmin ilk inqilabi operamız – Müslüm Maqomayev “Nərgiz”inin uğurlu nümayişi, Hüseynağa Hacıbababəyovun həmin əsərdə baş rollardan birini ifa etməsi, sovet paytaxtından Bakıya ordenlə təltif edilərək qayıtması, Xalq artisti fəxri adına layiq görülməsi sonralar üzləşə biləcəyi çox bəlaların düyününü qırır, bu məsud səfər bir çox mənada onun taleyini dəyişir. Amma nəsli-şəcərəni ki dəyişə, pozub təzədən yaza bilməzdi. Odur ki, işləri nə qədər avand getsə də, daxilindəki təşviş özünü əvvəllərdəki kimi qabarıq büruzə verməsə də, hər halda elə sonrakı dövrdə də yerli-dibli itib-getmədi, hansısa gecələrdən birində çekistlərin qara maşınının onun da evinin qarşısında dayanacağının vahiməsi Hacıbababəyovu axıracan tərk etmədi. Bunu həyat yoldaşı Şeydaya, o da Hüseynağadan sonra qızı Suğraya söyləyibmiş: “Stalin dövründə tutulub sonradan bəraət alan başqa siyasilərə baxmayın, bizim nəslin adı Cümhuriyyətlə bağlıdır, belələriylə sovet hökumətinin ayrı hesabı var”.

Arası kəsilməyən səksəkələr, qara-qura fikirlərin beynini hey gəmirməsi Hüseynağanı içəridən üzürdü, canını zəiflədirdi – şəkər xəstəliyinə tutulmuşdu. 1961-ci ildə Hüseynağa Hacıbababəyov elə şəkər xəstəliyinin ucbatından da teatrdan ayrılası oldu. Səsi hələ yerində idi və axıracan da onunla qaldı. Amma səhhət böhranları ona iki-üç saatlıq tamaşalara çıxmağa imkan vermirdi.

Reynqold Qliyerin “Şahsənəm”i ilə Müslüm Maqomayevin “Nərgiz”inə Hüseynağa Hacıbababəyov minnətdar idi, çünki birincisindəki baş rol ifasından sonra o çağlarçün çox hörmətli və yolaçan olan Əməkdar, ikincisindən sonra isə Xalq artisti adını qazanmışdı. Ancaq bu yeni operalar da Hacıbababəyova ikiqat minnətdar olmalı idi, çünki hər ikisinin hədəfi müasir milli əsər olmaq, Avropa bəstəçilik texnikası ilə xalq musiqi irsinə bağlılığı qoruyub saxlamaq idi və o çağlarda hələ opera teatrı gerçəkliyimizdə Şərq və Qərb oxuma üslublarını eyni peşəkarlıqla varlığında birləşdirən, eyni məharətlə həm vokalı, həm muğam boğazını və xalq nəfəsini özündə qovuşduran aktyor-müğənnilər az idi də demək doğru çıxmır – elə yox kimi idi – o çağın ifaçılar mənzərəsini xəyala gətirərkən bu baxımdan Bülbüllə Hüseynağadan qeyrisinin adını tam inamla çəkmək olmur.

“Nərgiz”in Bakıda ilk təqdiminin musiqi həyatımızın əlamətdar hadisələrindən birinə çevrilməsinin növbəti təsdiqi bu idi ki, respublikanın bir nömrəli qəzeti “Kommunist” 1936-cı il yanvarın 11-də premyeraya “Opera sənətimizə qiymətli bir hədiyyə” adlı bütöv səhifə həsr etmişdi: ən başda üç baş rolun ifaçısının – Əməkdar artist Hüseynağa Hacıbababəyovun Əlyar, gənc aktrisa Aliyə Terequlovanın Nərgiz, Əməkdar artist Məmmədtağı Bağırovun Ağalar bəy rollarında fotoları, mərkəzdə Qubad Qasımov və Şəmsəddin Abbasovun “Nərgiz” sərlövhəli geniş məqaləsi, sağda-solda səhnəmizə yeni gələn əsərə şair Səməd Vurğun, bəstəkar Üzeyir Hacıbəyli, professor Y.İsmayılzadə, dirijor Klibson, mühəndis Ceyran Qarayeva kimi seçilmişlərin münasibəti. Üzeyir bəy bu əsəri “Opera sənətimizdə dönüşün başlanğıcı”, Vurğunsa “Opera tariximizə yeni bir səhifə əlavə edən”, “İlk dəfə olaraq türk qadınlığının mübariz bir obrazını verən bədii bir yaradıcılıq məhsulu” adlandırırdı.

Qəzet müxtəlif zümrələri təmsil edən şəxsiyyətlərin fikrini bu cür sərgiləməklə yeni operanın ümumxalq hadisəsi olması düşüncəsini bir daha önə çəkirdi. Məqalə müəllifləri yeni operanın məziyyətlərini ətraflı təhlil edəndən sonra gəlirlər ayrı-ayrı ifaçıların üstünə. Hüseynağa Hacıbababəyovun ifası haqda bu qənaətdə idilər: “Əməkdar artist Hacıbababəyov Əlyar rolunda sərbəst falsetdən vaz keçməyə məcbur olub oxuma nömrələrinin çətinliyinə baxmayaraq, bütün orkestronun ümumi səslənməsində bacarıq və istedad göstərdi. Onun lirik-tenor səsi bəzən çox qəşəng ahəngilə dinləyicinin qulağına gözəl bir avaz ilə çatırdı”.

Üzeyir bəyin o səhifədə dərc edilmiş rəyi sonralar sanki nəzərdən qaçaraq əsərləri külliyyatına daxil edilməmişdir. Halbuki bu balaca yazıda onun baxışları yalnız “Nərgiz”lə məhdudlaşmamış, dahi bəstəkar və nəzəriyyəçi Azərbaycan simfonizminin, opera sənətimizin strateji inkişaf yolunun dəqiq düsturunu bəyan etmiş, öz yaradıcılığında sadiq qaldığı ülgünün musiqimizin gələcək təbii yüksəlişlərinin ana xətti kimi götürülməsinə riayətin vacibliyini vurğulamışdır. Əslinə qalsa, Üzeyir bəyin bu dəyərləndirməsi fəlsəfəsi etibarilə elə Hüseynağa Hacıbababəyovun bütün yaradıcılığına verilən qiymət kimi qavranıla bilər.

Üzeyir bəy Müslüm bəyin “Nərgiz”inin başlıca məziyyətlərindən birini yeni yazı texnikası və milliliyin nisbətinə ehtiyatla yanaşmaqda görür və prinsipial hesab etdiyi bu məsələ barədə belə düşünürdü: “Avropa musiqi yazısı texnikasının kompozitor tərəfindən ehtiyatla tətbiq olunduğunu da təqdir etmək lazımdır; çünki bəzi hallarda belə yazı öz yeniliyi və mürəkkəbliyi nəticəsində dinləyicilərimizə çata bilməz (məsələn, Qliyerin “Şahsənəm” operasındakı kvinto kibi).

“Nərgiz” operasının şura opera sənətində milli forma problemini həll edib-etmədiyi məsələsi mübahisəli sayılmalıdır. Güman etmək olar ki, kompozitor Maqomayevin (həmçinin Qliyerin) zənnincə, xalq melodiyalarının alınması və onların əsl şəklində operanın musiqi tərtibinə salınması operanın milli formada görünməsinə kömək edər. Bu məsələdə mən başqa fikirdəyəm; məncə, incəsənətdə milli forma ancaq kompozitorun sərbəst yaradıcılıq fantaziyası ilə ifadə olunmalıdır. Avropa musiqi yazısının məlum üsullarını tətbiq etmək yolu ilə kompozitorun fantaziyası əsl xalq musiqi yaradıcılığının bədii əsaslarını genişlətməli və dərinləşdirməlidir. Belə olan surətdə kompozitorun yaradıcılığı anlaşıqlı və internasional əhəmiyyətə malik olmaq etibarilə milli məhdudiyyətdən sərbəst olar”.

Başqa sözlə, Üzeyir bəyin umduğu iqtibasçılıqdan qaçmaq, el musiqisindən aldığın sitatı öz əsərində dırnaq arasında verməmək, yeni yazı texnikasının ruhunda əritmək idi. Yəni bəstəçilikdəki milliliyin Üzeyir bəyin təqdir etdiyi müstəvisindən nəzər salanda Qara Qarayev örnəyinin məhz onun istədiyi olduğu təsdiqlənir: həm bütün dünyanın qəbul etdiyi kimi beynəlmiləl, həm də damarlarında milli qan axan bəstə. Üzeyir bəy müasir Azərbaycan bəstəçiliyinin gələcəyini belə təsəvvür edirdi və 1930-1940-cı illərdə opera mühitimizdə Hüseynağa Hacıbababəyovun da qəlbəyatan üstünlüklərindən biri və ən başlıcası məhz Üzeyir bəyin ehtiyatlandığı bu ölçünü həssas ustalıqla qoruya bilməsi idi.

Və yazı elə gətirdi ki, Üzeyir bəyin təqdir və təbliğ etdiyi, Hüseynağa Hacıbababəyovun öz sənət müqəddəratını bağladığı həmin yolla irəliləmək onun nəvəsinin də taleyinə çevrildi. Hüseynağa Hacıbababəyov agah olsaydı ki, onun bir zamanlar əlindən yapışaraq Bülbül adına musiqi məktəbinin direktoru, hələ atası Ağalar bəylə yaxın olduğu Nazim Əliverdibəyovun yanına apardığı nəvəsi Salman Qəmbərov, gün gələcək ki, Azərbaycanın ən tanınmış cazmenlərindən biri kimi şöhrətlənəcək, babası kimi Xalq artisti adına layiq görüləcək, – çox məsud olardı.

Salman qonağımdır, keçib royalın arxasına, nəsə çalmasını istəyirəm, “Evləri var xana-xana”nı çalır. O köhnəlməz el nəğməsini ki, babası təkrarsız bəzəklər vuraraq oxuyardı. Bu bəlli havanı Salman büsbütün ayrı biçimdə, caz improvizələriylə süsləyərək çalır. Bu, həm də dəyişən vaxtdır!..

“Babam 1972-ci ildə dünyasını dəyişəndə 13 yaşım vardı. Lap kiçik vaxtlarımdan babagilin Operanın yanındakı evinə getməyi xoşlayardım. Babamın gözəl oyuncaq kolleksiyası vardı, ancaq nə qədər istəsəm də, mənə icazə verməzdi ki, oyuncaqları evə aparım. Deyərdi ki, gəl bizə, oyna, qoy burada qalsın, onda salamat qalar, sındırmazsan, onsuz da bunların hamısı gec-tez səninkidir. Mənim ağlım musiqi kəsən vaxtlarda artıq babam teatrda işləmirdi. Bacım Nailə evdə piano çalanda baba biganə qala bilməzdi, həvəsə gələrdi, “filan havanı başla” deyərdi, başlardı oxumağa. Babamın iki qızı, hərəsindən dörd nəvəsi vardı. Şəkər xəstəliyi olduğundan hər gün bulvara gəzməyə çıxardı, ona görə soruşardıq nə vaxt evdə olacaq, onlara o saatlarda gedərdik. Bulvarda da onların öz yerləri vardı – “Bahar” kinoteatrının arxasında, fəvvarələrin yanında bir yer vardı ki, artistlər ora toplaşar, söhbət edərdilər. Nənəm deyərdi ki, hansı saatda gələk, o saatda da anamız bizi aparardı. Uşaq olsam da, babanın dəfni indiki kimi yadımdadır. Məşhur aktyorlarımız, müğənnilərimiz – həm Opera, həm Dram Teatrının artistləri gəlmişdilər. Babam qəşəng geyinməyi xoşlayırdı. Elə bil artistlər də bunu nəzərə alıb onunla vida mərasiminə tamaşaya, teatra gedirmiş kimi, səhnədə çıxışı olan kimi səliqə ilə, zövqlə geyinib gəlmişdilər – çoxusu smokinqdə, kostyumda, qalstuk əvəzinə boynu papyonlu...”

Hüseynağa Hacıbababəyovun 70 yaşı tamam olanda o, artıq 10 ilə yaxın idi ki, səhnədə deyildi, ancaq ona göndərilən təbrik teleqramları sənətkarı riqqətə gətirməyə bilməzdi, çünki sanki bu heyran sözlər karyerasını davam etdirməkdə, fəaliyyətdə olan bir sənətkar haqqında idi. Maestro belə yazırdı: “Əziz dostum Hüseynağa! Sizin parlaq yaradıcılığınızın işığı və yaratdığınız misilsiz surətlər uzun illər boyu xalqımıza böyük sevinclər bəxş edib, siz Azərbaycan musiqili teatrının tarixinə coşqun duyğulu səhifə yazmısınız. Sizin ecazkar altinonuz (Hacıbababəyovun səsi doğrudan da möcüzəli, az rast gəlinən və tenorun ultra çeşidi sayılan, kiçik oktavanın “mi”si ilə ikinci oktavanın “mi”si hüdudunda cövlan edən, kişilər arasında ən incə və ən çevik səs tellərinə sahib nadir müğənnilərə xas olan tenor-altino idi – R.H.) musiqimizin ümumi harmoniyasında səslənməkdə davam edir. Sizin nəcib əməyiniz və ilhamlı yaradıcılığınız qarşısında təzim edirəm. Sizi sevən – Niyazi”. O füsunkar oxu illər ötsə də, Səid Rüstəmovçün də səslənməkdə davam edirdi: “Əzizim Hüseynağa! Sənin məharətini səhnəmizdə görən, gözəl, məlahətli səsini dinləyən, səni böyük həyəcanla alqışlayanlardan biri də mən olmuşam. Sənin insanı valeh edən gözəl, məlahətli səsin hələ də qulağımızdadır”.

Səhnədaşı Həqiqət Rzayeva isə Hacıbababəyovun 70 yaşı tamam olanda təbrik “teleqramı”nı 1968-ci il fevralın 8-də işıq üzü görmüş “Bakinski raboçi” qəzetinin səhifələrindən “göndərmişdi” və Leylisi, Əslisi, Şahsənəmi... olduğu, musiqili teatrımızın “canlı tarixi” adlandırdığı həmkarının səsinin gözəlliyi haqqında yaraşan uca qiyməti verə bilməkçün 30 il əvvələ qayıdır, 1938-ci ildə Sovet İttifaqının milyonlarla tirajla çıxan, iki ən əsas qəzetindən biri olan “İzvestiya”da getmiş məqalədəki bu fikri yada salırdı: “Məgər dinləyiciləri öz vokal texnikası ilə valeh edən muğamatçı Hacıbababəyov dünyanın ən yaxşı müğənnilərinə tay olan istedad deyilmi?!”

...O çağlarda ki – 1930-40-50-lərdə Hüseynağa Hacıbababəyov hələ səhnədə idi, hələ Azərbaycan insanının həyatını televiziya kanalları doldurmamışdı, o zamanlar elə Opera Teatrı özü hamını başına yığmağa qadir sevimli bir “telekanal” idi, Dram Teatrı bir başqa, Musiqili Komediya Teatrı bir ayrı, Dövlət Filarmoniyası bir özgə! İnsanlar o zamanlar teatrla, səhnə ilə, sənətlə daha çox bağlı idilər. Aktyorlar, müğənnilər, sənətkarlar şəhərin küçələrinə çıxanda insanlar onları üzdən tanıyırdılar, salam verirdilər, köhnə tanışları, yaxınları, doğmaları təki hal-əhval tuturdular. Və bu aktyorlara, müğənnilərə, çalğıçılara, ömrünü sənətə həsr eləmiş fədailərə ehtiramla salam verənlərin əksəriyyəti heç onları şəxsən tanımırdı. Amma bu insanlar onların hamısının ömrünün bir parçası idi.

Və elə həmin indi xeyli uzaqlarda qalmış 1960-cı illərdə, 1970-lərin əvvəllərində axşamlar Sahil bağına gəzintiyə çıxan Hüseynağa Hacıbababəyovu üzdən tanıyan çoxları olurdu. Bəziləri salamlaşıb keçirdi, kimlərsə dayanırdı, söhbətləşirdi. Və həmin anlarda Hüseynağa Hacıbababəyov bəxtiyar idi. Səhnədən ayrılmışdı, amma bu mehriban təmasları gördükcə hiss edirdi ki, onu unutmayıblar, teatrdan çıxsa da, insanların ürəyindən çıxmayıb. Bu, Hüseynağanı fərəhləndirirdi, ona güc verirdi, yaşamaq eşqini qüvvətləndirirdi. Ancaq aman bilməyən zaman suları dayanmaz axarı ilə Hüseynağa Hacıbababəyovu da, onun çağdaşlarını da apardı. Hətta Hüseynağa Hacıbababəyovu səhnədə görmüş cavan insanların əksəriyyəti də artıq həyatda yoxdur. Lakin bu millət yolunda, sənətimizin tərəqqisi naminə ən çətin zamanlar içərisində usanmadan zəhmətlər çəkmiş belə insanlar gərək unudulmasın axı. Nəsillər dəyişə bilər, bu, təbiidir, həyatın qaçılmaz qanunudur. Amma o insanlar ki bu millətin tarixində izi var, qatışıq əyyamlarda, bu xalqın sənətinin yüksəlişləri yolunda can qoyublar, onlar gərək yaddaşın alt qatlarına çökməsin. Millət kimi güclü olmağın yolu etibarlı yaddaşa bağlıdır. Milli hafizəsi olmayan toplum parkinson azarına mübtəla olmuş, əsən-titrəyən, getdikcə tükənən, kimliyini belə unudan vücud kimidir.

Hüseynağa Hacıbababəyov adı və parlaq izi bu millətin minnətdar övladlarının yadında həmişə yaşamalı olan unudulmaz fədailərdəndir. Tanıyaq, tanıdaq, sevək, yaşadaq!

...Hüseynağa Hacıbababəyov varlı adam idi. Nə qədər zəngin olduğunu özü də bilirdi, əsl sərraflar da bundan hali idilər. Ömrü boyu üstündə altun daşıyana “varlı” deməyəsən, nə deyəsən?! Dərininə getməmişəm ki, “altino” sözü ilə bizim “altun” kəlməsinin arasında kökcə hansısa bağlantı varmı, amma mahiyyətcə onların bir-birinə qohum qədər yaxınlığına şəkk yoxdur. Altunluq altino səsin cövhərindədir və bu çəkidə sərvəti 74 illik ömrü boyunca köksündə gəzdirmək Hüseynağaya Tanrının lütfü idi. Belə dövlətli olsa da, dolanışıq sarıdan miyana bir ömür sürdü. Evi ona ömrü boyu elə öz yaşadığı mənzili kimi doğma olmuş Operanın lap yaxınlığındaydı, 63 yaşına çatar-çatmaz təqaüdə çıxsa da, hər gündüzü köhnə həmkarları ilə birgə keçirdi, axşamları, gecələri isə ötən günlərin hər biri onunçün təzədən yaşanmağa başlayırdı. Köhnə qovluğu açırdı, qalırdı sərvəti ilə baş-başa, olurdu xoşbəxtlərin xoşbəxti. O sərvətin – Hüseynağa Hacıbababəyovun sərgüzəştli və şərəfli ömür güzgüsünün ayrı düşmüş tikələrini bir yerə toplamağa çalışdım ki, bu əziz surət bugünün insanlarına həm bütöv görünsün, həm də nəfəsini duyacaq qədər yovuq gəlsin.

Hüseynağa Hacıbababəyov ömrün son illərində sənətinin və artıq özü-özünün həkimiydi, daim insulin iynəsi yanında idi. İki dəfə koma vəziyyətinə də düşmüşdü. Üçüncüsü axşam gəzintisi zamanı Sahil bağında baş verir – bir zamanlar babası, memar Qasım bəy Hacıbababəyovun təməlini qoyduğu dənizkənarı bulvarda. Şəkər səsli müğənnini “şəkər” aparır.