"Musiqi dünyası" № 1 (98) 2024
Article №2; 9409-9420 pр.
Səadət QULİYEVA. MƏMMƏD CƏFƏROVUN “YUXULAMA, OĞUZ OĞLU” KANTATASINDA VƏTƏNPƏRVƏRLİK MÖVZUSUNUN TƏCƏSSÜMÜ
(DOI 10.5281/zenodo.11203154)
Text PDFAzərbaycan bəstəkarları Yanvar, Xocalı hadisələrinə, Qarabağ müharibəsinə külli sayda əsərlər həsr etmişlər. Son 30 ildə yaranmış bəstələr bu faciəli olaylara fəqli baxışları əks edir. Xor musiqisində müxtəlif konsepsiyaları təsvir edən, qeyri-adi konstruktiv həlləri ilə seçilən əsərlər böyük maraq doğurur. Onların içində Yanvar Şəhidlərinin 5-ci ildönümünə həsr olumuş Məmməd Cəfərov “Yuxulama, Oğuz oğlu” kantatası da buna misal ola bilər.
Xor musiqisinin inkişafında öz töhfələrini verən Məmməd Cəfərov vətənpərvərlik mövzusuna xüsusi önəm verir. Müxtəlif dövrlərdə yaranan əsərlər buna bariz nümunədir. Qeyd etmək lazımdır ki, bəstəkar öz yaradıcılığına böyük məsuliyyətlə yanaşır. Onun hələ tələbəlik illərinə aid olan əsərlərində dərin məzmun və özünəməxsus üslub nəzərə çarpır. Bəstəkar müxtəlif janrlara üz tutub. Onun musiqi dili milli qaynaqlara əsaslanır. Bəstəkarın yaradıcılığında vokal, kamera-instrumental və xor əsərləri daha geniş təqdim olunub. “Fortepiano əsərləri içərsində “Naxışlar” məcmüəsi, fortepiano üçün pyeslər məcmüəsi (1992); iki piano üçün “Musiqi” (1994), violin və piano üçün “Sonata-poema”nı, ”Polifonik pyeslər” məcmuəsi (2008) və s. qeyd etmək olar. Vokal musiqiyə aid maraqlı nümunələrə də rast gəlmək olar. Bunlardan Nazim Hikmətin sözlərinə vokal silsilə, Azərbaycan şairlərinin sözlərinə mahnılar (1993); “Zalım yar” və “Gəncədən fayton gəlir” xalq mahnılarının işləməsi, Yunis İmrənin sözlərinə lirik mahnı (1999), H.Cavid mətninə bəstələdiyi “Mən istərəm” xoru və s. misal gətirmək olar. Bununla yanaşı bəstəkar kamera musiqisinə böyük maraq göstərir. Belə ki, onun qələmindən çıxan bir sıra əsərlər maraqla qarşılanıb. Bunlardan, Simli orkestr üçün musiqi (2005), Kamera orkestri üçün pyeslər (2007) müxtəlif salonlarda ifa olunaraq rəğbətlə qarşılanıblar” [1, s. 64-65].
Bəstəkarın yaradıcılığında vokal, instrumental eləcə də xor əsərləri üstünlük təşkil edir. Bunlardan, Yanvar şəhidlərinin 5 illik ildönümünə həsr olunan “Yuxula-ma, Oğuz oğlu” Kantatası (1995), Cavadxana həsr olunan “Vətən dedim” (ya da “Cavad xan”) kantatası, Y. İmrə və H. Cavidin sözlərinə 3 saylı Kantatanı (2012), qarışıq xor və piano üçün “Şəhidlər” poemanı (2005) misal gətirmək olar.
Bəstəkarın xor fakturası da maraq doğurur. Burada o, əsasən klassik tipə əsaslanır. Xor fakturasının bütün üsullarından geniş şəkildə istifadə edir. Orkestr partiyası, əsasən fon rolunda çıxış edir. O, bir çox halda xorun partiyasını dublirovka edir. Xorun səsləri də unison və ya oktava (iki oktava) məsafəsində bir -birini dublirovka edirlər. Xorun partiyaları bir çox halda reçitativ oxuma üslubuna əsaslanır, bu səbəbdən burada deklamasiya ifa tipi əsas götürülür. Eləcə də a’ kapella oxu tərzi (məsələn “Yuxulama, Oğuz oğlu” kantatasının II hissəsi), musiqisiz, danışığa yaxın ifadələnmə, harayları təsvir edən qlissandolar və s. bəstəkar tərəfindən tətbiq olunur. Bu bir növ “Sprechstimme” oxu tərzinə yaxındır. Vətənpərvərlik mövzulu xor əsərlərindən “Vətən dedim” və ya “Cavad xan” kantatası maraq doğurur (2010). Sözləri Barat Vüsal və Əbdurrəhman Ağa Dilbaziyə məxsusdur. Qarışıq xor və simfonik orkestr üçün nəzərdə tutulan bu kantata üç hissədən ibarətdir. Bəstəkar bu əsəri rus işğalçı qoşunları ilə qeyri-bərabər döyüşdə oğulları ilə birlikdə qəhrəmancasına həlak olan Cavad xanın xatirəsinə həsr edib. Məmməd Cəfərov öz kantatasını böyük Azərbaycan sərkərdəsi Cavad xana ithaf edərək əslində Azərbaycanın tarixində baş vermiş faciəli olaylardan bəhs edir. Burada mövzu-obrazların relyefliyi, parlaqlığı nəzərə çarpır, kompozisiyanın ayrı-ayrı fraqmentləri arasında ziddiyyətlik sezilir. Əsər çox dramatik xarakter daşıyır, burada hissələr bir-birilə təzadlı tutuşdurma prinsipi üzrə yerləşdirilib, ən dinamik hissə sonuncu – III hissədir.
“Yuxulama, Oğuz oğlu” kantatası şəhidlərin 5- ci ildönümünə həsr olunub, 1995 ildə yaranıb. Kompozisiya solistlər, xor və simfonik orkestr üçün nəzərdə tutulub. Kantatanın I və II hissələri bəstəkarın sözlərinə, III hissəsi Əli Kərimin sözlərinə yazılmışdır. “Yuxulama, oğuz oğlu” kantatanın hissələri təzadlıq prinsipi üzrə qurulub. Burada yüksək duyğular, vətənpərvərlik hissləri tərənnüm olunur. Kantata 2007-ci ildə Azərbaycan bəstəkarlarının VIII Qurultayında səslənmişdir və rəğbətlə qarşılanmışdır. Son illərdə bu əsərin yeni redaktəsi ərsəyə gəlib, müəllif bura iki hissə əlavə edib və nəticədə o üçhissəli bir kompozisiya kimi təqdim olunur.
I hissə – “Qəza gələr”, II hissə – “Ağı”, III hissə – “Daş” adlanır. Birinci hissədə rəmzi mənada Oğuz oğullarına həmişə ayıq-sayıq və mübariz olmaq, arxayınçılıqdan uzaq durmaq tövsiyə olunur. I hissədə “Oğuzlara yuxulardan gəza gələr” misrası təkrar-təkrar keçir, əsas fikri əks edir. Burada xorun partiyası reçitativ tipli inkişafa əsaslanır. II hissədə faciəli ab-hava əks olunur. Oğullarını itirmiş anaların naləsi əks olunur, ağı səslənir. III hissə humanist ideyaları ilə seçilir. Qədim insanlar arasında olan və müasirlərimiz arasında gedən münaqişələrə qarşı bir etirazdır. Qədim insanın atdığı daş, sonradan qılınc, qüllə, mərmi və atomla əvəzləndi. “Bunları dayandırmaq məyər olmazmıdır?” sualı ümumən müharibələrə qarşı bir etiraz kimi qabul olunur.
Səslərin diapazonu:
S – as1 – as2
A – c1 – c 2 II – b1-h1
T - as1 – g 2
B -gis böy. okt. –b kiç. okt. II-gis kiç. okt. -d 1
I hissə - “Qəza gələr” adlanır. O, tamamlanma ilə olan mürəkkəb ikihissəli formada yazılıb (A+B+ tamamlanma).
Giriş A B Tamamlanma 1-3 4- 30 31-61 62-67 xanələr xanələr xanələr xanələr
I hissə iti temdədir (Alleqro aqitato). Burada qarışıq ölçü nəzərə çarpır (2/4, 4/16, 6/16, 8/16). I hissənin “A” bölümü sərbəst formaya əsaslanır.
Əsər orkestrin girişi ilə başlayır. “Re b” səsi üzərində unison təkrarlamalar məkirli bir obraz yaradır. Bu ostinatolu ritm 18 xanə ərzində təkrarlanır və sərt, qərqin ab-hava yaradır.
Nümunə 1.
Dördüncü xanədən ifaya bas partiyası (B I + II) qoşulur (“A” bölümü). Burada “Oğuzlara yuxulardan qəza gələr... ” sözləri “reb” notun təkrarına və ətrafında gəzişən intonasiyaya əsaslanır. Kantatanın I hissəsində xorun partiyası, ümumən, reçitativ tipli inkişafı özündə büruzə verir.
Nümunə.2.
Yuxarıda qeyd olunan misra basın partiyasında dörd dəfə təkrar olunur. 16 xanədən ifaya tenorlar, 17 xanədən isə altlar, 18 xanədən soprano partiyaları qoşulur. Xor fakturasında bəstəkar bir neçə usullardan istifadə edir. Bunlardan, tədricən qoşulma (B –T–A –S) və çıxarılma, tenor və alt partiyaları arasında olan çarpazlaşma (A x T), soprano və tenor partiyaların unison keçirilməsi, dublirovka olunması (S=T), partiyaların müvəqqəti bölünməsi (A (I+ II), B (I+II)) və s. Tenor partiyası altlardan yuxarı yerləşdirilib və bu səbəbdən “cingiltili” səslənmə effektini yaradır.
Yuxarıda qeyd etdiyimiz kimi, 16 xanədən bas patriyasına tenorlar və sonradan alt və soprano partiyaları qoşulur. Bas və tenorların partiyaları iki oktava məsəfəsində dublirovka olunur, 18 xanədən isə soprano ilə tenorun partiyası unisonluğu təşkil edən xəttə əsaslanır. Buradan kulminasiya başlayır, səslənmə getdikçə güclənir, forteya çatır (f). Burada rast məqamının elementləri özünü büruzə verir, inkişaf daha gərgin bir xarakter alır. Bu həm ölçünün dəyişkənliyi (4/16, 6/16), partiyaların ikiləşməsi (altlar və bas partiyaları ikiləşirlər), eləcə də müşayiətdə sekunda münasibətli akkorların səslənməsi hesabına baş verir. Xor “qəza, qəza gələr.... ” misralarını təkrar -təkrar sələndirir. Bu sözlər gah birlikdə, ya da xorun ayrı-ayrı qrupları arasında keçirilir və dinamik bir şəkil alaraq fortissimoya qədər çatır. Sonradan sekunda nisbətli gedişatlar bas partiyasında keçir, ona alt partiyası cavab verir. Birinci hissədən olan inkişaf bu bölümdə yenidən təkrarlanır, rast məqamına əsaslanan elementlər nəzərə çarpır, dinamiklik get-gedə artır və tamamlanma bölməsinə gətirir.
31 xanədən “B” hissəsi başlayır.
Nümunə 3.
Bəstəkar bu bölmənin inkişafını yenədə “ qəza qələr.... ” sözlərinin əsasında qurub, bu misra təkrar-təkrar 26 dəfə keçərək gah tuttidə səsləndirir, gah da müxtəlif partiyalar arasında bölüşdürür. “B” hissəsi iki bölümdən ibarətdir (17+12). O, qadın xoru ilə başlayır, alt partiyasında isə orqan punktu nəzərə çarpır (“as” səsi üzərində). Burada hümayun məqamının elementləri sezilir.
62 xanədən Tamamlayıcı bölmə səslənir (“re mayəli Humayun məqamındadır). O, altı xanəni təşkil edir. Burada soprano və alt partiyaları unison, digər partiyalar ikiləşərək oktava məsafəli unison xətti təşkil edirlər. I hissənin sonu dramatik və gərgin səslənmə ilə (ff) bitir.
II hissə - “Ağı” adlanır. Bu hissədə oğullarını itirmiş anaların qəmi, kədəri təsvir olunur. “Ağı” bütün əsərin lirik-faciəli mərkəzini təşkil edir. Soprano partiyasında solo keçən qlissandolar sanki harayları təsvir edir. Burada solo və tuttiyə əsaslanan inkişaflar növbələşir.
A Epizod A1 Epizod Tamalanma 1-18 19-24 25-43 44-62 63-71 xanələr xanələr xanələr xanələr xanələr
Bu hissə “Moderato assai” tempindədir, 2/4 ölçüsünə əsaslanır, a kapella səslənir və sərbəst formada yazılıb.
Nümunə 4.
Xorda lakonik şəkildə keçirilən “... ağlar... ” sözündən sonra ifaya tenor və baslar başlayır (Humayun məqamında). Bas partiyasında orqan punktun fonunda səslənən solo tenorun partiyası (“ xəzəl ağlar, ağacda xəzəl ağlar, dibində gözəl ağlar... sözləri ilə) çox qəmli-qüssəli ifadələnir. (“A”). O, 19 xanəli inkişafı təşkil edir. Sonradan solo sopranonun epizodu keçirilir (6 xanə). O, basın “f” səsi üzərində olan orqan punktu və altların sekunda nisbətli səbirləşmələri fonunda öz ifadəsini tapır. Sopranonun partiyasında olan glissandolar sanki “harayları” təsvir edir.
25 xanədən növbəti epizod (“A1”) başlayır (şur məqamında). O, ilk dəfə tenorun partiyasında özünü büruzə vermişdir, burada isə basın partiyasında səslənir (“... belə oğul ölən, ölən, belə oğul ölən, ölən sərgərdan gəzər.... sözləri ilə). 33 xanədən kulminasiya başlayır. Xorun tuttisi burada çox dramatik səslənir (8 xanə). Soprano və tenor partiyaları unuson xətti təşkil edir, alt və baslar isə ikiləşirlər.
Növbəti inkişafda yenidən solo sopranonun epizodu səslənir (44 xanədən), burada olan “haraylar” (qlissandolar) ikiləşmiş altın partiyasında keçirilir (bayatı - şiraz məqamında).
Bu intonasiyalar qadın xorunda inkişaf etdirilir və 8 rəqəmdən son bölməyə gətirir. Xorun tuttisi bu bölmədə də çox dramatik səslənir. Burada da soprano və tenor partiyaları unison keçirilir, alt və baslar isə sərbəst xəttə əsaslanırlar. Bu hissə çox gərgin səslənmə ilə (fff) bitir.
III hissə – “Daş” adlanır. Final iti tempdədir (“Alleqro moderato, dramatico), dramatik xarakter daşıyır. Yüksək bir pafosla münaqişələrə qarşı etirazı bildirir. III hissə bütün əsərin məntiqli bir nəticəsi kimi qəbul olunur.
Xorun fakturasında bütün ifadə üsullarından istifadə olunmuşdır. Final mürəkkəb üçhissəli formada yazılıb.
Giriş A B A 1-25 26-49 50-108 109-148 xanələr xanələr xanələr xanələr
Girişdə yarımton məsafəsinə əsaslanan dönmələr və aşağı istiqamətli gedişatlar səslənməyə dinamiklik gətirir. “Mi b” səsi üzərində olan orqan punktu məkirli bir obraz yaradır. Giriş mi bemol şur məqamına əsaslanır.
26 xanədən “A” hissəsi başlayır. Burada xor “yarı çılmaq, yarı vəhşi, qədim insan düşməninə bir daş atdı.... ” misralarını səsləndirir. Giriş hissəsində olan yarımtona əsaslanan intonasiyalar burada da özünü büruzə verir. Bu hissə iki bölmədən ibarətdir (10+14). Soprano, alt tenorlar unison oxuyurlar, baslarda isə iki oktava məsəfəsində unisonluğu yaradan melodik xəttlər yer alıb. Hər heca hər nota düşür, bu baxımdan ifa xüsusi deklamasiya ilə səçilir. İkinci bölümdə partiyalar ifaya tədricən qoşülaraq (B- T- A- S) növbəti sözləri ifadə edirlər”.. qana batdı, qana batdı.... ”. Yaxın səslərin tədricən qoşulması, bildiyimiz kimi, xor musiqisində sevimli üsullardandır.
38 xanədən bas və alt partiyaları paralel ikiləşir və səslənmə daha da gərgin xarakter alır. Mi bemol üçsəsliyin sekstakkordunun, artırılmış üçsəsliyin (I 6 və art 35) və digər dissonans akkordların növbələşməsi nəticəsində dinamiklik artıt.
50 xanədən “B” bölümü başlayır. Burada “do” mayəli bayatı-şiraza keçid baş verir. Xor fakturasında soprano, altlar, tenor partiyaları melodik xətti unison dublirovka edirlər, baslar isə iki oktava məsafəsində dublirovka olunurlar. Burada ölcü də tez-tez dəyişir (3/8, 5/8, 2/4), səslənmə get-gedə girginləşir. Xorun ifasında “Atom olur, ölüm olur... ” misralar təkrar-təkrar səslənərək məkirli, dramatik xarakter alır. Orkestrda keçən gedişatlar daha da gərgin ab-hava yaradır. Sonraki inkişafda xorun partiyasında (S+A) keçən qlissandolar vəhimə hissini oyadır. Burada maraqlı bir ifa üsulu istifadə olunur. Qadın xorunda qlissandolar tədricən, reçitativ intonasiyalar keçir. 74 xanədən isə “dayandırmaq” sözü təkrarlanaraq, musiqisiz səslənir, adi danişiq tərzi ilə öz ifadəsini tapır. 6 xanə ərzində bu söz getdikcə ucadan söylənilir. Bu bir növ “Sprechstimme” oxu tərzini xatırladır.
Nümunə 5.
80 xanədən “do diez” mayəli bayatı-şiraza keçid baş verir. Xorun tuttisində yenidən “Atom olur, ölüm olur...” sözləri təkrarlanaraq bəşəriyyət qarşısında əsas sualı qoyur və bununla əsərin konsepsiyasını qeyd edir. Burada “Həqiqətin qan qardaşı dayandırmaq olmazmıdı?” olan misralar münaqişələrə qarşı açıq bir etirazdır və bəstəkarın humanist ideyalarını, qlobal düşəncələrini əks edir. Sonraki inkişafda qadın və kişi partiyaları arasında səsləşmələr, tədricən çıxarılma, qoşulma və s. üsullar nəzərə çarpır. Bölmənin sonunda 8 xanə ərzində V pillənin üzərinə səsbirləşmələri təkrar -təkrar keçirilir (V b1) və dissonans səslənməni əmələ gətirir.
109 xanədən yenidən “A” hissəsi başlayır, reprizi təşkil edir. Burada giriş hisəsində olduğu kimi orkestrin ifası keçir. Şur məqamı burada yenidən qayıdır. “Alleqro moderato “ bölməsindən başlayaraq ifaya xor qoşulur (“Yarı çilpaq, yarı vəhşi.... ” sözləri ilə). Xorun tuttisi çox pafoslu şəkildə səslənir. Bu hissə ilkin hissədən həcm baxımdan bir gədər seçilir, daha qısadır (10+3). Əsərin sonuna yaxın dinamika, dramatizm daha da artır. Son xanələrdə keçən “qana batdı, dayandırmaq... ” sözləri isə daha da pafoslu səslənir.
Əsərin xor fakturası maraq doğurur. Faktura inkişafının sxemini belə izah edə bilərik:
I hissə
1. Partiyaların ardıcıl müdəxiləsi (B-T-A-S);
2. Partiyaların unison və oktava məsəfəli dublirovkası (S+T)-(A+B)
II hissə
1. Kişi və qadın partiyaların ardıcıl müdaxiləsi (B+T)- (A+S);
2. Partiyaların tədricən çıxarılması (S- A-T) ;
3. Xorun dördsəsli tuttisi;
4. Solo oxuma (S)
5. Xorun dördsəsli tuttisi
III hissə
1. Xorun unisonu (S+A+T)- (B);
2. Xorun dördsəsli tuttisi;
3. Partiyaların bölünməsi (S+A)-(T+B);
4. Partiyaların melodiklomasiyası;
5. Partiyaların bölünməsi (S+A)-(T+B);
6. Unison və oktava məsafəli dublirovka (S+T)- (A+B)
7. Xorun dördsəsli tuttisi
Əsər qanlı tarixi olaylara həsr olunaraq, Azərbaycan xalqının savaş salnamə-sində layıqli yerlərdən birini tutur.Bu kimi vətənpərvər səpkili əsərlər gələcək nəslin tərbiyəsində mühüm rol oynayır .
İstifadə edilmiş ədəbiyyat:
1. Rzayeva, B. Bəstəkar Kamal Əhmədov//–Bakı: Musiqi dünyası– 2013.– № 3 (56), – s. 64-67.
2. Seyidova, S.A. Qədim Azərbaycan mərasim musiqisi. Ali və orta ixtisas musiqi məktəbləri üçün dərs vəsaiti / S.A. Seyidova – Bakı: Mars-Print, – 2005. – 118 s.
3. Zamanova, A. Bəstəkar Kamal Əhmədov // A.Zamanova – Bakı: Musiqi dün-yası, 2009. – № 3-4 /41, – s. 119-120
4. Мамедова, Л. М. Хоровая культура Азербайджана. Пути становления и перспективы развития хорового исполнительства». Учебн. пос. /Л. Мамедова – Б. : Адилогл, – 2010. – 231с.
5. Новрузов, Э. Б. Дирижирование и эстетика. / Э.Б. Новрузов .– Б. : Ишыг, – 1989.– 64 с.