|
* * *
M.L.Rostropoviçin açıq dərslərini "daim yeni tapıntı" adlandırmaq
olar. Basmaqəliblərdən tamamilə uzaq belə dərslərdə hər şey öyrənəndən,
- istər tələbə olsun, istərsə də yeniyetmə şagird, - öyrənəndən,
onun istedad və bacarığından, professional yönü və insani özəlliyindən
asılıdır. Və bu sadalananlar hər bir dəfə tamamilə oxşarsız, təkrarsız
məsləhət və göstərişlər doğurur. Heç bir dərs öncəkini nəinki təkrarlamır,
hətta ayrı-ayrı ünsürlərin yamsılanmasından belə söhbət gedə bilməz.
Böyük ustad hər bir dərsində həyata baxışlarının yeni-yeni çalarlarını
və onların musiqi yolları ilə açıqlanması imkanlarını aşkarlayır.
Mstislav Leopoldoviç pedaqogikada özünə qarşı insafsız və amansızdır,
düşünmədən bütün bilik və gücünü işə qoşur və öz heyrətamiz ustalığının
sirrlərini heç zaman heç kəsdən əsirgəmir. Təkcə laureatlara deyil,
sadə əyalət musiqiçisinə öz diqqətini və vaxtını əsirgəməyən Ustad
məhz sadə musiqiçilərə köməyi özünə borc bilir. Axı həmin musiqiçi
öz evinə, yurduna qayıdıb insanları faydalandıracaq, violonçel ifaçılıq
sənəti səviyyəsini bacardığı qədər yüksəldəcək!
...Açıq dərslərin 4 günlük silsiləsi başa çatarkən F.Bədəlbəylinin
çıxışından:
"Bizimçün Sizin şəxsiyyətiniz ölçüyəgəlməz bilgi mənbəyidir. Bizim
uşaqlar, gənclər dahi ustadı həmişə yad edəcəklər. Siz sarıdan onların
bəxti gətirib. Ağlımıza gəlməz ki, Siz bir daha buralara dönməyəsiniz.
Siz bizə musiqi dərsləri, sənət dərsləri ilə yanaşı, yüksək insani
yaşantılar, insanlara insanlıq qayğısı dərsləri keçdiniz."
M.Rostropoviçin cavab çıxışından: "Mənim bütün ömrüm boyu qazandığım
uğurlar insanlara məhəbbətimlə bağlıdır. Mən insanları sevirəm."
Və bu məqamda uzaq keçmişi, 1974-cü ili yada salır. Bu elə dövr
idi ki, SSRİ-dən ailəsi ilə qovularaq konsertsiz, kontraktsız çox
böyük sıxıntılar keçirirdi. İtaliyada Vatikana, - Roma papasının
qəbuluna dəvət olunur. M.Rostropoviç papa ilə söhbət zamanı özü
üçün gözlənilməz olaraq aşkarlayır ki, qarşısındakı xristianlığın
başçısı onun ailəsi, düşdüyü çətin vəziyyət və hətta, iki qızı haqqında
olduqca geniş bilgilənib. Ayrılarkən M.Rostropoviç Roma papasının
dediklərinin yaddaşından ömrünün sonunadək silinməyəcəyini bildirdi:
"Rostropoviç, kainatda Yer də, Göy də var, və bir olan Ulu Tanrı
hər bir bəndəyə, hər bir dinə-məzhəbə, ən yüksək mənəvi dəyərlərə
öz nəzərini əsirgəmir. Böyük Yaradanla Yer arasında çox uzunlardan
da uzun pilləkən var. Və hər bir bəndə, hər hansı bir addım atmamış,
düşünməlidir ki, öz addımını o hansı yöndə atır - yuxarı, yaxud
aşağı. Sizin ən başlıca probleminiz budur, Rostropoviç, bütün qalanları
heç düşüncələrinizə layiq deyil. Çünki Siz Allahın yanına, Ona doğru
aparan pilləkənin daha yüksək nöqtəsindəsiniz." Daha sonra Mstislav
Leopoldoviç belə bir olayı da xatırladı:
"Günlərin birində geyinib hansısa konsertə tələsirdim. Bir dostum
gəlib dedi ki, çox inandığı birisi onun haqqında "KQB-yə", yəni
DTK-ya (Dövlət təhlükəsizlik komitəsinə) çuğulluq edib və satqını
cəzalandırmaq, hətta öldürmək istəyir. Mən ona dedim ki, "gəl konsertə
gedək, yolda və fasilədə söhbət edərik." Konsertdən sonra 0,5 litr
araq da vurduq. Söhbət çuğulluq edən şəxs üzərinə gələndə, dostum
dedi: "Cəhənnəm olsun, gəl adam sözü danışaq." Musiqi sənətinin
gücü də bundadır. Dmitri Şostakoviç hamı ilə əl-ələ verib görüşürdü...
Mən sizin üçün darıxacağam, sizləri düşünəcəyəm. Mənim üçün doğma
yurd-yuvamı xatırlamaq xoşdur."
* * *
..."Mən uşaq ikən Bakıda yaşayarkən
5 yaşınadək royal çalır, musiqi bəstələyir, - bir sözlə fitri istedad
idim. Lakin buranı tərk edərkən fitri istedadımı itirib, adi istedada
çevrildim. Çox şey itirdim, gərək getməyəydim, Bakıda yaşayaydım.
Qısası, müsabiqə laureatlarının
konsertlərində çalarkən çox çətin, iti gedən, şıdırğı texnikalı
əsərlər seçirdim. Məsələn: "P.Sarasate - "İntroduksiya və tarantella",
yaxud da N.Paqanini -"Perpetum mobile". Və elə iti çalıram ki, dostlarım
və azarkeşlərim heyranlıqdan coşurlar, lap dəlicəsinə.
Bundan isə mən daha da qızışaraq
deyirdim: "İstəyirsinizsə, gələn çıxışıda daha şıdırğı çalım?!"
Soruşurlar: "Səsi gücləndirə bilərsənmi?" Deyirəm: "Əlbəttə, istədiyiniz
qədər!" Bu söz məni tutdu və violonçelə elə güc verdim ki, hamı
dəhşətə gəldi! Hamının dilindən düşmürdüm. Və birdən... Sergey Prokofyev
mənə bir neçə söz dedi ki, - olduğu kimi sizlərə çadıracağam! -
həmin sözləri hər bir kəs qoy "qulağına sırğa etsin". Özü də ömürlük.
Sergey Prokofyev dedi: "Slava, siz
gözəl bilirsiniz ki, musiqi duyumu insana anadangəlmə verilmir.
Onu yetişdirmək, yetkinləşdirmək lazımdır. Musiqiçi zövqünü, bədii
zövqü hər gün təmizləmək gərəkdir. Hər gün dişlərinizi təmizlədiyiniz
kimi. Həmin sözlərdən sonra hamıdan iti, şıdırğılı və gurultulu
çalmağı, səsə güc verməyi tərgitdim.
Bu uşaq (Fərhad Haşımov - ixtisası
skripka, Bülbül adına musiqi məktəbinin şagirdi. Əsəri - E.Lalo.
İspan simfoniyası) lap yaranışından güclü musiqi duyumu ilə seçilir.
Lakin onun musiqi duyumu imkanlarını qabaqlayır. Mən ona "leqato"
ilə çalmağı tapşırdım, lakin onun "əsgərləri, yaxud döyüşçüləri"
- yəni barmaqları beynində yerləşib əmr verən "general"ın göstərişlərini
yerinə yetirə bilmirlər.
Mən özüm 13 yaşında ikən P.Çaykovskinin
"Rokoko" mövzusunda variasiyalarını öyrənib, həm royal, həm də orkestrlə
çalırdım. Lakin 19 yaşında həmin əsərə qayıtdıqda, keçmişin yükündən
yaxa qurtara bilmirdim. Ona görə, öz təcrübəmdən irəli gedərək,
mən bu uşağa sadə etüdlərdən başlamağı məsləhət görərdim, - bir
şərtlə ki, onları ayrı-ayrı ştrixlərlə çalsın. Məsələn, "triolları"
4 səsin "leqatosu" ilə çalmaq. Mən vaxtı ilə bu səpgidə onlarla
etüdlər çalmışam. Deyilənlərin öbdəsindən gəldikdən sonra iki elementli
3 "leqato"- lu etüdlər qurmaq olar. Məsələn, 2 "detaşe" və 2 "leqato",
gaxud 2 "detaşe" və 3 "leqato". Bütün bunları yaxşıca öyrəndikdən
sonra, "general" rəsmi - keçidi tam idarə edə biləcək. Yəni qarşıda
duran bədii məqsədlərdən qorxmamaq olar.
Hal-hazırda texnoloji hazırlıq baxımından
Yaponiya, Koreya və Çin elə irəli gediblər ki, onlara çatmaq ağlabatan
iş deyil. İntonasiya təmizliyinə heç bir irad tutmaq olmur. Və mən
istərdim ki, gələcək gəlişimə bu uşaq qamma və etüdlər hazırlayıb
mənə göstərsin, çünki "İspan simfoniyasını" texniki çatışmazlıqla
çalmaq olduqca qorxuludur.
* * *
Eyyub Əliyev - İxtisası-violonçel.
Bakı Musiqi Akademiyası magistraturasının II kursu. Əsəri - R.Şuman.
Violonçel ilə orkestr üçün konsert. Professor Y.A.Abdullayevin sinfi.
Konsertmeyster - Kəmalə Nemanova.
Bizim üçün burada ən çətin orta
sürətdir. Mənim baxımımdan sənin ən başlıca çatışmazlığın vibrasiyadadır.
Sizin vibrasiyanızın amplitudu azdır və çox aşağıdır, bu da səsi
kiçildir, cılızlaşdırır. Lakin təkcə kiçildirmi?
|
|