|
* * *
Bəs bəstəkarla dinləyici arasında bağlılığın yaradıcısı və təşkilatçısı
kimdir? Əlbəttə ki, ifaçı! Yenə də M.Rostropoviçə qayıdırıq: "Mənim
sənətdə dəyişkənlik istedadım var, çünki ifaçı - musiqiçi dondan-dona
girən buqələmundur (xameolondur). Əgər soruşsanız ki, hansı bəstəkarı,
yaxud hansı əsəri xoşlayırsan? - cavab verməkdə çətinlik çəkəcəyəm.
Mən ifa etdiyim bütün əsərləri dəlicəsinə sevirəm. "
Mstislav Leopoldoviçin yaradıcılığının dirijorluq kəsimi haqqında
danışarkən, yenə də onun dediklərinə müraciət etməliyik: "Mənim
iki ixtisasımdan hər birinin tamam başqa-başqa psixoloji özülləri
var. Və onlar heç də biri-birini tamamlamır. Violonçel mənim səsimdir
və mən, müğənninin öz səsinə öyrəncəli olduğuna oxşar, violonçeli
bədənimin ayrılmaz bölümü sayıram. Barmaqlarımın sinir ucları səs
əldə edirlər, səsin yaranışında ortaqsız iştirak edirlər. Mən və
violonçel, - aramızda heç kim yoxdur. İkimizik. Amma dirijorluq
zamanı mənimlə hər hansı aləm arasında ikinci insan durur. Canlı
insan.
Mən öz yaşantılarımı, duyduqlarımı və yozduqlarımı əlimdə olan
bütün imkanlarla orkestrdəki ifaçıya çatdırmağa çalışıram. Onun-ifaçının
mən istədiyim kimi musiqini duyması üçün əl texnikası və sifətimin
ifadələrindən tutmuş hipnozadək hər şeydən faydalanmağa çalışıram.
"
Doğrudan da, pianoçu və violonçelçalanı dinləməklə yanaşı, musiqiçinin
səsləri necə "aldığını" görürük. Və onun ifasının bacarığı və istedadından
asılılığını həmin andaca anlayırıq. Bəs dirijor? Çoxlarına elə gəlir
ki, o ancaq əllərini yelləyir, amma digərləri "tər tökür." Əlbəttə,
diqqətli dinləyici mütləq düşünəcək ki, nə üçün orkestr ayrı-ayrı
dirijorların idarəsi altında oxşarsız səslənir?
Əsil dirijor musiqiçiləri inandırıb öz arxasınca apara bilir və
onun idarəsi altında musiqiçilər dəstəsi bölünməz, canlı quruma-orkestrə
çevrilir. O hər bir musiqiçinin yaradıcılıq imkanlarını "çəkib üzə
çıxararaq", onları tək bir məqsədə - əsərin təfsirinə yönəltməlidir.
Dirijor sənətinin çətinliyi partituranın ən xırda ünsürlərini bir
vahid mərkəzə, çevrəyə toplayaraq, musiqi əsəri adlanan sənət tikilisini
memarcasına, sanki kosmosdan görmək bacarığının əvəzsiz gərəkliyindədir.
R.Vaqnerin dirijorlar üçün qoyduğu əsas qayda belədir: sağ əl tempi,
ölçü və sayı, sol əl isə alət və bölmələrin başlanğıclarını və nüansları
göstərir. Bu qayda əllərin psixoloji baxımdan qeyri-asılılığını
tələb edir. D.Şostakoviçin əsərlərinin olduqca çətin partituralarında
adı çəkilən qaydanın dəyəri özünü tam aşkarlayır. Bir neçə başlanğıcı
eyni zamanda göstərmək, yaxud ayrı-ayrı nüansları eyni zamanda göstərmək
üçün əllərin hərəkətlərində tam "ayırma", yaxud "təbəqələşmə" gərəkdir
ki, bu da M.Rostropoviçin imkanları çevrəsindədir.
O hamını sözün əsil mənasında alətə qovuşaraq, əsərin dramaturji
planının iştirakçısına çevirməyi bacarır. Məsələn: D.Şostakoviç.
I simfoniyanın finalı (IV hissə), 1-ci rəqəm, simli alətlərin tremolosu.
Mstislav Leopoldoviç: "Forte" başlayanda, tremolonu çox sönük çalırsınız.
Sizdən bir xahişim var: həmişə eyni "forteni" saxlamaq lazım deyil.
"Çəngəlləri" (>;< ) hər bir kəs eyni zamanda yox, fərdi yerinə
yetirir. Canlı, axar su kimi. Dalğavari - birinin amplitudu I xanə,
o birisininki 1/2 xanə. Lakin kresçendo və diminuendonu hər biriniz
fərdi, kiçik amplitudalarla yerinə yetirirsiniz." Bu göstərişdən
sonra həmin epizodda musiqi sanki canlandı.
Həmin finaldaca - 43-cü rəqəmdə litavraçalanın triolları texniki
baxımdan çətinlik yaradırdı. Dramatik gərginliyi son həddə çatdırmaq
üçün M.Rostropoviç ifaçıya həmin triolları ancaq sağ əllə çalmaq
göstərişini verdi. Dinamik gərginlik artımı həmin epizodun üç dəfə
təkrarında səslənmənin zəifləmə xətti ilə aparılması və violonçelin
tükürpədici "pianoda" solosu ilə başa çatdı.
Burada deməliyəm ki, "p" və "pp" M.Rostropoviçin sevimli nüanslarıdır.
Özünün dediyi kimi, "səs səssizlikdən doğur." O çox incə nüansları,
"canlı həyat nəfəsli", "danışan" pauzaları çox sevir. Belə məqamlarda
onun əvəzsiz "pianissimosu" - bütün zalın nəfəsini kəsir. M.Rostropoviçin
yaddaşından: "Konsertlərdən birində Svyatoslav Rixter İ.S.Baxın
prelüd və fuqalarında elə "pianissimo" ilə çalırdı ki, hamı artıq
royalın zəif səsləndiyi gümanına gəlmişdi. Lakin sonra o elə güclü
"forte" verdi ki, hamı yerindən dik atıldı." Bu xatirəsini danışdıqdan
sonra Ustad simfoniyanın III hissəsindəki 10-cu rəqəmdə orkestr
musiqiçilərinə "öz əsəblərindən elektrik cərəyanı buraxmaq" göstərişi
verdi.
Onun idarəsi altında orkestr dirijorun dəmir əlini, polad iradəsini
hiss edir və hər bir musiqiçi təkcə öz ifa kəsimi çevrəsində deyil,
orkestrin vahid metroritm axarında belə özəlliyini itirmədən özəlliklər
toplumunun bərabərhüquqlu yaradıcısına çevrilir. Əsərin çətin yerlərini
o çox asanlıqla "asanlaşdırır", çünki hamını çətinliyin çətin olmadığına
inandırmağı bacarır. Orkestr elə bil öz-özünə ifa edir, bu da ilk
növbədə Ustadın peşəkar bacarığından qaynaqlanan və orkestri hamılıqla
ilhamlandıran, dinləyicilər tərəfindən isə sehirbazlıq kimi yozulan
bircə sözlə açıqlanır: Möcüzə!
M.Rostropoviçlə işləyən orkestr üçün həmin günlər, saatlar, yaddaşlarda
dərin iz qoymaqla yanaşı, uzun zaman mənəvi güc qaynağına çevrilir.
Onun ifaçılıq yolları öz oxşarsız sadəliyi ilə də, qarşıya qoyduğu
bədii məqsədlərə çatmaq üçün tam dolğunluğu ilə də seçilir. Onun
bədii üslub duyumu o qədər dərindir ki, istər-istəməz ən sıravi
ifaçı tərəfindən asanlıqla qavranılır, bu da birgə ifa olunan musiqi
əsərinə sanki yeni bahar nəfəsi verir və onunla birgə işləyənlər
həmin məqamda təfsir etdikləri dövrün, zamanın təfsirindən coşaraq,
yaradıcılıq xoşbəxtliyinin təravəti ilə nəfəs alırlar. O memartək,
artıq məşqlərdə partituranın başlıca cizgilərini araşdıraraq, orkestrə
aşılayır. Və onun ovsunlayıcı çubuğunun işarəsi ilə musiqiçilər
violalara, kontrabaslara, faqotlara və i.a. çevrilirlər, musiqi
hamını bir döyünən ürəkdə birləşdirir.
* * *
Burada bir neçə söz də orkestr haqqında
demək istərdim, özü də ancaq yadelli qaynaqlardan sitat gətirəcəyəm:
"Sabit saylı, daim qazancı olan orkestrlər az deyil. Onlarla tanışlıq
yaxşı sahmanlanmış işin gedişi görüntüsü yaradır. Bu qaydalı, sahmanlı,
səbrli iş yaradıcılıq uğurları ilə sonuclanır. Lakin sənətçilərdən
çoxunun yaşamı "dəhşətlidir" desək, yanılmarıq. Deyilənlərin 50-ci
illərə daha böyük aidiyyəti var. Yarımillik maaş qastrolçunun cəmi
bir konsertinin qonorarından da azdır. Elə ölkələr var ki, köhnə
mövhumatlarından indiyədək əl çəkmək istəmirlər. Həmin mövhumata
görə, orkestrlər gözəl əsərlərin ifasından uğur və sevinc duyumlarıyla
faydalanırlar ki, bu da onların əməyinin başlıca ödənişidir.
Bir sözlə, "halva-halva deməklə
ağız şirinləşməlidir. "...Lakin, məsələn, sıravi Paris orkestr ifaçısının
yaşamı olduqca ağırdır... Bəzilərinin bütün gün ərzində öz xidməti
vəzifələrini yerinə yetirmək üçün necə "dəridən-qabıqdan çıxdıqlarını"
anlamaq belə çətindir. Məsələn, bir musiqiçi hər axşam həm "Medrano"
sirkində, həm də operada çalırdı. O çox gözəl və dəqiq bilirdi ki,
operada hansı vaxtda sololarla çıxış edəcək: qalanlarını isə öz
şagirdinin öhdəsinə buraxırdı. Lazımlı məqamda həmin musiqiçi taksiyə
oturaraq, boğazına ağ qalstuk keçirib (opera qaydalarına görə, orkestr
musiqiçiləri ağ qalstuk geyməlidirlər), "Tristan və İzolda" yaxud
başqa bir tamaşada ingilis tütəyinin solosunu ustalıqla ifa edir,
yarım saat sonra isə, yenə də taksini "Medrano" sirkində coşğun
sonluqda iştirak etmək üçün "qovurdu". Bundan savayı, həmin musiqiçi
daha iki digər orkestrlə məşq edib, bir- iki işdənkənar dərs verməyi
də unutmurdu. Bəlkə də ayrı-ayrı günlərdə hansısa simfoniya, yaxud
da kinofilmin studiya yazılışına özünü çatdırırdı... Lakin ən maraqlısı
odur ki, belə musiqiçilər yüksək yaradıcılığa gəldikdə, böyük həvəslə,
əsl gənclik yorulmazlığı göstərə bilirlər!..
* * *
Bizim orkestrin vəzifələri çorxsaylı,
işinin tutumu olduqca genişdir. Hər gün birgə və orkestr bölmələrinin
ayrıca məşqləri, konsertlərg Orkestrin bədii rəhbəri və baş dirijoru,
Azərbaycan Respublikasının xalq artisti, professor Rauf Canbaxış
oğlu Abdullayevin işi isə, son dərəcə sanballı və tutumludur. Onun
yerinə yetirdikləri vəzifələr arasında illik və yarımillik konsert
proqramlarının quraşdırılması, həmin proqramlarda dinləyici zövqü,
orkestrin ifaçılıq və yaradıcılıq səviyyələrinin artması kimi amillərin
nəzərə alınması, yeni əsərlərlə, - az ifa olunan, yaxud da Azərbaycanda
indiyədək ifa olunmamış dünya musiqisi klassikləri və çağdaş bəstəkarların
əsərləri ilə geniş dinləyici kütləsinin tanışlığı, nəhayət, azərbaycanlı
bəstəkarların yaradıcılığının yayımı... kimilərini sadalamaq olar.
M.L.Rostropoviçin son gəlişi üçün bizim maestro ifa olunacaq partituraları
nəinki əzbərləmişdi (və indiyədək həmin əsərlərin çoxsaylı ifaları
ilə tanış olmuşdu!), o simfonik orkestri mətnlə zərgər dəqiqliyi
ilə tanış edərək, Mstislav Leopoldoviç üçün bir növ "hazır özül"
hazırlamışdı. Təkcə üstqurumu yaratmaq qalırdı.
* * *
Mstislav Lepoldoviç son gəlişində
vaxt tapıb, atası və özünün adını daşıyan muzeyə də baş çəkdi. Mədəni
irsin qorunub gələcək nəsillərə çatdırılmasına çox böyük əhəmiyyət
verən Ustadın baxışlarını onun öz sözləri ilə oxuculara çatdırmaq
istərdim:
"Cəmiyyət və dövlətçiliyin yüksəlişində
mədəniyyət və incəsənətin əhəmiyyətini bu gün də anlamayan insanlara
mənim yazığım gəlir. Məgər iqtisadiyyatı lazımsız sayan tapılarmı?
Xeyr! Lakin nədənsə heç kəs iqtisadiyyatla mədəniyyətin çoxsəviyyəli
qarşılıqlı asılılığını anlamaq istəmir və anlamaq istəmir ki, onlardan
birinə qarşı saymazyanalıq digərinin dəyərsizləşməsi ilə sonuclanır.
Və bu haqda nə qədər çox düşünürəmsə, bəşəriyyət tarixinin ilk növbədə
mədəniyyət tarixi kimi yozumunun düzgünlüyü mənim üçün daha parlaq
aşkarlanır.
Mənimçün Peterburqdakı malikanə,
ən başlıcası, şəxsi arxivimi saxlamaqdan ötrü lazımdır. Uzun yaradıcılıq
illəri boyu mən sonsuz sayda, son dərəcə dəyərli epistolyar (məktub)
və not materialları toplamışam ki, onların gələcəyi məni narahat
etməyə bilməz. Misilsiz materiallar bütün dünyaya səpələnib: Parisdə
və Londonda, Nyu-York, Vaşinqton və Moskvada... Onlar qorunmalı,
sistemləşdirilməli və öyrənilməlidirlər. Məsələn, burada D.Şostakoviç,
S.Prokofyev, B.Britten, V.Qorovits, İ.Sternin və çox-çox başqalarının
məktublarından söhbət gedir. Daha sonra şəxsən mənim üçün yazılan
əsərlərin notları böyük saydadır. Mən ğörkəmli musiqiçilərin əlyazmalarını
çox sevirəm: onlar arasında şəxsən mənə bağışlananlardan savayı,
özümün satışda əldə etdiklərim də az deyil. Bütövlükdə götürsək,
Peterburq arxivi mislı görünməmiş, heç nə ilə tutuşdurula bilməyən
xəzinə, saxlancdır."
Əlbəttə, Ustadın həmin sözlərindən
sonra Leopold və Mstislav Rostropoviçlər adına Bakı muzeyini də
dəyərləndirməyə dəyər. Muzeyin direktoru Ş.Heydərovanın geniş çalışmaları
sayəsində muzeyin fondu getdikcə genişlənir, qiymətli, bəzən hətta
əvəzsiz eksponatlarla zənginləşir. Hər yeni gəlişi zamanı Mstislav
Rostropoviç özü ilə yeni-yeni sovqatlar gətirir, yaxud da mədəniyyət
naziri P.Bülbüloğlu vasitəsilə muzeyin ünvanına çatdırır.
|
|