Çalğıçı bilməlidir ki, vaxtı ilə
Moskva konservatoriyasında bütün musiqi səslənmələrini hərtərəfli
araşdırıblar. Və belə çox maraqlı sonuca gəliblər ki, hər bir istənilən
halda, hər bir istənilən məqamda oxuyan insanın vibrasiya amplitudu
çalğıçının çıxardığı vibrasiyalı səs amplitudundan 2 dəfə böyükdür,
yaxud genişdir. Vibrasiya amplitudunun böyüklüyü isə o deməkdir
ki, səs obertonlarla daha zəngindir və daha gözəl səslənir.
Texniki çalğı, yəni barmaq uclarının
eyni yerləri ilə çalğısı zamanı toxunma, dəymə mənasında yaxşı texniki
keyfiyyət əldə olunur. Lakin gözəl səslənmə almaq üçün barmaq ucundakı
yastıqcanın ayrı-ayrı bölümlərindən (hissələrindən) faydalanmaq
lazımdır (Burada M.Rostropoviç şaquli barmaqlar və onların yastıqcaları
ilə çoxçalarlı səslərin necə alınmasını göstərir).
Birincisi, güclü vibrasiya gərəkdir.
İkincisi, vibrasiya tezliyi ayrı-ayrı
hallarda, rəssam-boyakarın palitrasındakı boyalara oxşar dəyişməlidir.
Palitranın boyalarla zənginləşdiyi, çoxçalarlığı rəssamın peşəkarlığını
göstərir.
"Passajları" kamanın güclü basqısı
ilə çalırlar. Orta sürətli çalğıda arasıkəsilməz vibrasiya gərəkdir,
daha sizdəki kimi, - ayrı-ayrı notların vibrasiyası şəklində yox.
Məsələn, kişi səsləri - tenorların iki növü var. Lirik tenorların
çox tezlikli vibrasiyası və çox da geniş hərarəti olmayan səsi var.
Dramatik tenorlarda vibrasiya həmin tezlikli, lakin amplitudu daha
genişdir, səsin gücü və tutumu da buna uyğundur."
M.Rostropoviç F.Şumanın konsertinin
bədii tərəfləri üzərində geniş dayandı. R.Şumanın tarixi dövrü və
şəxsi yaşamı haqqında maraqlı bilgilər verdi. Faciəli məqamları
vurğuladı. R.Şumanın violonçel konsertinin yaranması onun hələ gəncliyində
bu alətə marağı ilə bağlıdır. Violonçelin şairanə və səmimiliklə
dolu səs çaları, həzindən tutmuş coşğunluğadək geniş diapazonlu
musiqi nitqi açıqlaması romantik yaşantılı bəstəkara olduqca yaxın
idi. Hələ konsertə başlamamışdan bir il öncə violonçel üçün yazdığı
pyeslərdə o öz yaradıcılıq məqsədinə doğru bədii yollar axtarıb-arayırdı.
Violonçel konserti 1850-ci il oktyabr ayının cəmi 2 həftəsi ərzində
Düsseldorf şəhərində yazılmış və bəstəkar yaradıcılığının klassik
və romantik cizgilərin çarpazlaşdığı son dövrünə aiddir.
Konsertin bütövlükdə ifası zamanı
ortaya çıxan çətinliklərdən ən başlıcası musiqi dramaturgiyasının,
bədii surətlərin simfonik inkişafının açımında bütövlüyün saxlanmasıdır.
Əsərin ifası ifaçıdan bədii yetkinlik, son dərəcə təkmilləşmiş texnika
və dinamik çoxçalarlı "kantilena" (ahəngdarlıq, oxunaqlıq), "detache",
"legato", "sautille" parlaqlığı, "qanad çalan" "spikkato" və arpeciolar
və i.a. tələb edir. Çətinliklər sırasında "qol" üzrə və qonşu simin
üzərindən sıçrayışları da sadalamaq olar.
Mstislav Leopoldoviç Eyyuba texniki
və bədii ifaçılıq məsələlərini cizgiləyərək, onları sanki bir nüvəyə,
yaxud başlanğıc ruşeymədək yığcamlaşdırdı. Və həmin qaynaqdan irəli
gedərək, bacarıqlı ifaçı (Eyyubun isə istedadı, şübhəsiz ki, var!)
araşdırılan əsər üzərində yaradıcılıq işi zamanı, sözsüz ki, professional
artım və ifaçılıq uğurları qazana bilər.
* * *
Mstislav Leopoldoviçin sonuncu gəlişi
onun müəllimi və böyük dostu Dmitri Şostakoviç şüarı altında keçmişdir
desək, yanılmàrıq. Artıq àeroportda onu qarşqılàyanlara dediklərini
yada salaq:
"Bu yüz ili də bəşəriyyət başa vursa,
D.Şostakoviç XX yüzilliyin ən dahi bəstəkarı sayılacaq. Şostakoviç
mənim üçün qarşısında ömrüm boyu baş əydiyim bütdür. Bilirsinizmi,
onun yazı masasının üstündə, şüşə altında M.Musorqskinin portretini
həmişə görmək olardı. Səbəbini soruşanda, o belə cavab verdi: "Mən
o gözlərə baxışlarımı zilləyərkən əsərlərimi kağız tullantıları
səbətinə atmaqda çətinlik çəkmirəm."
Hələ konservatoriyada tələbə ikən
M.Rostropoviç 2 il ərzində D.Şostakoviçin alətşünaslıq sinfində
fənni öyrənirmiş. Dəfələrlə Şostakoviçin müəllif gecələrində çıxış
edər, əsərin fortepiano kəsimini (partiyasını) çalan bəstəkarla
onun "40 N-li "opusunu" - violonçel və fortepiano üçün sonatasını
ləşzətlə ifa edərdi. Onun sözlərinə görə, həmin əsər heyrətamiz
dərəcədə maraqlı və mənəvi zənginliyi ilə yanaşı, alətlərin indiyədək
açılmamış texniki imkanlarını aşkarlayır...
Adı çəkilən sonata Ustadın 24 noyabr
1999-cu il tarixli açıq dərsində bizim üçün yeni tapıntı oldu. Əsər
türkiyəli violonçelçalan Əli Sak və Bakı Musiqi Akademiyasının magistri
Nərminə Əfəndiyeva (fortepiano) tərəfindən ifa olunurdu. Əli Sak
çox istedadlı gəncdir və hazırda Ankara konservatoriyasında dərs
deyir. Ankara prezident orkestrində violonçel çalan bacısı Pərvin
Sunqar ilə o, açıq dərslərdə çıxış etmək üçün Bakıya gəlmişdi. Yəni
onun çoxdankı arzusu həyata keçmişdi. Ankara konservatoriyasının
rektoru və professoru Əli Doğanın şagirdi olan Əli Sak öz texniki
hazırlığı və bədii səs duyumu ilə seçilirdi. Onunla "yaradıcılığa"
başlayan Ustad öz çoxdilli səviyyəsini də, alman dilində dərs keçmək
bacarığını da bütün parlaqlığı ilə açıb göstərdi.
Əsərin I hissəsində başlıca diqqət
musiqi ibarələrinə və "kantilenaya" - oxunaqlığa yönəldilmişdi.
Ustad şagirdə bir neçə maraqlı göstəriş verdi ki, onlardan başlıcası
kamanın başlanğıcı ilə sonu arasında səsin gücü və dolğunluğu baxımından
dəyişməsini aradan qaldırmaq yolları idi. Musiqi ibarələrinin bütövlüyünün
bədii məzmunda yeri və onların "sosiskayabənzər" parçalanmasının
yolverilməzliyi də geniş açıqlandı.
Əsərin iti gedən II "motorlu" hissəsini
M.Rostropoviç zavod sexində dəzgahlama işlərinə bənzətdi. Sənətdə
belə bədii yön konstruktivizm dövrü ilə səsləşir və incəsənətin
texniki-estetik təsvirçiliyi əsərin bədii özəyini əyani aşkarlayır.
Daha sonra son IV hissə ifa olunurdu
ki, buradakı texniki çətinliklər D.Şostakoviçə xas olan biçimsiz
şişirtmə və yumoru, şəklidəyişmiş sitatları arxa cərgəyə keçirməməli,
əksinə, onların qabarıq səslənməsinə imkan yaratmalıydı. Mən belə
düşünürəm ki, Əli üçün bu açıq dərs onun bədii yaradıcılığına güclü
təkan deməkdir. Və yaxın gələcəkdə proqramına həmin əsərlə birgə
İ.Bramsın sonatası salınmış konserti gənc ifaçının artan ustalığını
əyani göstərməlidir. Əlbəttə, onun adından Bakı Musiqi Akademiyası
rəhbərliyini və şəxsən rektor F.Bədəl-bəyli cənablarını alqışlamaq
yerinə düşər.
* * *
M.Rostropoviç son gəlişində daha
bir qeyri-adi əsərlə bizim "nazımızı çəkdi", bir növ "əzizlədi".
Həmin əsər bizim günlərdə 40 illiyi tamam olan D.Şostakoviçin violonçellə
orkestr üçün I konsertidir. M.Rostropoviçə həsr olunmuş konsertin
ilk ifası 4 oktyabr 1959-cu il tarixdə Leninqradda, Y.Mravinskinin
idarəsi altında Leninqrad filarmoniyası simfonik orkestri tərəfindən
həyata keçirilib. Məşhur dirijorlardan Yudjin Ormandi vaxtı ilə
əsəri "tarixi olay" adlandırmışdı. Konsertin solo kəsimini öyrənmək
üçün Mstislav Leopoldoviçə cəmi 4 günlük vaxt lazım olmuşdu. 5-ci
günü isə o, öz ifası ilə bəstəkarı heyrətə gətirmişdi. İfaçı haqqında
"Pari press" (1961) qəzeti belə yazırdı: "Onun virtuoz çalğısı qeyri-adiliyi,
lirikası ən yüksək insanilik səviyyəsi, səsləndirdiyi alət "məxməriliyi"
ilə seçilir. Rostropoviç möcüzə yaratmışdır: o musiqi naminə şıdırğı
çalğını unutdura bildi." Burada Mstistlav Leopoldoviçin öz sözlərini
də misal gətirmək yerinə düşər: "İfaçı incəsənətdə yenilik arayan,
bəstəkar düşüncələrini yerindən oynadan və onun yaradıcılıq maraqlarını
hər hansı bir alətin repertuarına yönəldən bir insandır."
Nəhayət, deyilənlərə Dmitri Şostakoviçin
öz sözlərini artıraq: "...mən musiqini sevirəm. Mən özümü bütövlükdə
musiqiyə həsr etmişəm və həsr edəcəyəm. Mənim üçün həyatımda tək
bircə sevinc musiqidir. Bütün həyatım musiqidən ibarətdir."
Doğrudan da, heç nə heç zaman D.Şostakoviçin
musiqi yazmaq ehtirasını, sənət yanğısını söndürə bilməmişdir. Harada
olursa-olsun. Musiqi onun içində yaşayırdı, onun içindən gəlirdi.
Onun gördükləri, anladıqları, duyduqları və yazdıqları, - bütün
yaşantılarından not yazısına çevrilmək istəyən səslər qaynaqlanırdı.
Ayrı-ayrı çevrələrdə axtarışlar aparan bəstəkar incəsənətin başlıca
özəyi olan tarixi vərəsəliyi həmişə yorulmadan vurğulayardı. Özümüzün
gələcəyə canatım və irəliləyişimizdə biz öz keçmişimizlə, ölməz,
ulu qaynaqlarımızla bağlandığımız telləri qırmamağa, yandırmamağa
borcluyuq.
|