Bir kitabın bir nəfəsi      
      
X. Mirzəzadə           
1   2   3   4   5  
  Ə. İsazadə
Aleksandr Xodzkonun «Koroğlu» eposu (dastanı) haqqında kitabında Azərbaycan xalq musiqisi nümunələri

X. Mirzəzadə
Bir kitabın bir nəfəsi

 
 
make printcopy print copy

Musiqiçilər mənə başa saldılar ki, sovet, fars, ümumən tarixi təsirlərin olmasına baxmayaraq dərin köklərə əsaslanan vahid mədəniyyət mövcuddur. Bunlar müasir dövrdə keçmişin ötüb keçən, lakin hələ də yaşamaqda olan əks-sədasıdır. Bu, məsələn, musiqinin xarakter elementilərlə bəzədilməsində özünü büruzə verir. İran kimi Türkiyə də Bakı ilə əlaqə saxlayır, buna dillərin yaxın olması da kömək edir. Şübhəsiz, Türkiyə və Azərbaycan arasında dillərin qohumluğu ilə yanaşı musiqi və digər sahələrdə də mübadilələr mövcuddur. Sovetləşdikdən sonra Bakı yenə də yolayrıcı olmaqda qalırdı. Məhz burada, Bakıda bir vaxtlar Heyneyə məktubunda gənc Listin qəzəblə sual etdiyi sözlərdə nə demək istədiyini anladım; "Məgər biz hələ ki, naməlum olan gələcək ilə haqqında bir şey bilmək istəmədiyimiz keçmiş arasında yöndəmsiz bir vəziyyətdə deyilikmi?" Bütün ölkədə olduğu kimi, Bakıda da 1917-ci il inqilabından sonra vəziyyətin yöndəmsizliyi ondan ibarət idi ki, gələcək qeyri-müəyyən idi, onu öyrənmək lazımdı və buna keçmişi rədd edərək nail olmaq mümkün deyildi. İllüziya və eyni zamanda yeganə düzgün olan tələbin ziddiyyətlərinin (praktiki və ideoloji) nədə cəmləşdiyini List anlayırdı. Bütün bu ziddiyyətləri mən öz dorstumda, onun həyat tərzində, evində, gələcək naminə işləmək əzmində, keçmişə qayğı ilə yanaşmasında gördüm. Ateist barmaqlar ilə müsəlman təsbehini oynadaraq o məni şəhər ilə tanış edir, Bakının musiqi həyatı barədə danışır. Onun söhbətləri faktların quru sadalanması deyildi, mən istəməzdim ki, mənim şərhimdə onlar belə cizgi alsın. Belə ki, orkestr və ya musiqi ilə bağlı apardığımız söhbət zamanı o birdən Bakı neftinin tərkibində parafinin az olduğunu fəxrlə ərz eləyir. Hər şey qarşılıqlı əlaqədədir; yaxşı neft musiqi həyatının yaxşı təşkil olunmasını bildirir. Elə bu zaman Mirzəzadə mənə xatırladır ki, bir milyon səkkiz yüz min əhalisi olan Bakı şəhərində iki simfonik orkestr, bir kamera orkestri, opera teatrının bir orkestr və xoru, musiqili komediya teatrının bir orkestri, konservatoriyanın (müəllim və tələbələrdən təşkil olunmuş) bir orkestri, instrumental qruplar, kvartetlər, solistlər, özəl truppası olan opera teatrı fəaliyyət göstərir. Lakin onların hamısı ilə tanış olmaq üçün mənə kifayət qədər vaxt tələb olunardı. Bakıda bu gün hansı opera və simfonik musiqinin ifa olunması barədə geniş söhbət aparmağa ehtiyac yoxdur. Repertuar bu və ya digər cəhətdən avropa musiqi dünyası üçün səciyyəvidir. Yalnız onu qeyd etmək istəyirəm ki, bir neçə il öncə mən Xəyyama Oppo, Bussotti, Renestonun kamera musiqisinin yazılarını hədiyyə etmişdim. İndi isə bu əsərlərdən bəzilərinin ifaçıların repertuarına daxil edildiyini gördüm, müasir italyan musiqisinin öyrənilməsi istiqamətində cəsarət tələb edən cəhdlər. Bununçün materialların göndərilməsini müntəzəm olaraq təşkil etmək lazımdır. Hələlik isə, mən müxtəlif azərbaycan bəstəkarlarının yaradıcılığı ilə tanış olmaq niyyətindəyəm. Bununla belə, bir daha qeyd edim ki, SSRİ-də yazılmış və hal-hazırda yazılan əsərlər konsertlərdə ifa olunur, plastinkalara yazılır, radio ilə səsləndirilir.

Mən əlbəttə ki, orta nəsil azərbaycan bəstəkarları ilə də tanış idim; məsəlçün Niyazi (məni əmin etdilər ki, təxəllüsünü söyləmək kifayətdir), Əfrasiyab Bədəlbəyli, 1934-cü ildə inqilabi mövzuda ilk operanın müəllifi Əbdül Müslüm Maqomayev. Onların musiqisində xalq motivləri üstünlük təşkil edir, musiqidə milli ruhun ifadəsinə meyl duyulur. Simfonik poema ənənələrinin, həmçinin Lyadov, Qlazunov kimi rus bəstəkarlarının güclü təsiri hiss olunur. Mən öyrəndim ki, onların musiqi təhsilində Reynqold Qlier və Boris Zeydman kimi Kiyevdən, Leninqraddan olan musiqiçilər müəyyən rol oynamışlar. Onların uzun müddət ərzinə və yaxud həmişəlik olaraq Azərbaycana köçüb gəlmələri heç də buranın musiqisini kolonizə etmək məqsədi daşımırdı. Əksinə, mən eşitdiyim musiqi respublikalara münasibətdə sovet milli siyasətinin - milli dəyərlərə göstərilən böyük qayğı və diqqət siyasətinin şəhadətnaməsi idi. Əsas "xalq həmişə mərkəzdə olmalıdır" - prinsipinin az qala sxolastik israrlıqla tətbiqi bütün simvolların xalq rəvayətlərindən götürülməsini tələb edirdi.

Bununla belə onu qeyd etmək maraqlıdır ki, sovet respublikalarında milli musiqiyə olan bu münasibətə baxmayaraq (müharibədən sonrakı illərdə daha çox vüsət almış), musiqi əsərləri heç də həmişə ritorika ilə tamamlanmır.

Bundan başqa 1949-cu ildə F.Əmirova Stalin mükafatı iki "simfonik muğamUa görə təqdim olunur. Mən isə dahi orta əsr mütəfəkkiri və şairinə həsr etdiyi - "Nizaminin xatirəsinə" simfoniyasını digər iki parlaq, nümunəvi, müəmmalı musiqi poemalarından üstün tutardım. Muğamın simfonik stilizasiyası musiqi ifadə vasitəsi kimi onun konstruktiv rolunu sübut edir.

Muğam - "yeganə bir səsdən başlayan vokal - instrumental əsərdir." - bunu mənə Bakıda bu musiqi janrının ən yaxşı bilicisi olan, orta ixtisas musiqi məktəbinin direktoru Nazim Əliverdibəyov izah edir. Onunla mən Mirzəzadənin evində görüşmüşdüm. Ancaq, hər şeydən əvvəl, zənnimcə, daim melodik gəzişmələrdən yığılan bir modeldir. "Melodiya tonik əsasdan, məsələn "fa" səsindən başlayır. Sonradan müxtəlif intervallardan melodik gəzişmələr başlayır - tersiya, əksidilmiş kvarta, kvinta, si bemol, do səslərində. Tonika isə hər dəfə əsas olaraq qalır, yuxarı oktavaya keçdikdən sonra melodiya əvvəlki tonikaya qayıdır." N.Əliverdibəyov davam edir: "Modulyasiyalar sonsuz ola bilər. Mən misal göstərdiyim sxem mümkün olan çoxsaylı variantlardan biridir. Sonra isə improvizasiya başlayır, burada hər şey ifaçının fantaziya və bacarığından asılıdır". Doğrudan da, mən oxumuşdum ki, muğamlar müxtəlif olur. Hər birinin də öz adı var; rast, şur, çahargah, segah. Hər birinin öz tonallığı və harmonik strukturu vardır. Yeddi növ əsas muğam mövcuddur. Öz pyeslərində Əmirov muğamı simfonik orkestrin geniş ekranında göstərir. Lakin simfonik işlənmə muğamın tonal harmonik və səslənmə strukturunu gizlətmir, bu yalnız muğamın orkestr assimilyasiyasıdır. Bəzi cəhətlərə görə onu 20-ci illərdə Amerikada Uaytmen və Gerşvin tərəfindən cazın simfonik işləmələri ilə müqayisə etmək olar. Onların əhəmiyyətini qiymətləndirməmək olmaz. Ümumiyyətlə, mən "Kürd-ovşarı" simfonik muqamına qulaq asdım. 8 bölmədən ibarət olan bu əsər eyniadlı muğamın motivləri əsasında yazılıb. Sonrakı, onun davamı olan "Şur" simfonik muğamı eyniadlı muğama əsaslanaraq 13 bölmədən ibarətdir - şanlı keçmiş qəhrəmanlıqlar haqqında epik rəvayət. Məni orkestr səslənməsində patetikanın olmaması təəccübləndirdi.

Mən bunu muğamın xarakteri ilə əlaqələndirirəm. Qəhrəmani epik poema olaraq onlar özünəməxsus ifadə vasitələrinə malikdir. Onların süjeti bəllidir - burada həmişə hörmətə və tərifə layiq şücaət mövcuddur. Əmirovun muğamın nəql edici formasını istifadə etdiyi üslub bir qədər yad görünsə də, onun pyeslərinin yüngül və şəffaf səslənməsi şairə Marselina Debord -Valmorun gözəl sətirləri ilə analoji təsəvvür yaradır; "Öz ağır yükündən azad olmuş Yer uşaq tək şıltaq olur". Səslər, melodiya, tarın virtuoz partiyası özündə süjet xəttini daşıyır.

Buradakı mövzu - fəlsəfi düşüncələr üçün səbəb ola bilər. Buna görə də bəzək elementləri haqqında danışmaq, məsələn, Mirzəzadənin "Simfoniya"sında olduğu kimi, ən azı yersiz olardı.

Mirzəzadə piano arxasına keçir və onların sonsuz imkanlarını mənə göstərmək üçün səkkiz-doqquz muğam çalır. Çala-çala o həyəcanlanır və yüksək, qətiyyətli tonla deyir ki, muğam - "fəlsəfədir, musiqidir, dünyagörüşüdür, improvizasiya deyil. Çünki burada hər şey qanunauyğundur. Lakin hər kəs onu özünə görə başa düşür, hər kəsin öz şərhi, öz variantı var." Mirzəzadələrin evi geniş və rahatdır. Bu qonaqpərvər evdə hər bir şey - xalçalar, müxtəlif mebel, evdəkilərin bir-biri ilə xoş ünsiyyəti - özünəməxsus bir muğam atmosferi yaradır. Mirzəzadənin sözlərinə görə "hər bir xalqın öz muğamı var, hər bir muğamın onun ifaçılarının sayı qədər variantı mövcuddur." Bu Azərbaycanlı ailəsində mən sanki muğamın özünəməxsus, ailə variantını yaşayıram - lent yazılarını dinləyir, söhbətlər aparırıq. Bu söhbətlərdə həmçinin, ev sahibinin 2 oğlu, siyasətlə maraqlanan tələbələr - Pərvin və Fəxri də iştirak edir. Böyüyü ərəb dilini öyrənir və Afrikanın tarixi, müasir siyasəti ilə məşğul olur. "Siyasət narahat etməyən sovet musiqiçi"lərindən fərqli olaraq, onları siyasət daha çox maraqlandırır. Söhbətdə iştirak edən F.Qarayev isə bununla razı deyil. Amma mübahisəni sonraya saxlamalı olduq. Çünki Mirzəzadənin son əsərlərinin yazıları ortaya çıxdı: solo skripka üçün "Pro i kontra", solo alt üçün sonata "Qenezis", solo violançel üçün "Sonata" və nəhayət bu 3 aləti birləşdirən "Trio". Bütün bu əsərlərdə muğamın təsiri hiss olunur - ayrı-ayrı virtuoz fraqmentlərdə, Avropa musiqi duyumuna yad olan harmonik sistemdə. Amma mən muğamla tanışam, bu musiqinin mənbələrini mən bilirəm. Hər biri özünəməxsusluğu ilə seçilən üç musiqi xətti Vivo-da uzlaşır. Bizə yaxın olan, dolaşıq danışığımızla həmahəng yeni musiqi səslənir. Məni təəccübləndirən o oldu ki, bu cür zəngin musiqidəq sonra, çox güman, tədris məqsədləri üçün nəzərdə tutularaq yazılmış arfa üçün sonatanı dinləmək təklif olundu. Buna baxmayaraq, müəllif - Mirzəzadə onu zövqlə dinləyirdi. "Belə musiqi də yazmaq lazımdır" - o qeyd etdi. Mənim qarşımda sovet musiqiçisi idi.


 
1   2   3   4   5  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English Back to Home About site