Danışmaya bilməzdim. Çünki, əvvələn həm Niyazi, həm Yalçın mənimçün
əziz olan insanlardırlar. İkincisi də həmin disk Amerika Universitetində
mənim rəhbərlik etdiyim Azərbaycanşünaslıq layihəsi çərçivəsində
gerçəkləşmişdi.
2000-ci ilin astanasında bizimlə görüşə Ustadın daha bir salamı
kimi gəlmiş həmin disk məni xəyalən bitən əsrin başlanğıcına qaytardı.
90 il əvvəl hər birimizin və bütün dünyanın həyatında ən həlledici
vaxt kəsiklərindən olan XX yüzil təzəcə başlanırdı, o vaxt Avropada,
Amerikada qrammafon valları yeni-yeni dəbə girirdi.
Və Azərbaycan xalq musiqisinin, muğamların mahir ifaçılarını, güclü
xanəndə və sazəndələri vaxtaşırı dəvət edən "Ekstrafon", "Qrammafon",
"Sport rekord" kimi səsyazma şirkətləri onların çılğınlarını, oxularını
valların səs cığırlarında əbədiləşdirirdi.
İndi nadir, qiyməti sözlə çətin ifadə edilə biləcək həmin vallar
musiqimizin dünəni ilə, bugünümüz arasında körpü yaradır.
XX yüzilin son onillərində səsləri, musiqiləri vaxtın daha uzaqlarına,
həm də çox keyfiyyətlə çatdırmağa qadir kompakt disklər erası başlanıb,
artıq Azərbaycan musiqisinin belə disklərə köçmüş zəngin bir kitabxanası-fonotekası
yaranıb.
Və nə sevindiricidir ki, həmin sıraya XX əsrdə Azərbaycan musiqisini
ən atəşin məhəbbətlə sevmiş, ən dərin qeyrətlərlə bu musiqinin təəssübünü
çəkmiş, bu musiqinin dünyada bilinməsini və şöhrətini təmin etmiş
maestro Niyazinin sənəti və xatirəsini canlandıran daha bir qiymətli
disk əlavə olundu.
Kim idi maestro Niyazi?
Bu sualın ensiklopediyalarda, kitablarda, bizdə və xaricdə dərc
edilmiş çox-çox yazılarda saysız cavabı var.
XX yüzildə, xüsusən, bitən əsrin ikinci yarısında Azərbaycanın
rəmzlərindən biri olmuş maestro Niyazini hər kəs öz gördüyü kimi,
şəxsiyyəti və sənətinə öz heyranlığı, öz sevgisi çərçivəsində təsvir
etməyə çalışıb.
Maestro Niyazi şərəfli Hacıbəyovlar nəslinin XX əsrdəki son böyük
elçisiydi.
Maestro Niyazi Azərbaycan musiqisindəki "qüdrətli dəstənin" - Qara
Qarayev, Fikrət Əmirov, Səid Rüstəmov, Soltan Hacıbəyov, Cahangir
Cahangirov. . . sülaləsinin son mogikanlarından idi.