Maestro Niyazi Azərbaycanın XX əsr
tarixindəki ən böyük dirijoru, bu sənəti Azərbaycan mühitində təsdiqləmiş,
şöhrətlənmiş bir ustad idi.
Maestro Niyazi universal bilikləriylə,
zəngin daxili aləmiylə, istedadlı bəstələriylə, qabil təşkilatçılığıyla
canlı klassik idi, örnək idi, öndər idi.
Maestro Niyazi xüsusən əsrin son
illərində, onun mənsub olduğu yaş nəslinin dəyərli təmsilçiləri
bir-bir həyatdan gedəndən sonra musiqimizdə, mədəniyyətimizdə mayak,
məhək daşı, səmt küləyi olan vacib bir şəxsiyyət idi və onun gedişiylə
sənətimizdə, mühitimizdə heç vəchlə doldurula bilməyəcək çox dərin
bir boşqluq yarandı.
Əsrin əvvəlində əl-ələ verib Azərbaycan
sənətini, bütvlükdə xalqı dirçəltmək yolunda çalışan Zülfüqar, Üzeyir,
Ceyhun Hacıbəyov qardaşlarının bögüyü Zülfüqarın oğlu Niyazinin
alnına hələ dünyaya göz açdığı andan musiqiçi olmaq qismət idi.
Musiqi onun taleyi idi, çünki musiqi
onun qanında, genində idi.
Çünki musiqi həyatı dərk etməyə
başladığı andan, əslində, elə dünyanın səslərini eşitməyə başladığı
ilk günlərdən onun yaşadığı evin, ailənin, mühitin ayrılmaz parçasıydı.
Amma Niyazi uşaqkən hərbçi olmağa
hazırlaşırdı, kadet məktəbində dərs alırdı.
Hərbçi olmadı.
Amma Niyazi gəncliyində idmançı
olmağı arxzulayırdı, ağırlıq qaldırma ilə məşğul idi, hətta ağırlıqqaldırma
üzrə "Dinamo" cəmiyyətinin birinciliklərində dəfələrlə Azərbaycan
rekordsmeni çıxmışdı. Yaxşı futbol hakimliyi vardı, təyyarə idmanına
maraq göstərirdi.
Amma Niyazi həyatını idmanla da
bağlamadı.
Niyazi musiqiçi oldu.
Musiqiçi oldu, amma ən güclü bir
ağır atlet kimi Azərbaycan musiqisinin ağırlığını başı üzərinə qaldırdı,
onillərlə musiqimizin sanbalını ləyaqətlə daşıdı.
Bir hərbçi qətiyyəti və zabitəsi
ilə musiqimizin saflığını qorudu, bir adil, hər şeyi görən, eşidən
hakim dəqiqliyi ilə başçılıq etdiyi orkestrləri saat kimi sərrast
idarə etdi.
Bir mahir təyyarəçi kimi Azərbaycan
musiqisini, Azərbaycan dühasının şöhrətini sovet dönəmində, hələ
sərhədlərin qapalı vaxtlarında dünya üfüqlərinə uçurdu, ad-sanımızı
aləmə qanadlandırdı.
Və bütün etdiklərinin müqabilində
ən böyük qazancı bu oldu ki, bütün xalq onu bircə kəlmə sözlə tanıdı,
nişan verdi: MAESTRO!