Xalq şairləri Rəsul Rza və Nigar
Rəfibəyli ilk gənclik illərindən Niyazigillə çox yaxın dost olmuşdular.
Niyaziylə Rəsul Rza nə qədər mehriban,
qılıqlı insanlar idilərsə də yeri düşəndə çox sərt idilər, elə sözləri
olurdu ki, heç bir batman şəkərlə də yemək mümkün deyildi.
həm ərinin, həm Rəsul Rzanın bu
xasiyyətinə də yaxşı bələd olan Həcər xanım bir axşam maestrodan
soruşur ki, Rəsulla aranız dəyməyib? Məni küçədə gördü ağızucu,
elə yüngülcə başını tərpətməklə salam verib keçdi.
Niyazi həcər xanımın bu gileyini
şairə çatdırır, o da and-aman edir ki, vallah görməmişəm, ya da
ola bilsin fikirliyəmmiş, heç Həcər xanımla qarşılaşmağımdan xəbərim
olmayıb.
Bir neçə gün keçir. Təsadüfən şəhərin
ən gur yerlərindən birində Həcər xanımı gendən görən Rəsul Rza dərhal
dayanır, küçənin o tayından ikiqat əyilib təzim edir, gendən baxan,
şairi tanıyanların hamısı hörmətlə ayaq saxlayır və Rəsul Rza başını
qaldırır, gülə-gülə: "hə necədi, Həcər xanım, bu salamımı bəyəndin?".
XX yüzildə, ikinci minillikdə Azərbaycan
sənətinin ən parlaq zirvələrindən olan maestro Niyazi, xatirəsinə
həsr olunmuş, həmişəcavan sənətini yaşadan yeni diskiylə bir daha
görüşümüzə gəldi.
Bu diskdə Niyazinin "Rast"ı var,
daim sevə-sevə çaldığı, əksər konsertlərinə daxil etdiyi Vaqnerin
"Tristan və İzolda"sından, Çaykovskinin "Romeo və Cülyetta"sından
fraqmentlər var.
Bir zamanlar - ömrün xoşbəxt, sağalmaz
acıların və itkilərin hələ çox uzaqda olduğu günlərdə Rəsul Rzanın
Niyazi ailəsinə, Niyazi sənəti və şəxsiyyətinə ehtiramının əlaməti
olaraq təzim etdiyi kimi indi - minilliklər ayrıcında böyük Nizaminin
ruhu qarşısında baş əyir, unudulmaz maestroya, onun böyük sənətinə,
gələn minilliyə gedən irsinə "salam olsun!" deyirəm.
Çünki o disk Niyazinin bizə daha
bir salamıdır.
O salamı cavabsız qoymaq olmaz!
Həmin Niyazi salamını bizə Yalçın
Adıgözəlov çatdırıb.
Niyazinin Qohumu, Övladı, Davamı
Yalçın.
Niyazilərin başladığı yolları Yalçınlar
davam etdirməsəydi Azərbaycan sənəti minilləri adlayıb bunca ucalığa
çatardımı?
P.S. Ştrix kod deyilən bir əlamət
var.
Xaricdə istehsal edilmiş malların
hansına baxsanız, qiymət göstəricisi olan həmin qara cizgilərə rast
gələcəksiniz.
Yalçının diskində də həmin cizgilər
var.
Və iş ondadır ki, bu Azərbaycanın
məhsulu sayılan ilk örnəkdir ki, üzərində ştrix kod var.
Zahirən bəlkə də adi şeydir-sadəcə,
qiymət göstəricisi.
Lakin kim deyər ki, Azərbaycanın
milli poçt markası adidir, kim deyər ki, Azərbaycan milli manatı
adidir, kim deyər ki, Azərbaycanın bayrağı, himni, fəxri nişanları.
. . adidir?!
Bunların hər biri dünyada məmləkətimizin,
müstəqil dövlətimizin rəmzi kimi tanınır.
Ştrix kod da bütün adiliyinə baxmayaraq
əslində böyük bir mənanın daşıyıcısı - müstəqilliyimizin bəliridir.
Ona görə Yalçın Adıgözəlov ustadının,
sevimlisinin - Niyazinin xatirəsinə həsr etdiyi diskin üzərindəki
bu xırdaca cizgiyə belə qürurlanırdı.
Niyazi də sevinərdi. . .
Axı onların - Niyaziylə Yalçının
Tanrı bağışlayan istedad kodları çox bənzərdir. . .