Uşaq yaradıcılığına müraciət edən
bəstəkarlar az deyil. Lakin ilk baxışdan sadə görünən bu janrda
dəyərli əsərlər yazmaq heç də hər kəsə nəsib olmur. Çünki əslində
bu janr bəstəkardan, yüksək peşəkarlıqla yanaşı, sadə nitq ilə dolğun
söyləmə, uşaqların anladıqları, danışdıqları dildə danışmaq məharəti
tələb edir. Uzun müddət konservatoriyanın nəzdindəki 10 illik orta
ixtisas musiqi məktəbində "Uşaq yaradıcılığı" sinfini aparan M.Əhmədov
bu sahədə yaranmış gözəl əsərlərin müəllifliyi ilə yanaşı, yetişməkdə
olan gənc bəstəkarlarda da bu janra böyük maraq oyada bilmişdir.
Onun yetirmələri olan İ.Məmmədov, L.Vaynşteyn və bir çox başqa bəstəkarlar
uşaq yaradıcılığı sahəsində yazılmış maraqlı əsərlərin müəllifləridir.
Milli musiqi mədəniyyətimizdə M.Əhmədovun
ən böyük əməyi isə onun Azərbaycan bəstəkarlarının böyük bir nəslini
yetişdirməsindədir.
İstər konservatoriya nəzdində 10
illik orta ixtisas musiqi məktəbində, istərsə də musiqi texnikumunda
dərs dediyi müddətdə M.Əhmədov böyük sayda istedadlı gəncləri və
yeniyetmələri aşkar etmiş, onların gələcəkdə bəstəkar kimi yetişməsində
böyük rol oynamışdır. Bu gənclərdən bir çoxlarının gələcəkdə məhz
bəstəkarlıq ixtisasını seçməsinə M.Əhmədov bais olmuş, ilk xeyir-duanı
M.Əhmədov vermişdir.
Vasif Adıgözəlov, Xəyyam Mirzəzadə,
Yusif Səmədoğlu, Elmira Paşayeva, Araz Dadaşzadə, Aqşin Əlizadə,
Oleq Felzer, Nəriman Məmmədov, Əziz Əzizov, Leonid Vaynşteyn, Oqtay
Kazımov, Azad Ozan Kərimli və 30-a yaxın digər bəstəkar M.Əhmədov
məktəbinin yetirmələridirlər.