Azərbaycan Dövlət Konservatoriyasında
M.Əhmədov əsasən alətşünaslıq fənnini aparırdı. Gözəl partitura
ustası olan bəstəkar alətşünaslığın incəliklərini orkestr çalarlarının
sirlərini yetişməkdə olan gənc musiqiçilərə sevə-sevə öyrətmişdir.
Onun təkcə musiqiçilər arasında
deyil, ümumiyyətlə insanlar arasında az rast gəlinən bütün alətləri
ayrı-ayrılıqda səsləndirmək istedadı var idi.
Avropa, rus musiqi incəsənətinin
zəngin ənənələrini mükəmməl bilən M.Əhmədov eyni zamanda müasir
musiqi üslublarının geniş təbliğatçısı olmuşdur. O, musiqidə mövcud
olan yazı texnikasını tələbələrinə dərindən öyrədirdi. Lakin bəstəkar
bununla kifayətlənmir, onları musiqi bəstələnməsi sahəsində meydana
çıxan hər bir yeniliklə yaxından tanış edirdi. Proqressiv insan
- M.Əhmədov böyük uzaqgörənliklə tələbələrini daima yenilik axtarışlarına
sövq edir, onlardan qarşıya çıxan sualların qeyri-adi, ənənəvi olmayan
üsullarla cavablandırılmasını, maraqlı həlli yollarının tapılmasını
tələb edirdi.
M.Əhmədovun qazandığı bir çox dövlət
mükafatları sırasında 1978-ci ildə layiq görüldüyü Azərbaycan Respublikasının
Əməkdar Müəllimi fəxri adı onlardan bəlkə də ən qiymətlisidir. Çünki
hər bir istedadlı yaradıcı şəxs, incəsənətin hansı sahəsində çalışmasından
asılı olmayaraq, öz sənəti ilə sələfləri üçün nümunə, pərəstiş obyekti
ola bilər. Yalnız çox nadir hallarda əsil sənətkar peşəkar müəllimə,
ustada çevrilir. M.Əhmədov da o nadir sənətkarlardandır ki, ona
bu şərəfi yaşamaq nəsib olmuşdur.
Bu gün Azərbaycan musiqisini dünyanın
ən mötəbər salonlarında səsləndirən müasir bəstəkarlarımızın yaradıcılığı
ilə öyünməyimizdə biz görkəmli pedaqoq, istedadlı bəstəkar, səmimi
və xeyirxah insan - M.Əhmədova borcluyuq. Lakin çox yazıqlar olsun
ki, belə gözəl insanın nə xatirə lövhəsi var, nə də heç olmasa,
Bakıdakı musiqi məktəblərindən biri onun adını daşımaq şərəfinə
layiq görülməyib. Lakin buna baxmayaraq, ustadın Əziz xatirəsi Azərbaycan
musiqisevərlərinin qəlbində əbədi olaraq yaşayacaqdır.