Qaçqınlara yardım sahəsində də xeyli
iş görmüşük. Məsələn, Ağdamın Biləcəridə yerləşən Xan Şuşinski adına
rayonlararası muğam məktəbinə bir piano bağışlamışıq, dərsliklər
vermişik. Bundan başqa, bizim cəmiyyətə üzv yazılan təşkilatlara,
yəni Füzuli, Cəbrayıl, Laçın, Ağdam, Şuşa, Şəki, Mingəçevir, Bərdə,
Tərtər, Sumqayıt və Gəncənin incəsənət və mədəniyyətlə əlaqəsi olan
bütün təşkilatlarına imkanımız daxilində yardım etmişik. Hal-hazırda
cəmiyyətimiz öz təqaüdü hesabına 50-yə qədər şəhid ailəsinə hər
ay 30 min manat məbləğində yardım göstərir. Təxminən bir ay bundan
əvvəl Bərdə və Tərtər rayonlarında olduq. Bərdədə yerləşən türk
"Qızıl ay" çadır şəhərciyinə getdik. Burada əsasən Ağdam qaçqınları
yerləşib. Onlara iki tar, bir kamança hədiyyə etdik. Tərtər rayonunda
da qaçqınlarla görüşdük, onların dərdi-səri ilə yaxından tanış olduq.
Qaçqın ailələrinə külli miqdarda dərsliklər bağışladıq.
-Cəmiyyətin beynəlxalq əlaqələri
haqqında nə deyə bilərsiniz? Bu vaxta qədər hansı xarici ölkələrlə
mədəni əlaqələr yaratmağa müvəffəq olmusunuz?
-Bir il ərzində biz bir sıra xarici
ölkələrlə sıx mədəni əlaqələr yarada bilmişik. Məsələn, Türkiyənin
İstambul, İzmir, Ankara, ABŞ-ın Çikaqo, İsrailin Tel-Əviv, Almaniyanın
Berlin və Dortmund şəhərlərində AMMC-nin şöbələri təşkil olunub.
Bu yaxınlarda isə mən beynəlxalq
musiqi festivalında iştirak etmək üçün İsveçrəyə dəvət almışdım.
Orada olduğum zaman mən cəmiyyətimizin fəaliyyəti haqqında İsveçrədə
yaşayan soydaşlarımıza məlumat verdim. Onlar bununla çox maraqlandılar
və tez bir zamanda Bern şəhərində bu cəmiyyətin daha bir şöbəsi
yaradıldı. Bir də bizim üçün şöbələrin sayı deyil, onların fəaliyyəti
daha vacibdir. Əlbəttə, digər ölkələrdə də cəmiyyətimizin şöbələrini
yaratmaq fikrimiz var. Zənnimcə, Azərbaycan xalqının incəsənətini,
mədəniyyətini özünə doğma bilən, onu sevən bütün insanlar yaşadığı
yerdən asılı olmayaraq bu işə cəlb olunmalıdırlar.
-Gənc istedadlarımızın xarici
ölkələrdə tanıtdırılması ilə necə, məşğul olursunuzmu?
-Bunlar hamısı imkanlardan asılıdır.
Bu yaxınlarda Türkiyənin İzmir şəhərindən Ege Universitetinin nəzdində
yerləşən Konservatoriyanın rektoru Əliheydər Bayat bəy Bakıya gəlmişdi.
Burada o, BMA-nın rektoru, hörmətli professor F.Bədəlbəyli ilə görüşdü.
Onlar Azərbaycan və Türkiyə arasında sənət mübadiləsi haqda saziş
imzaladılar. Bu sazişdə hər iki ölkənin gənc musiqiçilərinin birgə
keçiriləcək mədəni tədbirlərdə iştirakı nəzərdə tutulub. Bundan
başqa, bizim məşhur sənətkarlarımıza, təcrübəli müəllimlərimizə
orada "Ustad sinfi" keçirmək imkanı yaradılacaq. Milli Mədəniyyət
Cəmiyyəti də bu işdə yaxından iştirak edir və öz köməyini əsirgəmir.
Ümumiyyətlə, bizim cəmiyyət mədəniyyətimizin inkişafı naminə respublikada
mövcud olan bütün ictimai və dövlət təşkilatları ilə birgə çalışmağa
hazırdır.
-Mədəniyyətimizin bu günü və
gələcəyi haqda nə düşünürsünüz?
-Ölkədə mövcud olan vəziyyətlə,
yəni müharibə və iqtisadi çətinliklərlə əlaqədar olaraq istedadlı
uşaqlarımızın əksəriyyəti pərən-pərən düşüb, sənətdən uzaqlaşıblar.
Çörək pulu qazanmaq üçün başqa-başqa sahələr, məsələn, ticarətə,
alverə meyl edirlər. Qaçqın və məcburi köçkünlərin arasında da gözəl
qabiliyyəti olan uşaqlar var. Amma onlar da imkansızlığın qurbanı
olublar. Bu cür vəziyyət məni bir vətəndaş və müəllim kimi çox narahat
edir. İndiki şəraitdə mədəniyyətimizdə qalan gəncləri mən fanatik
adlandırardım.
-Hər hansı bir təşkilat yaradılan
zaman qarşıya çıxan ilk problem bu təşkilatın maddi təminat məsələsi
olur. Siz bu kimi problemləri necə həll edirsiniz?