"OĞUZNAMƏ"  ƏMİN ABİD    
  Professor A.Samoyloviçə             
1  2  3  4  5  6   
  Ə. Abid
"Oğuznamə"

M. Kərimov
Azərbaycanın
qədim musiqi alətləri

 
 
English English

Zaman keçdikcə Seyhun-Ceyhun vadilərindən gəlməkdə dəvam edən yeni oğuz qəbilələri, ilk azərbaycanlıları qüvvətləndirməyə başlamışdır ki, bunlar da yavaş-yavaş toprağa yerləşərək, ziraət təsərrüfatına keçmişlər və bu gün mə’lum olan Azərbaycan kəndlilərinin və kəndlərinin vücudə gəlməsinə səbəb olmuşlardır.

Oğuz türkləri, yuxarıda göstərildiyi kimi, gəlib, Azərbaycana yerləşərkən, özlərilə bərabər malik ol-duğu şifahi ədəbiyyatı da buralara gətirmişlərdir. Bu ədəbi məhsullar, məmləkətimizdə qurulan iqtisadi həyatın inkişafı şəkilləri sayəsində məhəlliləşməyə üz qoydu və bu məmləkətimizdə xalq ədəbiyyatı vücudə gəlməyə və inkişaf etməyə başladı.

Azərbaycanlıların feodalizm dəvrindən əvvəl malik olduqları xalq ədəbiyyatı naminə tapa bildiyim ən əski əsər "Oğuznamədir". "Oğuznamə" indiki vəziyyətə görə, Azərbaycan ədəbiyyatının ilk əsəri deməkdir.

§ I. "Oğuznamə" haqqında ilk mə’lumat öyrənə bildiyimiz mənbə - Misir aə Şamda hökümdarlıq etmiş olan feodallardan məlik Nəsirrəddin Mühəmməd ibni Kılavun (cilusi 1293-vəfatı 1340) səray mə’murlarından əbu Bəkir əbdullah bini Aybəqüd dəvadarinin əsəridir. Dəvadari 13-cü əsrə qədər keçən vəkələr haqqında "Dürərrütteyəcan" (tacların dürləri deməkdir) adlı bir tarix kitabı yazmışdır. Bu kitabın bir nüsxəsini İstanbulda "İbrahim paşa kitabxanası"nın əl yazmaları qismində görmüş və tədqiq etmişəm (kitabxana ¹91312 ). Bu kitabın türklərə aid qismində müəllif həm qıpçaqlara, həm də oğuzlara aid izahat verərkən "Oğuznamədən"də bəhs edir: "əski türklər arasında iki kitab vardı. Bunlardan birisi "Ulu xan Bitqiçi" deyilən kitabıdır ki, bunun mə’nası Böyük xan Ata kitabı deməkdir. Bu kitab ilə moğullar və qıpçaqlar iftixar edərlər, və onlarca bu kitab çox hörmətlə tutulmaqdadır. Bu kitab Moğulların yaradılışları başlanğıcından bəhs edir. Moğul və qıpçaqların "Ulu xan Bitqiçi" kitabı olduğu kibi, o bir türklərin də "Oğuznamə" adlı kitabları vardır. Bu kitab türklərin arasında çox məşhurdur. Mənim hər iki kitab haqqında bildiyim vardır, bu isə türk xalqının tarixinin çox gözəl bildiyimi göstərdiyindən bu xalq haqqında verdiyim mə’lumatın doğruluğunun təsdiqi üçün kafidir."

Bu izahatdan sonra əbu Bəkir əbdullah Dəvadarının girişdiyi təfsilatdan anlayırız ki, o, "Oğuznamə"nin əsli olan türkçəsini görməmişdir; onun gördüyü "Oğuznamə"nin ərəbcəyə olan tərcüməsi-dir. Bu nüsxəyi nə münasəbatla görməyə müvəffəq olduğunu Dəvadarı bu sətirlərə nəql edir ki, bizim ədəbiyyat tariximizin bir qismi için qiymətli bir vəsiqədir.

"...Hicri 709 tarixində, (Miladi 1308-ci ilə təsadüf edir - ə.A.) atam Şərq vilayətinin valisi idi ki, bu vilayətin mərkəzi Bilbayis (yeni şəkli Bəlbisdir, Qahirə civarındadır - ə.A.) idi, burada bir gün bir məclisdə tatarlar haqqında bir neçə alimlə münaqəşədə bulundum, münaqəşədən sonra yoldaşlarımdan əminəd-din-əl-Həməvi mənə bir kitab göstərdi və bu nüsxə həmin kitabın yeganə nüsxəsi olduğunu və onun əmin Bədrəddin Baysəri tərəfindən özünə verildiyini ilavə eylədi. əsər nəqşli və yaldızlı (minyatürlü) idi, yazısını əli-İbni Hilal-əl-Bəvval adında xəttatın bir şagirdi yazmışdı. Kitabın kağızı Bağdad şəhərində yapılmış ipəkdəndi; cildi də sarı rənkdə ipəkdən işlənmişdi, kitabın altundan ayrıca bir qapağı da vardır. Yoldaşlarım Mənsur-Ul-Abbas Həməvi və şair Cəmaləddin ibn Zeytun ilə birlikdə oturub, əsəri gözdən keçirdik. Dördümüzün oxuya bildiyimiz parçaları mən kopya etdim. Silinmiş qisimlər çox olduğundan bir takım yerlərini oxuya bilmədik; bu yerləri bizim üçün məchul qaldı.


 
1  2  3  4  5  6  7 
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English About site