Maraqlıdır ki, hələ 1920-ci ildə
Xalq Maarif Komissarlığı nəzdində yaranan Şərq Musiqisi şöbəsinin
musiqi seksiyasına rəhbərlik edən Ü.Hacıbəyov "Şərq musiqisi", "Türk
xalq musiqisinin əsasları" və i.a. mövzularında məruzə və müsahibələrlə
çıxış edirdi.2
"26-lar" teatrında təşkil olunan
məruzəyə Nəriman Nərimanov dəvət olunmuşdu. Səhərisi günü həmin
məruzə rus dilində təkrar oxunulmuşdu.
Şərq musiqi şöbəsinə aid məruzədə
"Şərq musiqisinin həqiqi musiqi səviyyəsinədək inkişaf etməsi, onun
yalnız Avropa musiqi nəzəriyyəsi əsasında qurulması şərtilə mümkündür"...3
fikrini sürən Ü.Hacıbəyov qarşıda qoyulan məqsədə nail olmaq üçün
praktiki tədbirlər haqda geniş söhbət açmışdı.
Növbəti çıxışında (6 iyul-1923)
XMK4 nəzdindəki Bədaye Şurasının təşəbbüsü ilə bəstəkarın "Şərq
musiqisinin əsasları" məruzəsi oxunmuşdu. İştirak edən musiqi mütəxəssisləri
tərəfindən çıxarılan qərara görə "Üzeyirin {Üzeyir Hacıbəyov-k.m.}
məruzəsi son dərəcə şayanidir. Bu günkü şərq musiqisinin həqiqətən
halı Üzeyirin məruzəsində nəzəriyyat cəhətlərinə tamamilə müvafiqdir."5
Bu kimi rəylər bəstəkarın elmi fəaliyyətinin
professional musiqiçi dairələr tərəfindən rəğbətlə qarşılandığını
göstərir.
Ladlar üzərində tədqiqat işləri
apararkən Ü.Hacıbəyov xalq musiqisi yaradıcılığının janrları sırasında,
xüsusən muğama əsaslanmasını dəfələrlə qeyd etmişdir. Bəstəkarın
fikrilə ifadə etsək - "Azərbaycan musiqisini öyrəndikdə, ondan istifadə
etdikdə, muğam sisteminə, Azərbaycan musiqisində olan və çox böyük
rol oynayan canlı muğamlara xüsusi diqqət verilməlidir"6 tövsiyəsi
həmişə aktualdır. "Lad sisteminin əsasını muğam sistemi təşkil edir"
- birmənalı müddəa, lad nəzəriyyəsinin qanuni şərtlərindən biri
kimi qəbul olunmalı aksiomadır.
Məhz bəstəkar - alim özünün lad
konsepsiyasını muğam sisteminə istinadən yaratmışdır.
Ü.Hacıbəyov lad-muğam ilə paralel
istiqamətdə qədim və zəngin çalğı alətimiz tarın üzərində araşdırmalar
aparırdı. Tarixi ənənəyə əsaslanan Azərbaycan tarının və muğamların
təmaslığı dərin köklərə söykənir. Musiqi elmi nöqteyi-nəzərindən
Azərbaycan musiqisində səs sisteminin tədqiqi tar ilə bağlılığı
ən ümdə səsalınma texniki-konstruksiya, akustik imkanları baxımından
mühüm əhəmiyyət kəsb edir. Bir-birilə təmas və asılılıq münasibətində
olan muğam və tarın birgə araşdırmaları, "Azərbaycan xalq musiqisinin
əsasları"nda lad-nəzəriyyəsinin müxtəlif aspektlərinə çıxış idi.
Bu xüsusda {6 iyul 1924 "Kommunist"
qəzeti, N 124}7 XMK-nın təşkil etdiyi yığıncaqda, şərq aləti tar
və Avropa aləti fortepianonun səs sistemləri arasında olan fərq
xüsusiyyətlərinə dair müqayisəli təhlili Ü.Hacıbəyov aparırdı.
Tar haqda "Azərbaycan musiqisinin
tərəqqisi" məqaləsində Ü.Hacıbəyov yazırdı: "...Musiqi məktəbi tara
yalnız elmi cəhətdən yanaşır və onu Şərq musiqisinin əsası olan
muğamatın kəşf və şərhi üçün elmi bir alət sifəti ilə öz proqramına
daxil edir..."