Üzeir Hacibyovun «Azərbaycan xalq musiqisinin      
əsasları» elmi əsərinin yaranma tarixinə dair  
  N. Şəfiyeva           
1   2   3   4  
    S. Qarabağlı
Üzeir Hacibəyov: Moskva, 1939-ci il

L. Şirməmmədqızı
Ədəbi bir qünü yada salarkan …

N. Şəfiyeva
Üzeir Hacibəyovun «Azərbaycan xalq musiqisinin əsasları» elmi əsərinin yaranma tarixinə dair

F. Əliyeva
Qarabağın musiqiçi nəsilləri



 
 
make printcopy print copy

Xüsusən də 30-cu illər təkamül dövrünü keçirən bəstəkar, misilsiz, parlaq təcrübi nəticələr əldə edir. Qlobal əhatəli lad tədqiqatları nəticə etibarilə Ü.Hacıbəyovun dahiyanə "Koroğlu" operasında özünü biruzə verir.

Ü.Hacıbəyovun daima təmasda olan bəstəkarlıq və elmi fəaliyyətləri, istisna etmədən bir-birində öz əksini tapmışlar. Bu haqda onun özü deyirdi: "Azərbaycan xalq musiqi incəsənətinin əsasını təşkil edən ciddi qanun-qaydalar (...) nəinki mənim yaradıcılıq arzumu boğdu, əksinə, bu qanun-qaydalar bir bünövrə olaraq azad yaradıcılıq fantaziyasının geniş üfüqlərini aydın işıqlandırıb mənə daha artıq cəsarət verdi"...14

Milli əsasda yaranan lad-melodik qurumların, harmonik birləşmələrin, metro-ritmik komplekslərin və musiqisində mövcud olan başqa cəhətlərinin nəzəri ümumiləşmələri, bəstəkarın "Azərbaycan xalq musiqisinin əsasları" kitabının mahiyyəti ilə sıx əlaqədardır.

Əslində tədqiqat materialının mətni hər iki dildə - azərbaycanca və rusca-paralel yazılırdı. Bir sıra məqalələr, o cümlədən "Şərq musiqisi və Qərb musiqi aləti "Şərq musiqisi haqqında qərb alimlərinin təfsiri" sırf azərbaycan dilində yazılmış və yuxarıda qeyd etdiyimiz kimi məqalələrin bir çox fikirləri

"Əsasların" mətnini təşkil edir. Tədqiqatın mühüm tərəfi olan azərbaycan dilində musiqi terminlərinin işlənilmə məsələsini Ü.Hacıbəyov kompleks şəkildə həll edirdi.

4 iyul 1934-cü il "Kommunist" qəzetindəki məqalənin, zənnimizcə, çox vacib hissəsinə nəzər salaq:

"Azərbaycan türk xalq musiqisi əsasları" adında yazmaqda və üzərində işləməkdə olduğum əsas ən mühüm məsələlərdən biridir. Bu əsər üzərində mən 10 ildən artıqdır ki, işləyirəm. Bu müddət içərisində həmin əsərimi əməlli tərcümə və sınanma nəticəsində bir neçə dəfə dəyişib yeniləşdirmiş və bir növ yerini təshih etmişəm".15

Azərbaycan dilindən rus dilinə tərcümə edilmiş "Azərbaycan xalq musiqisinin əsasları" Ü.Hacıbəyovun ciddi elmi hesabatı üçün hazırlıq materialı idi.

Nəhayət 1935-ci ilin mart ayında Azərbaycan Dövlət Konservatoriyasında təşkil edilən elmi musiqi müşavirəsində Moskvadan dəvət edilmiş professor V.M.Belyayevin iştirakı ilə Ü.Hacıbəyovun "Azərbaycan xalq musiqisinin əsasları" elmi-tədqiqat əsərinin müzakirəsi oldu. Müzakirədə Ü.Hacıbəyov, professorlardan - V.M.Belyayev, S.Ştrasser, M.Rudolf, Həmçinin Bülbül, Əli Kərimov, Mənsur Mənsurov, Səid Rüstəmov və mətbuat nümayəndələri iştirak edirdilər.

Müzakirədə həmçinin Ü.Hacıbəyov tarın rekonstruksiyası və Azərbaycan musiqisinin inkişafı tarixindən və müasir Azərbaycan musiqi elmi haqqında söz açmış, mühüm əhəmiyyət kəsb edən məlumatlar vermişdir.

Professor Belyayevin - 1945-ci il 20 iyul tarixli - Moskvadan göndərdiyi məktubunda Ü.Hacıbəyovun elmi əsərinə verdiyi rəydən sitat:

"..Bu kitabla tanış olmağım mənə böyük zövq verdi, çox məmnun qaldım. Əsər öz adına tamamilə uyğundur: "Azərbaycan xalq musiqisinin əsasları". Burada Azərbaycan musiqi yaradıcılığının kompozisiya əsaslarının həqiqi izahı verilir..."16

Elmi müşavirədən sonra Ü.Hacıbəyov kitabın nəşri ilə əlaqədar hazırlıq işləri aparır.

Lakin bir sıra obyektiv səbəblərə görə, əsərin nəşri ləngiyirdi:

a) 1935-1937-ci illərdə bəstəkarın ölməz əsəri "Koroğlu" operası üzərində işi və səhnəyə qoyulacaq tamaşanın qayğıları;

b)1938-ci il, Moskvada təntənəli surətdə keçiriləcək Azərbaycan musiqi mədəniyyəti və incəsənətinin ongünlüyü (Ü.Hacıbəyov dekadanın hazırlıq işlərinə məsul rəhbər vəzifəsinə təyin edilmişdi);

v)1941-1945-ci illər II Dünya müharibəsi illərində yaranmış fövqəladə şərait.

Həmin illər Ü.Hacıbəyov həyatının ən gərgin dövrünü keçirmişdir; bəstəkarlıq və elmi fəaliyyəti ilə bahəm, ictimai, təşkilatçılıq, rəhbərlik və s. çiyninə düşən məsul işlər idi.

1935-1940-cı illər ərzində artıq bitirilmiş kitabın üzərində, bəstəkarın ifadəsilə, "sınanmalar", korrektivlər edilir və bir daha yaradıcılıq axtarışları ilə bağlı yeniləşdirmələr nəzəriyyələşdirilirdi. Ü.Hacıbəyov ona xas olan təvazökarlıqla qeyd edirdi:

"Əsər özü nisbətən kiçik bir şey olsa da, mündəricəsində bəhs edilən məsələlər ümumi musiqi xadimləri üçün əhəmiyyətlidir..."17

Müharibənin başlanğıc illərində Ü.Hacıbəyov öz yetirməsi - Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki 10 illik musiqi məktəbinin müdiri, professor Kövkəb xanım Səfərəliyevanı "Azərbaycan xalq musiqisinin əsasları" kitabının nəşrilə əlaqədar redaktə işlərinə cəlb edir.

K.Səfərəliyevanın və nəşriyyat işçilərinin fədakar əməyi nəticəsində kitab çap edilərək işıq üzü görür.

Bununla əlaqədar Ü.Hacıbəyov birinci nüsxənin üzərində professor K.Səfərəliyevaya xatirə sözləri yazmışdır: "Çox hörmətli Kövkəb xanım, Sizin tükənməz enerjiniz və qayğınız sayəsində hal-hazırki əməyimin bitirilməsi, çapa hazırlanmasında və mənim sistematik işim üçün bütün imkanları yaratdınız. Əsərimin işıq üzü görməsi üçün, Siz tam surətdə, özünüzə məxsus inadkarlığınızı, səliqə, dəqiqlik, yüksək dərəcədə diqqət və səyinizi göstərdiniz. Kitabımın hər bir səhifəsi Sizin nurlu şəxsiyyətinizi mənə xatırladır! Səmimi minnətdarlıqla".

10.VI.45. Bakı - HACIBƏYOV.

Beləliklə, xalq dastanının yaranışına bənzər, XX əsrin misilsiz kəşfi, "Azərbaycan xalq musiqisinin əsasları" kitabı Azərbaycan və ümumən Şərq musiqisi miqyasında istiqamətverici mahiyyət daşıyan, mühümlüyü və əhəmiyyətliyi baxımından hələ axıradək dərk edilməyən, bir çox fikirləri açıqlanmayan bu titanik əsərin nəhayət son nöqtəsi qoyuldu. Onillər, yüzillər keçdikcə yeni nəsillər Antey qüdrətli bu elm abidəsinin sirlərini öyrənməyə daima cəhd edəcəklər.


1.M.S.İsmayılov. Azərbaycan xalq musiqisinin məqam və muğam nəzəriyyəsinə dair elmi-metodik oçerklər. Z.Səfərova - Üzeyir Hacıbəyovun elmi irsində nəzəri problemlər.
2.Q.Məmmədli. Ü.Hacıbəyov. Həyat və yaradıcılığının səlnaməsi. 25, 26 iyul.Bakı.Səh.263.
3.Q.Məmmədli. Ü.Hacıbəyov. Həyat və yaradıcılığının səlnaməsi. 20 oktyabr. 1920-ci il. Bakı. Səh.266.
4.Xalq Maarif Komissarlığı.
5.Q.Məmmədli. Ü.Hacıbəyov. Həyat və yaradıcılığının səlnaməsi. Bakı.Səh.292.
6.Ü.Hacıbəyov. Əsərləri. II cild. "Musiqidə xəlqilik" məqalə. Səh.324.
7.Q.Məmmədli. Ü.Hacıbəyov. Həyat və yaradıcılığının səlnaməsi. Bakı. Səh.302.
8.Ü.Hacıbəyov. Əsərləri. II cild. "Musiqidə xəlqilik" məqalə. Səh.249.
9.Ü.Hacıbəyov. Əsərləri. II cild. "Musiqidə xəlqilik" məqaləsi. səh.323.
10.Q.Məmmədli. Ü.Hacıbəyov. Həyat və yaradıcılığının səlnaməsi. Bakı. səh.316.
11.Ü.Hacıbəyov. Əsərləri. II cild. Səh.226.
12.Ü.Hacıbəyov. Əsərləri. II cild. səh.233.
13.Q.Məmmədli. Ü.Hacıbəyov. Həyat və yaradıcılığının səlnaməsi. Bakı.Səh.341, 342.
14.Ü.Hacıbəyov. Azərbaycan xalq musiqisinin əsasları. "İlk söz" səh.10.
15.Ü.Hacıbəyov. Əsərləri. II cild. "Mən nə yaradıram" məqaləsi. səh.260.
16.Ü.Hacıbəyov. Əsərləri. II cild. "Qeydlər" çıxışı.
17.Ü.Hacıbəyov. Əsərləri. II cild. "Mən nə yaradıram" məqaləsi. Səh.261



 
1   2   3   4  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English Back to Home About site