Ceyms Klark adlı musiqi adası     
      
Z. Dadaşzadə           
1   2   3   4   5  
  N. Əliyeva, L. Hyseynova
«Musiqinin Böyük İpək Yolu» I Bakı klassik musiqi festivalı

S. Axundzadə
Azərbaycanda yeni «Milli məvətiyyət cəmiyyəti yaranıb»

N. Axundova
Lyusernada keçirilən musiqi festivalının «Composer in Residence»

Z. Dadaşzadə
Ceyms Klark adlı musiqi adası

CIOFF beynalxalq təşkilatının prezidenti cənab Kari Berqhomla mühasibə

 
 
make printcopy print copy

Ceyms Klark (1957, London) Britaniyada öz Universitet təhsilini bitirdikdən sonra Finlandiya hökumətinin təqaüdünü alaraq Helsinkidə U.Merilyaimen ilə məşğələlərini davam etdirmişdir. Burada o, fin dilinə və folkloruna yiyələnmişdir. Bəstəkarın Bakıda səsləndirdiyi maqnit lenti üçün "Entfernung" əsərində fin xalq çalğı aləti kantelenin qeyri-adi əhatədə səslənməsi çox təravətli təsir bağışlayıb, Klarkın fin təəssüratları ilə bağlıdır.

Bəstəkar bir sıra Avropa ölkələrində mühazirələr oxumuş və Vyana Yeni Musiqi Seminarında kompozisiya üzrə ustad dərsi vermişdir. Klark Qaudeamus Beynəlxalq Musiqi Həftəliyində münsiflər heyətinin üzvü olmuşdur (1994). O, 1994-1997-ci illərdə Belfast Kraliça Universitetində composer-in-residence vəzifəsini tutmuşdur. O, Fransa Mədəniyyət Nazirliyinin, habelə Darmştadt Beynəlxalq Musiqi İnstitutunun sifarişi ilə müxtəlif heyətlər üçün əsərlər yazmışdır. Klark "Suoraan" adlı nüfuzlu yeni musiqi qrupunun yaradıcılarından biridir. Ümumiyyətlə, bəstəkar müasir (avanqard) Avropa musiqisinin çılğın advokatı kimi tanınır. Bakıya o, YUNESKO nəzdində Beynəlxalq Müasir Musiqi Cəmiyyətinin (ISCM) Moldovada keçirdiyi Ümumdünya Musiqi Günlərində iştirak etdikdən birbaşa sonra gəlmişdir. Həmin çox nüfuzlu festivalda - norveç Nurhaym, hollandlar - T.Lyovendi və T. de Leuv, ingilis M.Finnesinin adları kifayət qədər reprezentativdir, - azərbaycanlılar - İ.Hacıbəyov və Z.Fərhadovun əsərləri də səslənmişdir.

Bakı Musiqi Akademiyasında və A.Zeynallı adına Musiqi Texnikumunda keçirilən görüşlərdə hamını başlıca bir məqam maraqlandırırdı: XX əsrdə Böyük Britaniyada musiqi hansı yollarla inkişaf edirdi? C.Klark bu suala öz yaradıcılıq mövqeyi baxımından cavab verdi.

Bəstəkar təhsilini alman klassik musiqisindən, Bah, Motsart, Bethovendən başlamışdır. Klarkın söylədiyi kimi, həmin sənətkarların yaradıcılığını o, bəlkə də azərbaycanlıların muğamı və ya yaponların qaqakunu öyrəndiyindən daha çox tədqiq etmişdir (Qonağımızın təsəvvürlərinə əks olaraq deyək ki, Azərbaycanda da musiqi təhsili klassik Avropa sənətindən başlanır - Z.D.). Təhsil illərində o, Stravinski və Şönberqlə də tanış olur. Darmştadt Yeni Musiqi kurslarının iştirakçıları olan bəstəkarlar - Bulez, Ştokhauzenin yaradıcılığı ilə görüş onun həyatında daha əhəmiyyətli rol oynamışdır. Eyni zamanda Britaniya musiqisinin əsas hadisələri də Klarkın diqqətindən yayınmamışdır.

Romantizm ənənələri çərçivəsində işləyən E.Elqar (1857-1934) Yeni ingilis musiqi məktəbinin başında durur. Klark Elqarla yanaşı, Q.Holstu, U.Uoltonu, M.Tippeti (1905), hətta B.Britteni (1913-1976) ingilis bəstəkarlarının yenilikçi deyil, daha çox ənənələrə riayət edən birinci nəslinə aid etmişdir. Hərçənd sovet musiqişünaslığında B.Britteni novator sənətkar kimi səciyyələndirmək adət olunub. Amerikalı P.Qriffitin təbirincə, İngiltərənin keçmişi (Pörsell) və Avropanın indisindən (Stravinski və Bartok) ilhamlanaraq Britten bu iki hadisəni uzlaşdırmağa çalışmışdır. Klark yuxarıdakı bəstəkarların yaradıcılığına tam biganə yanaşdığını bildirdi.

Musiqi ənənələri sərhədləri aşmaq xassəsinə malikdir. Klark İkinci Dünya müharibəsindən sonra Darmştadt nəfəsinin İngiltərədə aydın sezildiyini vurğuladı. Bu prosesdə Aleksandr Qor (1932), Maksvel Deyvis (1934), Harison Börtvisl (1934) kimi sənətkarların rolu mühümdür. Onlar ingilis Rennesansının üslub xüsusiyyətlərini bir növ Vebern süzgəcindən keçirib Britaniya musiqisinə daxil edə bilmişlər. Onu da deyim ki, keçmiş sovet məkanında nəşr olunan kitablarda - L.Kovnatskayanın "XX əsr ingilis musiqisi" monoqrafiyasında (M., 1981) və daha yeni, Musiqili Ensiklopedik Lüğətdə (M., 1990) yuxarıdakı bəstəkarların adları belə çəkilmir. Lüğətdə yalnız Piter Maksvel Deyvis haqqında qısa və bu müəllifin yaradıcılığını qeyri-dəqiq səciyyələndirən materiala rast gəlirik. Həm də bəstəkarın adı burada natamam şəkildə Piter Deyvis kimi verilir.

Nəhayət, ingilis bəstəkarlarının üçüncü nəsli ənənə ilə az bağlı olub, ingilis deyil, daha çox fransız və alman musiqisindən ideyalar əxz edərək ümumavropa sənətkarları adlandırıla bilərlər. İngiltərə mühitini darıxdırıcı hesab edən bu müəlliflər yaradıcılıq stimulları (bəlkə də maliyyə vəsaiti - C.K.) axtarışlarında xarici ölkələrə üz tuturlar. Həmin nəslin ən parlaq nümayəndəsi B.Förnihounun Britaniya musiqisində mövqeyi qəribədir. Çünki o, həyatının böyük hissəsini Vətəndən kənarda yaşamışdır.

B.Förnihou (1943) Hollandiya Musiqi Akademiyasında (Ton de Lyouvun sinfi), habelə İsveçrədə (Huberin sinfi) təhsil almışdır. O, Frayburda, Darmştadt kurslarında müntəzəm surətdə dərs demişdir. Öz ilk əsərlərini bəstəkar Bulezin total serializminin təsiri altında yazmışdır. Förnihou "New complexity" (yeni mürəkkəblik) cərəyanının ən görkəmli nümayəndələrindən biri sayılır.

C.Klark Förnihou yaradıcılığının bir çox müasir ingilis bəstəkarlarına, o cümlədən onun özünə təsirindən danışdı. Doğrudan da, konsepsiya, musiqi dilinin mürəkkəbliyi, alətlərin imkanlarının ekstremal həddəcən genişləndirilməsi baxımından hər iki müəllifin yazı üslubunda ümumi cəhətləri qeyd etməmək qeyri-mümkündür. Klarkın pərəstiş etdiyi bəstəkarlar - Şönberq, Nono, Ksenakis, Ştokhauzenin adları da kifayət qədər reprezentativdir. Klark Ksenakisin ardınca söyləyə bilərdi ki, "musiqini yaratmaq səslənən vasitələrlə insan intellektini ifadə etmək deməkdir". Lakin əgər bir çox müasir müəlliflər haqqında danışarkən biz öz təəssüratlarımızı ifadə etmək üçün lazımi sözləri mənəvi sferadan kənarda axtarırıqsa, Klarkın musiqisi texnologiyanın bütün qəlizliyinə baxmayaraq müxtəlif çeşidli insan emosiyalarının, mürəkkəb psixoloji vəziyyətləri təcəssüm etdirərək, rəngarəng anımlar sırası doğurur.

Annotasiyada oxuyuruq: "Klarkın ziddiyyətlərlə aşılanmış əsərləri onların daxildən ayrı-ayrı tərkib hissələrə bölünməsinə gətirib çıxarır; formalar çox zaman parçalanır. Bəstəkarın əsərlərinə de-kompozisiya anlamını şamil etmək olar.

Yaradıcılıq prosesi qravür lövhəsində cızılan ştrix kimi öz izini seçilən materialın üzərində həkk edir".

Klark yaradıcılığında, şübhəsiz, musiqidənkənar ideyanın təşkiledici rolu mühümdür. Mən qonağımızdan musiqi toxuması ilə formanın qarşılıqlı münasibətlərinin necə qurulduğunun açıqlanmasını xahiş etdim.


 
1   2   3   4   5  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English Back to Home About site