Şərq aləminin vurğunu N.Vudun "Örtük
altında" pyesi isə incə zövqlə yazılmış, yumorlu orijinal miniatürdür.
Ümumiyyətlə, bu əsər Böyük Britaniyada hələXX əsrin əvvəlində qərar
tapmış ənənəni - Şərq aləminə marağı inikas etdirir.
R.Abdullayevin öz orkestri ilə səsləndirdiyi
Qustav Holstun (1874-1934) "Planetlər" silsiləsindən parçalar ("Mars",
"Venera", "Yupiter"), habelə kino və teatr üçün yaratmaları ilə
tanınan U.Uoltonun (1902-1983) "V Henrix" süitası konsert musiqisinə
nümunə olub öz parlaq orkestr boyaları ilə yadda qaldı.
Həftəliyin əsas hadisələri sırasında
mən pianoçu Rəna Rzayeva və gitaraçalan Rövşən Məmmədovun R.Behbudov
adına Mahnı teatrında "Island spell" adlı konsert proqramını və
bəstəkar Ceyms Klarkın 4 mühazirəsini qeyd edərdim.
R.Rzayevanın Azərbaycanda müasir
Avropa, Avropada isə müasir Azərbaycan musiqisinin təbliği yönündə
fəaliyyətindən xüsusi danışmağa, yəqin ki, ehtiyac yoxdur. Burada
mən bir cəhəti vurğulayardım: Rəna, şübhəsiz, intellektual tipli
ifaçılardan olub konsertlərinin konsepsiyasını dərindən düşünüb
daşınır, onları bir rejissor kimi müəyyən dramaturgiyaya tabe etdirir.
Təkcə Bakıda və xarici ölkələrdə böyük müvəffəqiyyətlə səslənmiş
"Qara Qarayevin dövrəsi" proqramını xatırlatmaq kifayətdir. Bu sonuncu
musiqi gecəsinin başlığı da təsadüfi xarakter daşımır. Konserti
açan C.Ayrlendin ("The island spell") və qapayan C.Klarkın ("Island")
əsərlərinin adında "ada Island" sözü var. Digər tərəfdən, Böyük
Britaniya özü də coğrafi baxımdan adalardan ibarətdir. Odur ki,
bu anlamları uzlaşdırıb konsertin əsas ideyasını belə müəyyənləşdirərdim:
Böyük Britaniya öz musiqi hekayətini (və ya sirrini?) dinləyicilərə
nəql edir...
Bu hekayət isə müxtəlif süjetlərdən,
yazı ədalarından, boyalardan hörülərək çox əlvan bir lövhə ərsəyə
gətirdi. İmpressionizm (C.Ayrlend), Böyük Britaniyada kök salmış
oriyentalizm (P.Feyhtvanqer), ən yeni (Dillon və B.Förnihou) və
qədim musiqi (C.Daulend) təbii surətdə bir-biri ilə ardıcıllaşaraq
ingilis musiqisinin dolğun panoramını yaratdı. Əlbəttə, bu proqramda
səslənən əsərlərin heç də hamısı bədiilik baxımından eyni əsaslarda
qiymətləndirilə bilməz. Məsələn, P.Feyhtvanqerin "Tariqa-I" prelüdü-ərəb
musiqisinə üslublaşdırma sırf texniki vəzifənin (səntur alətində
çalğının imitasiyası repetisiya üsulunun tətbiqini doğurmuşdur)
həllini irəli sürərək pianoçuya öz ifaçılıq bacarığını nümayiş etdirmək
imkanı verir.
Lakin Rəna heç də parlaq texniki
fəndlərə uyan pianoçulardan deyil. Onu ilk əvvəl əsərin bədii qayəsi,
konsepsiyası, müəllifin nə demək istədiyi maraqlandırır. Məhz bu
səbəbdən o, C.Dilon, B.Förnihou və C.Klark kimi mürəkkəb dünyaduyumlu
bəstəkarların yaradıcılığına müraciət etmişdir.
C.Dillonun "Spleen" (splin-xiffət
deməkdir) pyesi hqqında annotasiyada oxuyuruq: "Onun musiqisi ilə
görüşəndə Bah,Motsart kimi bəstəkarları unut: onların fövqünə qalxıb
emal olunmamış musiqinin, onun spektral gözəlliyinin təsirini hiss
et... Əgər bu sənətin ardınca getsən, o,sənə zərbə endirər, səni
sarsıdıb şok vəziyyətinə salar."
B.Förnihou və C.Klarkda da biz təxminən
eyni fikirlərlə rastlaşırıq. Förnihou "incəsənətin zorakılığı"ndan
danışır, Klark isə bəyan edir ki, yeni sənətin rolu heç də qulaqları
ehmalca massaj etməkdən ibarət deyil! Bu bəstəkarların yaradıcılıq
mövqeyinin ümumiliyi təsadüfi deyil." onların üçü də İngilis musiqisində
"yeni mürəkkəblik" cərəyanının nümayəndələridir.