Klark bildirdi ki, bəstəkar ağ partitura
kağızı ilə təkbətək qalıb çox çətin vəzifələrin həlli qarşısında
durur. Seçilmiş səsləri və vasitələri mümkün qədər məhdudlaşdırmaq
və sonra məhdudlaşdırılmış vasitələri filtrasiya etmək tələb olunur.
Bu və ya digər əsəri yazarkən o,
sanki musiqini yenidən özü üçün kəşf edir. İlkin materialın hansı
yolla inkişaf edəcəyi ona əvvəl-əvvəl bəlli deyil. Düzdür, keçmişdə
bəstəkarın elə əsərləri olub ki, orada materialın təşkilinə, müəyyən
şöbələrə. seksiyalara bölünməsinə o, xüsusi diqqət yetirib: "Lakin
çox zaman başlanğıc ideyanın yazılış prosesində nə kimi dəyişikliklərə
uğraması məni daha çox maraqlandırır. Musiqi sanki özü inkişafı
diqtə edir", - deyə Klark bu məsələyə münasibətini belə yekunlaşdırır.
Aydındır ki, yaradıcılıq prosesinin
bu cür cərəyanı Klarkın hər bir əsərinin təkrarsızlığını, orijinallığını
doğurur. Bəstəkarın musiqisində ənənəvi forma və janrların əlamətlərini
axtarmaq əbəsdir.
Burada mən bir maraqlı cəhətə diqqəti
yönəltmək istərdim.
Simfoniya haqqında yazan musiqişünas
kimi Klarkdan bu janrın gələcək taleyi haqqında xəbər aldıqda, o,
bir necə dəqiqə söhbətin nədən getdiyini anlamadı. Çünki müasir
musiqidə artıq klassik model üzrə yazan müəllif tapmaq çətindir.
Klark yalnız bir cəhəti vurğuladı ki, simfonik orkestrlər mövcud
olduqca onlar üçün irihəcmli əsərlər yazılacaqdır. Həmin əsərlərin
simfoniya adı daşıyıb-daşımaması o qədər də vacib deyil.
Ümumiyyətlə, Klark "nə yazırsansa
- yaz, əsas məqsəd sənətdə vicdanlı olmaqdır," - deyə öz mövqeyini
müəyyənləşdirdi. İngilis bəstəkarının bu sözləri Q.Qarayevin tələbələrinə
tövsiyələri ilə necə də həmahəngdir.
Klarkın Bakıda nümayiş etdirdiyi
əsərlər arasında məhz simfonik əsər - solo zərb alətləri və orkestr
üçün bəstələnmiş "Maailma" kompozisiyası öz orkestrləşdirmə ixtiraçılığı
ilə valeh etdi. Onu da deyim ki, Klark fortepianodan başqa klarnet
və zərb alətlərində çalmağı bacardığı üçün müxtəlif alətlərin təbiətinə
dərindən nüfuz edib, onlardan böyük sənətkarlıqla istifadə edir.
"Maailma"da zərb alətləri qrupunun virtuoz təfsiri heyrətamizdir.
Kompozisiyanın ilk xanəsindən narahat,
təşviş dolu atmosfer bərqərar olur: musiqi son həddəcən gərilmiş
prujinlə anımlar doğurur. Özü də bəstəkar əsərin axırınadək həmin
gərginlik zirvəsini tərk etmir.
"Maailma" sözünün fin dilində bir
neçə mənası var: tam halında bu söz dünya kimi tərcümə olunur. Eyni
zamanda maa - torpaq, ilma - hava deməkdir. Beləliklə, Klark XX
əsrin sonunda həyəcanlı, əsəbi, mütəhərrik və gərgin dünyamızın
lövhəsini yaratmışdır.
"La violenza della idee" kompozisiyası
qeyri-standart heyətli New Ensemble (Hollandiya) kollektivi üçün
yazılıb. Bu əsərin konsepsiyasını bir italyan müəllifinin fəlsəfi
kitabı ilə tanışlıq doğurmuşdu. La violenza della idee - ideyaların
zorakılığı kimi tərcümə olunur.
Ancaq səkkiz alətdən ibarət orijinal
heyət bəstəkarın təbirincə, onların hər hansı bir prinsip üzrə uzlaşdırılmasının
seçimi məsələsini qarşıya çıxarmışdır. Uzun götür-qoydan sonra,
nəhayət, Klark alətləri iki-iki qruplaşdırmaq qərarına gəlmişdir:
viola və mandolina, arfa və kontrabas, klarnet və gitara, fleyta
və zərb alətlərindən ibarət dörd duet müvafiq olaraq kompozisiyanın
- dörd şöbəyə - bölgüsünü doğurmuşdur. Lakin Klark həmin dörd şöbəni
bəstələyib bitirdikdən sonra bütün materialın bir daha əvvəldən
axıradək təkrar olunması tələbatını duymuşdu. Nəticədə əsər novellada
olduğu kimi, eyni hadisənin müxtəlif baxış bucağından işıqlandırılması
kompozisiya modelinə arxalanır: kimin üçünsə mühüm görünən faktlar,
başqa adam tərəfindən təkrarən şərh olunaraq arxa plana keçir, kölgədə
qalan, əhəmiyyətsiz hadisələr isə, əksinə, bu, ikinci hekayətdə
qabardılır, vurğulanır.
"La violenza della idee" kompozisiyasının
da ikinci hissəsində (5-8-ci seksiyalar) artıq səslənmiş material
yeni biçimdə təkrar olunur: seksiyalar arasında münasibətlər, proporsiyalar
əsaslı dəyişikliklərə məruz qalır. Məsələn, birinci versiyada cəmi
bir xanədən ibarət dördüncü seksiya, ikinci versiyada ön plana çəkilərək,
xeyli artıq, üç dəqiqəyə yaxın vaxt həcmində səslənir.
Birinci seksiya - introduksiya bəstəkarın
öz fikirlərinin təqdimatıdır. İkinci duetin müdaxiləsi artıq müəllif
ideyası ilə ziddiyyətə girib, xaric səslənmə təəssüratı doğurur,
konflikt yaradır. Klarkın söylədiyi kimi, dinləyicilər elə bir qənaətə
gəlir ki, "dünya sarsılıb, dəli olub". Müxtəlif fərdiləşdirilmiş
layların mürəkkəb münasibətlərini quraraq bəstəkar maraqlı bədii
nəticəyə nail olmuşdur.
Bir cəhətə də diqqəti yönəldək:
Klarkın söhbətləri, yığcam şərhləri mürəkkəb əsərləri anlayıb qavranılmasına
xeyli yardım etdi. Yəqin ki, müasir musiqi konsertləri müəllif sözünə,
annotasiyalara daha çox ehtiyac duyur.
"La violenza della idee" kompozisiyasının
yaratdığı paralellər və assosiasiyalar sırası da rəngarəng idi.
C.Abbasov Folknerin "Küy və qəzəb" romanını, mən isə eyni model
əsasında qurulan A.Kurosavanın "Rasyomon" filmini xatırladım. Bütövlükdə
müəllifin verdiyi şərhlərdən kənarlaşsaq, bu əsərdə Şərq ənənəvi
musiqi ruhunun istər intonasiya, istərsə də alətlərin yozumu səviyyəsində
mövcudluğu şübhəsizdir. Klark özü də bunu inkar etmir, Şərq musiqisinə,
ələlxüsus İran muğamlarına bələd olduğunu söyləyir.
Klarkla ünsiyyət onu yaradıcılığa
son dərəcə məsuliyyətlə yanaşan, həmsöhbətlərinə qarşı diqqətli,
hətta mən deyərdim, zərif, həssas daxili aləmə məxsus bir insan
kimi səciyyələndirmək imkanı verir.
Klark hal-hazırda insanlar, mədəniyyət
qarşısında duran başlıca təhlükəni "koka-kolalaşdırma", yəni total
standartlaşdırma siyasətinin yeridilməsində görür. Halbuki dünyanın
gözəlliyi dillərin, mədəniyyətlərin, ənənələrin müxtəlifliyindədir.
Bakıda da Disney-lendin tikiləcəyini eşidən Klark həyəcanlanıb buna
mümkün qədər müqavimət göstərmək lazım olduğunu vurğuladı: "Sizin
öz mifləriniz, nağıllarınız var. Nə üçün balalarınızı bu zənginlikdən
məhrum edirsiniz?", - deyə o çılğınlıqla söylədi.
Görüşlər zamanı Klark Böyük Britaniyada
ciddi sənətin maliyyələşdirilməsinin get-gedə məhdudlaşdırılması,
avanqard musiqinin dinləyici auditoriyasının ixtisar olunması (Klarkın
təbirincə, Fransa və Almaniyada yeni musiqiyə maraq daha böyükdür)
və başqa məsələlərə toxundu. Onun azərbaycanlı həmkarları A.Məlikov,
X.Mirzəzadə, gənc bəstəkarlar, musiqişünaslarla ünsiyyəti, fikir,
informasiya mübadiləsi hər iki tərəf üçün maraqlı və faydalı oldu.
İlk görüşdə auditoriyanı karıxdırıb
"Biz sizinlə musiqini bir qədər başqa cür eşidirik", - deyən bəstəkar,
zənnimcə, fikrini tezliklə dəyişdi. Bakıda ustad dərsləri keçirmək
barədə söhbətlər də onu maraqlandırdı. Odur ki, biz dostumuz C.Klarkla
yeni görüşlər gözləyirik.
Bütövlükdə Böyük Britaniyanın mədəniyyət
həftəliyi ərzində azərbaycanlılar bu ölkənin orijinal, bir-birinə
bənzəməyən təsvirləri ilə üz-üzə gəlib yeni informasiya, yeni təəssüratlarla
zənginləşdilər. Tam qətiyyətlə söyləyə bilərik: biz müasir ingilis
musiqisini özümüz üçün kəşf etdik. Zənnimizcə, təkcə bu səbəbdən
həftəliyin əsas nəticələrini səmərəli və uğurlu adlandırmaq olar.