Klarkın söylədiyi kimi, Förnihounun
əsərləri ilə ilk tanışlıq onların ifasının faktik olaraq mümkünsüzlüyü
fikrini doğurur. Məşhur amerikalı musiqişünas P.Qriffit "XX əsr
musiqisi lüğətində" Förnihou haqqında yazarkən "təhlükəli və ağlasığmaz
virtuozluq" ifadəsini işlədir. Klark isə bəstəkarın əsərlərini labirintlə
və ya böyük bir şəhərlə müqayisə edir: burada eyni vaxtda müxtəlif
nöqtələrdə ən müxtəlif hadisələr baş verir. Mürəkkəb musiqi şaxələri
eyni zamanda "yaşayır", ritm hər an dəyişir, ayrı-ayrı motivlər
qabarıq və ifadəli jestlərlə paralellər doğurur.
XX əsrin ikinci yarısının ən yaxşı
fortepiano pyeslərindən biri sayılan Förnihounun "Lemma - I con
- Epigram" əsəri krassvord tipli intellektual oyunun qaydalarının
musiqi kompozisiyasına proyeksiyasıdır. Həmin oyunun mahiyyəti belədir:
"lemma" poetik bir fraqment "icon" isə vizual obraz təqdim edir.
Məqsəd bu iki obraz arasında məntiqi əlaqəni müəyyənləşdirib epiqramda-nəticədə
ifadə etməkdir. Əlbəttə, musiqini dinləyərkən hissələrarası mürəkkəb
münasibətləri ayırd etmək, eşitmək mümkün deyil. Hər-halda "lemma..."
ifaçıdan dəyişkən ritmə ciddi və dəqiq riayət etmək bacarığı tələb
edir.
R.Rzayevanın bu pyes üzərində işi
barədə xatirələri maraqlıdır: "Adətən mən yeni əsərin notunu əlimə
götürərkən onu birinci dəfədən əvvəldən axıradək ifa etməyə çalışıram.
Bu və ya digər əsəri çalarkən bəstəkarın nə demək istədiyini anlamağa,
nə hiss etdiyini duyub yaşamağa səy göstərirəm. Förnihou isə mənə
əvvəl-əvvəl dərkolunmaz, qəliz bəstəkar təsiri bağışladı: mən instinktiv
çalmağa məcbur oldum. Nəhayət, qəfil fiziki ağrı duyub hər şeyi
anladım."
Burada bir mühüm cəhətə diqqət yetirək.
Müasir musiqi indi təkcə emosiyalar səviyyəsində təsir edən, "qulaqları
sığallayan" sənət olmaqdan yayınır. Televiziya və radionun təkidlə
yeritdiyi standartlaşdırma, mən deyərdim ki, insanları təhqir edən
primitivləşdirmə siyasətinə əks olaraq bəstəkarlar musiqinin yalnız
əyləndirmək deyil, daha mürəkkəb məzmun ifadə etmək imkanlarını
bəzən nümayişkaranə surətdə təsdiqləyir, musiqi və elmlər arasında
çarpazlaşma nöqtələri arayıb axtarırlar. Heç də təsadüfi deyil ki,
öz mühazirələrində Klark Renessans dövründə musiqinin rəqəmlər sənəti
olması fikrini vurğulayırdı.
Yeri gəlmişkən onu da söyləyim ki,
R.Rzayevanın elmlərə, o cümlədən riyaziyyata marağı ona ən mürəkkəb
əsərlərin həllinə açar tapmağa kömək edirdi. Dinləyicilər pianoçunun
müxtəlif üslublara nüfuz etmək, bağlamaları, başsındıran quramaları
açmaq bacarığını, mən deyərdim, cəsarətini layiqincə qiymətləndirirdilər.
"Island spell" konserti haqqında
qeydlərim Fernihou və Dillonun əsəbi və gərgin musiqisindən sonra
sakitlik və rahatlıq oazisi kimi törəyən Daulendin lütnya pyesləri
xatırlanmasa, natamam olardı. Onları gitarada səsləndirən R.Məmmədovun
incə musiqi duyumu və zövqünü alqışlamaq qeyri-mümkündür.
C.Klark barədə söhbətə keçməmişdən
əvvəl bir əlaqələndirici ana diqqəti cəlb etmək istərdim. Klarkın
Konsertdə səslənən "Island" pyesi R.Rzayevaya həsr olunmuşdur. Məsələ
burasındadır ki, bu iki musiqiçinin dostluğu 10 il müddətini əhatə
edir. Rəna hələ 1991-ci ildə, Vyana müasir musiqi seminarında Klarkla
tanış olmuşdur. Yadımdadır: həmin seminar haqqında hesabatla çıxış
edən həmkarlarımız Azərbaycan Bəstəkarlar İttifaqında ingilis bəstəkarının
bir neçə əsərinin notunu və lent yazılarını nümayiş etdirmişlər.
Sonralar da R.Rzayeva və Klarkın
yolları müxtəlif Avropa şəhərlərində, festivallarda kəsişmişdir.
1999-cu ilin əvvəlində isə Azərbaycan Dövlət simfonik orkestrinin
tərkibində İngiltərədə qastrol səfərində olarkən həmyerlimiz Klarkdan
ona ithaf olunmuş "Island" pyesini hədiyyə almışdır.
Odur ki, məhz C.Klarkın Bakıya gəlişi
təsadüfi deyil. Qeydlərimin bu yerində bəstəkar haqqında ətraflı
məlumat vermək istərdim.